TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR


ALTIN-MİZE (Askatda Çoltoşdan qeydə alınıb



Yüklə 1,55 Mb.
səhifə3/14
tarix24.04.2017
ölçüsü1,55 Mb.
#15714
1   2   3   4   5   6   7   8   9   ...   14

ALTIN-MİZE

(Askatda Çoltoşdan qeydə alınıb)


Öböqön1 Maral təpələrdə qundaqlı ox-yay (aya) qoymuş, gölün yanında da tələ qur­muşdu. Ora nə düşürdüsə, qoca o azu­qəni götürüb yeyirdi. Kandıkçı qarı da yer­­dən sarana2, kan­dık3 qazıb çıxarır, onu yeyirdi. Qarı bunları səhər-axşam qazıb çıxarır, bişirir, boşqaba qoyur, yanında oturub deyirdi:

– Bu ruzini mənə Tendin ilə Uç-Kurbustan-Kuday göndərib.

O, yemək dolu boşqabı yuxarı qaldırıb tutur, “çok”4 edir, amma özü ağzına bir tikə də yemək qoymur, deyirdi:

– Bu yemək göydən göndərilib; qoy bu yeməyimin suzı5 yuxarıdakı Kudaya çatsın.

Kandık, sarıqay yeməyi göydəki Kudaya çatdı. Uç-Kur­bustan-Kuday dedi:

– Yaratdığım varlıqlar (albatı), yaratdığım qızıl soxulcan (kızıl qurt). Axı, yarat­dı­­­ğım məxluqat arasında bu qoca ilə qarı kimi yoxsul biçarələr yoxdur. Yaratdığım qur­d­­­ların, böcəklərin arasında da belə möhtaclar yoxdur.

Bir qara-qonur ayğır vardı; Uç-Kurbustan ona tapşırıq verib dedi:

– Qoca-qarını yedirt.

Qara-qonur ayğır yer üzünə enib qoca ilə qarının obasına gəldi. O, dırnaqları ilə yeri qazıb iki şiş uclu tayqa qurdu, hə­min dağların lap yanında qapaqlı qara göl düzəl­t­di. Qara-qonur ayğır öz Yelizin-Böröl Altayına gəlib dayandı, silkələn­di, bir dəstə insan əmələ gəldi, sonra yatdı, gəzdi, bir qədər mal-qara əmələ gəldi. O, bir qədər də qulanı, ikiillik atları olan ilxı düzəltdi. Bir gün Öböqön Maral çadırdan çıxıb həmin camaatı, mal-qaranı gördü. O yaxınlaşıb gördü ki, Qara-qonur ayğır da­yanıb yanında da bir dəstə insan var. Onlara qoca ağ­saqqal Adu­çi1 başçılıq edir. Öböqön Maral salam­laş­dı. Aduçi dedi:

– Öböqön Maral, sən bu camaatın xanısan, bu mal-qaranın sahibisən. O qədər çox olmasa da, bunlar sənin adamların, bu da sənin mal-qarandır.

Öböqön Maral evə qayıdıb Kandıkçı qarıya dedi:

– Azdan-çoxdan camaatım, mal-qaram var, göydəki Uç-Kurbustan verib.

O, ox-yayı, tələni atıb bir daha ovçuluq etmədi, Kandıkçı əvvəlki peşəsini buraxıb bir daha kandık, sarıqay yığmadı.

Kandıkçı qarı hamilə oldu. Doğum günü də yetişdi. Qarı Öböqön Maralı söydü, bir dəfə edreklə onu vurdu. Qarı-qoca söyüşməyə başladılar. Qarı dedi:

– İndi mal-qara, adam yiyəsi olub evdən çıxmırsan. Ox-yayı, tələni tamam unutmusan. Fikirləşirsən ki, xan olmusan, ona görə də evdən çıxıb əziyyət çəkmirsən. Həmişə yanımda otursan, məndən əlinə nə düşəcək?

Qoca dedi:

– Qarı, hara gedim? Mən indi nə edim?

Qarı dedi:

– Get dağların başını gəz, yar (kerteş), həmişə bax, göz yetir, yolda dayanıb Ke­ze­ri gözlə, artaşlı1 dağlara çıx, yolda dayanıb alıpları gözlə. İgid çıxsa, igidi, heyvan çıxsa, heyvanı öldür. Məni gözləsən, mən­dən heç nə ala bilməyəcəksən. Rədd ol, çıx, get.

Qoca yəhəri-tokumu götürüb çıxdı, yazılı (piçiktu) pis yəhəri xallı atın belinə qoydu, xallı atı minib yola düşdü. O, öz adam­larının yanından çapıb keçdi, iki şiş uclu tayqaya çatdı, Altaya baxdı, fırlanıb yerə baxdı, gözünə yaxşı heç nə görün­mə­di; bir az da iti baxmağa başladı. Günəşin, ayın altında göy tüstü (kok tudüskek) uzanırdı. İrinli gözlərini silib gördü ki, yeddi Al­ta­yın arxasından xan qoşunu (kan çerü) müharibəyə gəlir. Qoca dedi:

– Deyəsən, azacıq mal-qaram igidlərə azuqə olacaq, aza­cıq adamlarım da əsir düşəcək. Hansısa bahadır gəlib boynumu vuracaq? Axırıma da, deyəsən, az qalıb!

Qoca ağlaya-ağlaya evinə yollandı. O, geriyə öz Altay Ye­lezin-Berelinə gəldi. Azacıq camaatının yanından keçib evinə qayıtdı, dəmir axurun yanında atdan düşdü. Alaçığına girəndə gördü ki, qarı dünyaya oğlan gətirib onu bələyir. Körpə yatırdı. Qoca acıqlandı:

– Niyə belə vaxtsız, müharibə qabağı uşaq doğmusan? Han­sı bahadır körpəmin qar­nının ortasını deşəcək? Yuxarıdakı Kuday gərək heç onu bizə verməyəydi, yarat­maq­dansa, heç ya­rat­mayaydı.

Qoca ilə qarı oturub ağlamağa başladılar. Ata körpənin ayaq­larından, ana da bədənindən tutmuşdu. Qara-qonur at da­ya­nıb dinləməyə başladı, dedi:

– Niyə şiş uclu dağlara çıxıb?

At cəld geri sıçradı, Altayın zirvəsini gördü. Nizələrin ucu meşə kimi düzülüb, qılıncların ucu buza bənzəyirdi. Qara du­man gəlirdi. Adamların üzü alov kimi qızarırdı. Atların nəfəsi zəif dumana bənzəyirdi. Qara-qonur ayğırın gözlərində yaş gölə, burnu­nun suyu buza döndü. O, cəld geri çapdı, Öböqön Maralın dəmir axurunun yanına gəlib dayandı. Qoca ilə qarı ağlayırdılar; qoca körpənin ayaqlarından, qarı da bədənindən tutmuşdu. At yarıya qədər alaçığa girdi, körpəni dişinə alıb çıxdı, dedi:

– Öldürsələr də, heç nə deməyin. Gedirəm, körpəni giz­lədəm.

O, körpəni dişində tutub sürətlə qaçdı, onu qapaqlı qara gölün dibinə atıb dedi:

– Qapaqlı qara göl, ona analıq et, yedirib doydur! Qoyma, soyuq gözlər onu gör­sün, soyuq əllər ona toxunsun.

At körpəni qara gölün dibinə atıb cəld geri qayıtdı: “Yuxa­rıdakı Kuday verməsə, kim qara başımı bişirib yeyə bilər?” At geri qayıdıb barmaqla sayılan mal-qaranı, camaatı uddu, Ye­lezen-Berel-Altayın otunu qopartmağa başladı.

Nizələrinin ucu meşəyə, qılınclarının ucu buza bənzəyən xan ordusu yaxınlaşdı. Onlar alaçığı üzük qaşı kimi dövrəyə aldılar:

– Alıpların harda vuruşur, igidlərin harda döyüşür?

Öböqön Maral qarısı ilə bayıra çıxdı, onların dizləri əsirdi, dedilər:

– Qocalıq bizi çoxdan haqlayıb. Lazımıqsa, qovub aparın, istəyirsiniz, öldürün.

Qoca ilə qarını qədim hərflərlə yazılı xallı ata mindirdilər, Qara-qonur ayğırı da qovub apardılar. Qara-qonur ayğır ilbi-tarmı ilə Uç-Kurbustan-Kudaya məktub yazma­ğa nail oldu: “Qoy, bu məktub Uç-Kurbustanın qapısı yanında dayanan ana Karakula1 çatsın. Əsir düşdüm. Yelezin-Berel Altay adamsız­dır. Təkcə körpə ilə qapaqlı qara göl qalıb”. At yuxarıda daya­nan ana Karakula çatan ağ məktubu hazırladı. Gözlərində yaş gölə döndü. Göydən yerə enmiş at əsir düşmüşdü. Anası ağ mək­tubu Uç-Kurbustana verdi. Orada Qara-qonur ayğırın xahi­şi yazılmışdı. Uç-Kurbustan-Kuday dedi:

– Pis yaşayan məzlum insanları heçə sayırlar. Karakul madyandan doğulan qardaşlar var – al qırmızı-kürən (kan eren) Arşın-Yeder, bir də Uçkur-Yeder (qanadlı kürən). Qoy onlar gedib məhv etsinlər.

Uç-Kurbustan Arşın-Yederə qapaqlı qara göldəki körpəni yedirtməyi də tapşırdı. Uçkur-Konqur ata tapşırıq verdi:

– Yelezin-Berel Altayına en, adamları, mal-qaranı yenidən yarat. Qoy Öböqön Maralın Altayda yetərincə mal-qarası, camaatı olsun.

Üç tanrı (Uç burxan) Uç-Kurbustana dedilər:

– Nə yaratmaq istəyirsənsə, yarat. Düşündüyün də mənim fikrimlə eyni olsun.

Uçkur-Konqur yerə endi. Kürən at Arşın-Yeder də yerə en­di. Onlar qapaqlı qara gölə endilər. Uçkur-Konqur qara gölün dibində körpəni yedirtdi. O, çəmən otlu, ağ gilli (çeret) tayqaya endi, baldırı (karzı) ilə bir zərbə vurdu, iki eyni ağac əmələ gəldi, bu ağaclar ana oldu. Onlar qalın yarpaqlı idi, ağacların altına yağış düşmürdü, qış-yay yarpaqlar dəyişmirdi. Uçkur-Konqur Yelezin-Berel Altaya endi, uzanıb gərnəşməyə başladı; Altay mal-qara ilə doldu; başqa bir yerdə dayanıb silkələndi, adamlar əmələ gəldi. Uç-Kurbustan bunları gördü. Uçkur-Konqur at bir tərəfdə sakitcə dırnaqlarını yerə vurdu; ağ saqqallı qoca Aduçi – bir əlində 300 arşın kəməndlə peyda oldu. O, (yəni Aduçi) mal-qaraya baxdı. Bəs camaata kim başçılıq edəcək? Bahadır Uçkur-Kula yaradıldı; onun Çoltuk-Kulak (qulağıkəsik) atı vardı. Uç­kur-Konqur at bir tərəfdə sakitcə dırnaqlarını yerə vurdu; qam­çıya oxşar baldırları ilə vurub yarıq açdı; altmış altı künclü qızıl örqö (saray), qapısında da altmış üzlü qızıl at axuru çıxdı. Uçkur-Konkur at köhnə, nimdaş kürkdə, qabaq dişləri tökülmüş orta yaşlı qarı yaratdı. At dırnaqlarını sakitcə yerə vurdu, qulpsuz Tak­tay (qulaqsız) qazan peyda oldu. O, qazanı ocağın üstünə qoydu ki, yemək bişsin. Al qırmızı-kürən (kan-eren) Arşın-Yeder at qapaqlı qara gölün dibində oynayan həmin uşağı yer üzünə çıxartdı. Həmin uşaq kürən Arşın-Yederi öz anası bilib arxasınca dayanmadan qaçırdı. Uşaq gördü ki, qarşısında qızılı-gümüşü örqö var. Kürən (kan-eren) at dedi:

– Bala, burada yaşayacaqsan. Sən xan olmalısan. Qapıları birinci sən açmalısan. Lazım olan hər şey burada olacaq.

O, ikitaylı qapını açıb içəri girdi, gördü ki, müxtəlif əş­yalar var; gözləri onlara sataşdı; bu, qızıl, gümüşlə dolu xəzinə idi. Ağ saçlı, nimdaş kürk geyinmiş qarı uşağı qucağına alıb qucaqladı. Qarının qabaq dişləri yox idi. O, uşağa urum-çikır qoydu. Uşaq yeməyin dadlı tikələrini seçib yedi, iki gündən sonra “ana”, altı gündən sonra “ata” dedi. O, oxları sıral-cin kolunun şüvülündən (sıra) olan kamanla birgə qaçırdı; harda bur quş görsə, gözdən qoymur, oxla vurub öldürürdü.

Bir gün uşaq uzağa qaçdı:

– İnsanın adı, heyvanın rəngi olmalıdır. Mənim adımı qoyun!

At dedi:


– Yaxşı bala, sənin adını qoyaq!

Yaxın ellərə elçi, uzaqlara da məktub, nişan (tamqa) gön­dərildi: “Törö1, bəylər! Xan seçilir”.

Adamların başçısı Çoltuk-Kulak atlı igid Uçkur-Kula idi, o, camaatı idarə edirdi. Uçkur-Kula doxsan beş düyməli zireh, altmış altı düyməli qızıl çüm geyinib əlində yəhər, tokum çıxdı, böyük tala kimi nəhəng tərlikləri atın üstünə qoydu, gü­müşü artaşı bağladı, otuz qarınaltını çəkib bərkitdi, araqay-saadakı çarpaz keçirib ağ, polad-almaz qılıncı belindən asdı, ayağını üzəngiyə basıb üç dəfə əyildi, yola düşdü.

Uçkur-Kula kımjılu qamçısını əlində tutub onu sağa-sola vururdu. O, cilovu sağa-sola dartırdı. Qara zirehin cingiltisi yeddi aylıq məsafədən eşidilirdi, araqay-saadakın səsi üç Altaya yayılmışdı. O, zəncirli qızıl axura yaxınlaşdı; axurun yetmiş yeddi yanı vardı. O, Çoltuk-Kulak atı axura bağladı, araqay-saadakı çıxarıb onu qızıl saraya söykədi. İgid ikitaylı qızıl qapını açıb içəri girdi; qızıl dəbilqə onun qoltuğunun al­tında idi. O, içəri girib gördü ki, qızıl taxtda əllərini böyrünə qoymuş bir oğlan uşağı oturub. Uşaq çöl kimi enli ovuclu əlini uzatdı; O, “ezen” istəyirdi: “Salam, abaqay” deyirdi. Uçkur-Kula salamlaşıb keçib onun yanında əyləşdi, dedi:

– Əmriniz nədir?

Uşaq dedi:

– Çağırmışıq ki, mənə ad qoyasınız. Camaatı bir yerə yığıram. Mənə ad qoyun!

İgid Uçkur-Kula camaatı bir yerə yığdı. Bulud kimi qarnı yağlı buurlara oxşar uzun yallı atlar kəsildi. Uçkur-Kula göy kimi guruldayıb dəmir kimi cingil­də­di:

– Mənim xanıma ad qoyun! Kim yaxşı ad qoysa, ona bu mal-qaranın bir qismini, üs­­təlik bu camaatın da bir qismini verəcəyəm. Kim pis ad qoysa, başını kəsib ayaq­la­rı­nın yanına, ayaqlarını kəsib başının yanına qoyacağam.

Heç kim ad verməyə cəsarət etmədi. Düşündülər ki, ad qoy­saq, xoşla­rı­na gəlmə­sə, boynumuz vurulacaq. Yaxşı ad ver­sək, xoşlarına gələcək, gəlməyəcək, kim bilir. Qoca Aduçinin qarısı hirslənib yaxınlaşdı, dedi:

– Məgər aclar buraya qarnını doydurmağa gəlib? Bəyəm gözü doymayanlar bura kökəlməyə gəlib? Onu da mənim kimi bir arvad doğub. Elə mən də ad qoyacağam!

Ağ saqqallı Aduçi-bi qarısını kənara çəkdi, dedi:

– Sən niyə? Səndən yaxşı adamlar ad verməyə cürət etmirlər.

O, qarını atın üstünə qoyub üstünü anqırçakla örtdü:

– Bu tenqere tepkendir (tanrısına təpik atandır). Sənin qanın qaynayır, ölməlisən.

Uçkur-Kula qarının donquldandığını eşitdi, bir-birinə tay iki dəmir biləkli igid gön­­dərib əmr etdi:

– Aduçinin əl-qolunu bağlayıb atın üstünə qoyun, qarını da bura gətirin!

İki dəmir biləkli bahadır getdi. Aduçi qarının üstünü anqırçakla örtürdü. Baha­dır­lar ona dedilər:

– Xan qarının gəlməsini əmr etdi.

Aduçi dedi:

– Kalak kokıy! Onun ağlı qaçıb nə deyə bilər ki? Qarını buraxmaram.

Dəmir bahadırlar qoca Aduçinin əl-qolunu bağlayıb an­qırçakla1 üstünü örtdülər, qarını da apardılar. Qarıya ayla gü­nün gözünü qamaşdıran ağ ipək geyindirdilər, onu sabunla yu­yub təmizlədilər, başına qara tülkü dərisindən papaq qoydular, altı qatlı ağ şerdek üstündə oturtdular, qarşısına altı künclü qı­zıl masa gətirib ilim-çikır yeməyi qoydular. Qarı gözəlləş­mişdi, elə bil xanın arvadı idi. Altı gəlin(kəlin) onun qarşısında çoqoçey tutmuş, altmış gəlin ona nəğmələr oxuyur­du. Qarı xa­na alkap1 verirdi:

– Çıxmağa canı, qocalmağa ömrü yox! Axmağa qırmızı qanı yoxdur. Enli­kü­rək­dir, yerə gəlməsin, iri barmaqları var, tutulmasın, enli üzü var, şərlənməsin. Getdiyin yerdə əlin hər şeyə çatsın, qəzəbin tutana qalib gəl. Sənə mən yox, göydəki at xeyir-dua verir. Sənin adın da Altın-Mizedir. Sənə mən yox, yuxarıdakı Uç-Kurbustan-Kuday belə ad qoyur. Dağ kimi ca­maat (arxa yon), siz də razısınızmı?

Tayfalar, camaat dedi:

– Razıyıq!

Kürən (kaneren) at Arşın-Yeder durduğu yerdən yel kimi itdi. Yeddi gündən sonra günəş indiyədək çıxmadığı yerdən par­lamağa başladı, ay çıxmadığı yerdən nur payladı. Belə düşün­dülər ki, bu, qayıdıb gəlmiş kaneren Arşın-Yeder atın üstündəki araqay-saadak ilə yəhərə bağlanan qara zirehdir, parıldayır. Altmış altı düyməli qızıl çümü geyinib doxsan doqquz düyməli zirehi əyninə keçirdi, qara saadak-araqayı çiyninə bağladı, ağ almaz polad qılıncı belinə keçirdi, oxlarla dolu ox qabını qurşağına bağladı, qupquru nizəni əlinə alıb ayağını üzəngiyə basdı, üç sıçrayışla cəld atını minən Altın-Mize yola düşdü. Kımjılu qamçı ilə vurub atın ağzını sağa-sola döndərdi. O, atını Yelezin-Altaya doğru sürdü. Camaat, mal-qara onun hüzurunda hazır idi. Arşın-Yeder-kaneren at dördnala çapırdı: qabaq ayaq­ları sanki rəqs edirdi. Altın-Mize bütün adamla­rın başına dolan­dıqdan sonra gəlib qızıl axurun yanında atdan düşdü. Deşikli ana2 aliman-çikır yeməyi qoydu. Altın-Mize sərt bir məktub göndərdi ki, igid Uçkur-Kula gəlsin. İgid Uçkur-Kula dedi:

– Görəsən, bu, təxirəsalınmaz iş nədir? Mənim xanım belə nə öyrənib?

O, Çoltok-Kulak atını yəhərlədi, altmış altı düyməli qızıl çümünü geyindi, üstündən doxsan doqquz düyməli zirehi taxdı, araqay-saadakı çiyninə keçirdi, ağ qılıncını bağladı, yanmış meşəyə bənzər oxlarla dolu oxdanı qurşağına bənd etdi, qupquru nizəni (kuu) əlinə aldı. Ayağını üzəngiyə basıb üç sıçrayışla cəld ata mindi, yola düşdü. O, gecə-gündüz bilmədən göy kimi gu­ruldayan, dəmir kimi cingildəyən səslə gedirdi. Axır gəlib yetmiş yeddi yanlı qızıl zəncirli axurun yanına çatdı, atdan düşdü. İgid araqay-saadakı çıxarıb qızıl örqöyə söykədi. Sağ dizi üstə əyilib Altın-Mize xanın sağ əlini sıxdı, onun yanında əyləşdi:

– Mənim xanım, niyə çağırmısınız?

Altın-Mize dedi:

– Sağ qolum balınc olmaqdan quruyub, yatağım açıl­maqdan yorulub. Mənim bəx­tim hardadır?

Uçkur-Kula dedi:

– Mən sizdən çox bilmərəm. Siz bilirsiniz, xan!

Altın-Mize dedi:

– Elə olmağına elədir, amma sən de, caan abaqay1. Yaxşı olsa, elçi ge­də­rik, pis olsa, unudarıq.

İgid dedi:

– Altay Yelezin-Berelin yanında sarı Altay var. Sarı çay gah axır, gah axmır. Sarı Altayın içində yeddi yüz elbeqen2 var, yeddi yüz elbeqenin üzərində sarı qıvrım saçlı, azca mavi gözlü Sarı Elbeqen var. Deyirlər, Elbeqenin çox yaxşı bir qızı var. Bax, biz o qıza elçi getsək necədir?

Xan dedi:

– Sən nə danışırsan? Axı, onlar bizim öz adamlarımızdır.

İgid dedi:

– Hə, mən bunu bilmirdim. İndi necə olsun?

Xan dedi:

– İndi ki, belə oldu, onda mən özüm sənə deyim. Sən gedib elçilik edə bilərsən?

İgid dedi:

– Getmək lazımdırsa, niyə getməyim ki? Elçi yoldan, atılan ox daşdan dönməz.

Xan dedi:

– Yerlə göyün arasında Solo xan yaşayır; onun bircə qızı var.

Bi-abaqay Uçkur-Kula dedi:

– Nə etməli.

O, altmış altı düyməli qızıl çümünü geyindi, üstündən doxsan doqquz düyməli zirehi taxdı, araqay-saadakı çiyninə keçirdi, ağ qılıncını bağladı, yanmış meşəyə bənzər oxlarla dolu oxdanı qurşağına bənd etdi. İgid Uçkur-Kula Çoltuk-Kulak atını mindi:

– Əlvida, mənim xanım! Əlvida, arka yon1!

O, dördnala çapıb yüz bahadırın səsi ilə nərə çəkirdi, yüz atın səsi kimi səs sa­lır­dı. İgid çapıb gedəndə birdən fikrə getdi, dedi: “Mənə nə olub? Nabələd sərt yerə ge­di­rəm. Ölsəm, bir qurd-qu­şun xəbəri olacaqmı?” O, geri döndü, qayıdıb qızılı-gümüşü ör­­qö­nün yanında atdan düşdü. Altın-Mize xan onun qarşısına çıxdı:

– Nə olub, Uçkur-Kula igidim?

Bahadır cavab verdi:

– Yolum uzun olacaq. Deyə bilmərəm ki, ölməyəcəyəm. Məgər ölümümdən bir qurd-quş xəbər tutacaq?

Xan dedi:

– Sənin ölümündən necə xəbər tutacağam?

Bahadır dedi:

– İki şiş uclu tayqa çəmən otları (çemene-çeret) ilə birgə yarıyadək yanıb kül olacaq; bundan öldüyümü biləcəksən. Qapaqlı qara göl yarıyadək buxarlanacaq. Ondan bil! Bunu demək istəyirdim, unudub getmişəm. Əlvida, mənim xanım!

İgid bunu deyib yola düşdü. O, atını dördnala çapıb ge­dir­di; qar­şısına çaylar, su­lar çıxırdı, tayqanı, dağları aşırdı. O ge­dir­di, yal­nız yaxasından yayı, kürəyindən qışı bi­lir­di. Artıq onu təngə gə­tirən Temir-Tayqa görünürdü. İgid nəfəsini dərib Te­mir-Tay­qa­ya çıxdı; üçnəfəsə yoxuşu çıxıb Temir-tayqa dağla­rına baxmağa baş­ladı. O, gah axan, gah axmayan göy çayı görürdü; göy Altayın ortasında kolluğa bənzəyən ilxı vardı, qara me­şə kimi görünən camaat vardı, göy çayın sahilində (kok talay) dəmir örqö görü­nür­dü. Də­mir örqönün qapısı yanında yeddi haçalı dəmir axur var­dı. Dəmir at axurunun ya­nın­da göy kürən at dayanmışdı; at Temir-Tayqanın başında dayanmış bahadıra baxdı. İgid Uç­kur-Kula dedi:

– Doğrudanmı, onun atı atımdan, özü də məndən yaxşı pəhləvandır?

O, yüz bahadırın səsi ilə nərə çəkib yüz atın ayaq səsini çıxartdı, atını kol kimi sıx ilxının arası ilə çapdı; ilxı yarı bölündü, bəziləri onun ardınca baxdı, bəziləri ondan geri qaldı. O, camaatın arasından da qıy-qışqırıqla (kıyqı kışkı) çapıb keçdi. Camaat dedi:

– Bu kimdir belə? Dəli kimi dəli deyil.

O, dəmir axurun yanına gəlib atdan düşdü, Çoltık-Kulak atını kürən atın yanına bağladı, kürən dəmir atın rəngini öz atının rəngi ilə tutuşdurdu; kürən atın rəngi Çoltık-Kulak atın tərliyinin qırağı ilə eyni idi. İgid alaçığa girdi, gördü ki, tördə əlini nazik belinə qoymuş bir bahadır oturub. Onun gözləri iki kasaya bənzəyirdi. O, meşədəki açıq talaya bənzəyən enli ovuclu əlini uzadıb salamlaşdı, sağ dizi üstə əyilib sağ əlini uzatdı, keçib yanında əyləşdi. Bahadır dedi:

– Erdine1 atını tərlədib, özün də əldən düşüb hardan gəlib, hara gedirsən?

Onlar “Ezen mendu” hal-əhval tutdular. Adın nədir, yolun haradır? Gələn baha­dır cavab verdi:

– Mən Çoltık-Kulak atlı igid Uçkur-Kulayam, Kendin adlı göyüm, Uç-Kurbustan adlı Ku­da­­yım, Yelezin-Berel altayım, iki şiş uclu, çəmən otlu tayqam var. İki şiş uclu dağımda ana adlı iki ağacım var, onların altında mal-qara otlayır. Oraya yayda yağış, qışda qar düş­mür, yarpaqlar dəyişmir, həmişəyaşıl qalır. Mənim altayım belədir. Bu altayla ya­na­şı sarı Altay da var; sarı Altayın ortasında yeddi yüz sarı elbeqen var; yeddi yüz el­be­qe­nə sarı qıvrım saçlı, azca mavi gözlü Sarı Elbeqen bi hökmranlıq edir. Qara-qonur ay­ğı­rın itməsindən yetmiş yeddi il ötür. Ço­banlarınız onu görməyiblər? Bax, mən həmin ilxını axtarıram.

Ev sahibi dedi:

– Torpaqlarımızda onu görməyiblər. Bir az da qabağa gedib axtararsan, görərsən.

Uçkur-Kula ondan soruşdu:

– Sizin adınız nədir, hardan gəlib, hara gedirsiniz?

O dedi:


– Mən dəmir göy-kürən atlı Temir-bokoyam. Niyə Altın-Mize özü gəlməyib? Doğrudanmı, onun atına çatmaq olmur? Yoxsa onun dili pəltəkdir? İki xan arasında (yolda qulluqda) ölsən, ölümünü it qədər də yad etməyəcəklər. İki xan arasında tapşırığı yerinə yetirəndə öləcəksən (şor1).

İgid Uçkur-Kula ayağı ilə oturduğu yeri vurub dağıtdı, dedi:

– Bu kimdir ki, mənə gülsün.

O, alaçıqdan sıçrayıb çıxdı, Çoltuk-Kula atını minib gurul­tu ilə göy Altaydan aşa­ğıya doğru çapdı. O gedəndə Solo xana məxsus otuz iki tayqanı, otuz iki çayın ağar­dı­ğını gördü; üç ay bu otuz iki tayqanın başına fırlandı. Tayqanın başına qalxıb o yan-bu yana baxdı; qara kolluğa bənzəyən ilxı Altay boyunca yayılmışdı; qara meşəyə bən­zə­yən camaat Altayın ətrafına səpələnmişdi. Solo xanın qızıl örqösü göy səmaya söy­kə­nib ağ buludların arasından görünürdü. Qara-sarı ləkəli kəhər dayanıb göydən endirilən də­mir qarmağa (ilbək) bağlanmışdı. Onun atı heç nəyi ilə başqa atlardan üstün deyildi, heç özü də başqa bahadırlardan yaxşı deyildi. O, yüz bahadırın səsi ilə nərə çək­di, yüz atın zərbəsi ilə tayqadan endi, ağ ilxının arası ilə bir­nə­fəsə çapdı, ilxı hürküb iki hissəyə bö­­lündü, arxa-xalqın arasın­da bir nəfəsə çapdı; camaat təəccüblənib dedi:

– Bu dəli kimdir?

O, Solo xanın dəmir axurunun yanına çapdı, Çoltok-Kula atını bağlayıb qara sa­a­­dak-araqayını qızıl örqönün qapısına söykədi. Qapını açıb qızıl örqöyə girdi; tördə So­lo xan əlini böyrünə qoyub oturmuşdu. İki gözü iki qara gölə bənzəyirdi, burnu qara tə­pə (qırlan) idi. Uçkur-Kula salamlaşıb ovucu enli vadiyə (calan) oxşayan əlini uzatdı. O, dizinə söykənib xanın yanında əyləşdi, Solo xanla söhbət etməyə başladı. Xan de­di:

– Adın nədir, yolun haradır, hansı Altaydan gəlmisən?

Uçkur-Kula cavab verdi:

– Çoltık-Kula atlı igid Uçkur-Kulayam, Kendin göyüm, Uç-Kurbustan Kudayım, Ye­lezin-Berel altayım, iki şiş uclu, çəmən otlu tayqam var. Bu Altayla yanaşı sarı Altay da var; sarı Altayın ortasında yeddi yüz sarı elbeqen var; yeddi yüz elbeqenə sarı qıvrım saç­­lı, azca mavi gözlü Sarı Elbeqen bi hökmranlıq edir. Sarı çayın ortasında sarı ada var. Sarı adanın ortasında da yeddi ağızlı cəhənnəm gözü var. Yeddi ağızlı cə­hən­nəm­dən budaqsız temir terek qalxıb; onun aşağı ucu (yəni kökü) qaranlıq dünya­dadır, yu­xa­rı ucu üçüncü dünyaya (yəni səmaya) qalxıb çatıb. Aypara qanadlı quş yerdən qalxıb heç vaxt onun başında otura bilmir. Caynaqlı heyvanlar ilişib onun üstünə qalxa bil­mir­lər. Temir terekin başında ağ erdine var; ölə­ni dirildir, sönəni yan­dırır. Yeddi diş­­li Qara-qonur ayğır itib; o vaxtdan yetmiş yeddi il ötür. Torpaqlarınızda belə at varmı?

Solo xan dedi:

– Torpaqlarımızda belə solun1 at olmayıb. Belə görünmə­miş at gəlsəydi, ilxıçılar de­­yərdilər. Buradan bir az da qabağa getsən, orda Çolmon xan var, onun ulduz kimi xal­lı atı var, on­dan soruşarsan. Orada olmasa, onda Yetı-Cabar2 xan var, on­dan so­ru­şar­san. Bir az da getsən, Kundu-xan3 var, onun obasın­dan soruş. At oradan uzağa gedə bilməz. Ora get, orda axtar. Əldən düşüb yorulmusan, atın da uzaq yol gəlib.

Xan altmış altı künclü qızıl masa gətirdib ulüm-çikır yeməyi qoydurdu. Uçkur-Kula hər yeməkdən bir az götürüb dadına baxdı, yedi; acmışdı, qarnı doydu. Solo xan çox acı (açu koron) şərab (araka) verdi. Uçkur-Kula araka içdi. O, bərk kefləndi, üzü qıpqırmızı oldu, yaman hala düşdü, dedi:

– Solo xan, sən təzə ay çıxanda4 harda oyun keçir­dir­­sən? Yerlə göyün arasında yeddiüzlü (jetı qrılu) mis dağ (tayqa) var. Həmin tayqada baş barmaq boyda (taş erqek poylu) qızıl daş var. Mənə göstər, ox ataq, oynayaq. Belə adam­lar ox atırlar axı, göstər, mən atacağam.

Solo xan heç dinməyə macal tapmadı. Uçkur-Kulanın ağlı başından çıxmışdı:

– Yerin altında bəslədiyin çoçko1 var, onunla güləşəcə­yəm. Məni tez ora apar!

Solo xan öz-özünə düşündü:

– Niyə Altın-Mize belə bir adamı yanıma göndərib? O, iki xan arasına nifaq sala­caq, müharibəyə səbəb olacaq, çox dəhşətli müharibə olacaq.

Uçkur-Kula bu halda qalmaqal salmağa başladı. Solo xan onu heç cür dilə tuta bil­mədi. Uçkur-Kula altmış altı künclü qı­zıl masanı ayağı ilə vurub çevirdi; qara çuqun sa­cayağını təpiklə vurub əzdi, irqiyə2 tulladı. Solo xan qızıl örqödən qaçıb qışqırdı:

– Dağlar-daşlar Tudanak-bökö pəhləvanın qarşısını kəs­mə­yin, göllər-sular Köl­de­nek-bökö pəhləvana mane olma­yın. Tez olun, gəlin. Oba, alaçıq dağılır, kasalar, fin­can­lar sınır, ye­riyin, tutun onu!

Birdən iki bahadır – Tudanak bökö ilə Köldenek bökö pey­da oldular, soruşdular:

– Bu nədir?

Solo xan əmr etdi:

– Tutun onu!

İki pəhləvan igid Uçkur-Kulanın qollarını burub tutdular. Solo xan dedi:

– Onu döyməyin! Səhər ayılanda mən özüm soruşaca­ğam. Hərçənd ki, “böyük yeməyi”1 çox içəndə hər kəs keflənər.

İki pəhləvan Uçkur-Kulanı çıxarıb yeddi yüz buğa dəri­sinə bükdülər, əl-qolunu bağlayıb uzatdılar. İgid Uçkur-Kula

ayılıb gördü ki, qan-tər içindədir, dedi:

– Axı, niyə adamların içmədiyini içib yemədiyini yeyirsən. Mən neyləmişəm ki?

O uzanıb fikrə getdi, ayılanda qımıldanırdı. Pəhləvanlar yaxınlaşıb baxdılar, yed­di yüz buğa dərisini açıb dedilər:

– İndi özünə gəlib.

Onu buraxmadılar, Solo xanın alaçığına apardılar. Çoltuk-Kula at, dünənki kimi, dəmir axura bağlanıb orada dayanmışdı. Atın gözlərindən yaş axırdı, o dedi:

– Adamların içmədiyini içib keflənmisən, yemədiyini yeyib doymusan! Tez ol, mə­ni aç, burax!

Uçkur-Kula Çoltuk-Kula atı açıb buraxdı, özü də Solo xanın alaçığına girdi, gör­dü ki, Solo xanın üzü buz kimi soyu­yub; qara gölə bənzəyən gözləri bərəlib, dik alnı sal­lanıb. Solo xan dedi:

– Dayan, görüm, dostum Uçkur-Kara2! Sən niyə qızıl ayaq­lı masamı qırdın? Qara çuqun sacayağımı əydin? Səni ye­dirib içirməkdən başqa bir pislik etdimmi?

Uçkur-Kara gözlərini yerə dikib heç bir cavab vermədi. Solo xan davam etdi:

– Sənə kim deyib ki, yerlə göyün arasında yeddiüzlü mis tayqa, onun zirvəsində də yeddiüzlü qızıl daş var? İstəyirsənsə, indi çıx, oxunu at! Kim sənə deyib ki, yerin altında bəslədiyim pəhləvan var? Gözlə, səhər tezdən o gələcək!

Uçkur-Kara dedi:

– Məgər mənim əbədi həyatım var? Sənin qızıl daşına məndən yaxşı igid ox atacaq? Mən olmasam, sənin pəhləva­nınla kim vuruşacaq?

Uçkur-Kara alaçıqdan çıxıb gəzişməyə başladı. O, sək-kizüzlü mis oxu çıxarıb ya­ya qoydu. Mis tayqanın o başında baş barmaq boyda iynənin ucu kimi görünən qızıl daş par­layırdı. Uçkur-Kara yayı səhər tezdən dartdı, axşam buraxdı; oxun yayından od par­ladı, baş barmağının məməsindən tüstü çıxdı. Dəstəkli (tekpe) dəmir kaman göy ki­mi guruldadı, kamanın ucları birgə qopdu; baş barmaqdan tüstü çıxdı, oxun yayında od par­ladı. Ox yeddiüzlü mis tayqaya sancıldı. Uçkur-Kara məqsədinə çata bilmədi. Dan ye­ri sökülürdü. Qaranlıq (aşağı) dünyada çox səs-küy eşidildi. Axar çaylar geri axdı, “al -tayqalar” geri süründü. İti çaylar təlatümə gəldi, daşıb sel (yöor)1oldu. Böyük tay­qa­lar­dan sel kimi daş yağırdı; qalın tor­pağı yaran igid Çoçko qaranlıq dünyadan çıxdı. Onun ya­­rısı qaranlıq dünyada, yarısı yuxarıda idi. Çoçko dedi:

– Pəhləvanınız hardadır? Onda insan cinsinə oxşar heç nə yoxdur. Lap rüs­vay­çı­lıq­dır!

İgid Uçkur-Kara heç nədən qorxmayıb onun qarşısına çıxdı, dedi:

– Qaranlıq dünyada yaşayıb bəslənən “tamqa”! Sənə baş əyməkmi, qarşında al­çal­maqmı!

Belə deyib onun üzünə-gözünə yumruqlar endirdi. İgid Temir-Erqek də Uçkura zərbələr endirdi. Uçkurun yumru başı yerindən qopub düşdü. İgid Temir-Erqek göy kimi guruldadı, dəmir kimi cingildədi:

– Məni niyə belə murdardan ötrü (tamqa) çağırmısınız; onun əllərimi islatmağa qanı, ayağımı batırmağa tini1 yoxdur. Özünüz də onun öhdəsindən gələ bilərdiniz. Buna görə məni narahat edib çağırırsınız.

O, nərə çəkib qaranlıq dünyaya getdi. Çoltok-Kula at dəmir axurun yanında da­yan­mışdı, hara yox oldusa, görən olmadı. Solo xan dedi:

– Göllər-sular pəhləvan Köldenek-bököyə mane olmaz, dağlar-daşlar pəhləvan Tu­da­nak-bököyə mane olmaz. Tez olun, yetişin! Öz torpağınıza buraxmayın!Nə vaxt olur-olsun, onsuz da rahat, dinc yaşaya bilməyəcəyik. Qədim el-obam alt-üst olacaq. Al­tın-Mize müharibə edəcək.

Tudanak ilə Köldenek atın arxasınca getdilər. Onlar göylə yerin qovuşuğunda da­yanıb gözləməyə başladılar. Günəşlə ayın işığında, açıq havada at bircə dəfə ötəri gö­rün­dü. Pəhlə­van­lar­dan biri var-gücü ilə oxun atdı, atın təkcə tükünü vura bil­di, o biri at­dı, ox heyvanın dörd dırnağının ucunu qaşıyıb keç­di. Çoltok-Kula asanca sıçrayıb yox ol­du. Pəhləvanlar ge­ci­kib dizlərinə döyməyə başladılar, qayıtdılar. Solo xan soruşdu:

– Hə, pəhləvanlar, neylədiniz?

Onlar cavab verdi:

– Bacarmadıq. Gecikdik.

Xan dedi:

– Yerin üstündə qurulmuş bu oba dağılacaq, maral dərisi­nə bürünmüş bu alaçıq alt-üst olacaq! Bəllidir ki, Altın-Mize gələcək!

İgid Uçkur-Karanı sarı keçəyə bükdülər, bağladılar, doq­quz çayın töküldüyü ye­rə qoydular, ev boyda qara daşla bas­dırdılar. Solo xan adamlarını yığıb kiçikdən böyü­yə, qocadan cavana hamısına tapşırdı:

– Deyin ki, Uçkur-Kara bura gəlməyib. Altın-Mize hök­mən gələcək.

Altın-Mize dedi:

– Dayan, dayan, Uçkur-Kara demişdi axı!

O özü gedib çəmən otlu, ağ gilli iki meşəyə baxdı; bu meşələrə yaxınlaşanda gördü ki, dağlar yarıya qədər yanıb kül olub. Xan dedi:

– Hə, belə-belə işlər! Bəy abaqay1 ölüb!

Qapaqlı qara göl yarıyadək quruyub, camaatın yarısı ölüb, mal-qara yarıyadək qırılıb, dedi:

– Hə, yəqin Uçkur-Kara, bəy əmim ölüb! O ölüncə, mən ölərdim!

Altın-Mizenin gözlərindən yaş axmağa başladı; o geri dö­nüb evə qayıtdı. Altın-Mize altmış altı yanlı qızıl at axuruna ya­xın­laşdı; Çoltok-Kula at qızıl axurun yanında dayanmışdı, soruşdu:

– Bəy əmim Uçkur-Kara hardadır?

At cavab verdi:

– Ox-yayı, yəhəri qırıq-qırıq oldu, nəhəng igid öldü.Var-gücləri ilə məni də oxla vurdular. Az qalmışdı mən də ölüm.

Altın-Mize qızıl axurun yanından aralanmamış dedi:

– Sənin yezeni2 (yəni Solo xanın) başına uçurmasam, Altın-Mize adım qalsın. Köhnə oba­nı dağıtmasam, Altın-Mize adı yaddan çıxsın!

O, atdan düşməyib irəli getdi; getdiyi yerdə silkindi, çiyni­nin birində cavan qa­yın­ağacı bitdi, qara meşə xoruzu (mətndə: kazra kara-kurtuk) ağacın üstündə oxu­mağa başladı. O biri çiy­nində sidr ağacı bitdi, üstündə qara Sibir xoruzu oxumağa baş­ladı. Qır­­mızı-kürən Arşın-Yeder atın qabaq ayaqları rəqs edirdi, arxa ayaqları durmadan yor­ğa çapırdı. Altın-Mize yeddisimli tandır-komısı çala-çala gedirdi, doqquzgözlü tolqo-ço­­kur çalırdı. Onların başı üzərindən aypara qanadlı quşlar uçurdu, arxalarınca ha­ça­dır­naq­lı vəhşi heyvanlar gəlirdi. İşıq Altın-Mizedən yeddi aylıq məsafəyə çatırdı. Əbədi işıq hökm sürürdü: gecə ilə gün­düzü ayırmaq olmurdu. Günlərlə ayların necə keçdiyi hiss olun­murdu. O, ağ Altaya endi. Onun arxasınca qara zirehin səsi göy gurultusu kimi eşi­­­dilirdi: “Arxamca gələn kimdir?” deyib Altın-Mize öz atını saxladı, gözlədi. Qara du­­man qalxıb ayla günün qabağını örtdü. Qara toz burulub qalxdı, ağ Altayı örtdü. Al­tın -Mize baxmağa başladı, ağ yallı kürən atın (ağ çabdar) qulaq­la­rı­nı gördü, qara duman qal­dıran o idi. Özü kimi gənc bir igid atın üstündə gedirdi. Gicgahınadək qızıl dəbilqə keçirmiş, kürəyini, çiynini altmış saplı qızıl qotazla örtmüşdü. Baş barmağı ilə çokur1, do­daqlarında komıs çalırdı. Altın-Mize gözlərini qırp­mağa, əlini uzatmağa macal tap­ma­mış, igid yaxınlaşdı. Bir-birlərindən hal-əhval tutdular. Altın-Mize soruşdu:

– Ezen mendı. Yolun haradır?Adın nədir? Kimlərdənsən?

İgid ona cavab verdi:

– Yer-Kezerin yeganə oğlu qızılı ak-sarı atlı Altın-Taşam. Bacımın tək oğlu çətin yerə gedir; bunu eşidib yoldaş olmaq istədim, gəldim.

Onlar görüşüb danışmağa başladılar. Altın-Mize dedi:

– Dayı, mən ata-anamı heç tanımıram, necə bacın oğlu ola bilərəm?

Dayısı cavab verdi:

– Anan, deyəsən, Kandıkçıdır, elə deyil? Atan da Maral­dır, eləmi? Kandıkçı da Yer Kezerin qızıdır.

Altın-Mize dayandı, çaşıb qaldı. Onlar atları minincə üç günün necə keçdiyini bilmədilər, yerə enmədən donub qaldılar.

Uçkur-Konqur at silkindi, gümüş-qızıl örqönü, altmış altı üzlü qızıl axuru uddu.

Altın-Mize ağ buludlar altında, aydın səma altında daya­nıb özü kimi bir igidlə üç gün söhbət etdi. İgidlər altmış altı yanlı qızıl axura tərəf enib qızıl örqöyə girdilər, tö­re­də altmış qatlı ağ şirdekin üstündə əyləşdilər. Uçkur-Kara1 at küt dırnaq­larının hərəkəti ilə altmış altı künclü qızıl masa yaratdı. Onlar ən yaxşı yeməyi2yedilər, ac idi­lər, qarınları doydu. İki igid otu­rub şaqay şatra3 oynadılar. Onlar gecə-gündüz de­məyib otur­dular, başları oyuna qarışdı.

Solo xan adamlarını yığıb dedi:

– Altın-Mize niyə gəlmədi? O hardadır?

O üç şinjeçi4 göndərdi. Casuslar göyün içinə girib oradan baxmağa başladılar, Altın-Mizenin başqa bir igidlə şahmat oy­na­dığı qızıl örqönü gördülər; onlar ilk baxışda bir-birinə tay idilər. Onların kazançısı5 qabaq dişləri tökülmüş çox qoca bir qarı idi:

– Doğrudanmı, adamları arasında bundan cavan nökər tapılmayıb? Özünə kazan­çı etdiyi bu qoca qarı kimdir?

Üç casus bunu danışa-danışa göydən endilər. Onlardan soruşdular:

– Hə, nə oldu?

Üç şinjeçi dedi:

– Ağ Altaya gəlib qızıl-gümüş örqö, qızıl axur qurub. Axurun yanında qızılı ağ-sa­rı atla qırmızı-kürən Arşın-Yeder at dayanıb, bir-birinə tay iki igid şahmat oynayır. On­ların qoca, dişi tökülmüş, çox zirək bir kazançısı var, quş kimi cəld durub oturur, hər işi asanca görür.

Solo xan dedi:

– İki yaxşı igidin niyə belə kazançısı olsun? Geri dönün, bu kazançını soruşub öy­rə­nin. Baxın görün, o, çox təhlükəli əsl yetker-çulmus deyil ki?

Üç şinjeçi yenidən səmaya qalxdı, üç Çolmona çevrilib oturdular. Ka­zan­çı qarı səmada Çolmona dönüb oturmuş üç şinjeçinin qarşısında ilbi-tarmı1 edir ki, on­­­la­rın sözləri çəp gəlsin. Üç şinjeçi baxırdı. Qarı qazanı qaldırıb qoydu, geri dönüb cəld yerində oturdu. Şinjeçilərdən biri gördü ki, qarının gizlincə saçı (qıl, at quyruğu) gö­­rünür, o biri şinjeçi bunu görmədi. Şinjeçilər öz aralarında danışmağa başladılar:

– İnsanda qıl quyruq hardan olsun?

Biri dedi:

– Gərək ki bu, onun öz saçıdır.

O biri dedi:

– Mən görmürəm!Sən bunu hardan görürsən?

Üçü də dalaşıb tüpürdülər, geri qayıtdılar (yəni biri at quyruğu, o biri insan saçı gör­dü, üçüncüsü heç nə görmədi). Qoca qarı zil qaranlıq gecənin yarısı boz quş­cu­ğa­­za dönüb Solo xanın tünnükünə qondu, qulaq asmağa başladı. Solo xan arvadına deyirdi:

– Altın-Mize niyə gəlmir? Göndərdiyimiz şinjeçilər niyə görünmürlər? Dağlar-daşlar pəhləvan Tudanak-bököyə mane olmaz, sular-göllər pəhləvan Köldenek-bökönün yolunu kəs­məz. Sabah səhər tezdən gedib onları göndərmək lazımdır; qoy onlar onu söyüb danlasınlar, alaçığını qamçı ilə döysünlər.

Quşcuğaz geri qayıdıb dedi:

– Sabah gəlib alaçığı qamçı ilə döyəcəklər, söyüb danla­yacaqlar, dinməyin.

Səhər iki pəhləvan gəlib qamçı ilə alaçığı döyməyə, söy­məyə başladılar:

– İt, tamqa.

Altın-Mize dinmədi. Pəhləvanlar dedilər:

– Yolun ortasında niyə örqö qurmusan? Niyə alaçıqlara iki yer qoymusan? Ağıllı başında deşik açaram! Qanlı içalatını parçalayaram!

Yarqaklı1 qarı onların qarşısına çıxdı:

– Ey, ey, balalarım, məgər alaçıqdan soruşmaq olmaz?

Çox söyüşkən iki igid alaçığa girdi. Altın-Mize ilə Altın-Taş onlara fikir ver­mə­yib şaqay-şatra oynamağa davam edir­dilər, hətta onlara baxmayıb bir söz də so­ruş­ma­dı­lar. Qarı dedi:

– Daşda, alaçıqda, bəyəm, pis nəsə var?

Sonra da onları qonaq edib yemək verdi. Qarı yeməyə ilbi-tarmı qatmışdı ki, onlar bir-birindən inciyib dalaşsınlar. Onlara koron-arak vermişdi. Onlardan biri dedi:

– Sən mənim tutub saxladığımı saxlaya bilərsən?

O biri dedi:

– Sən mənim bacardığımı edə bilərsən?

Bundan sonra onlar dalaşmağa başladılar:

– Sən itsən! Sən itsən!

Sonra onlardan biri o birinə şillə vurdu, o biri də onun yaxasından tutdu. Biri o birisini yumruqladı, o biri də onun hörüyündən tutub dartmağa başladı. Onlar bir-birini elə döyür­dülər ki, gözləri, üzləri görünmürdü. Onlar çıxanda Altın-Taş boyunlarından tu­tub itələdi, dedi:

– Örqömüzdə dalaşırsınız, sonra da deyəcəksiniz ki, biz sizi döymüşük.

Onlar o ki var dalaşıb evlərinə getdilər. Qarı dedi:

– Altın-Taş dayı, sən qabaqca get, biz ikimiz də sabah gedəcəyik.

Sonra Altın-Taş ox-yayını hazırladı, geyindi, üç dəfə əyi­lib qalxdı, yola düşdü. O, yolda iki yüz porsuq, yüz tarbaqan1 tutdu, heyvanların qabaq pəncələrinə kuluzun2 vurdu, onları xan qoşununa (kaan çerü) çevirib Solo xanın alaçığına getdi. Onları iki orduya böldü, onlara sarılcindən ox-yay düzəltdi. Solo xanın arvadı qapının üstündəki deşikdən nizələrin meşə kimi, qılıncla­rın buz kimi uclarını gördü. İnsanların üzü qızmar çölə (ört) bənzəyirdi, atların nəfəsindən qıpqırmızı duman qalxırdı. Dedi:

– Kalak, kalak! Xan ordusu gəlib! Mən deməmişdimmi: niyə durmusan? Niyə qarşılarına müharibə ilə çıxmırsan?

Solo xan yerindən sıçrayıb baxdı. Altın-Taş iki yüz por­suq­dan, o qədər də tarbaqandan düzəltdiyi ordu ilə gəlirdi. Solo xan dedi:

– Mən də belə ilbi bilirəm. Axı, məndə də belə tarmı var.

O yenə oturub güldü. Bir dəfə qışqırdı, sanki ildırım vur­du. İki yüz porsuq geri döndü, ox-yaylarını, nizələrini də at­dılar. Bir dəfə də qışqırdı, iki yüz tarbaqan geri döndü, ox-yaylarını, nizələrini də atdılar. Altın-Taş güldü, qızıl axura yaxınlaşıb atdan endi. Altmış igid atı tutdu, yetmiş igid bahadır onun qolundan tutub apardılar. Altın-Taş qızıl örqöyə daxil oldu. Solo xan altmış qatlı ağ şirdekin üstündə oturmuşdu. Onlar bir-birlərinə: “Ezen” deyib salamlaşdılar. Altın-Taş içi çəmən boyda əlini uzadıb görüşdü, onun yanında əyləşdi. Onlar oturanda da bir-birinə tay idilər, qalxanda da, şirin yemək yedilər, acı şərab içdilər. Keçmişi xatırlayıb ebirte1 ilə danışdılar, bundan bütöv heka­yə­lər çıxartdılar.

Altın-Mize yeddisimli tandır-komıs, doqquzgözlü çokur çala-çala gedirdi; aypara qanadlı quşlar, haçadırnaqlı vəhşi heyvanlar onların arxasınca gəlirdi. Göy Altay göründü. Göy Altayın içində kol kimi qaralan ilxı göründü. Arxa-camaat, mal-qara donub qalmışdı, baxırdı. O, dağların arxasında itənə­dək camaat baxdı. Camaat danışır ki, bu, bir aya keçir. Altın-Mize günəş işığı ilə keçirdi.

Altın-Mize bir az da getdi, Solo xanın alaçığına çatdı. O dedi:

– Əmimin qırmızı-kürən atı qara-sarı kəhərlə yanaşı qızıl axura bağlanmalıdır.

Bunu deyib axura yaxınlaşdı, atdan endi. Alıpların əlləri onun atını bağlamağa sığmadı, əlləri onun qollarından tutmağa çatmadı. O, qızıl örqöyə daxil oldu. Solo xan onun qarşısına çıxıb salamlaşdı:

– Salam, ure2!

Onu alaçıqda altmış qatlı ağ şirdekin üstündə oturtdular; altmış altı künclü qızıl masa qoydular, aliman-çikır yeməyi gətirdilər. Üç kezer bir yerdə oturdu; danışanda dilləri, daya­nanda boyları bir idi. Ən yaxşı yeməyi yeyib acı şərab içdilər. Keflənib oturdular. Keçmişi ibrətlə xatırladılar, nağıllar da­nışdılar. Dünyada nə qədər xan varsa, bir-bir hamısından da­nış­dılar. Qaranlıq dünyadakı xanlıqların hamısından danışdılar. Altın-Taş öcəşməyə başladı:

– Sənin yeddiüzlü mis meşədə yerləşən barmaq boyda qızıl daşın var, hardadır o? Boş yerə oturmaqdansa, gedib ox ataq, baxaq.

Solo xan heç qımıldanmadı da. Üzünü çevirib Altın-Mize ilə danışmağa başladı. Onlar yenidən üçlükdə söhbəti davam etdirdilər. Altın-Taşın huşu gah gedirdi, gah qayıdırdı, dedi:

– Dayan, dayan, Solo xan, niyə xəsislik edirsən, qızıl daşını göstərmirsən? Biz eşitmişik ki, sənin yerin altında bəs­lədiyin bahadır var? Məgər onunla oynamaq olmaz?

Solo xan özünü eşitməməzliyə qoyub Altın-Mize ilə söhbət edirdi. Bundan sonra heç kim heç nə danışmadı. Altın-Taş baş barmaq boyda qızıl daşı, yerin altında bəs­lə­nən bahadırı üçüncü dəfə soruşdu:

– Dostum (nadi) Solo xan, niyə aparmırsan güləşək?

Solo xan yerə baxıb fikrə getmişdi:

– Çıxarsam, döyüşməyə başlayacaq, əsrlər boyu qisas davam edəcək. Qızıl daşı vurmaq istəyirsinizsə, vurun!

Altın-Mize altmış altı tekpeli qızıl kamanı əlinə aldı. Altın-Taşın gözlərindən ağappaq alov (sır) çıxdı. Yeddiüzlü mis meşədə qızıl daş iynə ucu kimi görünürdü. O, kaybur-yebe oxu yaya qoydu; oxun yayından tüstü çıxdı. Oxun ucundan alov qalxdı. Yayı çəkib atdı; ox meşənin yarısında sancılıb qaldı. So­lo xan yetmiş igid, yetmiş tajur şərab, yetmiş irik əti göndərdi, dedi:

– Qoy, mənim Temir-Erqek bahadırım tez gəlsin.

Altın-Mize dəmir kamanı əlinə aldı; bu kamanın yüz tekpe-oxu vardı, bu kaman oynaya-oynaya otuz gün düşmədən havada qala bilir, hədəfə dəyə bilirdi. O, mis oxu mis yaya qoydu; yüz tekpesi olan dəmir kaman elə dartıldı ki, ucları birlikdə çıxdı. Səhər yayı çəkdi, axşam buraxdı. Dəmir kama­nın səsi göy gurultusuna oxşadı, atılan oxdan od çıxdı; torpaq­da alov (yalbış) əmələ gəldi. Altın-Mize baş barmaq boyda qızıl daşı tən ortadan vurdu. Alov kimi atılan ox yoxa çıxdı; ox üç Altayı fırlandı, xanın terqesini yandırdı. Ağ şahinə çevrilmiş Uçkur-Konqur at səmadan endi; üç Çolmon olub səmada otu­ran üç şinjeçi atı görmədi; ox hara düşdü, tapa bilmədilər. Solo xan ümidsizliyə düçar oldu. Qaranlıq dünyada yaşayan igid Temir-Erqek torpağı yarıb çıxdı. Temir-Erqeki yetmiş igidin qanı-canı isidir, dəmir toxmaq (temir tokpok) ilə onu qızdı­rırdılar. Temir-Erqek Solo xandan soruşdu:

– Sənin döyüşmək istəyən pəhləvanın hanı? Mənimlə vuruşacaq nəhəng alıpın hardadır?

Altın-Taş mis yırtıq əlcəkləri (oyo tutar yes meley) ge­yindi, qolçaqlarını taxdı, qorxmadan onun qarşısına çıxdı. O, yerdən qaranlıq dünyayadək görünən mis çəkmələrini geyindi. Onlar bir-birinin üzünü şillələyib bir-birinin yaxasından tutdular; böyük meşələr qırıldı, ovulub töküldü, böyük çaylar daşıb sahilinə sığmadı; uzanan meşə uzandığı yerdə, dayanan meşə dayandığı yerdə qırıldı. Solo xan ilə Altın-Mize şahmat oynayırdılar. Solo xan dedi:

– Sənin bahadırın ölsə, sən tərəfini saxlama, mənim bahadırım ölsə, mən də tərəfini saxlamayacağam. Altın-Mize, razısanmı?

Yaxında yaşayan xanlar bu səs-küyə dözməyib uzağa köç etdilər; burda qərar tutan vəhşi heyvanlar düşərgələrini atıb uzaqlaşdılar; quşlar öz yuvalarını tərk edib uçub getdilər. Solo xan dedi:

– Doğrudanmı, sənin bahadırın öldürülsə, tərəfini saxla­mayacaqsan? Doğrudur, mənim bahadırım öldürülsə, mən söz vermişəm.

Altın-Mize dedi:

– Hə, doğrudur!

Altın-Taş daha çox torpaqdan, daha az qarşıdakı pəhlə­vandan tuturdu. Altın-Mize düşündü: “Belə getsə, möhtərəm dayım öldürüləcək”. O, ilbi edib Solo xanın gözlərini qaraltdı ki, o, heç nəyi görə bilməsin. Altın-Mize öz surətini yerində oturdub özü çıxdı. Solo xan isə qalıb Altın-Mizenin kölgəsi ilə oynamağa başladı. O, qolçaqlarını geyindi, Altın-Taşı Temir-Erqekin əllərindən çıxarıb Temir-Erqeki geri itələdi. Elə bir qara toz qalxdı ki, atın qulağı (yəni atlı üçün) da görünmədi. Yer üzündə yaşayan rəiyyət torpağı qucaqlayıb tutmuşdu; deyirdilər ki, biz torpaqdan ayrılmarıq. Ağ Altayda yaşayanlar sərt torpağa dirənmişdilər; deyirdilər ki, biz ondan ayrılma­yacağıq1. Bütün rəiyyət qorxmuşdu, onlar dedilər:

– Altay-Xanqayın dağılmaq vaxtı çatıb. Gecə-gündüz bizə yuxu yoxdur!

Altın-Mizenin donuna girən Altın-Taş Solo xanın yanına qaçıb onunla oynamağa başladı2. Solo xan dedi:

– Altın-Mize, ure! Doğrudanmı, sən söz vermisən ki, bahadırın ölsə, sən tərəfini saxlamayacaqsan, mənim bahadırım ölsə, mən də tərəfini saxlamamalıyam.

Altın-Taş dedi:

– Hə, doğrudur.

Altın-Mize dodaqlarını dişlədi, onun başında fikirlər dəyişdi, dişləri ilə çeynədi, beynində alıpların fikirləri oyandı. O, ayağını cəld irəli atdı (merqen teqe), çəkib dartdı, ayağını qarmaq kimi uzadıb öz buduna (karman yanqa) doğru çəkdi, onu körpə uşaq kimi bükdü, cavan ağac kimi əydi. Üç dəfə nəfəsini dərib qaldırdı. O, Temir-Erqeki o qədər yüksəyə qal­dırdı ki, buludların üstü göründü. Altay Mize onu endirib yerə atdı. Altay-Xanqay əyildi; boynunu, kürəyini tapdaladı. Onun qanı çay kimi axırdı, sümükləri meşə kimi qalaqlan­mışdı. Altın-Mize qızıl dəsmalını çıxarıb qan-tərini sildi, gəldi. Solo xan yenə baxdı, gördü ki, onunla oturub oynayan Altın-Taşdır. Altın-Taşa bir şillə vurub dedi:

– Sənin kimi rəzil varmı?

Altın-Taş yerindən sıçrayıb irqiyə ilişdi. Altın-Mize dedi:

– Atanın başı, ananın döşü(söyüş). Sən harda görmüsən ki, kişi yalansız yaşasın?

O, Solo xana bir şillə vurdu. Onlar bir-birinin yaxasından tutub əlbəyaxa oldular; qızıl örqönün yarısını dağıdıb bayıra çıxdılar, bir-birini itələyə-itələyə qəzəbli buurlar kimi nəril­dəməyə başladılar. Onlar bir-birini vəhşi üçillik at kimi əyib zingildədirdilər. Yerdəki ağac yerdəcə, dayanan ağac dayandı­ğı yerdə sınırdı. Onlar çaya dirənəndə çaylar quruyurdu, meşə­lərə söykənəndə meşələr qırılırdı. Dağlar olan yerdə sular, sular olan yerdə dağlar əmələ gəlirdi. Dənizlər, çaylar coşub daşırdı; uca dağlar korum uçqununa dönürdü. Bu iki igidin səs-küyünə canlı məxluqlar tab gətirmirdi. İki igidi qara toz (qara tosun tuda berqen) bürümüşdü. Altın-Mize mülayim olsa da, hirsləndi, qəzəbli olmasa da, qəzəbləndi. O, möhkəm sümük­ləri tutdu ki, sancılsın, qalın bədəni tutdu ki, parça-parça olsun. Altın-Mize üç nəfəsə onu qaldırdı, kəmər kimi fırlatmağa başladı. Onu qoca qarı kimi qaldırmağa başladı, üç nəfəsə ağ buludların arasına qaldırıb göy səmanı göstərdi. Elə tulladı ki, yerin yeddi qatı söküldü. Onun boynunu tapdalayıb kürəyindən ayırdı, qan-tərini təmizləyib gəzişməyə başladı. Solo xanın sarı kəhəri dəmir axurun ətrafında qaçmağa başladı, Altın-Taş gəlib atın başını bədənindən ayırdı. Altın-Mize dedi:

– Kürkə bürünmüş bu yezeni dağıdaq, mamırlaşmış bu alaçığı alt-üst edək. Mal-qaranı qovaq. Çoltuk-Kula atın sahibi Uçkur-Kara, onun sümükləri hardadır?

Gah axıb gah axmayan çayın ortasında, doqquz çayın qovuşuğundadır. Doqquz çayı qurudub inək boyda qara daşı kənara çəkdilər. Daşın altında sarı keçəyə bükülmüş Uçkur-Kara uzanmışdı. Altın-Taş onun ağzına mönkulük em1 sürtdü; bu dərmandan sönən od alovlanır, ölmüş sümük dirilirdi. Uçkur-Kara dirilib danışmağa başladı:

– Mən nə çox yatmışam. Yuxuda igid Temir-Erqeklə vu­ru­şurdum. Mən düşün­düm ki, bu dünyadayam, amma görünür ki, o dünyadaymışam. Mal-qaranı, camaatı başqa yerə köçür­düm. Kür­kə bürünmüş alaçığı dağıtdım, köhnə, zir-zibillə ör­tülmüş alaçığı qazıb tökdüm. Altın-Üstük qızı, sizin adaxlınızı, Altay-Yelizin-Börölə göndər­dim. Böyük məclis qurun! Mən yeddi il burada, Solo xanın yurdunda yaşayacağam. Yetker-şulmus yoxdur ki?

İgid Uçkur-Kara həmin mal-qaranı, camaatı qovub dağıt­dı. Altın-Taş Altın Üstük qızı ata mindirib getdi.

Altın-Mize kürən Arşın-Yeder atını mindi. Doqquz Alta­yın içində doqquz çayın sahilində Çuk-terek2 var. Bura yağışlı havada çobanların sığınacağına çevrilir, qışda da mal-qara burada qardan qorunur. Altın-Mize gümüşü artaşı başının al­tına qoyub Çuk-terekin altında uzandı. Qara araqayı Çuk-terek­dən asdı, üstündən qızıl çümü çıxardı, kan-eren atın başına-gözünə vurub dedi:

– Get öz Altayına. Səni minib gəzməkdənsə, burada uza­nıb ölmək daha yaxşıdır. Günortaya qədər tab gətirmədikcə, belə bir atı minmək olarmı? Kaş ki, Uç-Kurbustan belə bir atı yaratmaqdansa, yaratmayaydı.

Kan-eren dayandığı yerdən hara qeyb oldusa, bilinmədi. Altın-Mize yeddisimli tandır-komısı, doqquzgözlü çokuru çalmağa başladı. Aypara qanadlı quşlar uçub gəldilər; ayların, illərin necə ötüb keçdiyi bilinmədi. O, qurşağadək torpağa ba­tıb oturmuşdu. Aypara qanadlı quşlar, haçadırnaqlı vəhşi hey­vanlar əl çəkmirdilər. Yeddi il ötdü, Üçkur-Konqur at meşənin çəmənliyində otları qoparda-qoparda gəzişirdi, dedi:

– Altın-Mize balam, görəsən, ölüb, qalır?

Arşın-Yeder at azad gəzirdi. Uçkur-Konqur at səmaya qalx­dı, uzun budlu berkuta döndü. İki gözünün işığı (keqen) qırx Altayı dolanırdı. At yer üzünü dolanıb onun başına fırla­nırdı. Altın-Mize Çuk-terekin altında oturub özünə burada dü­şərgə salmışdı. Onun ətrafına bütün aypara qanadlı quşlar, ha­çadırnaqlı vəhşi heyvanlar yığışmışdı. O, tandır-komıs çalıb doqquzgözlü çokuru dilləndirirdi. Səs doqquz Altayda eşidi­lirdi. Uçkur-Konqur at ağ səmadan baxırdı, dedi:

– Ona nə olub belə?

O qanadlarını sıxdı, aypara caynaqları şaqqıldadı; Çuk-terekə doğru uçdu. Uçkur-Konqur at dedi:

– Sənə nə olub? Yerdə yurd qazanmısan, əsir götürmüsən, burada yaşamağa nə lüzum var? İndi də evə getmək lazım deyilmi?Boş Altayda nə işin var?

Altın-Mize dedi:

– Kan-eren Arşın-Yeder atı minib getməkdənsə, getməsəm yaxşıdır. O, mənim səfərimdə günortaya qədər tab gətirə bilmir. Niyə Uç-Kurbustan mənə münasib at yaratmayıb? Bax, səninlə gedərdim. Kuday məni yaradanda səni niyə mənə verməyib? Mən hara gedim?

At dedi:

– Dayan, Altın-Mize! Axmaq sözlər danışma. Niyə hər şeyi pis tərəfə yozursan? Məni Kuday yaradıb. Mən də sənə adamlarını, mal-qaranı yaratdım. Mən səni igidlik yaşına qədər böyütmüşəm. Niyə mənim barəmdə pis fikirləşirsən? Mənimlə getməyə görə qara fikirlərə düşürsən? Mənimlə getmək istə­yirsənsə, Uç-Kurbustan-Kudaydan istə.

Altın-Mize cavab verdi:

– Mənim səninlə getməyim məsləhət deyilsə, onda elə burda ölsəm yaxşıdır.

At dedi:

– Qəzəblənməkdənsə, tərlikləri, yəhəri belimə qoy, ara­qay-saadakı yəhərə bağla, qara zirehi qayışa bərkit, sonra bu­rax. Mənə çatıb tuta bilməsən, onda Altay boyu veyil­lə­­nib ölərsən.

Altın-Mize dedi:

– Eybi yox.

İki ətəyini qurşağına keçirtdi, bürünc artaşı atın üstünə qoydu, otuz qarınaltını çəkib bağladı, qızılı-gümüşü yüyəni keçirtdi, ağac parçası kimi qalın (toormaş), ipək çumburu ox-yay ilə yəhərə bağlayıb Uçkur-Konqur atı buraxdı. At dedi:

– Uçkur-Konqur ata çatıb tuta bilsən, həmişəlik sənin atın olaram!

Uçkur-Konqur durduğu yerdən götürüldü. Heç kim bilmə­di ki, o, göyə qalxdı, yoxsa yerə girdi. Yəqin, ölənlərin ölümü belə olur. Altın-Mize silkindi, qanadları dağ-qayaya bənzəyən, budları bir qucaq yoğunluğunda berkuta dönüb göyə qalxdı. O, havada hərlənib, fırlanıb yerə, Altayın zirvəsinə baxdı. Altın-Mize dedi:

– Bəs Uçkur-Konqur hardadır?

Yer ilə göyün arasında nazik toz göründü. Altın-Mize baxdı:

– E, çaaldı1! İndi mən necə çatıb onu tutacağam?

Gözləri doluya bənzəyirdi. Qanadlarını sıxdı, ayabənzər caynaqları şaqqıldadı. Uzanıb qalmışdı, huşu getmişdi. Yeddi dəfə yer üzünü fırlanıb izlədi. Yetmiş obanın xanını qovub apardı. Altı dəfə Altayın içindən, altmış xanın obasından qo­vub çıxartdı. İndi artıq Uçkur-Konqurun quyruğu ilə yalı görünürdü, bundan sonra qanadlar səs salıb, caynaqlar şaq­qıldadı. İki gözü doluya döndü. O, atı üç dəfə Altayın başına dolandırdı. Uçkur-Konqura gördüyü yerdəcə çatdı. Altın-Mize bir əli ilə atın yüyənindən, o biri əli ilə otuz qarınaltından tutdu. At dedi:

– Sənin atın olmağımla bağlı Uç-Kurbustandan əmr varmı?

Altın-Mize altmış altı düyməli qızıl çümü geyindi, qara saadak-araqayı çiyninə, oxlarla dolu oxdanı qurşağına keçirdi, ağ qılıncını bağlayıb qurumuş meşəyə bənzər qupquru nizəni əlinə aldı. Ayağını üzəngiyə basıb üç sıçrayışla cəld oturdu. Üçillik dana dişindən qamçını əlinə götürüb atın sağrısına vurdu. Atın ətində bu zərbədən yarğan (kobu) əmələ gəldi. O, atın ağzını qulaqlarına qədər dartdı. At dedi:

– Mən bilmirdim sən məni belə sürəcəksən. Belə sürsən, mən ölərəm!

At yavaş-yavaş silkinib yorğa çapmağa başladı, qara-bürünc yüyəni yeddi dişi arasında sıxıb başını ayaqlarının arasına soxdu. “Qoy onun arzusu ilə Altay-Xanqay görünsün!” Altın-Mizenin huşu getmişdi. O, ayaqlarını üzəngiyə basıb atı saxlaya bilmirdi. Altın-Mize geriyə aşanda at quyruğu ilə, qabağa aşanda yalı ilə onu saxlayırdı. Buna görə də onun huşu özündə deyildi. Onlar yerlə göyün birləşdiyi yerdə dayandılar. At dayananda Altın-Mize böyrü üstə aşdı, iki əli və iki ayağı üstdə sürünüb Uçkur-Konqurun qabaq ayaqlarını qucaqladı, yalvarmağa başladı:

– Sən həmişə belə qaçsan, mən sürətinin yarısına da tab gətirə bilmərəm.

Altın-Mize yenə öz Uçkur-Konqur atını minib yoluna da­vam etdi. Atın qabaq ayaqları sanki havada rəqs edir, arxa ayaqları yorğa çapırdı. Günün-ayın altında qara-qonur ayğırla qara-qonur atlar qaçırdı. Altın-Mize dedi:

– Hansı bədbəxtin koilqasıdır1, evə qaçır? Bu hansı ku­lükün2 atıdır? Ona çatıb soruşsaq, necə olar?

Altın-Mize qara armakçını3 açdı; atıb atı tutmağı düşündü. Cəhdi boşa çıxdı, gözləməyə başladı. Qara-qonur atlar göyə doğru yol aldılar. Altın-Mize çamqa4 ilgəyi atdı; atlar ilgəyin yanından ehtiyatla ötdülər. Altın-Mize fikirləşdi: “Çamqanın ilgəyini çox yekə etmişəm”. O, bir az xırda çamqa düzəldib atların dalınca atdı. Yenə qara-qonur ayğır ilgəyin ortasından sıçrayıb çıxdı. Altın-Mize təəccübləndi: “Bu nədir? Yəqin yenə ilgəyi yekə elədim”. O, ilgəyi bir az da xırdaldıb gözləməyə başladı. Yenə atlar yuxarı dartındı. Yenə Altın-Mize ilgəyi atdı; atlar heç dırnaqlarının ucu ilə də toxunmadılar. O, düşün­dü: “Bəlkə oxla boynunu çiynindən ayırım?” İgid kayburu yaya qoydu. Qara-qonur ayğır dedi:

– Oxu atacaqsansa, məni vur, ikiillik qulanlarıma toxunma!

Altın-Mize yaxınlaşıb soruşdu:

– Sən hansı xanın ilxısındansan?

At cavab verdi:

– Mən Öböqön Maralın ilxısındanam. Onun biri çemene ot­lu, digəri ağ gilli iki iti tayqası olan Yelizin-Böröl Altayı var. Yet­miş yeddi ildir ki, Yetı Cabar xan ilə Kundü-xan məni tutub apar­mışdılar. Yeddi il dəmir zəncirdə qalmışam. Azad olan kimi ora­dan qaçdım. Yetı Cabar arxamca qovdu, yeddi dəfə Yer üzü­nü, yetmiş xan yurdunu fırlan­dım, məni Altayın başına dolan­dır­dı, altmış xan yurdunun hamısının ətrafında fırlan­dım. Bu təqib­dən qaçıb Yer üzünə çıxdım. İndi öz tor­pağıma, yurduma gedirəm.

Altın-Mize dedi:

– Belədirsə, onda Altaya get!

Qara-qonur ayğır doğma Yelizin-Böröl Altayına üz tutdu, Altın-Mize də yorğa çapıb geri qayıtdı. Eyni buzlu iki tayqa gö­ründü. O, atını buzlu tayqanın üstünə çapıb o biri tərəfə baxdı. Göy Altayın içində gah axan, gah axmayan göy çay vardı; qara meşəyə bənzər adamlar, qalın kolluq kimi ilxılar görünürdü. Göy çayın qırağında ağ örqö vardı. Dəmir axurun yanında ulduz kimi xallı at dayanmışdı. Altın-Mize Uçkur-Konqur atdan soruşdu:

– Bu, hansı xanın alaçığıdır?

At cavab verdi:

– Bu, xallı atlı Çolmon xanın alaçığıdır.

Xallı at Altın-Mizenin alnına baxmadı, axurun ətrafında qaçmağa başladı. Çolmon xan bir əlində çenrak (kecim), o biri əlində də saadak-araqay çıxdı. O, yəhəri atın üstünə qoyub dedi:

– Mənim əzəmətli dağlarımda (ıik toqlok tayka) gəzib dolanan tamqa kimdir?

O, otuz qarınaltını çəkib bağladı, xallı atı yəhərlədi. Üç sıçrayışla buzlu tayqaya yollandı, yenə soruşdu:

– Mənim əzəmətli dağlarıma bu tamqa hardan gəlib çıxıb?

O, qara polad nizəsini irəli tuşlayıb atını sürdü. Çolmon xan yenə dedi:

– Hansı haqqla mənim tayqamı gəzib dolanır?

Altın-Mize dedi:

– Kudayın yaratdığı tayqada kim gəzib dolana bilməz ki?

Onlar bir-birinə aman verməyib sözləşməyə, söyüşməyə başladılar. Çolmon xan qara polad qılıncı ilə bahadır Altın-Mizeni vurdu. Mülayim Altın-Mize hirslənib qəzəb­lən­məyə başladı. Onlar bir-birinin yaxasından yapışıb atdan düşdülər. Günortaya çatmamış Altın-Mize Çolmon xanı parçalayıb buzlu tayqaya yapışdırdı. Xallı at dönüb qaçmaq istəyəndə Altın-Mize onun cilovundan tutdu. O, çırtma ilə atın alnından vurub dərisini soydu, bir tərəfə atdı. İgid Uçkur-Konqur atını minib buzlu dağların başından ilxıların arasından yortma çapıb aşağı endi, atını Çolmon xanın dəmir at axuruna bağladı. Altmış bahadır atı tutub bağladı, yetmiş bahadır Altın-Mizenin qolundan yapışıb apardı. O, ağ örqöyə girdi. Çolmon xanın arvadı onu altmış qatlı ağ şirdekdə oturtdu, altmış altı künclü qızıl masanı gətirib ulüm-çikır yeməyi qoydu. Altın-Mize baş yeməyi qabağına çəkib yedi. Çolmon-xanın arvadının yanaq­ları göy qurşa­ğı­na, gözləri göydəki göy Çolmona bənzəyirdi; bu, Altın-Tana idi. O dedi:

– Altın-Mize, məni almaq istəyirsənsə, al. Qazanını qay­nadıb yemək bişirərəm, paltarlarını yuyaram.

Altın-Mize dedi:

– Belədirsə, onda mənim Altayıma köç!

Onlar mal-qaranı, adamları götürüb Yelizin-Böröl-Altaya köçdülər. Altın-Mize dedi:

– Mən indi getmirəm. Çolmon xanın obasına baxacağam, görüm, kulük gizlənməyib ki.

O, bütün adamların, mal-qaranın aparılmasına kömək etdi. Altın-Mize dedi:

– Yelizin-Böröl-Altaya çatanda alaçığını qara qapaqlı gölün yanında qurdurarsan.

O, Çolmon xanın obasından heç nə tapmadı, Uçkur-Kon­qur atını minib Kundü-xanın yurduna getdi. Altayın zirvəsinə qalxdı; gördü ki, Temir-terekin başı yoxdur. O, ötüb keçmək is­təyəndə Uçkur-Konqur birdən at dayandı. Altın-Mize so­ruşdu:

– Nə gördün, nə bilirsən, Uçkur-Konqur atım?

At dedi:

– Temir-terekin kötüyünü görürəm. Sən niyə ora yaxın­laşıb baxmırsan?

Altın-Mize Temir-terekə yaxınlaşıb gördü ki, ağacın ba­şından dibinədək fərman yazılıb. Məlum oldu ki, bu fərmanı Kara-kula madyanın oğlu Qara-qonur ayğır yazıb: “Körpə gölün dibində ölməsə, burda bu məktubu görsün. Yetmiş il insan əlində qaldım. Bir vaxt gəlsin ki, mənim qisasımı Kun­dü-xandan alsın. Mən Cetı Cabarın1 əlindən yetmiş il yerin al­tında qalmışam. Qoy, ondan da qisasımı alsın. Mən it yalı yeyirdim, iynə ucu boyda işıq görə bilirdim, çox əzab çəkdim”.

Altın-Mize axıradək qulaq asıb Kundü-xanın yurduna tə­ləsdi. Uçkur-Konqur birdən dayandı. Altın-Mize soruşdu:

– Erdine atım, nə bilirsən? Yoxsa mən igidin boyunu bildin?

At dedi:


– Sən necə adamsan? Arxaya baxmırsan, bu yurdu gör­mürsən?

Altın-Mize irəliyə, göyün üzünə diqqətlə baxmağa başladı. Bir yeddi haçalı tük kimi nazik göy qurşağı vardı, bir də xeyli uzun iki eyni ağ göy qurşağı görünürdü. Uçkur-Konqur at soruşdu:

– Nə görürsən?

Altın-Mize dedi:

– İrəlidə yeddi eyni, arxada iki göy qurşağı görürəm. Bu, nə deməkdir?

İgid Uçkur-Konqur atından belə soruşanda at dedi:

– Sənin gördüyün yeddi haçalı göy qurşağı Kundü-xanın alaçığıdır, onun qızıl örqösünün işığıdır. Arxadakı iki göy qurşağı isə onun arvadlarının işığıdır. İndi mənim məsləhətimə qulaq assan, onda gərək gedib dayanasan.

Altın-Mize atdan düşdü. Uçkur-Konqur at dedi:

– Mən gedim Kundü-xanın alaçığına baxım.

Altın-Mize atı buraxdı, özü də yeddisimli tandır-komısı, doqquzgözlü çoquru çalmağa başladı. Yenə də quşlar, hey­van­lar, həşəratlar onun başına yığışdılar. Uçkur-Konqur at gedib Kundü-xanın alaçığına çıxdı; o, at tükünə çevrildi. Uçkur-Kon­qur qızıl at axurundan adamların yaşadığı yerlərə baxmağa baş­ladı. İlar-ilbas çayının qırağında ürək boyda alaçıq görünür­dü, yülün kimi tüstü qalxırdı. Uçkur-Konqur Tas-Tarakaya çev­­rilib alaçığa girdi. Qoca ilə qarısı oturmuşdu, qara başları ağarmışdı. Onlar soruşdu:

– Göz-başından ağıl tökülən (közü bajı çoktu) bu oğlan kim­dir?

Cavab verdi:

– Ata-anam yoxdur, yetiməm, yoxsul balasıyam (yabıs).

Ona qara koçö1 şorbası tökdülər. Dedilər:

– Bizim oğlumuz olarsan?

– Yox, amma sizə odun, su daşıyaram.

Uçkur-Konqur qoca ilə qarıya su, odun daşıyırdı, onların dediyini edirdi. Qoca ilə qarı ondan danışırdılar: “Yaxşı atanın oğludur”. Bir gün o odun gətirib yülün2 kimi tüstü çıxan ürək boyda alaçığa girdi. Qoca ilə qarı arxası ocağa uzanmışdılar. Uçkur-Konqur qoca ilə qarının gicgahından vurub əzdi, onların başının dərisini çıxartdı, sümüklərini torbaya yığıb tünnüyə bağladı, qapıları ağacla doldurdu. At geri qayıdanda gördü ki, Altın-Mize yeddisimli tandır-komıs çalır, özü də ucadan kay­çılıq3 edir. Uçkur-Konqur Altın-Mizenin başına fırlanıb dedi:

– Siz dişləri tökülmüş qoca, mən də qarı olub sizə başçılıq edəcəyəm.

O, qocanın baş dərisini Altın-Mizenin başına, qarının dərisini isə öz başına keçirtdi. Qarı qocanı arxasınca darta-darta Kundü-xanın yanına höcətləşməyə getdilər. Onlar gedə-gedə qarı qocanı itələyib deyirdi:

– Səninlə Kundu-xanın yanında hesablaşarıq!

Onlar bir-birini itələyə-itələyə gəlib çatdılar. Bir-birlə­rindən tutub içəri keçdilər. Qoca kandardan keçə bilməyəndə qarı onu itələdi:

– E, kalak! Nə edirsən, qurdlanmış! Bizim nə böyük övla­dımız var, nə də qoca­nın gözləri var. Mən onu necə yedirdim? Xan, siz əzəmət sahibi olanda alman-kalan1 almı­sı­nız. İndi ona nə istəyirsiniz, edin.

Xan oturub dedi:

– Axı, bizim camaatın içində belə bir adam yox idi?

Xan iki şinjeçi göndərdi. Onlar göyə qalxıb bütün rəiyyəti saymağa başladılar; nə camaat, nə də mal-qara əskik gəlmədi.

– Elə bil bunlar çayın qırağında yaşayan qoca ilə qarıdır.

Onlar alaçığa girib baxdılar, qoca ilə qarı yox idi. Dedilər:

– Hə, bunlar elə həmin qoca ilə qarıdır.

Onlar xana danışdılar. Xan mübahisəni axıradək dinləyib dedi:

– Qoyun otaran yeddi bahadır var. Qoy, sizi onların yanına aparsınlar.

Qara madyanı arabaya qoşdular. Xan qoca ilə qarını gön­dərdi. Onlar arabaya oturdular. Qoca ayağını arabanın təkərinə uzatdı:

– E, kalak1! Az qala dizimi sındıracaqdın!

Qarı qocanın kürəyinə bir yumruq ilişdirdi. Qoca dedi:

– E, kalak!

Onları qoyun otaran yeddi bahadırın yanına gətirdilər. Qocaları gətirən adam dedi:

– Xan əmr etdi ki, qoca ilə qarını yaxşı yedirdəsiniz.

Onlar keçə koma (yanaş) düzəldib yaşamağa başladılar. Qoyunları, keçiləri kəsib yeyirdilər. Qarı yeddi bahadıra dedi:

– Bizim qoca kaylamağa2 başlayanda bərk torpaqdan otlar çıxacaq, quru ağaclar yarpaqlamağa başlayacaq.

Bahadırlar soruşdular:

– İndi elə kaylayacaq?

– Ona iki kasa tilik3 versən, bəlkə onda kaylaya.

Yeddi bahadır iki kasa tilik doldurub qocanın yanına gəl­dilər:

– Qoca, əlinizi bura verin.

Qoca əllərini uzadıb soruşdu:

– Bu, nədir belə?

Ona iki kasa tilik verdilər. Qoca yenə soruşdu:

– Bu nədir axı?

Qarı dedi:

– İstəyirsən, uşaqlardan havayı tilik yeyəsən? Başla, on­lara dastan oxu.

– E, kalak! İndi neyləyim? Ağzımdan dişlərim tökülüb.

Qarı dedi:

– Yoxsa müftə yemək istəyirsən? Ağlına gətirmə, kayla!

Qoca dedi:

– E, kalak! Necə kaylayım?

Altın-Mize ağzını açıb kaylamağa, guruldamağa başladı. Sərt torpaqdan otlar qalxdı, quru ağaclar yarpaqladı. Qarı ala­çıq­dan çıxdı, şahinə dönüb səmaya qalxdı. O, ətrafa baxmağa başladı. Məlum oldu ki, təzə ay çıxanda (aydınq yanında) günəşin göz­lə­­rin­dən qaranquş (kan karlıqaş) uçur. Bir az oynayıb yenidən günəşin gözlərinə geri qayıdır. Elə bu, Kundu-xanın canıdır. Cetı Cabarın, yeddi qardaşın yanında Ker-Yutpanın ağzında yeddi çayın qovşağı var. Yeddi qardaşın canı qara durna balıqları təzə ay qaralanda çıxırlar. Göy çayın dibində qızıl örqönün tünnüyü göründü. Şahin bax­ma­ğa başladı; bu, Tenqere-xanın qızının bayzin örqösü1 idi. O, Kundu-xanın qızı ilə çox yax­şı dost idi. Şahin silkinib Kundu-xanın günəşdən gətirilmiş gümüşü-ipək kürk ge­yin­miş (kunqe kiyer kumış torko ton) qızına çevrildi. Kundu-xanın qızı Tenqere-xanın qızının yanına yollandı. O, Tenqere-xanın qızı ilə qızıl masaya qoyulan ulüm-çikır yeməyini yeyib söhbət etməyə başladılar, dedi:

– Uçkur-Konqur atlı Altın-Mize nə əcəb bu Altaya gəl­mə­yib? O, sənin ərə gedəcəyin şəxsdir. Mənim toyuma gələrsən. Məni Cetı Cabarın qardaşı Altın-Buduka ərə verirlər. Artıq arakı içilib.

Tenqere-xanın qızı dedi:

– Ah, mən necə gəlim? Mənim dəmir kürküm yırtılıb. Necə gedim, utanıram axı?

– Mənim kürkümü geyin! Getməmək olmaz, dostum.

– Mən orda utanacağam. Bu iki iynəni Altın-Mizeyə be­lek2 ver!

Kundu-xanın qızı dedi:

– Mənim atamın canı hardadır?

Tenqere-xanın qızı dedi:

– Mən eşitmişəm ki, sənin atanın canı günəşin gözündədir. Təzə ay çıxanda o qaranquş olub uçur. Bir az oynayıb geri qayıdır. Yeddi qardaşın canı Cetı Cabar Ker-Yutpanın ağzında, yeddi çayın qovşağındadır. Ay işığı olmayan gecələrdə (aydınq kara­zı) onlar durnabalığı kimi çıxıb bir az oynayıb geri qayıdırlar. Mən belə eşitmişəm.

Kundu-xanın qızı dedi:

– Bunları boşla! Lazım olmayan şeyləri dinləmək nəyə lazım. Bu, bizim nəyimizə gərəkdir?

Uçkur-Konqur göy çaydan çıxıb qırğılar şahına (kan kar­çiqa) çevrildi, evə yollandı. O, keçə komasına qayıdanda yeddi bahadır hələ də qocanı dinləyirdi. Onlar hekayənin sonunu, qocanın ağzının yumulmasını gözləyə-gözləyə yaman kökə düş­müş­dü­lər. Onların otardığı qoyunların biri də qalma­mışdı, çəpər çürüyüb aşmışdı. Qarı içəri girib deyinməyə başladı:

– Kaylamağa başlayanda qurtarmaq bilmirsən... Qoyunlar hanı?

Bahadırların yeddisi də alaçıqdan bayıra qaçdı, baxıb gördülər ki, qoyunların biri də qalmayıb. Dedilər:

– İndi neyləyək? Xan bizə işgəncə verəcək, sonra da öldü­rəcək.

Yeddi bahadır yeddi armakçı götürüb göy çayın qırağına get­di, yeddi qovağın (yetı terek) budaqlarından özlərini asdılar. Qo­ca ilə qarı silkinib tas-tarakay qullarının donuna girdilər. Sə­həri gün Kundu-xan qızını ərə verir; qız toyu olacaq. Tas-tarakay quluna çevrilən Altın-Mize Kundu-xanın qızıl örqösünə girib atların duman kimi görünən nəfəsinə, adamların qızmar çölə bənzəyən üzlərinə baxdı. Çaylar kimi şərab çə­kilib, tayqa boyda ət doğranmışdı. Mülayim Altın-Mize qəzəb­lənməyə başladı, dedi:

– Bu toy mənim toyum olacaq! Sənin aldığın Altın-Tana mənim olacaq!

O, acı-acı (açu koron) qışqırdı: səsi bütün Yer üzündə əks-səda verdi. Kundu-xanın qızının toyuna yığışmış camaat dağılıb getdi, atlar qaçmağa başladı, çaxnaşma düşdü, Altın-Mizenin ba­ğırtısı eşidildi. Kundu-xan elçi Cetı-Cabar, kürəkəni Altın-Buduk ilə məsləhətləşdi; onlar Altın-Mize ilə müharibə edib onu öldür­mək istəyirdilər. Xan ordusu üç cərgədə qızıl örqönü mühasirəyə aldı. Adamların üzü qızmar çöl kimi yanır, nizələrin ucu Aba-Tiş1 kimi uzanırdı. Qılıncların ucu buz kimi kəskin idi. Altın-Mize ağ polad almaz qılıncını qayada itiləməyə başladı. O dedi:

– Qoy Kuday özü bilsin!

O, özünü xan ordusunun içinə vurub başları ot kimi biç­məyə, ciyər (öbkö) kimi doğramağa başladı; orda altmış baha­dırın başını kəsir, burda əlli bahadırı doğrayırdı. Qırılıb qurtar­mırdı. Əksinə, ordu daha da artırdı. O, illərlə (jildık yilqa) qoşunu qırıb qurtara bilmədi; aylarla doğrayıb tökdü, qalib gələ bilmədi. Uçkur-Konqur at yalının, Altın-Mize özü də qolunun üstünə düşdü, ikisi də öldü.

İndi kan-eren Arşin-Yeder at dedi:

– Altın-Mize niyə bu qədər gecikdi, gəlib çıxmadı? Ana­zın2! O, hökmən ölüb. Öz torpağından, yurdundan doxsan ildir ki, gedib.

Kan-eren Arçin-Yeder at ağ Çolmona dönüb göyə qalxdı, ətrafa baxmağa başladı, gördü ki, Altın-Mize qolu başının altın­da uzanıb qalıb. Uçkur-Konqur at yalı başının altında yıxılıb qa­lıb. Arşın-Yeder qırğı şahına çevrilib oxdan iti, quşdan cəld uçub Altın-Mizenin sümüklərinin yanına qondu. O, fırlanıb Al­tın-Mizenin, Uç­kur-Konqurun sümüklərinə baxırdı. Yerə yapı­şan tərəfi mamır basmış, günəşə baxan tərəfi solmuşdu (kuu). Onları diriltməyə bir şey yox idi. Uçkur-Konqur at rəiyyəti ya­radanda yer çayını (yer talay) da yaratmışdı; o vaxt yer cəhən­nə­mi­nin (yer tamı) ağzında at Temir-tereki yaratmışdı. Temir-te­re­kin başında at başı boyda ağ erdine vardı; alov sönsə, odla­nar, öl­müş bədən ruhla birləşər. Kan-eren at geri dönüb Temir-te­re­kin yanına gəldi. Temir-terekin başına qalxa bilməzdi, kökü­nü özü qıra bilməzdi. Arşin-Yeder doqquz sajin quyruğu olan qara qunduza çevrilib Temir-terekin kökünü gəmir­mə­yə başladı: yed­di ildən sonra güc-bəla ilə qırdı. Dişlərindən əsər-əlamət qalma­dı. O, at başı boyda ağ erdineni dişinə alıb Altın-Mizenin sü­mük­lərinin yanına gətirdi. Ağ erdineni Altın-Mizenin sümük­lə­rinə vurdu. Altın-Mize əllərini ovuşdurub ayağa qalxdı. O, Uç­kur-Konqur atın da sümüklərinə vurdu. At qalxıb silkindi, da­yan­dı. Kan-eren Arşin-Yeder at erdineni udub doğma obasına qa­yıtdı. Altın-Mize yeddi çay qovşağında Cetı-Cabarın Ker-ba­lı­kın qarnında olan canını gözləməyə başladı. Balta sapı kimi yed­di qara durna­ba­lığı (çorton) aydına arazı1 çayın qırağına çı­xıb oynamağa başladılar. Altın-Mize kaybır oxu yaya qoyub çək­­­di, durnabalıqlarının yeddisini də parçalayıb çayın dibinə atdı. Parçalanmış durna­balıqları öldü. Cetı Cabarın alaçığında qış­qırtı qopdu. Yeddi qardaş qollarını başlarının altına qoyub öl­dü­lər. Yeddi kəmənd at yalını başlarının altına qoyub öldü. İlxı kişnədi, sahibsiz qaldı. Arxa-xalq ağlayıb hökmdarsız qaldı. Al­tın-Mize bir əlində ağ qılıncını yelləyib arxa-xalqı, o biri əlində qam­çısını yelləyib ilxını qovdu. Arvadı Altın-Tananı da götürüb dedi:

– Mənim yaşadığım Altaya gedin. Burda bir az işim var, sonra gələcə­yəm.

O, göyün üçüncü qatına (uç ayas) qalxdı, ay ilə günəşin gözlərini güdməyə başladı. Günəşin gözündən Kaan-karlıqaş qaranquş çıxıb uçdu, oynamağa başladı. Altın-Mize kaybır oxu yaya qoyub atdı, Kaan-karlıqaş qaranquşu vurub yerə saldı. Kundu-xanın evində səs-küy qopdu. İlxı nərildədi (çurkura­qan), camaat ağlaşdı. Dedilər ki, Kundu-xan qızıl taxtda qol­larının üstünə düşüb ölüb. Ağ kəmənd at axurunun yanında yıxıldı, yalı başının altında qaldı. Altın-Mize ağ qılıncını yel­ləyib camaatı, qamçısını yelləyib ilxını qovdu. Yer-yurd (yer yurtın) dağıldı. Al-Talay çayı qurudu; daşları qaldı. Böyük me­şələr qırıldı, yerlə bir oldu. Altın-Mize arxa-xalqı köçürtdü. Qabaqda gedən sürü ot, arxada gedən sürü torpaq yeyirdi. Qa­baqda gedən sürü su içir, arxada gedən sürü daşları yalayırdı. İlxını qovub camaatı yerbəyer etdi. Altın-Mize öz Yelezin-Böröl Altayına gəldi. İlxı bütün Altaya səpələndi, camaat Alta­yı dövrəyə aldı. Altın-Mize bir daha müharibəyə getmədi, qoşunlar da onunla döyüşməyə gəlmədi. O, yan-yana üç alaçıq qurub yaşamağa başladı.

Söyləyici Çoltoş əlavə etdi ki, Altın-Mizenin Yerelenqdü Ölöqön-banay oğlu, öl­məz kürən Ölbös yeren atı vardı.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin