Jan Jak Russo (1712-1778) on ildən az bir dövrdə (1753-1762) “İctimai
müqavilə”, “Dalamberə məktub”, “Yeni Eloiza” əsərlərini yazır. “Emil və ya tərbiyə
haqqında” əsəri 1761-ci ildə nəşr olunur. Əsər böyük hay-küyə, hakim və dini
qüvvələrin etirazına səbəb olur. Fransa parlamenti müəllifin həbs edilməsi haqqında
qərar qəbul edir. Russo Fransadan qaçmalı olur. Onun adamlarla ünsiyyətdə olması
qadağan edilmişdi. 1765-ci ildə o məşhur “Tövbə” əsərini yazır. Əsərdə özünün
subyektiv həyəcanlarını, tərcümeyi-hal məlumatları çox incə bir üslubla təsvir edir.
Narahat həyat, həyəcanlar onu taqətdən salmışdı. O, 1778-ci ildə iyulun 2-də
Markiz-de Jerardenin qəsrində vaxtsız vəfat edir. De Jerarden onun qəbri üstündə
148
heykəl qoydurmuş, “burada təbiət və həqiqət nəğməkarı olan bir insan yatır” sözlərini
heykələ həkk etdirmişdi.
Komenskinin ideyasına görə, təlim ciddi ardıcıllıqla aparıldığı kimi Russoya
görə də tərbiyə belə bir ardıcıllıqla həyata keçirilir. Həmin ardıcıllığı Russo “Emil və
ya tərbiyə haqqında” əsərində xüsusi qeyd edir. Birinci mərhələ uşağın anadan
olandan dil açana qədər dövrü əhatə edir. Bu mərhələdə uşaq tamamilə köməksiz və
gücsüzdür. Ikinci mərhələ iki yaşından on iki yaşadək dövrü əhatə edir. Bu
mərhələdə fiziki qüvvələr inkişaf edir, lakin hələ əqli düşüncə, əxlaqi anlayış yoxdur.
Üçüncü mərhələ on iki yaşdan on beş yaşadək dövrü əhatə edir. Bu dövr əqli
qüvvələrin və mənəvi inkişafın başlanğıcıdır. Bu dövr insan həyatının ən qiymətli
vaxtıdır, lakin çox az olan dövrüdür. Bu dövr işləmək, oxumaq, elm öyrənmək üçün
ən qiymətli dövrdür. Nəhayət, dördüncü mərhələ gəncliyin böhran dövrüdür,
ehtiraslar, mənəvi özünü inkişaf dövrüdür. Bu dövrdə sanki insan yenidən doğulur,
heç bir insani xassə ona yad deyildir. Bu dörd mərhələnin xüsusiyyətlərinə uyğun
olaraq tərbiyə özü də dəyişir. Birinci mərhələdə tərbiyə özünü sadəcə olaraq uşağa
qulluq etmək, qayğı göstərməklə ifadə edir. İkinci mərhələdə fiziki tərbiyədə və
xarici hisslərin inkişafında öz ifadəsini tapır. Üçüncü mərhələdə əqli tərbiyədən,
dördüncü mərhələdə isə mənəvi tərbiyədən söhbət gedir. “Emil” əsərində hər
mərhələyə bir kitab həsr edilmişdir.
Uşağı kim tərbiyə etməlidir? Öz uşaqlarının tərbiyəsindən imtina edən və
uşaqlarını priyuta verən valideynləri kəskin tənqid edərək Russo hər bir valideyndən
öz uşaqlarını tərbiyə etməyi tələb edir. Uşağa həyat verən ona yaşamağı da
öyrətməlidir. Kim atalıq borcunu yerinə yetirmirsə, ata adlanmağa layiq deyildir. Heç
bir yoxsulluq, heç bir məşğuliyyət, insani böyüklük onu uşaqları yedirtmək, tərbiyə
etmək vəzifəsindən məhrum edə bilməz. Xəstə analar müstəsna olmaqla uşaqları
analar özləri əmizdirməlidir. Russo uşağa ana qayğısının ictimai-əxlaqi əhəmiyyətini
çox gözəl təhlil və təsvir edir. “Ana yoxdursa, uşaq da yoxdur”. Tərəflərdən biri öz
borcunu pis yerinə yetirirsə, o biri tərəf onun əzabını çəkəcəkdir. Uşaq hələ həyatını
dərk etməzdən əvvəl anasını sevməlidir. Ana qayğısı yoxdursa, ailə də yoxdur. Ana
olmayanda bütün mənəvi sistem pozulur, ana və övlad arasında məhəbbət tellərini
bir-birinə bağlaya bilmir. Belə olduqda nə ata, nə ana, nə uşaqlar, nə qardaş, nə də
149
bacı olur, hamı bir-birinə tanış kimi baxır. Onlar bir-birlərini sevə bilərlərmi? Əlbəttə
yox. Çünki hər kəs özü haqqında düşünür. Priyutlara, monastrlara verilmiş uşaqlar
ailə üzvlərinə, ata ocağına bağlılığı itirir. Heç kimlə bağlı olmur. Lakin, Russo qeyd
edir ki, tərbiyəçisiz keçinmək olmaz. Tərbiyəçi lazımdır. Russonun tərbiyəçisi
özünəməxsus ideal adamdır. O, nökər deyildir, uşağın və ailənin ən yaxşı dostudur.
Yer üzündə çox xeyirxah peşə var. Bu peşə pulla deyil, insanın fədakarlığı ilə
müəyyən olunur. Bu hərbçi və tərbiyəçi peşəsidir. Russoya görə tərbiyəçi bütün
məlum olan keyfiyyətlərə sahib olmaqla yanaşı cavan olmalıdır. Onun gənc olması
şagirdin müəllimə inamı və etibarı yaradır. Russo təsdiq edir ki, uşağın bir tərbiyəçisi
olmalıdır. O, həm tərbiyəçi, həm də müəllim olmalıdır.
Uşağa ilk qayğı qida, uşağın bədəninin möhkəmləndirilməsi və nitq
inkişafıdır.
Uşağa ilk qayğı fiziki baxımla səciyyələnir. Uşağa qida verilir, bədəni təmiz
saxlanılır. Bu baxım haqqında Russo xüsusi tövsiyələr verir. Uşağın ilk və əsas qidası
ana südüdür. Uşağı başqa qadın əmizdirəcəksə, onda yalnız bədəncə deyil,
mənəviyyatca, ruhca sağlam və gənc qadın tapmaq lazımdır. Çünki beləsinin südü
uşağın mədəsində tez həzm olur. Qida kimi uşağa ilk gündən azadlıq verilməli, o,
bədən üzvlərinin keyləşməsi olmasın deyə hərəkət etdirilməlidir. Buna görə də Russo
bələməyin qəti əleyhinə çıxırdı. Bələk qan dövranının normal işləməsinə, uşağın
möhkəmlənməsinə mane olur. Uşağın, temperamentinə təsir edir və nəhayət uşaq
əsəbiləşir və qışqırır. Russo bələk bağını uşağın azadlığını əlindən alan ilk zəncir
hesab edir. Bu ağılsız adət elə-belə yaranmamışdır. Adamlar öz rahatlığı üçün ilk
gündən uşağın qol-qıçlarını bağlayıb, onu azadlıqdan məhrum edirlər. Russo uşağın
tez-tez yuyulmasını məsləhət görürdü. Bu vaxt uşaq müxtəlif temperatura öyrənir.
Bütün qayğılarla yanaşı Russo uşağın çox əzizlənməsinin əleyhinə olmuşdur. Ana
uşağı əziz-xələf böyüdür, o, övladına böyük ziyan vurur və belə ana ən qəddar anadır.
Buna görə də Russo uşağı kiçik yaşlarından müxtəlif iqlim şəraitinə öyrətməyi,
çətinliyə alışdırmağı tövsiyə edirdi.
Russo uşaqların ağlamasına xüsusi diqqət yetirir və qeyd edirdi ki, uşaqların
göz yaşları onların ilk xahişidir. Göz yaşları ilə onlar nə isə istəyirlər. Uşaqların
ağlamasının iki səbəbini qeyd edir. Uşaq müəyyən tələbatının ödənilməsini – yerinin
150
dəyişdirilməsini, qida və s. istəyir. Belə ağlamaq fasiləli olur. Uşağın fasiləsiz
ağlamağı onun hər hansı bir yerinin ağrıması ilə olur. Russo da ona görə deyirdi ki,
uşaqların göz yaşlarına rəhm edin.
Russo uşağın nitq inkişafına xüsusi əhəmiyyət verirdi. O tələb edirdi ki, söz
aydın deyilməli və əşya uşağa göstərilməlidir. Uşaq nitqinin inkişafında Russo hər
cür tələskənliyin əleyhinədir. Sözlərin təhrif edilərək tələffüz olunması Russoya görə
uşaqda pəltəklik yaradır.
Ikinci mərhələdə Russoya görə iki yaşa qədər uşaqlar həqiqi əqli
qabiliyyətlərə malik olmurlar və buna görə də əqli öyrətməyə yaramırlar. Onlarda
təfəkkür, hətta yaddaş belə yoxdur. Onlar səsləri, obrazları, duyğuları, rabitələri
yadda saxlaya bilirlər. Onların bilikləri yalnız duyğularda əks olunur, təfəkkürə
keçmir. Bu dövr əqlin yuxu dövrüdür. Madam ki, belədir, onda uşaqlara əqli
məsələlərlə məşğul olmağı təklif etməyin faydası yoxdur.
Russoya görə fiziki inkişaf, əqli inkişafla sıx bağlıdır. Fiziki inkişaf əqli
inkişaf mərhələsinə zəruri hazırlığı yerinə yetirir.
Uşağın ağıllı və düşüncıli olması üçün onun möhkəm, sağlam olmasına
çalışın. Qoyun o işləsin, hərəkət etsin, qaçsın, qışqırsın, həmişə fasiləsiz hərəkətdə
olsun. Qoyun o, güclü və qüvvətli adam olsun. Onda onun əqli də inkişaf edəcəkdir.
Bədəni fiziki möhkəmləndirməyə gəldikdə Russo burada uşağın həddən artıq
əzizlənməsi və qəyyum edilməsinin əleyhinə çıxır. Uşağın ilk addımlarından
müstəqilliyə öyrədilməsi vacibdir. Uşaq öz gücünə, qüvvəsinə inanmalıdır. Russo
qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoruyucu papağı, təkərlərə bərkidilmiş
səbəti olmayacaqdır. O, özü yeriməyi öyrənəcək, yıxılacaq, duracaq, lakin,
öyrənəcəkdir. Qoy uşaq müstəqil addım atarkən yıxılsın, dizi əzilsin, əti göyərsin –
bütün bunlar bu yaşda təhlükəli deyil. Çünki, əzab çəkmək ilk şeydir ki, uşaq ona
alışmalı, öyrənməlidir.
Russo əmək tərbiyəsinə xüsusi əhəmiyyət verirdi. Əmək insanın zəruri
tələbatıdır. Russonun əmək növləri içərisində sənətkarlıq əməyi yüksək yer tutur, o,
bu əməyə xüsusi qiymət verir. Çünki sənətkar heç kimdən asılı deyildir.
Uşağa hansı peşəni öyrətməli? Hər şeydən əvvəl daim faydalı olan peşəni
öyrətmək lazımdır. Bu peşələr dəbdən, dövlətli adamlardan asılı olmayaraq
151
mövcuddur. Buna görə də Emil özünə şərəfli, faydalı bir peşəni seçməlidir. Russoya
görə peşələr içərisində ən şərəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir.
Dostları ilə paylaş: |