Telman orucov



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   2   3   4   5   6   7   8   9   ...   28

 
DÜNYAYA NÜFUZ ANI 
 
Qloballaşma: ziddiyyətlər xeyir və şər timsalında 
 
Qloballaşma  insan  həyatının,  cəmiyyətlərin  bütün  məsamələrinə  güclü 
şəkildə  daxil  olmasını  fasiləsiz  davam  etdirdiyindən  adilik  haləsinə  bürünmüş, 
onun  mövcudluq  vəziyyətini  çox  vaxt  dünya  dövlətləri  ailəsində  mühüm  siyasi 
tədbirlər  həyata  keçirildikdə  antiqlobalistlərin  təşkil  etdikləri  etiraz  nümayişləri 
yada  salır.  Bu  çıxışlar  güclü  emosional  çalarlara  olsa  da,  planetar  miqyasa  sahib 
olmuş  prosesin  gedişinə  elə  bir  təsir  göstərə  bilmir.  Elə  bu  sadə  fakt  da 
qloballaşmanın  əhəmiyyətini  düzgün  qiymətləndirmək,  onun  mürəkkəb 
aspektlərini araşdırmaq lüzumunu yaddan çıxmağa qoymur.  
«Qloballaşma»  termini  beynəlxalq  siyasi  və  elmi  leksikona  1960-cı  illərdə 
daxil olmuşdur, illər ötdükcə onun məna yükü xeyli genişlənmiş və böyümüşdür. 
Yeni  ümumdünya  hadisəsinin  ilkin  və  güclü  apologetlərindən  biri  olan  Zbiqnev 
Bjezinski  hələ  1968-ci  ildə  bəyan  etmişdi  ki,  «Bizim  epoxa  sadəcə  inqilabi 
xarakter  daşımır;  biz  bütün  bəşər  tarixinin  yeni  metamarfozası  erasına  qədəm 
qoymuşuq.  Dünya  transformasiya  kandarında  dayanmışdır,  onun  tarixi  və  bəşəri 
nəticələri  öz  xüsusiyyətlərinə  görə  fransız  və  bolşevik  inqilablarının  əmələ 
gətirdiklərindən  daha  dramatik  olacaqdır.  2000-ci  ildə  etiraf  edəcəklər  ki, 
Robespyer  və  Lenin  yumşaq  islahatçılar  olmuşlar».  Bir  qədər  hiperbola  şəklində 
deyilən  və  az  qala  fırtına  vəd  edən  sözlər  həm  qarşıdakı  prosesin  nəhəngliyindən 
xəbər verir, həm də onunla razılaşmağa çağırış xarakteri daşımaqla, insanları buna 
hazırlamağa xidmət edir. Ötən dövr bu müddəanın bütünlüklə real məzmundan heç 
də  xali  olmadığını  büruzə  verdi.  Artıq  1980-ci  illərin  ortalarından  başlayaraq 
qloballaşma  təkcə  beynəlxalq  münasibətlər  nəzəriyyəsində  deyil,  həmçinin  bütün 
ictimai  elmlərdə  ən  geniş  yayılmış  mövzuya  çevrildi.  1990-cı  illərin  sonunda  isə 
qloballaşma  sosial  reallığa  çevrildi.  Prosesin  inkişafındakı  bu  fasiləsiz  ardıcıllıq 
həm  də  dünyada  baş  verən  mühüm  siyasi  kataklizmlərlə-«soyuq  müharibə»nin 
başa çatmasından sonra gələn tarixi dövrlə, SSRİ-nin dağılması və dünya sosializm 
sisteminin  süqutu  ilə  ,  Qərbin,  xüsusən  ABŞ-ın  iqtisadi,  siyasi,  ideoloji  zəfəri 
nəticəsində onun bir növ güclü təkan alması ilə əlaqədar idi. 
Qloballaşma  yoluna  daş  döşənməsi  də  sadə  məsələ  deyildi  və  bu  iş  inadlı 
səylər  tələb  edirdi.  Məsələ  burasındadır  ki,  SSRİ  və  dünya  sosializm  sistemi  öz 
taleyi  üzərinə  endirilən  qılıncdan  xilas  olmaq  imkanları  barədə  düşünəndə,  Qərb 
sivil  inkişafın,  qloballaşma  yüksəkliyinə  aparan  yolun  fəlsəfi  və  dünyagörüş 
əsaslarını  işləyib  hazırlayır,  möhkəm  bünövrə  qururdu.  Digər  tərəfdən,  totalitar 
sistemə  vurulan  zərbə  qapalı  cəmiyyətlərin  dağılmasına,  şəffaf  sosial-siyasi 
münasibətlərin  getdikcə  bərqərar  olmasına  şərait  yaratdı.  Qaranlığı  rəmzləndirən 

61 
 
bu  məkana  dünya  sivilizasiyasının  işıq  şüaları  nüfuz  etməyə  başladı,  köhnəlmiş, 
yaşamağa  yararlılığını  itirmiş  dəyərlərin  yerini  daha  ləyaqətli  dəyərlərlə  əvəz 
etmək ehtiyacı yarandı. Bütün bunlar dünyanı ağuşuna alan qloballaşma prosesinə 
mane olan hədlərin aradan qaldırılması demək idi. 
Qloballaşma  elə  bir  daim  püskürən  vulkandır  ki,  onun  oxşar  sadə 
təzahürlərinə,  ən  azı  bəzi  elementlərinə  tarixin  müxtəlif,  hətta  ən  dərin  qatlarında 
belə rast gəlmək mümkündür. Ona görə də bəzi filosoflar onu yalnız müasir dövrlə 
bağlamaq  müddəası  ilə  razılaşmır,  bu  prosesin  izlərinin  hələ  qədim  zamanlarda 
mövcud  olması  ideyasını  irəli  sürürlər.  Hələ  ibtidai  insan  öz  yaşayış  şəraitini 
yaratmaq,  həyati  tələbatlarını  ödəmək  üçün  inqilabi  xarakter  daşıyan  addımlar 
atmışdı  və  öz  təcrübəsinin  yayılmasına  da  elə  bir  qısqanclıq  göstərmirdi. 
Qloballaşmanın  başlanğıcı  əslində  bəşər  tarixinin  başlanması  ilə  üst-üstə 
düşür.İbtidai  tayfaların  bütün  yer  kürəsinə  yayılması  onun  ilkin  təzahürlərindən 
biri  sayılmalıdır.Sivilizasiyanın  hansı  nailiyyəti  götürülürsə  götürülsün-istər  bu 
oddan  istifadə  olsun,  istər  heyvanların  əhilləşdirilməsi  və  yabanı  bitkilərin 
mədəniləşdirilməsi  yolu  ilə  təsərrüfat  sistemi  kimi  heyvandarlığın  və  əkinçiliyin 
meydana  gəlməsi,  irriqasiya  və  metallurgiyanın  tətbiqi,  tarixdə  ən  böyük  texniki 
kəşf  sayılan  təkərin  icad  edilməsi,yelkənlərdən  istifadə-məcmu  şəklində  bunlar 
insan  tərəfindən  təbiət  qüvvələrinə  geniş  şəkildə  sahib  olmaq  mərhələlərini  təşkil 
edir. Oddan istifadə yəqin ki, az əhəmiyyətli şey sayılsaydı, yəqin ki, insanların bu 
qüdrəti  əldə  etməsinə  köməklik  göstərmiş  Prometeyi  allahlar  belə  qəddarcasına 
cəzalandırmazdılar. 
Bəziləri isə qloballaşma  fenomeninin  özünü  büruzə verməsinin tarixi anını, 
başqa  sözlə  bəşəri  dəyərlərin  inteqrasiyasını  şərti  olaraq  yazının  ilk  formalarının 
meydana çıxmasında görürlər. Bu sonralar qanunauyğun olaraq məktublaşma kimi 
rabitə vasitəsinin yaranmasına gətirib çıxardı. Bu vasitə öz növbəsində humanizm 
sistemlərini  meydana  gətirdi.  Məlumdur  ki,  antik  dövrlərdə  yalnız  bir-birilə 
məktublaşan  adamları  humanist  adlandırırdılar.  Buradan  humanizm,  məktub 
vasitəsilə  olan  dostluq  ünsiyyəti  kimi  meydana  çıxır.  Bəşəriyyətə  ünvanlanan  ilk 
mühüm  xəbər  yunan  ədəbiyyatı  idi,  onun  birinci  qəbul  edənlər  isə  romalılar 
olmuşdular. Sonralar elm elementlərinin yaranması humanistləşmə və qloballaşma 
prosesinin  daim  davam  edən  inkişafına  şərait  yaratdı.  Müasir  iqtisadi 
inteqrasiyadan  fərqli  olaraq  həmin  vaxt  yalnız  sosial  qloballaşmanın  varlığından 
söhbət gedə bilər. 
Qloballaşmanın  mahiyyətinə  gəldikdə,  bu  termin  texnoloji  inqilabın  qlobal 
nəticələri ilə əlaqədar olan prosesləri xarakterizə edir. Onun tərifini isə 2000-ci ildə 
professor Çarlz Doran vermişdir. O, bu fenomeni «informasiya texnologiyasının və 
dünya  iqtisadiyyatının  bir-birinə  qarşılıqlı  təsiri»  kimi  təsvir  edir  və  yazır:  «Bu 
proses  dünya  miqyasında  informasiya,maliyyə  kommersiya,  ticarət  və  inzibati 
sahələrdə  beynəlxalq  əməliyyatların  intensivliyi,  dərinliyi,  həcmi  və  dəyəri 
şəklində xarakterizə olunur. Son onilliklərdə bu əməliyyatların miqyasının kəskin 
surətdə  böyüməsi  və  onların  səviyyəsinin  yüksəlməsi,  qloballaşma  prosesi 
təzahürünü  daha  yaxşı  ölçməyə  imkan  verən  əlamətlərdir.»  «Ölçməyə  imkan 
verməsi» isə bu prosesin obyektiv xarakter daşıdığına işarədir. 

62 
 
Qlobalaşmanın  mahiyyəti  özlüyündə  transsərhəd  xarakterli  hərəkətlərin 
səviyyəsinin  yüksəlməsi  prosesindən  və  ya  sərhədlərin  artan  şəffaflığından 
ibarətdir.  Onun  təzahürləri  informasiyanın,  pulun,  maddi  və  qeyri-maddi 
obyektlərin  dövlət  sərhədini  keçən  yerdəyişməsində  özünü  büruzə  verir. 
Qloballaşma pullar və mallar üçün sərhədsiz olan dünya birliyinin mövcudluğunu 
nəzərdə  tutur  və  bu  nöqteyi-nəzərdən  kommunistlərin  «İnternasional»ındakı 
«Köhnə  dünyanı  dağıdıb,  öz  yeni  dünyamızı  quracağıq»  şüarından  fərqli  olaraq 
hərfi  mənadakı  dağıntılara  ehtiyac  duymadan  köhnə,  arxaik  stereotipləri, 
dünyabaxışları  aradan  götürərək,  yeni,  öz  tələblərinə  uyğun  gələn  modellərin 
tətbiqini  zəruri  sayır,  lakin  dünyanı  dəyişmək,  yeniləşdirmək  məqsədini  də 
gizlətmir.  Milli  dövlətlərə  bölünmüş  dünya  bu  prosesdə  öz  konfiquryasiyasını 
dəyişərək,  sərhədlərin  mövcudluğu  şəraitində  belə  iqtisadi  cəhətdən  birləşməyə, 
inkişaf  etdirməyə,  özünü  insanlara  ləyaqətli  həyat  bəxş  edən  məkana  çevirməyə 
cəhd  edir.  Buna  doğru  irəlilədikcə,  qloballaşma  bəşər  övladının  həyat  şəraitini 
yaxşılaşdırmaq  imkanları  yaradır.  Bu  nəcib  işə  isə  başqa  ad  vermək  mümkün 
deyildir. 
Qarşılıqlı  iqtisadi  münasibətlərdən,  dünya  ticarətindən  dövlətlər,  xalqlar 
daim  faydalanmışdır,  bu  həm  də  xalqların  yaxınlaşmasına,  ünsiyyət  yaratmasına, 
bir-birlərini  yaxından  tanımalarına  yol  açmışdır.  Xalqlar  arasında,  Qərblə  Şərq 
arasındakı  əlaqələri  yaratmaq  və  gücləndirmək  nöqteyi-nəzərindən  Makedoniyalı 
Aleksandrın  və  Çingizxanın  islahatları  və  yaratdıqları  imperiyalar  öz  ənənəvi 
neqativ qiymətlərini dəyişərək, bir qədər cəzbedici çalarlar alır. Birincinin işğalları 
Qərblə  Şərqin  vəhdətinə  can  atan  ellin  dünyasının  yaranmasına,  ikincinin 
imperiyası  isə  Uzaq  Şərqlə  Avropanı  ticarətə  qovuşduran  «İpək  yolunun» 
təhlükəsiz  və  daha  səmərəli  fəaliyyət  göstərməsinə,  həqiqi  ticarət  arteriyasına 
çevrilməsinə  şərait  yaratmışdı.  Asiyalılar  dəniz  ticarəti  sahəsindəki  geniş 
fəaliyyətləri  ilə  yanaşı,  naviqasiyanın  və  onda  tətbiq  ehtiyaclarından  doğan  dəqiq 
elmlərin  inkişafına  samballı  töhvə  vermişlər.  Kolumbun  Yeni  Dünyanı  kəşf 
etməsindən sonra zəngin bir sivilizasiyanın məhvinə səbəb olan istilalar baş versə 
də,  Atlantik  okeanının  hər  iki  sahilində  yerləşən  qitələrin  bir-biri  ilə  ticarət 
əlaqələri və təsərrüfat təcrübəsi mübadiləsi, Amerikadan Avropaya tanış olmayan 
mühüm  ərzaq  bitkilərinin  gətirilib,  Köhnə  Dünyada  yayılması  ümumən 
bəşəriyyətin  daha  uğurlu  inkişafı  üçün  şərait  yaratdı.  Ölkələr,  xalqlar  arasındakı 
əlaqələr,  ünsiyyət  və  əməkdaşlıq  ümumən  bəşəriyyətin  hərtərəfli  irəliləyişində 
mühüm  rol  oynamışdır.  Avropalılar  və  amerikalılar  Yaponiyaya  daxil  olub,  onu 
dünyaya  açdıqları  kimi,  daim  izolyasiyada  yaşamağa  üstünlük  verən  və 
feodalizmin sarsılmaz bastionuna çevrilən bu adalar ölkəsi də dünyanı özləri üçün 
açmış, tarixən olduqca qısa müddətdə böyük elmi, texniki inkişaf, sənaye inqilabı 
yolu keçmiş, qərbləşməyə yol açan Meyci inqilabından heç bir əsr belə keçməmiş, 
başqa sözlə, XX əsrin ortalarında öz «iqtisadi möcüzəsi» ilə dünyanın təəccübünə 
səbəb  olmuşdu.  Bu  tarixi  faktlar  dünyanın  birliyinə,  birləşməsinə  aparan 
qloballaşmanın mahiyyətini daha yaxşı anlamağa kömək edir. 
İndiki  proseslər  isə  muasir  dünyanı  qarşılıqlı  surətdə  bir-birindən  asılı 
etmişdir.  Ona  görə  də  qloballaşma  dünyanın  sıxılmasına  yol  açması  ilə  yanaşı, 

63 
 
qlobal qarşılıqlı asıllığa bütöv bir şey kimi baxan dünya şüurunun intensifikasiyası 
kimi düşünülür. «Qarşılıqlı asılılıq» çoxlu formalarda olmaqla, siyasi, diplomatiya, 
sosial,  iqtisadi  və  mədəniyyət  sahələrini  əhatə  edir  və  dövlətləri  məcbur  edir  ki, 
bütün  bu  qarşılıqlı  asılılıqlar  kompleksini  idarə  etmək  məqsədi  ilə  əməkdaşlıq 
etsinlər.  Bu  konteksdə  qloballaşma  bütün  dünyanın  ən  yeni  kommunikasiya  və 
informasiya  texnologiyaları  əsasında  maliyyə-iqtisadi,  ictimai-siyasi  və  mədəni 
əlaqələrə cəlb edilməsi deməkdir. 
İqtisad  elmində  qloballaşmanın  bir  neçə  istiqamətləri  qeyd  edilir.  Bu  hər 
şeydən  əvvəl  maliyyə  qloballaşmasıdır,  qlobal  müəssisələrin  təşəkkül  tapmasıdır, 
iqtisadiyyatın 
regionlaşması, 
dünya 
ticarətinin 
intensifikasiyasıdır, 
konvergensiyaya  olan  meyldir.  Bu  proses  hər  şeydən  əvvəl  iqtisadi  məzmuna 
malikdir,  dünyanın  regionlarının  maliyyə,  kommersiya  və  ticarət  müstəvisində 
bərabərləşdirilməsi, düzləndirilməsidir. Bu bərabərləşmə hər şeydən əvvəl rəqabət 
imkanlarının bərabərliyini nəzərdə tutur. 
 Qloballaşma dünya ölkələrinin iqtisadi cəhətdən qarşılıqlı asılılığı ilə yanaşı 
həm  də  kapitalın  beynəlxalq  axınına  təkan  verir,  texnologiyaların  yayılmasını 
sürətləndirir və genişləndirir. Bu vaxt ölkələrin qarşılıqlı asılılığının güclənməsi ilə 
müşayiət olunan transmilliləşmənin sürətlənməsi də vacib şərtə çevrilir. Bunlar ona 
gətirib  çıxarmışdır  ki,  artıq  XX  əsrin  sonunda  heç  bir  dövlət  real  suverenliyə  və 
müstəqilliyə  malik  deyildi.  Sərhədlərin  şəffaflığının  və  bir  çox  atributlardan 
dövlətlərin  özlərinin  məhrum  olmağının  bariz  nümunəsini  biz  Avropa  İttifaqının 
timsalında  aydın  görürük.  Qurumun  əhatə  etdiyi  27  ölkə  arasındakı  münasibətlər 
digər  ölkələr  arasında  mövcud  olan,  əvvəllər  isə  öz  aralarındakı  münasibətlərdən 
kəskin  surətdə  fərqlənir.  İttifaqın  köhnə  üzvlərinin  artıq  hamısı,  yeni  üzvlər  isə 
tədricən  vahid  valyuta  sisteminə  keçərək,  iqtisadi  qaydaları  nizamlayan  geniş 
qanunlar kompleksi yaradılmışdır. Ümumi miqrasiya sərbəstliyi beynəlxalq əmək 
bölgüsünə  də  əsaslı  təsir  göstərmiş,  işçi  qüvvəsinin  başqa  ölkələrdə  öz  istifadə 
imkanını  tapmasına  şərait  yaratmışdır.  Beləliklə,  dünyanın  inkişafında  müşahidə 
edilən  iqtisadi  dominanta  qloballaşmanın  həyata  keçirilməsində  mühüm  faktora 
çevrilmişdir. 
Bu  prosesin  istehsal  münasibətlərinə  təsirini  əks  etdirən  cəhətlərdən  biri 
istehsalın  özünün  təyinatının  və  məqsədinin  klassik  formulasının  dəyişilməsidir. 
Dəyər (əmtəə) istehsalı tədricən öz yerini istehlak dəyəri (məhsul) istehsalına verir. 
Kapitalist  münasibətlərinin  iqtisadi  mahiyyətini  əks  etdirən  bu  günki  qloballaşma 
özünü sosiallaşmanın ümumi mahiyyətini əks etdirən xüsusiyyət kimi də göstərir, 
çünki  qloballaşmanın  həqiqi  mahiyyəti  həm  də  sosial  münasibətlərin  bütün 
məzmununda,  məhz  insanın  məqsəd  və  özlüyündə  məqsəd  olduğunu  təsdiq 
etməkdən ibarətdir. 
Qloballaşma  fenomeninin  müsbət  cəhətlərindən  biri  elmin  və  elmi 
nailiyyətlərin  inkişafına  şərait  yaratmasıdır.  Doğrudan  da  bəşəriyyət  özünün 
mövcud  olduğu  minilliklər  ərzində  ilk  dəfə  faktiki  olaraq  bütövlüyə,  qarşılıqlı 
əlaqədə  olan  bir  kompleksə  çevrilir,  beləliklə  əsasən  əvvəlki  nominal  birlik 
durumunu  arxada  qoyur.  Sivilizasiyalaşma  prosesi  qlobal  miqyasda  öz 
universallığını nümayiş etdirir. 

64 
 
Əlbəttə, qloballaşma  inkişaf etmiş kapitalist ölkələrinə əlavə şərait yaradır, 
onlar  dünya  bazarında  öz  maliyyə  təsirlərini  genişləndirir,  bu  vaxt  həm  də 
müəyyən həddlərdə digər ölkələrin iqtisadi maraqlarına müəyyən ziyan vurmamış 
ötüşmürlər.  Bütün  bunlara  baxmayaraq,  qazanılan  fayda  öz  vəzni  etibarilə  bu 
ziyanı  kölgədə  qoyur.  Lakin  zəif  dövlətlər  bəzən  öz  səlahiyyətlərini 
fetişləşdirdiklərindən, onların məhdudlaşdırılmasını az qala fəlakət kimi qəbul edir 
və  qloballaşmaya  nifrin  yağdırmağa,  onun  təsir  dairəsinin  genişləndirilməsinə 
manelər  törətməyə  cəhd  edirlər.  Lakin  bu  müqavimətlər  əbəs  səylərdən  uzağa 
getmir.  Artıq  XXI  əsrin  əvvəllərində  qloballaşmanın  obyektiv  həmləsini 
dayandırmağın, saxlamağın mümkün olmadığı reallığı üzə çıxdı. Çünki bu proses 
bir çox qlobal problemlər yaratmışdır ki, onlara heç bir, hətta yüksək inkişaf etmiş 
dövlət belə müstəqil şəkildə həll edə bilməz, planetar miqyaslı təhlükələr minbaşlı 
əjdaha kimi  bütün  yer  üzü ilə sürünür və onlara  klassik  müharibə  silahı ilə qalib 
gəlmək  mümkün  deyildir.  Təbii  fəlakətlər,  əvvəllər  məlum  olmayan  xəstəliklər, 
qüsurlara  qarşı  insanların  zəifliyi,  pandemiya  təhlükəsi  bəşəriyyəti  elə  sınaqlarla 
üzləşdirmişdir ki, onları yalnız ümumi qüvvələrlə, ən azı böyük ölkələr qrupunun 
səyləri ilə aradan qaldırmaq və ya problemlərin həllinə doğru irəliləmək olar. 
Bu prosesdə aparıcı dövlətlər həm də labüd siyasi faydaların baş verəcəyinə, 
demokratiyanın yayılmasına ümid bəsləyirlər. Çünki iqtisadi təsir tez və ya gec öz 
ifadəsini  siyasi  sferada  da  tapır,  iqtisadi  riçaqlar  siyasi  məqsədin  əldə  edilməsinə 
yol  açır.  Hindistanda  fəaliyyət  göstərən  İst-İndia  kompaniyası  XVIII  əsrdə  ərazi 
mübahisələrindən  və  Moğol  hökumətinin  zəifliyindən  istifadə  edərək  ölkəni 
iqtisadi  əsarətə  saldıqdan  sonra, XIX  əsrdə  öz hakimiyyətini  Britaniya  taxt-tacına 
təhvil verdi və bu iri Asiya subkontinenti imperiyanın tərkib hissəsinə çevrildi. İndi 
imperiya ambitsiyaları, ingilislərin dili ilə deyilsə, «qısır buluddan» başqa bir şey 
deyildir,  müstəmləkiçilik  erası  ötüb  keçmişdir,  onu  dirçəltmək  meylinə  düşənləri 
faciəli  məğlubiyyətlə  üzləşməkdən  savayı  hansısa  bir  fərəhli  perespektiv 
gözləmir.Müstəmləkiçilik artıq bəşər tarixinin yanağında donmuş acı göz yaşından 
başqa bir şey deyildir. Qloballaşma onun tənqidçilərinin iddialarının əksinə olaraq 
heç də öz qarşısında kimlərəsə yeni müstəmləkələr bəxş etmək vəzifəsini qoymur. 
Biz  öz  ölkəmizin  qısa  müddətli  təcrübəsində  qloballaşmanın  müsbət  təzahürlərini 
aydınca görürük. Məhz aparıcı dünya şirkətlərinin köməyi və maliyyə yardımı ilə 
neft  sənayesi  əsasən  yenidən  qurulmuş,  dənizdə  suyun  dərin  qatları  altından  neft 
hasilatına və yeni yataqların istismarına nail olmaq üçün ən yeni texnologiyalardan 
istifadə  etmək  imkanı  əldə  edilmişdir.  Xəzərin  sahilini  Aralıq  dənizi  ilə,  nəhəng 
qərb  satış  bazarı  ilə  birləşdirən  1.100  mil  uzunluğunda  neft  kəməri  çəkilib, 
istifadəyə  verilmişdir.Bu  məqsədələrə  beynəlxalq  kompaniyalar  və  banklar 
milyardlarla  dollar  vəsait  ayırmış,  Azərbaycanın  maliyyə  vəziyyətinin  əsaslı 
surətdə  yaxşılaşmasına  böyük  köməklik  göstərmişlər.  Ölkə  iqtisadiyyatının  digər 
sahələrinə  də  investisiya  axını  güclənmiş,  kommunikasiya  şəbəkəsinin 
modernləşdirilməsinə  başlanmışdır.  Xidmət  sahəsinin  sürətli  inkişafı  işsizlik 
probleminin  həllinə  də  öz  müsbət  təsirini  göstərmişdir,  izafi  işçi  qüvvəsi  bu 
sahənin obyektlərində daimi iş yerləri ilə təmin olunurlar. Qloballaşmanın maliyyə 
və  sənaye  ekspansiyasının  bəhrələri  göz  qabağındadır  və  onlar  ölkədə  həmçinin 

65 
 
sosial  şəraitin  yaxşılaşmasına,  əhalinin  rifahında  müəyyən  müsbət  dəyişikliklərin 
əmələ gəlməsinə şərait yaratmışdır.  
İndiki  dövrdə  iqtisadi  münasibətlərin  qloballaşması  heç  şübhəsiz,  inkişaf 
etmiş ölkələrin xeyrinədir. Müasir transmilli kompaniyalar, alimlərin proqnozlarına 
görə, hansılara ki, gələcək məxsus olacaqdır, çox sayda dövlətlər arasında bağlanan 
kompromisslərin  nəticəsindən  başqa  bir  şey  deyildir.  Bu  əməliyyatlar  isə  birinci 
növbədə  dünyanın  yenidən  bölünməsinə  istiqamətlənmişdir.  Bu  siyasət  inkişaf 
etməmiş ölkələrin iqtisadiyyatında canlanma yaratmaq məqsədini güdsə də, ikinci 
və  üçüncü  dünya  ölkələrinin  iqtisadiyyatına  əsaslı  kömək  göstərilməsi  formasını 
almır.  Məsələn,  qüdrətli  millətüstü  quruma  çevrilən  Avropa  İttifaqında  elə  bir 
şəraitin yaranması mümkündür ki, bu vaxt bir sıra dövlətlər, xüsusən Mərkəzi və 
Şərqi  Avropanın  kiçik  dövlətləri  onların  iştirakı  olmadan  qəbul  edilən  qərarlara 
hökmən tabe olsunlar. 
Qloballaşma hər şeydən çox dünyada iqtisadi səmərililik liderləri olan otuz 
dövləti  daha  çox  cəzb  edir,  onlar  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının 
(İƏİT)  üzvləridir.  Bu  ölkələrdə,  yalnız  dünya  əhalisinin  onda  birindən  bir  qədər 
çoxu yaşayır. 
Qloballaşma şəraitində malların və pulun sərhədləri və okeanlardan keçməsi 
dəfələrlə  asanlaşır,  transmilli  korparasiyaların-beynəlxalq  şirkətlərin  təsiri  xeyli 
güclənir.  Dünyanın  onlarla  ölkəsində  belə  şirkətlərin  müəssisələri  vardır. 
Azərbaycanda neft hasilatında üstün mövqelərə malik olan Britiş Petroleum şirkəti 
yalnız  adına  görə  Britaniyaya  məxsusdur,  əslində  isə  dünyanın  nüfuzlu  kolletiv 
beynəlxalq sənaye və maliyyə maqnatlarından biridir. 
 
Dünya  Valyuta  Fondu,  Dünya  Bankı,  Dünya  Ticparət  Təşkilatı  və 
Avropa Birliyinin iqtisadi qurumları planetin maliyyə, kommersiya, iqtisadiyyat və 
ticarət  sahələrində  komanda  yüksəkliklərinə  malikdirlər.  Həmin  təşkilatlar 
çərçivəsində  dövlətlər  bir-biri  ilə  iqtisadi  münvasibətlərə  dair  qərarlar  qəbul  edir, 
iqtisadiyyat  sahəsində  işlərin  aparılması  şərtlərini  müəyyənləşdirirlər.  Belə  bir 
vəziyyətdə dünya hökumətlərinin əksər çoxluğu öz əvvəlki səlahiyyətlərinin xeyli 
hissəsini  beynəlxalq  təşkilatlara  vermişlər.  Kifayət  dərəcədə  aydındır  ki,  muasir 
iqtisadiyyat  beynəlxalq  əlaqələrin  geniş  şəbəkəsi  və  yaxşı  nizamlanmanın  sistemi 
olmadan keçinə bilməz. Praktiki olaraq heç bir dövlət, hətta olduqca qüdrətli olan 
ABŞ təklikdə öz həyatı və inkişafı üçün olan bütün resursları istehsal edə bilməz, 
hətta bu texniki cəhətdən mümkün olsa belə, heç şübhəsiz olduqca faydasız nəticə 
ilə  başa  gələcəkdir.  Təbiidir  ki,  beynəlxalq  ticarət  və  iqtisadi  əməkdaşlıq 
nizamlanmaya ehtiyac duyur. İxrac və idxal həcmləri, qiymətlər, kömrük rejimləri 
və s. barədə mütləq razılığa gəlmək lazım olur. Mərkəzləşmiş iqtisadi təşkilatların 
və  müqavilələrin  mövcudluğu  bu  gün  zərurətdən  doğur.  Başqa  cür  olsa, güclü  və 
varlı olan kasıb və zəifin hüquqlarını kobud surətdə tapdalamaqdan yan keçməzdi. 
Qloballaşma şəraitində istehsaldan daha çox maliyyə resursları həlledici əhəmiyyət 
kəsb  etməyə  başlayır.  Pul  daha  çox  pul  əldə  etməyə  şərait  yaradır.  Maliyyə 
möhtəkirliyinin  «vertual»  iqtisadiyyatı  daha  gəlirli  sahəyə  çevrilir.  Beynəlxalq 
maliyyə  və  ticarət  qurumları  heç  də  demokratik  qaydada  müzakirə  aparmaq  və 
qərar  qəbul  etmək  klubları  olmayıb,  əslində  qüdrətli  dövlətlərin,  birinci  növbədə 

66 
 
ABŞ-ın  siyasətinin  davamçıları  və  ötürücü  qayışları  rolunda  çıxış  edirlər. 
Beynəlxalq  Valyuta  Fondu  (BVF),  Dünya  Bankının  (DB)  və  Beynəlxalq  Ticarət 
Təşkilatının (BTT) qərarları beynəlxalq təşkilatların əsas donorları olan ABŞ-ın və 
Avropa  Birliyinin  sanksiyaları  olmadan  qəbul  edilə  bilməz.  ABŞ  və  müəyyən 
həddlərdə  Avropa  İttifaqı  bütün  dünyada  özlərinin  maliyyə  fəaliyyəti  və  ticarət 
şərtlərini diqtə edirlər. ABŞ-ın razılığı olmadan Dünya Təşkilatına üzv olmaq belə 
qeyri-mümkündür.  Digər  tərəfdən  amerikan  dəyərlər  sisteminin  zəfəri,  neoliberal 
iqtisadiyyat  və  siyasi  demokratikləşmə  proqramlarının  vəhdəti  ilə  təmin 
olunmaqla, ABŞ-ın qlobal siyasətinə yaşıl işıq yandırmışdır. 
Maliyyə  sferasındakı  innovasiyalar  qloballaşmanın  sürətlə  getməsini 
şərtləndirir.  Valyuta  bazarları  vasitəsilə  nəhəng  pul  məbləğlərinin  ötürülməsi, 
transmilli möhtəkirlik sövdələşmələrinin bağlanması, birbaşa xaricdə investisiyalar 
kütləisnin  dünya  ticarəti  dövriyyəsindən  üç  dəfə  tez  artması,  valyuta  və  maliyyə 
bazarlarında beynəlxalq ticarətin həcmindən 50 dəfə artıq olan sövdələşmə məbləği 
iqtisadi qlobalaşmaya mane olan hədlərin domino prinsipi ilə dağılmasını nümayiş 
etdirir. Dünya miqyasında maliyyə resursları axını nəticəsiz qalmır, həm də digər 
vasitələrin səfərbər olunması ilə qərb (hər şeydən əvvəl-amerikan) davranışı, həyat 
tərzi, istehlak və əyləncə standavrtlarının yayılması ilə müşayiət olunur.  
Əlbəttə,  qloballaşma  təkcə  iqtisadiyyat  ilə  məhdudlaşmır.  Nəqliyyatın  və 
kommunikasiya  vasitələrinin  xüsusən  televiziya  və  internetin  inkişafı  ölkələr  və 
qitələr  arasında  məsafələrin  qət  edilməsini  əhəmiyyətli  dərəcədə  asanlaşdırmışdır. 
Miqrasiya,  özü  də  daha  irəli  getmiş  qərb  ölkələrinə  insan  axını  əhalinin  etnik  və 
irqi  tərkibini  sürətlə  dəyişir.  Milyonlarla  insan  internet  vasitəsilə  əcnəbi 
həmsöhbətləri  ilə,  öz  binasında  yaşayan  qonşuları  ilə  olduğundan  daha  tez-tez 
ünsiyyətə girir. 
 Qloballaşma  həm  də  hüquqi  və  siyasi  aspektlərə  malikdir.  Dünyada 
hökumətlərarası  şəbəkədən  ibarət  mürəkkəb  sistem  meydana  gəlmişdir,  onların 
çərçivəsində  beynəlxalq  hüquq  qaydaları  rəsmiləşmişdir.  Bağlanmış  müqaviləlirn 
pozulması  siyasi,  iqtisadi,  hərbi  silahlı  müdaxilələrə  qədər  sanksiyaların  tətbiq 
edilməsinə səbəb olur. 
Qloballaşmanın  əlehdarları  da  az  deyildir.  Onların  üsyankar  düşüncələri 
milli  dəyərlərin  və  dövlət  müstəqilliyinin  itirilməsi  probleminə  əsaslanır.  Onlar 
amerikan istehsal münasibətləri prinsiplərinin «müqəddəs dəyərlər»-milli ənənələr 
sahəsinə  müdaxilə  etməsinin  əleyhinə  çıxış  edirlər  və  bunu  əsas  götürürlər  ki,  bu 
ənənələr bütöv nəsillər tərəfindən yaradılmış və milli ruha kök salmışdır. 
Qloballaşma  mürəkkəb  proses  olduğundan  ona  qarşı  yönələn  xəttlər 
sırasında 
regionalizmi, 
ənənəçiliyi, 
lokalizasiyanı 
və 
dünyanın 
fraqmentləşdirilməsini  xüsusən  qeyd  etmək  lazımdır.  «Regiolalizm»,  dövlətlərin 
regonal qruplaşmaları arasında bölgü xəttinin meydana çıxmasında, özünü göstərir 
və  qloballaşma  konteksində  həmin  qruplar  öz  mövqelərini  möhkəmləndirməyə 
cəhd edirlər. «Ənənəçilik», müasirliyin mücərrəd konsepsiyasına inkar etmək olub, 
obskurantizm  və  millətçiliyi  bərpa  etmək,  arxaikanı  ıə  yaddan  çıxmış  mədəni 
fetişləri  şöhrətləndirmək  yoludur.  «Lokalizasiya»,  xüsusi  dəyərlər  sistemi  ilə 
birlikdə  müxtəlif  mədəni  arealların  özünü  qoruyub  saxlaması  cəhdidir.  Bura 

67 
 
traybalizm, fundamentalizm, millətçilik, faşizm, sosializm, feminizm və ekologizm 
daxildir.  Dünyanın  fraqmentləşdirilməsi,  irqi,  milli  və  mədəni  fərqlər  hesabına 
müxtəlif beynəlxalq birlikliklərin parçalanması və maraqların toqquşmasıdır. 
Böyük tənqidçilər ordusu ilə yanaşı çox sayda  mütəfəkkirlər qloballaşmada 
bəşəriyyətin  gələcəyini  görürlər.  Onlar  suveren  dövlətlərin  öz  ömrünü  başa 
çatdırılmasına, tədricən ölüb getməsinə dərindən əmindirlər. Onların düşüncələrinə 
görə  hətta  siyasi  və  iqtisadi  müstəqilliyə,  mütləq  suverenliyə  nail  olmaq  uğrunda 
aparılmış  mübarizə  qloballşamaya  münasibətdə  bütün  dünyadakı  «havanı» 
dəyişmək  iqtidarında  deyildir.  Bu  prosesin  başlanğıc  təzahürlərini  biz  artıq 
müşahidə  edirik.  Avropada  əsrlərlə  bir-birilə  müharibə  aparmış  dövlətlər  köhnə 
ədavət  miraslarını  büsbütün  unudaraq,  onların  tarix  qəbirstanlığında  dəfninə 
fərman  vermiş,  yeni  dünyabaxışın  təsiri  ilə  hərtərəfli  və  sıx  ittifaqda  və  ya 
əməkdaşlıqda  fəaliyyət  göstərmək,  birləşmək  yoluna  üstünlük  vermişlər.  Tarixi 
perespektivdə  dövlətlərin  daha  çevik  icmalar  tərəfindən  əvəz  edilməsi  güman 
edilir,  çünki  bu  icmalar  qlobal  strukturlara  daha  yaxşı  uyğunlaşacaqlar, 
«müstəqillik  sindromundan»  azad  olacaqlar,  ərazi  bütövlüyünə  müqəddəslik 
qaydasında əhəmiyyət verməyəcəklər, ön plana minillərin adətləri və xurafatları ilə 
ağırlaşmış  prinsipləri  deyil,  operativ  maraqları,  zamandan  irəli  gələn  tələbləri 
qoyacaqlar. 
 Bəziləri  isə  hesab  edir  ki,  qloballaşmış  dünyada  bütün  planet  vahid 
cəmiyyətdən  və  vahid  mədəniyətdən  ibarət  olacaqdır,  özü  də  harmonik  qaydada 
inteqrasiya  edilmiş  deyil,  fərqlənmənin  yüksək  səviyyəsinə,  çox  qütblülüyə  və 
xaosa  tərəf  meyl  edəcəkdir.  Ərazi  prinsipi  sosial  və  mədəni  həyatda  aparıcı  rol 
oynamasını  dayandıracaqdır.  Bu  cəmiyyət  sərhədsiz  və  bölgü  xəttlərindən  xali 
olacaqdır.  «Planetar  kənd»  yaranması  ideyası  da  irəli  sürülür  ki,  bu  şəraitdə 
planetin  hər  bir  sakini  KİV-in  köməyi  ilə  dünya  əhəmiyyətli  hadisələrin  şahidinə 
çevrilə biləcəkdir. 
Əlbəttə  proses  böyük  və  mürəkkəb  olduğundan  proqnozların  çoxluğu  və 
müxtəlifliyi qanunauyğun hal sayılmalıdır, qarşıdakı dövrün qatı dumanı içərisində 
görünməyənləri  irəlicədən  görmək  çox  vaxt  mümkün  olmadığından,  çoxları 
təxəyyüllərini  nümayiş  etdirmək  üçün  «Pandora  yeşiyini»  açmağa  üstünlük 
verirlər. 
İnformasiya  qloballaşması  mədəni  qloballaşma  ilə  əlaqədardır,  axırıncı 
dünyanın  xalqlarını  bir  tipli  məhsula  çevirəcəkdir,  çoxəsrlik  milli  ənənələr  isə 
etnoqrafik  muzeylərin  mülkiyyətinə  keçəcəkdir.  Eyni  musiqi,  eyni  paltar,  eyni 
həyat  tərzi-bütün  bunlar  kütləvi  mədəniyyət  tərəfindən  müxtəlif  qitələrin  və 
ölkələrin  sakinlərinə  fəal  qaydada  aşılanır.  Qərb  mədəniyyət  ştampları  bütün 
dünyaya öz möhürünü vurmağa can atır. 
Qloballaşmanın  ən  ciddi  məsələlirndən  biri  dəyərlərə  münasibətdir. 
Şəxsiyyət,  onun  dünya  görüşü  üzərində  ideoloji  nəzarətin  qoyulması  təhlükəsi 
mövcuddur.  Bu  mənada  qloballaşma  sosializmin  ideoloji  hökmranlıq  modelini 
təkrarlamağa  girişir  və  beləliklə  hər  şey  öz  yerinə  qayıdır.  İndi  çoxlarını  bir  sual 
düşündürür-hansı  dəyərlərə  üstünlük  veriləcəkdir?  Bütün  xalqlara  «vahid 
standartlarımı»  aşılanacaq,  yaxud  da  onlar  öz  ənənələrini,  əvəzedilməz  nemət 

68 
 
saydıqları mənəvi irsləri qoruyub saxlaya və inkişaf etdirə biləcəklərmi? Beləliklə 
dünyanın qarşısında kimin onun taleyinə hakim kəsiləcəyini müəyyən etmək kimi 
çətin  vəzifə  durur.  Bu  sərəncamıçı  xalqların  özümü,  yoxsa  varlı  insanların  kiçik 
qruplarpımı olacaqdır. 
Ona görə də dəyərlər ətrafında mübarizə hzakimiyyət uğrunda mübarizə ildə 
çuğlaşır. 
Yəqin ki, xalqlar öz mənəvi silahlarını asanlıqla yerə qoymayacaqlar və bu 
prosesin  də  sakit  keçəcəyinə  ümid  bəsləyənlər  ciddi  surətdə  yanıldıqlarını  şahidi 
olacaqlar.Antiqlobalizm  indiki  xırda  nümayiş  qığılcımlarından  iri  hərəkat 
tonqallarına  çevrilə  bilər.  Axı  çox  sayda  millətlər  üçün  ənənələr  həyatın  mənası 
rolunu oynayır, milli dəyərlər onların canına və qanına hopmuşdur, çünki insanlar 
həyatlarının  ilk  günlərindən  milli  və  dini  ruhda  tərbiyə  olunurlar.  Millətləri  «öz 
nəslini  tanımayan  İvanlar»  kimi  təsəvvür  etmək,  bu  qüdrətli  fenomenin 
həyatiliyinə və dözümlülüyünə qeyri –ciddi münasibətdən başqa bir şey deyildir. 
Onu da nəzərdən qaçırmaq olmaz ki, qloballaşma kobud formada cəhd edir 
ki, milli dəyərləri düzləndirsin. Mövcudluğuna təhlükə yarandıqda millət canlılara 
məxsus  bir  instiktlə  özünü  qorumağa  çalışır  və  milli  problem  iqtisadi  və 
demoqrafik  problemlərlə  yanaşı  çox  mühüm  əhəmiyyət  kəsb  etməyə  başlayır. 
Avropada  artıq  «mədəni  vətəndaşlığın»  yaradılması  barədə  elmi  ideya  meydana 
gəlmişdir.  Bu  ideyaya  görə  milli  mədəniyyətlərin  islahata  uğraması  yolu  ilə 
kosmopolit  mədəniyyətlər  yaradılacaqdır.  Millətçilik,  milli  özşüur  probleminə 
gəldikdə  bu  tədricən  özbaşına  tarnsformasiya  edəcək,  dəyişiləcəkdir.  Lakin 
istənilən  süni  müdaxilə  ciddi  gərginliyə  və  müvafiq  olaraq  milli  qarşıdurmaya 
gətirib çıxaracaqdır. 
Heç  bir  xalq  mədəniyyət  aləmində  universallığa  və  ya  «etalonluğa»  iddia 
edə  bilməz.  Beləliklə,  ayrı-ayrı  sivilizasiyaların  dərk  edilməsi  heç  də  qlobal 
dünyanın  dərk  edilməsi  demək  deyildir.  Hər  bir  sivilizasiya  öz  unikallığı  ilə 
gözəldir, planet adlanan çəmənlikdə yüzlərlə, minlərlə çiçəklər öz rəngarəngliyi və 
ətri ilə onu daha gözəl və cazibədar edir. Mədəni əlaqələr, qarşılıqlı təsirlər isə bu 
rəngarəngliyi  daha  da  zənginləşdirir.  Qlobal  dünya  bütövlük  kimi  bir  də  onunla 
fərqlənir ki, o bütün sivilizasiyaların sadə cəmindən üstündür. 
Dünya dili problemi də çox sayda mübahisələr doğurur. Msilli dilin hökmən 
ölməsi barədə istənilən tələb və ya nəzəri müddəa qeyri-elmiliyi, məntiqsizliyi ilə 
seçilir.  Hər  bir  milli  dil,  hər  bir  milli  dialekt  mövcudluq,  yaşamaq  barədə  mütləq 
hüquqa  malikdir.  Cəmiyyət  bu  bəşəri  mədəni  dəyərləri  bir  tarixi  əmanət  kimi 
qoruyub  saxlamağa  qayğı  göstərilməlidir.  Həqiqi  qloballaşmanın  «tələbi»  ondan 
ibarətdir  ki,  dünya  sosiumunun  hər  bir  üzvünün  ən  azı  iki  dilə  yiyələnməsi 
zəruridir,  onlardan  biri,  meydana  çıxması  qaçılmaz  olan  dünya  dili  olacaqdır. 
Dillərin, milli mədəniyyətlərin itməsi, yoxa çıxması ilə qloballaşma tarixi inkişafın 
meydana gətirdiyi sivilizasiyalar aləminin zənginliyini bir andaca yoxa çıxaracaq, 
əvəzində yeksənəklikdən xəbər verən yeni cəmiyyət yaradacaqdır.  
Bütün  planeti  əhatə  edən  bu  cür  cəmiyyətdə  nəsli  və  tayfası  olmayan 
«ümumi  insanlar»  və  ya  həm  də  artıq  nitqlərdə  işlədilən  «boz  irq»  əmələ 
gələcəkdir.  

69 
 
  
Bu  kimi  ideyalar  adamlarda  sosial  gücsüzlük  hissini  böyüdür  və 
onların  yayılması  qloballaşmanın  tənqidçiləri  üçün  əlverişli  iqlim,  münbit  mühit 
yaradır.  Onlar  sınanmış  müdafiə  sindromu  kimi  mütləq  millətçilik  şüarlarından 
ibarət olan qalxana əl atır, ritorika cəngavərlərinə çevrilir və bütün vasitələrlə yeni 
qlobal  gerçəkliyin  ifşa  edilməsinə  girişirlər.  Onlar  bütün  eyblərin  məsuliyyətini 
Amerikadan  və  Avropadan  olan  acgöz  istismarçıların  üstünə  yıxır  və  bu  vaxt 
demoqoqiya  oyunlarında  çoxlarına  köməyə  gələn  demokratiya  bayrağı  altında 
gizlənməklə,  yaxşı  sığınacağa  sahib  olurlar.  Onlar  qloballaşmanı  texnoloji 
inqilabın nəticəsi faktı kimi deyil, xalqlara qarşı qlobal qəsd kimi qələmə verməklə 
özlərinə daha çox tərəfdarlar ordusu cəlb etməyə çalışırlar. 
Antiqlobalistlər  prosesin  real  və  uydurulmuş  qüsurlarını  bir  yerə  qataraq, 
bunu həm də antiamerikan doktrinası ilə əvəz etməyə cəhd edirlər və bu vaxt ABŞ-
ı  az  qala  ən  ümdə  qlobal  düşmən  kimi  qələmə  verməkdən  çəkinmirlər.  Hətta 
qloballaşmanın  uğurlu  addımlarına  görə  Amerika  üzərinə  neqativ  damğa  vurmaq 
əlahiddə cəsarət hesab edilir. Bunun obyektiv səbəbləri vardır. Nəzərlərdə Amerika 
hər  problemə  çarə  ,  dərdələrə  panatseya  tapan  sehrli  bir  qüvvə  kimi  maddiləşir. 
Dünya  ictimaiyyəti  gözələyir  ki,  hər  bir  qorxu  yayan  problem,  bu  istər 
Pakistandakı  zəlzələ,  İndoneziyadakı  tsunami,  yaxud  Darfurdakı  müharibə  olsun, 
həmin andaca həll edilməlidir. Əgər bu baş vermirsə təqsirkar hökmən ABŞ olur. 
Qloballaşma  obyektiv  proses  xarakteri  daşısa  da,  heç  də  kor  təbii  qaydada 
getmir. Dünyanın inkişaf etmiş dövlətləri onun genişlənməsində və irəliləməsində 
xüsusilə  maraqlıdırlar.  Qloballaşmanın  əsas  hərəkətverici  qüvvəsi,  lokomotivi, 
düşüncələrdə  onun  rəmzi  kimi  xarakterizə  olunan  Amerika  Birləşmiş  Ştatlarıdır. 
Bu vəzifəni daşımaq asan məsələ olmadığı kimi ,olduqca məsuliyyətli bir işdir və 
ABŞ-dan  öz  siyasətinə  daha  ehtiyatlı  və  diqqətli  yanaşmağı  tələb  edir.  Bütün 
narazılıq  dalğalarına  baxmayaraq  qloballaşmaya  liderlik  etmək  bəşəriyyət 
qarşısında  xidmət  xarakteri  daşıdığından  müsbət  qiymətləndirilməlidir.  Bu  ağır 
məsuliyyət  yükünü  daşımağa  onun  iqtisadi  və  hərbi  qüdrəti,  texnoloji  inqilabda 
aparıcı rol oynaması imkan verir. Amerika qloballaşmanın ziddiyyətlərini müəyyən 
qədər  yoluna  qoymaq  iqtidarındadır,  bir  şərtlə  ki,  straterləri  məqsəd  xırda,  ötəri 
maraqlara  qurban  verilməsin,  tabe  edilməsin,  qüdrətin  böyüklüyünə  müvafiq 
dividend  gətirən  siyasət  həyata  keçirilsin.  Təəssüf  ki,  ABŞ  bəzən  hansısa  bir 
məsələdə  öz  hegemonluğuna  ziyan  dəyəndə  və  ya  beynəlxalq  müqavilələr  onun 
ambitsiyaları  ilə  ziddiyyət  təşkil  edəndə,  qloballaşmaya  sədaqətini  unutmaq  kimi 
bağışlanmaz  səhvə  yol verir.  İqtisadi cəhətdən  zəif olan dövlətlər  ABŞ-ın diqtəsi 
ilə  razılaşmadıqda  və  ya  onun  təsir  zonasına  ehtiyatsız  müdaxilə  etdikdə  ciddi 
cəzalanmadan yayına bilmirlər.  
ABŞ-ın  iqtisadi-hərbi  ekspansiyası  təcavüz  şəklini  aldıqda  bu  daha  ağır 
nəticələrə səbəb olur. 20 mart 2003-cü ildə İraqa qarşı başladığı ikinci müharibə bu 
ölkəni  viran  qoymaqla  yanaşı  heç  bir  məqsədə  hətta  yaxınlaşa  bilmədiyindən 
beynəlxalq aləmdə bu, fövqəldövlətin nüfuzuna ağır zərbə vurdu. 
Həqiqətə  uyğunluğu  əvvəldən  şübhə  doğuran  və  sonralar  azacıq  da  olsa 
təsdiqini  tapmayan  bəhanələrlə  ABŞ  və  Böyük  Britaniyanın  hərbi  qüvvələri  uzaq 
ərəb  ölkəsinin,  suveren  dövlətlərin  torpaqlarına  müdaxilə  edərək,  əslində  işğal 

70 
 
funksiyalasını  həyata  keçirdilər.  Hansı  pərdə  altında  gizlənməsindən  asılı 
olmayaraq  işğalçıya  təcavüzkara  umduğu  fayda  əvəzinə,  haqq  kimi  nifrət  və  kin 
payı  düşür.  Ölkəyə  demokratiya  bəxş  etmək  vəzifəsi  elan  edilsə  də,  İraq  xalqı 
çoxlu  itkilər  vermək,  bədbəxtliklərə  sahib  olmaqdan  başqa  bir  şey  əldə  etmədi. 
Himayəyə aldığı ərazilərə dinclik bəxş etdiyi düşünülən Pax Americana-nın əbədi 
yaşayacağı  düşünüldüyü  halda,  bu  hərbi  yürüş  «soyuq  müharibədən»  sonra 
yaranan  zəfərdarlıq  əhval-ruhiyyəsinə  son  qoydu,  təsirin  gücünün  gücün  təsiri  ilə 
əvəz edilməsi isə dövlətə baş ucalığı gətirmədi. Bu addımın taktiki qiyməti olduqca 
şübhəli idisə, strateji qiyməti isə əvvəlcədən yox idisə, olduqca baha başa gəlməsi 
(həm  çox  sayda  insan  həyatının  itirilməsi,  həm  də  xərclərin  astronomik  səviyyəsi 
etibarı ilə), onun başlanğıcdan səhv olduğunu göstərir. Bu səhvi ört-basdır etmək 
cəhdləri  də  uğursuzluqla  nəticələnir,  iri  məğlubiyyəti,  qoy  bu  döyüş  səhnəsində 
deyil,  siyasət  aləmində  olsun,  gizlətmək  mümkün  deyildir.  Dövrün  reallıqlarını 
anlamamaq və ya onlara məhəl qoymamaq heç də siyasət məharəti hesab olunmur. 
ABŞ-ın  beynəlxalq  siyasətdəki  səhvləri  həm  də  qloballaşmanın  nüfuzuna  və 
genişlənməsinə  «ayı  xidməti»  göstərmiş  olur.  Bibliyanın  «Zərb  məsələlər» 
kitabında  deyildiyi  kimi  «Sahib  haram  tərəzi  işlədən  adama  nifrət  edir.  O,  halal 
ölçü ilə xoşbəxt olur. » Axı birləşən, vahidləşən dünya da özünə dəyən hansısa bir 
xətəri  haqsızlığın  və  ədalətsizliyin  nişanəsi  kimi  qəbul  edir  və  onlarla  barışmaq 
istəmir.  
Təəssüf  ki,  müasir  Amerika  siyasətinin  sükançıları  bəzən  öz  böyük  tarixi 
şəxsiyyətlərinin  vaxtilə  etdikləri  xəbərdarlıqları,  onların  müdrik  vəsiyyətlərini 
qulaq  ardına  vurur,  bu  isə  ölkəni  mürəkkəb  problemlərlə  üzləşdirməyə  gətirib 
çıxarır. 1821-ci ildə Dövlət katibi, gələcək prezident Con Kvinsi Adams bu günki 
siyasətçilərə də  yol göstərən qiymətli sözlər  söyləmişdir:  «Azadlıq və  müstəqillik 
normaları harada olmağından asılı olmayaraq pozulsa, Amerikanın ürəyi öz xeyir-
duası  və  duaları  ilə  birlikdə  orada  olacaqdır.  Lakin  o  heç  vaxt  yad  ölkəyə 
yollanmayacaqdır  ki,  orada  əjdahanı  məhv  etmək  üçün  onu  axtarsın.  Hamı  üçün 
azadlığın  və  müstəqilliyin  xeyirxahı.  Ancaq  yalnız  özünün  müdafiəçisi  və 
qoruqçusu  .»  Yaxşı  olardı  ki,  İraqa  ən  muasir  silahlarla  silahlanmış  ordu 
göndərənlər  bu  məşum  qərarı  verməmişdən  əvvəl  öz  mənəvi  əcdadlarının 
müraciətini  bir  daha  dinləyəydilər.  Deyəsən,  təbiətin  daim  açıq  saxlanmağa 
məhkum  etdiyi  qulaqlar  bu  dəfə  hansısa  saxta  şöhrət  axtarışı  ehtirasının  təsiri  ilə 
bağlı qalmışdı. 
Qloballaşma  zamanın  uca  dalğalarını  ram  edərək,  can  atdığı  sahilə 
yaxınlaşacaqdır. Lakin bu gəmini idarə edənlər səhvə yol versələr, özləri tufanlar 
axtarsalar,  vaxt  itiriləcək,  qəzalar  isə  onun  hərəkətini  zəiflədəcəkdir.  Ancaq  onu 
dayandırmaq  mümkün  olmayacaqdır.  Bu  gün  ona  müqavimət  göstərənlər,  mane 
olanlar  bəlkə  də  hələ  qüvvətlidirlər,  lakin  onlar  məntiqin  qanunlarını  dəyişdirə 
bilməzlər, bir müdrikin dediyi kimi, heç Allah da bunu etmək qüdrətində deyildir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin