Telman orucov


“525-ci qəzet”.19-20.01.2007



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   2   3   4   5   6   7   8   9   10   ...   28
“525-ci qəzet”.19-20.01.2007 
 
 
İngiltərə: təəssüratlar və düşüncələr 

71 
 
 
Ada  dövləti  olan  Böyük  Britaniya  təkcə  öz  tarixi  keçmişi  ilə  deyil,  həyat 
tərzi,  özünəməxsus  qaydaları  ilə  sehrli,  bir  qədər  də  müəmmalı  bir  ölkə  təsiri 
bağışlayır.  İki  min  il  əvvəl  (b.e.ə.55-ci  ildə)  Roma  sərkərdəsi  Yuli  Sezar  buraya 
hücum  edərək, ölkənin  cənubunu  işğal  etmişdi. O  vaxta  qədər  isə  ada  işğallardan 
yayına  bilmişdi.  XVII  əsrdə  dəniz  dövlətinə  çevrilmiş  İngiltərə  ayrı-ayrı  qitələrə 
ayaq  açmağa  başladı,  müxtəlif  yollarla  əsasən  koloniyalar  yaratmaq  və  iqtisadi 
asılılığa salmaq vasitəsi 
ilə  müstəmləkələrə  malik  olub,  böyük  imperiya  yaratdı.  Artıq  XIX  əsrdə 
Böyük  Britaniya  imperiyası  insan  yaşayan  bütün  qitələrdə  öz  müstəmləkələrinə 
sahib  idi,  bu  kraliça  Viktoriyaya,  vaxtilə  İspaniya  imperiyası  barədə  deyilən 
“Mənim  imperiyam  üzərində  günəş  batmır”  sözlərini  təkrar  etmək  hüququnu 
verirdi.  İndi  də  ingilis  dilli  xalqlar  Şimali  Amerikanın  nəhayətsiz  sərvtələrinə 
nəzarət  edirlər.  Bunlarla  yanaşı  İngiltərə  dünyanın  sürətli  tərəqqisinə  yol  açan 
Sənaye  inqilabının  beşiyi  olmaqla  bəşəriyyət  üçün  əvəzolunmaz  xidmət 
göstərmişdir. 
Bu ölkə ilə qiyabi tanışlıq nə qədər uzun çəksə də, hətta dərin xarakter daşısa 
da,  əyani  ünsiyyət  daha  çox  şey  vəd  edirdi.  Maraqlandığın  bir  diyarı  və  xalqı 
yaxından  müşahidə  etmək,  onların  müxtəlif  cəhətləri  ilə  təmasda  olmaq  heç  də 
adicə  həvəs  adlandırıla  bilməzdi.  Təyyarə  Londonun  Qatvik  hava  limanına 
yaxınlaşdıqda aşağıda yamyaşıl çəmənliklər, əkin tarlaları gözə dəyir. Şair Cerard 
Hopkinskin vaxtilə yazdığı “Şirin, xüsusi nəzərə çarpan kənd mənzərəsi”in həqiqət 
olduğuna  yəqinlik  tapırsan.  Sonralar  addımbaşı  müşahidə  etdiyimiz  və 
xoşladığımız  bu  mənzərə  ingilis  ədəbiyyatında  və  peyzaj  rəssamlığında  layiqli 
yerini tutmuşdur. 
Təyyarə  meydanında  qarşılamağa  çıxmış  iyirmi  beş  il  əvvəl  ailələrimizin 
qonşuluq  etdiyi,  hazırda  Londonda  yaşayan  İlqarla  və  bir  qədər  əvvəl  tələbə 
uşaqları  ilə  görüşə  gəlmiş  Milli  Məclisin  bir  neçə  çağırış  deputatı  olan  yerlimlə 
mehriban  görüşürük.  Gənc  və  köhnə  dostumun  idman  maşınına  bənzər 
“Mersedes”ində  paytaxta  yola  düşürük.  Yolların  hamarlığı,  güzgü  səthi  kimi 
düzlüyü o qədər də təəccübləndirmir, mən hətta ekvatorial Afrikada belə rahat və 
səliqəli  magistralları  görmüşəm.  London  ətrafında  isə  yol  şəbəkəsi  olduqca 
mürəkkəbdir.  Çünki  ölkənin  paytaxtı  milli  nəqliyyat  sisteminin  bəbəyidir.  Elə  bil 
ki,  İngiltərədə  bütün  yollar  Londona  aparır,  başlıca  dəmiryol  şəbəkəsi  də  burada 
birləşir,  həm  də  bu  şəhər  iri  və  kommesiya  nöqteyi-nəzərindən  ən  mühüm  su 
nəqliyyatının  mərkəzidir.  Ona  görə  paytaxt  ətrafında  yolların  bir-birini  kəsib 
keçməsinə,  müasir  viadukların  çoxluğuna  heyrətlənmək  lazım  gəlmir.  Lakin  bu 
mürəkkəbliyə  çox  sayda  nişanlar  asanlıqla  baş  çıxarmaq  xüsusiyyəti  ilə  yanaşı 
başgicəlləndirici çətinliyə bir sadəlilik verir. 
Sonrakı  müşahidələrim  də  bir  daha  təsdiq  etdi  ki,  deyəsən  aramlı  həyat 
tərzinə  alışmış  İngiltərədə  və  Şotlandiyada  heç  kəs  sürətlə  hərəkət  etmək  barədə 
düşünmür,  cıdırdakı  at  qaçışına  göstərdikləri  həvəsdən  fərqli  olaraq  avtomobil 
derbisini  o  qədər  də  sevmirlər,  idarə  etdikləri  nəqliyyatı  sakit,  mən  deyərdim  ki, 
ifrat  ehtiyatlılıqla  sürürlər.  Elə  bil  ki,  maşın  sürətlə  getmir,  yavaş-yavaş  üzür, 

72 
 
deyəsən  hər  bir  sürücü  sükan  arxasına  əyləşməmişdən  əvvəl  hirsini,  qəzəbini, 
nəhayət, dəlisovluğunu tərk etdiyi yerdə qoyur, heç vaxt nə sürət və nə də əylənc 
vurmaqda  biruzə  vermir,  öz  təmkinini  və  soyuqqanlılığını  qoruyub  saxlamağı 
bacarır.  Orada  sürücülərin  bir-birini,  ya  piyadanı  söyməsi  kraliçaya  qarşı  qiyam 
qaldırmaq kimi ağlabatmayan bir hadisə olardı. 
Yollardakı,  şəhərlərin  küçələrindəki  hərəkət  qaydaları  bu  barədə 
yanılmadığını  bir  daha  təsdiqləyir.  İndicə  daxil  olduğumuz  iri  metropoliyada 
küçələr  o  qədər  də  geniş  deyildir,  səkilər  xeyli  genişdir,  lakin  burada  tıxaclara 
olduqca az rast gəlirsən, yalnız şəhərə girəndə və oradan çıxanda, xüsusən iş günü 
başa çatdıqda bu nizamsızlığın ifadəsi kimi irəliləmə sürətinin bir qədər azaldığını 
görürsən.  Digər  təəccübləndirici  bir  cəhəti  isə  küçələrdə,  yollarda  iri  minik 
maşınlarına  nadir  hallarda  rast  gəlməkdir.  İngilislər  kiçik,  yığcam  maşınlara 
üstünlük verirlər. Kiçik maşınların mühhəriki nisbətən az işlənmiş qaz buraxır, onu 
hərəkət  vaxtı  döndərmək  də  xeyli  asandır,  həmçinin  böyük  olmaması  tıxaclara 
gətirib  çıxarmamağa  köməklik  edir,  küçədə  saxlayanda  da  az  yer  tələb  edir  və 
yavaş hərəkət etdikdə onun qorxulu təhlükə törətməsi ehtimalı da azalır. 
Adətən  bir  şəhərə  və  ya  mənzərəyə  qiymət  verərkən  onları  başqaları  ilə 
müqayisə  edirsən.  Dünyanın  bir  çox  gözəl  şəhərlərini  görən  adamda  isə  bu 
müqayisəni  obyektiv  aparmaq  imkanı  yaranır.  Çoxları  güman  edir  ki,  burada 
Parisin  müstəsna  gözəlliyini,  Romanın  tarixi  abidələr  bolluğunu,  Nyu-Yorkun 
qüdrət  zirvələrini,  Pekindəki  qədimliliklə  müasirliyin  vəhdətini,  Madriddəki 
keçmişini  hələ  qatılığını  itirməmiş  kölgəsini  görməyəcəkdir.  Mübaliğəyə  yol 
vermədən  demək  olar  ki,  Parisin  gözəlliyini,  Romanın  abidə  zənginliyini,  Nyu-
Yorkun  möhtəşəmliyini,  Pekinin  təzadları  yoluna  qoyan  səmərəli  həll  üslubunu, 
Madridin  keçmişi  yaşatmağa  qayısının  göz  oxşayan  nümunələrinin  hamısını 
Londonda  seyr  etmək  mümkündür.  Bu  şəhərin  tarixi  Roma  işğalı  dövründən 
başlanır.  Londonun  mərkəzi  daha  yığcam  və  daha  zəngin  olması  ilə  fərqlənir. 
Şəhərin arxitekturasında xaricin təsiri danılmazdır, lakin əcnəbi üslublar da ingilis 
aspektini  qəbul  etmişlər  və  bu  görkəmdə  təzahür  edirlər.  Memar  Kristofer  Renin 
inşa  etdiyi  tikililərdə  isə  Avropa  Renessansının  təsiri  özünü  daha  güclü  qaydada 
biruzə verir.  
Londonun ən məşhur meydanı Trafalqar-skverdir. Bu meydanı fərqləndirən 
cəhət orada bağın olmaması və daim adamlarla dolu olmasıdır. Burada 1805-ci ilin 
oktyabrındakı  Trafalqar  döyüşünün  qəhrəmanı  olmuş  Horatsio  Nelsonun  heykəli 
ucalır.  Heykəlin  durduğu  qələbə  sütununun  hündürlüyü  55  metrdən  çoxdur. 
Heykəlin  ətrafında  iki  fəvvarə,  qara  daş  şirlər,  canlı  göyərçinlər  vardır.  Seçilmiş 
hərbçilərin  xatirə  heykəlləri  admiralın  abidəsini  əhatə  edir.  Fransa  və  ispan 
donanması üzərində qələbə günü admiral Nelson flaqman gəmisinin göyərtəsində 
gəzişərkən  yaxınlıqdakı  fransız  gəmisindən  snayperin  atdığı  güllə  onu  ölümcül 
yaralamış,  az  sonra  o,  həyatla  vidalaşmışdı.  Admiral  Nelsonun  ledi  Hamiltonla 
sevgisi  də  onun  hərb  şücaəti  kimi  şöhrət  tapmışdı  və  bu  ehitarslı  məhəbbətdən 
yeganə  qızları  yadigar  qalmışdı.  Abidənin  əhatəsindəki  daş  dövrədə  onun 
döyüşdən  əvvəl gəmilərinə  göndərdiyi  sözlər nəşr olunmuşdur:  “England  expects 
that every man will do his duty» - «İngiltərə gözləyir ki, hər kəs öz borcunu yerinə 

73 
 
yetirəcəkdir».  Skverin  (meydanın)  şimal  hissəsində  Milli  Qalereyanın  sütunlu 
binası yerləşir. Nelsonun abidəsindən cənubda isə kral I Çarlzın heykəli ucalır. Bir 
qədər  cənubda  isə  baş  nazirin  iqamətgahı  olan  Dauninq-strit,  10  yerləşir.  Bu 
evlərdən ibarət gödək küçədə, baş nazirin iqamətgahının yanında hökumət binaları 
sıralanır.  
Parlament  skver  isə  Britaniyanın  iki  mühüm  binasına,  Parlamentin 
palatalarına və  Vestminister abbatlığına aparır. İngiltərə  Parlamenti 1265-ci ildən 
fəaliyyətə  başlamışdır,  parlamentizmin  tarixində  və  inkişafında  xüsusi  yer  tutur. 
Turistlər üçün maraqlı olan yerlərdən biri isə hazırda kraliçanın yaşadığı Bukingem 
sarayıdır. Bu saray XVIII əsrin əvvəlində Bukingem hersoqu tərəfindən tikdirilmiş, 
altmış il sonra kral III Corc tərəfindən satın alınmışdır. İlk dəfə kraliça Viktoriya 
Bukingem sarayını monarxların London iqamətgahına çevirmişdir. 
Trafalqar-skverdə  dolaşdıqdan  sonra  Milli  Qalereyanı  ziyarət  etməmək 
bağışlanmaz  günah  sayıla  bilərdi.  Britaniyada  olan  rəsm  əsərlərinin  ən  böyük 
kolleksiyası  məhz  burada  nümayiş  etdirilir.  Qalereyada  Renessas  rəssamlarının 
əsərləri  geniş  yer  tutur.  Bu  muzey  italyan,  ispan,  holland,  fransız  və  ingilis 
rəssamlarının  bir  sıra  inciləri  ilə  öyünə  bilər.  Buradakı  tablolar  təkcə  unikal  və 
bütün  dünyada  məşhur  olmaları  ilə  deyil,  həm  də  onların  düşünülmüş  ardıcıllıqla 
təqdim  edilməsi  ilə  seçilir.  Burada  müxtəlif  milli  rəngkarlıq  məktəblərinin  tarixi 
inkişafı haqqında geniş məlumat almaq mümkündür. 
Sandro  Bottiçellinin  «Venera  və  Mars»,  Rafaelin  «Asideya  madonnası», 
Mikelancelonun  «Xristin  dəfn  edilməsi»,  Leonardo  da  Vinçinin  «Madonna 
kahada» əsərləri bu İntibah titanlarının yaradıcılığı ilə yenidən tanış olmaq imkanı 
yaradır.  Muzeydə  Titsianın  dini  mövzudakı  tabloları  nümayiş  etdirilir.  Flamand 
rəssamı  Paul  Rubensin  «Parisin  məhkəməsi»  tablosu  mübahisə  edən  üç  ilahə 
barədəki qədim mifin təsvirindən daha çox qadın bədəni gözəlliyinin tərənnümünə 
həsr  edilmişdir.  İspan  Dieqo  Velaskesin  «Venera  güzgü  qarşısında»  tablosu  da 
canlı fərdi obraz yaratmaqla qadın bədəninin cazibədarlığını nümayiş etdirir. Lakin 
burada  naturalizmdən  əsər-əlamət  yoxdur,  yüksək  sənət poeziyası  vardır. Holland 
Rembrandtın «Qocalıqda avtoportret» əsəri məşhur rəssamın çəkdiyi əzabları, onu 
daxili  aləmini  göz  önünə  gətirir,  şəxsiyyətin  mənəvi  yüksəlişini  əks  etdirir.  İspan 
rəssamı  El  Qrekonun  «Alverçilərin  məbəddən  qovulması»  tablosu  isə  İncil 
əhvalatlarına həsr edilmişdir. Burada İisus Xristin fiqurası ön plana çəkildiyindən 
daha  cazibədar  görünür.  İngilis  rəssamlığı  isə  Uilyam  Hoqartın,  Tomas 
Qeynsboronun, Con Konsteblin əsərləri ilə, əsasən axırıncıların peyzaj tabloları ilə 
təqdim  olunur.  Alman  rəssamı  Kiçik  Hans  Holbeyn  ömrünün  son  onilliyini 
İngiltərədə yaşayıb-yaratdığından onun yaradıcılığına xüsusi məhəbbətlə yanaşılır. 
Muzeydə onun məşhur «Elçilər» («Səfirlər») əsəri nümayiş etdirilir.  
Bu əsərlərin bir çoxu reproduksiyalardan artıq yaddaşlara hopmuşdu. Lakin 
onlarla  orijinalda  yenidən  görüş  isə  adama  böyük  sevinc  bəxş  edir.  Eks-deputat 
lövhələrdəki  məlumatları  diqqətlə  oxuyub,  tablolarda  təsvir  olunanlara  daha 
dərindən nüfuz etməyə cəhd göstərirdi və yorğunluğumuza baxmayaraq həqiqətən 
bu incilərdən ifadə oluna bilməyən bir həzz aldıq. 
Muzeylə  tanışlıqdan  sonra  biz  onun  Londonda  təhsil  alan  dörd  oğlunun 

74 
 
yaşadığı  şəhərin  ucqarında  yerləşən  evə  yollandıq.  Onlar  iki  mərtəbəli  beş  otaqlı 
evdə yaşayırlar, daha doğrusu evi kirayə götürmüşlər. Evin arxada artırma rolunu 
oynayan  kiçik  meydançası,  aşağıda  isə  çəmənlikdən  və  ağaclardan  ibarət  olan 
həyəti vardır. 
Tələbə qardaşlar səhər yeməyini və şamı yay vaxtı mətbəxin davamı rolunu 
oynayan bu üstü açıq hollda təmiz havada yeyirlər. Onlar universitetdə oxumaqla 
yanaşı  işləyirlər,  özlərinin  qazancı  hesabına  kirayə  pulunu  verir,  təhsil,  qida 
xərclərini  ödəyirlər.  Ortancıl  qardaş  beynəlxalq  kommersiya  üzrə  mütəxəssisdir, 
daxili  kommersiya  şəbəkəsində  işləyir  və  iki  bankdan  işləmək  barədə  təklif 
almışdır.  Böyük  qardaş  həkim  sertifikatı  və  lisenziyası  almışdır,  dildən  dörd 
imtahan  verdikdən  sonra  şəhərdəki  klinikalardan  birində  işləyəcəkdir.  Üçüncü 
qardaş  mühafizə  xidmətində  çalışır  və  vaxtaşırı  Uimbldon  stadionunda  keçirilən 
mühüm  futbol  oyunlarına  pulsuz  baxmaq  imkanı  qazanır.  Kiçik  qardaş  isə 
kompyüterlərin  sirlərinə  yiyələnmək  niyyətindədir.  Həkim  olan  qardaş  hədiyyə 
kimi  mənə  Londonda  maraqla  oxunan  yazıçı  kimi  tanınmış  Robert  Harrisin  yeni 
«Imperium» kitabını bağışladı və Tsitseronun həyatından bəhs edən bu əsər həm də 
onun zövqü barədə təsəvvürümü bir qədər də möhkəmləndirdi. 
Bizi  isə  daha  çox  maraqlandıran  ingilislərin  düşüncə  və  həyat  tərzlərinə 
bələd  olmaq  idi  və  belə  imkanları  əldən  vermək  istəmirdik.  İngilislərin  ən  yaxşı 
xüsusiyyətlərindən biri soruşulan hər şeyə səbirlə cavab vermələri, sualı cavabdan 
əvvəl  dəqiqləşdirmələri,  şəhəri  yaxşı  tanımayan  adama  hər  cür  köməklik 
göstərməyə  daim  hazır  olmalarıdır.  Onlara  müraciət  edildikdə  öz  niyyətlərini  elə 
bil ki, unudub, könüllü xidmət göstərməyi özlərinin borcu kimi ön plana çəkirlər. 
Avropada  adamların  bir-birinə  qarşı  nəzakətli  və  həssas  davranmaları  adi  haldır. 
Ancaq  xahiş  edən  adama  lazım  olduğundan  artıq  köməlik  göstərmək  əziyyətinə 
qatlaşmaq  xüsusiyyəti  ilə  ilk  dəfə  İsveçrədə  rastlaşmışdım.  İndi  isə  bunun  daha 
qabarıq  nümunələrini  addımbaşı  İngiltərədə  görürdüm.  Metroda  tanış  olduğumuz 
ingilis nəinki xəritədə axtardığımız ünvan barədə bizə geniş izahat verdi, sonra isə 
əlavə  etdi  ki,  elə  özü  də  həmin  stansiyaya  gedir,  orada  da  öz  yolundan  ayrılıb, 
axtardığımız  yerə  qədər  bizi  müşayiət  etdi.  Bu  əziyyətinə  razı  olmasaq  da, 
londonlulara xas olan qonaqpərvərliyi nümayiş etdirməkdən o, daxilən həzz alırdı. 
Başqa  bir  vaxt  isə  biz  şəhərin  sakini  olan  bir  hindli  ilə  tanış  olduq.  O, 
Hindistanın  Qucarat  ştatından  idi,  orada  yaşayan  parsları  da,  onların  ən  zəngin 
nümayəndəsi  olan  milyarder  Tatanı  da  tanıdığını  bildirdi,  Mahatma  Qandinin 
həmyerlisi olduğu ilə fəxr etdiyini də yada salmağı unutmadı. O, qırx ildən çoxdur 
ki,  Londonda  yaşayır  və  tikintidə  dülgər  işləyir.  Doğma  ştatından  olan  qızla  ailə 
qurmuş, hinduizm dininə məxsus olan nişanələri və ibadətləri qoruyub saxlamışdır. 
Alnındakı  qırmızı  süni  xal  da  onun  dini  mənsubiyyətindən  xəbər  verirdi.  Yeni 
vətənindəki  milli,  irqi  münasibətlərə  marağımızı  hiss  etdikdə,  o,  səmimi  qaydada 
bildirdi  ki,  burada  yaşadığı  uzun  müddət  ərzində  irqçilik  təzahürlərinə  rast 
gəlməmişdir.  Mənfi  münasibətin  nümayişi  üçün  isə  onun  dərisinin  rəngi  və  digər 
antropoloji xüsusiyyətləri yaxşı nişangah rolunu oynaya bilərdi. İngiltərədəki qibtə 
edilən  qaydalardan  biri  muzeylərə  pulsuz,  sərbəst  şəkildə  daxil  olmaq  imkanıdır. 
Muzeylər  supermarketlər  kimi  olduqca  təmiz  saxlanılır,  döşəmədə  toz  və  hansısa 

75 
 
çirk  ləkəsi  görmək  mümkün  deyildir.  Fərqləndirici  digər  bir  cəhət  də  sərt 
qadağaların  olmamasıdır.  Dünyanın  əksər  muzeylərində  addımbaşı  iradlarla 
rastlaşmaq təhlükəsi olduğu halda, burada gələnlərə xəbərdarlıq edilməsi yəqin ki, 
istisna hal sayıla bilər. 
Britaniya muzeyi dünyanın ən məşhur arxeoloji və etnoqrafik muzeyi sayıla 
blər.  Buradakı  eksponatlar  müstəsna  tarixi  və  elmi  dəyərə  malikdirlər.  Muzeydə 
Akropol  məbədlərindən  gətirilmiş  çox  sayda  barelyef  nümunələri  ilə  tanış  olmaq 
imkanı  qazanırsan.  Bu  mərmərdə  yonulmuş  insan  və  at  təsvirləri  qədim  yunan 
heykəltəraşlığının olduqca yüksək səviyyəsini nümayiş etdirir. Özü də onlar statik 
qaydada deyil, hərəkətdə, ekspressiyada verilmişdir, onu yaradanların anatomiyaya 
da  yaxşı  bələd  oludqları  qənaətinə  gəlirsən.  Bu  eksponatlar  Yunanıstan  Osmanlı 
imperiyası  əsarətində  olarkən  ingilislər  tərəfindən  ələ  keçirilib,  vətənlərinə 
gətirilmiş, sonralar isə muzeyin mülkiyyətinə verilmişdir. Antik dünyaya məhəbbət 
bəsləyən  bu  adamlar  həmin  hərəkətləri  ilə  bəşəriyyətin  öyündüyü  bu  mədəni 
sərvətlərin  qorunub  saxlanmasına  bəlkə  də  əslində  əvəzsiz  xidmət  göstərmişlər. 
Yunanlar  nə  qədər  narazılıq  etsələr,  gileylənsələr  də,  hətta  tarixi  keçmişlərinin 
yadigarlarını qəsb edən saydıqları bu adamlara minnətdar olmalıdırlar ki, onlar bu 
nadir nümunələrin qarət edilməsinin, itib-batmasının, hansısa varlı bir adamın şəxsi 
kolleksiyasında  gizlədilməsinin  qarşısını  bəlkə  də  qanunsuz  hesab  edilən 
hərəkətləri  ilə  almağı  bacarmışlar.  Yunanlar  Parfenon  məbədindən  götürülmüş, 
Fidinin  yaratdığı  ilahə  Afinanın  qızıl  heykəlinin  daim  xiffətini  çəkirlər  və  bu 
məsələdə də ingilisləri təqsirləndirirlər. 
Britaniya 
muzeyinin 
ən  maraqlı  eksponatlarından  biri  Assuriya 
heykəltəraşlığının monumental abidələri olan daşdan yonulmuş, insan  – həm kişi, 
həm  qadın  başı  olan  nəhəng,  qanadlı  şir  heykəlləridir.  Assuriya  incəsənəti 
miladdan əvvəlki dövrün 1500-cü ilindən 612-ci ilinə qədər olan doqquz əsri əhatə 
edir. Muzeydəki əsərlər həmin sənətin ən muhüm nümunələri olmaqla vaxtilə giriş 
qapılarının keşiyini çəkir, həm də barelyerlər kimi divarları bəzəyirdi. Əvvəllər isə 
bu fiqurlardan rəsm əsərlərində döyüş və ov səhnələrini təsvir etmək üçün istifadə 
edilirdi.  İri  həcmli  bu  heykəltəraşlıq  nümunələri  möhtəşəmlikləri  ilə  fərqlənirlər. 
Bir  çox  muzeylərdə  qədim  Misirin  sfinksləri  nümayiş  etdirilsə  də,  qanadlı  şir 
fiqurları  bu  muzeyin  eksponatlarına  müstəsnalıq  xüsusiyyətləri  bəxş  edir.  Bu 
böyük  məbədlə  tanış  olmaq  üçün  günlərlə  vaxt  sərf  etmək  lazımdır,  tələsik 
müşahidə isə maraq yanğısını lazımınca söndürə bilmir. 
Yeganə pullu muzey isə madam Tyusso muzeyidir. Buradakı mum fiqurlara 
tamaşa etmək istəyi yəqin ki, adamlarda böyük şəxsiyyətlərə virtual qaydada olsa 
da  yaxınlaşmaq  istəyindən  irəli  gəlir.  Ona  görə  də  muzeyə  girmək  arzusunda 
olanların küçədə dayanan növbəsi azalmaq bilmir. 
Digər  məşhur  yer  isə  yazıçı  Konan  Doylun  təxəyyülündən  yaranan  Şerlok 
Holmsun  Beyker-stritdəki  ev  muzeyidir.  Bura  ilə  daha  çox  ruslar  maraqlanırlar. 
Axı bir vaxtlar xəfiyyə Şerlok Holmsun macəraları SSRİ məkanında sevilə-sevilə 
oxunurdu  və  bu  marağı  həmçinin  kinofilmində  dünyada  onun  ən  uğurlu  obrazını 
yaratmış artist Vasili Livanovun oyunu xeyli yüksəltmişdi. 
Londonu oludqca yaxşı qulluq edilən iri və gözəl parklar şəhəri adlandırmaq 

76 
 
olar. Ən iri park sayılan Hard-park da, Qrin-park da, Recent-park da çəmənlikləri, 
dendroloji ağacları və kolları, xüsusən gül-çiçəkləri ilə gözü oxşayır. Gül-çiçəklər 
xüsusi qayğı, harmoniyanı nəzərə almaqla seçilir, bəzi çiçəklər dibçəklərdə olsa da, 
elə  ustalıqla  düzülür  ki,  elə  bil  torpaqdan  baş  qaldırır.  Marbl  tağının  şimalında 
yerləşən  Recent  -parkdakı  çiçək  ləklərinin  hər  biri  gözəlliyinə,  rəngarəngliyinə 
görə  dahi  rəssamın  fırçasından  çıxış  tablonu  yada  salır.  Bura  vaxtilə  kral  VIII 
Henrinin  ov  qoruğu  imiş.  Yəqin  ki,  görkəmli  fransız  rəssamı,  impressionizmin 
banisi  Klod  Mone bu  parkların  mövcudluğu  müqabilində öz tablolarını  yaratmaq 
üçün  həyətində  natura  rolunu  oynayan  gül-çiçək  ləkləri  düzəltmək  əziyyətinə 
qatlaşmağı lazım bilməzdi. 
Londonda  parklar  bir-birinin  yaxınlığında,  biri  digərinin  tamamlamaq 
qaydasında yerləşir. Hayd-park yaxınlığındakı Kensiqton bağlarında Londonun ən 
əlamətdar  abidələrindən  biri  olan  Albert  memorialı  yerləşir.  Bu  hündür  qızıl 
suyuna  çəkilmiş  abidəni  aşağı  qatda  təsvir  olunan  175  adam  heykəli  əhatə  edir. 
Abidə kraliça Viktoriyanın sevimli əri və müdrik insan olan Albertin 1861-ci ildəki 
ölümünün  on  illiyi  münasibətilə  ucaldılmışdır.  Albert  sonuncu  məktubunu 
Vətəndaş  müharibəsinə  cəlb  edilmiş  Birləşmiş  Ştatlara  göndərmişdi.  Bu  vaxt 
ingilislərin «Trent» gəmisində yoxlama aparılarkən Konfederatın elçiləri tanınmış 
və  bu  Şimalda  böyük  hay-küyə,  İngiltərəyə  qarşı  müharibəyə  başlamaq 
çağırışlarının  meydana  gəlməsinə  səbəb  olmuşdu.  Yalnız  prezident  Abraham 
Linkolnun  ehtiyatlılığı  və  Albertin  onun  mövqeyinə  dəstək  verməsi  iki  ölkə 
arasında  silahlı  münaqişə  başlanmasının  qarşısını  almışdı.  Albertin  ölümü 
Viktoriyanı  olduqca  mütəəssir  etmişdi  və  əziz  ərinin  itkisinə  görə  kraliça  uzun 
müddət tənhalığa qapılmışdı. 
Parkdan  kənarda,  memorialın  qarşı  tərəfində  yeddi  min  nəfərlik  tamaşaçı 
yeri  olan,  ellipsoid formalı  və  qübbəli  Royal  Albert  Hollun  binası ucalır. Burada 
çox sayda kollec və muzey yerləşir. 
Ümumiyyətlə,  Londonu  həm  də  heykəllər  şəhəri  adlandırmaq  olar,  lakin 
buradakılar  fiqurları  SSRİ-də  qoyulan  heykəllərdən  fərqli  olaraq  iri  həcmlərdən, 
böyük  kütləli  olmaqdan  mitinq  jestlərindən  xalidir.  Onlarda  insanlar  özlərinə  xas 
olan adi pozalarda təsvir olunurlar. Mərkəzdə ucaldılan ser Uinston Çörçillin  - bu 
görkəmli  dövlət  xadimi  və  XX  əsrin  Demosfeni  sayılacaq  bir  natiqin  heykəlində 
patetika  əlamətləri  yoxdur.  Elə  bil  ki,  bu  iri  gövdəli  adam  çəliyinə  söykənərək 
İkinci  dünya  müharibəsi  vaxtı  faşistlərin  aviasiya  bombardmanlarının  dağıtdığı 
binalara baxmaq  üçün  gəldiyi  kimi, indi də  fikirli-fikirli  yavaş  addımlarla küçədə 
gəzir.  
İngilisin gözündə dahi də, qəhrəman da hər şeydən əvvəl insandır, onun ən 
uğurlu  ifadəsi  də  başlıca  təyinatının  vəsfinə  tapılır.  Burada  real  şəxsiyyətləri 
mifləşdirməyə  yol  verilmir,  onun  böyüklüyü  nümayiş  etdirilərkən  uğursuzluqları, 
şəxsi  xarakterində  olan  çatışmazlıqlar  ört-basdır  edilmir,  çünki  nöqsanlar 
ləyaqətlərin  inkarına  xidmət  etmir,  əksinə  onların  fonunda  fövqəltəbii 
xüsusiyyətlər  daha  qabarıq  nəzərə  çarpır.  Bu  fikri  kraliça  I  Elizabetin,  dahi 
Şekspirin tərcümeyi hallarında gizlədilməyən detallar parlaq qaydada sübut edir. 
Bu xalq öz tarixinə olduqca məhəbbətlə, həm də onu qoruyub hifz etməkdən 

77 
 
irəli  gələn  obyektivliklə,  qərəzsizliklə  yanaşır.  İngilislər  çox  sayda  tarixi 
şəxsiyyətlərinə  öz  ehtiramlarını  onların  xatirəsini  tirajlaşdırmaqda  görmürlər. 
Lakin burada da azacıq istisna halları vardır, bunu sağlığında «Virgin» - «Bakirə» 
ləqəbi  daşıyan  kraliça  I  Elizabet  və  dövlətin  tarixində  ən  uzun  müddətdə  63  il 
ərzində tax-tacda olmuş Viktoriya təşkil edir. 
Bu iki tarixi şəxsiyyət küçələrin, meydanların, qatarların adlarında yaşayırlar 
və  onlar  artıq  daha  çox  rəmz  rolunu  oynayırlar.  Onların  müqayisələrə  sığmayan 
əməlləri  bu  xatirələrə  ölməzlik  bəxş  etmişdir.  I  Elizabet  xalqı  1588-ci  ildə 
İspanların  Məğlubedilməz  armadası  üzərində  əvvəllər  müşkül  görünən  qələbəyə 
səsləmiş,  döyüşçüləri  ruhlandırmaq  üçün  özü  onların  yanına  gəlib,  alovlu  nitq 
söyləmişdi.  Nəticədə,  təbiətin  də  köməyi  ilə  ispan  donanmasının  darmadağın 
edilməsi İngiltərəni mühüm dəniz dövlətinə çevirmiş, onun qüdrətini və nüfuzunu 
xeyli  yüksəltmişdi.  İngiltərə  əmin-amanlıq  və  çiçəklənmə  dövrünə  qədəm 
qoymuşdu. Bu gələcək böyük imperiyanın yaranması üçün okeanların qapısını ona 
açmış  və  ölkəyə  nəhayətsiz  imkanlar  vermişdi.  I  Elizabet  xalq  arasında  çox 
populyar idi. Bu kraliçanın hökmranlığı illəri İngiltərənin «qızıl dövrü» adlanır, bu 
dövrdə  ədəbiyyat,  teatr  görünməmiş  yüksək  səviyyəyə  qalxmışdı.  Şekspirin 
pyesləri antik dövrün teatrını da zənginləşdirərdi, heç şübhəsiz, dahi dramaturqlar 
olan  Esxil,  Sofokl  və  Evripid  özləri  uyduqları  panteonda  bu  orta  əsrlər  dühasına 
layiq olduğu yeri verərdilər. 
Kraliça  Viktoriya  da  yaşadığı  epoxaya  öz  adını  vermişdir.  O,  sadəcə 
imperatriça deyildi. Napoleon  dövründə memarlıqdakı və tətbiqi sənətdəki  üsluba 
«amper  –  imperiya»  adı  verildiyi  kimi,  onun  hökmranlığı  dövründə  bir  qrup 
mədəniyyət  xadimi  yeni  üslubun  tərəfdarları  kimi  özlərini  «viktoriyaçılar» 
adlandırırdılar. Bakirə kraliçadan fərqli olaraq Viktoriya böyük siyasət qayğılarına 
baxmayaraq  sevimli  ərinə  sədaqətli  arvad  olaraq  qalırdı,  dörd  oğul  və  beş  qız 
doğmuşdu. 42 yaşında dul qalanda onun doqquz uşağı var idi. Onun dövründə həm 
də monarxiyanın nüfuzu xeyli artmışdı. 
İngilislərin  öz  tarixlərinə  sevgisi  heç  də  baş  vermiş  hadisələri  süni  şəkildə 
boyamaq,  onlara  ifrat  parlaqlıq  vermək  kimi  ağılsız  hədlərə  gəlib  çatmır,  onun 
solğun  səhifələrinə  bəraət  vermək,  haqq  qazandırmaq  meyillərinə  məhəl 
qoymurlar. İngilis tarixçiləri öz xalqının və ölkəsinin salnaməsinə saxta qədimlilik 
vermək, bu yeri tarixin beşiyi adlandırmaq kimi şirnikləndirici aldanışdan çox-çox 
uzaqdırlar.  Onlar  nə  Qay  Yuli  Sezarın  «Qall  müharibəsi  haqqında  qeydlər» 
kitabında  adada  yaşayan  uzaq  əcdadlarının  primitiv,  yayımvəhşi  həyat  tərzi 
keçirməsi  barədəki  mülahizələrini  inkar  etmək  və  onlara  düzəliş  vermək  fikrinə 
düşmürlər, nə də Kamelot hökmdarı və özlərinin iftixar mənbəyi olan kral Arturun 
tarixi deyil, yarımmifik şəxs olduğunu etiraf etməkdən yayınmırlar. Əksinə, onu da 
qeyd  edirlər  ki,  qədim  Roma  minillik  dəqiq  tarixə  malik  olduğu,  qələmə  alınmış 
görkəmli  şəxsiyyətlər  və  hadisələr  bu  tarixin  səhiflərini  bol-bol  bəzədiyi  halda, 
ingilislər  belə  bir  vaxtda  meydana  gələn  və  VI  əsrə  aid  edilən  qəhrəmanın 
mövcudluğunua  böyük  şübhə  altında  yanaşmağa  məcburdurlar.  Onlar  olduqca 
düzgün hərəkət edirlər, çünki tarix üzərinə vurulan boya bir qədər sonra parçalanıb, 
yoxa  çıxır.  Tarixi  saxta  tədqiqatlar,  maddi  dəlillər,  uydurulmuş  artefaktların 

78 
 
köməyi ilə saxtalaşdırmaq yoluna düşənlər tezliklə özlərinin aldandıqları qənaətinə 
gəlməli  olurlar.  Bəzi  xalqlardakı  bu  iyrənc  adət  onların  xeyrinə  yox,  əslində 
ziyanına işləyir. Saxta tarix hökmən özü-özünü ifşa etməli olur. 
İngilis öz ədəbi dilini də minilliklərin arxasına aparıb çıxarmır, bu xalqın öz 
mənşəyi  qarışıq  olduğu  kimi,  dili  də  poliqlotdur,  müxtəlif  mənbələrdən 
götürülmüşdür. V və VI əsrlərdə burada məskunlaşan anqlo-saksonların dili müasir 
ingilis  söz  tərkibində  üstünlük  təşkil  edir.  İngilis  dili  yalnız  1362-ci  ildə  yenidən 
bərpa  edilərək  rəsmi  dil  elan  olunmuşdur.  Dilin  yayılması  ilə  xarakterik  ingilis 
həyat tərzi də üstün gəlməyə başladı. Qədim xalq olsa da italyanların ədəbi dili də 
XIII əsrdə meydana gəlmişdir. Dante Aliqyerinin məşhur «İlahi komediya»sı da bu 
dildə yazılmışdı. 
XIV  əsrdə  yaşamış  Cefri  Çoser  isə  ingilis  xalqının  ilk  böyük  şairi  hesab 
olunur. 
Onlar  İngiltərədə  ilk  mərkəzləşmiş  dövlətin  əsasını  1066-cı  ildə  qoyan 
normandiyalı  I  Uilyamın,  Uilyam  Fatehin  olduğunu,  İngiltərə  taxt-tacında 
şotlandların, hollandın, almanların olduğunu tarixi mənsubluğu şübhə doğurmayan 
bir  fakt  kimi  qələmə  alırlar.  Hannover  sülaləsindən  olan  bəzi  Böyük  Britaniya 
kralları  hökmranlıqlarının  ilkin  dövründə  heç  ingilis  dilində  danışa  bilmirdilər. 
Vaxtilə  kral  I  Eduard  ingilis  dilində  danışa  bilməmək  cəhətindən  hiyləgərliklə 
istifadə  edərək,  ingilis  ağalığı  ilə  razılaşmayan  uelsliləri  aldatmışdı.  O,  narazı 
uelslilərə  demişdi  ki,  Uelsdə  doğulan  və  ingiliscə  danışa  bilməyən  bir  şəxsi  sizə 
hökmdar təyin edəcəyəm. Bu onun dünən burada doğulmuş, gələcək kral II Eduard 
olacaq  doğma  oğlu  idi.  Vədin  mahiyyətindən  baş  çıxarmayan  uelslillər  əvvəlcə 
sevinmiş, sonra aldandıqlarını anlamışdılar. XIII  əsrin sonunda kralın həmin oğlu 
ilk  dəfə  Uels  prinsi  tutulunu  qəbul  etmiş  və  o  vaxtdan  indiyədək  taxt-taca  iddialı 
olan  prins  bu  titulu  daşıyır.  Bir  şotland  yazıçısının  yazdığı  kimi  İngiltərəyə 
hökmranlıq edənlər arasında Oliver Kromvelldən başqa əslən ingilis olan heç kəs 
olmamışdı.  Birinci  dünya  müharibəsi  illərində  Britaniya  Almaniya  ilə  müharibə 
apardığından kral V Corc öz alman soyadının Böyük Britaniya taxt-tacına uyğun 
gəlməməsinə  görə  ondan  imtina  etmiş  və  özündən  başlayan  sülaləni  Vindzor 
sülaləsi adlandırmışdı. 
İngiltərə və Şotlandiya şəhərlərindəki heykəllərə əsasən bu xalqların tarixini 
açılmış kitab kimi oxumaq olar. Onlar hətta başqa xalqlardan olan həmyerlilərinə, 
həmçinin  müttəfiqlərinə  ehtiramla  yanaşmaqda  xəsislik  göstərmirlər.  Londonda 
Birinci dünya müharibəsinin qəhrəmanı, Fransa marşalı Ferdinand Foşun heykəlini 
gördükdə  xeyli  təəccübləndim.  Düzdür,  müharibənin  son  dövründə  o,  mütəffiq 
qüvvələrin  baş  komandanı  olmuşdu.  Və  müharibə  bitəndən  on  il  sonra  vəfat 
etdikdə  Napoleonun  cəsədi  saxlanılan  Əlillər  evində  dəfn  edilmişdi.  Minnətdar 
ingilislər  müharibənin  qələbə  ilə  başa  çatmasında  dəyərli  xidmətləri  olmuş  bu 
sərkərdənin  xatirəsinə  məhz  belə  yüksək  qiymət  vermişdilər.  Mançestrin 
mərkəzində  isə  İngiltərənin  baş  naziri  olmuş,  London  polisini  yenidən  təşkil 
etdiyinə  görə  ictimai  asayişin  müdafiəçilərinin  «Pilçilər»  və  ya  «Bobbilər»  kimi 
onun  adını  daşıdıqları  və  atdan  yıxılıb  ölən  Robert  Pilin  heykəli  qoyulmuşdur. 
Ondan bir qədər aralıda şəhərin küçələrinin birində dayanıb gəlib-gedənlərə tamaşa 

79 
 
edən bürünc heykəl diqqəti cəlb edir. Bu utopik sosializmin banilərindən biri olan 
Robert  Ouendir.  Digər  nəzəriyyəçi  həmkarlarından-Tommazo  Kampanelladan, 
Morellidən,  Mablidən,  Sen-Simon  və  Şarl  Furyedən  fərqli  olaraq  Robert  Ouen 
pratiki  olaraq  sosial  islahatçı  kimi  tanınırdı.  1840-cı  ildə  Lankaşirdəki  Lanark 
pambıq  fabrikalarının  meneceri  və  həmmülkiyyətçisi  olmuşdu.  Və  burada  sosial 
rifah  proqramını  tətbiq  etmiş  və  «icma  modelini»  qurmuşdu.  Onun  sosialist 
nəzəriyyəsi  digər  eksperimental  icmalarda  da  sınaqdan  keçirilmişdi.  Lakin 
bütövlükdə uğursuz nəticə ilə üzləşmişdi.  
Elmi  marksizmin  banilərindən  biri  olan  Fridrix  Enğelsin  fabrikaları  da 
Mançester şəhərində yerləşirdi və o özü çox vaxt burada yaşayırdı. 
 Londonun Hayget qəbiristanlığında isə Karl Marksın qəbirüstü büstü ucalır. 
Marks  ömrünün  xeyli  hissəsini  bu  şəhərdə  yaşamış  və  burada,  özü  də  Britaniya 
Muzeyinin  kitabxanasında  «Kapital»  əsərini  yazmışdı.  O,  peyğəmbərcəsinə  qeyd 
edirdi ki, kütlələr bu ideyaya sahib olduqdan sonra o, maddi qüvvəyə çevriləcəkdir. 
Həqiqətən  də  marksizimlə  silahlanmış  bolşeviklərin  rəhbərliyi  altında  Rusiyada 
sosialist  inqilabı  qalib  gəldi,  yeni  cəmiyyət  qurulmağa  başladı.  Sonralar  isə 
dünyada  sosializm  sistemi  meydana  gəldi.  Dünya  iki  qütbə  bölündü.  Əvvəlki 
qütblər  isə  imperiyalarda  və  müstəmləkələrdə  təmsil  olunurdu.  Lakin  real 
sosializmin  ömrü  uzun  olmadı,  bir  əsrdə  doğulub,  onda  da  süquta  düçar  oldu. 
SSRİ-nin  iflasa  uğraması  və  dağılması  ilə  dünya  sosializm  sistemi  sıradan  çıxdı, 
onun yerində Kuba və Şimali Koreya kimi xırda qəlpələr qaldı.  
İngiltərə  Sənaye  inqilabı  vasitəsilə  digər  bir  quruluşu  kaptalizmi  meydana 
gətirmişdir. Bu cəmiyyətdəki istismarı ifşa edərkən Marks öz «Kapital»ında faktiki 
sübutlar  kimi  fabriklərdə  istehsal  və  əmək  şəraitini  yoxlayan  nəzarətçilərin  yazılı 
məlumatlarına  geniş  yer  vermişdi.  Sosializmdən  fərqli  olaraq  kapitalizm  öz 
qüsurlarına  və  eybəcərliklərinə  heç  də  aludə  olmurdu,  vurulmurdu,  onları  ört-
basdır  etmir,  diqqətdən  yayındırmırdı.  Əməyin,  istehsalın  təşkilində  aparılan 
islahatlar  yolu  ilə  bu  anadangəlmə  ləkələrindən  azad  olmağa  çalışırdı  və  buna 
tədricən  nail  olurdu.  Hələ  1880-ci  illərdə  Bismark  Almaniyada  işçilərin  sosial 
müdafiəsinə dair geniş tədbirlər həyata keçirmişdi. İngiltərədə isə 1911-ci ildə ilk 
dəfə işsizlik üzrə sığorta tətbiq edilmişdi. 
Kapitalizm  öz  dayaqlarına,  ona  həyat  verənlərə  qayğı  göstərməyə 
başladıqda,  bu  işdə  elmi-texniki  tərəqqinin,  texnoloji  inqilabın  da  rolu  heç  də  az 
deyildi,  kapitalla  əmək  arasındakı  ziddiyyətlər  azaldı,  antoqonizimdən  uzaqlaşdı. 
Kapitalın  əməyə  göstərdiyi  qayğı,  onun  özünün  daha  sürətlə  böyüməsinə, 
çiçəklənməsinə  şərait  yaratdı.  Sosializm  isə  ümumən  sosial  güzəştlər  bünövrəsi 
üzərində  qurulsa  da,  işsizliyi  hər  cür,  hətta  səmərəsiz  yollarla  aradan  qaldırsa  da, 
əhalinin  sosial  rifahını  əsaslı  qaydada  yaxşılaşdıra  bilmədi,  bu  mübarizə 
müstəvisində  kapitalizmə  hərtərəfli  uduzdu.  Maddi  rifahı  yüksəltmək  şüar  və 
arzudan  o  tərəfə  keçə  bilmədi,  ərzaq  təminatındakı  çətinliklər  və  məhdudiyyətlər 
vaxtaşırı, əslində ardıcıl olaraq təkrar olduğundan bir vaxtlar müqqədəslik haləsinə 
bürünmüş  məqsədlər  də  gözdən  düşdü,  öz  saf  əhəmiyyətini  itirdi,  ehtiyac  seli 
təsadüfən  baş  qaldıran  azacıq  xoşbəxtlik  nişanələrini  silib  yoxa  çıxardı. 
Bibliyadakı  «Xoşbəxtlik  torpağı»  kimi  nəzəriyyənin  vəd  etdiyi  parlaq  gələcəyin 

80 
 
aldadıcı  parıltısı  da  sönməyə  başladı  və  bu  ilğım  artıq  şüurlara  və  ürəklərə  təsir 
göstərmək  gücündə  deyildi.  Real  sosializm  özünün  hədd  bilməyən  iddialları  və 
olduqca  cılız  imkanları  ilə  gözdən  düşdü,  özünün  «gil  ayaqlar  üzərində  gəzən 
Koloss»  olduğunu  biruzə  verdi.  Əvvəllər  bütün  çətinliklərə  dözüm  təlqin  edən 
məslək  möhkəmliyi  də  ovxalanıb,  küləyin  sovura  biləcəyi  toz  təpəsinə  çevrildi. 
Böyük  dövlət  dağıldıqdan  sonra,  onun  xarabalığı  üzərində  baş  qaldıran  yeni 
dövlətlər  həm  irsdən  gələn,  həm  də  zəifliyindən  sirayətləndiyi  problemlər 
xəstəliyinə  tutuldu,  bədbəxtlikdən  həm  də  buna  milli  münasibətlər  zəminində 
yaranan  və  başqasının  ərazisinə  yiyələnmək  məkrindən  əmələ  gələn  silahlı 
münaqişələr əlavə olundu. 
İngiltərə,  bəxti  gətirilməyin  bariz  sübutu  kimi  ancaq  bir  qanlı  inqilabla 
üzləşməli oldu, vətəndaş müharibəsindən başlanğıcını götürən bu münaqişə tarixdə 
ilk dəfə kralın boynunun vurulması ilə nəticələndi. Lakin 100 min nəfərin qurban 
getməsinə  səbəb olan  həmin  faciəli  dövr  heç  iki onillik də  davam  etmədi  və ölkə 
yenidən əmin-amanlıq bəxş edən monarxiya sisteminə qayıtmalı oldu. Fransada isə 
bir əsr yarım sonra baş verən inqilab öz sələfindən kralı edam etməyi qəbul etsə də, 
daha  qanlı  xarakter  daşıdı.  Ölkə  sarsıntılara  məruz  qaldı,  inqilabın  meydana 
gətirdiyi  gilyotinadan  da  betər  olan  Avropa  üçün  Napoleonu  siyasət  və  müharibə 
səhnəsinə  atması  ilə  qitənin  torpaqlarının  qanla  suvarılmasına  yol  açdı.  Sonra 
Napoleon ordusunun acı məğlubiyyətləri dövrü gəldi və Fransa da şimal qonşusu 
kimi  monarxiya  xilas  kəmərinə  əl  atsa  da,  inqilabın  caynaqları  XIX  əsrin  sonrakı 
onilliklərində onun boğazını boğmaqda davam etdi. İngiltərə isə hər cür təhlükələrə 
baxmayaraq daxilindəki sabitliyi qoruyub saxlaya bildi. 
İngilislərin  məişət  qaydaları  da  keçmişi  kimi  digər  avropalılarınkından  və 
amerikanlarınkından  fərqlidir.  Bu  qaydalar  zaman  keçdikcə  belə  qüvvədə 
qalmaqda davam  edir. Adi bir  cəhəti  götürək: su  kranının altındakı  tasda hökmən 
ortadakı deşiyi qapamaq üçün klapan vardır. Kranın özü də olduqca gödəkdir və az 
qala  yanındakı  tas  divarına  dəyir.  Bu  isə  əli-üzü  yumaqda  xeyli  çətinlik  törədir, 
çünki  ovucu  su  ilə  doldurmaq  mümkün  olmur.  Bu  ondan  irəli  gəlir  ki,  ingilislər 
bizim kimi krandan gələn su ilə əl-üzlərini yumurlar, onlar tasın aşağıdakı deşiyini 
bağlamaqla onu su ilə doldurur və onda əl-üzlərini yuyurlar. Suya sabun köpüyü və 
əlavə  nə  qatılsa  da  fərqi  yoxdur,  onlar  bunu  çirkli  hesab  etmirlər,  həmin  su  ilə 
yuyunmaqda  davam  edirlər. Yuyunma  qurtardıqdan sonra  deşik  açılır  və  çirkli su 
axıdılır. 1960-cı illərdə keçmiş baş nazirin jurnalist oğlu – Ralf Çörçill Moskvaya 
gələndə  «Rusiya»  mehmanxanasında  yaşayırmış,  nömrəsində  vacib  sanitariya 
qurğusu  xarab  olduğuna  görə  hay-küy  qaldırıbmış.  Vətəninə  döndükdən  sonra 
tənqidi  yazı  yazmış,  rusların  çox  geri  qaldıqlarını  həm  də  onunla  əsaslandırıbmış 
ki,  burada  hətta  tasdakı  deşiyi  bağlamaq  üçün  klapan  da  yoxdur  və  onlar  bu 
çatışmazlığa əhəmiyyət də vermirlər. 
Bəlkə də bəzilərinə bu qeydlər əhəmiyyətsiz məsələ kimi görünə bilər. Lakin 
məişət qayğıları xalq haqqında çox şeyləri deyir. Çörçill özü də Amerika haqqında 
demişdi: «Burada tualet kağızı çox nazik, qəzetlər isə çox qalındır». 
Amerikalılar  isə  İngiltərə  müstəmləkəçiliyinə  qarşı  inqilabi  mübarizə 
apardıqlarından  həmin  xalqa  xas  olan  çox  şeydən  həmçinin  imtina  etmək 

81 
 
istəyirdilər. İngilislər sol əldəki çəngəl və sağ əldəki bıçaqla yeyirlər. Amerikalılar 
kralla mübarizə əlaməti kimi ingilislərin xörək yemək qaydasını məqbul saymayıb, 
əvvəlcə xörəkdəki tikələri və tərəvəzi sağ əldəki bıçaqla xırdalayır, sonra həmin ələ 
götürdükləri  çəngəlin  köməyi  ilə  onları  yeyirdilər  və  indiyədək  bu  qaydanı 
qoruyub saxlayırlar. 
İngilislər  qidalanmağa  xüsusi  qayğı  göstərirlər,  gündə  beş  dəfə  qida  qəbul 
etmək  üçün  xırda  naharlara  «lunch»,  «five-o`clock»  adlarını  uydurmuşlar.  İngilis 
yeməyi sevdiyindən ondan ləzzət alır. Qatarla yola çıxdıqda belə hətta qısa müddət 
üçün  özlərinə  qəlyənaltı  götürür,  yaxud  da  ki,  vaqonların  birində  olan  bufetdən 
biskvit,  şirələr,  sular  alıb,  yol  boyu  bu  ehtiyatın  axırına  çıxmaqla  əylənirlər.  Bu 
ölkədə XIX əsrdə yaşamış fransız yazıçısı bir qədər yumor hissi ilə yazırdı ki, əgər 
fransızlar və ruslar da ingilislər kimi çox yesəydilər, qısa müddətdən sonra yəqin 
ki, Fransa və Rusiya aclıqla üzləşərdi. İngilislər spirtli içkilərə də laqeyd deyillər, 
onlar pivəni və eyli çox sevirlər və pablar həmişə adamlarla dolu olur. Vaxtilə eyl 
heç  də  çörəkdən  az  qiymətləndirilmirdi.  1620-ci  ilin  noyabrında  «May  Flower» 
gəmisində Şimali Amerikanın Massaçusets yarımadasında məskunlaşmağa gəlmiş 
ingilislərin  yaratdıtı  kiçik  koloniyanın  qubernatoru  Uilyam  Bredford  yazırdı  ki, 
onlar çörəkdən də çox eylin məsarifinə ciddi nəzarət edirdilər. Çünki yeni sakinlər 
üçün bu daha qiymətli ərzaq hesab olunurdu. Lakin ümumən götürüldükdə müasir 
ingilislərdə tünd içkiyə münasibətdə təəccüb ediləcək bir ayıqlıq vardır. Şəhərlərin 
küçələrində  sərxoş  adama  rast  gəlmirsən,  qatarda  da  spirtli  içki  içilməsi  gözə 
dəymir. 
Vaxtilə pambıq parça sənayesinin mərkəzi sayılan Mançesterin və onu əhatə 
edən  şəhərlərdən  ibarət  olan  dairənin  iqtisadi  əhəmiyyəti  onu  təkcə  Böyük 
Britaniyanın ikinci şəhəri etmədi, bu illər həm də onun «qızıl dövrü» idi. Sənaye 
inqilabı  buranı  həm  də  xeyli  dərəcədə  viranə  qoymuşdu.  Ona  görə  də  şəhər  XX 
yüzillikdə sənaye problemləri ilə üzləşməli oldu. İndi isə toxuculuq fabriklərindən 
əsər-əlamət yoxdur, onun iri binaları müxtəlif məqsədlər üçün istifadə edilir. Şəhər 
təmizliyi,  səliqə-səhmanı  ilə  seçilir.  Bircə  şeydə,  «müşahidə  çarxında»  şəhər 
Londonun Temza sahilini xatırladır. Bu şəhərdə biz köhnə dostumuz Şəmil Yusifin 
ailəsinin  göstərdiyi  səmimi  qonaqvərlərlikdən  həzz  aldıq.  Bu  ailə  ingilislər  kimi 
ikimərtəbəli  evdə  yaşayır,  çünki  bu  ölkədə  mənzildə  yaşamağı  sevmirlər,  ayrıca 
evə  üstünlük  verirlər.  Yəqin  ki,  «mənim  evim-mənim  qalamdır»  zərb-məsəli 
ingilislərin öz evinə bağlılığı ilə yanaşı, əsas şərt kimi bu evin ayrıca olmasını, qala 
kimi  öz  ərazisinə  malik  olmasını  nəzərdə  tutur.  Burada  bağda  işləmək  hər  bir 
adamın  əyləncə  vaxtının  dörddə  birini  təşkil  edir.  Mançestrdəki  azərbaycanlının 
evinin  qabağında  gül-çiçək  olan  sahə,  arxasında  isə  ev  sahibinin  xüsusi  ciddi-
cəhdlə  becərdiyi  göyərti  ləkləri  vardır  və  süfrəyə  milli  xörəklərlə  yanaşı  bu  tər 
göyərti xüusi gözəllik verir. 
Mançestr  dairəsində  olan  Aterton  şəhərində  bir  mənzərə  diqqətimizi  cəlb 
etdi. Məktəb binasının qırmızı rəngli bişmiş kərpicdən olan fasadından Azərbaycan 
bayrağı  asılmışdı.  Maraqlandıqda  məlum  oldu  ki,  ailənin  kiçik  qızı  Cəmilə 
məktəbdə  yaxşı  oxuduğundan  və  fəallığı  ilə  seçildiyindən  onu  fərqləndirmək 
mükafatı  kimi  qızın  öz  təklifi  nəzərə  alınmış,  bayrağın  nümayişi  forması 

82 
 
seçilmişdi.  Ailənin  böyük  oğlu  olan  Elnur  isə  2007-ci  ildə  Atertonun  bələdiyyə 
seçkilərində namizəd kimi iştirak etmiş və şəhərin ən populyar sakinlərindən birinə 
çevrilmişdir.  O,  leyboristlər  partiyasının  yerli  təşkilatının  nüfuzlu  üzvlərindən 
biridir,  şəhərdə  isə  bu  partiya  ənənəvi  olaraq  daha  böyük  elektorat  kütləsinə 
malikdir. 
Bütün  İngiltərədə  bizi  məftun  edən  cəhətlərdən  biri  gül-çiçəklərin  bolluğu 
idi,  yaşıllıq  isə  ölkənin  canında,  qanındadır.  Burada  çiçəksiz,  gülsüz  ev,  küçə, 
ictimai  bina  demək  olar  ki,  yoxdur.  Evlərin  divarından  asılmış  və  səliqə  ilə 
düzülmüş  səbətlərdəki  çiçəklər  bir  estetik  mühit  yaradır,  ovqatı  gözəllik  ruhunda 
sazlamağa  kömək  edir.  Gül-çiçək  olan  yerdə  zibilə,  səliqəsizliyə  rast  gəlmək 
mümkün  deyildir.  Adəmlə  Həvva  vaxtilə  Edem  bağından  qovulduqda  zaman  və 
məkan  məsafəsini  qət  edib  İngiltərəyə  düşsəydilər,  əfv  edildiklərini,  yenidən 
yerüstü cənnətə qaytarıldıqlarını güman edərdilər. 
Ümumiyyətlə, bu ölkədə peyzaja çox böyük diqqət və qayğı göstərilir, onlar 
heç  də  xaotik  olaraq  meydana  gəlməmişlər,  həmin  landşaftlardan,  mənzərələrdən 
çoxunun  lahiyələrini  böyük  ingilis  bağ  və  park  memarları  vermişlər.  Ölkəyə 
dünyanın  hər  tərəfindən  çox  növdə  ağac,  kol  və  çiçəklənən  bitki  gətirilmişdir  və 
onlar yerli növlərlə yanaşı ölkənin bağlarında becərilir, mühitə əlavə gözəllik verir. 
Mançestrin  yerləşdiyi  şimali-qərb  regionu  daha  rütubətli  və  tutqun  havaya 
malikdir.  Hələ  qədim  Roma  tarixçiləri  İngiltərə  iqliminin  «xoş  olmayan,  tez-tez 
təkrar olunan yağışlı və dumanlı olması»nı qeyd etməklə pisləyirdilər, həm də çox 
soyuq  olmadığını  qeyd  edirdilər.  Kral  II  Çarlz  isə  əksinə  deyirdi  ki,  İngiltərə 
iqlimli dünyada ən yaxşı iqlimdir – «beş gündən savayı adam il boyu açıq havada 
bütün işini görə bilir». Doktor Semyuel Conson isə bunu nəzərə çatdırırdı ki, «iki 
ingilis  görüşdükdə  ilk  söhbət  havadan  gedir».  Bu  ölkədə  hava  mövsümdən-
mövsümə  deyil,  gündən-günə,  hətta  saatdan-saata  dəyişir.  Mançestrdə  yağışın  nə 
vaxt  başladığını  və  kəsdiyini  dəqiq  müəyyən  etmək  də  çətindir,  axı  heç  kəs 
çoxluğuna görə göz qırpmanın nə vaxt baş verdiyinə əhəmiyyət vermir. 
Mançestrdə  heyrətamiz  bir  müasir  memarlıq  məbədi  ilə  tanış  olduq.  Bu 
Trafford  sentrdə  yerləşən  supermarket  binasıdır.  Bu  tikili  yaşca  cavan  olsa  da, 
klassik  üslubda  inşa  edilmişdir,  onun  interyeri  qədim  yunan  və  Roma 
arxitekturasının  inciləri  ilə  doludur.  Əsasən  korinf  və  ion  üslubunda  ucaldılan 
sütunlar,  mərmər  örtüklərdən  ustalıqla  istifadə  edilməsi,  döşəmədəki  freskalar 
buraya  xüsusi  gözəllik  verir.  Uca  tavana  qədər  ucalan  süni  palmalar  bu  füsunkar 
mənzərəni tamamlayır. Bu bina köhnə üsluba pərəstişin və zənginliyin vəhdətindən 
yaranmış bir möcüzədir. 
Ticarət  şəbəkələrində  mal  bolluğuna  və  əmtəələrin  keyfiyyətinə  gəldikdə, 
İngiltərə  bu  sahədə  də  öz  köhnə  ənənələrini  və  tələblərini  qoruyub  saxlayır. 
Görkəmli rus yazıçısı İ.A.Qonçarov 1852-ci ildə «Pallada» freqatında Yaponiyaya 
səfər  edərkən  yolüstü  Londonda  dayandıqlarını  və  şəhərin  mağazalarında  satılan 
paltarların  çeşid  bolluğundan  heyrətləndiyini  qeyd  edir,  Peterburqun  ticarət 
bazarının  kasıblığı  və  kasadlığı  ilə  müqayisədə  bu  təzad  onun  təəccübünə  səbəb 
olur.  Həmin  təəssüratlarını  yazıçı  səfərə  çıxdığı  gəminin  adı  ilə  adlandırdığı  yol 
qeydləri  kitabında  qələmə  almışdır.  Bir  əsr  yarım  vaxt  keçdikdən  sonra  çox  şey 

83 
 
dəyişsə  də,  ingilisin  malların  bol  çeşidinə  və  yüksək  keyfiyyətinə  olan  tələbatı 
zəifləməmişdir, bəlkə də yüksəlmişdir. 
«Mançestr Yunayted» klubunun özəl “Old Trafford” stadionu futbola burada 
olan  məhəbbətin  əyani  bir  təzahürü  olmaqla  bizi  heyran  qoydu.  Stadion 
kreslolarının  rəngarəngliyinə  görə  gözəl  mozaikanı  xatırladır.  Tribunalardan 
yuxarıda  isə  kabinələr  sıralanır  və  bu  restoran  bölmələri  əvvəldən  sifarişlə 
götürülür  və  varlılar  futbola  baxmağı  digər  əyləncə  ilə  birləşdirirlər.  Stadionda 
mağaza, restoran və kafelər şəbəkəsi fəaliyyət göstərir. Mağazada Azərbaycandan 
gələn  qonaq  olduğumuzu  bildikdə  bizə  klubun  şarfını  və  kepkasını  bağışladılar. 
Stadionun  fasadını  ikinci  mərtəbə  hündürlüyündə  qoyulmuş  klubun  ilk 
prezidentinin heykəli bəzəyir. Stadionun qarşısında yolun o tərəfində isə XX əsrin 
ikinci  yarısının  ən  məşhur  futbolçuları  olan  Bestin,  Lounun  və  Bobbi  Çarltonun 
qrup  şəklində  heykəli  qoyulmuşdur.  1971-ci  ildə  İngiltərə  yığmasının  tərkibində 
Bestin  Moskvadakı  oyununa  tamaşa  etmişdim,  Bobbi  Çarlton  isə  Tofiq 
Bəhramovun hakimliyi hesabına vurulmuş hesab edilən qolun müəllifi kimi dünya 
çempionu olmuşdu. Futbolu ingilislərin sevdiyini demək, bu ehtiras barədə heç nə 
deməməyə  bərabərdir.  Xalqın  futbola  münasibəti  komandaların  oyun  ustalığının 
yüksək  səviyyəsinə  səbəb  olan  əsas  amillərdən  biridir.  Premyer-liqada  oynayan 
komandalar  dünyanın  ən  məşhur  komandaları  ilə  mübarizə  aparmaq  gücündədir. 
«Mançester Yunayted» isə keçən il həm çempion olmuş, həm də Avropa kubokunu 
almışdı. Bu ölkədə futbola oyun kimi deyil, milli rəmz, qürur şəklində yanaşırlar. 
Axı  İngiltərənin  adı  siyasi,  iqtisadi  və  sosial  məsələlərdə  ayrıca  tanınmır,  burada 
hər  şey  Birləşmiş  Krallığın  ümdə  səlahiyyətindədir.  İngiltərə  yalnız  idman 
sahəsindəki  fəaliyyəti  ilə  ayrıca  tanınır.  Ölkənin  futbol  komandası  1966-cı  ildə 
dünya  çempionu olmuşdu.  Bu  ölkədə  bir  sıra  idman  oyunları, o  cümlədən  futbol 
icad  edilmişdir.  İngilislərin  bu  yaradıcılığını  tarixdə  ilk  dəfə  Olimpiya  oyunları 
keçirən  qədim  yunanların  insanın  fiziki  kamilliyinə  göstərdikləri  diqqətin  davamı 
kimi saymaq olar. 
İngilislər  siyasətlə  yaxından  maraqlanır,  dünyada  baş  verən  hadisələri 
nəzərdən  qaçırmırlar.  Xüsusən  ziyalılar  Azərbaycanın  ərazi  bütövlüyünə  təcavüz 
barədə tutarlı məlumatlara malikdirlər. Onlar Azərbaycan dövlətinin düzgün xarici 
və  daxili  siyasət  apardığını  söhbətlərdə  dəfələrlə  qeyd  edirdilər  və  ərazi 
bütövlüyünün  bərpa  edilməsini  beynəlxalq  hüququn  tələbi  kimi  qəbul  edirlər. 
Lakin  Gürcüstan-Cənubi  Osetiya-Rusiya  münaqişəsindən  sonra  Qafqazda  qanlı 
müharibə  vəziyyətinin  yenidən  yaranmasını  məqsədəuyğun  hesab  etmir,  bizim 
ölkəyə  dialoq  yolu  ilə  öz  haqq  işinin  təntənəsinə  çatmağı,  münaqişəni  birdəfəlik 
həll  etməyi  arzulayırdılar.  Onlar  regionda  Azərbaycanın  böyük  iqtisadi  yüksəlişə 
nail olduğunu xüsusi vurğulayırdılar. «Britiş Petroleum» şirkətinin – bu Britaniya 
konserninin  Azərbaycanda  neft  hasilatındakı  geniş  iştirakını  olduqca  yüksək 
qiymətləndirirlər.  Azərbaycanla  Böyük  Britaniya  arasında  iqtisadi  əməkdaşlığın 
genişləndirilməsinə  və  möhkəmləndirilməsinə  bu  ölkə  olduqca  böyük  maraq 
göstərir. 
İrland dənizinin sahilində yerləşən Liverpul şəhəri şimali-qərbi İngiltərənin 
mərkəzi olmaqla iqtisadi və mədəni təsir xüsusiyyətlərinə görə mühüm əhəmiyyət 

84 
 
kəsb edir. Amerika ilə kommersiya əlaqələri genişdəndikdə Liverpul Britaniyanın 
ikinci  mühüm  limanına  çevrilmişdi.  Buradan  manufaktura  mallarını  Qərbi 
Afrikanın qul ovlanan ərazilərinə canlı əmtəə ilə dəyişilməyə göndərirdilər, qullar 
isə öz növbəsində Vest İndiyada şəkərə, patkaya, ədviyyata və digər bitki mənşəli 
məhsullara  dəyişdirilirdi.  Liverpul  bu  üçbucağa  başçılıq  etməklə  ondan  böyük 
iqtisadi fayda götürürdü. Bu şəhər olduqca yaraşıqlıdır, təpədən dəniz sahilinə tərəf 
enir.  Piyadalar  üçün  ayrılmış  küçələr  çoxdur,  onlarda  gəzdikcə  binaların 
arxitektura  gözəlliyini  bol-bol  seyr  edirsən  və  gəlib  dəniz  kənarına,  köhnə  liman 
olan  yerə  çıxırsan.  Vaxtilə  burada  dənizçilər  kütləsi  dolaşırdı.  Yalnız  bədənini 
satmaq istəyən qadınlar sayca onlardan az olurdu. Bu şəhərdə dənizçilər bir günün 
ərzində  evlənir  və  boşanırdılar.  Həmin  nikahların  ömrü  bir  günlük 
kəpənəklərinkindən də az olurdu. 
Şəhərin  nəqliyyat  hərəkət  etməyən  küçələrilə  xeyriyyə  məqsədilə  pul 
toplamaq üçün müxtəlif alətlərdə çalan musiqiçilərə, marslıların paltarını geyinmiş 
və  üzünə  gümüşü  boyaq  çəkilmiş  cavanların  robota  bənzəyən  hərəkətləri  ilə 
uşaqları  əyləndirməsinə  addımbaşı  rast  gəlirsən.  Adətən  onlar  universitet  və  ya 
kollec  tələbələridir.  Təhsil  haqqını  ödəmək  üçün  onların  bir  çoxu  restoranlarda, 
kafelərdə  ofisiant  işləyirlər.  Belələrinin  içində  Şərqi  Avropa  ölkələrindən 
gələnlərə, xüsusən polyaklara və çexlərə daha çox rast gəlmək olur. Azərbaycanlı 
tələbələr isə belə fəaliyyət növünü özlərinə sığışdırmırlar. 
Ölkəmizdən  İngiltərəyə  təhsil  almağa  gələn  gənclərin  sayı  çoxdur.  Onların 
əksəriyyəti  zəhmətsevərlikləri,  biliyə  həvəsləri  ilə  seçilirlər,  ən  yaxşı  cəhət 
orasındadır  ki,  davranışlarında  ağılsız  hərəkətlərə  yol  vermirlər.  Onlar  doğma 
evlərindən  kənarda  olsalar  da,  Vətəni  heç  vaxt  unutmurlar,  burada  baş  verən 
hadisələrə  böyük  maraq  göstərirlər.  Bu  sahədə  onlara  İnternet  və  yerli  televiziya 
kanallarımız  yaxından  köməklik  göstərir.  Elektron  poçtu  vasitəsilə  onlar 
mətbuatımızı  izləyirlər,  «525-ci  qəzet»in  obyektivliyini  xüsusi  qeyd  edir,  onun 
müəlliflərinin çoxunu yazılarından tanıdıqlarını bildirirdilər. 
İngiltərə cəmiyyətində irqi, dini, milli tolerantlıq tərifəlayiqdir. Londonda iri 
yəhudi  məhəlləsi vardır.  Bir  vaxtlar ölkədən qovulmuş  yəhudilərə sonralar  Oliver 
Kromvell  qayıdıb  yenidən  orada  yaşamağa  icazə  vermişdi.  Şəhərin  kənarında 
əsasən hindlilər, pakistanlılar, zəncilər, türklər, əfqanlar yaşayırlar. Onlar ya ticarət 
obyektlərində,  ya  da  kiçik  emalatxnalarda  işləyirlər.  Ayrı-ayrı  dinlərə  sitayiş 
edənlər  öz  ibadətlərini  sərbəstcəsinə  qılır,  dini  və  milli  bayramlarını  imkan 
daxilində  təntənə  ilə  qeyd  edirlər.  Müsəlmanlara  gəldikdə  Bolton  şəhərində 
pakistanlıların  tikdirdiyi,  qızıl  suyuna  çəkilmiş  və  üzərində  ayın  silueti  olan  iri 
qübbəli  məscid  möhtəşəmliyi  ilə  seçilir.  Türklər  supermarketlərində  və 
restoranlarında  öz  ölkələrində istehsal  edilmiş  ərzaqları  və  milli xörəkləri  satırlar. 
Londonda dünyanın istənilən mətbəxi, Asiya xalqlarının xörəkləri ilə tanış olmaq 
imkanı qeyri-məhduddur. Britaniya imperiyasının izləri başqa sahələrdə itsə də, öz 
mövcudluğunu mətbəxlərin müxtəlifliyində qoruyub saxlayır. 
Düzənlik  İngiltərədən  çıxıb,  daxil  olduğun  dərəli-təpəli,  dağlıq  Şotlandiya 
ərazisi  tam  başqa  təsir  bağışlayır.  Qatarla  Mançestrdən  Edinburqa  gedəndə  yol 
boyu yabanı çiçəkləri seyr edirsən. Yamyaşıl otlaqlarda qara, ala-bula inəklər, ağ 

85 
 
uzun  yunlu,  o  qədər  də  böyük  olmayan  qoyunlar  aramla  otlayır.  Ser  Valter  Skott 
yazırdı ki, düzənlik qoyunları sürü şəklində yan-yana otladığı halda, dağ qoyunları 
ayrılıqda, bir-birindən aralı otlayır. Mənşəcə şotland olan bu yazıçı öz qoyunlarını 
ingilslərinkindən  fərqləndirmək  üçün  bəlkə  də  belə  fikri  irəli  sürmüşdü.  Onun 
müşahidələrini  təkzib  etməkdən  uzağam,  lakin  İngiltərədə  də  qoyunların  və 
inəklərin  sürü  və  ya  qrup  şəklində  otladığını  bir  dəfə  də  olsun  görmədim.  Onlar 
əcdadlarına  xas  olan  öz  ərazisini  qoruyub  saxlamaq  irsini  saxlayırmış  kimi  bir-
birinə çox yaxınlaşmaq meylindən uzaqdırlar. 
Şotlandların  paytaxtı  Edinburq  Şimalın  Afinası  adlanır.  Bu  şəhər  XVIII 
əsrdə  və  XIX  əsrlərin  əvvəlində  ədəbiyyat  və  incəsənət  mərkəzi  kimi  şöhrət 
tapmışdı və indi də öz yaxşı ənənələrini qoruyub saxlayır. Burada üç həftə ərzində 
yay  festivalları  keçirilir,  şəhərə  teatra,  baletə,  rəssamların  əsərlərinə  baxmaq, 
musiqiyə  qulaq  asmaq  üçün  on  minlərlə  adam  gəlir.  Bu  festivallar  milli  musiqi 
alətinin  sədaları  altında  başa  çatır.  Biz  kilsənin  qarşısındakı  çəmənlikdə  həmin 
tuluq  zurnasında,  ingilislər  buna  «bagpipe»  -  «tuluq  tütəyi»  deyirlər,  çalan 
musiqiçilər qrupunun ifa etdikləri şotland melodiyalarına qulaq asdıq. Musiqiçlərin 
hamısı  milli  geyimdə  idi,  əyinlərində  yun  parçadan,  tartan-dan  tikilmiş  yubka 
formalı gödək geyim olan klit var idi. Kliti vaxtilə şotland polku əsgərinin əynində 
də  görmək  olardı.  Dağlardan  və  adalardan  Edinburqa  gələnlər  də  bu  geyimdə 
olurdu. 
Edinburq  qaya  üzərində  ucaldılmış  qalası  ilə  məşhurdur.  Qəsrdə  indiyədək 
qalan  ən  köhnə  tikinti  XI  əsrə  aiddir.  Həmin  əsrin  sonunda  Şotlandiya  kralı 
Malkolmu  Şeksprin  pyesində  mənfur  qatil  kimi  təsvir  edilən,  «əlinin  qanını 
okeanların  yuya  bilmədiyi»  Makbet  öldürmüşdü.  Malkolmun  Sakson  kraliçası 
müqəddəs Marqaret qəsrin ərazisində kiçik, kvadrat şəkilli kilsə ucaltmışdı. Kral I 
Robert Bryus hərbi məqsəd naminə qəsri tikməyə göstəriş vermişdi. Həmin vaxt bu 
kilsəyə  toxunulmamışdı.  Qəsrlə  üzbəüz,  vadinin  ön  tərəfindəki  küçədə  məşhur 
səyyah David Livinqstonun heykəli qoyulmuşdur. O, dünyanın ikinci ən böyük və 
gözəl  şəlalələrindən  biri  olan  Afrikadakı  Zambezi  çayındakı  Viktoriya  şəlaləsini 
XIX  əsrin  ortalarında  kəşf  etmiş  və  şəlaləni  tax-tacda  olan  kraliçanın  adı  ilə 
adlandırmışdı.  Başqa  bir  küçədə  isə  məşhur  sərkərdə,  Vaterlooda  Napoleon 
üzərində qələbə çalmış lord Vellinqtonun heykəli ucalır. 
Şotlandlar  viski  ilə  məşhur  olsalar  da,  onlar  dünyaya  «tartan»  -  bizdə 
şotlandka  kimi  tanınan  yun  parçanı  bəxş  etmişlər.  Edinburqdakı  bir  mağaza  – 
muzeydə  bu  parçanı  toxuyan  dəzgah  quraşdırılmışdır  və  ondan  hazırlanan  geyim 
şeyləri satılır. 
Şotlandlar  əyilməzliyi,  mübarizliyi ilə tanınan xalqdır. Qədim romalılar ilk 
dəfə  adanı  işğal  edərkən  yalnız  şimalda,  Kaledoniyada  (Şotlandiyanın  qədim 
adıdır)  yaşayan  tayfalar  onlara  şiddətli  müqavimət  göstərmişdir.  Ona  görə  də  bu 
ərazi romalıların ağalığından kənarda qalmışdı. Bunu nəzərə alaraq sonralar şimali 
İngiltərə  ilə  cənubi  Şotlandiya  arasında  Hadrian  və  Antonin  sədləri  tikilmişdi. 
Adanın bir hissəsinin işğal altında olması isə dörd yüz ilə qədər çəkmişdi. 
Uinston Çörçill özünün «İngilis dilli xalqların tarixi» adlı çoxcildli əsərində 
şotlandlara olduqca mənfi xarakteristika verir. Bu xalq cəsarəti, itaətə nifrəti, bəzi 

86 
 
hallarda dəlisovluğu ilə seçilir və bu keyfiyyətlərə hansı prizmadan baxılması heç 
də əhəmiyyətsiz məsələ deyildir. Dünyada dağlıq  ərazilər, daha uca dağ silsilələri 
olduğu,  onlarda  çox  sayda  xalqlar  məsukunlaşdıqları  halda  yalnız  şotlandları  və 
Qafqaz  xalqlarını  ingilislər  «highlander»  -  «dağlılar»  adlandırırlar.  Onların  yəqin 
ki,  bir  çox  xüsusiyyətləri  oxşar  olduğuna  görə,  belə  ad  altında  tanınırlar. 
Şotlandların inadkarlığı, azad ruhu onların mübarizəsinə yenilməzlik və ardıcıllıq 
verən başlıca amil rolunu oynamışdır. 
Şamil müəllimin Mançester ətrafı şəhərlərdə – Viqanda, Boltonda, həmçinin 
Liverpul  və  Edinburqda  bizi  müşayiət  etməsi  bu  səyahətlərə  xüsusi  zənginlik 
verirdi. Onun bu ölkəni belə yaxşı tanımasına biz heyran olmuşduq. 
İngilislərin  iftixar  mənbəyi  onların  ədəbiyyatı,  xüsusən  poeziyada  və 
dramaturgiya  janrında  qazanılan  nəaliyyətlərinə  qiymət  verilərkən  rəssamlıq  və 
musiqi sahəsindəki yaradıcılığın müqayisəli şəkildə zəif olduğu iddiası irəli sürülür 
və  bu  fikir  həqiqətdən  o  qədər  də  uzaq  deyildir.  Rəngkarlıqda  dünya  şöhrətli 
rəssamlar  azdır.  Klassik  musiqidə  isə  ingilis  bəstəkarlarının  töhfəsi  o  qədər  də 
yüksək  qiymətləndirilmir.  Ümumiyyətlə,  bütün  incəsənət  növlərində  incilər 
yaratmış  xalqlar  azdır.  Hollandlar  və  flamandlar  rəssamlıqda  böyük  məktəblərə 
malik  olsalar  da,  ədəbiyyatlarında  və  musiqilərində  həmin  səviyyədəki  əsərlərlə 
öyünə bilməzlər. ABŞ-da ilk simfoniyanı çex bəstəkarı Antonin Dvorjak yazmışdı. 
ABŞ-ın  dövlət  himninin  musiqisi  ingilislərin  süfrə  başında  oxuduqları  şən 
mahnının  melodiyasından  götürülmüşdür.  Riçard  Nikson  bunu  1972-ci  ildə 
Pekində  ilk  prezident  kimi  rəsmi  səfərdə  olarkən  təyyarə  meydanında  himn 
oxunarkən  duymuş  və  sonra  bu  hadisəni  kitabında  utandırıcı  bir  hal  kimi  qeyd 
etmişdi.  İngilislər  isə  XX  əsrdə  musiqi  yaradıcılığında  iri  bir  addım  atmışlar. 
Liverpulda  1960-cı  ildə  yaranan  «Bitlz»  qrupu  bu  şəhəri  dünya  populyar 
musiqisinin  mərkəzinə  çevirdi  və  on  il  ərzində  böyük  heyrət  ünvanı  olaraq  qaldı. 
Sonralar isə meydana ser Elton Con öz mahnıları ilə gəlmişdi. 
İngilislər  musiqiyə,  teatr  tamaşalarına  böyük  aludəçilikləri  ilə  seçilirlər. 
Londonda  onlarla  teatr  fəaliyyət  göstərir.  Şəhərin  simfonik  orkestrinə  dünya 
şöhrətli  dirijor,  milliyyətcə  osetin  olan  Valeri  Gergiyev  başçılıq  edir.  Böyük 
Britaniyanın  xarici  işlər  naziri  Devid  Millibendin  xanımı  bu  orkestrin 
musiqiçisidir. Ölkədə  mədəniyyətə  bəslənən qayğıya  cavab olaraq  Avropa  İttifaqı 
2008-ci ildə Liverpul şəhərini Avropanın mədəni mərkəzi elan etmişdir. 
İngilislər ənənələrini sədaqətləri ilə fərqlənirlər. Bu sahədə onları yaponlarla 
müqayisə  etmək  olar.  Klassik  irsə  də  böyük  qayğı  ilə  yanaşır,  keçmiş  dövrün 
nişanələrini qoruyub saxlayırlar. Londonda mərkəzin klassik üslubdakı ansamblına 
xələl gətirən az sayda şüşə və betondan tikilmiş binalara rast gəlmək mümkündür. 
Səfərimizin  başa  çatmaq  ərəfəsində  köhnə  qonşumun  təkidi  ilə  Vindzor 
sarayını  görməyə  getdik.  Vindzor  qəsrinin  əsasını  I  Uilyam  qoymuşdur,  XVI 
əsrdən  isə  əvvəllər  istehkam  rolunu  oynayan  qəsr  saray  kimi  istifadə  olunmağa 
başlanmışdır.  Bu  qala  İngiltərə  tarixinin  dilsiz  şahidlərindən  biridir,  onun  hər 
daşında Şekspirin sözləri ilə desək «yaddaş cədvəli» yazılmışdır. 
Qəsrin  ətrafında,  Temza  çayının  sahilində  meydana  gələn  şəhər  də  bu  adı 
götürmüşdür,  indi  taxt-tacda  olan  sülalə  də  həmin  adı  daşıyır.  Şəhər  Berkşirdəki 

87 
 
İtonla birləşir, burada yaşı az qala altı əsrə çatan, məşhur İton kolleci yerləşir. 
Qalaya daxil olarkən Uels prinsi Çarlz qulaqlara birləşdirilən radio qurğusu 
ilə  adamları  salamlayır  və  kraliça  II  Elizabetin  bazar  günü  istirahətini  burada 
keçirdiyini  vurğulayır.  Sarayın  otaqları  məşhur  rəssamların  əsərləri  ilə,  qiymətin 
şpalerler  və  qobelenlərlə  bəzədilmişdir.  Buradakı  tarixi  şəxsiyyətlərin  büstləri 
içərisində  Uinston  Çörçillin  ağ  mərmərdən  toxunmuş  büstü  diqqəti  cəlb  edir. 
Sarayın  ən  iri  salonu  ziyafətlər  təşkil  etmək  üçündür  və  beş  yüzə  qədər  qonaq 
nisbətən ensiz stolun arxasında oturmaqla ziyafətin işirakçısına çevrilmək şərəfinə 
nail olur. 
Bu daş labirintdən İngiltərə siyasətinin ən mühüm qərarları çıxmış, ölkənin, 
bəzən  dünyanın  taleyində  müəyyən  dəyişikliklərə  səbəb  olmuşdu.  Bu  qərarlar 
dövlət  mənafeyinin  birinci  əlaməti  və  axırıncı  təsdiqi  kimi  atılacaq  addımların 
başlancığını əks etdirirdi. Burada ilk dəfə qəsr yaradan I Uilyam artıq Normandiya 
hersoqu  Robertin  haramzada  oğlu  olduğunu  unudaraq,  ancaq  1066-cı  ilin  Milad 
bayramı günü taclandığını xatırlayırdı. Onun oğlu kral I Henri Normandiyanı işğal 
etməsinə  görə  ilk  dəfə  kral  iqamətgahı  kimi  istifadə  etdiyi  bu  sarayda  şadlanırdı. 
VIII  Henri  yeni  eşq  macərasına  düşəndə  və  ya  növbəti  arvadından  yaxasını 
qurtarmağa  çalışanda  burada  düşünüb,  bəzən  ən  dəhşətli  qərarlarını  qəbul  edirdi. 
Növbəti  sakin  Mariya  protestantlara  qənim  kəsilməklə  yanaşı,  özünə  təlqin  etdiyi 
saxta  hamiləliyinin  möcüzəsinin  yekununu  təşvişlə,  mamaçıların  əhatəsində 
gözləyirdi.  Kraliça  I  Elizabet  sevdiyi  Lester  qrafı  Robert  Dadlinin  xəyanətindən 
agah olduqda qızğın hisslərini burada cilovlaya bilmişdi. I Ceyms yalnız iki ildən 
sonra  sarayını  Edinburqdan  Londona  köçürdükdə  burada  Frensis  Bekonun  onun 
haqqındakı  panegirik  qaydasındakı  yazısı  ilə  tanış  olmuşdu.  I  Çarlz  özünə  qarşı 
təhlükəni  görsə  də,  onu  lazımınca  qiymətləndirmədiyindən  edam  kürsüsündə 
həyatla vidalaşmışdı. II Çarlz daha ehtiyatlı hərəkət etmək yolunu tutmuşdu. Onun 
qardaşı II Ceyms isə protestantlara qarşı mübarizə üçün Fransa kralı XVI Luidən 
rüşvət  almaqda  ittiham  edilmiş  və  üç  il  taxt-tacda  olduqdan  sonra  ölkədən 
qaçmışdı. Sonra onun kürəkəni Oranc prinsi Uilyam İngiltərəyə müdaxilə etməyə 
dəvət  edilmiş,  arvadı  Mariya  ilə  birgə  krallıq  etmişdi.  Mariyanın  taxt-taca  sahib 
olan bacısı Anna 1707-ci ildə İngiltərə və Şotlandiyanı birləşdirməyə nail olduğu 
və  ispan  irsi  uğrunda  müharibəni  İngiltərənin  xeyrinə  başa  çatdırmağı  ilə  öyünə 
bilərdi. Daha bir kraliça kimi tarixdə iz qoyan Viktoriya isə əri prins Alberti məhz 
Vindzor sarayında qarın yatalağı xəstəliyindən itirmişdi. Sevimli ərinin vəfatından 
çox məyus olan bu qadın hər gecə Albertin paltarını çarpayının yanında qoyurdu. 
Yataqda  isə  daim  başının  üstündə  ərinin  fotoşəkli  dururdu,  bu  Albertin  öldükdən 
sonra çəkilmiş şəkli olmaqla, başını və sinəsini təsvir edirdi. Axı Viktoriyanın  əri 
Albert  dünyaya  gözünü  Vindzorda  yummuşdu.  Çox  hadisələrə  şahid  olmuş 
Vindzor  sarayı  bəzi  sirlərini  buraya  qədəm  basanlarla  da  beləcə  bölüşməli  olur, 
daha doğrusu yada salır. 
Sonra biz  Vindzor  şəhərinin  kənarında  çəkilmiş  kanalda gəmidə iki saatlıq 
üzməkdən ibarət olan əla istirahət növü ilə tanış olduq. Sahil boyu hər iki tərəfdə 
yaşıllıqlar,  iri  gövdəli  ağaclar  kanalın  sularında  əks  olunur.  Kanalın  ən  böyük 
bəzəyi isə onda olan saysız-hesabsız qu quşları və ördəklərdir. Limanda qu quşları 

88 
 
daha  çoxdur.  Elə  bil  ki,  qu  quşu-cəngavər  Lohenqrin  özünə  ordu  düzəltmişdir. 
Gəmi  uzaqlaşdıqca  arabir  onlar  yenə  gözə  dəyir.  Vaqifin  Kür  qırağında  yaşılbaş 
sonanın olmamasından gileylənməsi yadıma düşdü. Çox heyifsləndim ki, bu qədər 
sonalar bolluğunda bircə dənə də olsun qara, əslində lələkləri gümüş rənginə çalan 
Avstraliya qu quşları yox idi. 
Londona  qayıtdıqda  isə  bizi  İlqarın  evində  təşkil  edilən  məclis  gözləyirdi. 
Məclisi daha ürək açan edən buraya çox sayda azərbaycanlının dəvət olunması idi. 
Onlardan çoxu tələbədir və həm də haradasa işləyirlər. Azərbaycanın gənc nəsli bu 
xalqın  daha  nikbin  gələcəyi  barədə  inam  yaradır,  çünki  onlar  yad  ölkədə  baş 
çıxarmağı bacarır, həm də xalqımızın adını yüksək tuturlar. 
İngiltərə  ilə  tanışlıq  başa  çatanda  bütün  təəssüratları  çözələyir,  daha  çox 
yadda  qalanlara  üstünlük  verməli  olursan.  İngilislərin  hörmətə  layiq 
xüsusiyyətlərindən biri onların təmkinli olması, yersiz emosiyalardan, çılğınlıqdan 
uzaq  olmalarıdır.  Onlar  ən  çətin  anda  belə  özlərini  itirmirlər,  ləyaqət  hissini 
qoruyub saxlayırlar. Londonu faşist bombardmanları dağıdanda, Koventri şəhərini 
xarabazara  çevirəndə  belə  ingilislər  fəryad  qoparmır,  faciəni  də  soyuqqanlıqla 
ötüşdürməyi bacarırdılar. Başqa ölkələrin səmasında uçarkən vurulub əsir düşmüş 
ingilis təyyarəçilərinin dəhşətli anda belə özlərini itirməməsi, zəiflik göstərməməsi 
və qürurunu hifz edib saxlaması fransız və italyan filmlərindən bizə tanışdır. 
Antik  erada  dünya  dövlətinə  çevrilmiş  qədim  Romanın  vətəndaşları 
Tsitseronun  dili  ilə  öz  dövrlərini  və  onun  qaydalarını  lənətləndirdikləri  halda, 
ingilislər  Hitler  Almaniyası  ilə  müharibədə  ən  ağır  sınaqlarla  üzləşdikdə  belə  bu 
dövrə  nifrət  yağdırmaqdansa,  son  nəfəri  qalan  qədər  düşmənlə  quruda,  suda, 
havada  vuruşacaqlarına  and  içərək,  qələbəyə  möhkəm  inam  nümayiş  etdirməyə 
üstünlük verirdilər. İngilisi başqalarından fərqləndirən onun güclü iradəsi, təmkini, 
soyuqqanlılığıdır.  İngilis  səliqə-səhmana  da  çox  diqqətlidir,  qaydalara  riayət 
etməkdə  isə  nümunə  rolunu  oynaya  bilər.  Burada  yalnız  futbol  fanatları  istisna 
təşkil edir. 
İngiltərə adama nikbin hisslər təlqin edir. Fransız həmmüəllifləri öz oxunaqlı 
detektiv  romanlarını  «Londonu  görmək  və  ölmək»  adlandırmışdılar  və  şəhərin 
dumanını  cinayətləri  ört-basdır  edən  mühit  kimi  təsvir  etmişdilər.  Yay  olduğuna 
görə biz London dumanı ilə təmasda ola bilmədik. Lakin bu şəhər heç də pessimist 
fikirlər  oyatmır.  Yağışın  tez-tez  mane  olmaq  istədiyi  günəş  daim  bizi  müşayiət 
edirdi.  Sifətlərdə  isə  çılğınlıqdan,  ümidsizlikdən  əsər  əlamət  yoxdur,  deyəsən 
ingilislər qəm yükünü heç vaxt özləri ilə küçəyə çıxarmırlar. Ona görə də mühitin 
yalnız nəcib təsirinə məruz qalırsan. Böyük Britaniya haqqında ən vacib təəssürat 
bundan  ibarətdir.  Azad  ruh  olan  yerdə  bu  ab-hava  başqalarını  da  sirayətləndirir. 
Günəş  şüası  su  damlasında  əks  olunan  kimi,  ingilislərlə  hər  təmasda  onların 
başqalarına  xoş  münasibəti,  səmimiyyəti,  hörməti  nəzərə  çarpır  və  bu  ümumən 
milli əxlaq dəyərləri barədə çox şey deyə bilir. İngiltərə ilə render vous məhz belə 
düşüncələr oyatdı. 
İngiltərə təkcə keçmişi ilə öyünmür, həm də gələcəyinə böyük ümidlə baxır. 
Toni  Bler  1997-ci  ildə  Böyük  Britaniyanın  baş  naziri  vəzifəsinə  başladıqda  öz 
ölkəsi  üçün  ambisiyalı  kurs  müəyyən  etmişdi:  «XXI  əsrin  model  millətindən  nə 

89 
 
artıq, nə də aşağı olmaq. Biz heç vaxt ən böyük dövlət ola bilmərik. Biz heç vaxt 
yenidən ən qüdrətli ola bilməyəcəyik. Lakin biz daha yaxşı ola bilərik. Həyat üçün, 
uşaqların tərbiyəsi, tam dolğun həyat üçün, burada qocalmaq üçün ən yaxşı yer ola 
bilərik».  On  bir  il  sonra  yeni  baş  nazir  Qordon  Braun  lideri  olduğu  leyboristlərin 
qurultayında çıxış etdikdə bu ideyanı bütünlüklə təkrar etmişdir. Olduqca humanist 
arzudur, xalqın və ölkənin potensialı onun çin olacağına ümid verir. Böyüklüyün, 
başqalarından  fərqlənməyin  nə  olduğunu  bilən  bu  xalq  yeni  dövrdə  ən  yaxşı 
olmaqla öz imkanlarını açıb göstərəcəkdir. 
İngiltərəni anlamaq uçün onu dərk etmək lazımdır. Dərk etdikdən sonra bu 
xalqı,  onun  yaşadığı  ölkəni  daha  yaxından  tanimağa  başlayırsan.  Vaxtilə 
İngiltərənin böyük dövlət xadimlərindən biri olan lord Palmerston sonralar dillərə 
düşmüş  bir  ifadənin  müəllifidir  :  “İngiltərənin  daimi  dostu  və  daimi  düşməni 
yoxdur, onn yalnız daimi mənafeləri vardır”. Bu aforizm aksioma xarakteri daşıyır. 
Bu  ölkəyə  az-çox  bələd  olan  adam  kimi  cəsarət  edib  onu  da  qeyd  edərdim  ki 
İngiltərənin  daim  qorunub  saxlanan  və  eroziyaya  uğramayan  ləyaqəti  vardır. 
Zaman, qaydalar dəyişsə də İngiltərə öz potensialına əsaslanan ləyaqətini qoruyub 
saxlayır.  Onun  siyası  “məni”  dəyişikliyə  məruz  qalmır.  Ləyaqət  isə  həqiqi  uğura 
daim düzgün yol açan ən başlıca əxlaqi dəyər və xüsusiyyət hesab olunmalıdır.  
 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin