Sadiq bəY ƏFŞar şEİRLƏr baki 2010



Yüklə 396,44 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix03.02.2017
ölçüsü396,44 Kb.
#7384
  1   2   3

SADİQ BƏY ƏFŞAR

ŞEİRLƏR

BAKI - 2010

1

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU

SADİQ BƏY ƏFŞAR

ŞEİRLƏR

(TRANSFONELİTERASİYA VƏ FOTOFAKSİMİLE)

2

BAKI – NURLAN – 2010

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd

Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 2 dekabr

2009-cu il tarixli 11 №-li iclasının qərarı ilə nəşr edilir. 

Nəşrə hazırlayan:                      PAŞA KƏRIMOV,                  

                                           filologiya elmləri namizədi

Redaktoru:                            ARIF RAMAZANOV

Kompyuter icraçısı:             NƏZAKƏT ARIF QIZI

Sadiq bəy Əfşar.  Şeirləri (Transfoneliterasiya və

fotofaksimile). Bakı: Nurlan, 2010,  71+15 s.


3

SADİQ BƏY ƏFŞAR VƏ ONUN TÜRKDİLLİ LİRİKASI

XVI əsrin ikinci yarısı – XVII əsrin əvvəllərində

yaşayıb yaratmış Sadiq bəy Əfşar dövrünün hərtərəfli

istedada malik zəngin bilikli ziyalısı,  görkəmli alim,  şair

və rəssam kimi mədəniyyət tariximizə düşmüşdür. 

Müxtəlif mənbələrdə adı Sadiq bəy Sadiqi və Sadiqi

Kitabdar kimi də qeyd edilən şair əslən I Şah İsmayıl

hakimiyyətə gəldiyi zaman Şamdan öz arzusu ilə ona

qoşulmağa gələn Xudabəndəlü adlı türk-oğuz elinə

mənsubdur.  Tədqiqatçılar göstərirlər ki,  Xudabəndəlü, 

Bəydili və İnallu obaları birlikdə Şamlu boyunu təşkil

etmişlər (9,s.21).  Sadiq bəy külliyyatının əvvəllərində

özünün

mənşəyi


haqqında

yazır:  «Mən

həqir

Xudabəndəlü adı ilə məşhurlaşmış və tanınmış türk



tayfasındanam.  Onlar ədalətli şahın ölkə tutmağa və

dünyanı almağa başladığı ilk günlərdə tabelik bildirmək

və yardım etmək üçün Şam diyarından aləmin sığındığı

dərgaha üz qoymuşlar» (9,s.20). Türkcə qitəsində şairin

özünü «şamlu fəqiri»  (3,s.917)  adlandırması bir daha

Xudabəntəlü elinin Şamlu boyunun tərkibinə daxil

olduğunu sübut edir.

Müxtəlif mənbələrə istinad edən tədqiqatçılar 77  il

ömür sürmüş şairin h.940-cı (m.1533) ildə Təbrizin Vercü

(Vərci)  məhəlləsində anadan olub,  h.1017-ci (m.1609-

1610) ildə İsfahanda vəfat etdiyini təsdiq edirlər. 

20  yaşında atasını itirən şair dərvişlərə qoşularaq

dünyanın müxtəlif yerlərinə səyahət etmiş,  Təbriz, 


4

Qəzvin və İsfahandan başqa Yəzd,  Gilan,  Lahican, 

Əbərkuh,  Astarabad,  Həmədan,  Bağdad,  Ətəbat (Nəcəf

və Kərbəla)  və Hələbdə olmuş,  macəralı bir gənclik

həyatı yaşamışdır.  Qızılbaş sərkərdələrindən olan Əmir

xan Mosullu Sadiq bəyi öz yanına dəvət edərək onun

sərgərdan həyatına son qoymuşdur.  Bundan sonra

S.Əfşar öz biliyini artırmış,  müxtəlif sahələrdə ciddi

çalışmağa başlamışdır.  Əmir xan Mosulludan sonra

Sadiqi bir müddət İsgəndər xan və Bədir xan Əfşarın

yanında xidmətdə olur.  Gənc yaşlarından gərgin əməyi, 

zəhməti,  istedadı sayəsində elmin,  sənətin bir sıra

növlərini mükəmməl öyrənən Sadiqinin şöhrəti qısa

müddətdə bütün ölkəyə yayılır. Sadiq bəyin müasiri olan

Qazi Əhməd Qumi xəttatlar və rəssamlar haqqında

risaləsində onun istedadı barədə yazır:  «Rəssamlıq

sənətində onun tayı-bərabəri yoxdur,  indi ona şahın

kitabdarı vəzifəsi tapşırılmışdır. Yaxşı şeirlər yazır, onun

çoxlu qəsidə,  qitə,  qəzəl və rübaisi vardır.  Təsviri

sənətdə öz fırçasının ecazkar gücü ilə insanı    heyran

edir.  Cəsurluqda dövrünün igidlərindən heç də geri

qalmır» 


(6,s.16). 

Məhəmməd


Tahir

Nəsrabadi

təzkirəsində Sadiq bəyin cəsur və mərd bir insan

olduğunu göstərir, rəsm əsərlərinin şöhrətinin Hindistana

gedib çatdığını bildirir» (12,s.56).

Sadiqinin

tərcümeyi-halındakı

ən

əlamətdar



hadisələrdən biri müxtəlif sahələrdə,  o cümlədən, 

rəssamlıq və xəttatlıqda istedadı nəzərə alınaraq onun

saray kitabxanasına rəhbər təyin edilməsidir.  Görkəmli

ədəbiyyatşünas alim Məhəmmədəli Tərbiyət Sadiq bəyin

II Şah İsmayıl zamanında (1576-1577)  kitabxanaya işə

götürüldüyünü,  I Şah Abbas dövründə (1587-1629)  isə

kitabxanaya başçılıq etdiyini göstərmişdir (13,  s.280). 

Şairin imzasının bəzi mənbələrdə    Sadiqi-Kitabdar kimi

verilməsi də elə onun bu işi ilə bağlıdır.  Sənətşünaslıq


5

doktoru Adil Qazıyev Sadiqinin artıq Məhəmməd

Xudabəndənin hakimiyyəti dövründə (1578-1587) həmin

kitabxanaya

başçılıq

etdiyini


təsdiq

edir


(1,s.3). 

Mənbələrin göstərdiyinə görə,  Sadiq bəy cəmiyyətdə və

sarayda elə böyük nüfuz sahibi olmuşdur ki,  bəzi

səbəblərə görə saray kitabdarlığından uzaqlaşdırıldıqdan

sonra da ömrünün sonuna qədər bu vəzifənin təqaüdünü

almışdır.

Özündən sonra zəngin bir irs qoyan S.Əfşarın

əsərləri külliyyatında toplanmışdır.  Şairin külliyatının

əlyazmasının Təbriz Dövlət Kitabxanasında saxlanan

nüsxəsinə daxil olan əsərlər sonradan yazılaraq əlavə

edilmiş mündəricatda aşağıdakı şəkildə təqdim edilir:  1) 

Qəsidələr («Zübdətül-kəlam»);  2)  Qəzəllər;  3)  Müxtləif

şeirlər;  4)  Şairlər təzkirəsi («Məcməül-xəvas»);  5) 

Rübailər;  6)  Məqalə və mənzum hekayətlər;  7)  Şairlər

adına deyilmiş müəmmalar;  8)  «Fəthnamə»  məsnəvisi; 

9)    Şairlər təzkirəsinin ardı;  10)  Türk dilində yazılmış

qəsidə və qəzəllər; 11) Feyzi şeirləri haqqında risalə; 12) 

«Qanunüs-süvər»  - rəssamlıq haqqında risalə;  13) 

«Həzziyyat»  risaləsi;  14)  mərsiyə və tərkibbənd;  15) 

Tərkibbənd-əlifba

sırası

ilə;  16)  Tərcibənd;  17) 



Heydərinin həcvi; 18) Münşəat-türk və fars dillərində; 19) 

Fələkdən şikayət və Məhəmməd bəy Məzaqinin həcvi; 

20) Müxtəlif  həcvlər (2, s.8-9).

Sadiqinin ən çox diqqəti cəlb edən əsərlərindən olan

«Məcməül-xəvas» təzkirəsi ədəbiyyat, elm və ədəbi fikir

tariximizin öyrənilməsində mühüm rol oynamışdır. 

Təzkirə təxminən h.1007-1008-ci (m.1597-1598)  illərdə

yazılmışdır.  Əsər

Osmanlı

torpaqlarından



tutmuş

bugünkü İran,  Azərbaycan,  Orta Asiya,  Əfqanıstan, 

Pakistan və Hindistana qədər böyük bir ərazinin konkret

bir zaman çərçivəsində (I Şah İsmayıl dövründən

müəllifin həyatda olduğu günlərədək) ədəbi və ictimai-


6

siyasi mühitini əks etdirir. Şairin özünün qeyd etdiyi kimi, 

bu

əsər


müəllifin

uzun


müddətli

səyahətlərinin, 

müşahidələrinin, 

topladığı

zəngin

məlumatların



məhsuludur.  O,  səyahət etdiyi ölkələrdə dövrünün

məşhur şair və digər sənət adamları ilə görüşmüş, 

onlarla söhbətlər etmiş,  təzkirəsini də bu məlumatlar

əsasında yazmışdır.  Sadiq bəy «Məcməül-xəvas»ın

müqəddiməsində

özünə


nümunə

götürdüyü

Əbdürrəhman Caminin «Baharistan»,  Əlişir Nəvainin

«Məcalisün-nəfais», 

Dövlətşah

Səmərqəndinin

«Təzkirətüş-şüəra»  və Sam Mirzənin «Töhfeyi-Sami» 

təzkirələrinin adlarını çəkmiş (2,s.13),  bu silsilədən olan

öz təzkirəsini yaratmışdır.  Bu əsərilə Sadiqi dövrünün

«xoştəb»,  «şirinkəlam»  şairlərini tanıtmış,  onların irsinin

öyrənilməsinə maraq oyatmışdır.  Sadiq bəy adları

sadalanan təzkirələrdən ən çox Nəvainin «Məcalisün-

nəfais»inə maraq göstərmiş,  ona müvafiq olaraq əsərini

səkkiz bölməyə ayırmışdır.  Təzkirənin ən önəmli

cəhətlərindən biri ondan ibarətdir ki,  Azərbaycan, 

Osmanlı, cığatay türkcəsini gözəl bilən müəllif bu üç türk

xalqının ədəbiyyatını, görkəmli şair və ədiblərini bir

topluda birləşdirərək oxuculara,  tədqiqatçılara təqdim

etmiş,  onlar haqqında əvəzsiz məlumatlar vermişdir. 

Görkəmli ədəbiyyatşünas alim Turxan Gəncəyinin dediyi

kimi,  «Sadiqi bu əsərdə siyasi hüdudları və sülalələr

arasındakı ixtilafları bir tərəfə ataraq türk dli və

ədəbiyyatını bir bütün halında götürmüş və türk dilinin üç

ədəbi şivəsinin şairlərini tanıdaraq əsərlərindən örnəklər

vermişdir.  Bu təzkirə onun Nəvainin əsərlərini yaxından

bildiyini və dövrünün türk şairlərini şivə fərqi gözləmədən

tədqiq etdiyini və bu üç şivəni də mükəmməl bildiyini

göstərir» (5,s.20).



7

Məhəmmədəli Tərbiyət göstərir ki,  təzkirə Səfəvilər

dövründə yaşamış 480    şair və ədibi əhatə edir (13, 

s.281).


Müqəddimə,  8  məcmə və xatimədən ibarət bu

təzkirənin tədqiqatçıları göstərirlər ki,  əsər Nəvainin

üslubuna və təzkirəçilik ənənəsinə uyğun bir şəkildə

yaradılsa da,  öz orijinallığı və elmi-bədii dəyəri ilə bu

janrda yazılmış orta əsr təzkirələri içərisində xüsusi bir

mövqeyə malikdir. Təzkirəni oxuduqca görürük ki, Sadiq

bəy üçün təqdim etdiyi şairin şəxsi insani keyfiyyətləri

çox böyük önəm daşıyır.

Sadiqini diqqətimizi cəlb edən elmi əsərlərindən biri

də rəssamlığın praktiki,  nəzəri məsələlərinə həsr

olunmuş «Qanunüs-süvər»  («Təsvirlər qanunu»)  adlı

204  beytdən ibarət mənzum risaləsidir.  Tədqiqatçıların

nadir əsər kimi dəyərləndirdikləri bu risalədə müəllif

rəssamlara özünə qarşı tələbkar olmağı,  rəssamlıq

materiallarını,  təsvir etdiyi obyekti mükəmməl bilməyi

məsləhət görür.  Sadiqi sənətkarda istedadı,  fərdiliyi, 

rəsm əsərlərində bitkinliyi yüksək dəyərləndirdiyini

bildirir,  o dövrün rəssamlarına işlətdikləri bədii-texniki

material barədə texnoloji təlimat verir. 17 qısa bölmədən

ibarət


olan

bu

əsərdə



təsviri

sənətin


müxtəlif

məsələlərinə dair konkret məsləhət və təlimatlar

verilmişdir.  Risaləni orta əsrlər rəssamlarının yaradıcılıq

metodunu öyrənmək baxımından yüksək qiymətləndirən

A.Qazıyev yazır:  «Əlbəttə,  bu əsər müasir mənada tam

metololoji

vəsait

olmayıb,


orta

əsr


incəsənətinin

yaradıcılıq üsulları və əsas ləvazimatı haqqında müəllifin

öz zəngin təcrübəsi əsasında tərtib etdiyi faydalı

nəsihətlər,  göstərişlər məcmuəsidir.  Risalənin verdiyi

məlumatdan bir daha aydın olur ki,  orta əsr rəssam və

nəqqaşları öz yaradıcılıq metodlarında o dövrə xas olan

metafizik dünyagörüşündən doğan dəyişilməz bədii


8

üsullara və «qanunlara», sabit ehkamlara əsaslanmışlar. 

Bununla belə,  onlar təbiətin rəngarəngliyini,  onun

təkrarolunmaz müxtəlif fakt və hadisələrini mümkün

qədər (şərti üsullarla da olsa)  doğru əks etdirməyə

maraq göstərmişlər» (1, s.4-5).

Sadiqiyə görə,  rəssam təbiətə qarşı həssas,  diqqətli

olmalı,  ondan öyrənməlidir:  «Əgər muradın surətgərlik

olarsa, ustadın təbiət olmalıdır» (1,s.19).

Sadiq bəyin zəngin ədəbi irsində nəsihətnamələri və

mənzum hekayələri,  məktubları və «Risaleyi-həzziyat» 

adlı insanların mənəvi aləminə,  məhəbbət,  dostluq

münasibətlərinə,  gənclərdə

bədii


zövqün

inkişaf


etdirilməsinə həsr edilmiş əsəri diqqəti cəlb edir.

S.Əfşarın poetik yaradıcılığı zəngin, rəngarəngdir. O, 

fars və türk dillərində qəzəl,  qəsidə,  qitə,  rübai, 

müxəmməs,  tərcibənd,  tərkibbənd,  məsnəvi,  müəmma

janrlarında

gözəl


şeirlər

müəllifidir. 

Tədqiqatçı

M.Muradovanın

hesablamalarına

görə


onun

587 


qəzəlindən 40-i türkcədir (9,s.67).  Şairin farsdilli poetik

yaradıcılığında Şah Abbasın hakimiyyətinin ilk illərindən

onun


apardığı

müharibələrdən

bəhs

edən  


«Fəthnameyi-Abbas-namdar»  adlı 2500  beytdən ibarət

poeması mühüm yer tutur.  Müəllif müxtəlif tarixi

hadisələri,  döyüşləri yüksək bədii formada,  təşbih və

istiarələrin köməyi ilə təsvir edir,  Şah Abbasın müxtəlif

müharibələrdən,  ən çətin vəziyyətlərdən qalib çıxan

qəhrəman


obrazını

yaradır.  Əsəri

oxuduqca

bu

qəhrəmanlıq dastanının yazarının yersiz müharibələrə, 



qan tökülməsinə qarşı çıxdığını görürük.

Sadiq bəy Əfşarın türkcə yazdığı əsərləri içində

«Məcməül-xəvas»  təzkirəsini,  külliyyatına daxil edilmiş

şeirlərini və məktublarını (18  məktublarından 14-ü ana

dilindədir)  göstərə bilərik.  Şairin türkcə şeirləri onun

Təbriz


Dövlət

Kitabxanasında

saxlanan

əlyazma


9

külliyatının 888-917-ci səhifələrini əhatə edir.  Bundan

başqa,  Sadiqinin təzkirəsinə daxil etdiyi,  məktublarında

rast gəldiyimiz bəzi türkcə şeirlərinin də olduğunu qeyd

etməliyik.

Müxtəlif tədqiqat əsərlərində Sadiq bəyin türkcə

şeirlərindən müəyyən nümunələr verilsə də,  bu əsərlər

bütöv halda çap edilməmiş,  buna görə də şairin anadilli

lirikasının ətraflı araşdırılması mümkün olmamışdır. 

Sadiqinin türkcə şeirlərinin surətini Təbriz Dövlət

Kitabxanasından əldə edərək çap etdirməyimizin əsas

səbəbi də bu boşluğu doldurmaqdan ibarət olmuşdur.

Hələ sağlığında dövrünün görkəmli şairi və alimi kimi

tanınan S.Əfşar klassik Şərq ədəbiyyatını,  poetikasını

gözəl bilmiş,  sələflərinin yaradıcılığının ən dəyərli

cəhətlərindən

təsirlənmişdir. 

Sadiq


bəy

böyük


Azərbaycan sənətkarlarından ən çox Xaqani Şirvani, 

Nizami Gəncəvi və Füzulinin,  fars şairlərindən Firdovsi, 

Ənvəri,  Kəmaləddin İsfahani,  Zəhir Faryabi,  Sədi və

Hafizin əsərlərindən bəhrələnibdir.  Ana dilində yazdığı

şeirlərdən şair türkdilli ədəbiyyatın iki dahisini – Nəvai və

Füzulini özünə üstad seçmişdir. Ümumiyyətlə, XVI əsrin

ikinci yarısında- XVII əsrdə türkdilli şeirimizin, demək olar

ki,  bütün nümayəndələri yaradıcılıqları boyu ən dəyərli

örnək kimi bu iki sənətkarın poeziyasına üz tutmuşlar.

T.Gəncəyinin dediyi kimi,  Sadiq bəy türk dilinin üç

ədəbi

dilini


(Azərbaycan,  Osmanlı

Cığatay) 



mükəmməl bilmiş və türkcə şeirlərini də bu şivələrdə

yazmışdır. Şairin 1971-ci ildə şairin 12 qəzəlini oxuculara

təqdim edən alim bunlardan 8-nin Şərqi türkcədə, 

cığataycada yazıldığını xüsusilə qeyd edir (5,s.21). 

Sadiqinin türkcə şeirlərindən danışarkən onların müxtəlif

türk şivələrində yazıldığını əlbəttə ki,  nəzərə almaq

lazımdır.


10

S.Əfşarın 478 beytdən ibarət türkcə şeirlər toplusuna

5 qəsidə, 40 qəzəl, 1 saqinamə, Şah Abbasa müraciətən

məsnəvi formasında yazılmış 1  şeir,  1  tərkibbənd və 1 

qitə

daxil


edilibdir.  Bu

şeirlər


əlifba

sırası


ilə

düzülməmişdir.

Buradakı qəsidərdən birincisində şair obrazlı şəkildə, 

alleqoriyadan istifadə etməklə havaların soyumasını, 

qışın gəlməsi ilə təbiətdə baş verən dəyişiklikləri təsvir

edir.  Məlum olduğu kimi,  klassik ədəbiyyatda işlənən

bədii vasitələrdən biri də təşxis sənətidir.  Təbiət

hadisələrini şəxsi xüsusiyyətlərlə təsvir etmək,  onları

canlı insan kimi təsəvvür etmək həmin vasitə ilə

gerçəkləşir ki,  bu da Avropa poetik sistemindəki

personifikasiya kateqoriyasına uyğun gəlir (7,s.32). 

Sadiqi bu qəsidəsində təbiəti təsvir edərkən daha çox

təşxis sənətinə müraciət etmişdir.  Ümumiyyətlə,  təbiət

vurğunu olan şair ilin bütün fəsillərini böyük  məhəbbətlə

qələmə almış, canlı bədii lövhələr yaratmışdır. Qəsidədə

ilin elə bir vaxtı təsvir edilir ki,  havaların tarazlığı

pozulmuş,  al-əlvan təbiətdən cəmi bir neçə rəng

qalmışdır.  Gülün çöhrəsini görə bilməyən bülbül artıq

susmaqdadır,  çəmən məclisində nə bir yarpaq,  nə

quşların nəvası qalmışdır. Şair çayın suyunun donmasını

soyuğun möcüzəsi ilə əjdəhanın donmasına bənzədir:

Yeritməz oldu çəmən içrə cuybar suyun,

Daş oldu möcüzi-sərma ilə bu əjdaha (3,s.888).

Soyuq elə işlər görmüşdür ki,  indi artıq bənövşə ilə

reyhan arasında fərq yoxdur:

Dəmi-təsərrüfi sərma ilə yox onlarda

Bu gün bənəfşəvü reyan təfavüti əsla (3,s.889).

Şaxtadan qulaqların göyərməsini şair müəllim – qışın

soyuq silləsi ilə insanların peysərinə vurması kimi

mənalandırır:

Kəbud etdi binaquşi müəllimi-dey,


11

Ona tapançeyi-bərd ilə bəs ki, urdu qəfa (3,s.889).

Gül üzünü qibləgahından – gülşəndən çevirmişdir ki, 

bu da müsəlmanın ona verilən əziyyətlərdən sonra dinini

dəyişməsinə bənzədilir:

Ç avurdu gül yüzünü qibləgahi-gülşəndən,

Cəfadən olsa müsəlman əcəbmidir tərsa (3,s.888).

Qışın soyuğu hər şeyi dəyişdirmişdir.  Nə əvvəlki

gülşən, nə də çəmənlik var. Təbiət yeni heç nə yaratmır. 

Şair təbiətin qış vaxtındakı qısırlığını poetik surətdə şərh

edərkən qədim Şərq inanışlarına işarə edərək təlmih

bədii ifadə vasitəsindən məharətlə istifadə edir:

Kəsildi rəsmi-təvəllüdləri kim, etməzlər,

Müvasibət həvəsin ümmətat ilən aba (3,s.888).

Təsəvvürlərə görə,  təbiətin məvalidi-səlasəsi (üç

övladı)  – cəmadat (cansız əşyalar),  nəbatat (bitkilər)  və

heyvanat abayi-ülvi-səmadakı atalar (səma cismləri)  ilə

ümməhaiti-selfinin – yerdəki anaların (dörd ünsür: su, od, 

torpaq,  yel)  müvasilətindən,  birləşməsindən yaranır. 

Qışda səmadakı atalarla yerdəki anaların birləşməyə

həvəsləri olmadığından təbiətdə yeni bir şey yaranmır.

43  beytlik bu şeiri ədəbiyyatımızda qışın təsvirinə

həsr olunmuş ən uğurlu şitaiyyə qəsidələrindən hesab

etmək olar.  Əsər Sadiqinin həyatı diqqətlə müşahidə

etmək,  yüksək bədiiliklə oxucuya çatdırmaq istedadına

malik olduğunu sübut edir.

İkinci qəsidə Həsrəti-Əlinini mədhinə həsr edilibdir.

Üçüncü qəsidə şairin qürbətdə olduğu zaman yazdığı

şərhi-haldır. Məlum olduğu kimi, Sadiq bəy uzun müddət

səyahətlər etmiş, vətənindən kənarda yaşamışdır. O, bu

şeirdə qürbətdə olmasının səbəbini izah edir.  «Əgər

qürbətdə,  zarəm,  izzətim

yox,  ariyəm

qəmdən» 


(3,s.891)-deyən şeir vətənimdən kənarda tanınmasa da, 

izzəti,  hörməti olmasa da,  qəmdən azad olduğunu

söyləyir. 

S.Əfşar


istedadının

yetərincə



12

dəyərləndirilməməsindən,  cəmiyyətdə

əsl

qiymətini



almamasından

narazıdır.  O,  vətənindən

kənarda

yaşamasını cəmiyyətdən narazılığının ifadəsi,  bir etiraz



aksiyası kimi təqdim edir.  Sadiqiyə görə,  əgər bu

zəmanədə istedadını dəyərləndirəcək bir adam olsaydı, 

dövran onu dünyaya gətirməzdi. O, bu dünyaya qiymətini

almamaq üçün gəlmişdir:

Bu istedad ilə dövran bəni eylərmidi mövcud,

Əgər bilsəydi bu canbin cəhanda var xiridarı.

Bəni xar etmək üçün qürbü vəsli qeyrə tapşırdı,

Ç əmən içrə, bəli, bihudə dehqan bəkləməz xarı.

Məni-üftadəni, ey dəhri-dun, hər dəm basıb keçmə,

Qəribin gərçi derlər pəst olur hər yerdə divarı.

Səzavari-məhəbbətdir ədu bəzmi-fəraqətdə,

Mənimi gördün,  ey çərxi-fələk,  möhnət səzavarı? 

(3,s.891).

Şair çərxi-fələyə üz tutaraq deyir ki, bəzmi-fəraqətdə-

ayrılıq məclisində düşmən də məhəbbətə layiqdir.  Sən

möhnətə mənimi layiq gördün, Yəni, fələyin ona düşmən

olduğunu Sadiqi yaxşı bilir.

Sadiq bəy Əfşar bir sıra əsərlərində,  o cümlədən, 

«Məcməül-xəvas» təzkirəsində dövrünün hökmdarlarına, 

nüfuzlu şəxslərinə mədhiyyə yazmağa qarşı çıxdığını

bildirmişdir.  O,  təzkirəsində heç bir hökmdara mədh

yazmamış


Mövlana

Zəmirini


buna

görə


yüksək

dəyərləndirdiyini bildirərək yazır: «Yüz min beyt şeiri var. 

Hökmdarların mədhinə bir beyt də yazmayıb.  Himmətin

ucalığına bu özü bir sübutdur» (2, s.165).

Bu dediklərinə baxmayaraq,  Sadiqi də klassik Şərq

poeziyasının ənənəlirini davam etdirərək yaşadığı



13

dövrün hökmdarı I Şah Abbasa bir sıra mədhiyyələr

yazmışdır.  Şair küliyyatındakı türkcə qəsidələrindən

dördüncüsünü mürşidi-kamil,  dinin dayağı adlandırdığı

Şah Abbasın mədhinə həsr edibdir. Şeirdə şahın ədaləti, 

mərhəməti,  din düşmənlərinə qarşı mübarizə aparması

xüsusilə nəzərə çarpdırılmışdır.  Onun ədaləti o qədər

böyükdür ki, sitəmkar çərxi belə özünə tabe edə bilər, din

düşmənlərinə qarşı elə mübarizə aparmışdır ki,  ölkədə

küfrün əsər-əlaməti qalmamışdır:

Yetişdi ol yerə ədlin ki, rəsmi-istiqamətdə,

Özinə tabe eylər istəsə çərxi-sitəmkarı.

Cəhanda küfr zülmün sən yox etdin, varmış derlər,

Sənin dövründə möhkəm küfri-islamın yox dəvvarı

(3,s.892).

Beşinci qəsidəsində şair təbiətin gözəlliklərindən

danışaraq, bütün bunlara görə Yaradana dua edir.

Sadiqinin türkcə şeirlər toplusuna daxil edilmiş

qəzəllər onun lirik yaradıcılığının tədqiqi baxımından

böyük önəm daşıyır.  Məhəbbət mövzusu,  dostluğun

tərənnümü,  insan taleyi ilə bağlı düşüncələr,  təbiət

mənzərələrinin təsviri bu şeirlərdə ilk diqqəti cəlb edən

cəhətləndəndir.  Lirik şeirlərində məhəbbəti insanın ən

ülvi duyğusu,  onun mənəvi yüksəlişinin səbəbi olan

qüvvə kimi tərənnüm edən şair eşqi yolunda hər cür

cəfalara hazır olan aşıq obrazı yaradır.  Özünü «mehrü

vəfa təkyəsinin babası»  (3,s.905)-adlandıran Sadiq bəy

çəkdiyi əziyyətlərdən bezib yolundan dönmək fikrində

deyil,  çünki əvvəldən könlünü qəmzəsi ilə qanını içən

məşuqəyə verdiyini bilirdi:

Sadiqi, gər yürəgü qanın içər, ah etmə,

Könlüni vermiş idün qəmzeyi-xunxarəsinə (3,s.902).

Eşq insanın canına düşmüş od, ildırımdır, aşiqin zəif

canını bəla tələsinə salan qüvvədir:



14

Yenə nə bərq idi kim, yıxdı səbr bünyadın,

Gətirdi rəxneyi-qəm mülki-xanımanımğa.

Yenə nə şövq idi kim, kəsdi rişteyi-canım,

Buraxdı dami-bəla cismi-natəvanımğa (3,s.897).

Vüsal dəmlərində isə aşiqin həyatı büsbütün dəyişir, 

onun payız çağını yaşayan bostanına bahar gəlir:

Yenə nə gülbüni-vəsl idi kim, şüküftə bolub,

Bahara verdi xəzan bərli bustanımğa (3,s.897).

Sadiqinin lirik qəhrəmanı eşqi yolundakı fədakarlığı

ilə fəxr edir,  özünü klassik Şərq ədəbiyyatının aşiq

obrazları ilə müqayisə edir. Şairə görə Məcnunla Fərhad

eşqin tüstüsünü götürüb,  dövrlərini sürüb getmişlər.  İndi

onun növbəsidir və eşqin oduna dözmək də onun

bəxtinə  düşmüşdür:

Gərçi eşqin tüstüsün Fərhadü Məcnun çaldılar,

Şimdi eşq olub olardin bizgə verdi növbəti (3,s.900).

Fədakar aşiq  çox ah çəkməkdən ona görə qorxur ki, 

onun ahının odu digər aşiqləri də yandıra bilər:

Rəhm qıl həmdərdlərə, ey Sadiqi, çox çəkmə ah,

Köyməsün Məcnunüvü yandırmasun Fərhadı ot

(3,s.904).

Ç əkdiyi cəfa dolu həyat aşiqin keçirdiyi normal haldır, 

o bu əzablı vəziyyətində dözümlüdür,  hətta məhəbbət

əzablarını öz dərdlərinin ən böyük məlhəmi hesab edir. 

Cisminin büsbütün hicran oduna yanmasında da aşiq bir

fayda görür:  belə olarsa,  o vüsal cənnətinə saf və pak

gedə bilər:

Yakarsa hicr odu aludə cismimi, nə ziyan

Ki, vəsl uçmağına safü pak olub gedərin (3,s.908).

Yarından ayrı olduğu məqamlarda şair onun xəyalı ilə

yaşayır.  Sadiqi bu fikri poetik şəkildə ifadə etmək üçün

maraqlı obraz yaratmışdır:  İsa göylərə çəkilib günəşin


15

qoynuna girdiyi kimi,  ay üzlü sevgilisi onun könülünün

qoynuna girir:

Könlümün hər dəm girər ol mahsuma qoynuna,

Yeridür gər girsə xurşidin Məsiha qoynuna (3,s.906).

Mücərrəd və konkret anlayışlar məharətlə bir araya

gətirilmişdir.  İnsanın qəlbi,  könlü konkret bir anlayışdır. 

Təxəyyülü zəngin olan şair ona insana məxsus bədən

üzvü «bəxş»  etməklə istiarə poetik fiqurundan istifadə

etmişdir.  Sevgilisindən ayrı onun xəyalı ilə yaşayan

aşiqin

könlünün


qoynuna

yarının


girməsi

şairin


diqqətəlayiq poetik tapıntılarındandır.  Qəzəlin digər

beytləri də maraqlı obrazlarla yadda qalır:

Sinəmi hal eyləyüb ol ay xəyalın bəklərin,

Öylə kim, bəkləşdirür xaçını tərsa qoynuna…

Cövhəri-əşkim cəhanı tutdu, övladur bu kim,

Qoymaya şimdən geri lölöni dərya qoynuna.

Qeyr əgər əhval ilə bəzmi-vüsala yol tapar,

Sadiqi alır xəyali-yarı tənha qoynuna (3,s.906).

Sevgilisinin xəyalı aşiq üçün xaçpərəstin sinəsindəki

xaç qədər əzizdir.  Onun gözlərindən göz yaşları –

gövhərlər axıb bütün dünyanı tutmuşdur,  neçə ki,  dəniz

incini yetişdirib,  özündən kənar edə və bir də geri

qayıtmağa qoymaya. Məqtə beytində şair birinci beytdəki

fikrini oxucusuna daha aydın çatdırır: Könlünün qoynuna

aldığı yarın özü deyil, xəyalıdır. Başqaları gerçək vüsala

yetdikləri halda şair sevgilisinin xəyalı ilə kifayətlənməli

olur.

Eşqdən saralmış çöhrəsinə bahar yağışı-göz yaşları



yağan şair bu vəziyyətdə bir ziddiyət,  qəribəlik görür, 

buna görə də eşq aləmini «qərib aləm» adlandırır:

Qərib aləm imiş eşq, Sadiqi kim irür,


16

Xəzani çöhrə bilə əbri-novbahar gözüm (23, s.907).

«Vida»  rədifli qəzəlində şair yarından ayrılan aşiqin

kədərini səmimi bir dillə ifadə etmişdir. Gözəlin ona vida

etməsi

xəstə


bədənindən

ruhunun


ayrılaraq

vidalaşmasına bənzədilmişdir.  Sevgilisi hara getsə, 

aşiqin həsrət göz yaşları onun ardınca axacaqdır,  göz

yaşları yarının ayağının altındakı torpağı heç bir zaman

tərk etməyəcəkdir:

Qıldı həngami-səfər sərvi-xuramanım vida,

Vəqtidür qılsa təni-dilxəstəni canım vida…

Barsa hər yanğə barur ardınca əşki-həsrətim,

Eyləməz ol xaki-padən çeşmi-giryanım vida (3,s.908).

«Gedərin»  rədifli qəzəli də Sadiqinin hicran qəminin

ağrı-acılarına həsr etdiyi səmimi və təsirli şeirlərindən

biridir:


Qəmi-fəraqın ilə dərdnak olub gedərin,

Nə dərdnak ki, qəmdin həlak olub gedərin.

Nə dövri-xasdır, ey Sadiqi, bu kim, məni-məst,

Gəlüb təmani-hünər, eybnak olub gedərin (3,s.908).

Bu şeirdə şair yaşadığı dövrdən narazılığını da açıq-

aşkar bildirmişdir:  bu necə zamandır ki,  dünyaya

istedadlı,  hünərli gələn adam ömrünün sonunda bu

dünyadan günahkar, eybli vəziyyətdə tərk etməlidir?

Ümumiyyətlə,  Sadiqinin şeirlərində aşiqanə lirika və

ictimai motivlər bir-biri ilə üzvi surətdə bağlanmışdır. 

Zəmanəsinin

kədərindən,  qayğılarından

qocaldığını

bildirən şair «Məni-üftadəni ənduhi-dövran gərçi pir etdi» 

(3,s.907) deyir.

Fələk


tərəfindən

biqərar, 

səbatsız

vəziyyətə

düşməsini də şair dövranın biqərarlığı ilə izah edir:

Biqərar etdi fələk dönə-dönə Sadiqini,

Şimdi bildim ki, qərarı yox imiş dövranın (3,s.898).


17

«Yegdür»  rədifli qəzəlində şair dövrünü daha sərt

ifadələrlə tənqid edir,  «Əgər dünya budursa,  elə bizim

evsiz-eşiksiz olmağımız yaxşıdır»- deyir:

Əgər dünya budur, bixanü biman olmamız yegdür,

Buraqıb işrət əsbabını üryan olmamız yegdür.

Bu isə şeyxü vaiz, məscidü minbər tamaşası,

Xərabat əhlidin məstü gəzəlxan olmamız yegdür…

Bulunmaz çün cəhan məmurəsində xaneyi-munis,

Ənisi-qəm,  müqimi-gənci-viran

olmamız

yegdür


(3,s.909).

Əgər şeyx və vaizlər bunlardırlarsa, dini atıb eyş-işrət

əhli olmaq daha yaxşıdır. Bu dünyada insana munis olan

bir yer yoxdursa,  qəmlə dost olub viranələr xəzinəsinə

sakinlik etmək yaxşıdır.  Bütövlükdə şeir dövrün sərt

ittihamı kimi səslənir,  ədalətpərəst,  azadlıqsevər şairin

dövrünə münasibətini açıq ifadə edir.

Xüsusilə ictimai fikirlərində Sadiqinin Nəvai və Füzuli

yaradıcılığı ilə nə qədər sıx bağlı olduğunu görə bilərik. 

Şair bu dahi ustadların ədəbi irsində onu narahat edən

məsələlərin bədii    həllini görürdü,  bundan ilhamlanırdı. 

Sadiq bəyin şeirlərində Nəvai poeziyasının təsirindən

danışan C.Nağıyeva yazır:  «Onun «Bulğay kaş ki», 

«Etdin»,  «Qalmadı»,  «Sübh»  və başqa qəzəlləri də

yalnız rədif baxımından deyil,  ideya,  məzmun və bədii

ifadə vasitələrindən istifadə baxımından Nəvai ilə

birləşir» (10, s.162).

Nəvainin «Bolmasun»  rədifli 7  beytlik qəzəlinə

yazdığı nəzirəsini oxuduqca Sadiq bəyin ustad şairin

əsərinə çox diqqətlə yanaşdığını, eyni zamanda, sadəcə

nəzirə deyil,  orijinal bir şeir yazdığını görürük.  Nəvainin

lirik qəhrəmanının qəlbi sevgilisinə ən səmimi duyğularla

doludur.  İstədiyi odur ki,  könül verdiyi gözələ heç bir


18

xətər yetməsin, bu dünya bağında onsuz bahar olmasın. 

Şair arzu edir ki, sevgilisinin sərvi-qəddi ancaq çeşmeyi-

heyvandan, əbədiyyət çeşməsindən qidalansın:

Ğam əlidin, ya Rəb, ul qulğa ğubari bolmasun,

Balki onsiz dahr boğida bahori bolmasun.

Qəddinin sarviğa kim, boği-latovat nəxlidur,

Ç açmai-hayvondin uzqa cuybari bolmasun (11,

s.495).

Bu qəzələ Sadiqinin cığatayca eyni    rədifli,  eyni



bəhrdə yazdığı 6  beytlik cavabda gözələ hədsiz

məhəbbət, sədaqət duyğuları daha çox lirik qəhrəmanla

bağlı şəkildə ifadə edilmişdir:

Gözə ol şəh yolidin özge ğubari bolmasun,

Məndin özge kimseğe andin güzari bolmasun.

Gülşəni-kuyində kim, sərvi-qədi məvasidür,

Hər tərəf əşkimdən özgə cuybari bolmasun (3,s.898).

Sadiqinin qəzəlində müəllifin fərdiyyəti daha çox

nəzərə çarpır.  Lirik qəhrəmanın istədiyi budur ki,  ondan

başqa heç kim sevgilisinin yolunun üstündə durmasın, 

fədakar aşiqin gözlərinə yalnız yarının ayağının tozu

dolsun,  sərvi-qəddini yalnız onun göz yaşları sulasın. 

Nəvai sevgilisinin sərvi-qəddinin çeşmeyi-heyvan-dirilik

suyu ilə sulanmasını arzulayırsa, Sadiq bəy məşuqəsinin

sərvi-qəddinin onun öz göz yaşları ilə qidalanmasını

istəyir.


Nəvai 8  beytlik «Kaş ki»  rədifli qəzəlində ayrılıq

dərdini çəkməkdənsə min cür möhnət çəkməyə üstünlük

verdiyini, eşq dərdindən dəlilər kimi səhraya düşduyünü, 

buna görə də əvvəllər gözəllərlə ünsiyyət bağladığından

peşman olduğunu bildirir. Bir beytdə qəriblərin qürbətdə

acı çəkdiyini,  qürbət sözünü

dilə gətirmək belə


19

istəmədiyini söyləyən şair,  qəzəlin sonunda arzusuna, 

vüsala çatmaq üçün ömürdən möhlət dilədiyini yazır:

Bulğay erdi yüz tüman, min rancu mehnat kaş ki,

Bulmağay erdi balou dardi-furkat kaş ki…

Xosiyat çün telbarab sahroğa yuzlanmak emiş,

Tutmağay erdin parilar birla ulfat kaş ki…

Yuz ğarib ahvol bekaslıkda har dam bor emiş,

Utmaqay erti tilimda lafzi-ğurbat kaş ki…

Dema kim con et fido ahbob ila topqaç visal,

Ey Navoiy, umr berqay onça muhlat kaş ki (11, 607).

Sadiqi bu şeirə yazdığı 6  beytlik cavabında böyük

özbək şairinin yaradıcılığına məhəbbət və diqqətini, 

cığataycanı gözəl bilməsini nümayiş etdirməklə bərabər, 

orijinal fikirlərlə çıxış etmiş, lirik şeirə ictimai motiv əlavə

etmişdir. Nəvai qürbətin ağır dərd olduğundan danışırsa, 

Sadiq bəy «Əgər vətən övladları insanın qədrini

bilmirlərsə,  qürbət bundan yaxşıdır»  deyir.  Zəmanəsinin

ədalətsizliklərindən,  özünə qarşı olan haqsızlıqlardan

şikayət edən belə misralar Sadiqi şeirlərində az deyil. 

Sadiq

bəy


kimi

çoxtərəfli

istedadın,  dövrünün

ensiklopedik

zəkasının

«belə


vətəndənsə

qürbət


yaxşıdır»  deməsi,  əlbəttə ki,  mövcud quruluşa,  dövrə

ciddi ittihamdır:

Bilməs ermişlər kişi qədrin vətən əbnası çün,

Tutqay erdi damənimni xaki-qürbət kaş ki(3, s.901).

Beytlərindən birində şair ona ağıl vermək istəyən

nasehə «kaş ki,  bu könül mənim nəsihətimi eşidəydi» 

cavabını verir. Yəni məgər aşiqin ixtiyarı özündədirmi ki, 

ona nəsihət verirsən:



20

Dersən, ey naseh ki, məndin tut nəsihət, aqil ol,

Tutqay erdi bu könül məndin nəsihət kaş ki (3,s .901).

Burada Füzulinin «Əql yar olsaydı,  tərki-eşqi-yar

etməzmidim?  İxtiyar olsaydı,  rahət ixtiar etməzmidim?» 

(41,  s.220)  beyti yada düşür.  Sadiqinin cığatayca

şeirlərində Nəvai ilə bərabər Füzuli yaradıcılığı ilə də

səsləşməni 

 

müşahidə


etmək

bizi


təəccübləndirməməlidir. 

S.Əfşar bir çox şairlərimiz kimi Füzulinin möhtəşəm

poeziyasını özü üçün ən gözəl örnək saymışdır.  Şairin

yaradıcılığında Füzuli sənətinin bədii təsir vasitələrinin və  

ifadə xüsusiyyətlərinin təsiri aydın görünür.  Sadiqi

şeirlərində dahi şairin poetik ustalığından, təşbih, istiarə, 

mübaliğə və təzadlar yaratmaq üsullarından geniş

istifadə etmişdir.  Füzulinin gözəlliyi,  eşqi,  tərənnüm

edən,  həyatdakı ədalətsizliklərə,  insanlar arasındakı

qeyri-bərabərliyə

etirazını

bildirən


ictimai-fələsəfi

poeziyası Sadiqi yaradıcılığına güclü təsir etmişdir.

Füzulinin «Sübh»  rədifli,  eyni vəzndə iki qəzəli (4, 

s.88,  90) vardır ki,  bunlar    Nəvai qəzəlinə nəzirə olaraq

yazılmışdır.  Bu şeirində Füzuli sübhün gəlməsini mahir

bir rəssam kimi təsvir etmiş,  onu Nəvaidə olmayan bir

tərzə mənalandırmışdır.

Sadiqi,  fikrimizcə,  Nəvainin də,  Füzulinin də «Sübh» 

rədifli qəzəllərini oxumuş,  nəzirə yazarkən Füzuli şeirini

üstün tutmuşdur. Füzuliyə yazdığı cavabında o, dahi söz

ustadı tərəfindən yaradılan hər səhər sübhün yaxasını

yırtması obrazın eynilə təkrar edir. Füzuli deyir:

Gər deyil bir mah mehrilən mənimtək zar sübh,

Başın açıb nişə hər gün yaxasın yırtar sübh (4, s.88).

Mənim kimi bir ayın-gözəlin eşqindən zar olmadığı

halda nə üçün sübh hər gün başını açıb,  yaxasın yırtır

(yəni, səhər açılır)?


21

Sadiq bəyin buna cavab olaraq yazdığı beytin birinci

misrasında ikinci misrada veriləcək sualının cavabı

vardır.  Bəlkə subh dağ olmuş sinəsini cahan əhlinə, 

bütün dünyaya nümayiş etdirmək istəyir:

Ta edə rövşən cəhan əhlinə dağ sinəsin,

Hər səhərgahını neyçün yakasın yırtar sübh? 

(3,s.895).

Qeyd etməliyik ki,  Sadiqi sübhün gəlişini Füzuli

səviyyəsində poetik şərh etməmiş, sadəcə bu hadisənin

əsl möcüzə olduğunu demişdir:

Hər nəfəs gündin yədi-beyza edər izhar sübh,

Belədür dəvayi-ecaz etsə Musavar sübh (3,s.895).

Şairə görə sübhün gəlişi adi bir təbiət hadisəsi deyil, 

möcüzədir.  Bu,  Musa    peyğəmbərin ağ əli ilə göstərdiyi

möcüzələrə bənzəyir.  Sonuncu beytdə yaşadığı dövrə

qarşı münasibəti tənqidi olan şair yalançı nikbinliyə

inanmadığını bildirir:

Sadiqi, aldanma dəhrin zövqi-sübhü şamına

Kim gedər besyar şamü həm gəlür besyar sübh

(3,s.895).

Sadiq bəy dəhrin,  dövrün boş vədlərini,  sabahkı

günün daha yaxşı olacağına dair nikbin fikirləri əsassız

sayır. Bu şeiri bir daha şairin lirikasında ictimai motivlərin

mühüm yer tutduğunu göstərir.

Füzulinin «Görüb»  rədifli qəzəlinə yazdığı nəzirədə

Sadiqi dahi şairin 7  beytlik şeirindəki 8  həmqafiyə

sözdən 6-sını təkrar etmişdir. Buradan görürük ki, Sadiqi

tamamilə Füzuli poeziyasının,  onun bədii məntiqinin

təsiri altındadır. Beytlərindən birində Füzuli aşiqi müalicə

etmək istəyən təbibin onun pərişan halını görüb,  əlac

edə bilməyəciyini başa düşərək fikrindən vaz keçdiyini

deyir: 

Eyləyən təyini-əczayi-müdava dərdimə,



22

Tərk edib,  cəm etmədi,  hali-pərişanım görüb (4, 

s.68).

Sadiqi isə nəzirəsində rəqibin onun pərişan halını



gördükdən sonra xatirini cəm etdiyini,  özünə gəldiyini

deyir. Rəqibini sakitləşdirdiyinə görə o, şaddır:

Gər pərişanəm, vəli şadəm ki, eşqindən rəqib,

Xatirin cəm eylədi hali-pərişanım görüb (3,s.905).

Sadiq bəyin Füzuli təsiri altında olduğunu göstərən

əsərlərindən biri də onun dahi sənətkarın «Mənəm ki, 

qafiləsalari-karivani-qəməm»  misrası ilə başlanan 9 

bəndlik tərkibbəndinə cavab olaraq yazdığı 7  bəndlik

«Mənəm ki, sakini-meyxaneyi-diyari-qəməm» misrası ilə

başlanan şeiridir.  Hər iki əsərdə bəndləri birləşdirən

vasitə beytlərlə birlikdə bəndlər 6  misradan ibarətdir. 

Füzulinin tərkibbəndi onun həyata,  cəmiyyətə,  bu

cəmiyyətdəki

öz

vəziyyətinə



münasibətinin

bariz


ifadəsidir.  M.Quluzadə bu əsər barədə yazır:  «Füzuli

özünü qəm karvanının qafiləsaları,  möhnət və ələm

səhrasının müsafiri adlandırır.  Lakin bununla bərabər, 

şair məğrur və nikbindir; özünü heç kəsdən əksik bilmir. 

O, padşah kimi fəqir, möhtəşəm bir gədadır. Dövlət onu

şad etmir.  Onun sərsəri    könlündəki vəfa,  gözlərindəki

ləlü gövhər xəzinəsidir. Şairin dərin fəlsəfi mənaya malik

olan bu misraları sərvət,  şöhrət,  ictimai ədalətsizlik

üzərində qurulmuş cəmiyyətə qarşı qüvvətli bir etiraz

kimi səslənirdi» (8, s.220).

Tərkibbəndində «Mənim ki,  gəzmədi hərgiz sipehr

kamımla»  (2,  s.915)  deyən Sadiqi həyatından narazı

olduğunu

bildirir.  Onun

da

ən

böyük



şikayəti

zəmanədəndir: 

Nədür zəmanə işi, cövrilə cəfa etmək,

Sipehr şivəsi təğyiri-müddəa etmək,

Rəqib dərdi-dilin bilməyüb dəva etmək,

Məni ki, dərdi-dilim sərbəsər cəza etmək (3, s.915).



23

Şair zəmanə cövrünə qarşı müdrik olmağı,  ruh

düşgünlüyünə düşməməyi məsləhət görür:

Könül, zəmanədən incinmə, şadü xürsənd ol,

O aqil irməz isə, bari sən xirədmənd ol (3,s.915).

Sadiq


bəyin

bu

bəndi



məzmunca

Füzuli


tərkibbəndinin

sonuncu


bəndinə

yaxındır.  Füzuli

dövrünün bəlalarından,  cəfalarından danışdıqdan sonra

şikayət etməməyə,  səbrli olub dua etməyə üstünlük

verdiyini bildirir. Nəhayət, öz-özünə şikayət etməkdənsə, 

dostlarla ünsiyyətin daha yaxşı olduğunu söyləyir:

Kim ola dust rizası həmin sənə hasil,

Rizayi-dustdur əsli-təməttö', ey qafil! (4, s.335).

Sadiq bəy üçün də dostun varlığı, onunla dərdləşmək

çox vacibdir.  Şeirinin sonuncu bəndində o dərdini izhar

etmək üçün bir dostunun olmadığından gileylənir:

Nə bir rəfiq ki, rəf'i-məlal edəm naçar,

Nə bir təbib ki, dərdi-dil eyləyim izhar (3, s.916).

Qeyd etmək lazımdır ki,  Sadiqi digər şeirlərində də

dostluqdan xüsusi olaraq danışmışdır. Ona görə, insanın

dünyada yaşaması üçün ən mühüm şərtlərdən biri

dostunun

olmasıdır.  S.Əfşarın

əsərlərnidən

onun


dostlarını çox yüksək dəyərləndirdiytini, onlardan çox şey

öyrəndiyini ustadlarına da dost kimi yaxın,  mehriban

münasibət bəslədiyini, çoxsaylı şəxslərlə dostluq etdiyini

görürük.  Şairin «Saqinamə və bərxi əz şikayəti-ruzigar  

quyəd»  başlıqlı məsnəvi formasında yazdığı şeirində

onun dostları ilə mənəvi bağlarının necə güclü olduğunu

görürük. 

Saqinamələrdə

ənənəvi

olan


Saqiyə

müraciətdən sonra şair qəmli və tək olduğundan,

dostlarının onu tərk etdiyindən şikayət edir,  ötən

günlərini xatırlayır:

Getdilər həmdəmü həmrazlarım,

Dərdü qəm bəzmida dəmsazlarım…



24

Qanı onlar ki, xəvasım idilər,

Xəlvəti-xasdə xasım idilər (3, s.910).

Məzmunundan şeirin Sadiq bəyin ömrünün son

çağlarında, onun uzun müddət xəstə olduğu zamanlarda

yazıldığını görürük.  M.Muradova bu şeir barədə yazır: 

«O, dərdə-qəmə tutulduğu günlərdə uzaqlaşan dostlarını

vəfasızlıqda təqsirləndirir.  Şairə görə dost dostuna dar

günündə qəmxar olmalı,  yoldaş,  sirdaş olmalıdır.  Bu

xasiyyət


dostlarda

yoxdursa, 

onda

dostluqdan, 



yoldaşdıqdan söz açmaq yersizdir»  (9,s.88).  Fikrimizcə, 

Sadiqi ömrünün sonlarında yazdığı bu şeirində ən çox

dünyadan getmiş dostlarının yoxluğundan,  yanında

olmadığından təəssüflənir.  «Yarlar yarlığı böyləmi olur? 

Yar qəmxarlığı böyləmi olur?» (3,s.911)-deyən şair daha

çox ötən günlərdə ona yaxın olan,  artıq dünyasını

dəyişmiş adamları yadına salır.  Təsadüfi deyil ki,  o

adlarını çəkmədiyi ustadlarını xatırlayır:

Qanı ol piri-rəhi-irşadım

Ki, hər işdə bar idi ustadım (3,s.911).

Məlum olduğu kimi,  Sadiqinin ən müxtəlif sahələrdə

görkəmli müəllimləri olubdur.  Ömrü boyu ustadlarına

minnətdar

olan


şair

onlarla


mənəvi

yaxınlığını

itirməmişdir. Sadiq bəyin rəssamlıqda müəllimi dövrünün

görkəmli sənətkarı Müzəffər Əli,  şeirdə isə Mir Sün'i və

başqaları olmuşdur.  «Məcməül-xəvas»  təzkirəsində

S.Əfşar Mir Sün'inin qoca yaşlarında belə istirahət

etmədən çalışdığını heyranlıqla qeyd edir:  «Şeir

sənətində bəndənin – mənim yol göstərənlərimdəndir. 

Şeirin  mühüm risalələrinin əksəriyyətini Mir həzrətlərinin

yanında oxumuşam.  Üç ildən artıq bir müddətdə başını

balışa qoyub istirahət etdiyini görmədim. Baxmayaraq ki, 

yaşı doxsana yaxın idi» (2, s.99).



25

M.Muradova Sadiq bəyin digər bir ustadı barədə

yazır: «Sadiqinin rübai ustası Xacə Ağamirlə də yaxınlığı

olmuşdur.  Belə ki,  Ağamir yazdığı şeirləri ilk dəfə

Sadiqiyə oxuyarmış»  (9,  s.30).  Bundan başqa,  şairin

həmədanlı Fəzainin tələbəsi olduğu,  ilk gəncliyində

şeirlərini Hafiz Sabuniyə təshih etdirdiyi barədə də

məldumatımız vardır (5, s.20). Fikrimizcə, şair dostlarının

yanında olmadığını deyərkən əsasən belə insanların

dünyanı tərk etməsindən qəmləndiyini bildirmişdir. 

Şeirdə onlar barədə oxuyuruq:

Yarlığ birlə tutarlardı əlim,

Dürüb istərlər idi dərdi-dilim.

Tiri olduqca dilara idilər,

Öldüğüm dəmdə Məsiha idildər.

Qanı ol əhli-vəfalar, qanı?

Mə'dəni-cudü-səxalar qanı? (3,s.911).

Şairin «Şərhi-məlal»  adlandırdığı 42  beytlik bu

əsərində dövrandan şikayət də əksini  tapıbdır:

Şimdi kim, saldı ayağdan məni çərx,

Bolmasun heç kişinin düşməni çərx (3, s.911).

Sadiq bəyə görə artıq dünyada bir mərd insan

qalmamışdır:

Dəhrdə qalmadı bir mərdanə,

Hərfi-sövtilə keçər əfsanə (3, s.911).

Şeirin sonunda müəllif yenə də saqiyə müraciət

edərək,  onun lütfü,  meykədənin abü havası ilə təsəlli

tapdığını söyləyir.

Sadiqinin şah Abbasa halını ərz etdiyi 34  beytlik, 

məsnəvi formasında türkcə    şeiri də onun ömrünün

İsfahanda yaşadığı son dövrlərinə aiddir. Buradan şairin


26

həmin vaxtlardakı vəziyyəti,  səhhəti barədə bəzi şeylər

öyrənirik:

Şah Təbrizə əzm qılğanda,

Əzm ilqarı cəzm qılğanda.

Bəxt sahibi-fəraş qıldı məni,

Mərəzə xacə taş qıldı məni.

Eylədi dur xaki-rahindən,

Saldı iraq məni sipahindən.

Şimdi üç ildən füzundur məni-zar

Ki, gəhi sağəm və gahi bimar (3, s.912-913).

Burada şahın Təbrizə səfər etdiyi vaxtdan söhbət

gedir.  Sadiqi xəstələndiyi üçün səfərdə iştirak edə

bilməmiş,  qoşundan uzaqlaşdırılmışdır.  Şairin üç ildən

artıq xəstə olduğunu öyrənirik.  Sadiq bəy bir dəfə Şah

Abbasın əmri ilə müalicə olunsa da,  vəziyyətinin

yaxşılaşmadığını xəbər verir,  şahdan dərdinə əlac

edilməsini xahiş edir.

S.Əfşarın türkcə şeirlər toplusundan sonuncu əsəri

şah sarayındakı bir qopçubaşıya müraciətən yazdığı

qitədir.  Məzmunca həcv olan bu şeirdə müəllif şah

fərmanına

riayət

etməyən


dövlət

məmurunun

özbaşınalığını kəskin tənqid edir, onu əhli-şər adlandırır:

Mən şamlu fəqiriyəm, sən qəcər bəgi,

Sən əhli-şərsənü sana bir əhli-şər gərək (3,s.917).

Özünü şamlu fəqiri adlandıran şair qacar elindən olan

qorçubaşının yadına salır ki,  şahın hökmünə boyun

endirməyənin boynu vurulmalıdır:

Abbas şah hökmünə endirmədin boyun,

Boynu yoğunlusan, sana tiğü təbər gərək (3,s.917).

Sadiqinin türkcə şeirlərində daha çox dünyəvi

məhəbbətin,  real insani münasibətlərin,  dostluğun, 



27

insanlar arasındakı mənəvi bağların təsvirini görürük. 

Müxtəlif dini təriqətlərdən uzaq olan şairin əsərlərində

təsəvvüf eşqinin mədhinə rast gəlmirik.

Lirikasında

həyatı


sevən, 

lakin


ətrafındakı

haqsızlıqlara göz yummayan istedadının,  xidmətlərinin

yetərincə dəyərləndirilməməsindən narazı olan, bununla

bərabər


təmkinini,  müdrikliyini itirməyən

Sadiqinin

məğrur səsini eşidirik.

Klassik ədəbiyyatı,  orta əsr Şərq poetikasını yaxşı

bilən S.Əfşar əsərlərində bədii ifadə vasitələrindən, 

təşbih,  istiarə,  məcaz,  təzad,  cinas,  təkrir,  bədii sual, 

təlmih,  təşxis və s.  poetik fiqurlardan məharətlə istifadə

etmişdir.  Bədii ifadə vasitələrinin köməyi ilə Sadiq bəy

lirik qəhrəmanının daxili dünyasını, ruhi aləmin inandırıcı, 

səmimi və təsirli boyalarla verə bilmişdir.

Təşdehlər bütün klassik ədəbiyyatımızda olduğu kimi, 

Sadiqi yaradıcılığında da önəmli rol oynayır. Şeirlərindən

birində şair eşqi canına düşmüş oda, sümüyündəki iliyini

yandıran şama bənzətməklə təşbeh yaradır:

Yenə nə bərq idi kim, saldı eşq canımğa

Ki, tüşdü şəm kibi məğzi-üstüxanımğa (3,s.897).

Bəzi təşbehləri yaradarkən müəllif canlı danışıq

dilindən


gələn

söz və


ifadələrdən istifadə edir. 

Sevglisinin yanında hörmətdən düşdüyünü bildirərkən o, 

«yanında itcə etibarım qalmadı»  (3,s.895)-deyir.  Bir it

qədər mənasını verən «itcə»  sözü ilə təşbeh yaradan

şair bu sözü danışıq dilindən poeziyaya gətirməklə

cəsarət nümayiş etdirir.

İstiarələr Sadiqi lirikasının ən mühüm bədii    ifadə

vasitələrindəndir.  Məlum olduğu kimi,  istiarədən istifadə

zamanı hər hansı bir predmetin, hadisənin əlaməti həmin

predmetin,  hadisənin

adı

çəkilmədən



başqasna

köçürülür.  «Verür ləliyə nisbət Xızr suyun Sadiqi yarın» 

(3,s.896)-misrasında

məşuqənin

dodağı

ləl


28

adlandırılaraq Xırzın içdiyi dirilik suyuna bənzədilmişdir. 

Dodaq əvəzinə «ləl»  sözünü işlədən şair istiarə poetik

fiqurundan istifadə etmişdir.  Başqa bir yerdə «Cəhan

gülzarının xəndan gülü bərbad olur axır»  (3, s.909)  –

deməklə    Sadiq bəy insanların yer üzündəki həyatının

gec-tez sona çatacağından,  insan həyatının müvəqqəti

olduğundan danışır.  Burada «cəhan gülzarı»  ifadəsini

qeyri-müstəqim mənada, həyat anlamında başa düşmək

lazımdır ki, bu da istiarənin əlamətidir.

Sadiqi

yaradıcılığında



ləffü

nəşr


şəklində

sözişlətmədən geniş istifadə olunur.  Bu zaman beytin

birinci misrasındakı sözlər növbəti beytdəki sözlərlə

əlaqələndirilərək izah edilir:

Yüz dövrə əgər eyləyə Yüsif, sənə yetməz,

Məqdurmidir yetməsi xurşidə məhanın? (3,s.905).

Birinci misrada lirik qəhrəmanın sevgilisi Şərq

ədəbiyyatında gözəllik rəmzi olan Yusiflə müqayisə edilir. 

İkinci misrada Yusif    məhə-aya,  məşuqə (sən)  isə

günəşə bərabər tutulur.  (Məlum olduğu kimi,  klassik

ədəbiyyatda Yusif həm də mahi-Kənan-Kənan ayı

adlandırılır). Təbii ki, belə əlaqələndirmə zamanı məşuqə

Yusifdən daha üstün çıxır: Məgər ay da günəşə bərabər

olarmı?


Başqa bir misal:

Gər xəyalı gəlməsə, gözdin qılay qət'i-nəzər,

Sadiqi, hərgiz bu evi mehmansız körməyin (3,s.903).

Birinci misradakı «xəyal»  və «göz»  ikinci misrada

«ev» və «mehman» sözləri ilə əlaqələndirilir. Şair poetik

məntiqlə aşiqin gözünü bir evə bənzədir.  Ona görə bu

gözün – evin mehmanı, qonağı – gözəlin xəyalı olmasa, 

onda bu gözün heç bir mənası qalmır.

Sadiq bəyin yaradıcılığından gətirdiyimiz bu iki

nümunə qarışıq (müşəvvəş)  ləffü nəşrə aiddir.  Ç ünki

birinci

misralardakı



aydınlaşdırmaya

ehtiyacı


olan

29

sözlərlə aydınlaşdırıcı sözlər eyni sırada,  eyni fəqərədə

deyil.

Digər şairlər kimi,  Sadiq bəy də fikrini daha təsirli



etmək məqsədi ilə hər hansı bir hadisəni,  keyfiyyəti

şişirdərək mübaliğə bədii ifadə vasitəsindən geniş

istifadə etmişdir:

Göz yaşını vermə qəmi-ahi-səhərgahlərə,

Yanar əflak könüldən çəkilən ahlərə (3,s.902).

Şair özünə eşqinin dərdindən səhər çağı göz yaşı

axıdıb,  ah çəkməyi məsləhət görmür.  Ç ünki könüldən

çəkilən ahdan fələklər yana bilər.  Burada istər-istəməz

Füzulinin «fələklər yandı ahimdən» sözləri yada düşür.

Fəzayi-kuyinə qoy seyri-əzm birlə qədəm

Ki, zahir eylədi hər yanda laləzar gözüm (3,s.907).

Şair sevgilisini ətrafı seyr etməyə dəvət edir.  O,

yarının qapısında o qədər ağlamışdır ki,  indi onun

yaşadığı evin hər yanı laləzara çevrilmişdir.

Təzad sənətindən də Sadiq bəyin poeziyasında fikri

daha poetik,  təsirli ifadə etməyin vasitəsi kimi istifadə

edilmişdir:

Bu gün nihan səri-kuyinə gəlmişəm, ey dil,

Nihani ah çəkib aşkar qılma  məni (3,s.901).

Müəllifin lirik qəhrəmanı ürəyinə müraciətlə deyir ki, 

bu gün gizlincə yarının yaşadığı yerə gəlmişdir,  nihani-

gizlincə olsa da, ah çəkib onu aşkar etməsin. Əks mənalı

«Nihan»  və «aşkar»  sözlərinin bir misrada işlədilməsi

təzad sənətinin əlamətidir.  Sözünün təsir gücünü

artırmaq üçün şair təkrirlərdən də məharətlə istifadə edir:

Bu gecə can təndə mehmandur mən ilən, ey rəfiq,

Bu gecə cananım da mehmanda bolğay    kaş ki

(3,s.900).

Sözlərin misraların başlanğıcında təkrarı    dilçilikdə

leksik anafora adlanır.



30

Cinaslar Sadiqinin uğurla işlətdiyi bədii ifadə vasi-

tələrindəndir:

Gözünün mərdümi mərdümlik edib mane olur,

Hər qaçan qətlim üçün tiğ çəkər müjganın (3,s.898).

«Mərdüm» sözü həm göz bəbəyi, gözün qarası, həm

də insan, adam mənalarında işlənir. Beytdə deyilir ki, hər

dəfə gözəlin kirpikləri aşiqi öldürmək üçün xəncər

çəkəndə onun gözünün mərdümü-qarası mərdumlük –

insanlıq edərək buna mane olur.  Burada «mərdüm» 

sözünün köməyi ilə cinas yaradılmışdır.

«Gördü məni, ağlar üzümə gül kimi güldü» (3, s.905) 

misrasında «gül»  sözünün həm çiçək,  həm də gülmək

mənalarnı bildirməsindən istifadə edən şair cinas

yaratmışdır.

Sadiq


bəy

şeirlərində

hüsni-təlil

bədii


ifadə

vasitəsindən dəfələrlə    istifadə etmiş,  bunun köməyi ilə

bir sıra gözəl poetik obrazlar yaratmışdır.  «Səbəb və

bəhanə gətirməyin gözəlliyi»  demək olan hüsni-təlildən

istifadə zamanı bir əlamət və ya keyfiyyət, başqa əlamət

və ya keyfiyyətin meydana gəlməsinə səbəb olur. 

Nəticədə ikiqat təsvir özünü göstərir.

Kəsrəti-şəbnəmlə olmuşdur libası cümlə yaş,

Günə qarşu hər dəm anınçün açar dəstar sübh

(3,s.895).

Beytdə deyilir ki,  şəmbənim –şehin    çoxluğundan

sübhün libası tamam yaş olmuş,  buna görə də o,  öz

dəstarını-əmmaməsini günə qarşı açmışdır.  Burada

poetik bir tərzdə sübhün açılmasından bəhs olunur.

Sadiqi

yaradıcılığında



hüsni-təlil

sənətindən

istifadəyə dair daha bir nümunə:

Bir kərrə turub qibleyi-rüxsarinə qarşu,

Həsrətdən açıq qaldı gözü qiblənümanın (3,s.905).

Aşiqin qibləsi olan gözəlin üzünü bir dəfə görən

qiblənümanın – kompasın həsrətdən gözləri açıq


31

qalmışdır.  Şairin bədii məntiqinə görə kompasın şüşə

gözləri ona görə qapanmır ki,  o,  gözəlin həsrətini

çəkməkdədir.  Burakı «qiblə»  və «qiblənüma»  sözlərinin

köməyi ilə naqis cinas yaradılıbdır.

Sadiq bəyin təşxis sənətindən istifadə etmək

məharətini onun qəsideyi-şitaiyyəsindən danışarkən

qeyd etmişik.

Sadiq bəy Əfşar doğma dili gözəl bilən, onun zəngin

xəzinəsindən bacarıqla istifadə edən şairdir.  Əsərlərini

oxuduqca onun doğma dilin söz və ifadələrini yerli-

yerində işlətdiyinin,  dilin incəliklərinə bələdliyinin şahidi

oluruq.

Fikrimizcə,  Sadiqinin türkcə şeirlər toplusunun bu ilk



nəşri XVI-XVII əsrlər ədəbiyyat və dil tariximizi

araşdıranlar üçün maraqlı mənbələrdən biri olacaqdır.

Bu əsərin surətinin Təbriz Dövlət Kitabxanasından

əldə edilməsində bizə kömək etmiş tədqiqatçı Rəhim

Təbriziyə səmimi minnətdarlığımızı bildiririk.


Yüklə 396,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin