Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Hegemonluğun inqilaba qarşı güclü kini



Yüklə 0,68 Mb.
səhifə4/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   2   3   4   5   6   7   8   9   ...   38

Hegemonluğun inqilaba qarşı güclü kini


Beynəlxalq hegemonluq İslama və inqilaba qarşı güclü kin bəsləyir. Bir xalq öz prinsiplərindən və dinindən əl çəkib təslim olmayınca onlar razı olmayacaqlar. Allah-Taala müsəlmanlara buyurur: "Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən razı qalmayacaqlar"1. Hegemonluğun kin və ədavəti bizim xalqımızın etiqadlarına, istiqlalsevərliyinə, "nə şərqçi, nə qərbçi" şüarına və İslama güclü bağlılığına görədir. Hegemonluğun ədavəti bitən deyil. Onun xalqımız əleyhinə güclü kin bəsləməsinə rəğmən, ümidvarıq ki, İran xalqı Allahın lütfü ilə bütün iqtisadi, siyasi və mədəni sahələrdə müqəddəs məqsədlərinə çatıb düşməni yerində oturda biləcək.

Zəncan vilayətinin ruhanilərinin, məmurlarının və əhalisinin, eləcə də Nəhavənd, Kaşmər, Bocnurd, Əsfərayin, Torqəbə və Çinaran, İqlid, Bəm, Məlayir və Dehbid şəhərlərinin müxtəlif təbəqələrinin beyət mərasimində çıxışdan: 1989.




İmama sevginin Allah lütfü olması


Allaha şükür olsun ki, İslam Respublikasının güclü dayaqları vardır. Bu respublikanın ən mühüm dayağı və bu binanın ən möhkəm dirəyi siz xalqsınız. Hansı hökumətdə sizin möhkəmliyiniz, iradəniz, ayıqlığınız və hazırlığınız olsa, hər bir təhlükədən qorunar. Təbii ki, bu amil asan əldə olunmur. Əgər quruluş güclü bir etiqad və doğruçu iman əsasında qurulmasa, xalq quruluşa belə könül verməz. Xalqın sevgisini qazanmaq insan işi deyil.

Sizin imama sevginizi onun özü yaratmamışdı, Allah yaratmışdı. Sizin birliyiniz, həmrəyliyiniz, məhəbbətiniz, səmimiliyiniz, müqavimətiniz, yekdilliyiniz və göstərdiyiniz qətiyyətli fəallıq Allahdan başqa bir kəsin işi deyil. Heç kəs deyə bilməz ki, bunu mən etdim. Allahın Peyğəmbəri (s) də belə işlər görə bilməzdi. Allah-Taala Peyğəmbərinə (s) buyurur: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi"1.

Hərəkatın zirvə dövründə də işi görən Allah idi, əziz imamımızın səmərəli həyatının onillik parlaq dövründə də, bu gün də. Allah bu xalqladır. Əgər siz xalqın ixlası və fədakarlığı olmasaydı, Allah sizi belə himayə etməzdi. Bu, imanın və saleh əməlin nəticəsidir. Harada iman və saleh əməl olsa, Allahın lütfü də olar: "Kim Allah üçün çalışsa, Allah da onun üçün çalışar"2. Bunlar yalan deyil, varlıq aləminin həqiqətləridir. Bir xalq özünü Allaha və ilahi məqsədlərə həsr etdikdə Allah da təbiətin bütün qüvvələrini o xalqın ixtiyarına buraxır və Öz lütfünü onlara şamil edir.

Qum, Rəfsəncan və Kəhnuc şəhərlərinin müxtəlif təbəqələrinin beyət mərasimində çıxışdan: 1989.



Hegemon qüvvələrin İslamla tarixi düşmənliyi

Biz əsl İslamın bayraqdarı olan əziz imamın arxasınca həqiqi İslam şüarları verdiyimiz gün düşmənlərin və böyük güclərin önümüzdə duracağını bilirdik. İslamın erkən çağında da belə olmuşdur. Yəhudi, münafiq, kafir və müşriklər Peyğəmbər (s) şəhərinin ətrafını mühasirəyə alıb Əhzab döyüşünü başlatdıqda həqiqi möminlər dedilər: "Bu, Allahın və Rəsulunun bizə vəd etdiyidir"1. Bu yeni bir şey deyil, Allah və Onun rəsulu (s) bizə demişdilər ki, pislər, quldurlar və azğınlar sizin əleyhinizə əlbir olacaqlar. Buna əsasən, onlar ilahi vədin doğruluğunu gördüklərindən imanları gücləndi.

Fars və Hürmüzqan vilayətlərinin, Qəzvin, Takistan, Əbhər, Şahinşəhr, Sari, Kiyasər, Firidunkənar və Behşəhr şəhərlərinin ruhanilərinin, məmurlarının, müxtəlif təbəqələrinin və İslam İnqilabının Mühafizəçiləri Korpusunun beşinci Aşura diviziyasının beyət mərasimində çıxışdan: 1989.

İnqilabın ən mühüm mesajlarından biri: İslam ümmətinin birliyi

İran İslam İnqilabında və ümmət imamının yaratdığı əzəmətli hərəkətdə əsas məsələlərdən biri böyük İslam ümmətinə, coğrafi, irqi və dil fərqlərinə rəğmən, dünya müsəlmanları arasında güclü və möhkəm dostluğa əhəmiyyətli yanaşmaqdır. Bəlkə də bütün dünya müsəlmanları üçün bir neçə əsas məsələdən biri budur.

Müstəmləkənin Şərq və İslam ölkələrinə girməsində məqsədlərdən biri də müsəlmanlar arasında ayrılıq salmaq idi. İslam aləmində müsəlman qardaşlar arasında ayrılıq yaratmaq üçün millətçi hissləri qabartmaqdan tutmuş firqə ixtilaflarını yaratmağa və gücləndirməyə qədər müxtəlif yollardan istifadə etdilər. Heç şübhəsiz, bu işdə müstəmləkənin aləti olan azğın hökumətlərin rolu misilsiz və çox böyük olmuşdur.

Biz bu gün bütün dünyada təxminən birmilyardlıq bir toplumu təşkil edirik. Bugünkü dünyanın ehtiyac duyduğu əsas sərvətlər bu strateji və həssas bölgələrdədir. Lakin eyni zamanda dünya müsəlmanları əksər ölkələrdə - istər azlıqda olduqları ölkələrdə, istərsə də xalqın böyük əksəriyyətini təşkil etdikləri ölkələrdə ictimai, siyasi və iqtisadi baxımdan xoşagəlməz durumda yaşayırlar.

İslam və şərafətli Quran ayələri isə öz ardıcıllarını müxtəlif bəşəri keyfiyyətlərə - elmə, əxlaqi dəyərlərə, ictimai ədalətə, başucalığına, qüdrətə, birliyə və zor qarşısında təslim olmamağa sövq edir. Aydın şəkildə anlamaq olar ki, İslam dünyasında və bütün dünyada müsəlmanların indiki vəziyyəti təbii, yaxud təsadüfi bir vəziyyət deyil. Əslində müsəlmanları düşünülmüş şəkildə bu vəziyyətə salmışlar.

İranda bizim böyük və əzəmətli imamımızın rəhbərliyi ilə başlayan İslam hərəkatının ilk günündən onun ən əsas məqsədlərindən biri dünya müsəlmanlarının birliyi, zalım və təcavüzkar güclərin əllərinin müsəlmanlar ölkələrindən kəsilməsi olmuşdur. Bu, hələ də bizim inqilabımızın mesajıdır.

İslam İnqilabının Böyük Rəhbərinin vəfatının qırx mərasimində iştirak edən xarici qonaqların, Məşhəd əhalisinin müxtəlif təbəqələrinin və Xuzistan vilayətinin bəzi əşirətlərinin beyət mərasimində çıxışdan: 1989.

Quran ayələrinin imamın həyatında və hərəkatında təcəssüm olunması

Uca insan və pak müsəlman olan imamımızın şəxsiyyətini təsvir etmək üçün Qurana müraciət etməkdən və bunu Allahın saleh bəndələrini vəsf edən ayələrdə axtarmaqdan yaxşı yol yoxdur.

O, möminləri ilahi vilayətə qoşan cihad və hicrətlə "İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər"1 ayəsinə nümunə oldu. O, Allah yolunda təhlükəyə atılmaqla və canından qorxmamaqla Allahın "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canlarını fəda edərlər"2 deyə vəsf etdiyi insanların zümrəsinə qoşuldu. O, Allah yolunda tarixi qiyamı, ədalətin bərqərar edilməsi, məzlumların zülm və ayrıseçkilikdən qurtulması naminə misilsiz səyi ilə "Allah yolunda möhkəm olun"3 və "Ədalətdən möhkəm yapışanlardan olun"4 nidasına fəxrlə cavab verdi. O, müşriklərə və inadkar kafirlərə qarşı qəzəb və nifrəti, dünya müsəlmanlarına qarşı isə sevgi və mərhəməti ilə "Kafirlərə qarşı sərt, bir-birinə mehriban"5 ayəsinin kamil nümunəsi oldu. O, ixlaslı münacatı və ibadəti ilə "Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama ucaltsın"6 ayəsinə şamil oldu. O, yaxşı işlərə dəvət edən, pis işlərdən çəkindirən və Allah yolunda mücahd idi. O, haqqa məhəbbət və haqda fəna ilə uyğun olmayan hər bir bağı qırmaqla "Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın dəstəsidirlər. Bilin ki, məhz Allahın dəstəsi nicat tapanlardır"7 ayəsinin nümunəsinə çevrildi.

O, günlərinin, saatlarının və anlarının diqqətlə keçdiyi ömrü ilə ixlaslı, təqvalı və saleh insanları vəsf edən yüzlərlə Quran ayəsini təcəssüm etdirib, real nümunəsini yaratdı. O, İslam cəmiyyəti qurmaqla Quranı yalnız cəmiyyətdə yox, hətta öz daxilində və həyatında da reallaşdırdı.

O, Musanın (ə) əsası və parlayan ağ əli, Mustafanın (s) nitqi və məntiqi ilə məzlumların xilasına qalxan, dövrün fironlarının taxt-tacını titrədən və məzlumların qəlbinə ümid işığı saçan Ruhullah - Allah ruhu idi. O, insanlara hörmət, möminlərə başucalığı, müsəlmanlara qüvvə və qüdrət, maddi və ruhsuz dünyaya mənəviyyat, İslam dünyasına hərəkət, Allah yolunun mübariz və mücahidlərinə cəsarət və şücaət verdi.

O, bütləri qırdı və şirk inamlarını məhv etdi. O hamıya başa saldı ki, kamil insan olmaq, Əli (ə) kimi yaşamaq və məsumluq məqamının yaxınlığına qədər getmək əfsanə deyil. O, xalqlara da anlatdı ki, güclənmək, əsarət zəncirlərini qırmaq və istismarçılarla vuruşmaq mümkündür. Bəsirət sahibləri haqqa yaxınlıq işığını onun nurlu çöhrəsində gördülər. Onun həyatında və ölümündə nazil olan ilahi neməti isə hamı daddı. Və onun bu duası qəbul olundu: "Ey Rəbbim! ömrüm boyu Sənin yaxşılığını gördüm. Ölüm zamanı da yaxşılığını məndən əsirgəmə!"1

O öz vəfatı ilə başqa bir inqilab etdi, cənazəsi ətrafına on milyon qüssəli insan topladı və İslam dünyasında yüz milyonlarla insanı matəmə qərq etdi. Öz sağlığında firon taxtlarını titrətdiyi kimi, ölümü ilə də düşmənlərin gözündən yuxunu və xam xəyalı apardı.

Bundan sonra dünya Böyük Xomeyninin hər gün daha da şöhrətlənməsinin şahidi olacaq. Onun əkdiyi ağac və səpdiyi toxum Allahın buyurduğu gözəl sözdür: "Kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər"2.

Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günü münasibəti ilə İran xalqına müraciətdən: 1989.

İmamın iki böyük əməli və nailiyyəti

Onun barəsində çox danışılmış, çoxlu sözlər deyilmişdir. Amma mənim fikrimcə, dünya analitiklərinin Böyük İmamı düzgün tanımalarına hələ çox var. Tarix boyu peyğəmbər və övliyalardan sonra onun kimi əzəmətli şəxsiyyətlər çox nadir hallarda meydana çıxırlar. Onlar böyük işlər görür, ildırım kimi parlayır və hər tərəfi işıqlandırıb gedirlər.

Bizim böyük imamımız öz böyüklüyünə uyğun olan böyük işlər gördü. Mən bu gün onların bəzisini sizə xatırladacağam. Şübhəsiz, araşdırmaçı və mütəfəkkirlər ümmət imamının böyük işlərinin siyahısını yazmaq istəsələr, bu gün mənim saydıqlarımdan dəfələrlə çox olar.
1. İslamı dirçəltmək

Onun ilk böyük işi İslamı dirçəltməsi idi. İki yüz ildir müstəmləkə mərkəzləri İslamı tamamilə unutdurmağa çalışırlar. İngiltərənin baş nazirlərindən biri dünyanın müstəmləkəçi siyasilərinin iclasında demişdi ki, biz müsəlman ölkələrində İslamı təcrid etməliyik. Ondan öncə və sonra da İslamı birinci növbədə ictimai həyatdan və ikinci növbədə insanların zehnindən və fərdi əməlindən çıxarmaq üçün çoxlu pullar xərcləmişlər. Onlar bilirdilər ki, bu din böyük güclərin və hegemonluğun talançılığına ən böyük maneədir. Bizim imamımız İslamı yenidən dirçəltdi, onu insanların düşüncəsinə, əməlinə və dünyanın siyasi səhnəsinə qaytardı.


2. Müsəlmanların başucalığı duyması

Onun ikinci böyük işi müsəlmanlara başucalığı ruhunu qaytarması idi. İslam sırf nəzəri məsələlərdə, təhlillərdə, universitetlərdə, cəmiyyətdə və xalqın həyatında ortaya qoyulmadı, bizim imamımızın hərəkatının təsirindən müsəlmanlar dünyanın hər bir yerində başucalığı hiss etdilər.

Müsəlmanların azlıqda olduğu böyük bir ölkədən olan bir müsəlman mənə deyirdi ki, İslam inqilabından qabaq özlərinin müsəlman olmalarını heç zaman bildirmirdilər. Müsəlman ailələr öz uşaqlarına müsəlman adlar qoysalar da, o adı adam içində söyləmir, buna xəcalət çəkir və həmin ölkənin adətinə uyğun yerli adlardan istifadə edirdilər. O deyirdi ki, sizin inqilabınızdan sonra bizim xalqımız fəxrlə özünün müsəlman adını deyir, onlardan kim olduqlarını soruşanda birinci növbədə fəxrlə müsəlman adlarını söyləyirlər.

Deməli, imamın gördüyü böyük işə görə müsəlmanlar dünyanın hər bir yerində başucalığı hiss edir, özlərinin müsəlman olmaları ilə və İslamla öyünürlər.


3. İslam ümməti anlayışının dərki

Onun üçüncü böyük işi müsəlmanlara İslam ümməti anlayışını dərk etmək bacarığı verməsi idi. Bundan qabaq müsəlmanlar dünyanın harasında olsaydılar, onlar üçün İslam ümməti adlı bir şeyin mənası yox idi və ümumiyyətlə ciddi sayılmırdı. Bu gün Uzaq Şərqdən Afrikanın ürəyinə, bütün Orta Şərqə, Avropaya və Amerikaya qədər hər yerdə müsəlmanlar İslam ümməti adlı böyük bir beynəlxalq toplumun hissələri olduqlarını bilirlər. İmam İslam ümmətinə qarşı məsuliyyət hissi yaratdı və bu, hegemonluğun qarşısında müsəlman cəmiyyətlərini müdafiə etmək üçün böyük silahdır.


4. Azğın və asılı rejimin məhvi

Onun dördüncü böyük işi regionun və dünyanın ən mürtəce, ən çirkin və ən asılı rejimlərindən birini məhv etməsi idi. İranda şah hökumətinin devrilməsi heç kimin təsəvvür etmədiyi ən böyük uğurlardan biridir. İran Fars körfəzi regionunda və Orta Şərqdə müstəmləkənin ən mühüm qalası sayılırdı. Bu qala bizim imamımızın əli ilə uçuruldu.


5. İslam hökuməti qurmaq

Onun beşinci işi İslama əsaslanan bir hökumət qurması idi. Bu, müsəlmanların və qeyri-müsəlmanların təsəvvür belə etmədiyi bir şey, sadəlövh müsəlmanların da heç zaman güman etmədiyi və gözləmədiyi şirin yuxu idi. İmam bu əfsanəvi xəyala möcüzə həddində reallıq donu geyindirdi.


6. Dünyada İslam hərəkatını dirçəltmək

Onun altıncı işi dünyada İslam hərəkatı yaratması idi. İslam inqilabından öncə bir çox ölkələrdə, o cümlədən müsəlman ölkələrində qruplar, gənclər, narazılar və azadlıqsevərlər solçu ideologiyalarla meydana atılırdılar. İslam inqilabından sonra isə azadlıq hərəkatlarının təməli və əsası İslam oldu. Bu gün geniş İslam dünyasının hər hansı bir nöqtəsində xalq, yaxud qruplar azadlıq və hegemonluqla mübarizə naminə hərəkət edərkən İslam təfəkkürünə əsaslanır və ümid bəsləyirlər.


7. Şiə fiqhinin yeni cəhətlərinin izahı

Onun yeddinci böyük işi şiə fiqhində yeni baxış yaratması idi. Bizim fiqhimizin metodikasının çox güclü təməlləri olmuşdur və var. Şiə fiqhinin metodikası ən güclü fiqh metodikalarından biridir, çox güclü əsaslara, qayda və prinsiplərə söykənir. Əziz imamımız bu güclü fiqhə geniş miqyasda dünya və hökumət baxışı ilə yanaşdı və fiqhin aydın olmayan cəhətlərini açdı.


8. Əxlaqlı və zahid şəkildə rəhbərlik etməyin mümkünlüyünü göstərmək

Onun səkkizinci işi hakimlərin fərdi əxlaqa dair yanlış inamlarını puç etməsi idi. Cəmiyyətin başında duranların özəl xarakterlərə sahib olması dünyada qəbul olunmuş məsələdir. Dünya xalqları qəbul etmişlər ki, təkəbbürlülük, lüks həyat tərzi, israfçılıq, dəbdəbə, xudpəsəndlik, eqoistlik və bu kimi xüsusiyyətlər hökumət başçılarının səciyyələrindəndir. Hətta inqilabçı ölkələrdə dünənə qədər çadırlarda yaşayan, daxmalarda gizlənən inqilabçılar da hakimiyyətə gələn kimi vəziyyətləri və xarakterləri dəyişir, dünyanın digər şah və prezidentləri kimi yaşamağa başlayırlar. Biz bunu yaxından görmüşük. Xalq üçün də təəccüblü deyil.

Bizim imamımız bu yanlış ənənəni dəyişdirdi və göstərdi ki, bir xalqın və dünyanın digər müsəlmanlarının sevimli rəhbəri zahid şəkildə yaşaya, təmtəraqlı saraylar əvəzinə bir hüseyniyyədə görüşlər keçirə və xalqın qarşısına peyğəmbərlərin geyimi, dili və əxlaqı ilə çıxa bilər.

Əgər hakim və başçıların qəlbləri həqiqət nuru ilə işıqlanmış olsa, dəbdəbə, israfçılıq, artıq xərclər çəkmək, xudpəsəndlik, təkəbbürlülük və hegemonluq onların qəti xüsusiyyətlərindən hesab olunmaz. O həzrətin böyük möcüzələrindən biri bu idi ki, həm öz həyatında, həm də yaratdığı quruluşda həqiqət nuru parlayırdı.


9. Milli qürur və özünəinam ruhiyyəsi yaratmaq

Onun doqquzuncu işi İran xalqında qürur və özünəinam ruhiyyəsi yaratması idi. Əziz qardaşlar! Avtoritar və monarxist hökumətlər uzun illər bizim xalqımızı zəif, məzlum və başıqapazlı bir xalq formasına salmışdılar. Halbuki bu xalq parlaq istedadlara və çox dəyərli olan ümumi xislətlərə malikdir və İslamdan sonrakı tarix boyu böyük elmi və siyasi nailiyyətləri vardır.

Xarici qüvvələr - bir müddət ingilislər, bir müddət ruslar və digər Avropa dövlətləri və ondan sonra amerikalılar bizim xalqımızı təhqir etmişlər. Bizim xalqımız inanmışdı ki, böyük işlərə bacarığı və ləyaqəti yoxdur; quruculuq bacarmır, yaradıcılıq bacarmır, digərləri ona ağalıq və hökmranlıq etməlidirlər. Bizim xalqımızda milli qürur hissini öldürmüşdülər. Bizim əziz imamımız isə İran xalqında milli qürur və fəxr hissini oyadıb dirçəltdi.

Bizim xalqımız hegemonluğun yaratdığı və mənfur Pəhləvi rejiminin rəvac verdiyi yersiz millətçi hiss və qürurlardan uzaq durduğu halda başucalığı və qüdrət hiss edir. Bu gün bizim xalqımız Şərqin, Qərbin və irticaçıların əl-ələ verib müştərək təxribat hazırlamasından qorxmur və aciz olduğunu düşünmür. Bizim gənclərimiz hiss edirlər ki, özləri ölkələrini qura bilərlər. Bizim xalqımız Şərqin və Qərbin hegemonluqları qarşısında dayanmağa qadir olduğunu hiss edir. Bu başucalığı, özünəinam, milli qürur və həqiqi fəxr ruhunu imam bizim xalqımızda dirçəltdi.


10. Şərq və Qərbdən müstəqilliyin mümkünlüyünün isbatı

Və nəhayət onun onuncu böyük işi "nə şərqçi, nə qərbçi" düşüncəsinin mümkün bir prinsip olduğunu isbat etməsidir. Başqaları elə bilirdilər ki, ya Şərqə güvənməlidirlər, ya Qərbə; ya bu gücün çörəyini yeməli və bunu tərifləməlidirlər, ya da o biri gücün. Düşünmürdülər ki, bir xalq həm Şərqə, həm Qərbə "yox" deyib ayaqda qala və özünü günbəgün gücləndirə bilər. Amma imam bunu isbat etdi.

Mən imamın böyük işlərindən onunu saydım, amma oturub fikirləşsək, bu ilahi insanın nailiyyətləri arasında bundan dəfələrlə çoxlu böyük işlər tapa bilərik.

Tehranın cümə namazı xütbələrindən: 1989.





Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin