36
Yadigarovun adının çəkilməsinə baxmayaraq, onun həyat və fəaliyyəti 1966-cı ilə qədər
öyrənilməmişdi. Mən elmi işimlə əlaqədar Gürcüstan, Moskva və Leninqrad arxivlərində
işləyəndə Ağabəyin fəaliyyəti haqqında material toplaya bildim. Həmin ili akademiyanın “Elmi
əsərlər”ində “Peterburq universitetinin ilk azərbaycanlı məzunu” adlı elmi məqalə ilə çıxış
etdim.
- Nərmin xanım, ötən əsrin əvvəllərində bizim Rusiya ilə əlaqələrimiz o qədər də yaxşı
deyildi. Mən şəxsən bunun ilkin səbəbini mənzilin uzaqlığında, bir də din ayrılığında görürəm.
Bizə çox az ziyalımızın o vaxtlar Rusiyada yaşayıb-yaratması məlumdur. Mirzə Kazım bəy,
Mirzə Cəfər
Topçubaşov, İbrahim Rəhimov, Mahmud İsmayılov və başqaları. Bəs neçə olub ki,
Ağabəy Yadigarov o illərdə Peterburqa gedib çıxıb? Yəqin ki, bunun bir səbəbkarı, vasitəsi
olub?
- Ağabəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı məşhur şərqşünas Mirzə Cəfər
Topçubaşovdur. Bu görkəmli alim Ağabəyin doğma dayısıdır. Arxiv sənədləri göstərir ki,
1844-cü ilin yazında Peterburq universitetinin şərq şöbəsinə Zaqafqaziya gənclərinin
nümayəndələrini göndərmək üçün
heç bir perspektiv olmayanda, universitetin fars dilçiliyi
kafedrasını professoru Mirzə Cəfər Topçubaşov həmin şöbəyə öz bacısı oğlu Ağabəy
Yadigarovun dövlət xərci ilə qəbul edilməsi barədə xahişlə müraciət edib. Ağabəy Yadigarov
həmin ilin yayında Üçüncü dərəcəli Peterburq gimnaziyasını bitirmişdi.
Yadigarov haqqında bioqrafik məlumat son dərəcə az və natamamdır. Əldə olan
sənədlərə əsasən, A.Yadigarov 1823-cü ildə Gürcüstanda bəy ailəsində doğulub. Peterburq
gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü ilin iyun ayınadək
ümumi əsaslarla gimnaziya
nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra imperatorun razılığı ilə professor
M.C.Topçubaşovun xahişi nəzərə alınıb, Ağabəy Yadigarovun dövlət xərci ilə oxuması üçün
Peterburq universitetinin rektoruna sərəncam verilib.
Ağabəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən
universitetin şərq şöbəsinə daxil olub. 1844-cü il iyulun 22-dən Ağabəy universitetin nəzdindəki
pansiona götürülüb.
1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib universiteti bitirir. Alimlik
dərəcəsini yerinə yetirdiyinə görə Şərq dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən
sonra Ağabəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman komandasının konvoy
komandiri, rotmistr olan qardaşı İsrafil bəy Yadigarovun yanında qalır.
- Bəs Qafqazdakı fəaliyyətinə nə vaxtdan başlayıb, bu
barədə məlumat əldə edə
bilmisinizmi?
- 1848-ci ilin may ayında A.Yadigarov Qafqaz canişininin sərəncamına göndərilir. Onu
canişinlikdə dəftərxana şöbəsinin müdir müavini təyin edirlər. O, burada otuz beş ildən çox
xidmət etmişdir. Hərtərəfli təhsil almış Ağabəy Yadigarov öz bilik və bacarığından istifadə üçün
imkan tapa bilməmişdir. Şərq və rus mədəniyyətinə yaxından bələd olan Ağabəy öz milli
mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi. Xalqının bu sahədə ehtiyaclarını
da yaxşı başa düşürdü. O, Azərbaycan əlifbasının islahatı uğrunda
böyük mütəfəkkir
Mirzə Fətəli Axundovla birgə çalışmışdır. M.F.Axundovun şəhadətinə görə Ağabəy Yadigarov
ərəb əlifbasının yeni, daha mükəmməl əlifba ilə əvəz edilməsi haqqında fikirlərini ifadə edən bir
kitabça da yazmışdır.
- Nərmin xanım, otuz beş ildən çox Qafqaz canişinliyində saray müşaviri kimi fəaliyyət
göstərən Yadigarovun xidməti dövlət tərəfindən layiqincə qiymətləndirilibmi?
- İnamla demək olar ki, yox!
Sənədlər göstərir ki, Ağabəy Yadigarov çox sadə,
vəzifəyə və təltifata can atan adam olmayıb. O, əvvəl dəftərxanada, sonra isə canişinliyin baş
idarəsində qulluq etmişdir. Onun xidməti müsəlmanlar üçün təsis edilmiş dördüncü dərəcəli
müqəddəs Vladimir ordeni ilə qiymətləndirilib.
1853-56-cı illərdə Krım müharibəsindən xatirə olaraq verilmiş Andreyev
lenti üzərindəki
bürünc medal onun otuz beş ildən çox xidməti müqabilində yeganə təltifatı olub.
Uzun axtarışlardan sonra mən Ağabəy Yadigarovun nəvələrini və onun böyük bacısı
Məsumə xanımın uşaqlarını tapa bildim. Onlardan böyüyü Sara xanım Talışinskaya -
37
Xürrəmoviç dedi ki, babam ötən əsrin doxsanıncı illərində Tiflisdə vəba epidemiyasından vəfat
etmişdir. Həqiqətən də 1892-ci ildə Qafqazda güclü vəba epidemiyası yayılmışdı. Ölüm tarixini
belə dəqiqləşdirdik. Yadigarovun ömrünün son illəri haqqında isə demək olar ki, heç nə məlum
deyil.
Dostları ilə paylaş: