Referat iŞİ Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə qiyabi şöbəsinin ikinci kurs tələbəsi Cəbiyev Cavid



Yüklə 66,34 Kb.
tarix03.12.2016
ölçüsü66,34 Kb.
#727
növüReferat
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

_____________________________________________________________________________________________

" Kompüter texnologiyalarının tətbiqi " fənnindən



REFERAT İŞİ

Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə

qiyabi şöbəsinin ikinci kurs tələbəsi Cəbiyev Cavid

Kompüter texnologiyalarının tətbiqi

İnternet nədir? – İnternet vasitəsilə müxtəlif informasiyanı ötürmək, qəbul etmək, müxtəlif insanlarla əlaqə yaratmaq və s. işləri hayata keçirmək mümkündür. İnternet ümumdünya əlaqə sistemi olub, özündə milyonlarla fərdi kompüteri birləşdirir. İnternet elə yaradılmışdır ki, ona qoşulmuş fərdi kompüterlər arasında birbaşa əlaqə olmasa belə, xüsusi marşrut üzrə göndərilən informasiya paketləri bir istifadəçidən digərinə vaxtında çatdırılsın. İnterneti idarə edəcək vahid təşkilat yoxdur, amma müxtəlif əlaqədar idarə və təşkilatlar sistem üçün lazım olan müxtəlif mühüm işləri həll etməkdə fəal iştirak edirlər.

İnternetin tarixi – Keçən əsrin 50-ci illərində kompüterlərdən istifadə edərək informasiyanın ötürülməsi və qəbul edilməsi labaratoriya şəraitində eksperiment kimi həyata keçirilirdi. 1969-cu ildə isə Amerikanın Müdafiə Nazirliyi istifadə etdiyi kompüterlər arasında əlaqə şəbəkəsi yaratmaq məqsədi ilə ARPANET (Qabaqcıl Tədqiqatlar Bürosu - Advanced Research Prajects Agency – ARPA) adlı paylanmış şəbəkənin yaradılması üçün sifariş verir. Sifarişin verilməsində əsas məqsəd bir-birindən uzaq məsafələrdə yerləşən və müxtəlif ştatlarda istifadə edilən fərdi kompüterlərin arasında əlaqə yaradılmasının təmin edilməsi idi. Bu zaman əsas fikir ona yönəldilmişdi ki, əgər fərdi kompüterlərdən biri sıradan çıxarsa, onda nazirliyin bütün kompüter şəbəkəsində iş rejimi pozulsun. Belə prinsiplə işləyən şəbəkənin yaradılması Amerika Birləşmiş Ştatlarında digər aparıcı təşkilatların da həddindən artıq marağına səbəb olduğu üçün, onlar da özlərinə məxsus belə əlaqəli sistemlərin yaradılması problemini qarşılarına məqsəd qoyur və buna nail olurlar.

Yaradılmış ARPANET sistemi elmi tədqiqatların aparılması məqsədi ilə elm xadimlərinin rəhbərlik etdikləri kompüter mərkəzlərinin bir-birindən uzaq məsafələrdə yerləşməsinə baxmayaraq, onlar arasında əlaqənin yaradılmasında həlledici rol oynayır. Aydın olur ki, yaradılmış sistem elektron poçtunun göndərilməsində və informasiya mübadiləsində əvəzsizdir. ARPANET sistemi günü-gündən inkişaf edir və istifadəçilərin ümumi razılığı ilə 1983-cü ildə 2 şəbəkəyə: ARPANET və MILNET adlı yeni sistemlərə bölünür. MILNET sistemi tamamilə hərbi məqsədlər üçün istifadə edildiyi halda, ARPANET sistemi elmi-tədqiqat işlərinin aparılmasında istifadə edilir. Yaradılmış əlaqə sistemləri sonrakı illərdə daha da genişlənir və bir-biri ilə əlaqəyə girirlər. Təşkil olunmuş vahid əlaqə sistemini İnternet adlandırırlar.

1986-cı il İnternet üçün əlamətdar olur. Həmin ildə Amerikanın Milli Elmi Fondu (NSF – National Science Foundation) Birləşmiş Ştatların bütün ərazisində sistemdən istifadə edənləri 5 superkompüter mərkəzi ilə birləşdirir. İstifadə edilən superkompüterlər həddindən artıq baha qiymətə (bir ədədi 50 milyon dollar) olmaları ilə yanaşı yüksək işləmə sürəti və böyük gücə malik idilər. Superkompüterlərin köməyi ilə yaradılmış baza şəbəkəsi İnternetin əsasını təşkil edərək, şəbəkədə informasiyanın və verilənlərin ötürülməsi prosesini həyata keçirir. Baza şəbəkəsinin yaradılmasından ötrü mikrodalğalı, optik lifli və peyk ötürmə xətlərindən istifadə edilir.

İnternetdə səhifələrin tapılması – İndiki zamanda İnternet xidmətləri arasında əsas yeri tutan World Wide Web (WWW və ya W3 və ya Web və ya Ümumdünya Hörümçək Toru) qlobal şəbəkə sistemi olub, bütün Web serverlərini özündə birləşdirir. Web keçidlərdə saxlanılan sənədlər Web-səhifələr adlanır. Müasir dövrdə Web-səhifələr İnternet xidmətlərinin ən çox yayılmış informasiya növü sayılır.

Xüsusi hazırlanmış brouzer proqramları (Web mühitində və İnternetdə axtarışa və baxışa imkan yaradan, həmçinin istifadəçinin kompüterində işləyən xüsusi proqramlar) var. Bu proqramlara brouzerlər deyilir. Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brouzer proqramları mövcuddur. Lakin daha çox istifadə olunan Microsoft şirkətinin Internet Explorer və yaxud Netcape şirkətinin Netcape Communicator proqramlarıdır. Brouzerlərin köməyi ilə istifadəçi Web-səhifələrinin birindən digərinə təkcə Web keçidlərinin əhatəsində deyil, başqa yerlərdə də keçməklə Web-səhifələrində hipermüraciətin daxilindəkilərə baxış keçirə bilər. Buradan belə alınır ki, Web-səhifələri bir-biri ilə İnternet daxilində ixtiyari şəkildə əlaqəlidirlər. Odur ki, informasiyanın bu şəkildə təqdimi Ümumdünya Hörümçək Toru adlanır.

Xüsusi hazırlanmış brouzer proqramları (məsələn, Internet Explorer, Netcape Communicator və s.) vasitəsilə biz İnternetdə istədiyimiz səhifəni tapa bilərik. Bunun üçün İnternetə qoşulduqdan sonra brouzer proqramına daxil olub, ünvan sətrində istədiyimiz Web-səhifənin adını yazıb, Search (Axtarış) və ya Klaviaturadan Enter (Daxil ol) düyməsinə basmaq lazımdır.



İnternet bağlantılarının hansı növləri var və nə cür bağlanmaq lazımdır? – İnternetdə işləmək üçün aşağıdakılar vacibdir:

  • Ümumdünya şəbəkəsinin düyünlərindən birinə kompüterin fiziki qoşulması

  • Daimi və ya müvəqqəti IP ünvanının alınması

  • İnternetin müştəriyə istifadə üçün təqdim edilən proqram təminatının qurulması və sazlanması

İnternetdə IP ünvanının seçilməsini və müştərinin şəbəkədə öz düyününə qoşulmasına şərait yaradan təşkilat servis-provayder adlanır. Təşkilat belə işləri müştəri ilə müqavilə əsasında həyata keçirir. İnternetdə fiziki qoşulma ayrılmış (seçilmiş) və ya kommutasiya edilmiş ola bilər. Ayrılmış qoşulma üçün yeni və ya icarəyə götürülmüş hazır fiziki əlaqə xəttinin (kabel xətti, radiokanal, peyk kanalı və s.) olması vacibdir. Belə birləşmədən böyük həcmdə verilənləri ötürmək məcburiyyətində qalan təşkilatlar və müəssisələr istifadə edirlər. Xəttin buraxma qabiliyyəti onun mahiyyətindən asılı olur və saniyədəki bitlərin sayı ilə ölçülür. İndiki zamanda güclü əlaqə xətlərinin ötürmə qabiliyyəti saniyədə yüzlərlə Mbayt informasiyaya bərabərdir.

Kommutasiyalı fiziki qoşulma, tamamilə ayrılmış fiziki qoşulmanın tam əksinədir. Belə qoşulma üçün xüsusi əlaqə xətti lazımdır. Çox vaxt bu məqsəd üçün telefon xəttindən istifadə etmək olar. Kommutasiyalı fiziki qoşulma zamanı kommutasiya avtomat telefon stansiyalarında telefon nömrəsini yığarkən baş verir. Telefon xətləri üçün aşağı buraxma qabiliyyəti səciyyəvidir. Avtomat telefon stansiyalarında siqnalın xəttə ötürülməsi üçün istifadə edilən avadanlıqlardan asılı olaraq xətləri analoq və rəqəm telefon xətlərinə ayırırlar. Bəzi ölkələrdə istifadə edilən analoq telefon xətlərinin köhnəliyi nəzərə alınmaqla, xətlərin buraxma qabiliyyətini saniyədə 30 Kbit-ə bərabər götürürlər (məsələn, saniyədə bir-iki səhifə mətnə və ya dəqiqədə standart ölçülü bir-iki fotoşəkilə uyğun). Rəqəm telefon xətlərinin buraxma qabiliyyəti isə saniyədə 60-120 Kbit-ə bərabərdir, yəni analoq telefon xəttinkindən 2-4 dəfə çox. Analoq telefon xətləri vasitəsilə videoinformasiyanı ötürmək mümkündür. Telefon xətləri ümumiyyətlə rəqəmli informasiyaları ötürmək üçün nəzərdə tutulmamışdır. Çünki telefon xətləri ilə danışıq siqnallarını ötürmək əlverişlidir. Buna əsas səbəb danışıq siqnallarının məhdud diapozonda tezliyə malik (təxminən 300-3000 hers intervalında) olmasıdır. Telefon xətlərindən rəqəmli siqnalları ötürmək üçün həmin siqnalları 3 parametrinə: amplitudası, fazası və tezliyinə görə modulyasiya etmək lazımdır. Belə çevirməni modem adlanan xüsusi cihazın köməyi ilə həyata keçirirlər.

Qoşulma prinsipinə görə modemləri xarici və daxili modemlərə ayırırlar. Xarici modemlər sistem blokun arxasına ardıcıl portların yuvaları vasitəsilə birləşdirilir. Daxili modemləri isə ana lövhənin yuvalarının birinə sazlayırlar.

Verilənlərin modemdən keçmə müddəti fərdi kompüterin digər qurğularından keçmə müddəti ilə müqayisədə həddindən artıq azdır. Bu səbəbdən son zamanlara kimi modemləri ISA şinlərinin söküklərinə (slotlarına) qoşurdular. Belə qoşulma daima müəyyən çətinliklərlə bağlı olurdu. İş prosesində bu özünü modemin düzgün işləməməsində göstərirdi. Belə çatışmamazlığı aradan qaldırmaq üçün çox vaxt modemin qoşulduğu ardıcıl portların təyinatını dəyişmək lazım gəlir.

Hal-hazırda buraxılan modemlər PSI şinlərinə qoşulmaq üçün nəzərdə tutularaq istehsal olunurlar. PSI şinlərinə modemlərin qoşulması istifadəçi üçün heç bir çətinlik törətmir. Çünki onlar lazımi standartlara cavab verməklə hazırlanırlar.

Elektron məktublaşma nədir? Elektron poçtdan istifadə qaydaları –İnternetin bu xidməti digər xidmətlərdən çox-çox əvvəl istifadə olunur. Elektron məktublaşma (E-mail) insanlar arasında məlumatların və faylların mübadiləsini təmin etmək üçün istifadə edilir. Xidmətin təminatı ilə İnternetdə xüsusi poçt serverləri məşğul olur. Elektron poçtunda server dedikdə, xüsusi ayrılmış kompüter deyil, proqram təminatı başa düşülməlidir. Beləliklə, İnternetdə qovşaqda yerləşən kompüter bir neçə serverin funksiyasını yerinə yetirməklə müxtəlif xidmətləri həyata keçirir.

Elektron poçtu vasitəsilə göndərilən məlumat bir neçə dəqiqədən sonra məkanına yetişir. Elektron poçtu vasitəsilə kompüterin yaddaşında saxlanılan istənilən faylı lazımi ünvana göndərmək mümkündür. Bu zaman çalışılmalıdır ki, yaddaşda olan faylın həcmi 1 Mbayt-dan artıq olmasın. Çünki böyük həcmli fayllar göndərilən zaman mütləq maneələrlə rastlaşırlar. Faylın həcmi böyük olduqca onun göndərilmə vaxtı da uzanır. Nəticədə səhvlərə yol verilir, faylı təzədən göndərmək lazım gəlir. Belə çatışmazlığı aradan qaldırmaq üçün İnternet Poçtunun Çoxməqsədli Genişlənmələri və ya göndəriləcək faylların Sıxlaşdırılması həyata keçirilir.

Elektron poçtunun ünvanları İnternetin ünvanlarına oxşayır. Məsələn, elektron poçtunun ünvanı aşağıdakı kimi yazıla bilər:

c.cavid@box.az

@ simvolu ünvanı iki yerə bölür. Solda istifadəçinin adı, sağda isə domen göstərilir.

İnternet şəbəkəsi domenin adına uyğun informasiyanı kompüterə ötürür ki, kompüter də öz növbəsində aldığı informasiyanı istifadəçiyə çatdırır. Göstərilən informasiyanın ünvana xətərsiz çatdırılması, kimsə tərəfindən oxunmaması üçün İnternetdə məlumatları şifrələyirlər.

Elektron məktublaşmaq üçün hər hansı bir elektron poçtu domeni seçilib oraya daxil olunur. Burada yeni istifadəçi üçün Qeydiyyat bölməsi vardır. Yeni istifadəçi buraya daxil olur. Qeydiyyat bölməsində istifadəçi şəxsi məlumatlarını: istifadəçi adını, parolunu, parol unudulduğu zaman yazılacaq gizli məlumatlarını, domen tərəfindən verilmiş kodu daxil edib qeydiyyatdan keçir. Daha sonra isə istifadəçi domenin baş səhifəsinə öz istifadəçi adını və parolunu qeyd edib elektron poçtuna daxil olur. Elektron poçtu içərisində Məktub yaz, Gələnlər, Göndərilənlər, Qovluqlar, Layihələr, Zibil qutusu, Spam hissələri vardır. İstifadəçi bu xidmətlərdən istədiyi kimi istifadə edə bilər.



Axtarış sistemləri və onlardan istifadə qaydaları – İnternetdə işləməyin əsasını istifadəçinin kompüterini İnternet serverlərinə qoşmaq, məlumatı axtarmaq və tapılan məlumatı kompüterdə oxumaq təşkil edir. İnternetdə işi asanlaşdırmaq üçün xüsusi axtarış serverləri yaradılıb. İnternet serverlərdə, saytlarda yerləşən məlumatlar haqqında verilənlər bazası toplanır. Bu proqramlar axtarış sistemləri və ya axtarış maşınları da adlanır.
Aşağıda ən çox istifadə olunan axtarış sistemləri verilmişdir:
www.altavista.com www.google.com www.yahoo.com www.rambler.ru www.azeri.com
İstənilən mövzuda axtarış aparmaq üçün açar sözlərini verməklə axtarış aparmaq olar, məsələn "İdman" mövzusunda məlumat axtarmaq üçün verilmiş formaya qeyd olunan "İdman" açar sözünü daxil etmək və Axtarış (Search) düyməsini basmaq lazımdır. Axtarış zamanı sistem hər Web səhifəsində rast gəldiyi açar sözlərinin sayını qeydə alır. Və nəhayət, ekrana Sizin verdiyiniz şərtlərə daha çox uyğun olan qovşaqların siyahısı çıxarılır. Bu siyahıda sənədlər açar sözünün sayının azalması istiqamətində nizamlanır.

Şəbəkələr və onların növləri. Qoşulma prinsipləri – Kompüterlərin istifadəsi zamanı məlumatın bir kompüterdən digərinə ötürülməsi çətinliyi ortaya çıxır. Məlumatı xarici daşıyıcılar (sərt disk, elastik disk və s.) və kompüter şəbəkəsi vasitəsilə ötürmək olar. İki və ya daha çox kompüterin ardıcıl birləşməsi kompüter şəbəkəsini meydana gətirir. Kompüter şəbəkəsi qurmaq üçün xüsusi aparat (şəbəkə avadanlıqları) və proqram vasitələrindən (şəbəkə proqram vasitələri) birgə istifadə olunmalıdır. Vasitələr dedikdə, şəbəkədə istifadə olunan fayllar, yaddaş qurğuları, məlumatlar, əlavə və periferiya qurğuları və s. elementlər nəzərdə tutulur. Ümumi halda kompüterin texniki və proqram vasitələrindən birgə istifadə etmək və məlumat mübadiləsi məqsədi ilə iki və ya bir neçə kompüterin bir-birinə birləşdirilməsinə kompüter şəbəkəsi deyilir. Kompüter şəbəkəsi kompüterlərin bir-birinə birləşmə növünə görə: ardıcıl, ulduz və qarışıq şəkilli olur.

Ardıcıl birləşmə öz növbəsində 3 hissəyə bölünür: sadə, dairəvi və şin birləşməsi.

Server öz ehityatlarını şəbəkə istifadəçilərinə təqdim edən, xüsusi proqram təminatına malik xidməti kompüterdir. Serverin yerinə yetirə biləcəyi məsələlər çoxsahəli və qəlizdir. Yerinə yetirdiyi funksiyaya görə serverlər Fayl serveri, Printer serveri, Poçt serveri, Faks serveri, Kommunikasiya serveri, İnternet serveri, Web serveri və s. növlərə bölünürlər.

İstifadəçi (client) şəbəkə ehtiyatlarından istifadə edən kompüterlərdir (insanlardır).

Kompüter şəbəkəsi funksiyalarına görə 2 qrupa bölünür: birsəviyyəli və server əsasında qurulan.

Birsəviyyəli şəbəkədə bütün fərdi kompüterlər eyni hüquqa malikdirlər. Burada bir kmpüterin digərinə nəzərən üstünlüyü olmadığı üçün ayrılmış (dedicated) serverin olması vacib deyil. Qaydaya əsasən istənilən fərdi kompüter həm müştəri kimi, həm də server kim fəaliyyət göstərə bilər. Buna görə də birsəviyyəli şəbəkə üçün güclü serverin olması vacib deyil və şəbəkənin dəyəri çox yüksək olmur. Bununla yanaşı şəbəkədə daha güclü kompüterlərin olması tələb olunur. Şəbəkədən istifadə edən istifadəçilər öz kompüterlərində olan məlumatların hansının digər istifadəçilər tərəfindən istifadə edilə biləcəyini müstəqil təyin etmə hüququna malikdirlər.

Birsəviyyəli şəbəkə istifadə edən kompüterləri işçi qruplar da adlandırırlar. İşçi qruplar çox da böyük olmayan kollektivdən ibarətdir və istifadəçilərin sayı 10 nəfərdən (və ya kompüterin sayından) çox olmur. Şəbəkədə istifadə edilən bütün fərdi kompüterlərin proqram təminatının eyni olması, istifadəçinin işini həddindən artıq rahatlaşdırır. Odur ki, şəbəkədən istifadə edən istifadəçilərin bütün kompüter ehtiyatlarından (qovluqlardan, çap qurğularından, faks modemlərindən və s.) eyni səviyyədə istifadə etmək imkanları vardır.

Birsəviyyəli şəbəkədə istifadəçilərin sayı 10-dan çox olduqda şəbəkənin məhsuldarlığı lazımi səviyydə olmur. Bu zaman istifadə edilən kompüter həm müştəri, həm də server rolunu oynayır. Odur ki, əksər şəbəkələrdə ayrılmış serverlərdən istifadə edilir. Ayrılmış server şəbəkədə ancaq server kimi öz funksiyasını yerinə yetirir.

Server əsasında yaradılan şəbəkədə istifadə edilən fərdi kompüterlərdən biri digərindən həm proqram təminatına görə, həm də texniki cəhətdən fərqlənirlər. Belə şəbəkələrdə istifadəçilərin kompakt yerləşməsinə tələbat qoyulmur. Server əsasında şəbəkədə mürəkkəb kabel birləşməsindən istifadə edilir. Şəbəkənin idarə olunması mərkəzləşdirilmiş inzibatçı tərəfindən həyata keçirilir. Server əsasında yaradılan şəbəkədə istifadəçilərin sayı 10 nəfərdən (və ya kompüterdən) çox ola bilər. Həmçinin istifadəçilərin kompüterləri istər proqram təminatı baxımından, həm də texniki təminat baxımından sadə ola bilər. Bununla yanaşı belə serverin quraşdırılması birsəviyyəli şəbəkənin quraşdırılması qiymətindən çox baha olur.

Şəbəkədə istifadə edilən bütün kompüterlərin proqram təminatının müxtəlif olması, ondan istifadə edənlərin işini çətinləşdirir, proqram təminatının qruplaşdırılması və saxlanması üçün xüsusi hazırlıqlı istifadəçilərin olmasını tələb edir. Proqram təminatının qorunması xüsusi hazırlığı olan inzibatçı tərəfindən həyata keçirilir. Server şəbəkədə iştirak edən istifadəçilərin ümumilikdə kompüter ehtiyatlarından istifadə etmək hüquqları vardır.

Gələcəkdə server əsasında şəbəkədə böyük dəyişiliklərin aparılması mümkündür.

Kompüter şəbəkələri yerləşdiyi sahədən asılı olaraq lokal və qlobal şəbəkəyə bölünürlər.

Lokal şəbəkə bir neçə fərdi kompüterdən və periferiya qurğularından ibarətdir. Belə şəbəkəyə çox vaxt LAN (Local Area Network) deyirlər. Onlar bir-biri ilə məhdud ərazidə kabel əlaqəsi ilə birləşirlər. Şəbəkənin köməyi ilə fayl və printerlərdən, elektron poçtundan və digər ehtiyatlardan tamamilə istifadə etmək mümkündür. Lokal şəbəkələrdə bütün iştirakçılar üçün vühid protokollar dəstindən istifadəyə üstünlük verilir. Lokal şəbəkələr ərazi xüsusiyyətlərinə görə yığcamlığı ilə fərqlənirlər. Odur ki, lokal şəbəkələrdən istifadə etməklə müxtəlif yerlərdə (məsələn, bir binada, məktəbdə, kompakt yerləşdirilmiş tikililərdə və s.) istifadə olunan kompüterlər birləşdirilir.

Lokal şəbəkələr və fərdi istifadəçiləri birləşdirən şəbəkə qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.

Qlobal şəbəkələr geniş coğrafi mövqeyə malikdirlər. Onların köməyi ayrı-ayrı kompüterləri, ayrı-ayrı lokal şəbəkələri və müxtəlif protokolları birləşdirmək mümkündür. Belə şəbəkələrdən istifadə etmək üçün planlaşdırma sahəsində tutarlı biliyə və təcrübəyə malik olmaq tələb edilir.

Çox vaxt qarışıq şəbəkələrdən də istifadə edilir. Bu halda birsəviyyəli və server əsasında olan şəbəkənin müsbət cəhətlərindən tam istifadə edilməlidır.

Lokal şəbəkəni qlobal şəbəkə ilə birləşdirən kompüter və ya kompüterdəki proqram təminatı şlüz (gateway) adlanır. Şlüzlər xüsusi kompüterdən (şlüz serveri) və ya kompüter proqramından ibarət ola bilər.

Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. Əcnəbi dildən İnternetin sözbəsöz tərcüməsi "şəbəkələrin birləşməsi" deməkdir. Son zamanlar söz mənasını tamamilə genişləndirmiş və "Ümumdünya kompüter şəbəkəsi" mənasını almışdır. Beləliklə, İnternet kompüterlər arasında birbaşa əlaqədir. İnternetdə müxtəlif istiqamətlərdə yerləşmiş kompüterlər arasında informasiya mübadiləsi məlumatlar paketinə bölünərək həyata keçirilir. Bu zaman kompüterdən kompüterə ötürülən informasiya müəyyən müddət ərzində kompüterin sərt maqnit diskində saxlanılır. Ümumiyyətlə, İnternet bütün aləmdə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

Kompüter şəbəkəsinin yaradılması həyata keçirilmiş təcrübələrin tələbatından irəli gəlmişdir.

Tətbiqi proqram paketlərindən istifadə qaydaları – Fərdi kompüterlərin proqram təminatı keyfiyyətinin yüksəldilməsi və etibarlı işlənib hazırlanması bilavasitə tətbiqi proqram paketlərinin yaradılması və işlədilməsi yolu ilə mümkündür. Tətbiqi proqram paketləri hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin kompüter istifadəçiləri üçün nəzərdə tutulan proqram vasitələri kompleksidir. Təyinatı baxımından tətbiqi proqram paketlərinin konkret tətbiq sahəsinin istiqaməti əməliyyat sisteminin daha da inkişaf etdirilməsidir. Tətbiqi proqram paketləri və ona daxil olan proqramlar istifadəçi tərəfindən icra olunan məsələlərin tərkibi ilə müəyyən edilir və əməliyyat sistemləri tərəfindən idarə olunur.

Microsoft Word 'ün iş prinsipi – Məlumdur ki, istənilən ofisin əsasını sənədlər təşkil edir. Sənədlər cürbəcür olur: sadə mətnlər, cədvəllərdən, qrafiklərdən ibarət hesabatlar, gündəliklər və çoxlu başqa növ sənədlər. Ofis proqramları deyilən proqramlar da məhz bu cür sənədləri yaratmaq və onlarla işləmək üçün nəzərdə tutulub. Ofis proqram paketlərinin ən məşhuru Microsoft Office'dir. Microsoft Office paketinə bir çox proqramlar daxildir ki, bunlardan biri də Microsoft Word proqramıdır.


Microsoft Word mətn prosessorudur və ya mətn redaktorudur. Demək olar ki, Microsoft Office paketinin başlıca proqramıdır. Kompüterdə sənədlərlə işləmək üçün Microsoft Word proqramından istifadə edilir. Word'ün köməyilə mətni daxil etmək və formatlamaq, yanlışlıqları düzəltmək və sənədi çap etmək olur. Doğrudur, indiki Word 30 il bundan qabaqkı "Elektron qələm"ə heç bənzəmir, ancaq onun başlıca funksiyaları – sənədin yaradılması, redaktəsi, uzaqlaşdırılması, mətn bloklarının axtarışı və əvəzlənməsi, üzünün köçürülməsi və yerinin dəyişdirilməsi, faylların saxlanması, açılması və çapı əvvəlkidək qalır.

Bu gün istifadə olunan mətn prosessorlarından ən yaxşısı Microsoft Word 2003'dür. Word'də standart vasitələrlə yanaşı masaüstü nəşriyyat sistemlərinin bir çox imkanları, eləcə də standart sənədlərin (məktubların, hesabatların, bülletenlərin, faksların və b.) şablonları da var ki, onların köməyilə professional görünüşə malik sənədləri asanca və tez yaratmaq olar.

Elektron cədvəllər – Kompüter əsri başlanmazdan əvvəl maliyyə-hesabat işlərində müxtəlif cədvəllərdən istifadə olunurdu. Cədvəl hesablamalarının avtomatlaşdırılması işin keyfiyyətini dəfələrlə artırır. Cədvəl şəklində təsvir olunan verilənlərin saxlanması və emalı üçün istifadə olunan kompüter proqramları elektron cədvəlləri (ingiliscə spreadsheet) adlanır. İlk elektron cədvəl proqramları ilk FEHM-lərlə eyni vaxtda yaranmışdır. 80-ci illərin əvvəllərində Super Calc elektron cədvəlləri maliyyə hesabatları və s. ilə məşğul olan adamların şüurunda inqilabi dönüş yaratdı. Bircə dəfə elektron cədvəlləri ilə işləyən iş adamı ondan heç vaxt əl çəkə bilməz.

Elektron cədvəlləri ilə aparılan avtomatik hesablamalardan təkcə mühasiblər istifadə etmir. Birja, bank və s. maliyyə işçiləri elektron cədvəllərindən istifadə etmədən öz işlərini qura bilməzlər. Elektron cədvəllərinin köməyi ilə real şəraiti (situasiyanı) modelləşdirmək və alınmış nəticələri qiymətləndirmək olar. Hər hansı işin, fəliyyətin nəticəsinin araşdırılması-analiz, gələcək perspektivlərin qiymətləndirilməsi isə proqnozdur. Elektron cədvəlləri biznesdə, iş həyatında kiçik itkilərlə böyük nəticələrə gəlmənin yollarını tapmağa imkan verir. Belə cədvəllərin köməyi ilə vaxtından əvvəl «səhv» addımların qarşısını almaq, gələcək layihələrin nəticələrini qiymətləndirmək mümkündür.

Elektron cədvəlləri ilə idarəetmənin ən populyar vasitələrindən biri Microsoft şirkətinin Microsoft Excel proqramıdır.



MS Excel 97, MS Excel 2000, MS Excel XP, MS Excel 2003 versiyalarından istifadə olunur. Bu proqramlar Windows 98, Windows 2000, Windows XP əməliyyat sistemlərinin rəhbərliyi ilə işləyir. Excel elektron cədvəllərindən iş adamları, ziyalılar, mühasiblər, jurnalistlər və başqaları daha çox istifadə edirlər. Excel proqramı müxtəlif növ verilənləri nizamlamağa, analiz etməyə, qrafik təsvir etməyə, maliyyə və statistik hesabatları effektiv yerinə yetirməyə, elmi-tədqiqatların nəticələrini araşdırmağa imkan verir. Excel güclü proqramdır, onun son versiyalarının imkanları çox böyükdür.

Prezentasiyaların (Təqdimatların) təşkili – Microsoft Office paketinə daxil olan proqramlardan biri də Microsoft PowerPoint proqramıdır. PowerPoint mətn prosessoruna-Word'ə çox bənzəyir, ancaq o, sənəd əvəzinə təqdimat (prezentasiya, slayd) yaradır. Təqdimat uşaqlıqdan tanıdığımız slaydlı filmlər kimi bir şeydir. Word sənədi ayrı-ayrı səhifələrdən ibarət olduğu kimi PowerPoint də slaydlardan ibarətdir. Slaydda mətn, qrafik elementlər və başqa informasiyalar ola bilər. Təqdimatda çox asanca slaydların ardıcıllığını dəyişmək, gərəksizləri uzaqlaşdırmaq və yenilərini artırmaq, eləcə də mövcud slaydların tərkibini dəyişdirmək olar.

PowerPoint'dən həm təqdimatlar hazırlamaq, həm də onları nümayiş etdirmək üçün istifadə olunur. Hər bir təqdimat diskdə ayrıca faylda saxlanılır. Təqdimat faylının uzantısı .ppt olur. Məsələn, Azərbaycan_Cümhuriyyəti.ppt

PowerPoint təqdimatı bir, yaxud bir neçə slayddan ibarətdir. Hər bir slaydda mətn, qrafika və başqa elementlər olur. PowerPoint'də cəlbedici təqdimatlar yaratmaq üçün çox rahat imkanlar var.




Saytların yaradılma texnologiyaları – İnternet məlumatları xüsusi səhifələrdə açılır. Yəni hər hansı məlumatlar toplusu bir səhifədə yerləşir. Bir pəncərə çərçivəsində yerləşən hər hansı məlumatlar yığımına səhifə deyilir.

Səhifələrin tərkibində xüsusi xırda proqramlar - «JAVA appalet»lər yerləşə bilər. Bu xırda proqramlar səhifə tərkibində şəkil və yazılarla hərəkətli reklam və görünüşlər yaradır.

Səhifələr toplusuna sayt deyilir. Hər hansı bir şəxs, firma və idarənin öz saytı ola bilər və bu saytın onlarla, yüzlərlə səhifəsi ola bilər. Sayt çoxlu sayda səhifəni özündə birləşdirir. Saytlar böyük həcmli məlumatlar toplusudur. Sayt bir səhifədən və yaxud yüzlərlə səhifələrdən (Microsoft-un saytı) ibarət ola bilər. Səhifə və sayt anlayışlarını tez-tez səhv salırlar. Bu heç də təəccüblü deyil, axı biz İnternetdə işləyərkən ancaq səhifələrlə əlaqə saxlayırıq. Artıq hamı buna öyrəşib və bunlar arasında fərq qoymurlar. Amma hər hansı bir firmanın 1 saytı və onun tərkibində bir-birinə oxşamayan çoxlu sayda səhifələri ola bilər. Bax onda səhifə ilə sayt arasında fərq qoymaq məcburiyyəti meydana çıxa bilər. Bu məlumatlar isə serverlərdə yerləşir. Server saytları yaddaşında saxlayır və məlumat əlaqəsi üçün şərait yaradır.

Server bir-biri ilə əlaqəli güclü kompüterdən ibarətdir. Bu kompüterlər çox güclü prosessorlara, böyük həcmli əməli yaddaşlara, daimi yaddaşlara və müdafiə sisteminə malikdirlər. Sistem bir kompüter tərəfindən idarə olunur. Əgər bu kompüterdə problem yaranırsa sistemin bütün işi dərhal digər kompüterə ötürülür. Bu kompüterlərdə əlavə daimi yaddaşları iş prossesində, isti-isti dəyişmək olur (adi kompüterlərdə bu mümkün deyil).

PASCAL və DELPHI proqramları vasitəsilə sayt yaratmaq olar. Ölçüsü 50 Mbayta qədər olan sayt yaratmaq pulsuzdur. Ölçüsü 50 Mbaytdan çox olan sayt yaratmaq isə pulludur.

Fayl, kataloq və onların struktur anlayışı – Disket, sərt disk (vinçester), CD və başqa informasiya daşıyıcılarında informasiya fayllarda saxlanılır. Fayl – informasiyanı saxlamaq üçün xarici daşıyıcıların adlandırılmış sahəsidir. Fayllarda proqramın mətnləri, mətn sənədləri, ədədi verilənlər, cədvəl, qrafik, yerinə yetiriləcək proqramlar və s. saxlanıla bilər. Fərdi kompüter üçün fayl əməliyyat sisteminin emal etdiyi əsas informasiya obyektidir.

Hər bir fayl bir-birindən nöqtə ilə ayrılan iki hissəli ada malikdir: xüsusi ad və genişləndirmə. Məsələn: Command.com, Paper.doc, Autotext.bat

Eyni ad və genişləndirmədən yalnız bir faylı təyin etmək üçün istifadə etmək olar. Adın genişlənməsini göstərmək vacib deyil. Lakin adın genişlənməsi faylın məzmunu barədə əlavə informasiya verdiyi üçün ondan istifadə etmək əlverişlidir. Genişləndirmə faylın tipini təyin etməyə imkan verir. Xüsusi ad istifadəçi tərəfindən verilir, genişləndirmə isə avtomatik yazılır. Əgər fayl .exe və .com genişləndirməsinə malikdirsə, onda bu fayla icra edilən və ya əmr faylı deyilir. Proqramlar yalnız belə fayllar vasitəsi ilə işləyirlər. Məsələn, Windows sistemini işə salan win.com faylıdır. Digər genişləndirməyə malik olan faylların hər biri öz təyinatına görə istifadə olunur. Məsələn, .doc genişləndirməsi faylın Word proqramında yarandığını və mətn faylı olduğunu göstərir.

Faylların adları maqnit disklərində - kataloqlarda qeyd olunur. Kataloq diskdə faylların adları, onların ölçüləri, axırıncı dəyişiklik vaxtı, faylların xüsusiyyəti (atributları) və s. haqqında məlumatlar saxlanılan sahədir (və ya xüsusi yerdir). Əgər kataloqda faylın adı saxlanılırsa, onda deyirlər ki, fayl bu kataloqda yerləşir. Hər maqnit diskində çox sayda kataloq ola bilər. Hər bir kataloqda çox sayda fayllar ola bilər və eyni adlı fayl bir neçə kataloqda qeyd oluna bilər.

Hər bir kataloq ada malikdir və özü başqa kataloqda qeyd oluna bilər. Əgər X kataloqu U kataloqunda qeyd olunubsa, X kataloqu U kataloqunun altkataloqudur və U kataloqu X kataloqu üçün üstkataloqdur. Kataloqların iç-içə yerləşmə strukturuna kataloqlar ağacı deyilir.



Kataloqun adlandırılması da faylın adlandırılması kimidir, lakin kataloqun adının genişlənməsi olmur.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR


  • İNFORMATİKA VƏ KOMPÜTERLƏŞMƏNİN ƏSASLARI – Əli Abbasov, Mətləb Əlizadə, Etibar Seyidzadə, Mahilə Salmanova

  • KOMPÜTER ALƏMİ – Cavanşir Ağayev, Bahar Ağayeva

  • KOMPÜTER – Zirvə Səfərov

Yüklə 66,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin