Tibbi sığorta barədə qanunvericilik aktlarına dair
BƏLƏDÇİ QAYDALAR
28 oktyabr 1999-cu il tarixdə “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.
Bu Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi
əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı
münasibətləri tənzimləyir.
Qanuna uyğun olaraq tibbi sığorta sağlamlığın qorunması
sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi
baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman
yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü
formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının
tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq
həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.
Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında
müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi
əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.
Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edənlər,
tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə
müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyətlə məşğul olan
şəxslərdir.
Tibbi sığorta müqaviləsi – qanunvericilikdə müəyyən olunmuş
qaydada sığorta edənlə tibbi sığorta təşkilatları arasında bağlanan və
sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi
yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta
olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.
Tibbi sığorta şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən
asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə
Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə
bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında
göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat
verən sənəddir.
Sığorta edən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan
Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada tibbi
sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək, tibbi sığorta
15
təşkilatını sərbəst seçmək, tibbi sığorta müqaviləsinin şərtlərinin
yerinə yetirilməsinə nəzarət etmək hüquqlarına malikdir.
Sığorta edən icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta
haqlarını vaxtında ödəmək, sığorta olunanların sağlamlığının
vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat
vermək, sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi
barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi) məlumat vermək vəzifələrini
yerinə yetirir.
İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi
xidmətin şərtlərini, növünü, həcmini müəyyən edir və müvafiq icra
hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti)
tərəfindən təsdiq edilir.
Tibbi sığorta təşkilatı – mülkiyyət formasından asılı olmayaraq
tibbi sığortanı həyata keçirmək üçün qanunvericilikdə müəyyən
olunmuş qaydada xüsusi razılıq almaqla fəaliyyət göstərən və
müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının
Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilən zəruri nizamnamə
fonduna malik olan sığorta təşkilatıdır. Tibbi sığorta təşkilatları
səhiyyə sisteminə daxil deyil. Müvafiq icra hakimiyyəti orqanı
(Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli
orqanları) və tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola
bilməzlər.
Tibbi sığorta sistemində sığorta olunan vətəndaşlar tibbi sığorta
şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş
hüquqlardan istifadə etmək, tibbi sığorta müqaviləsi ilə müəyyən
edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta
sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi
seçmək, profilaktik yardım da daxil olmaqla, Azərbaycan
Respublikasının bütün ərazisində icbari tibbi sığorta
proqramındakından az olmayan həcmdə tibbi yardım almaq, icbari
tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən
istifadə etmək, tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb
müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan
müalicə metodları və onların nəticələri barədə məlumat almaq,
sığorta edənə, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta
müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən
16
vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə
müəyyən olunmuş qaydada iddia qaldırmaq, könüllü tibbi sığorta
müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən
sığorta haqqının bir hissəsini geri almaq hüquqlarına malikdirlər.
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər tibbi sığorta sistemində Azərbaycan Respublikasının
vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. Azərbaycan
Respublikasında əcnəbilər tibbi sığorta sahəsində, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa
qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının
vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
Tibbi sığorta təşkilatı tibbi sığorta müqavilələri üzrə tibbi yardım
və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək, tibb
müəssisələrinin akkreditasiyasında iştirak etmək, tibbi xidmətlər
üçün tariflərin müəyyənləşdirilməsində iştirak etmək, tibb
müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda
tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək, tibb müəssisəsinin
və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş
zərərin ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada
məhkəməyə müraciət etmək, zərərin sığorta olunan tərəfindən
vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş
zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən
qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta olunana tibbi
yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb
etmək hüquqlarına malikdir.
Tibbi sığorta təşkilatı tibbi sığorta olunanlara tibbi sığorta
proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə
müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə
müqavilələr bağlamaq, tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi
andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək, tibb
müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş
qaydada və müddətdə ödəmək, könüllü tibbi sığorta müqaviləsində
nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsini sığorta olunana
qaytarmaq, müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın
həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək, sığorta olunanın
mənafelərini müdafiə etmək vəzifələrini yerinə yetirir.
17
Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə
müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələrinin və
fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin tibbi sığorta sistemində
tibbi xidmətlər göstərmək hüquqları vardır.
Tibbi sığorta proqramlarını yerinə yetirən tibb müəssisələrinin
tibbi sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ
vardır. Qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi sığorta
proqramını yerinə yetirən tibb müəssisələrinin və ya fərdi tibbi
fəaliyyətlə məşğul olan şəxslərin tibbi sığorta təşkilatını seçmək
hüququ vardır. Tibbi sığorta sistemində mülkiyyət formasından asılı
olmayaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin
müvəqqəti itirilməsini təsdiq edən sənəd vermək hüququna
malikdirlər.
İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər
müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının
Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Könüllü tibbi sığorta
üzrə tibbi xidmətlər üçün tariflər sığorta təşkilatı ilə bu xidmətləri
göstərən tibb müəssisəsi (və ya fərdi tibbi fəaliyyətlə məşğul olan
şəxs) arasında razılaşmaya əsasən müəyyən edilir.
30 dekabr 1999-cu il tarixdə “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş tibbi sığorta müqaviləsinin formasının və bağlanma
qaydasının, tibbi sığortanın ayn-ayrı növlərinə aid qaydaların və
icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin
kateqoriyalarının, tibbi sığorta şəhadətnaməsinin formasının və onun
tətbiqi qaydalarının, icbari tibbi sığorta haqlarının məbləği və
ödənilmə qaydasının müəyyən edilməsi, icbari tibbi sığorta
proqramının təsdiq edilməsi və icbari tibbi sığorta sistemində tibbi
xidmətlər üçün tariflərin müəyyən edilməsi tapşırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 nömrəli
19 yanvar 1998-ci il tarixli Qərarı ilə “Sığorta fəaliyyətinə xüsusi
razılıq (lisenziya) verilməsi Qaydaları”, 58 nömrəli 6 mart 2001-ci il
tarixli Qərarı ilə “Tibbi sığorta müqaviləsinin forması və bağlanma
Qaydası” və 49 nömrəli 25 mart 2002-ci il tarixli Qərarı ilə “Tibbi
18
sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları” təsdiq
edilmişdir.
27 dekabr 2007-ci il tarixdə “Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi”nin yaradılması haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı imzalanmışdır.
10 yanvar 2008-ci il tarixdə “Azərbaycan Respublikasında
səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi
sığortanın tətbiqi Konsepsiyası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.
Həmin Sərəncamla Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə bu “Konsepsiya”nın həyata keçirilməsi ilə bağlı
2008-2012-ci illəri əhatə edən Tədbirlər Planının hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
edilməsi tapşırılmışdır.
6 avqust 2008-ci il tarixdə “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli
Fərmanına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 179 nömrəli
11 avqust 2008-ci il tarixli Qərarı ilə “2008-2012-ci illərdə
Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının
həyata keçirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilmişdir.
|