25
- Folklor və yazılı ədəbiyyatın eyni zamanda qarşılıqlı təsirlərini nəzərdə
tutur» (5, s. 65).
«Dədə Qorqud» eposunun müasir milli ədəbiyyatla əlaqələrinə «folklor və
yazılı ədəbiyyat» münasibətlər modelində baxıldıqda məsələnin tarixən çox
mürəkkəb olduğu meydana çıxır. Prof. K.Abdulla bu modeli daha dərin tarixi
aspektdə «mif və yazı» münasibətlər modeli kimi müəyyənləşdirib «Kitabi-Dədə
Qorqud»a bu kontekstdə yanaşmışdır. Alimin fikrincə, bu münasibətlər modeli son
dərəcə dərindədir və ilk növbədə mif ilə yazı mədəniyyətlərinin (kodlarının) sistem
kimi hüdudları və biri-birinə keçidi nəzərdə tutan sistemlərarası diffuz məqamları
ilə bağlıdır. O yazır: «Vacib olan odur ki, biz belə bir aydın sualın əhəmiyyətini
dərk edək: mifoloji təsəvvür harda qurtarır və Yazı mədəniyyəti hardan başlayır?
Və vacib deyil ki, biz bu sualın dəqiq cavabını bilmirik, bəlkə, heç bunu
bilməyimiz mümkün də deyil. Əsas məsələ odur ki, bu iki nəhəng mədəniyyət
tiplərinin bu sualdan çıxış edib özünəməxsus xüsusiyyətlərini müəyyənləşdirmək
mümkündür. Özü də bu, ona görə mümkündür ki, xoşbəxtlikdən Dastan («Kitabi-
Dədə Qorqud» – Y.İ.) özündə mifoloji dünyagörüşünün və Yazı mədəniyyətinin ən
əlamətdar cizgilərini saxlayır. Bir az da dəqiqləşdirsək, bu mədəniyyətlərin
birindən digərinə körpü salan böyük və zəngin keçid mərhələsini özündə əks
etdirir. Təkrar edək ki, açıq-aydın şəkildə yox, gizli şəkildə əks etdirir» (6, s. 23-
24).
Prof. K.Abdullanın bu fikrində mövzumuzla bağlı çox maraqlı iki məqam var.
Birinci məqam ondan ibarətdir ki, «Kitabi-Dədə Qorqud» mifdən yazıya (uyğun
olaraq: «folklordan ədəbiyyata») keçidi özündə yaşadan «körpüdür». Bu məqam
«Dədə Qorqud» eposunun müasir Azərbaycan ədəbiyyatına coşğun və məhsuldar
təsirinin, ədəbi düşüncədə meydana gələn «Dədə Qorqud» cazibəsinin səbəblərini
izah edir. Yəni bu eposun bədii mayasında, poetik strukturunda folklordan yazılı
ədəbiyyata keçidin hazır mexanizmləri var. Həmin mexanizmlər XX əsrin birinci
yarısında Azərbaycan ədəbiyyatının üfüqlərində «Dədə Qorqud» eposunun
göründüyü «an»dan işə düşür və milli ədəbiyyatımızda «Qorqud» epoxasının
başlanğıcını qoyur. İkinci məqam isə mifdən yazıya («folklordan ədəbiyyata»)
keçidin mexanizmlərinin eposun strukturunda gizli şəkildə mövcud olmasının prof.
K.Abdulla tərəfindən xüsusi vurğulanmasıdır. Bu, bizim yuxarıda artıq
hallandırdığımız «Dədə Qorqud» ədəbi ruhudur. Həmin ruh milli ədəbiyyatımızın
bütün tarixi boyunca ona xas olub, «Kitabi-Dədə Qorqud» vasitəsi ilə müasir
Azərbaycan ədəbiyyatında yenidən canlanaraq ədəbi düşüncəyə yeni həyat (yeni
məzmun və forma əlvanlığı) verib.
Dostları ilə paylaş: