Tibbur-Rəsul (Peyğəmbər təbabəti)



Yüklə 82,94 Kb.
səhifə1/3
tarix01.01.2017
ölçüsü82,94 Kb.
#4356
  1   2   3
Zeynəlabidin Bəhrami

 

Tibbur-Rəsul (Peyğəmbər təbabəti)


 

Qidanı dörd şey kamilləşdirər...

Həzrət Peyğəmbər (s) buyurur: Təam üçün dörd şey olsa təam kamil olar: Halal olsun, süfrəyə çox əl uzansın, Allahın adı ilə başlanılsın və Allaha həmd ilə sona çatsın.

 

Dörd şeyə narahat olmayın...



Həzrət Peyğəmbər (s) buyurur: Dörd şeyə görə narahat olmayın, onlar başqa dörd şeyə faydalıdır:

1.Zökəmi pis bilməyin, zökəm cüzamdan amanda saxlayar;

2.Çibanı pis saymayın, ala (vitiliqo) uzaqlaşdırar ;

3.Qusmaq və göz ağrısını pis saymayın, bunlar korluğun qarşısını alar;

4.Oskürəyi pis saymayın, iflicə mane olar.

Başqa bir yerdə Həzrət (s) buyurur: Kimin başında cüzamdan bir damar olsa, Allah zökəm göndərsə cüzam aradan qalxar. Kim özündə cüzam görüb addım atmasa Allah zökəmlə onu sağaldar.

 

Necə yemək, necə içmək?



Həzrət Peyğəmbər (s) süfrədə öz qarşısında olanlardan yeyər, içəndə sağ tərəfdə olanlardan içərdi. Görən olmadı ki, Həzrət (s) arxasını bir şeyə söykəyib yesin. Bir dəfə belə hal olmuşdu və Həzrət Peyğəmbər (s) demişdi: “Pərvərdigara mən Sənin bəndən və rəsulunam.”

 

Badımcanın faydası var?



Həzrət Peyğəmbər (s) Cabirin evində idi. Süfrəyə badımcan gətirdilər. Həzrət yeməyə başladı. Cabir dedi ki, badımcanda istilik var. Həzrət (s) buyurdu: Ey Cabir belə deyil. Bu Allaha iman gətirmiş ilk bitkidir. Onu qaynadın, bişirin, ona zeytun yağı və qatıq vurun. Bu halda insanda hikməti artırar.

 

Ağ geyim...



Həzrət Peyğəmbər (s) buyurur: Ağ geyinin, bu ürəkaçandır. Ölülərinizi ağla kəfənləyin.

 

Xöş qoxu və ürək...



Həzrət Peyğəmbər (s) buyurur: Xoş qoxu ürəyi gücləndirir.

 

Saçı qısaltmaq...



Həzrət Peyğəmbər (s) buyurur: Bığınızı, bədən üzvlərinizin tükünü uzanmağa qoymayın. Şeytan orada yuva qurur... Bığınızı qısaldın, saqqalınızı uzadın. Özünüzü yəhudilərə bənzətməyin.

 

Qabın üzərini örtmək...



Həzrət Peyğəmbər (s) buyurur: Su və xörək qablarının üstünü örtün. Bilin ki, şeytanlar maneələri keçə bilmir. Onlar gün batandan arada dolaşmağa başlayır.

 

Halal qazanc və halal təam...



Həzrət Peyğəmbər (s) buyurur: İbadət yetmiş qisimdir, onun ən üstünü halal ruzi qazanmaqdır... Başqa bir məqamda Həzrət (s) buyurur: Qırx gün halal yiyən insanın qəlbini Allah nuraniləşdirər... Kim halal yesə Allah başının üzərində bir mələk qərar verər. Bu mələk insan süfrədən uzaqlaşana qədər ona bağışlanma diləyər... Bir dirhəmlik haramdan imtina etmək Allah üçün yetmiş qəbul olunmuş Həccə bərabərdir.

 

Haram qidanın cism və ruha təsiri...



Həzrət Peyğəmbər (s) buyurur: Duasının qəbul olunmasını istəyən kəs qazancını və qidasını haramdan təmizləməlidir... Bir təkə haram qırx gecə namaz və duanın qəbuluna imkan verməz. Bədəndə haramdan cücərmiş ət cəhənnəm oduna layiqdir.

 

Şərabın haram olması...



Həzrət Peyğəmbər (s) buyurur: Kim şərab içsə qırx gün ibadəti qəbul olmaz. Bu qırx gündə dünyadan getsə kafir kimi gedib...

Səkkiz qrupun namazı qəbul deyil: Əri qarşısında vəzifəsini yerinə yetirməkdən imtina edən, ərini qəzəbləndirən qadın, zəkat ödəməyən kəs, namaz üçün dəstəmaz almayan şəxs, büluğ həddinə çatıb örtüksüz namaz qılan qız, camaat namazında zorla imam dayanan şəxs, məst adam, sidik və təbii ehtiyacını zorla saxlayıb namaz qılan adam.

 

Məscidin pak saxlanılması...



Həzrət Peyğəmbər (s) buyurur: Qəbrinin qaranlıq olmasını istəməyən şəxs məscidləri işıqlandırmağa çalışsın. Torpaq altda qurdlara yem olmaq istəməyən şəxs məscidi süpürsün.

Başqa bir məqamda buyurur: Pis qoxulu göyərtidən (məsələn soğan və sarımsaq) yeyən şəxs bizim məclislərə (məscidlərə) gəlməsin. Çünki müsəlmanı narahat edən şey mələkləri də narahat edir.

 

Gecə namazı və nuranilik...



Həzrət Peyğəmbər (s) buyurur: Kim gecə namazı qılsa gündüzlər çöhrəsi nurani olar.

 

Namazın cism və ruha təsiri...



Həzrət Peyğəmbər (s) buyurur: Beş vaxtın namazı evin qarşısından axan  su arxı kimidir. İnsan gündə beş vaxt bu arxda yuyunanda təmiz olduğu kimi beş vaxt namaz qılmaqla ruhunu çirkabdan təmizləyir. Amma namazı qəlbin iştirakı ilə qılsın. Bu halda onda günah qalmaz...

Müsəlman dəstəmaz alıb beş vaxtın namazını qılsa günahları ağacdan yarpaq tökülən kimi tökülər.

 

Duzun faydası...



Həzrət Peyğəmbər (s) buyurur: Allah-Taala Həzrət Musaya (s) vəhy etdi ki, yeməyə düzla başla, yeməyi duzla başa çatdır. Duzda yetmiş xəstəliyin şəfası var. Bu xəstəliklər arasında kiçiyi dəlilik, cüzam, xora, boğaz ağrısı, ala, qarın sancısı, diş ağrıdır... Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: Yeməyə duzla başla. Bu yetmiş xəstəliyin dərmanıdır... Sonra Həzrət (s) yuxarıda hədisdə sadalananları bir-bir yada salır.

 

Məvizin yaddaşa təsiri...



Peyğəmbərə hədiyyə olaraq ağızı bağlı qab verdilər. Peyğəmbər (s) qabın ağızını açdı və buyurdu: Allahın adı ilə yeyin. Məviz necə gözəl təamdır. Əsəbi möhkəmləndirir. Qəzəbi aradan qaldırır, Allahı razı salır, bəlğəmi aradan qaldırır, ağızı ətirli edir, ağız boşluğunu təmizləyir... Ac qarına məviz yeməyə adət edən insanın zehini güclənir, orqanizmində bəlğəmi azaldır.

 

Qəzəbi yatırdan ət



Həzrət Peyğəmbər (s) buyurur: Kim qəzəbini yatırtmaq istəsə turac əti yesin.

 

Ətin təsiri...



Həzrət Peyğəmbər (s) buyurur: Ət dünya və axirətdə təamların başıdır... Dünya və axirətdə ən yaxşı yavanlıq ətdir... Ət yemək üzü gözəlləşdirir, əxlaqı gücləndirir... Toyuq yumurtası ilə ət yemək cinsi gücü artırır... Bir gün həzrət Peyğəmbər (s) kök bir adam gördü. Ondan nə yediyini soruşdu. Həmin şəxs dedi ki, bizim yerdə taxıl yoxdur. Ona görə də süd və ət yeyirəm. Həzrət buyurdu ki, sən iki əti bir-birinə qatıb yeyirsən?!

Ət və süd yeməyin təsiri...

Həzrət Peyğəmbər (s) buyurur: Ət və süd yemək insanı ətə-qana gətirir, sümüklərini möhkəmləndirir. Ət eşitmə və görmə qabiliyyətini artırır. Ətlə toyuq yumurtası cinsi qüvvəni gücləndirir.

 

Dəvə əti...



Həzrət Peyğəmbər (s) buyurur: Dəvə əti yeməyi unutmayın. Yalnız yəhudilərə müxalif olan möminlər dəvə əti yeyir... Dəvə ətini möminlərdən başqası yeməz.

 

Armud...



Həzrət Peyğəmbər (s) buyurur: Armud qəlbi dirildir.

Dırnaq tutmağın təsiri...

Həzrət Peyğəmbər (s) buyurur: Saqqalınızı təmizləyin, dırnaqlarınızı tutun. Şeytan tük və dırnaqlar arasında hərəkət edir... Başqa məqamda Həzrət (s) buyurur: Cinsiyyət üzvünün yuxarısında tükləri, dırnağını və bığını qısaltmayan bizdən deyil... Həzrət (s) buyurur: Sizlərdən bəziləriniz dırnaqlarınızı quş caynağı kimi uzadıb məndən göy haqqında soruşursunuz. Bir halda ki, dırnaqlarınızda çirkab toplanıb... Dırnaq tutmaq böyük xəstəliklərin qarşısını alar, ruzini artırar.

 

Kundur (bosvelliya)...



Həzrət Peyğəmbər (s) buyurur: Kundur yeməyi unutmayın. Beli möhkəmləndirir, ağılı artırır, huşu itiləşdirir. Gözə işıq verir, yaddaşı gücləndirir.

 

Yaddaşı gücləndirmək üçün...



Həzrət Peyğəmbər (s) buyurur: Ey Əli! Üç şey yaddaşı gücləndirir, bəlğəmi aradan qaldırır...Kundur, misvak, Quran qiraəti...

 

Kudu...



Həzrət (ə) buyurur: Kudu yeməyi yaddan çıxarmayın. Kudu ağılı gücləndirir... Kudu yeyin, o ağılı artırır, beyinin həcmini iriləşdirir... Başqa bir məqamda Həzrət Əliyə (ə) buyurur: Ey Əli! Kudu yeməyi yaddan çıxarma. Kudu beyin və ağılı gücləndirir.

Həzrət Peyğəmbər (s) çox Kudu yeyərdi. Bir gün Ənəs ondan soruşdu ki, deyəsən kudunu çox sevirsiniz? Bəli, çünki kudu beyin və ağılı gücləndirir.

 

Kərəfs...



Həzrət Peyğəmbər (s) buyurur: Kərəfs yeməyi unutmayın. Kərəfs düşüncəni gücləndirir... Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurdu: Övladım kərəfs ye. Kərəfs peyğəmbərlərin, o cümlədən Xızır (s) və İlyasın (s) yediyi göyərtilərdəndir. Kərəfs kirəcləşmə və tıxaclanmanın qarşısını alır. Qəlbi təmizləyir, yaddaşı gücləndirir, dəlilik, cüzam, alanı aradan qaldırır, qorxunu uzaqlaşdırır... Həzrət digər bir yerdə buyurur: Kərəfs İlyas (s), Yəsə (s) və Yuşə (s) ibn Nunun (s) yediyi göyərtidir, kərəfs yeyin.

 

Balın təsiri...



Həzrət Peyğəmbər (s) buyurur: Allah-Taala balı bərəkətli edib, onda xəstəliklərə şəfa var. Yetmiş Peyğəmbər (s) balın həmişə faydalı olmasını Allahdan istəyib... Həzrət buyurur: Yeni doğmuş qadın üçün xurmadan, xəstəliklər üçün baldan yaxşı dərman yoxdur... Həzrət buyurur: İki dərmanı yaddan çıxarmayın: Bal və Quran!

 

Mərcinin təsiri...



Bir şəxs Həzrət Peyğəmbərə (s) ürəyi bərklikdən şikayətləndi. Həzrət (s) buyurdu:  Mərci ye, mərci qəlbi yumşaldır, gözdən yaş gətirir... Həzrət (s) buyurur: Mərci yeyin. Mərci qəlbi yuxalaşdırır, gözün yaşını artırır. Yetmiş peyğəmbər mərcini pak və müqəddəs sayıb... Mərci bərəkətli və pakdır, qəlbi nazildir, gözə yaş gətirir. Yetmiş peyğəmbər, sonda İsa (ə) olmaqla mərcinin həmişə olmasını Allahdan istəyib.

 

İnək südü...



Həzrət Peyğəmbər (s) buyurur: Sizə inək südü içməyi tövsiyə edirəm. İnək hər otdan yediyi üçün südündə xəstəliklərə şəfa var... Həzrət (s) buyurur: Xəstəliklərinizi inək südü ilə sağaldın. Ümid edirəm ki, Allah onda şəfa qərar verib. Çünki inək yarpaq və otlarla qidalanır... Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, inək südü ilə müalicə olarmı? Həzrət buyurur ki, Allah bütün xəstəliklər üçün dərman qərar verib. Süd için, çünki inək hər ot və ağacdan yeyir... Həzrət (s) buyurur: Allah nə dərd göndəribsə, o dərdə dərman da göndərib. İnək südü dərdlərə dərmandır.

 

Sarımsaq..



Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (s) buyurur: Ey Əli (ə) sarımsaq ye. Əgər mələklərlə danışmasaydım mən də yeyərdim... Həzrət (s) buyurur: Sarımsaq yeyin, sarımsaqda 70 xəstəliyin dərmanı var.

 

Sürmənin faydaları...



İmam Sadiq (ə) buyurur: Bir bədəvi ərəbin gözündən su axırdı. Peyğəmbərin (s) görüşünə gəldi. Həzrət (s) onun gözlərinə baxıb buyurur: Görürəm ki, gözlərindən su gəlir. Əsməd sürməsindən istifadə et. Bu sürmə gözün nurunu artırır... Həzrət (s) buyurur: Müşklə ətrləndirilmiş Əsməd sürməsindən istifadə edin. Bu sürmə gözü işıqlandırır, tükü çoxaldır... Başqa bir məqamda Həzrət (s) buyurur: Sürmədən istifadə edin. Sürmə tükü artırır, gözü gücləndirir... İmam Həsən (ə) buyurur ki, Peyğəmbər (s) mənə tövsiyə edərdi: Övladım arxası üstə yat ki, qarnın kçik olsun. Suyu sora-sora iç ki, dadlı olsun. Sürmə çək ki, gözün işıqlansın. İki gündən bir yağ çək ki, Peyğəmbər (s) sünnəsinə əməl etmiş olasan.

 

Sidrin təsiri...



Peyğəmbər (s) qəmlənmişdi. Cəbrail Həzrətə (s) dedi ki, başını sidrlə yusun. O sidr “sidrətul-müntəha” deyilən sidrdən idi... Həzrət Əli (ə) buyurur: Allah İslamı aşkar təbliğ göstərişi verəndə Peyğəmbər (s) müsəlmanları az, müşrikləri çox görüb qəmləndi. Allah-Taala Cəbraillə Sidrətül-müntəhadan sidr göndərdi. Peyğəmbər (s) başını həmin sidrlə yudu, qəm-qüssəsi dağıldı.

 

Zeytun yağı haqqında tövsiyə...



Həzrət Peyğəmbər (s) buyurur: Zeytun yağı için, bədəninizə bu yağdan sürtün. Zeytun bərəkətli ağacdır... Həzrət (s) buyurur: Zeytun yağı için, onda bərəkət var... Həzrət başqa hədisdə buyurur: Zeytun yağından istifadə edn. Ondan için, bədəninizə çəkin. Çünki zərərsiz və münasib dərmandır.

 

Heyvan yağı...



Həzrət Peyğəmbər (s) buyurur: Heyvan yağı ilə hazırlanmış təamdan bir tikə yeyən həmin qədər xəstəlikdən qurtarar. İnəyin əti xəstəlik yaratsa, yağı və südü şəfa verər. İnsan orqanizmi üçün inək yağı qədər faydalı qida yoxdur.

 

Dağ donbəlanı (trüfel)



Bu bitki behişt bitkisidir. Suyu gözə faydalıdır... Dağ donbəlanı ağ mumdur, onun suyu göz dərdlərinin dərmanıdır... Dağ donbəlanı Allah-Taalanın Bəni-İsrailə göndərdiyi “mən” adlandırılan nemətdir. O gözə dərmandır.

 

Xiyarın faydaları...



Həzrət Peyğəmbər (s) buyurur: Xiyar yeyin, Allah xiyarda bütün dərdlərə şəfa qərar verib... Xurmanı xiyarla yeyin... Həzrət Peyğəmbər (s) xiyar yeyəndə duzdan istifadə edirdi.

 

Pərpərən...



Həzrət Peyğəmbər (s) buyurur: Pərpərən yeyin, Pərpərən tənbəlliyi aradan qaldırır. Pərpərən ağılı gücləndirir... Bir gün Peyğəmbər (s) bədənində hərarət hiss edib pərpərəni dişi arasına alıb sıxdı. Sonra sakitləşdi. Dedi ki, Pərvərdigara, bu otu bərəkətli buyur. Pərpərəndə 99 xəstəliyin şəfası var.

 

Bərni xurması...



Həzrət Peyğəmbər (s) buyurur: Cəbrail mənə dedi ki, bərni xurması fəqərə sütununun suyunu artırır...

Həzrət (s) buyurur: Bərni xurması yeyin. Bu xurma yorğunluğu aradan qaldırır, soyuqluq zamanı istilik gətirir, acılığı yatırır. Bərni xurmasında 72 dərman var... Həzrət (s) buyurur: Əcvə xurması zəhərlənmə zamanı faydalıdır... Bu xurmanı Mədinədə Peyğmbər (s) əkmişdi. Həzrət buyurub ki, oruc tutanda xurma ilə iftar edin, əgər xurma olmasa orucunuzu su ilə açın... Həzrət (s) buyurur: Hamiləliyin son dövründə olan qadına xurma verin. Çünki xurma övlada dözüm və paklıq gətirir... Başqa bir məqamda Həzrət (s) buyurur: Doğuşa yaxın qadına xurma verin. Çünki bu zaman övlad dözümlü olar. Həzrət Məryəm (s) Həzrət İsanı (s) dünyaya gətirəndə də yediyi xurma idi. Əgər bundan gözəl qida olsaydı Allah onu əta edərdi.

 

Yemişin faydası varmı?



Həzrət Peyğəmbər (s) buyurur: Yemiş yeməklə orqanizmin meyvəyə olan ehtiyacını ödəyin. Çünki yemiş behişt meyvələrindəndir. Yemişdə min bərəkət, min rəhmət qərar verilib. Yemiş xəstəliklərin dərmanıdır... Başqa məqamda Həzrət (s) buyurur: Yemişin suyu rəhmətdir, şirinliyi behişt şirinliyidir. Yemiş yeyin ki, meyvəyə olan ehtiyacınız təmin olsun. Həzrət (s) buyurur: Yeməkdən qabaq yemiş yemək mədəni yuyur, xəstəliklərin qarşısını alır... Başqa məqamda buyurur: Yemişi tikə-tikə yeməyin. Onu dişinizə çəkin, çünki bərəkətli meyvədir, pakdır. Ağızı təmizləyir, qəlbi müqəddəsləşdirir, dişləri ağardır, Allahın razılığına səbəb olur. Onun ətiri ənbərdən suyu Kövsər çeşməsindən, ləzzəti behişt ləzzətlərindəndir. Yemiş yemək ibadətdir.

 

Həcamət etdirmisizmi? (Qan aldırmaq)



Həzrət Peyğəmbər (s) buyurur: Həcamət gözəl dərmandır. Qanı hərəkət etdirir, gözü işıqlandırır, insanı yüngülləşdirir... Həzrət (s) buyurur: Həcamət gözəl adətdir. Gözü işıqlandırır, ağrını aradan qaldırır.

İmam Sadiq (ə) buyurur: Cəbrail nazil oldu ki, Peyğəmbərə (ə) misvak, xəlal (diş təmizləmək) və həcaməti tövsiyə etsin... Həzrət Peyğəmbər (s) buyurur: Əgər bədəninizdə qan qatılaşsa həcamət edin. Qan qatılaşıb insanı öldürə bilər... Həzrət Peyğəmbərin (s) xidmətçisi Sələmi deyir: Peyğəmbər (ə) başı ağrayan şəxsə, ayağı ağrayan şəxsə həcaməti tövsiyə edirdi. Buyururdu ki, həcamət et, ona həna yax... Həzrət (s) buyurur: Başdan həcamət dəliliyi, cüzamı, gecə korluğunu, alanı, baş ağrısını aradan qaldırır... Həcamət ağıl və yaddaşı gücləndirir...

 

Tərə  (kəvər) də faydalıdır...



Həzrət Peyğəmbər (s) buyurur: Göy-göyərti arasında tərənin yeri qidalar arasında çörəyin yeri kimidir... Bir gün Peyğəmbərin (s) yaxınları Həzrətin (s) hüzurunda tərədən danışırdı. Həzrət (s) buyurdu: Tərə göy-göyərtinin başıdır. Onun başqa göyərtilərdən üstünlüyü çörəyin başqa təamlardan üstünlüyü kimidir. Tərə bərəkətlidir, mənim və məndən öncəki peyğəmbərlərin göyərtisidir. Mən onu xoşlayıb yeyirəm. Ona baxanda sanki behişt yaşıllığını görürəm.

 

Sitrus berqamotu tanıyırsız?



Həzrət Peyğəmbər (s) buyurur: Turənc (berqamot) yeyin. Turənc qəlbi nuraniləşdirir, beyinin gücünü artırır... Həzrət (s) turəncə baxmağı xoşlayırdı. Başqa bir rəvayətdə deyilir ki, Peyğəmbər yaşıl turənc və qırmızı almaya baxmağı xoşlayırdı. Yusif və Züleyxa dastanında da bu meyvənin adı çəkilir. Klassik poyeziyada turəc aşiqin məşuqa ən yaxşı hədiyyəsi kimi qeyd olunub. Turəncin suyu ekzemaya, yağı əsəbə və iflicə, eləcə də boğaz və sinəyə faydalıdır.

 

Toyuq yumurtası yaddan çıxmasın!



Həzrət Peyğəmbər (s) buyurur: Peyğəmbərlərdən (s) biri zəiflikdən şikayətlənir. Allah göstəriş verir ki, toyuq yumurtası yesin... Həzrət (s) buyurur: Ətlə yumurtanı birlikdə yemək cinsi qüvvəni artırır... Üç şey arıqlamağa səbəb olur. Onlardan biri həddən ziyadə toyuq yumurtası yeməkdir.

 

Heyva hədiyyəsi...



Həzrət Peyğəmbər (s) buyurur: Heyva yeyin, onu bir-birinizə hədiyyə verin. Heyva gözü işıqlandırır, qəlbə eşq gətirir. Hamilə qadınlarınıza heyva verin ki, övladlarınız gözəl olsun... Həzrət (s) buyurur: Peyğəmbərlərdən (s) heyva ətiri gəlir. Hurilərin qoxusu iskəncəbin (bal) qoxusudur. Mələklərin ətri qızıl gül ətiridir. Qızım Fatimədən (s) heyva, isgəncəbin, qızıl gül ətiri gəlir. Allah hansı peyğəmbəri göndərdisə o peyğəmbərdə heyva ətiri var idi. Heyva yeyin, övladlarınızın gözəl olması üçün hamilə qadınlarınıza heyva yedirdin... Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: Ey Əli (ə)! Kim üç gün ac qarına heyva yesə, zehini paklanar, sinəsi elmlə dolar, dözümlü olar, şeytan və şeytansifətlərin hiyləsindən amanda qalar... Heyvanı ac qarına yeyin. Heyva sinənin istiliyini aradan qaldırır... Həzrət Əli (ə) buyurur: Bir gün Peyğəmbərin (s) əlində heyva var idi. Heyvadan mənə də verdi və buyurdu: Ey Əli (ə) heyva ye, bu Allahın mənə və sənə hədiyyəsidir. Mən ehyva yeməklə bütün ləzzətləri dadmışam... Bir gün Peyğəmbər (s) Cəfər ibn Əbu Talibə heyva verib buyurur: Heyva ye, heyva dərinin rəngini gözəlləşdirir, övlada gözəllik verir... Həzrət (s) buyurur: Heyva yeyin, heyva yaddaşı və zehini gücləndirir, sinədəki ağrını aparır, övladın gözəlliyinə səbəb olur... Bir gün Təlhə Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəbər (s) əlindəki heyvanı ona verib buyurdu: Əbu Məhəmməd, heyvanı ye, çünki ürəyi gücləndirir, ruhu paklaşdırır, sinədəki ağırlığı aradan qaldırır... Həzrət Peyğəmbər (s) buyurur: Ürəyinizdə ağırlıq hiss edəndə heyva yeyin... Heyva sinədəki ağırlığı götürür.

 

Ətdən sonra düyü!



Həzrət Peyğəmbər (s) buyurur: Düyü yaxşı dərmandır. Soyuq məzaclıdır, bütün qəstəliklərə qarşı faydalıdır... Dünya və axirət əhli üçün yeməklərin şahı ət, sonra düyüdür... Yeməklər arasında düyü tayfa arasında rəis kimidir.

 

Paxla yaddan çıxmasın...



Həzrət Peyğəmbər (s) buyurur: Kim bir paxla dənəsini qabıqlı yesə Allah həmin həddə onun xəstəliklərinə şəfa verər. İsa (s) səmaya qalxana qədər paxla yeməyi tərk etmədi.

 

“And olsun əncirə!”



Həzrət Peyğəmbərə (s) bir qədər əncir hədiyyə gətirdilər. Həzrət buyurdu: Əncir yeyin. Əgər behiştdən bir meyvə gəldiyini deməli olsaydım bu meyvənin adını çəkərdim. Əncir tumsuz meyvədir. Babasili sağaldır, başqa faydaları var... həm təzə, həm də qurudulmuş əncir yeyin. Cinsi qüvvəni artırır, babasili sağaldır, soyuqdəyməni aradan qaldırır.

 

Hər şəhərdə əvvəlcə soğan!



Həzrət Peyğəmbər (s) buyurur: Əgər bir şəhərə, bir vilayətə getsəniz, vəbaya yoluxmaqdan qorxsanız soğan yeyin. Soğan gözü işıqlandırır, tükü saflaşdırır, belin suyunu artırır. Soğan gün vurma və yorğunluğu aradan qaldırır... Həzrət (s) buyurur: Bir şəhər və kəndə gedəndə oranın soğanından yeyin ki, vəbaya tutulmayasınız.

C vitamini barədə çox yazılıb. Məhşur alman araşdırmaçısı professor Kervat deyir: Orqanizmin zəruri ehtiyacı olan c vitamininin çatışmamazlığı restoran və yeməkxana xörəklərindən daha çox gözlənilir... Əksər mütəxəssislər bu fikirdədir ki, evdən bayırda hazırlanan xörəklərdə c vitamini kifayət həddə deyil. Buna görə də göy-göyərti yeməklə c vitamininə olan ehtiyacı aradan qaldırmaq lazımdır.  Soğanda c vitamini kifayət qədər çoxdur. Həzrət Peyğəmbər (s) soğan yemək göstərişi verməklə bu vitaminə olan ehtiyacın təmin olunmasını nəzərdə tutur.

 

Pendir yuxu gətirir...



Həzrət Peyğəmbər (s) buyurur: Pendir yeyin, çünki pendir yuxu gətirir, həzmə kömək edir. Pendir xəstəliyə səbəb olur, amma qozla yeyilsə dərman olar. Pendir də, qoz da təklikdə xəstəlik yaradır. Birlikdə yeyilsə dərman olar. Hamilə qadın yemişlə pendiri birlikdə yesə övladı gözəl və əxlaqlı olar.

 

Qəm-qüssənizi sidrlə dağıdın!



İsa ibn Abdullah Ələvi atasından, babasından nəql edir ki, Peyğəmbər (s) qəmgin olduğu zaman Cəbrail dedi: Ey Allahın Rəsulu (s) başını sidrlə yu.

 

Saqqal üçün sevilən rəng... )Xizab)



Həzrət Peyğəmbərə xəbər verdilər ki, yaxınlarından bir qrupu saqqalına sarı rəng qoyub. Həzrət (s) buyurdu ki, bu İslamdandır, mən onları görmək istəyirəm. Həzrət Əli (ə) onların yanına gedib Peyğəmbərin (s) sözünü çatdırdı. Həmin adamlar Peyğəmbərin (s) görüşünə gəldilər. Həzrət Peyğəmbər (s) buyurur: Bu İslam rəngidir. Həzrət Əli (ə) buyurur ki, Peyğəmbərin (s) sözündən həvəslənənlər  növbəti dəfə saqqallarına qırmızı rəng qoydular. Həzrət (s) bunu eşidib buyurdu ki, bu iman rəngidir. Həmin adamlar Peyğəmbərin (s) təşviqi ilə ömürlərininin axırına qədər saqqallarına rəng qoydular. Həzrət Peyğəmbər (s) buyurur: Saqqala qoyulan rənglər arasında Allah üçün xoş olanı qara rəngdir... Həzrət (s) buyurur: Saqqala rəng qoymağın 14 xüsusiyyəti var. Qulağın havasını alır, gözü itiləşdirir, burunu yumşaldır, ağızı ətirləndirir, damağı möhkəmləndirir, bədənin pis qoxusunu aradan qaldırır, şeytan vəsvəsəsini uzaqlaşdırır, mələkləri sevindirir, möminlərin könlünü açır, kafirlərin qəzəbinə səbəb olur, gözəllik və xoş ətir səbəbidir, qəbirdə rahatlıq gətirir, nəkir və münkər ondan həya edir.

 

Saçınızı darayın!



Həzrət Peyğəmbər (s) buyurur: Saçı daramaq vəbanı uzaqlaşdırır, ruzini artırır, cinsi qabiliyyəti gücləndirir... Həzrət (s) buyurur: Kim şənbə və cümə axşamı günü dırnağını tutsa və bığını qısaltsa diş ağrısı və göz ağrısından amanda qalar.

 

Gün doğanda nar yesən...



Həzrət Peyğəmbər (s) buyurur: Nar meyvələrin şahıdır. Kim 40 gün gün doğan vaxt nar yesə şeytanı qəzəbləndirər... Həzrət (s) buyurur: Kim narı tam yesə qırx gecəyə qədər qəlbi nurani olar... Narı pərdəsi ilə yeyin, çünki bu halda mədəni yuyur.

 

Baş ağrısına qarşı...



Həzrət Peyğəmbər (s) buyurur: Hamamdan çıxandan sonra ayağı soyuq su ilə yumaq baş ağrısından qoruyur.

 

Tez qocalmaq istəmirsən?



Doqquz şey insanı tez qocaldar: Gecə ayaq üstə su içmək, qarnı üstə yatmaq, başı (mədəndən çıxan) torpaqla yumaq, yaxanı üzə sürtmək, qadının cinsi üzvünə baxmaq, ətirdən çox istifadə etmək, ayaqyolunda çox qalmaq, cinsi əlaqədə çox olmaq, yersiz danışmaq.

 

Şam yeməyi yeyirsiz?



Həzrət Peyğəmbər (s) buyurur: Şam yeməyini tərk etməyin. Bir neçə xurma ilə də olsa şam yeyin. Şam yeməmək qocalığa səbəb olur, şam yemək insanı cavanlaşdırır.

 

Dərmansız dərd yoxdur!



Həzrət Peyğəmbər (s) buyurur: Hər dərdin öz dərmanı var. Dərmanı verilsə xəstəlik sağalar... Dərdləri yaradan Allah onların dərmanını da yaradıb... Nə qədər ki, xəstəlik müəyyən olunmayıb dərmandan istifadə etmə... Təbabəti bilmədən tiblə məşğul olan şəriət qarşısında cavabdehdir. Tibbi bilmədiyindən bu işi görüb ölümə və ya zərərə səbəb olan şəriət qarşısında cavabdehdir.

 

Haram şeydən dərman olar?



Həzrət Peyğəmbər (s) buyurur: Bir şəxs haram şeylə özünə dərman etsə Allah-taala ona şəfa verməz... Tariz ibn Suid Cəfər şərab haqqında soruşanda Həzrət (ə) bunu qadağan edir. Tariq deyir ki, məqsəd dərman olsa necə? Həzrət (ə) buyurur: Bu dərman deyil, özü bir xəstəlikdir. Bir gün Ümmi Sələmənin qızı xəstələnir. Dərman üçün qaba şərab tökürlər. Peyğəmbər bunun nə olduğunu soruşur. Ümmi sələmə cavab verir. Peyğəmbər (s) buyurur: Allah-Taala haram şeyi dərman qərar verməyib...

 

Sağlam olmaq üçün...



Həzrət Peyğəmbər (s) buyurur: Hər işin yolu var. Sağlamlığın yolu üçdür: Az danışmaq, az yatmaq, az yemək.

 

Qəm-qüssə və ömürün uzunluğu...



Həzrət Peyğəmbər (s) buyurur: Çox nigarançılıq xəstəliyə səbəb olur... Qəm-qüssə qocalığın yarısıdır.

 

Bığ və dırnağı qısaltmaq...



Həzrət Peyğəmbər (s) buyurur: Cümə günü bığ və dırnaqları qısaltmaq dərdləri aradan qaldırır... Həzrət (s) buyurur: Dırnaqı tutmaq böyük dərdlərin qarşısını alır, ruzini artırır.


Yüklə 82,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin