1
MİR CƏLAL
AZƏRBAYCANDA
ƏDƏBİ MƏKTƏBLƏR
(1905-1917)
Bakı-2004
2
Elmi redaktoru
və çapa hazırlayanı:
Təhsin Mütəllimov
filologiya elmləri doktoru, professor
Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917) Bakı,
2004, 391 səh.
Azərbaycan ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri
olan əməkdar elm xadimi, fılologiya elmləri doktoru, professor Mir Cəlal
Paşayevin bu kitabı onun doktorluq dissertasiyası əsasında hazırlanınışdır.
Kitabda 1905-1917-ci illərdə formalaşan və ədəbiyyatımızın sonrakı
təkamülündə mühüm rol oynayan ədəbi məktəblərin ideya-estetik
platforması, ədəbi metod və üslub özünəməxsusluğu ilk dəfə olaraq
sistemli, monoqrafik planda təhlil olunmuşdur. Həmçinin mövzu ilə
əlaqədar olaraq XX əsr Azərbaycan ədəbiyyatının həm realist, həm də
romantik qolunu təmsil edən bir sıra görkəmli sənətkarların yaradıcılığı
geniş elmi təhlilini tapmışdır. Ümumilikdə bu dövrun ədəbiyyatının inkişaf
istiqaməti və xarakteri haqqında müfəssəl təsəvvür yaradılmış, orijinal
nəzəri mülahizələr söylənilmişdir.
4603000000-629
© “Ziya-Nurlan”
N -098- 2004
© Mir Teymur (bədii tərtibat)
3
Ustad yadigarı
Mir Cəlal müəllim ilk növbədə gözəl romanlar, povəstlər və
hekayələr müəllifi kimi geniş şöhrət qazanmışdır. Həyatımızın
tipik lövhələrini, aktual problemlərini xalq yumorunun fəlsəfi
müdrikliyi və şux nikbinliyi ilə təcəssüm edən bu qüdrətli
sənətkarın bədii yaradıcılığı onun zəngin elmi irsindən daha çox
diqqəti cəlb etmişdir. Yəqin ki, bu cəhət bədii ədəbiyyatın
kütləviliyi və daha geniş auditoriyaya malik olması ilə
əlaqədardır. Halbuki Mir Cəlal müəllim bir alim kimi
Azərbaycan filologiya elminin ən böyük və əvəzsiz
yaradıcılarından olmuş, ədəbiyyatşünaslığımızda qüdrətli bir
elmi məktəb formalaşdırmışdır.
Bədii təfəkkürlə, elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal
müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə xüsusi,
təkrar olunmaz bir vüsət və qüdrət vərmiş, onun hər iki sahədəki
böyük uğurlarının məhvəri, əsası olmuşdur. Eyni zamanda həmin
cəhətlər Mir Cəlal müəllimin son dərəcədə səmərəli pedaqoji
fəaliyyəti üçün də tükənməz bir potensiya, gözəl təcrübə və
nəzəriyyə mənbələrini təşkil etmisdir. Lakin yazıçılığında da,
alimliyində də, pedaqoqluğunda da ən aparıcı, istiqamətləndirici
amil heç şübhəsiz ki, məhz Mir Cəlal şəxsiyyəti olmuşdur!
Yaxından tanıyanlar bilirlər ki, Mir Cəlal müəllim bütöv
xarakterli, müstəqil düşüncəli bir şəxsiyyət idi.
4
Vəzifəlilərə əyilməzdi, vəzifəsizlərin qəlbinə dəyməzdi. Həmişə də
yalnız özü məsləhət bildiyini edərdi... Müxtəlif zamanların
ictimai-siyasi təlatümlərində Mir Cəlal müəllim bədii və elmi
yaradıcılığında yalnız öz vicdanının səsinə, öz qəlbinin istəyinə
əməl etmiş, həqiqi şəxsiyyət və vətəndaşlıq nümunəsi olmuşdur.
Hər iki halda şəxsiyyət, ailə, cəmiyyət və dünya məsələlərində
yalnız onu qayğılandıran mətləblərə müraciət etmişdir.
Əgər bədii yaradıcılıqda Mir Cəlal müəllimin zəngin nəzəri
səviyyəsi, biliyi bədii təxəyyülün məcrasına, istiqamətinə
“nəzarət” edə bilirsə, əsərlərin poetika qaydaları ilə daha
monolit və cazibədar şəklə gəlməsinə yardımçı olursa, elmi
yaradıcılığında onun bir sənətkar kimi əsrarlı bədii prosesə
yaxından bələd olması orijinal, sistemli nəzəri nəticələr
söyləməsinə xeyli dərəcədə kömək etmiş olur.
Mir Cəlal müəllim bir yazıçı kimi ədəbiyyatımızda hansı
mövqeyə, çəkiyə malik idisə, elm aləmində də təxminən o
dərəcədə məşhur idi. 30-40-cı illərdə o, bədii yaradıcılıqla daha
məhsuldar və
səmərəli məşğul olurdusa, sonralar
ədəbiyyatşünaslıq elmimizin aparıcı simalarından biri kimi
alimlik fəaliyyətinə xüsusi maraq göstərirdi.
Mir Cəlal müəllimin elmi maraq dairəsi və erudisiyası çox
geniş və zəngin idi. O, klassik Şərq poeziyasını və poetikasını da
kamil bilirdi, içərisində yetkinləşdiyi müasir ədəbi prosesi, çörək
kəsdiyi ədiblərin yaradıcılığını da. Özü nasir olsa da, poeziya
duyumu, poetik obrazlılıq zövqü yüksək idi. Fars dilini gözəl
bildiyindən klassik ədəbiyyatın bütün mərhələləri onun üçün tam
şəffaf və doğma idi. Buna görə də Füzulidən də,
5
S. Vurğundan da eyni dərinlikdə, eyni vüsət və vəcdlə yazırdı.
Ən çox maraq göstərdiyi sənətkarlar isə M.Füzuli ilə C.
Məmmədquluzadə idi. 1940-cı ildə nəşr olunmuş “Füzulinin
poetik xüsusiyyətləri” kitabı və onun təkmilləşdirilərək “Füzuli
sənətkarlığı” (1958) adlandırılmış variantı indi də bu poeziya
dahisi haqqında ən dəyərli mənbələrdəndir.
Romantik Füzuli hələ nisbətən cavan Mir Cəlalı
sehirləmişdisə, sonralar ahıl çağlarında realist Mirzə Cəlil onu
daha artıq təsirləndirmişdi. O, Füzuli eşqinin fəlsəfi-estetik
dərinliyini və zərifliyini böyük fəhmlə kəşf edə bildiyi kimi, Mirzə
Cəlil dərdinin də gülüş təzahürünü, qəhqəhəli fəryadlarını xüsusi
həssaslıqla duya bilmiş və dərin, dəqiq təhlilə cəlb etmişdir.
Ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsindəki kamil biliyi
və üstəlik də zəngin yazıçılıq təcrübəsi onun elmi təhlillərinə
xüsusi vüsət verirdi. Bütün bunlardan əlavə Mir Cəlal müəllimdə
bədii materialın məğzinə, ruhuna, müəllif fıkrinin dərinliklərinə
nüfuz etmək, dəfələrlə haqqında bəhs olunmuş əsərlər barədə
tamam yeni mülahizələr söyləmək və çox dəqiq, həssas təhlil
aparmaq bacarığı var idi. Özü də ən mürəkkəb fıkirləri belə elə
sadə, aydın nəzərə çatdırırdı ki, lap adi oxucu üçün də anlaşıqlı
olurdu.
Mir Cəlal müəllimin təhlil texnikası, üslubu son dərəcə
orijinal idi. Bədii təhkiyədə olduğu kimi, elmi-nəzəri təhlildə də
o, çox konkretdir, dəqiqdir, lakonikdir. Quru, mücərrəd
mühakimə və xüsusən zahiri effekt naminə olan sünipafos Mir
Cəlal müəllimin elmi mülahizələrinə və təhlillərinə yaddır. Mir
Cəlal müəllim bədii yaradıcılığın mahir diaqnostiki idi. Uzun və
dolaşıq ehtimallara, yaxud qəliz və mürəkkəb istilah-
6
lar düzümünə, düyününə uymadan həmişə çox aydın, konkret və
orijinal nəticələr söyləməyə cəhd edir, əsaslı, sübutlu, inamlı
hökmlər verirdi. Ən başlıcası da odur ki, onun fikirləri möhkəm,
həyati və estetik məntiqlə əsaslandırılır. Bu təhlillərdə müəyyən
emosionallığa, bəzən bədii təhkiyəni andıran obrazlı deyim
tərzinə də təsadüf olunur. Amma zəruri məqamlarda və çox təbii
şəkildə. Hətta tədqiqat obyektinin xarakterinə uyğun olan
kinayəli intonasiyalar da bu təhlil üçün yad deyildir.
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqvərdiyev kimi satiriklərin
əsərlərindəki tənqidi mətləbləri qabarıq nəzərə çatdırmaq və
onlara aydın, təsirli münasibət bildirmək üçün məhz belə
üsullardan istifadə olunmuşdur.
Mir Cəlal müəllim fikir dərinliyinə və dəqiqliyinə, məna
dolğunluğuna və ifadə aydınlığına xüsusi diqqət yetirərdi. Onun
“Klassiklər və müasirlər”', “Gülüş bədii silah kimi”,
“C.Məmmədquluzadə realizmi haqqında”, prof. P.Xəlilovla
yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, prof. F.Hüseynovla
yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” kitablarında, yüzlərcə
elmi məqalələrində məhz bu üslub əsasdır.
Təcrübə göstərir ki, çox vaxt görkəmli alimlərin maraq dairəsi
müəyyən tarixi - mərhələvi mahiyyətdə olur; ədəbiyyat tarixinin
hər hansı bir dövrü, mərhələsi başlıca maraq obyekti, mənbəyi
seçilir. Şübhəsiz, bunun da üstün cəhətləri vardır. Lakin elə
alimlər də məlumdur ki, onlar üçün bu cəhət səciyyəvi deyildir.
Mir Cəlal müəllim orta əsrlərdən başlamış lap müasir dövrə
qədər bir sıra görkəmli sənətkarlara aid dəyərli əsərlərin
müəllifıdir. Bu bir cəhətdən Mir Cəlal müəllimin Azərbaycan
ədəbiyyatına mükəmməl bələdliyi, çox geniş erudisiyaya, maraq
dairəsinə malik olması ilə əla-
7
qədardırsa, digər tərəfdən (bəlkə də başlıca olaraq) onun yüksək
səviyyəli ədəbiyyat nəzəriyyəçisi olması ilə izah edilə bilər.
Həqiqi ədəbiyyat nəzəriyyəçisi isə milli ədəbiyyatın təkamül
prosesini, mərhələlərini və əlamətdar xüsusiyyətlərini dərindən,
sistemli bilməlidir. Mir Cəlal müəllim də məhz belə zəngin,
ensiklopedik biliyə malik çoxcəhətli alim idi. Onun namizədlik
dissertasiyası Füzuliyə həsr olunduğu halda, doktorluq əsəri
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” adlanır. Bu əsərdə
müxtəlif ədəbi metoda, müxtəlif bədii üslublara əsaslanan bir sıra
görkəmli sənətkarın yaradıcılığı tarixin və dünyagörüşlərin
mürəkkəb təzadları fonunda geniş nəzəri təhlilə cəlb edilmişdir.
1946-cı ilin dekabrında tamamlanmış və 1947-ci ildə uğurla
müdafiə olunmuş bu dissertasiya işi Mir Cəlal müəllimin kamil
bir alim kimi formalaşma prosesinin uğurlu yekunu, nəticəsi kimi
də qiymətləndirilə bilər.
Məlum olduğu kimi ötən əsrin əvvəlləri, xüsusən 1905-1917-ci
illər kiçik zaman kəsiyi olsa da, milli ədəbiyyatımızın bəlkə ən
qüdrətli, zəngin və mürəkkəb dövrü kimi səciyyələnə bilər. Məhz
bu zaman təxminən minillik ədəbiyyatımızın romantik və realist
ənənələri görünməmiş, qəribə bir təkamül və novatorluq
zirvəsinə çataraq bütün əvvəlki əsrlərin təcrübələrini bütün
sonrakı zamanların ədəbiyyatına əmanət etdi; ədəbiyyatımızın
gələcək nailiyyətlərinə sarsılmaz milli zəmin yaratmış oldu! XX
əsrin əvvəllərində milli ədəbiyyatımızın həm realist, həm də
romantik inkişafında həlledici ideoloji-estetik keyfiyyət dəyişikliyi
yarandı, eyni zamanda bir növ nəzəri və əməli istiqamət
proqramları da müəyyənləşdi.
Məhz bu dövrün ideoloji-bədii xarakterini, mürəkkəbliklərini
və sənət xarüqələrini sistemli və mükəm-
8
məl nəzəri təhlildən keçirmək, ədəbiyyatımızın həm klassik
ənənələrini, həm böyük novatorluq yaranışlarını, həm də sonrakı
ədəbi prosesin təkamül proqramlarını müəyyənləşdirmək üçün
son dərəcə aktual, mühüm (həm də müşkül!) bir vəzifə idi...
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” adlı əsərində
Mir Cəlal müəllim həm geniş məlumatlı ədəbiyyat tarixçisi, həm
də bədii faktları nəzəri ümumiləşmələr əsasında sistemləşdirən və
səciyyələndirən mahir ədəbiyyat nəzəriyyəçisi kimi çox dəqiq
təhlillər aparmışdır.
Mir Cəlal müəllim bu əsərində dünyagörüşlər, estetik
baxışlar, metod, üslub və s. cəhətdən forınalaşan və müxtəlif
sənət yaxınlıqlarına əsaslanan milli ədəbi məktəblərin meydana
gəlməsindən və özünəməxsusluğundan bəhs etmişdir.
Ədəbiyyat nəzəriyyəsinin bir sıra problemləri kimi ədəbi
məktəb anlayışı da müxtəlif vaxtlarda, məqamlarda müxtəlif
məzmunlarda başa düşülmüşdür. Ədəbi məktəb anlayışı əsas
etibarilə hər hansı bir böyük sənətkarın yaradıcılığının təsiri ilə
yazıb-yaradan, onun ənənələrini davam və inkişaf etdirən
ədiblərin ideya-estetik yaxınlığı, ümumiliyi kimi başa düşülür.
Mir Cəlal müəllim də ədəbi məktəblərdən bəhs edərkən
mahiyyətcə həmin prinsipə əsaslanmışdır. Lakin o, ədəbi məktəb
anlayışını bəzən müxtəlif modifikasiyalarda, fərqli şəkillərdə,
modellərdə ədəbiyyat tarixi faktlarına aid etmişdir.
Mir Cəlal müəllimin bu əsərində ümumilikdə ədəbi məktəb
anlayışı daha çox ədəbi platforma birliyi və ədəbi təsir
mənalarında işlədilmişdir. Dünyagörüşlərdəki yaxınlıq, inikas
tiplərinə görə uyğunluq (realist, romantik) və bədii üslub
komponentləri əsasında bəzən
9
də (şərti mənada) müxtəlif ədəbi məktəblərin mövcudluğundan
bəhs olunmuşdur. Məhz bu zəmində eyni tarixi dövrdə yaşamış
sənətkarların yaradıcılıq səciyyəvilikləri müqayisələr, paralellər
əsasında daha qabarıq, konkret və əsaslı nəzərə çatdırılmış,
onların qüvvətli-zəif cəhətləri, ənənəvi-novatorluq keyfiyyətləri,
fərdi-ümumi xüsusiyyətləri tarixilik və müasirlik meyarları
əsasında qiymətləndirilmişdir.
Bu əsərdə bəlkə ən əhəmiyyətli cəhət isə ondan ibarətdir ki,
Mir Cəlal müəllimin bir sıra klassiklərimizin dünyagörüşündəki
və bədii yaradıcılığındakı özünə-məxsusluq, orijinallıq və
mürəkkəbliklər haqqında fikirlərini bilmək imkanı yaranır;
həmçinin onun bir sıra ədəbiyyat hadisələri, faktları barədə
münasibəti aydınlaşmış olur.
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərindən bəzi
hissələr müxtəlif vaxtlarda müxtəlif şəkillərdə çap olunmuşdur.
Xüsusilə Mir Cəlal müəllimin professor F.Hüseynovla birlikdə
çap etdirdikləri “XX əsr Azərbaycan ədəbiyyatı” adlı ali məktəb
dərsliyində bu əsərdən də istifadə edilmişdir. Lakin
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsəri indiyədək
bütövlükdə nəşr olunmamışdır.
* * *
Mir Cəlal müəllimin bu əsərini kitab şəklində hazırlamaq və
onun redaktoru olmaq mənə təklif ediləndə, dərhal çoxdan olmuş
bir əhvalat yadıma düşdü... Univərsiteti bitirərkən diplom
rəhbərim rəhmətlik Mir Cəlal müəllim idi. Diplom işinin
mövzusuda xalq yazıçısı Ə.Vəliyevin “Qəhrəman” romanı idi.
Mir Cəlal
10
müəllim diplom işi haqqında rəyini diktə etdi və tapşırdı ki,
makinada yazdırım, sonra qol çəksin. Mir Cəlal müəllimin rəyini
oxudum və mənə elə gəldi ki; onun yüngülvari redaktəyə ehtiyacı
var... Rəyin bəzi yerlərini üslubca “redaktə” etdim və düşündüm
ki, Mir Cəlal müəllim belə xırda düzəlişləri sezməz, onlara diqqət
yetirməz. Rəyi makinada yazdırdım və müdafıədən əvvəl Mir
Cəlal müəllimə təqdim etdim. Mir Cəlal müəllim rəyi oxudu,
gülümsədi və dedi: “Təhsin, rəyə qol çəkirəm, müdafiən də
uğurlu olsun. Amma yadında saxla, birdə mənim yazımın
üslubuna dəymə”. Mir Cəlal müəllim həmişə olduğu kimi öz
fikrini beləcə böyük səmimiyyətlə, mədəniyyətlə və pedaqoji
taktla bildirdi.
İndi mənə Mir Cəlal müəllimin samballı bir əsəri redaktə üçün
təqdim olunurdu. Şübhəsiz, bu çox böyük məsuliyyət və diqqət
tələb edirdi. Dissertasiya təxminən 60 il əvvəl yazıldığı üçün ilk
növbədə onu sovət, dövrü ideologiyasının təzahürlərindən azad
etmək lazım idi. Bu ideologiya isə, xüsusən, humanitar
tədqiqatlara çox qüvvətli şəkildə, dünya görüş səviyyəsində
sirayət etmişdi. Buna görə də o zamankı başqa əsərlərdə olduğu
kimi Mir Cəlal müəllimin əsərində də bəzi ədəbiyyat faktlarına və
bir sıra ədiblərin yaradıcılığına əsərin yazıldığı illərin tələbləri
baxımından tendensiyalı münasibət mövcud idi. Vəziyyəti
yüngülləşdirən o idi ki, Mir Cəlal müəllim “XX əsr Azərbaycan
ədəbiyyatı” dərsliyi üçün dissertasiyasından götürmüş olduğu
bölmələri ideoloji baxımdan da müəyyən dərəcədə redaktə
etmişdi. Lakin onda da sovət ideologiyası hələ mövcud idi.
Demək, istər həmin bölmələri, istərsə də dərsliyə düşməyən digər
hissələri (belə hissələr isə çoxdur) redaktə zamanı bu günün ic-
11
timai-siyasi tələbləri, obyektivlik meyarları nəzərə alınmalı idi.
Eyni zamanda unutmaq olmaz ki, bədii yaradıcılığın ideya-estetik
mahiyyəti barədə qənaətlər, meyarlar dəyişdikcə, başqalaşdıqca,
eyni ədəbi fakta və ya eyni sənətkarın yaradıcılığına
münasibətlər və kriteriyalar da dəyişir, başqalaşır. Xüsusən
böyük zaman məsafəsindən sonra eyni ədiblər, əsərlər haqqında
təsəvvürlər də bəzən dəyişir, yetkinləşir, kamilləşir. Bunun səbəbi
dünyagörüşlərdəki metamarfozalarla bərabər, elmin özündəki
inkişaf və o cümlədən hər bir alimin professionallıq təkamülü də
ola bilər. Mir Cəlal müəllimin “XX əsr Azərbaycan ədəbiyyatı”
dərsliyindəki bölmələri də dissertasiyadakından müəyyən
dərəcədə fərqlidir. Hətta elə yerlər var ki, Mir Cəlal müəllim
dərslikdə əvvəlki fikirlərindən tamam fərqli olan nəticələr
söyləmişdir. Şübhəsiz ki, bu Mir Cəlal müəllimin elmdəki
obyektivliyini, tələbkarlığını və dəqiqliyini göstərən bir cəhətdir.
Çapa hazırlanan kitabda alimin dərslikdəki son qənaətləri və
düzəlişləri yeri gəldikcə nəzərə alınmışdır. Daha çox məzmunla
bağlı redaktələr monoqrafiyada da öz əksini tapmışdır. Dərslikdə
istifadə olunmuş hissələrin çoxu dissertasiyada və təbii ki,
monoqrafiyada daha ətraflıdır, müfəssəldir; üslubları da daha
sərbəstdir, daha obrazlıdır. Dərsliklə monoqrafiyanın
spesifikalarına görə istər məzmun, istərsə də üslubca fərqli
olmaları əslində tam qanunauyğundur. Məsələn monoqrafiyada
C.Məmmədquluzadənin publisistikası geniş və orijinal təhlilini
tapdığı halda, dərslikdə bu yerlər vərilməmişdir. M.Ə.Sabir,
Ə.Haqvərdiyev, M.Hadi, A.Səhhət və başqa ədiblərin yaradıcılığı
monoqrafiyada xeyli əhatəli poetik təhlilini tapmışdır.
Dissertasiyadakı bir sıra problemlər və ədəbi portret-
12
lər ilk dəfə çap olunur. Və təbiidir ki, Mir Cəlal müəllim
tərəfindən də sonralar redaktə edilməmişdir. Belə hissələrdə
müəyyən ixtisarlara da ehtiyac olmuşdur. Bu daha çox romantik
ədəbiyyatla əlaqədar bölmələrə aiddir.
Məlum olduğu kimi, sosialist realizmi metodunun
hegemonluğu dövründə romantik ədəbiyyata müəyyən dərəcədə
ögey münasibətin mövcudluğu görkəmli romantik sənətkarların
ədəbi irsinin obyektiv qiymətləndirilməsinə imkan vərmirdi.
M.Hadi, H. Cavid, S.Mənsur kimi böyük romantiklərə olan
əsassız hücumlar, müxtəlif böhtanlar o zamankı elmi tədqiqatlara
da öz təsirini göstərmişdir. Mir Cəlal müəllimin
dissertasiyasında da bu münasibətlər müəyyən dərəcədə öz
təzahürünü tapmışdır. Şübhə ola bilməz ki, Mir Cəlal müəllim o
zaman görkəmli bir alim və yazıçı kimi həmin romantik
sənətkarların həqiqi, obyektiv qiymətini və ədəbiyyat
tariximizdəki mövqeyini gözəl bilirdi. Lakin o da başqaları kimi
zamanənin hakim ideologiyasına tabe olmalı idi. Görünür, elə
buna görə də M.Hadi və A.Səhhət yaradıcılığı istisna olmaqla,
dissertasiyada başqa romantik sənətkarlara az yer vərilmiş,
onlar haqqında müxtəsər təsəvvür yaradılmışdır. Lakin bu
hissələr də həmin sənətkarlar haqqında o zamankı qeyri-obyektiv
mülahizələrə əsaslandığı üçün kitabda onların bəzisi bütünlüklə
ixtisar edilmişdir, bəzisi haqqında isə fraqmental məlumatlar
vərilmişdir.
Göründüyü kimi, “Azərbaycanda ədəbi məktəblər (1905-
1917)” kitabının redaktəsi (belə demək mümkünsə, həm də
restovrasiyası) son dərəcədə mürəkkəb və məsuliyyətli bir proses
olmuşdur. İş prosesində bir sıra yerləri dönə-dönə oxuyub
müəllifin əsl məqsədini, mət-
13
ləbini tam dəqiqliyi ilə aydınlaşdırmaq və müasir tələblər
səviyyəsində təqdim etmək çətinlikləri də az olmamışdır.
Çətinliyin bir səbəbi də o idi ki, bu şəkildə redaktə etmək isində
bizdə elə bir təcrübə, ənənə olmamış, konkret elmi-nəzəri
kriteriyalar müəyyənləşməmişdir.
Kitabda hər cəhətdən Mir Cəlal müəllimin fərdi üslubunun
qorunmasına xüsusi diqqət yetirilmişdir. Özü də mümkün qədər
(dərslikdən fərqli olaraq) məhz dissertasiyadakı üslubun
saxlanılmasına və bununla həmin illərin ruhunu, xarakterini də
mühafızə etməyə cəhd olunmuşdur. Nəhayət, kitabın ümumilikdə
müasirlik tələblərinə tam uyğun olması nəzərə alınmışdır.
Məlum olduğu kimi, Mir Cəlal müəllim fars dilini mükəmməl
bilmişdir. Dissertasiyada fars dilində olan bəzi mətnlərin
tərcüməsini də özü vərmişdir. Lakin əsər kitab şəklində nəşr
ediləndə artıq geniş oxucu auditoriyasının ehtiyacı nəzərə
alınaraq fars dilində olan digər mətnlərin də tərcüməsi vacib
görünür. CMəmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ə.Cənnəti,
Z.Marağalı və Ə.Tahbov ilə əlaqədar olan hissələrdə fars dilində
vərilmiş elmi və ya bədii nümunələrin tərcüməsi Bakı Dövlət
Univərsitetinin “İran filologiyası” kafedrasının müdiri dosent
Tofiq Cahangirova məxsusdur ki, bu zəhmətinə görə ona
minnətdarlığımızı bildiririk.
Hər bir işdə olduğu kimi bu əsərin redaktəsində də bəlkə
müəyyən zəif cəhətlər, nöqsanlar tapıldı. Lakin Mir Cəlal
müəllimin bu əmanətini redaktə edərkən özümü əziz və
unudulmaz müəllimim qarşısında bir daha imtahan vərən tələbə
yerində gördüm. Bu dəfə isə “imtahan” qiymətini Ustadın özü
deyil, hörmətli oxucular vərəsi olacaqlar...
14
Klassik sənət əsərləri kimi böyük elm yadigarları da bütün
zamanlar üçün gərəklidir, əhəmiyyətlidir. Mir Cəlal müəllimin
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsəri də XX əsr
Azərbaycan ədəbiyyatını öyrənənlər, tədqiq edənlər üçün daima
vacib və nüfuzlu elmi mənbə olacaqdır. İndiyədək yalnız bir
dissertasiya nüsxəsi olub kitabxanada oxuna biləcək bu əsər, indi
geniş auditoriya qazanmış olur, ədəbiyyat elmimizin çox dəyərli
bir nümunəsi kimi gələcək tədqiqatçıların ixtiyarına verilir.
Gözəl alim, böyük pedaqoq Mir Cəlal müəllimin bu da bir xeyir-
duası olsun!..
Təhsin Mütəllimov
15
Dostları ilə paylaş: |