ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

Mənbələrdən gələn səslər

Bakı limanı getdikcə yararlı hala salınırdı… Gəmi 

heyətinin  əksəriyyəti  bakılılardan  olurdu.  Gəmiçi-

liyin  inkişafı  bakılıların  çoxunu  dənizə  həmişəlik 

bağlayırdı. O illərdə şəhərə nadir ailələrə rast gəlmək 

olardı  ki,  dənizçi  olmasın.  Gəmilərdə  qara  fəhlə 

işləyən də çox idi. 1820-ci illərdə Bakı sularında artıq 

altmışa qədər yelkənli gəmi üzürdü.

Qılman İlkin,

xalq yazıçısı

Azərbaycan Hərbi Dəniz Donanması tarixində ilk admiralı-

mız  Dərgahqulu  bəyin  oğlu  Birinci  Mirzə  Məhəmmədxan  ol-

muşdur.  Təəssüf  ki,  hələlik  onun  fotoşəklinin  əldə  etmək  və 

ömür yolunu tam öyrənmək mümkün olmamışdır. Lakin Hərbi 

Dənizçilik  tariximizin  səhifələrində  Mirzə  Məhəmmədin  fəa-

liyyəti barədə az da olsa məlumat var. İyirmi yaşında Bakı xanlı-

ğına hakim olan Mirzə Məhəmmədxan atası Dərgahqulu bəydən 

sonra bərbad hala düşmüş iqtisadiyyatı qaydaya salmaqla yana-

şı, Xəzərdə gəmiçiliyin inkişafına xüsusi qayğı göstərdi. İlk dəfə 

Bakı  limanında  gəmiçiliyin  inkişafına  da  o  başlamışdır.  Bu 

məqsədlə  Avropada  gəmiqayırma  təcrübəsini  öyrənmək  üçün 

səfərə də çıxmışdır. Sevimli yazıçımız Qalman İlkinin “Bakı və 

bakılılar”  sənədli  əsərindəki  bir  epizod  tarixi  fakt  kimi  qiy-

mətlidir.


Şəmistan Nəzirli

411


“Bir gün Mirzə Məhəmmədxan oğlu Məlik Məhəmmədi ya-

nına çağırıb dedi:

–  Qulaq  as,  Məlik  Məhəmməd,  gör  nə  deyirəm.  Biz  dəniz 

sahilində  oturmuşuq,  ancaq  öz  gəmilərimiz  yoxdur.  Balıqçı 

gəmiləri ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki, üstümüzə düşmən 

gələndə onun qabağına çıxa bilək. 

Atıcının  sözlərindən  heç  bir  şey  başa  düşməyən  Məlik 

Məhəmməd gözlərini döyə-döyə ona baxırdı. 

–  Bunun  üçün  mən  Avropaya  getməliyəm,  –  deyib  Mirzə 

Məhəmməd xan dərindən nəfəs aldı. – Yaxşı gəmiləri ancaq ora-

larda düzəldirlər.

– Bəs burada kim qalacaq? – Məlik Məhəmməd təəccüblə so-

ruşdu.

– Necə yəni kim qalacaq? Sən!



Məlik  Məhəmməd  bəzi  işlərə  qarışaraq  atasına  kömək 

edirdisə də özünə qarşı bu cür etibarı heç gözləmirdi. 

Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, Bakı xanı 

admiral Mirzə Məhəmməd xan tez-tez Langertə gedərək orada 

gəmi inşasına rəhbərlik edirdi. 

O doqquzuncu əsrin əvvəllərinə məxsus başqa bir mənbə də 

mövcuddur. 1804-1806-cı illərdə Azərbaycana işğalçılıq məqsə-

dilə gələn rus qoşunlarının burnunu Xəzərdəki hərbi dənizçilə-

rimiz ustalıqla ovmuşdular. İran tarixçisi Nəsir Nəcimi yazır ki, 

Abbas  Mirzənin  cəsarətli  sərkərdəsi,  Bakının  igid  komandiri 

(əslində valisi) Hüseynqulu xan toplardan birini rus gəmilərindən 

azacıq aralı olan yerə çəkib, heyrətləndirici cəldlik və fədakarlıq 

göstərərək  düşmənin  bir  neçə  gəmisini  top  mərmisiylə  dənizə 

qərq etmişdi.

Şübhəsiz ki, on yeddi yaşlı İbrahim bəy Aslanbəyovun Peter-

burqda  Hərbi  Dəniz  Korpusunu  bitirməsi  də  ilk  admiralımız 

Mirzə Məhəmmədin arzu və istəyi ilə bağlı olmuşdur. Bakıxa-

novların  ailə  şəcərəsində Allahverdi  adlı  bir  şəxs  vardı.  Bəlkə, 

İbrahim bəy Aslanbəyov həmin Allahverdi bəyin oğludur? Təəs-

süf ki, yüz yetmiş üç illik zaman məsafəsində bunu dəqiqləşdirmək 



General Əli ağa Şıxlinski və silahdaşları

412


mümkün  olmadı. Ancaq  xatırlamaq  istədik  ki,  o  vaxtlar  aşağı 

təbəqəyə məxsus ailənin on üç yaşlı oğlu Rusiyada oxumaq im-

kanına  malik  ola  bilməzdi.  Demək,  ilk  vitse-admiralımız  İbra-

him bəy Aslanbəyov Bakı xanlarının nəslinə mənsub dur. Şəxsi 

işindən zadəgan nəslinə mənsub olması barədə qeyd də bunu 

sübut edir. 

Adətən  ensiklopediyaya  düşən  hər  hansı  görkəmli  fərdin, 

şəxsiyyətin harada doğulduğunu, hansı millətin oğlu olduğu ya-

zılır. Nə məşhur naşir İ.D.Sitinin 1911-ci ildə nəşr olunmuş çox-

cildli “Hərbi ensiklopediya”sında, nə də sovet dövründə çıxan 

hərbi dəniz ensiklopediyalarının heç birində admiral Aslanbəyov 

haqda  bu  cür  məlumatlar  yoxdur.  Görünür,  Rusiyanın  hərbi-

dəniz donanması tədqiqatçılarına belə görkəmli bir sərkərdəni 

özününküləşdirmək sərfəli olub. Niyə də olmayaydı? Axı, vitse-

admiral Aslanbəyov həm də hərbi donanma tarixində görkəmli 

alim kimi tanınıb!



Admiralın ömür yolu

 

Bəzi mənbələrdə, xüsusilə sovet dövründə nəşr olunan əsər-



lərdə  Aslanbəyovun  təvəllüdü  1820-ci  il  göstərilir.  Fikrimizcə, 

bu da səhvdir. Çünki, 1917-ci il inqilabından əvvəl nəşr olunan 

mənbələrdə admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbə-

yo vun  1822-ci  il  sentyabrın  10-da  Bakıda  anadan  olduğu 

göstərilir. Üç il Peterburqdakı Dənizçilik məktəbində təhsil alan 

İbrahim bəy oranı 1837-ci ildə (adı “Qırmızı lövhə”yə yazılmaq-

la) bitirmişdir. Baltik dənizində “Aleksandr Nevski” və “Prozer-

gin” hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il “İmpe-

rator  I  Pyotr”  sürətli  hərbi  gəmisində  Daqerord  yaxınlığında 

keçirilən təlimlərdə iştirak etmişdir.

1842-ci ildə Dənizçilik məktəbi zabitləri sinfini bitirən İbra-

him bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində 

üzmüş, Qara dənizin Şərq sahillərində baş verən toqquşmalarda 

iştirak etmişdir.



Şəmistan Nəzirli

413


“Elbrus” hərbi gəmisinə komandirlik edən leytenant Aslan-

bəyov  1854-cü  ildə  düşmənin  ticarət  gəmilərini  darmadağın 

etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust tarixlərində) 

dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən bata-

reyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitan-

leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müha-

ribənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun 

27-də  sonuncu  hücumu  dəf  edərək  kontuziya  almışdır.  Şərq 

müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma eki-

pajına komandirlik etmişdir. 

Aslanbəyov  1860-1861-ci  illərdə  “Sokol”  pərli  korvet  gəmi-

sinin komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini 

Kronştadta gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev 

şəhərinə qayıdan İbrahim bəy iki ildən sonra “Retvizan” gəmi-

sinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse-admi-

ral Butakovun zirehli eskadrilyasında qərargah rəisi olmuşdur.

Aslanbəyov  1869-1872-ci  illərdə  dəfələrlə  müxtəlif  ümum-

dövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komi-

tələrə  sədr  təyin  edilmişdir.  Estoniyaya  ezam  olunan  İbrahim 

bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmi lərinin 

düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.

1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi veriləndə İbra-

him bəy Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi.

Onun tərcümeyi-halı həm admiral kimi, həm də hərbi dəniz 

tarixçisi kimi çox zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə 

müqayisə etməli olsaq, ancaq general Əli ağa Şıxlinskinin artille-

riya  tarixindəki  xidmətləri  ona  bərabər  ola  bilər.  Ona  görə  ki, 

azərbaycanlı  generallarından  hərb  elmi  ilə  məşğul  olan  ancaq 

Əli ağa Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əli ağa Şıx-

linskinin  elmi  və  hərbi  fəaliyyəti Azərbaycanla  daha  çox  bağlı 

olmuşdur. Admiral Aslanbəyovun elmi tədqiqatları isə rus hərb 

elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib çat-

mamışdır. Daha doğrusu, özümüzdə nə tədqiqat olmuşdur, nə 

də təbliğat…



General Əli ağa Şıxlinski və silahdaşları

414


1872-ci ildə Birinci Pyotrun anadan olmasının 200 illiyi Rusi-

yada  böyük  bayram  şənliyi  kimi  keçirilirdi.  Bu  münasibətlə 

ümumrus texniki sərgisində iştirak etmək və imperatorun kiçi-

kavarlı  gəmi  dəstəsinə  Moskvaya  kimi  rəhbərlik  etmək  həm-

yerlimiz Aslanbəyova etibar olunmuşdu. 

1879-1882-ci  illərdə  İbrahim  bəy  gəmi  heyətilə  dövri-aləm 

səyahətinə çıxmışdır. O, Sakit okeanda dəmir zirehli hərb və bu-

xar yelkənli itigedən gəmilərdən ibarət hərbi heyətə (“Minin”, 

“Knyaz”, “Pojarskiy”, “Hersoq Edinburskiy”, “Asiya” və “Afri-

ka”)  rəhbərlik  etmişdir.  Aslanbəyov  okeanda  sürətlə  hərəkət 

edən  kreyserlərin  və  “uçan  eskadrilya”nın  orduda  tətbiq  edil-

məsinin təşəbbüskarıdır. O, məşhur admiral A.A.Popovun xahi-

şi ilə sonuncu layihədə nəzərə almaq məqsədilə tələb və qüsurla-

rını, siyahısını tərtib etmişdir.

Admiral İbrahim bəy Aslanbəyov Sakit okean adalarında üz-

müş, hətta Poleneziyanın xırda adalarını da dolaşmışdır. Onun 

şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə dənizçiliyə aid 

inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz 

heyəti  və  ümumiyyətlə,  tabeliyində  olanların  arasında  yüksək 

hörmət qazanmışdır. İllərin soldurduğu sənəddə ad-familiyasını 

oxuya bilmədiyimiz bir kontr-admiral yazır ki, rus adını yüksək 

tutan  Aslanbəyov  xarici  ölkələrdə  də  yaxşı  tanınırdı.  O,  gəmi 

heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta 

kiçik  rütbəlilərin  də  şəxsi  təşəbbüsünü  qiymətləndirirdi.  Açıq 

ürəkliliyi və qətiyyəti ilə çoxlarından fərqlənirdi. Aslanbəyovun 

gəmiylə səfərləri haqqında çoxlu lətifələr, eləcə də özünün da-

nışdığı  məzəli  Şərq  əhvalatları  hələ  də  məşhurdur.  Bu  onun 

məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir. 

1884-cü  ildə  kontr-admiral  İbrahim  bəy  Aslanbəyov  Baltik 

komandasının kiçik flaqmanı təyin olunur. Üç il sonra – 1887-ci 



il sentyabrın 22-də hərbi-dəniz donanmasındakı misilsiz xidmət-

lərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən son-

ra Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslan-

bəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat edir. 


Şəmistan Nəzirli

415


O,  həmyerlimiz,  böyük  şərqşünas  alim  Mirzə  Kazım  bəylə 

dost olmuş dahi rus yazıçısı Lev Tolstoy isə onu axtarıb tapmış, 

admiral Naximovun həlakolma səhnəsini ona danışmasını xahiş 

etmişdir. Lev Tolstoy məşhur “Sevastopol hekayələri”ni yazar-

kən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir. Öm-

rünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi 

xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və 

xarici  ölkələrin  yüksək  ordenləri  ilə  təltif  olunmuşdur.  Həm-

yerlimizin  xidmətləri  Serbiyanın  “Takova”  (1879),  Rusiyanın 

“Müqəddəs Vladimir” (1854), I dərəcəli “Müqəddəs Stanislav” 

(1881), I dərəcəli “Müqəddəs Anna” (1883), “Ağ qartal” (1888), 

Yaponiyanın “Günəşin doğması” (1882), Havay dövlətinin II də-

rə cəli “Kalakiya” (1982) ordenlərinə layiq görülmüşdür. 

1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində 

iştirak edən Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və biril-

lik məvacibi həcmində pul mükafatı ayrılmışdır. 

Hələ sağlığında – 1882-ci ildə Saxalində bir yarım ada, Oxot 

dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır. 

Boris Maslenikovun 1986-cı ildə nəşr olunmuş “Dəniz xəritəsi 

nəql edir” kitabının 28 və 253-cü səhifələrində həmyerlimiz haq-

qında verilmiş qısa bioqrafik göstərici çox böyük əhəmiyyət kəsb 

edir. Əsaslı mənbələrdən topladığı faktları müəllif ilk dəfə oxu-

cuya təqdim edir:

Aslanbəyov yarımadası. Oxot dənizi, Saxalin adası, 1882-ci 

ildə ekipaj kliper təsvir edilib. Sakit okean komandanı, eskadril-

ya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 

soy adı ilə adlandırılıb. Soyadları xəritə üzərində hərif səhvi ilə 

yazılıb”.



Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə 

kəşf edilib və xəritəyə ekipaj, kliper “Plaston” kimi yazılıb. Elə 

həmin vaxtda da İ.A.Aslanbəyov soyadı ilə adlandırılıb. 

Aslanbəyov  İbrahim  bəy  Allahverdi  bəy  oğlu  (1822-1900)

Dəniz  korpusu  məktəbini  bitirib.  1837-1842-ci  illərdə  Baltik 



General Əli ağa Şıxlinski və silahdaşları

416


dənizində üzüb. 1842-1861-ci illərdə Qara dəniz donanmasında 

“Selafail”, “Varşava” gəmilərində, “Femistokol” briqində və baş-

qalarında qulluq edib. 1865-1868-ci illərdə “Retvizan” gəmisinin 

komandiri, 1879-1882-ci illərdə Sakit okean eskadrilyasının ko-

mandiri olub. 1887-ci ildə vitse-admiral rütbəsi alıb. 

Qəribə və xoş bir təsadüf

Min doqquz yüz doxsan üçüncü ilin sentyabr ayında Qax ra-

yonuna  ezamiyyətə  getmişdim.  Marsan  kəndində  Eldar  Hacı 

oğlu Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi, sənəti ilə 

maraqlandım.

– Mühəndisəm, – dedi, – on dörd ildir ki, Saxalində neft çıxa-

rıram, indi məzuniyyətə gəlmişəm.

– Təsadüfən orada “Admiral Aslanbəyov” adasına rast gəlmə-

misən?

– Elə mən o adada yaşayır və işləyirəm, – dedi.



– Nə yaxşı təsadüfdür, azərbaycanlı admiralın adını daşıyan 

adada həmyerlisi yaşayır və işləyir.

–  Admiral  Aslanbəyov  məgər  azərbaycanlıdır?  Siz  bunu 

dəqiq bilirsiniz?

– Bəli, – dedim, – o, xalqımızın ilk vitse-admiralıdır.

–  Bu  barədə  bizim  ada  sakinləri  arasında,  qeyri-millətlərlə 

tez-tez mübahisəmiz olur. Familiya oxşarlığına əsaslanaraq mən 

və həmyerlilərim “admiral bizim xalqın oğludur” deyiriksə də, 

əlimizdə heç bir əsas yoxdur. Bilmirik nə vaxt yaşayıb, nə vaxt 

ölüb…  Bir-iki  dəfə  məzuniyyətə  gələndə  rayonumuzun  tanın-

mış ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim 

elə admiralımız yoxdur.

Mən sevinclə:

– Var, – dedim, – Eldar, Saxalinə qayıdanda yolunu Bakıdan 

sal, görüşək, sənə admiralın fotoşəkillərini və bioqrafiyasını ya-

zıb  verim.  Aslanbəyovun  bizim  xalqın  oğlu  olması  haqqında 

əlində əsas dəlil olsun.


Şəmistan Nəzirli

417


Məndən də artıq sevinən Eldar:

– Çox sağ olun, – dedi, – mən də admiral Aslanbəyovun haq-

qında qəsəbə kinoteatrında bir guşə düzəldəcəyəm.

Admiral həm də alimdir

…Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçısı 

onun  haqqında  “Admiral  Naximovun  bioqrafı  kimi  daha  çox 

məşhurdur” sözlərini iftixarla qeyd edir. Təsadüfi deyil ki, İbra-

him bəyin “Naximovun bioqrafiyası” adlı oçerki kitab kimi bir 

neçə dəfə nəşr olunmuşdur.

Admiral  Aslanbəyovun  elmi-publisistik  əsərləri  isə  ayrıca 

tədqiqata  layiqdir.  Hərbi-dəniz  donanmasının  on  doqquzuncu 

əsr tarixini araşdıran tədqiqatçıların əksəriyyəti mənbə kimi bu 

gün  istifadə  edirlər.  Heç  təsadüf  deyil  ki,  1889-cu  ildə  Sankt-

Peterburqda  “Vitse-admiral  Aslanbəyovun  yarıməsrlik  yubile-

yi” adlı kitab da nəşr olunmuşdur. V.Fridriksin “Kontr-admiral 

Aslanbəyovun bayrağı altında üzən “Afrika kreyseri” adlı kitabı 

isə hələ 1880-ci ildə yenə Sankt-Peterburqda işıq üzü görmüşdür. 

Q.İ.Syominin “Sevastopol” tarixi oçerkləri kitabında (1955-ci il) 

isə  admiral  Aslanbəyovun  gündəliyindən  geniş  istifadə  olun-

muşdur.

Knyaz-admiral  V.İ.Baryatinski  isə  həmyerlimiz  haqqında 



yazdığı xatirələrində qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o 

qədər maraqla danışardı ki, mühasibi qəşş edənə qədər gülərdi. 

Bu lətifələr indi də dənizçilərin dillərində gəzir.

On doqquzuncu əsrin altmışıncı illərindən başlayaraq admi-

ral  İbrahim  bəy  Aslanbəyovun  “Morskoy  sbornik”  jurnalında 

silsilə elmi-publisistik məqalələri dərc olunmuşdur: “Sokol” üç-

dorlu  hərb  gəmisinin  Aralıq  dənizindən  Kronştadta  səfəri” 

(1861),  “Admiral  Naximov”  (bioqrafik  oçerk,  1868),  “Admiral 

A.S.Qreyq” (1873), “Admiral A.İ.Panfilov” (1874), “Dəniz akade-

miyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi” (1877), 

“Kontr-admiral Aslanbəyovun  səfərləri  haqqında  məlumatlar” 


General Əli ağa Şıxlinski və silahdaşları

418


(1881)  və  başqa  məqalələrdən  tədqiqatçılar  bu  gün  də  bəhrə-

lənirlər.

Şübhəsiz, admiral İbrahim bəy Aslanbəyov Rusiyada yaşayıb 

işləməsəydi, belə ali rütbəyə çata bilməzdi. Yüz altmış ildən son-

ra  onun  bizim  üçün  qaranlıq  qalan  ömür  yoluna,  hərbi  fəa-

liyyətinə az da olsa işıq sala bildik. Bu isə son dərəcə vacibdir. 

Yoxsa, qeyri-millətlər, xüsusilə naxələf qonşularımız bizim unut-

duğumuz  məşhur  oğullarımızı  özününküləşdirir,  üstəlik  də..: 

“Sizin tarixiniz kasıb olub, görkəmli hərbçi oğullarınız yoxdur” 

– deməklə xalqımızı təhqir edirlər.

…Hərbi  Donanma  tariximiz  onsuz  da  kasıbdır.  Bu  sahədə 

fəaliyyət  göstərən  oğullarımız  az  qala  barmaqla  sayılacaq 

qədərdir: Kontr-admiral Cəlil Cavadov (1916-1980) və vitse-ad-

miral  Həmid  Qasımbəyov  (1923-2005),  kontr-admiral  Rafiq 

Əsgərov (1949), Eduard Hüseynov (1938-1993), vitse-admiral Şa-

hin Sultanov. Vəssalam!

Nə yaxşı ki, bu boşluğu müəyyən qədər də olsa doldurmaq 

üçün  İbrahim  bəy  Aslanbəyov  kimi  admiralımızı  gec  də  olsa 

tapa bilmişik.

GENERAL SƏMƏD BƏY MEHMANDAROV

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ

Əsgər komandirinə, zabit generalına oxşamalıdır. 

Komandir döyüşkəndirsə, əsgəri də ona oxşayır, za-

bit zəifdirsə, əsgəri də əfəldir.

Səməd bəy MEHMANDAROV,

tam artilleriya generalı

Sərkərdə kimi ümumxalq şöhrəti qazanmış Səməd bəy Meh-

mandarov və Əli ağa Şıxlinskidən danışanda talelərində oxşarlıq 

olan iki məşhur musiqi xadimlərimizi də yada salmamaq olmur. 



Şəmistan Nəzirli

419


Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev. Onların hər ikisi 

bir  ildə  anadan  olub,  eyni  seminariyanı  bitiriblər.  Müəllim 

işləyiblər,  musiqi  yazıblar.  Tale  Üzeyir  bəyə  övlad  qismət 

eləməyib.  Üzeyir  bəylə  Müslümün  taleyindəki  oxşarlıqları  hər 

iki  görkəmli  hərb  xadimlərinin  həyatında  da  görmək  olar.  Əli 

ağa Şıxlinski də övlad həsrəti ilə dünyadan köçdü. Mehmanda-

rova  və  Müslüm  Maqomayevə  tale  övlad  da  verdi,  şöhrət  də. 

Amma  Əli  ağa  və  Üzeyir  bəyə  nisbətən  onlar  dünyadan  tez 

köçdülər.

Hər  ikisi  on  səkkiz  yaşından  əsgər  çəkməsi  geyindi,  Peter-

burqda oxudu, Port-Arturda, Birinci Dünya müharibəsində vu-

ruşdu. 1918-ci ildə ilk milli Azərbaycan ordusu yaratmaq kimi 

şərəfli iş də hər iki şöhrətli generala qismət oldu. Tam artilleriya 

generalı ali rütbəsi aldılar.

Azərbaycanın dörd qartalı XIX əsrin sonlarından ötən əsrin 

ilk illərinədək daima xalqına sidqi-ürəklə xidmət etdi.

Birinci Dünya müharibəsi başlananda Mehmandarov Vladi-

qafqazda yerləşən 21-ci piyada diviziyasının komandanı idi. Bu 

vaxta kimi həyatında çox hadisələr olmuşdu. Əsirlikdən qayıdan 

kimi  yeddinci  Şərqi-Sibir  artilleriya  briqadasının  komandanı 

təyin edildi, az sonra ona daha məsul vəzifə verildi – üçüncü Si-

bir ordusunun korpusunda artilleriya rəisi oldu. 1908-ci il Səməd 

bəyə bu yüksək vəzifədən başqa daha iki böyük sevinc bəxş etdi. 

Həmin il iyulun on üçündə ona general-leytenant rütbəsi verildi. 

İkinci, ən çox yadda qalan sevinc isə İrkutsk şəhərində noyabrın 

18-də  qismət  oldu.  Tale  uzun  intizardan  sonra  ona  oğul  payı 

göndərdi. Səməd bəy ona Pir adı verdi. Sonralar İqor adını daşı-

yan Mehmandarov otuzuncu illərdə general ataya görə çox ağrı-

lar,  əzablar  çəkdi.  1988-ci  ildə  Bakıda  görüşdüyüm  İqor  Meh-

mandarovun danışdığı bir epizodu heç vaxt unuda bilmirəm. 

– Atamdan sonra tez-tez anamı və məni ÇK-ya çağırardılar. 

Min  cür  hədələyici  suallar  verirdilər.  Suallara  düzgün  cavab 

versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap cana 

doyub soruşdum ki, axı, məni niyə incidirsiniz, niyə döyürsü-



General Əli ağa Şıxlinski və silahdaşları

420


nüz? Bu sualların cavablarını mən həqiqətən də bilmirəm, yalan-

dan nə deyim? Mənə əzab vermək, ağa qara demək kimi bir şey-

dir. Mənim günahım nədir?

–  Günahınız  ondan  ibarətdir  ki,  özünüzə  yaxşı  valideyn 

seçməmisiniz.

Qəribə məntiqdir, nə vaxtdan övlad özünə valideyn seçib ki?..

Amansız  təqiblərdən,  yersiz  sorğu-suallardan  xilas  olmaq 

üçün 1930-cu ildə, keçmiş Azərbaycan Demokratik Respublika-

sının Hərbi naziri olmuş general atanın ölümündən sonra ana 

Yelizaveta  Nikolayevna  və  oğul  İqor  Azərbaycandan  Sankt-

Peterburqa köçməyə məcbur olurlar. Lakin Sovet ÇK-sı burda da 

onları təqib edirdi. 

“…1937-ci ildə Mehmandarovlar ailəsi Peterburqdan Sarato-

va sürgün edilir. Lakin İqor Mehmandarov burda da təqiblərdən 

yaxa  qurtara  bilmir.  Adi  yaşayış  şəraitinin  olmaması,  ağır 

maliyyə  çətinlikləri,  günaşırı  XDİK-ə  çağırış  onların  həyatını 

burda katorqadan da dözülməz edir. 

Lakin bütün bunlarla kifayətlənməyən cəlladlar Mehmanda-

rovlar ailəsindən yenə də əl çəkmirlər. 1941-ci ildə Y.N.Mehman-

darovanı oğlu ilə birgə yenidən Sibirə sürgün edirlər. Bu dəfə o, 

alman faşistləri tərəfindən partladılan qatarda həlak olur. Oğlu 

isə  sürgündən  sonra  uzun  illər  Kalininqradda  yaşayır.  1977-ci 

ildə isə Azərbaycanın hökumət rəhbəri onu Bakı şəhərinə dəvət 

edir.


…Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatətinə 

əsasən vaxtilə Mehmandarovların yaşadığı Sankt-Peterburq  və 

Saratov vilayət prokurorluqlarına sorğu göndərildi. Həmin işlər 

öyrənildi və nəhayət, İqor Səməd bəy oğlu Mehmandarova, ana-

sı Yelizaveta Nikolayevna Mehmandarovaya rəsmi sənəd aldıq. 

Gec də olsa xalqımızın tarixindən qara ləkələrin biri də silindi” 

(E.Hacıyev.  “Bir  qara  ləkə  də  silindi”  məqaləsi,  “Xalq  qəzeti”, 

8 iyun 1993-cü il).



Şəmistan Nəzirli

421


* * *

1910-cu  ilin  ilıq  may  günlərindən  birində  uzun  ayrılıqdan 

sonra doğma Qafqaz Səməd bəyi qəhrəman oğul kimi qoynuna 

aldı. O, mayın 24-də Tiflisdə yerləşən Birinci Qafqaz ordusunun 

korpusunda artilleriya rəisi təyin edildi. İyulun 31-də həmin kor-

pusda artilleriya müfəttişi, 1913-cü il dekabrın 31-də isə iyirmi 

birinci süvari diviziyasının rəisi oldu.

Birinci  Dünya  müharibəsinin  ilk  günlərindən  Səməd  bəy 

Mehmandarovun  diviziyası  Üçüncü  Qafqaz  ordu  korpusunun 

sıralarında döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə rus ordusu 

heyətində böyük şöhrət qazandı. Bu döyüşlərdə onun rəhbərlik 

etdiyi  səksən  birinci Abşeron  və  səksən  üçüncü  Samur  süvari 

alayları xüsusilə fərqləndi.

1914-cü il dekabrın on birində İkinci Qafqaz ordu korpusu-

nun  komandiri  təyin  olunan  Səməd  bəy  Mehmandarov  Sane 

çayı sahillərində, Prasnışa, Xolma və Vilno yaşayış məntəqələri 

uğrunda  alman  qoşunları  ilə  ağır  və  müvəffəqiyyətli  döyüşlər 

apardı.  Bütün  müharibə  boyu  onun  rəhbərlik  etdiyi  korpus 

düşmənə bir ədəd də olsa top itkisi vermədi.

Səməd  bəyi  yaxından  tanıyan  mayor  Hacıağa  İbrahimbəyli 

1946-cı ildə çap etdirdiyi “Səməd bəy Mehmandarov” adlı kitab-

çasında iftixarla yazır: “Rəsmən hərbi akademiya təhsili almayan 

bir  zabit  yalnız  böyük  bacarığı  sayəsində,  hərbi  xidməti  çox 

sevdiyinə,  döyüşlərdə  misilsiz  qoçaqlıq  və  hərbi  məharət  gös-

tərdiyinə, işinə can yandırdığına və son dərəcə təmiz adam oldu-

ğuna görə bu qədər böyük rütbə sahibi ola bilərdi. Səməd bəy 

Mehmandarov da belə bir zabit idi.

Əla səviyyəli topçu olan Səməd bəy Mehmandarova rəsmən 

topçu  akademiya  təhsili  olan  bir  artillerist,  həmçinin  görkəmli 

qoşun generalı olan hər bir ərkani zabiti həsəd apara bilərdi”.

Birinci Dünya müharibəsi illərində general Səməd bəy Meh-

mandarov  alman  diviziyalarını  bir  neçə  dəfə  ciddi  surətdə 

məğlub edən istedadlı sərkərdə kimi ad-san qazanmışdı.


General Əli ağa Şıxlinski və silahdaşları

422


1914-cü il sentyabrın on beşində keçirilən Lodz döyüş əmə-

liyyatında  general  Mehmandarov  xüsusilə  şöhrət  qazandı. Al-

man generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod 

şəhərini  alıb  sürətlə  Lodz  şəhəri  uğrunda  əməliyyata  başladı. 

Güclü təzyiqlə geri çəkilən rus qoşunları çox ağır vəziyyətdə idi. 

Bütün mövqelərdə hücuma keçən almanlar dayanmadan irəli lə-

yərək geri çəkilən rus qoşunlarının bir hissəsinin qarşısını kəsib 

mühasirəyə almağa çalışırdı. 

Səməd bəy Mehmandarovun iyirmi birinci piyada diviziyası 

səksən  birinci Abşeron,  səksən  ikinci  Dağıstan,  səksən  üçüncü 

Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuş-

du. Bu polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı.

Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə 

düşərək Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğu-

nu  telefonla  ondan  xəbər  aldı.  Səməd  bəyin  telefonda  koman-

dirlərə məxsus mərd, qısa cavabı belə oldu: “Vəziyyət ağırdır. 

Hücuma keçirəm!”

İki rus diviziyasının geri çəkildiyi belə bir ağır vaxtda Meh-

mandarovun  diviziyası  böyük  bir  iştahla  irəliləyən  düşmənə 

ağır zərbələr vurub onu geri oturtdu. Üçgünlük ağır döyüşlərdən 

sonra İvanqorod şəhərinin hüdudlarına çatıb onu həmləyə aldı. 

Birinci  Dünya  müharibəsi  tarixində  Səməd  bəy  Mehmandaro-

vun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin 

sürətli planlarını puça çıxartdı. Geri çəkilən iki rus diviziyasını 

isə mühasirəyə düşmək rüsvayçılığından xilas etdi.

Həmin əməliyyat zamanı general Əli ağa Şıxlinski Ali Baş Ko-

mandan tərəfindən səhra toplarının baş müfəttişi yanında xüsusi 

tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı:

“O zaman rus ordusunda yeni bir silah olan ağır səhra topla-

rının  vəziyyətini  yoxlamaq  və  bu  sahədə  fəaliyyətə  istiqamət 

vermək  üçün  Qərb  cəbhəsinə  çağırıldım.  Mən  yeddi  korpusu 

gəz dim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandaro-

vun korpusunda ağır topların vəzifəsi düzgün başa düşülmüş 

və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş kor-



Şəmistan Nəzirli

423


pus top müfəttişinin yox, məhz, mahir topçu olan Mehmandaro-

vun şəxsi təşəbbüsünün nəticəsi idi”. 



Bu müharibədə misilsiz qələbələrə görə Səməd bəy Sadıq bəy 

oğlu Mehmandarova 1915-ci il martın 22-də tam artilleriya ge-

neralı rütbəsi verildi. Onun qəhrəmanlığı 1914-cü il sentyabrın 

27-29-da apardığı müvəffəqiyyətli döyüşlərə görə üçüncü dərəcəli 

“Müqəddəs  Georgi”,  1915-ci  il  yanvarın  2-də  ikinci  dərəcəli 

“Müqəddəs  Vladimir”  (qılıncla  birgə)  ordenlərinə  və  1915-ci  il 

sentyabrın 9-10-da İvanqorod şəhəri uğrunda apardığı döyüşlərə 

görə brilyantla bəzədilmiş “Georgi silahı” ilə təltif olunub. 

General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi 

igidliyi və əsgərlərlə xoş rəftarı haqqında onun müasirləri ifti-

xarla söhbət açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki, gene-

ral  Mehmandarov  Birinci  Dünya  müharibəsi  zamanı  olduqca 

çox şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində 

onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus ordusunda 

məşhur olmuşdu. 

Mehmandarov ədalətli, namuslu, düz danışan adamları sevir, 

onlara kömək göstərir, ürəyi düz olmayanlara qarşı isə amansız-

lıq edirdi. Mehmandarovu şəxsən görənlərin hamısı təsdiq edir 

ki, ona tabe olanların hamısı ondan oddan qorxan kimi qorxar, 

lakin onu sevər, ona inanardılar. 

Səməd bəy Mehmandarov həmişə əsgərlərlə xoş rəftar edərdi 

və daim onların qayğısına qalardı. “Mehmandarov nadir artilleri-

yaçıdır”. Bu üç kəlmə söz Qırmızı Bayraqlı Qafqaz Ordusunun 

komandanı  İ.E.Yakirə  məxsusdur.  Onu  1925-ci  ildə  Birləşmiş 

Azərbaycan  Hərbi  Məktəbində  müəllim  işləyən  Səməd  bəyin 

şəxsi  işinə  komandan  İona  Yakir  öz  dəst-xəttilə  yazıb.  İnqilab 

illərində  Mehmandarovun  həyatı  çox  təlatümlü  keçib.  Nə  yeni 

hökumət, nə də onun adamları ona inam gətirməyiblər. Hər yerdə 

“Çar generalı”, “Müsavat naziri” kəlmələri sərt sillə kimi onun və 

silahdaşlarının üzünə çırpılırdı. Həmin o narahat illər dən – 1920-

ci il iyunun 4-də Səməd bəy Mehmandarovun öz əli ilə doldurdu-

ğu iki vərəq kağız qalıb. Bolşeviklərin tələbi ilə doldurduğu “Həbs 

vərəqləri” Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılır. 



General Əli ağa Şıxlinski və silahdaşları

424


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin