§4. ƏDƏBĠYYAT
Azərbaycan ədəbiyyatı müharibədən sonrakı dövrdə də ictimai-siyasi
həyatla sıx əlaqədə inkişaf edirdi.
Azərbaycan Yazıçılar İttifaqının bilavasitə ədəbi prosesə fəal müdaxiləsi
gücləndi. Təşkilatın qurultay və plenumlarında, xüsusi müşavirələrində nəsr,
poeziya və dramaturgiyanın yaradıcılıq problemlərinə həsr olunmuş müzakirələr
keçirilirdi.
Poeziya, xüsusilə siyasi lirika fəal mövqe qazanmışdı. S.Vurğun, S.Rüstəm,
R.Rza, M.Rahim, O.Sarıvəlli, M.Dilbazi, Ə.Cəmil, N.Rəfibəyli və başqaları
müasirlərinin daxili aləmini əks etdirən lirik və epik əsərlər yazdılar. S.Vurğunun
"Muğan" və "Zəncinin arzuları", R.Rzanın "Lenin", M.Rahimin "Leninqrad
göylərində", S.Rüstəmin "Qafurun qəlbi" kimi poemaları yazıldı.
Azərbaycan romanının da mövzu dairəsi genişləndi, müasir həyata və tarixi
keçmişə həsr edilmiş yeni əsərlər oxuculara çatdırıldı. Müharibə zamanı
Sevastopol şəhəri müdafiəsinin iştirakçısı olan Ə.Əbülhəsən qələbədən sonra
"Müharibə" romanının birinci hissəsini çap etdirdi. S.Rəhimov müharibə
ərəfəsində başladığı "Saçlı" romanını bitirdi. M.Hüseynin "Abşeron",
M.Süleymanovun "Yerin sirri", Mir Cəlalın "Yaşıdlarım", Ə.Vəliyevin "Gülşən"
əsərləri nəşr edildi.
Xalq tarixinin mühüm səhifələrinə, azadlıq uğrunda mübarizə mövzusuna
maraq gücləndi. M.S.Ordubadinin "Dumanlı Təbriz" epopeyasının son hissəsi çap
olundu, "Qılınc və qələm" oxuculara təqdim edildi. M.Hüseyn "Komissar"
povestini tamamladı, S.Rəhman isə "Nina" romanını yazdı.
Dramaturgiya sahəsində də müasirliyə maraq gücləndi. İ.Əfəndiyevin
"Bahar suları", İ.Qasımovun "Xəzər üzərində şəfəq" C.Məcnunbəyovun "Böyük
məhəbbət", S.Rəhmanın "Aydınlıq"' Ə.Məmmədxanlının "Şərqin səhəri" əsərləri
oxucularda böyük maraq oyatdı.
Müharibədən sonrakı ilk illərdə Azərbaycan ədəbiyyatı əsasən uğurla
inkişaf etmiş, nəsrdə, poeziyada və dramaturgiyada əhəmiyyətli əsərlər
yaradılmışdı. Bununla belə həmin illərdə dəbdə olan konfliktsizlik "nəzəriyyəsi"
sənətin inkişafına, onun həyatla əlaqəsinin möhkəmlənməsinə ciddi əngəl törətmiş,
133
bir sıra istedadlı sənətkarları ziddiyyətlərin mahiyyətinə nüfuz etməkdən,
nöqsanları üzə çıxarmaq təşəbbüslərindən uzaqlaşdırmışdı.
1947-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının
800 illiyi İttifaqın mədəni mərkəzlərində təntənə ilə qeyd olundu. Yubiley
münasibətilə 1946-cı ildə Gəncədə böyük şairin məqbərə-abidəsi açıldı. SSRİ
Yazıçılar İttifaqı ilə Azərbaycan Yazıçılar İttifaqının dahi şairin yubileyinə həsr
edilmiş təntənəli plenumu keçirildi.
48
1956-cı ildə S.Vurğunun anadan olmasının 50 illiyi yüksək ehtiramla qeyd
olundu. Azorbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə birinci olaraq
S.Vurğuna "Xalq şairi" adı verildi.
50-ci illərdə respublikamızın mədəni həyatında mühüm hadisələrdən biri
böyük Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyinin (1958-ci il)
qeyd edilməsi oldu. Bakıda şairin yubiley tədbirlərində bütün respublikaların
nümayəndələri, həmçinin İran, Türkiyə, Əfqanıstan, İraq və başqa ölkələrdən
gəlmiş xarici qonaqlar iştirak etdilər. Dekabrın 9-da Moskvada, İttifaqlar Evində
şairə həsr olunmuş gecə keçirildi. Füzulinin 400 illiyi Sovet İttifaqında xalqların
klassik mədəni irsinin məhəbbətlə qorunmasının və təbliğ edilməsinin parlaq
nümayişinə çevrildi.
1968-ci ildə Molla Ponah Vaqifin 250 illik yubileyi geniş qeyd olundu.
1962-ci ildən başlayaraq hər ilin may ayında M.Ə.Sabir poeziyası günləri
keçirilməsi ənənəsi yarandı.
50-ci illərdə zəngin həyat materialına və sənətin tarixi təcrübəsinə
arxalanan yazıçılar yeni ədəbi nailiyyətlər qazandılar. S.Vurğunun "Aygün"
poemasında əməyin qüdrəti və şəxsiyyətin fərdi duyğuları bədii təhlil predmetinə
çevrilir.
Bu illərdə epik təsvirlərə xüsusi maraq göstərən Azərbaycan nəsri
S.Rəhmanın "Böyük günlər", M.Cəlalın "Yolumuz hayanadır", Ə. Sadığın
"Mingəçevir", Ə.Vəliyevin "Çiçəkli", M.Hüseynin "Səhər", İ.Qasımov və
H.Seyidbəylinin "Uzaq sahillərdə", S Rəhimovun "Ağbulaq dağlarında" romanları
ilə zənginləşdi. Əlbəttə, bu əsərlərdə müəllifləri məşğul edən problemlər eyni
dərəcədə ictimai əhəmiyyətə malik olmadığı kimi, onların bir qismi sənətkarlıq
baxımından da zəif idi.
Stalinin vəfatından sonra cəmiyyətdə baş vermiş ictimai prosesləri dərindən
öyrənib, onları yüksək qiymətləndirən bir çox yazıçılar yeni, aktual əsərlərlə çıxış
etdilər. M.İbrahimovun "Böyük dayaq", İ.Şıxlının "Ayrılan yollar", İ.Hüseynovun
"Yanar ürək", B.Bayramovun "Yarpaqlar", İ.Əfəndiyevin "Söyüdlü arx",
Ə.Əbülhəsənin "Tamaşa qarının nəvələri", H.Seyidbəylinin "Telefonçu qız"
əsərlərində, şairlərin poema və silsilə şeirlərində, habelə Ə.Məmmədxanlının
"Şirvan gözəli" komediyasında yadda qalan bədii obrazlar yaradıldı. Bu əsərlərin
134
əksəriyyətində nöqsanlara, cəmiyyətin inkişafına maneə olan əngəllərə, məişətdə
və psixologiyada özünü göstərən əyintilərə, meşşanlığa qarşı kəskin tənqidi
münasibət vardı.
Azərbaycan dramaturgiyası müasirliyə dönüşü daha da gücləndirməklə,
bədii kamillik kəsb etdi. Ə.Məmmədxanlının "Od içində", İ.Əfəndiyevin
"Atayevlər ailəsi", R.Rzanın "Qardaşlar", İ.Qasımov və H.Seyidbəylinin "Dəniz
cəsurları sevir", İ.Səfərlinin "Göz həkimi" əsərlərində bir sıra bitkin ədəbi surətlər
yaradıldı. Əldə edilmiş müvəffəqiyyətlərə baxmayaraq, dramaturgiya yaradıcılığı
pyeslərin məzmununa, həm də bədii formasına görə açıq-aydın geri qalırdı.
Müharibədən sonra SSRİ və dünya xalqları ədəbiyyatlarının ən gözəl
nümunələrinin Azərbaycan dilinə tərcüməsi dövlət əhəmiyyəti kəsb edən mədəni
tədbirlərdən idi. Klassik və müasir Azərbaycan sənətkarlarının ədəbi irsinin rus
dilinə tərcüməsi də genişləndi. 50-ci illərdən başlayaraq, qarşılıqlı tərcümə dövlət
əhəmiyyətinə
malik
vüsət
aldı.
Azərbaycan
oxucuları
A.Radişşev,
N.S.Dobrolyubov, İ.A.Qonçarov, V.Latsis, İ.Çavçavadze, A.İ.Gertsen, M.Saltıkov-
Şedrin, K.Fedin, A.Tvardovski, A.Tolstoy, O.Balzak, C.London, D.Fenimor-Kuper
və başqa sənətkarların əsərlərini öz dillərində oxumaq imkanı qazandılar.
60-cı illərdə "Yeni nəsr" ədəbi məktəbi meydana gəldi. Bu məktəb yeni
estetik və siyasi qayəsi, əxlaqi problematikası ilə fərqlənirdi. Onun qəhrəmanları
əvvəlki stereotip qəhrəmanlara oxşamayan, mühitində yad görünən "qəribə
adamlar" idi. Cəmiyyətdəki dərin barışmaz ziddiyyətləri, insan hüquqlarının
tapdalanmasını, qanunsuzluğun baş alıb getməsini, bəşəri və milli dəyərlərin
deformasiyasını, saxtakarlığı və başqa eybəcərlikləri mövcud idarəçilik sisteminin
labüd nəticəsi kimi təqdim edən əsərlər yaranmışdı. Cəmiyyətdə, ailədə, nəsillər
arasında olan ziddiyyətlərin müxtəlif aşkarlıq formaları və əsas səbəbləri
S.Rəhmanın "Yalan", İ.Hüseynovun "Yanar ürək", "Doğma və yad adamlar",
Anarın "Molla Nəsrəddin-66", Elçinin "Ağ dəvə", "Sos" əsərlərində, Ə.Əylisli,
S.Əhmədov, Rüstəm və Maqsud İbrahimbəyovların roman və povestlərində
məharətlə açıqlanırdı.
Getdikcə açıq-aşkar dərinləşən ictimai-sosial ədalətsizliyin tənqidi üçün
yaradıcı ziyalılar rəmzlərdən, alleqoriyalardan, eyhamlardan, başqa xalqların və
tarixi dövrlərin mövzularından geniş istifadə edirdilər. Rəsul Rzanın rənglər
silsiləsi bu baxımdan çox səciyyəvi idi. Xəlil Rza təqiblərə məruz qalsa da, sözünü
cəsarətlə və açıq deyirdi.
Xalqın zəngin qaynaqları olan mənəvi aləmi öz poetik əksini Rəsul Rzanın,
Osman Sarıvəllinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Əhməd Cəmilin,
Nəbi Xəzrinin, Hüseyn Arifin, Əliağa Kürçaylı, İslam Səfərli, Qasım
Qasımzadənin və başqalarının əsərlərində ustalıqla tapmışdı. Vahidin qəzəlləri
geniş yayılmışdı.
135
Milli şüurun oyanmasında Cənub mövzusunda əsərlərin xüsusi əhəmiyyəti
vardı. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı silsilə şeirlər böyük poetik
və siyasi təsir gücünə malik idi.
M.İbrahimovun "Gələcək gün", "Pərvanə", P.Makulunun "Səttarxan"
romanları maraqla qarşılanmışdı. Balaş Azəroğlunun, Əli Tudənin, Söhrab Tahirin,
Mədinə Gülgünün, Həkimə Büllurinin əsərlərində parçalanmış vətən, ayrılıq,
həsrət mövzuları əsas yer tuturdu.
Xaricdə yaşayan azərbaycanlı yazıçıların yaradıcılığı da Azərbaycan
ədəbiyyatının zənginləşməsinə töhfə idi. Ümbülbanu Mirzə (Banin) 1945-ci ildə
Parisdə çap olunmuş "Qafqaz günləri" romanı ilə istedadlı yazıçı kimi tanınmışdı.
Onun sonrakı illərdə nəşr olunmuş "Paris günləri", "Sonra", "Yad Fransa", "Son
ümidin harayı" və s. əsərləri də maraqla qarşılanmışdı.
§5. ĠNCƏSƏNƏT
Azərbaycan incəsənəti də inkişafda idi. Azərbaycan bəstəkarlarının
yaradıcılığında mərkəzi yeri simfonik musiqi tuturdu. Q.Qarayev İkinci, C.Hacıyev
Üçüncü, S.Hacıbəyov İkinci simfoniyalarını bəstələdilər. Simfonik musiqiyə
"Nizami" mövzusu daxil oldu. "Leyli və Məcnun" poemasının motivləri əsasında
Q.Qarayev eyniadlı simfonik poema yazdı. F.Əmirov simli orkestr üçün
simfoniyasını böyük şairin xatirəsinə həsr etdi.
Respublikanın musiqi həyatında F.Əmirovun yaratdığı yeni simfonik musiqi
janrı - simfonik muğam mühüm hadisə oldu. Bəstəkar "Şur" və "Kürd-ovşarı"
əsərlərində ilk mənbə kimi Azərbaycan muğamlarının orijinal melodiyalarından
istifadə etdi. Bir qədər sonra Niyazi "Rast" simfonik muğamını, S.Ələsgərov isə
"Bayatı-Şiraz" simfonik muğamını yaratdı.
F.Əmirov və E.Nəzirovanın ərəb mövzularında orkestrlə fortepiano üçün
ikiqat konserti (1957-ci il) musiqi həyatında əlamətdar hadisə oldu. 1960-cı ildə
Q.Qarayev skripka və fortepiano üçün Sonata, "Don Kixot" simfonik qravürlərini
yaratdı.
Simfonik yaradıcılıq sahəsində proqramlı əsərlər ön plana çıxırdı.
C.Hacıyevin "Sülh uğrunda" simfonik poeması mövzusunun publisist istiqamətilə
diqqəti cəlb edir. Dünyanın bütün xalqlarına aid olan mövzunu bəstəkar tərəfindən
öz xarakterinə görə parlaq milli musiqidə açıb göstərən "Kvartet-poema"sı onun
başqa əsərləri arasında seçilirdi.
136
Azərbaycan
musiqisi üçün yeni olan kantata-oratoriya janrında
C.Cahangirovun "Füzuli" kantatası (1959-cu il) yarandı.
Bu dövr digər, həm də olduqca mühüm bir hadisə ilə - Azərbaycan
bəstəkarlarının yeni, üçüncü nəslinin həyata qədəm qoyması ilə əlamətdar idi.
Onların ilk böyük əsərləri - A.Məlikovun "Nağıl" simfonik poeması (1957-ci il) və
Birinci simfoniyası, X.Mirzəzadənin Birinci simfoniyası (1957-ci il) və
V.Adıgözəlovun Birinci simfoniyası (1958-ci il) 50-ci illərin sonlarında meydana
çıxmışdı.
Ə.Bədəlboyli "Nizami" operasını tamamladı. C.Cabbarlının eyni adlı
dramının süjetinə F.Əmirovun yazdığı "Sevil" operası (1953) opera sənətində
parlaq səhifə oldu. Opera xalq arasında tezliklə çox
məşhurlaşdı. C.Cahangirovun
"Azad" operası (1957) Arazın o tayında yaşayan azərbaycanlıların öz azadlığı
uğrunda apardığı mübarizəni əks etdirdi. Opera janrı R.Mustafayevin yeni əsəri
"Vaqif"lə
(1960) zənginləşdi.
S.Hacıbəyov müasir mövzuda "Gülşən" (1957) baletini bəstələdi.
Q.Qarayevin "Yeddi gözəl" baleti (1952) Azərbaycan balet sənətini yeni inkişaf
pilləsinə yüksəltdi. Bu əsər bir çox sovet və xarici ölkə teatrlarının repertuarını
zənginləşdirdi. Q.Qarayev Nizami yaradıcılığının humanist ideyalarını öz balet
musiqisində yüksək bədii səviyyədə təcəssüm etdirmişdir. "Yeddi gözəl" baleti
Azərbaycan balet musiqisinin sonrakı inkişafına böyük təsir göstərmişdir.
Q.Qarayevin 1958-ci ildə yaratdığı "İldırımlı yollarla" əsəri balet
musiqisinin yeni nailiyyəti oldu. Balet H.Abrahamsın povestinin motivləri əsasında
yazılmış, ilk dəfə 1958-ci ildə Leninqrad Opera və Balet Teatrında tamaşaya
qoyulmuşdu. Baletin musiqisi öz azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparan
Afrika xalqına qızğın məhəbbətlə yoğrulmuşdu. Parlaq müasir obrazlar baletin
cazibədarlığını gücləndirməklə, onu balet klassikasının ən gözəl nümunələri
səviyyəsinə qaldırırdı.
Musiqili komediya janrı fəal inkişaf edirdi. Müasir mövzuya həsr edilmiş ən
gözəl Azərbaycan operettaları - S.Rüstəmovun "Durna", F.Əmirovun "Yaxşı yol",
S.Ələsgərovun "Ulduz" operettaları idi. Operetta janrında T.Quliyevin
"Qızılaxtaranlar" və R.Hacıyevin "Romeo mənim qonşumdur" əsərləri bacarıq və
maraqla işlənilmişdi.
Kamera instrumental-vokal musiqisində parlaq əsərlər yarandı. Azərbaycan
bəstəkarlarının yaradıcılığı təkrarsız milli özünəməxsusluğu ilə səciyyələnirdi.
Respublikanın musiqi həyatı olduqca zəngin idi. M.F.Axundov adına Opera
və Balet Teatrının fəaliyyəti xeyli canlanmışdı. Tamaşalara Niyazi, Ə.Bədəlbəyli
kimi müqtədir sənətkarlar dirijorluq edirdilər. Q.Almaszadə, K.Bataşov və
başqaları baletdə yetkin sənətkarlıq nümayiş etdirirdilər. Ü.Hacıbəyov adına
simfonik orkestrə
Niyazi
rəhbərlik edirdi. S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı
137
alətləri orkestrinin konsertləri böyük maraqla qarşılanırdı. Xalq rəqslərinin ifaçıları
və quruluşçu rejissorları Ə.Dilbazi, Ə.Abdullayev tamaşaçıların rəğbətini
qazanmışdılar. R.Behbudovun Azərbaycanı tərənnüm edən mahnıları sovet və
xarici ölkə dinləyicilərinin qızğın hüsn-rəğbətini qazanmışdı. Xalq musiqiçiləri
Q.Primovun, Ə.Bakıxanovun, B.Mənsurovun, S.Şuşinskinin, X.Şuşinskinin,
S.Qədimovanın, Ş.Ələkbərovanın, Ə.Əliyevin və başqalarının ifaçılıq sənəti
yüksək səviyyədə idi.
Mahnı janrı sürətlə inkişaf edirdi. Bu janrı T.Quliyev, S.Rüstəmov,
Q.Hüseynli, A.Rzayeva, C.Cahangirov, S.Ələsgərov, R.Hacıyev və başqaları
təmsil edirdilər.
Azərbaycanda musiqi yaradıcılığının səmərəli inkişafı respublikanın musiqi
mədəniyyətinin bütün sahələrinə getdikcə daha çox təsir göstərirdi. İfaçı
kollektivlər qarşısında artıq milli repertuar problemi durmurdu. Azərbaycan
bəstəkarlarının əsərləri onların proqramında mərkəzi yer tutmaqla, bütövlükdə
ifaçılıq sənətinin inkişafına kömək edirdi. Azərbaycan musiqisinin təbliğində
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri xüsusi rol oynamışdı.
M.F.Axundov adına Opera və Balet Teatrının kollektivinə yeni ifaçı kadrlar
gəldi. Rəqqasə L.Vəkilova parlaq yaradıcılıq fəaliyyətinə başladı. Müğənni
F.Əhmədova yaddaqalan musiqi-səhnə obrazları yaratdı.
Azərbaycan musiqisinin inkişafına istedadlı özfəaliyyət kollektivlərinin
yaradıcılığı kömək edirdi. 1960-cı ilin əvvəlində keçirilmiş özfəaliyyətə respublika
baxışında 300-dən çox Azərbaycan xalq çalğı alətləri üçlüyü, xalq yaradıcılığının
müxtəlif janrlarının 3000-ə qədər ifaçısı, 213 xor və 42 rəqs kollektivi iştirak
etmişdi.
49
Müharibədən sonrakı illərdə teatrların təşkilat və yaradıcılıq həyatında
müəyyən dönüş yarandı. İnsanların mənəvi simasını və qəhrəmanlığını əks etdirən
yüksək bədii keyfiyyətli tamaşalar yaradılmağa başlandı. Dram teatrları müasir
mövzularda tamaşaların səhnəyə qoyulması sahəsində böyük iş görürdülər.
1947-ci ildə rejissor A.İskəndərov yazıçı İ.Əfəndiyevin "İşıqlı yollar"
pyesini və 1948-ci ildə "Bahar suları" əsərini tamaşaya qoydu. Rejissor işi, aktyor
ifası cəhətdən diqqəti cəlb edən bu tamaşalar M.Əzizbəyov adına Azərbaycan
Dövlət Akademik Dram Teatrının ideya-sənətkarlıq və məfkurəvi həyatında
mühüm hadisə idi. 1947-1948-ci illərdə teatrın yaradıcı kollektivi C.Cabbarlının
"Yaşar", B.Çirikovun "Qaliblər", Ceyn Qou və Arnoldo Dyussonun "Dərin
köklər", A.Fadeyevin "Gənc qvardiya" əsərlərinin tamaşalarını hazırladı.
1948-ci ildə Moskva qastrolu Azərbaycan Dram Teatrının həyatında
mühüm hadisə oldu. Teatr paytaxt tamaşaçılarına C.Cabbarlının "1905-ci ildə",
S.Vurğunun "Vaqif", Ə.Məmmədxanlının "Şərqin səhəri", V.Şekspirin "12-ci
138
gecə", A.N.Ostrovskinin "Tufan" pyeslərini və digər əsərlərin tamaşalarını
göstərdi.
Rejissor M.Məmmədovun Gəncə Dövlət Dram Teatrında hazırladığı
"Otello" bu dövrün ən yaxşı tamaşalarından idi. S.Rəhmanın "Aydınlıq", Lope de
Veqanın "Rəqs müəllimi", Q.Mdivaninin "Kimdir müqəssir", Tur qardaşlarının
"Bir evin sirri", C.Məcnunbəyovun "Böyük məhəbbət" pyeslərinin tamaşaları da
maraqla qarşılandı.
1949-cu ildə Azərbaycan teatrının 75 illik yubileyi təntənə ilə qeyd edildi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1949-cu il 23 iyul tarixli fərmanı ilə teatra
Qırmızı Əmək Bayrağı ordeni verildi. S.Ruhulla, M.A.Əliyev, M.Davudova SSRİ
xalq artisti kimi yüksək ada layiq görüldülər. Teatr müxtəlif janrlı tamaşalar
hazırlamaqla ideya-məzmun və üslub etibarilə geniş yaradıcılıq yolunda olduğunu
bir daha sübut etdi.
Lakin bu dövrdə Azərbaycan dövlət teatrlarının sayı xeyli azaldı. 1937-ci
ildə Azərbaycanın ayrı-ayrı rayonlarında yaradılmış dövlət teatrlarını "səmərəsiz"
hesab edib ucdantutma bağladılar. Yalnız Naxçıvanda, Gəncədə, Xankəndi və
Qubada olan teatrlar öz fəaliyyətini davam etdirirdilər.
50-ci illərdə Azərbaycan teatrı müasir həyatımızın müxtəlif sahələrinə həsr
edilmiş yeni tamaşalar hazırladı, klassik dramaturgiyanın ən yaxşı nümunələrini
tamaşaçılara göstərdi. Azərbaycan milli dramaturgiyası teatrla bərabər böyük
inkişaf yolu keçərək həyat və sənət problemlərinin həllində mühüm rol oynadı.
Müasirlik hissi, hadisələrə müasir baxış klassik əsərlərin tamaşalarında da öz əksini
tapmışdı. "Od gəlini" (C.Cabbarlı), "Məzəli əhvalat" (K.Qoldoni), "Namus"
(A.Şirvanzadə), "Lənkəran xanının vəziri" (M.F.Axundov), "Hacı Qənbər"
(N.Vəzirov), "Şeyx Sənan" (H.Cavid) və s. tamaşalar bu cəhətdən olduqca qiymətli
idi.
Bu dövrdə müasir mövzulu tamaşalar içərisində S.Rəhmanın "Nişanlı qız",
İ.Əfəndiyevin "Atayevlər ailəsi", İ.Səfərlinin "Göz həkimi", Ə.Məmmədxanlının
"Şirvan gözəli" pyesləri mövzu və janr etibarilə müxtəlif olsa da, bu tamaşalarda
xalqın müxtəlif təbəqələrinin surətləri yaradılmışdı. Müasirliklə əlaqələri
genişləndirmək təşəbbüsü Gəncə Dram Teatrının tamaşalarında da ("Böyük ürək",
"Bir gəncin manifesti") özünü göstərdi.
Sülhsevər siyasətin təbliği, müharibə qızışdırıcıların, milli azadlıq
hərəkatını boğmağa çalışanların ifşası Azərbaycan teatrının əsas məqsədlərindən
olmuşdur. Ə.Məmmədxanlının "Od içində", V.Sebkonun "İkinci cəbhə arxasında",
N.Hikmətin "Türkiyədə" və İ.Qasımovla H.Seyidbəylinin müştərək yazdıqları
"Uzaq sahillərdə" pyeslərinin tamaşaları bu baxımdan çox əhəmiyyətli idi.
Beləliklə, 1951-1960-cı illərdə Azərbaycan teatrında müasir mövzu və
müasir qəhrəmanın səhnəyə gəlməsi prosesi güclənmişdi. Bu yeniləşmə tarixi
139
mövzulara həsr olunmuş ayrı-ayrı tamaşalara da təsir edirdi. Həmin keyfiyyətlər
V.Şekspirin "Qış nağılı", H.Cavidin "Şeyx Sənan" və H.Mehdinin "Cavanşir"
pyeslərinin tamaşalarında aydın nəzərə çarpırdı. Lakin həmin illərdə baş alıb gedən
bədnam konfliktsizlik "nəzəriyyəsi" müasir mövzulu əsərlərə və onların
tamaşalarına öz mənfi təsirini göstərdi ("Zərif tellər", "İldırım" və s.) 1956-cı ildə
Azərbaycan Dövlət Akademik Dram Teatrının H.Cavid yaradıcılığına müraciət
edib, 20 illik fasilədən sonra şairin "Şeyx Sənan" mənzum faciəsini tamaşaya
hazırlaması həm teatr kollektivinin, həm tamaşaçıların, həm də respublika teatr
ictimaiyyətinin ürəyindən oldu. Əsərdəki yüksək dramatik ehtiraslar, zəngin
şeriyyət, parlaq romantika teatr kollektivi üçün ilham mənbəyinə çevrildi. Bu
tamaşada R.Əfqanlı və A.D.Qurbanov (Şeyx Sənan), H.Qurbanova və N.Məlikova
(Xumar), S.Ruhulla və A.Gəraybəyli (Platon), Ə.Sultanov (dərviş), Ə.Qurbanov
(keşiş), M.Sənani və İ.Dadaşov (Serqo) və b. emosional obrazlar yaratdılar.
V.Şekspirin əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyan Azərbaycan Dövlət
Akademik Dram Teatrı 1956-cı ilin aprelində Ümumrusiya Teatr Cəmiyyəti
tərəfindən Moskvada keçirilən "Şekspir sovet səhnəsində" konfransında iştirak
etdi.
1957-ci ildə keçirilən Ümumittifaq konfransında teatr "Almaz" və
"Cavanşir" tamaşalarını göstərdi. Yüksək səviyyədə oynanılan həmin tamaşalara
görə teatra festivalın laureatı adı verildi və o, birinci dərəcəli diplomla təltif
olundu.
Azərbaycan Dram Teatrı dəfələrlə rus, Avropa və qardaş xalqların
dramaturgiyasına müraciət etmişdi, A.İskəndərov, M.Məmmədov, T.Kazımov,
Ə.Şərifov, Ə.Ələkbərov kimi rejissorlar "Müfəttiş" (N.Qoqol), "Vassa Jeleznova"
(M.Qorki), "Vanya dayı" (A.Çexov), "Məzəli əhvalat", "Mehmanxana sahibəsi"
(K.Qoldoni) "Sevilya ulduzu" (Lope de Veqa), "Qış nağılı" (V.Şekspir) pyeslərini
müvəffəqiyyətlə tamaşaya qoymuşdular.
Bakıdakı S.Vurğun adına Rus Dram Teatrı da müasir mövzularda tamaşalar
hazırlamaq üçün ciddi səy göstərirdi. Qəhrəmanlıq, lirik, satirik, psixoloji
tamaşalar teatrın səhnəsində müvəffəqiyyətlə göstərilir və onun kollektivinin
yaradıcılıq imkanlarını nümayiş etdirirdi.
Müharibədən sonrakı illərdə Azərbaycan kinosunun inkişafında, onun
kollektivinin böyüməsində nəzərə çarpacaq irəliləmələr baş verdi. Respublikada
müntəzəm olaraq bədii və sənədli filmlər buraxılırdı. Azərbaycan
kinematoqrafçıları tanınmış yazıçılar, ssenaristlər, rəssamlar, bəstəkarlar və
artistlərlə sıx yaradıcılıq əməkdaşlığında bir sıra gözəl filmlər yaratdılar.
Azərbaycan kinematoqrafçılarının 1945-ci ildə istehsal etdiyi "Arşın mal
alan" filmi nəinki SSRİ-də, hətta bütün dünyada çox böyük müvəffəqiyyətlə
nümayiş etdirilmişdi. Bu filmin yaradıcıları və ifaçıları Dövlət mükafatına layiq
140
görüldülər. 1949-1950-ci illərdə yaradılmış "Bakının işıqları" filmi Bakı
neftçilərinin müharibə illərindəki əmək qəhrəmanlığından bəhs edirdi.
50-ci illərdə Azərbaycan kinosunun inkişafında ciddi müvəffəqiyyətlər
müşahidə olunurdu. "Xəzər neftçiləri haqqında povest" (1953) və "Dəniz fatehləri"
(1959) sənədli filmlərinin ekrana buraxılması kino sənətinin böyük nailiyyəti idi.
"Görüş" filmi (1957) Azərbaycan pambıqçılarının Özbəkistanın pambıq ustaları ilə
dostluğuna həsr olunmuşdur.
Azərbaycan kinematoqrafçılarının axtarışları, onların tarixi və milli
səciyyəvi xüsusiyyətlərdən bacarıqla istifadə etməsi, yeni yaradıcı işçilərin cəlb
olunması böyük uğurlarla nəticələndi.
1954-1958-ci illərdə respublikanın kino sənəti tamaşaçılar tərəfindən
hərarətlə qarşılanan yeni ən yaxşı filmlərin - "Sevimli mahnılar", "Qara daşlar",
"Qızmar günəş altında", "Bir məhəlləli iki oğlan'', "Uzaq sahillərdə", "O olmasın,
bu olsun", "Ögey ana", "Mahnı belə yaranır" və b. filmlərin yaradılması ilə
əlamətdar olmuşdu. Bununla bərabər, bir çox kinofilmlər tamaşaçıların artan
estetik tələblərinə hələ də cavab vermir, kino dramaturgiyası geri qalır, kino üçün
yaradıcı və ifaçı kadrların hazırlanmasına kifayət qədər diqqət yetirilmirdi.
Azərbaycan rəssamlarının yaradıcılığında dövrün adamlarının məişəti və
əmək fəaliyyəti mövzuları əsas yer ruturdu. Mingəçevir tikintisində təbiətin
dəyişdirilməsinə M.Abdullayevin "Mingəçevirin işıqları", "Beşillik yolları ilə"
romantik sənaye mənzərələri həsr olunmuşdu. Onun "Xoşbəxtlik yaradanlar" rəsmi
fəlsəfi baxışı ilə nəzəri cəlb edir. M.Abdullayev özünün "Axşam" rəsm əsərində
Azərbaycan qadınının mənən saflığını və gözəlliyini əks etdirmişdir. Rəssam
B.Mirzəzadə "Neft mədənlərində" və dəniz neft mədənlərinin mənzərəsini əks
etdirən bir sıra rəsmlərdə ("Yeddi gəmi adası", "Estakadalar", "Çənlər") yaradıcı
əməyin poeziyasını yaratmışdır. Müasir Azərbaycan kəndinə həsr edilmiş "Dövlətə
pambıq təhvili" kompozisiyası da (B.Əliyev, Əbdülxalıq, A.Zarubin) tipik əyani-
nəqli əsərlər sırasına aiddir. Rəssamlardan S.Salamzadə, T.Tağıyev, S.Şərifzadə,
V.Səmədova və başqaları respublikanın görkəmli adamlarının, milli mədəniyyət
xadimlərinin bir sıra portret obrazlarını, lirik qadın portretlərini yaratmışdılar.
Səttar Bəhlulzadənin Azərbaycanın gözəl guşələri Quba, Abşeron və Qarabağın
təbiətinə həsr edilmiş mənzərə şəkilləri məhəbbətlə təsvir olunmuşdur. Həmin
illərdə Azərbaycan rəssamlarının sıraları yeni istedadlı gənclərin hesabına artırdı.
T.Nərimanbəyovun "Nar" rəngli rəsm əsərində romantik intonasiya üstünlük təşkil
edir. N.Ədülrəhmanovun "Düyü əkini" və A.Cəfərovun "Qolbaq seçmək" şəkilləri
lirik əhvali-ruhiyyə ilə zəngindir.
Azərbaycan heykəltəraşlarının fəaliyyəti uğurlu nailiyyətlərlə nəzəri cəlb
edirdi. 1947-1949-cu illərdə heykəltəraş F.Əbdürrəhmanov Nizaminin Bakıda və
Gəncədə ucaldılmış heykəllərini yaratmışdı. Nizaminin Gəncədəki abidəsi Dövlət
141
mükafatına layiq görülmüşdü. F.Əbdürrəhmanovun "Çoban" heykəli də Dövlət
mükafatı ilə qeyd olundu və Dövlət Tretyakov Qalereyasının daimi ekspozisiyasına
daxil edildi.
Heykəltəraş C.Qaryağdı şair M.Sabirin abidəsini, həmçinin respublikanın
məşhur adamlarının heykəllərini yaratmışdı. Bu illərdə heykəltəraşlardan
T.Məmmədovun, Ö.Eldarovun, M.Mirqasımovun istedadı özünü parlaq surətdə
göstərdi.
Rəssamlardan
M.Rəhmanzadə, O.Sadıqzadə, Nəcəfqulu tərəfindən
yaradılan siyasi plakatlar, illüstrasiyalar, karikaturalar böyük rəğbət qazanmışdı.
Lakin təsviri sənətdə çox vaxt fərdi üsul və dəst-xətlərin yeknəsəqliyinə, zahiri
bəzəyə və şişirtmələrə rast gəlinirdi. Azərbaycanın təsviri sənəti yeni monumental
əsərlərlə zənginləşdi. Rəssamlar yeni üslubda müxtəlif məzmunda çoxlu əsər
yaratdılar. N.Əbdürrəhmanovun "Sevinc", T.Salahovun "Növbədən qayıdanda",
"Təmirçilər", T.Nərimanbəyovun "Xəzər üzərində şəfəq", L.Feyzullayevin
"Qasırğa yaxınlaşır" və başqa rəssamların əsərlərində müasirlərimizin əmək
fəaliyyətinin müxtəlif səhnələri təsvir olunmuşdur.
Azərbaycanın təbiəti, onun təbii gözəlliyi S.Bəhlulzadənin "Doğma
əkinliklər", "Səhər şəfəqi" kimi mənzərə tablolarında və digərlərində öz əksini
tapmışdır.
Azərbaycan memarlığı üçün Xəzər sahilində - Sumqayıtda iri sənaye
mərkəzinin yaradılmağa başlanması mühüm hadisə oldu. Sonrakı illərdə
Sumqayıtın layihələşdirilməsi və tikilməsi sahəsində iş davam edirdi. Tamamilə
boş bir yerdə kimyaçılar və metallurqlar şəhəri böyüməyə başladı.
Bakının mərkəzinin yenidən qurulması həmin illərdə Azərbaycan
memarlarının fəaliyyətinin mühüm sahəsi idi. Müharibədən sonrakı ilk illər bir sıra
iri obyektlərin başa çatdırılması ilə əlamətdardır. Hökumət evinin (L.Rudiyev və
V.Munts) və V.İ.Lenin (indiki T.Bəhramov) adına Respublika stadionunun
(Qonsirovski və O.İsayev) inşası başa çatdı.
Bakı şəhərinin mərkəzi rayonlarında iri ictimai binalar - Azərbaycan Dövlət
Dram Teatrı (Q.Əlizadə, M.Mədətov), Mərkəzi Univermaq (N.Kəngərli), Daxili
İşlər Nazirliyinin binası (Q.Məcidov), V.İ.Lenin Muzeyinin Bakı filialı (indiki
Xalq Tətbiqi Sənət Muzeyi) (Q.Məcidov), M.F.Axundov adına Dövlət Kütləvi
Kitabxanası (M.Hüseynov) ucaldıldı.
Sabir bağından Gənclər meydanına qədər olan ərazidəki köhnə binalar
söküldükdən, İçərişəhər divarları açıldıqdan, onlar Nizami Muzeyi, Azərbaycan
SSR Elmlər Akademiyasının binası və Nizaminin heykəli olan bağça ilə uyğun
şəkildə bərpa olunduqdan sonra gözəl memarlıq mənzərəsi yarandı. Dağüstü
yaylanın tikilib abadlaşdırılması sahəsində işlər başlandı. Mingəçevir su
qovşağının tikilməsi və Mingəçevir su hövzəsinin yaradılması ilə əlaqədar olaraq
142
Mingəçevir şəhərinin layihələşdirilməsinə başlandı. Daşkəsənin layihələşdirilməsi
və inşası böyük şəhər tikintisi tədbirinə çevrildi. Müharibə qurtardıqdan sonra
mənzil tikintisi sürətlə aparıldı, əksər hallarda standart azmərtəbəli evlər tikilirdi.
"Tikintini sənayeləşdirmək, keyfiyyətini yaxşılaşdırmaq və dəyərini azaltmaq
sahəsində tədbirlər haqqında" Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1955-ci il
23 avqust tarixli qərarından sonra Azərbaycanda yaşayış evlərinin kütləvi
tikintisində bir çox standart layihələr tətbiq olunmağa başlandı.
Sənaye müəssisələrinin layihələşdirilməsi və tikintisində yeni meyillər
özünü açıq-aşkar büruzə verirdi. Öz memarlıq həllinə görə Daşkəsəndəki
filizsaflaşdırma fabrikinin, Mingəçevir SES-in (Popov) və Bakı şin zavodunun
(Kanukov) binaları diqqəti cəlb edirdi.
Naxçıvanda Musiqili Dram Teatrı binasının tikilməsi (H.İsmayılov,
Q.Məcidov) şəhər mərkəzinin layihələşdirilməsi üzrə baş planın həyata
keçirilməsinin başlanğıcı oldu. Gəncədə möhtəşəm inzibati bina (Z.İsmayılov,
F.Leontyev) ucaldıldı.
Müsabiqələr nəticəsində malikanə tipli, əsasən bir və ikimərtəbəli kənd
yaşayış evlərinin tikintisinə başlandı. Lakin memarlıq sahəsində milli ənənələrdən
uzaqlaşmaq, yeknəsəqlik kimi mənfi cəhətlər də özünü göstərdi.
1946-1970-ci illər Azərbaycan mədəniyyəti quruculuğunda mürəkkəb və
ziddiyyətli olsa da, çox mühüm tərəqqi dövrü hesab edilə bilər.
143
IV FƏSİL
AZƏRBAYCANIN ĠNKĠġAFINDA DÖNÜġ
MƏRHƏLƏSĠ
Dostları ilə paylaş: |