Referat elmi rəhbər: Dos. A. M. Mustafayev Tələbə : Əmirov Hasil Plan Giriş 1 İqtisadiyyat haqqında anlayış



Yüklə 28,58 Kb.
tarix02.01.2022
ölçüsü28,58 Kb.
#47212
növüReferat
Referat


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Biznes Universiteti

Fakültə: Biznes və menecment

İxtisas: Biznesin idarə edilməsi

Qrup: 721a

Kurs: 1

Kafedra: İqtisadi nəzəriyyə



Fənn: İqtisadiyyata giriş

Mövzu: İqtisadi nəzəriyyə və model

REFERAT

Elmi rəhbər: Dos. A.M.Mustafayev

Tələbə: Əmirov Hasil

Plan


Giriş

1) İqtisadiyyat haqqında anlayış

2) İqtisadi nəzəriyyə

3) İqtisadi nəzəriyyənin vəzifələri və metodları

4) İqtisadi model haqqında

Nəticə


Ədəbiyyat

Giriş

Cəmiyyətin geniş əhatəli təsərrüfat həyatının i­n­ki­şaf qan­un­la­rını və prinsiplərini tədqiq edən iqtisad elmi (iqtisadiyyat, siyasi iq­tisad, ekonomiks, iqtisadi nəzə­riy­yə) insanların əmək fəaliyyəti pro­sesində maddi nemət­lərin istehsalı, bölgüsü, mübadiləsi, is­teh­la­kı mər­hə­lələrində baş verən münasibətlər sistemini öyrənir. İqtisadi fəaliyyətdən, davranışdan yaranan nəzəriyyə, qanunlar, qanunauyğunluqlar, modellər və prinsiplər yaranması, fəaliyyət göstərməsi mexanizminə yol açmasına baxmayaraq, bu kateqoriyaların (anlayışların), qarşılıqlı əlaqələri və bağlılığı sistem halında fəaliyyət göstərir. İqtisadi nəzəriyyənin başlıca funksiyası iqtisadi hadisələrin yaranması, inkişafı qanunauyğunluqlarının müasir dövrün tələbləri baxımından tədqiq və təhlil olmasını təmin etməkdir.


1) İqtisadiyyat haqqında anlayış - İqtisadi fikir tarixində “İqtisadiyyat” anlayışını ilk dəfə qədim yunan mütəfəkkirləri işlətmişlər. Belə ki, “İqtisadiyyat” yunanca iki sözün − “oykos” (ev, təsərrüfat) və “nomos” (qayda-qanun) birləşmələrindən əmələ gəlib “oykomiya” adlanır. Bu mənada “İqtisadiyyat” anlayışı elə əslində “İqtisadi nəzəriyyə” nin tədqiqat obyektidir. Deməli, “İqtisadiyyat” anlayışı bütün (mikro, makro, mezzo və meqo) səviyyələrində tam bir sistem kimi cəmiyyətin əsas prinsiplərini və qanunauyğunluqlarını əhatə edir və bütün bunlarla yanaşı, iqtisadi nəzəriyyə − həm milli, həm də dünya iqtisadiyyatı (təsərrüfatı) səviyyəsində iqtisadiyyatı və onun qanunauyğunluqlarını öyrənir. İqtisadiyyat insan fəaliyyətinin mühüm aparıcı sahəsidir və əsas funksiyası məhdud resurslardan səmərəli istifadə etməklə cəmiyyətin artmaqda olan tələbatlarını ödəməkdir. Beləliklə, iqtisadi nəzəriyyə tarixən cəmiyyət üçün yaranmış, onun son məqsədi və iqtisadi həyatda əsas prinsipləri əvəllər də olduğu kimi (bazar iqtisadiyyatı şəraitində) insanların sosial rifahını və tələbatını öyrənməkdir. Buna görə də ictimai əmək bölgüsü qanununa əsasən iqtisadiyyatın bütün bölmələri və sahələri tarazlaşdırılmalıdır. O, ictimai istehsalın bütün mərhələlərini (istehsal, bölgü, mübadilə və istehlak) bir sistem kimi vəhdət halında özündə birləşdirməli və qanunauyğun olaraq inkişaf etdirməlidir. Bütün bunlar iqtisadi nəzəriyyənin tədqiqat predmeti, tədqiqat obyekti olmaqla, həm də onun başlıca funksiyalarıdır.



2) İqtisadi nəzəriyyə - İqtisadiyyat ona xas olan anlayışlar, kateqoriyalar və qanunlar vasitəsi ilə təhlil edilir və öyrənilir. İqtisadi nəzəriyyənin də başlıca funksiyası bu kateqoriya və qanunları üzə çıxarmaq və şərh etməkdir. İqtisadi anlayışlar, kateqoriyalar və qanunlar - iqtisadi nəzəriyyənin bünövrəsidir. İqtisadi nəzəriyyə bir elm kimi həyatın üzündə görünən hadisələrin təsvirindən ibarət deyildir. Çünki, iqtisadi həyatın üzdə görünən, gözlə seyr edilən hadisələri heç də onların daxili mahiyyətlərilə üst-üstə düşmür. Elmin vəzifəsi isə hadisələrin görünməyən tərəflərini, mahiyyətlərini aşkar etməkdir. Bu mahiyyətlər isə iqtisadi anlayışlar, kateqoriyalar və qanunlar vasitəsilə açılır və təhlil edilir. İqtisadi anlayış müəyyən iqtisadi hadisəni, prosesi ümumiləşdirmək və müəyyən terminlə ifadə etməkdir. Məs., mülkiyyət, istehsal, bölgü, əmtəə, pul, bazar, qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. «İqtisadi kateqoriya», «iqtisadi qanun», «iqtisadi prinsip» və sairə kimi işlədilən terminlər, adlar da iqtisadi anlayışlardır. Bədii ədəbiyyatın obrazları insanlardır, iqtisad elminin «obrazları» isə iqtisadi anlayış və kateqoriyalardır. İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı-ayrı cəhətlərinin, tərəflərinin ümumiləşdirilmiş nəzəri ifadələridir. İqtisadi qanunlar iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiətdə olduğu kimi cəmiyyətdə də ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin, təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir göstərən qanunlardır. Bunlar insanların şüurlu, məqsədli fəaliyyətlərində özünü göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektiv qanunlar kimi fəaliyyət göstərirlər. Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir. Bütün hadisələr isə bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində, daim inkişaf və hərəkətdə fəaliyyət göstərirlər. Bunların arasında təsadüfi, keçici, bir an fəaliyyətdə olan hadisə və əlaqələr də mövcuddur. Qanun isə baş verən hadisələr arasındakı hər cür əlaqəni deyil, onlarda sabit qalan, təkrar olunan ən mühüm səbəb-nəticə əlaqələrini ifadə edir. Deməli, qanun hadisələrin bütün cəhətlərini və tərəflərini yox, onların ən mühüm mahiyyətini əks etdirir. Məsələn, əmtəənin alqı-satqısına, qiymətinə çoxlu təsadüfi hadisələr təsir göstərə bilər. Lakin burada əsas cəhət onun istehsalına sərf edilən xərclər və faydalılığıdır. İqtisadi qanunlar sistem şəklində fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar bir-birilə bağlı və qarşılıqlı asılılıq şəraitində təsir göstərir və təzahür edirlər. Bu qanunların dərk edilməsi, öyrənilməsi və üzə çıxarılması iqtisadi nəzəriyyənin funksiyasıdır. İqtisadi qanunları dərk etməyin, öyrənməyin əsas şərti, o qanunların fəaliyyət köstərdiyi şəraiti araşdırmaqdır. Təbiət qanunlarından fərqli olaraq iqtisadi qanunların normal fəaliyyət göstərməsi üçün zəruri şərtlərin olması lazımdır. Məsələn, rəqabət qanununun normal fəaliyyəti üçün sərbəst sahibkarlığın, azad təşəbbüsün sərbəst bazar qiymətlərinin olması tələb olunur. İqtisad elminin həm nəzəri, həm də əməli (təcrübi) istiqamətləri vardır. Bu mə­na­da iqtisadi nəzəriyyə pozitiv və normativ kimi hissə­lə­rə ayrılır. İqtisadi nəzəriyyə əksər hallarda cəmiyyətin başlıca iqtisadi problemlərinin həlli və bunun üçün necə fəaliyyət göstərildiyi ilə məşğul olub, izah edir. İqtisadi nəzəriyyə bir elm kimi ilk növbədə cəmiyyət həyatında gedən pro­sesləri hərtərəfli təhlil edir, faktları izah edir və yaranmış vəziyyətin dolğun mənzərəsini yaradır. Lakin obyektiv yaxud subyektiv səbəblər üzündən apardığı təhlil əsasında öz məsləhət və tövsiyələrini vermir. Cəmiyyət həyatında baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv mövqe deyilir və bu cür təhlil pozitiv nəzəriyyəyə aid edi­lir. Məsələn pozitiv iqtisadi nəzəriyyə konkret bir ölkə­nin timsalında istehsalın azalması, işsizlik səviyyəsinin art­­ma­sını göstərə bilər, lakin bu mənfi proseslərin necə ara­dan qaldırılması yolları haqqında öz tövsiyələrini ver­mir.

Pozitiv nəzəriyyədən fərqli olaraq, normativ iqtisadi nəzəriyyə yaranmış vəziyyəti təsvir etməklə yanaşı, ondan çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi ha­di­sə və proseslərin gələcək meyllərini, inkişaf istiqamət­lərini görərək, öz konkret məsləhətlərini, tövsiyələrini ve­rir. Təbiidir ki, normativ iqtisadi nəzəriyyə pozitiv iqtisadi nəzəriyyəyə nisbətən iqtisadçılar və mütəxəssislər arasın­da daha çox mübahisələrə səbəb olur. Çünki həmin pro­ses­lər (iqtisadi artım, yığım norması, yeni iş yerləri açıl­ma­sı) birmənalı qarşılanmır, müxtəlif qrupların yaxud şəxs­­­lərin maraqlarına toxunur. İqtisadi nəzəriyyənin bir elm kimi məqsədi iq­ti­sadi qanunları (qanunauyğunluqları, prinsipləri, meyl­lə­ri) öyrənmək və onlardan təcrübədə səmərəli istifadə olun­­ması mexanizminin işlənib hazırlanmasıdır. Daha ge­niş anlamda məqsəd, dünyanın və milli təsərrüfatların keç­­dik­ləri sosial-iqtisadi inkişaf yolunun təhlili əsasında, bü­töv­lükdə ictimai istehsalın səmərəli fəaliyyətinin təşkilini elmi-nəzəri cəhətdən əsaslandırmaqdır. Bu mənada, təsərrüfat həyatının istehsal, bölgü, is­teh­lak dairəsində iqtisadi nəzəriyyənin prinsiplərinə, qa­nun­larının fəaliyyət mexanizminin xüsusiyyətlərinə bələd olmaq təkcə iqtisadçılar və siyasi xadimlər üçün deyil, həm də işgüzar bizneslə məşğul olanlar üçün faydalıdır. İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. Lakin iqtisadi həyat elə bir məürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi fəaliyyəti başqa fəaliyyət növlərilə – ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və təsir göstərirlər. Başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər «xalis» şəkildə deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir. İqtisadi nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını, iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.

3) İqtisadi nəzəriyyənin vəzifələri və metodları - Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələr yerinə yetirir. Bunlardan ən mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir. İqtisadi nəzəriyyənin digər vəzifəsi digər iqtisadi elmlər üçün metodoloji əsas olmaqdan ibarətdir. Belə ki, iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm olmaqla iqtisadi hadisə və prosesləri tədqiq edir, onların mahiyyətini aşkar edir. Digər iqtisadi elmlər isə həmin hadisənin öz sahələrində təzahür xüsusiyyətlərini araşdırırlar. Məsələn, iqtisadi nəzəriyyə ümumi iqtisadi qanun olan əmək məhsuldarlığının mahiyyətini, artırılması amillərini nəzəri cəhətdən öyrəndiyi halda sahə iqtisadi elmləri bu qanunun öz sahələrində (sənaye, kənd təsərrüfatı, tikinti və s.) təzahürlərini öyrənirlər. Məlum məsələdir ki, iqtisadiyyatın müxtəlif sahələrində əmək məhsuldarlığı amilləri xeyli müxtəlifdir. İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu onu öyrənənlərdə iqtisadi təfəkkürü formalaşdırmaqdır. İqtisadi təfəkkür dedikdə cəmiyyət üzvlərində iqtisadi hadisələr haqqında müəyyən təsəvvürlərin biliklərin olması və fəaliyyətlərində onlardan istifadə etməsidir. İqtisadi təfəkkür istehsal mədəniyyəti, istehlak mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir. İqtisadi nəzəriyyə cəmiyyət üzvlərində iqtisadi təfəkkürün formalaşdırmaqla iqtisadiyyat qarşısında duran əsas məsələni, vəzifəni daha dolğun yerinə yetirməyə imkan yaradır. Belə ki, yalnız milyon və on milyonlar iqtisadi biliklərə yiyələndikdə onlar məhsuldar qüvvəyə çevrilərlər. İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü iqtisadi fəaliyyətinə və davranışlarına fəal təsir göstərir.

İqtisadi nəzəriyyənin araşdırdığı, təhlil etdiyi problemləri ilk növbədə elmi-nəzəri təfəkkür tərzi və onun əsaslandığı müəyyən metodlar vasitəsilə səmərəli surətdə həll etmək olar.


İqtisadi nəzəriyyənin metodlarını üç qrupda birləşdirmək olar:
1. Ümumi dünyagörüşü metodlu-dialektik yanaşma metodu iqtisadi prosesləri daimi hərəkət və dəyişmə halında götürərək onların gələcək inkişaf meyllərini öyrənir.
2. Tədqiqatın xüsusi metodu:
a) Coğrafi
b) Statistik
c) Riyazi modelləşdirmə
d) İqtisadi təhlil
e) İqtisadi eksperiment və s.
3. Ümumi elmi metodlar:
a) Elmi abstraksiya metodu. O öyrənilən hadisələrin daha əhəmiyyətli tərəfidir. Abstraksiya prosesində, elmi kateqoriyalar formalaşır.
b) Analiz və sintez metodu. Analizlə prosesin mahiyyəti açılır, sintezlə başa çatır. Analiz nəticəsində iqtisadi hadisələrin mahiyyətini ifadə edən abstrakt müəyyənləşir. Sintez prosesində isə səpələnmiş və analiz edilmiş elementlər vahid tam kimi birləşir, elementlərin daxili əlaqəsi və onların qarşılıqlı fəaliyyətini, onlar arasında ziddiyyət səbəbləri aydınlaşdırılır və onların aradan qaldırılması yolları müəyyənləşdirilir. Məsələn təhlil (analiz) zamanı vahid bir kompleks kimi fəaliyyət göstərən xalq təsərrüfatı sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə, xidmət sahələrinə bölünərək öyrənilir. Öz növbəsində sənaye müxtəlif sahələrə, kənd təsərrüfatı müxtəlif istehsal bölmələrinə ayrılaraq öyrənilə bilər. Sintez metodu isə ayrı-ayrı hissələrin və müxtəlif cəhətlərin birləşərək tam vahid halında, yaxud ümumi şəkildə analizinə xidmət edir. Məsələn kənd təsərrüfatının əkinçilik, heyvandarlıq, meyvə tərəvəzçilik kimi sahələrinin təhlili əsasında ölkənin aqrar bölməsi haqqında ümumi təsəvvür əldə etmək mümkündür. c) İnduksiya və deduksiya metodu. Bu metodun tətbiqi vasitəsilə müxtəlif səpgili iqtisadi problemlərə və hadisələrə dair fikirlər toplanır, seçilir, ümumiləşdirilir. Xüsusidən ümumiyə, hərəkətidə öyrənilir. Xüsusi məntiqi əsasda ümumi müddəa və prinsiplər çoxalır. Həmin materiallar əsasında meydana çıxan elmi-nəzəri müddəalar bazasında əməli fəaliyyət üçün konkret tövsiyələr hazırlanır. Beləliklə, induksiya metodu ayrı-ayrı faktiki iqtisadi faktların toplanaraq ümumiləşdirilməsini nəzərdə tutur. Deduksiya metodu isə fikrin ümumidən xüsusiyə hərəkətidir, yəni, ümumi nəzəri müddəaların konkret əməli tətbiqi şərtləndirilir. Ümumi vəziyyət əsasında bu yaxud digər iqtisadi proseslər əsaslandırılır. Ümumi nəzəri baxışlardan, konkret əməli fəaliyyətə gedən yol göstərilir. Real həyatda induksiya və deduksiya metodlarının birlikdə tətbiqi və qarşılıqlı əlaqədə təsiri daha səmərəli nəticələr verir. d) Təsviri qrafik metodu vasitəsilə iqtisadi hadisə və prosesləri daha yaxşı qavrayıb təsəvvür etmək üçün müxtəlif cədvəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur. Məsələn, əmək haqqı ilə əhalinin sosial-iqtisadi vəziyyətinin asılılığını, inflyasiya prosesləri ilə əhalinin məşğulluğu arasındakı əlaqəni, ümumi daxili məhsulun artım dinamikasını qrafik üsullarla uyğunlaşdırmaq mümkündür. e) Tarixi və məntiqi metod. İqtisadi nəzəriyyə hadisələri inkişafda, hərəkətdə göstərməli, yəni tarixi faktorları əks etdirməlidir. bununla yanaşı o, iqtisadi prosesləri tarixi inkişafın təsadüflərindən azad edir, yəni məntiqi yanaşır. Tarixi müqayisəlilik metodunun köməyilə bir sıra mənfi meyllərin qarşısını almaq mümkündür. Çünki, tarixi müqayisələr təkcə xatırlamaq üçün deyil, həm də bu proseslərdən lazımi nəticələr çıxarmaq üçündür. f) Riyazi modelləşdirmə metodunun tətbiqi iqtisadi prosesləri riyazi düsturlar, tənliklər, qeyri-bərabər kəmiyyətlər vasitəsilə ifadə etməyə imkan verir. Bu metod vasitəsilə iqtisadi modellər yaradılır. Həmin modellər isə cəmiyyətdə baş verən mürəkkəb və çoxcəhətli iqtisadi prosesləri aydınlaşdıraraq təhlil etməkdə, habelə perspektiv təsərrüfat həyatı məsələlərini həll etməkdə mühüm vasitədir.

İqtisadi nəzəriyyənin ümumi metodologiyasında bir neçə əsas yanaşmanı fərqləndirmək olar: subyektiv (idealist), pozitiv-empirik, dialektik, rasional baxışları göstərmək olar. Subyektiv yanaşma – iqtisadi proseslərin təhlilinin çıxış nöqtəsi kimi subyekti götürür və onun fəaliyyətinin ətraf mühitə münasibətini nəzərdə tutur. Pozitiv-empirik yanaşma – iqtisadi hadisələrin konkret nəticələrinin öyrənilməsinə gələcəkdə elmi-texniki nailiyyətlər əsasında yeni iqtisadi modellərin tətbiqinə üstünlük verir. Rasional yanaşma – bütövlükdə cəmiyyətin iqtisadi sisteminin inkişafının hərtərəfli qiymətləndirilməsini irəli sürür. Dialektik yanaşma – iqtisadi prosesləri daimi hərəkət və dəyişmə halında götürərək, onların gələcək inkişaf meyllərini araşdırır. Ümumiyyətlə iqtisadiyyat (milli və ya dünya) çərçivəsində baş verən ziddiyyətli proseslərin müxtəlif metodlar vasitəsilə öyrənilməsi iqtisadi nəzəriyyənin metodologiyası adlanır. Beləliklə, iqtisadi nəzəriyyənin metodologiyası-təsərrüfat həyatındakı hadisələrin öyrənilib dərk edilməsinə ümumi mövqe, yaxud vahid fəlsəfi yanaşma zəmini ilə səciyyələnir.

4) İqtisadi model - strukturu həm obyektiv xüsusiyyətləri, həm də tədqiqatın subyektiv məqsədli olması ilə müəyyənləşən iqtisadi proses və ya hadisənin formallaşdırılmış təsviridir. İqtisadi modellər elmi abstraksiya və müşahidə metodundan istifadə etməklə qurulur. Model - iqtisadi hadisələr arasında əlaqələrin sadələşdirilmiş ümumi sxematik təsviridir. Hər bir model iki və ya çox parametrdən ibarət olur. Parametr - hadisənin dəyişən, təkrarlanan tərəfini ifadə edir (istehsalm həcmi, əmək haqqı, maya dəyəri, qiymət). Parametr xarici (ekzogen) və daxili (endogen) amillərdən asıb olur. Məsələn, müəssisənin istehsal xərcləri verginin həcmindən (ekzogen) və tətbiq olunan texnologiyalardan (endogen) asılı ola bilər. Vergi dərəcəsinin artması istehsal xərclərini artıracaq, texnologiyaların tətbiqi isə onu azaldacaqdır. İqtisadi modelləri yaratmaqda məqsəd iqtisadi fəaliyyətin əsasında duran prinsiplərin (qanunların) fəaliyyətini və baş verə biləcək dəyişikliklərin fəsadlarını qabaqcadan müəyyən etməkdir. Elmi modellərin təhlilindən alman nəticələrə hipotez (fərziyyə) deyilir. Hipotez (fərziyyə) iqtisadi reallıqlar arasında səbəb və nəticənin olmasının və ya inkarının ehtimalıdır. Hipotezin düzgün və ya səhv olması onun iqtisadi reallıqda olan faktlarla uyğunlaşdırıb, yoxlanılması vasitəsilə müəyyən olunur. Əgər hipotez real praktikada özünü doğrultmursa - yalnış fikir, doğruldursa - nəzəriyyə adlandırılır.

İqtisadi modellərin qurulmasında, nəzəriyyələrin yaradılmasında və iqtisadi qanunların açılmasında funksional təhlil metodundan da istifadə olunur. İqtisadi hadisələr öz təbiətinə görə kəmiyyət xarakteri daşıyır və onlar arasında funksional asıllıq var. Funksional təhlil - iqtisadi hadisələr arasındakı qarşılıqlı asıllığı özündə əks etdirir. Bu metodda funksiya bir dəyişən kəmiyyətin başqa digər dəyişən kəmiyyətdən asıllığını göstərir. Funksiya asılı dəyişən, digər kəmiyyətlər isə arqument adlanır. Məsələn, tələbin funksiyası (asılı dəyişən) ona təsir edən amillərdən (arqumentlərdən) - istehlakçı zövqündən və verdiyi üstünlüklərdən, gəlirlərin həcmindən, əvəzedici məhsulların qiymətlərindən asılıdır. İqtisadi nəzəriyyədə funksional asılılıq adətən iki kateqoriya arasında müəyyən olunur və digərlərini dəyişməz hesab edir. Bu onunla izah olunur ki, eyni zamanda bütün arqumentlərin təhlili böyük çətinlik törədir və dərk etmə prosesini mümkünsüz edir. Məsələn, tələbin həcmi (funksiya) qiymətlərin səviyyəsindən (arqument) asılıdır. Misaldan göründüyü kimi, qiymətdən başqa bütün digər arqumentlər dəyişməz hesab edildi. Amma, tez-tez funksiya və arqument yerini dəyişə bilər. Onda asılı dəyişən qiymət, arqument isə tələb ola bilər. Belə olan halda, deyilir: tələb (arqument) nə qədər yüksək olsa və başqa amillər dəyişilməz qalarsa, qiymətin (funksiyanın) səviyyəsi qalxacaq. İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər.



Nəticə

Peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hər kəs iqtisadi biliklərə yiyələnməlidir. ABŞ iqtisadçısı Q.Mənkyunun qeyd etdiyi kimi sadə işçilərdən başlamış ən yüksək məsuliyyətli vəzifələri yerinə yetirərkən “İqtisad elminin sərt qayda qanunlarına bələd almaq” həmişə yardımçı və köməkçi rolunu oynayacaqdır. İqtisadi qanunlar sistem şəklində fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar bir-birilə bağlı və qarşılıqlı asılılıq şəraitində təsir göstərir və təzahür edirlər. Bu qanunların dərk edilməsi, öyrənilməsi və üzə çıxarılması iqtisadi nəzəriyyənin funksiyasıdır. Həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyişdikcə, elmi-texniki yeniliklər çoxaldıqca daha mükəmməl materiallar və resurslar meydana çıxır, insanların və istehsalın tələbatları, zövqləri dəyişir. Nəticədə isə iqtisad elminin– iqtisadi modellərin, nəzəriyyənin qarşısında duran problemlər dəyişir, yeniləşir.



Ədəbiyyat

1) lib.bbu.edu.az

2) A.Ə.Əzizov, S.M.Məmmədov. İqtisadiyyata giriş. Dərs vəsaiti. Bakı, 2017, səh. 183

3) S.İbadov. İqtisadiyyat (iqtisadi nəzəriyyə). Dərslik. Bakı, 2008



4) Z.Hüseynova. İqtisadi nəzəriyyə. Dərs vəsaiti.Bakı, 2007


Yüklə 28,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin