Rasim Gənzəli Qızıl türklərdən biri



Yüklə 472,95 Kb.
səhifə1/8
tarix05.03.2017
ölçüsü472,95 Kb.
#10115
  1   2   3   4   5   6   7   8
Rasim Gənzəli

Qızıl türklərdən biri

Kitab Azərbaycanın çox

ünlü simalarından olan

Elçin İsgəndərzadənin

əlli illik yubileyinə ithaf

olunur.

Ön söz yerinə, yaxud, təqdimat çətinliyi

İnsan dünyaya gəlir. İnsan dünyadan gedir. Bu vaxt aralığında – bu istər otuz il olsun, istər əlli il, yüz il, fərq eləməz – Tanrı bəndəsi görür, götürür, arayıb axtarır, ya şeytanın himayəsində şeytani işlərə baş vurur, ya xeyirxah mələklərin işığında xeyir işlərlə könüllərdə qala qurur. Hər halda, insan ölümündən sonra əlli ildə, yüz ildə “əriyib” heçə dönür, yaddaşlardan silinib gedir. Amma milyonda bir, on milyonda bir insan olur ki, onlar dünyanın yaddaşında əbədilik qalır, dünya ilə yoldaşlıq edir, cahanı məhvərindən qopmağa, dağılmağa, viran olmağa qoymur. Elə bizim bu kitabımızın qəhrəmanı kimi.

Çox fikirləşdim, onu necə təqdim edim, necə təqdimatını verim. Həm texnika, həm ədəbiyyat üzrə alim kimimi? Ya bəlkə şair kimi? İctimai xadim kimi? Yoxsa naşir, xeyriyyəçi kimi? Bunlarla bitmir axı. Onu tam təqdim eləmək üçün çox, lap çox titullar sadalamaq olar. Amma bütün bunların fövqündə əsl ziyalı, əsl insan kimi təqdim etmək ona daha çox yaraşır. Ona görə ki, bu dünyanın qıtlıq çəkdiyi Böyük İnsan azlığının sübut olunmuş nümayəndələrindən biridir. Bitkilər arasında Xarıbülbül nə qədər az və nadir görünəndirsə, onun kimi insanlar da bəşər məxluqu arasında olduqca az və nadirdirlər.

Xarıbülbül dedim, yadıma nazlı Şuşa düşdü. Xarıbülbül də, nazlı Şuşa da nə zamandı düşmən əsirliyindədi. Elə onun özü də əsir kimidi. Çox pisliklərin içərisində çarpışan az nurlulardan biri kimi. Bir günləri Şuşa da qayıdacaq, Xarıbülbül də özümüzün olacaq. Bəs yaxşı insanlar necə, böyük pisliyin əsarətindən xilas ola biləcəkmi? Bax bu suala dünya min illərdi, milyon illərdi cavab tapa bilmir. Bəlkə cavabsızdı ona görə? Bəlkə dünya belə gəlib, belə də gedəcək? Ziyanlılar çox, ziyalılar az olacaq? Və günəş sönənə qədər işıqlılar işıqsızların qolubağlı əsirliyində qalacaq? Bilmirəm. Amma o əsirlərə hər zaman qibtə etmişəm.

Adil Mirseyid öz kitabında bu insanı “Hardan baxsan görünən adam” kimi təqdim edir. Mən isə hər yandan görünən, amma özümüzün görə bilmədiyimiz bir insan kimi təqdim etmək istəyirəm onu.

Onu...


Elçin İsgəndərzadəni...

Elçin İsgəndəri...

İşığı bir planetə sığmayan böyük, dahi alimi və şairi...

Uşaqlığın altı ili

Payızın gəlməyinə hələ bir az qalırdı...

Dağlar hələ yellənməmişdi...

Bağlar barını bərk-bərk sıxıb sinəsində saxlayırdı...

Bir müddət də ötəcək, bu növraqdan əsər-əlamət belə qalmayacaqdı. Ruzigar köynəyini dəyişəcək, yay öz ömrünü könüllü olmasa da, payıza təslim edəcəkdi. Ayıq adamlar üçün isə artıq payızın küləkləri hiss olunur, gecələrin şehindən, axşamların sərin mehindən yeni bir fəslin qapıda dayandığı aydınca sezilirdi.

Barat ayıq adam olsa da, onun qəlbində hələ ilk baharın nəğməsi çalınırdı. Oğul övladı dünyaya gəlmişdi axı. Ağsaqqallardan, ağbirçəklərdən pünhan məqam tapıb oğlunun üzünə baxanda donub yerində qalmışdı: uşağın gözlərində nə qədər işıq var idi, İlahi. Elə bil, günəşin bir zərrəsini qoparıb onun gözlərinin içinə qoymuşdun. Kişi xəyala daldı. Görəsən, bütün atalar övladlarının gözlərində bu qədər işıq görürlərmi? Kimsədən soruşmağa utandı. Amma qəlbinin lap dərin guşəsində bir fikir özünə yer eləyib, çiçək açmağa başladı: yox, bu uşaqda nəsə var, nəsə olacaq, o işığın şöləsindən elimiz nura qərq olacaq!

Bu düşündüklərini bir kimsəyə demədi. Ürəyində saxladı. Nə deyəydi axı, deyəydi, oğlumun didələrinə günəş qonub? Ona gülməzdilərmi? Deməzdilərmi ay Barat, havayı-havayı danışma, onsuz da bütün uşaqların bəbəklərində Tanrının bir işığı var.

Amma uşağa adqoyma mərasimi gələndə Barat özünü saxlaya bilmədi, yoldaşlarından birini yana çəkib astaca “ Mən yaşlılardan utanıram, onlara de, uşağın adını Elçin qoysunlar. Bu uşağın el üçün doğulduğunu, elə bil, mələklər mənə pıçıldayıblar ” – dedi.

Gözlərində günəş yanan uşağın adını Elçin qoydular.

Uşağı anası süddən kəsməmiş, nənəsi onun əlindən aldı. Dedi, mənim yanımda qalacaq bu uşaq. Yekəlib özünü tanıyana qədər. Nə atası, nə anası day bir söz demədilər. Xəyalları dağda-daşda dolansa da, arvada etiraz eləməyə gücləri çatmadı. Axı əyyam başqa əyyam idi. Ağsaqqalın, ağbirçəyin bir çəkisi vardı. Onların dediyi Quran yazısı qədər müqəddəs sayılardı. Əgər arvad uşağı öz yanına aparmağı məqsəd qoymuşdusa, deməli, burada nəsə vardı. Nəsə hesablanmışdı, nəsə düşünülmüşdü. Hesabsız, kitabsız, qaradan-qaraya bir iş görməzdilər o qocalar. Bəlkə elə Baratın uşağın gözlərində gördüyü işığın şöləsinin yayılmağı üçün nənəsi aparmalıydı, öz yanında saxlamalıydı, yaylağa qalxanda yaylağa, qışlağa enəndə qışlağa gətirməli, onu dağlarla-daşlarla baş-başa saxlamalı, gözünün nurundan bu yerlərə nur payı ələməliydi. Ya da əksinə, təbiət öz ecazkar qüdrətindən onun qəlbini müjdələməliydi.

Malıbəyli kəndi dağların qoynunda yerləşirdi. Bu yerlərdə sirli-sehirli obalar çox idi. O sirli-sehirli məkanlardan biri də elə Malıbəylinin özüydü. Bir ağsaqqal görkəmindəydi bu kənd. Oturuşu, duruşu, baxışıyla da bir ağsaqqal qocanı andırırdı. Dağlar-dərələr Dədə Qorqud misallıydı sanki. Qızlar, gəlinlər o dağlara baxanda utanardılar, yaşmaq çəkərdilər. Bu yerlərə canlı təbiətin ən canlı parçası kimi baxardılar.

Hələ yaylaqlar...

Buralarda keçən beş-altı aylıq ömür sürəsi bir dünyaya dəyərdi.

Bir yaşından nənəsi onu yaylaq, qışlaq adamı eləmişdi. Ona keçi südündən doğramac tutar, yedizdirər, alaçığın bir küncündə düzəltdiyi nənninin içinə qoyub, işinin, gücünün dalısıyca gedərdi. Bu boyda yaylağın sağıcılıq işinə baxırdı axı arvad. Elə bil, bunları duyurdu balaca uşaq. Heç cınqırını da çıxarmırdı. Nənəsi qayıdıb onun yanına gələndə mat-məəttəl qalırdı. Uşaq olan bəndə də belə ağıllı olarmı? Heç ağlayıb, hay-haray salmırdı ki, bir mənim də yanıma gəlin, mənim də halıma qalın, susuzluğumdan, aclığımdan xəbər tutun.

Bir az böyüyüb, ayağı yer tutanda nənəsinin ətəyindən əl çəkmirdi. Onun ayağını qoyduğu yerə ayağını qoyur, gördüyü işləri maraqla müşahidə edir, hər nə varsa, beyninin ağ səhifələrinə yazırdı. Hələ onda bilmirdi, bilmirdi ki, bu yazılanlar daş kitabələrə yazılan yazılar kimi pozulub getmir, əbədilik həkk olunub, insana sirdaşlıq edir.

Bunları sonralar, lap sonralar biləcəkdi...

Hələliksə...

Qayğısız, şən, firavan, bir az da sirli haləyə bürünmüş bir yaylaq-qışlaq ömrü yaşayırdı Elçin. Bir yayı Turşsuda keçirəndə o biri yayı Buğadaşda olurdular. Bu yaylaqların ikisi də gözəl idi. Dağların əhatəsində, meşələrin, buz bulaqların yanında yay fəslini keçirmək bu dünyanın bütün gözəlliyini görməyə bərabər sayılardı.

Yaylaqlarda adətən on on-iki ailə olardılar. Bu ailələrdə olan uşaqları da bir yerə toplayanda on on-iki nəfər edərdi. Bu uşaqlar səhərin gözü açılandan axşam düşənə qədər dağda-daşda dolanar, hər bir ağacın, budağın, yarpağın yanağına sığal çəkər, alaçığa qayıdanda yorğunluqdan düşüb daş kimi yatardılar. Elçin nənəsinin yanından qopanda bu uşaqlara da qoşulardı. Ancaq onun üçün ən maraqlısı uşaq təxəyyülü ilə müşahidələr aparmaq, bir də nənəsinin nağıllarına qulaq asmaq idi. Əlbəttə ki, nənəsinin vaxtı olanda. Belə məqamlar az olurdu. Və bu az olan məqamın çatmasını Elçin elə ürəkdən arzulayırdı ki...

Məlikməmmədin nağılını da danışmışdı ona. Cırtdanın da. Amma Elçin nənəsinin ona ən çox qurd nağıllarını danışmasını xoşlayırdı. Nə iş idi heç özü də bilmirdi, təbiətin bu canlı varlığını bütün canlı varlıqlardan daha çox sevirdi. Bu balaca yaşında qurd onun üçün məğrurluğun simvoluna çevrilmişdi. Təbii ki, bu qurd sevgisinin yaranmasında nənəsinin dedikləri əsas rol oynayırdı. Axı heç zaman nənə ona qurdun çaqqala oxşamasından danışmırdı. Heç tülküyə, dovşana, ayıya, lap meşələr sultanı şirə, pələngə də... Qurd qurd idi. Heç zaman səhv etməyən, öldürdüyünü də nəyə görə öldürdüyünü bilən, yerişiylə, duruşuyla uca görünən bir canlı varlıq...

Hərdən belə nağılların arasında Elçin xəyallara dalırdı. Və bunu duyan nənə də nağılını yarımçıq kəsib, uşağı xəyallar dünyasından geri qaytarmaq istəmirdi. Sonra da suallar verirdi nənəsinə.

-Ay nənə, qurd adamı öldürər?

-Adamı öldürməz, bala.

-Bəs uşaqlar deyir, bir adamı qurd parçalamışdı?

-Yəqin o adam deyilmiş.

Yenə xəyallara dalırdı uşaq. Öz aləmində nənəsinin dediklərini düşüncə süzgəcindən keçirirdi. Bu arvad axı elə-belə söz danışmaz. Belə deyirdisə, deməli, dediyində bir məna, bir məntiq var idi. O məntiqin, o mənanın içərilərinə varmağa isə hələ Elçinin gücü, qüvvəti çatmırdı. Bu məntiqi, bu mənanı Elçin lap sonralar anlayacaqdı.

Hələ ilk uşaqlıq çağlarını yaşayırdı...

Filosoflar, insanı öyrənən alimlər artıq sübut eləmişdilər, eləmişdilər ki, uşaq çağlarında yaddaşa həkk olunanlar əbədilik orada qalır. İnsan var ki, on beş, iyirmi, otuz yaşlarında başına gələnləri unudur, yaddaşının koduna yaza bilmir. Ancaq üç-beş yaşlarında baş verənlər hər zaman xəyalında dolanır, onu tərk etmir, ömürlük ona ya xoş xatirələr, ya da kədərli anlar yaşadır.

O yaylaqlarda, elə balaca Malıbəylinin özündə də baş verən hər bir hadisə onun üçün unudulmaz anlara çevrilirdi.

Hərdən atası, anası, qardaşları da ona baş çəkməyə gəlirdilər. Xoş dillə onun saqqızını oğurlayıb, hərdən Şuşaya, evlərinə də aparırdılar. Lakin balaca oğlan Malıbəylidən, Turşsudan, Buğadaşdan, nənəsindən ötrü darıxırdı. Lap elə o yerlərin ağacları üçün də. O ağacları üçün ki, imkan tapan kimi budaqlara dırmaşar, yarpaqların arasında görünməz olar, beləcə, öz uşaq dünyasına dalardı. Nənəsi üçün hərdən pişpişə yığıb gətirərdi. Nənəsi pişpişə çayını içməyi çox xoşlayardı axı.

Elə o vaxtlardan öz yoldaşlarından seçilərdi bu uşaq. Məntiqi, ağlı, düşüncəsi ilə... Bunu təbii ki, özü bilmirdi. Arif adamlar isə hiss edirdilər. Bu uşağın işığından qaranlıqların yarılacağına qəlblərində qəribə inam hissi oyanırdı. O işıq ki, onun gözlərində birinci dəfə atası görmüşdü. Sonra qohumlar, qonşular, yaxınlar... lap uzaqlar da görməyə başladılar.

Uşaqların bir neçəsinin dediyi sözü Elçin təsdiqləmirdi. Onun üçün bu deyilənlər məntiqsiz sayılırdı. Əlbəttə, bunların çoxunu o, uşaqların üzünə vurmurdu, öz məntiqini təsdiq kimi ürəyində saxlayırdı.

Hərdən isə...

Hərdən uşaqlarla xırda mübahisələri də olurdu.

-Bu meyvəni dərəndə, budağı qırmazlar.

-Niyə ki?

-Axı gələn il o budaq yenə meyvə gətirməlidir.

-Başqa budaqlar gətirər.

-Başqa budaqlar bar verənə qədər biz meyvəsiz qalarıq...

-Heyvanları döyməzlər, günahdı.

-Niyə günah olur, heyvandı də.

-Elə heyvan olduğuna görə döyməzlər.

-Bəs adamı döyərlər?

-Yox, adamı başa salarlar.

-Birdən başa düşmədi?

-Onda... onda... birtəhər başa salarlar.

-Birtəhər də başa düşməsə?

-Onda o adam olmur ki, uşaqlar, elə heyvan kimi bir şey olur...

Qıraqdan uşaqların bu söhbətinə qulaq verən yaşlılar Elçinin özündən yekə məntiqinə mat-məəttəl qalırdılar. Əl boyda uşaq gör hansı mətləblərə, hansı məqamlara baş vururdu. Özü də elə-belə baş vurmurdu, danışığının içində əməlli-başlı düşünməli fikirlər olurdu.

Onun bu işığını yavaş-yavaş başqaları da görməyə başlayırdılar. Böyük Üzeyir Hacıbəyovun həyatından bəhs edən filmə baxanda, onun uşaqlıq çağlarını görəndə bu uşağın nə qədər duyğusal, düşüncəli, dərrakəli, iti zehinli olduğunu görürdüm. Və bu görmək məndə elə qəribə hisslər oyadırdı ki... Sanki Üzeyir dağa da başqa uşaqların baxdığı gözlə baxmırdı. Çaya da, ağaca da, budağa da... Elə bil, Üzeyir hər şeydə bir məna gəzirdi. Onun üçün bu dünyada mənasız heç nə yox idi. Bəs sonrası necə oldu? Bu uşaq böyüyüb ÜZEYİR oldu. O Üzeyir ki, musiqidə etdiyi tapıntılarla bütün dünyanı lərzəyə gətirdi. Bütün dünya onun yazdığı musiqi əsərlərinin qarşısında ehtiramla baş əydi.

Bayaq qeyd eləmişdim axı, Malıbəyli çox da böyük kənd deyildi. Qışda uzağı yüz ocaqdan tüstü qalxardı. Amma bu balaca yurd yerinin özünəməxsus xüsusiyyətləri vardı ki, adam bu xüsusiyyətlər haqqında eşidəndə, tanış olanda qəribə xəyalların ağuşuna düşür. Kəndlər də adamlar kimidi: birisi kəntöy, yöndəmsiz, qaba, birisi həlim, yapışıqlı, zövqoxşayan... Mən tanıdığım kəndlərin görkəmini yadıma salanda hər kəndə görə bir adam yadıma düşür: bax bu kənd Məhəmmədə oxşayır, bu kənd Əliyə, o birsi isə Yastı Salmana... Malıbəylini görməmişdim. Ancaq nəyə görəsə o kəndi qətiyyən Yastı Salmana bənzədə bilmirdim. Və elə bilirəm zənnimdə qətiyyən yanılmamışam. Mənzərəsi axar-baxarlı, ağacları durna telli, bağ-bağçası nazlı gəlinə bənzər, adamları da ki... Adamları tam başqa bir aləm. Deyilənə görə bu kəndin polisi də, məhkəməsi də kəndin ağsaqqalları olublar. Bütün müşkül olan işləri bir yığnaqla həll edərdilər. Kimin nə ağzı idi ki, bu “ məhkəmənin “ işinə etiraz eləsin. Adamlar, sanki, bir-birini tamamlayırdılar. Hələ ağsaqqallar bir yana, ağbirçəklərin məsləhətindən, əmrindən də kimsə çıxa bilməzdi.

Uşaq müşahidəsi ilə belə şeylərə də fikir verirdi Elçin. Adi sağıcı olan nənəsi elə çözülməsi çətin olan məsələlərə baş uzadırdı və aydınlıq yadadırdı ki, bu uşaqda nənəsinə qarşı xüsusi rəğbət və ehtiram yaradırdı.

Nənəsinin yanında yaşadığı altı illik ömür sürəsi bu uşağa çox şeylər verdi. Bəlkə də gələcək ömrünün möhkəm özülünü bu yerlərdə qoydu. Onu Elçin İsgəndərzadə edən bir tərəfdən zatından, kökündən gələn irsi qabiliyyət idisə, bir tərəfdən də altı il yaşadığı ilk cocuqluq çağlarının havası, suyu, mühiti, nənəsindən aldığı tərbiyənin təsiri idi.

Məktəb illərinin xatirələri

Yeddi yaşının tamam olmasına on alti gün qalanda orta məktəbə getmişdi. Amma artıq həriflərin hamısını tanıyırdı. Beş yaşından sonra nənəsi, sonra da anası hərifləri öyrətmişdi ona. Atası ehtiyatda olan zabit kimi Rusiyada toplanışda olanda ağlayıb, anasına demişdi ki, mən də atama məktub yazmaq istəyirəm. Ana da məcbur olmuşdu, onun cızma-qaralarını konvertə qoyub məktub adıynan atasına göndərmişdi. Bu oğul “məktubundan” qərib yurdda atası nə qədər sevinmişdi, bunu Elçin sonralar hiss elədi. Bəlkə də o “məktub” o vaxta qədər kişiyə gələn ən qiymətli məktub kimi ürəyinin bir guşəsinə yazılmışdı. Az iş deyildi, beş-altı yaşında oğul balası ona məktub yollamışdı... Barat sonralar danışacaqdı, deyəcəkdi ki, o məktubdan sonra qərib yurdda necə qaldım, heç özüm də bilmədim. Bir ayağım Azərbaycana, Şuşaya tərəf sürünürdü...

Bütün məktəb bu balaca, çəlimsiz uşağın istedadından danışırdı. Hələ bir az da şişirdib, onun haqqında qəribə söz-söhbətlər edirdilər.

-Xəbərin var Baratın oğlundan?

-Hə, eşitmişəm, deyirlər, maşallah, indidən vurma cədvəlini əzbər bilir.

-Nə vurma cədvəli, vurma cədvəlini Cahangirin oğlu da bilir də. Deyilənə görə, bu uşaq dördüncü, beşinci sinif uşaqlarının məsələ, misallarını həll edir.

-Qablarında var də...

Məktəb partasına heç də çətinliklə öyrənmədi. Uşaqlar var idi ki, ağlayırdılar, analarını, atalarını istəyirdilər, evə getmək üçün yüz bəhanə quraşdırır, hətta, xəstələndiklərini, qızdırma içində olduqlarını deyib, müəllimi aldatmaq istəyirdilər. O, belə uşaqlara gülürdü. Yeri gələndə hələ onları tənbeh də edirdi.

-Utanmırsınız, adam da yalan danışar? Məktəbdən iraq düşən uşaqların bilirsiniz sonu necə olur? Bax, o bazarda yük daşıyan qıvrımsaç hambal kimi. Oxumayan uşağın gələcəyi olmur.

Onda yoldaşları ona misallar çəkirdilər, deyirdilər, odur ey, Vel Xudayar, məktəbi ikiynən oxuyub, on illiyi on iki ilə bitirib, ancaq pulu başından aşır. Yenə də Elçin geri çəkilmək istəmirdi. Deyirdi, birincisi, Vel Xudayar haram işlərlə məşğul olur, haram işlərin də sonu yaxşı olmur. İkincisi də, nə qədər varlı olsan da, savadın olmasa, kasıb görünəcəksən...

Bu sözləri atasından eşidib, yadında saxlamışdı. Ümumiyyətlə, atasının hər kəlamını məlhəm kimi sinəsinə çəkir, sonra beyninə həkk edib, müdrük kəlamlar kimi yaddaşında saxlamaq istəyirdi. Bütün uşaqlar atalarını hamıdan güclü bilərlər axı. O, həm də atasını bütün kişilərdən ağıllı kişi hesab edirdi. Düzdür, bunu dilinə gətirmirdi, uşaqlara demirdi, bilirdi ki, desə, yan-yandan etirazlar gələcək, hər uşaq deyəcək, mənim atam ağıllıdır. Amma ürəyində bunu yüz dəfə, min dəfə təkrar-təkrar təsdiqləyirdi. Heç anasına da demirdi bu barədə. Düşünürdü bəlkə anası onun bu sözlərindən qısqanar. Baxmayaraq ki, söhbət atalardan gedirdi. Bir də nəyə görəsə utanırdı bu sözü dilinə gətirməyə. Ən çox da atasının özündən. Dünya dağılsaydı belə bu sözləri atasının üzünə deyə bilməzdi.

Uşaqlar arasında belə boş-boş mübahisələr olanda, o, bir qırağa çəkilib, kitablarına baxırdı. Yox, buna baxmaq demək olmazdı. Oxuyurdu. Sinifdə hamıdan yaxşı oxuyurdu. Hər oxuduğunda bir məntiq axtarırdı. Hərdən məqam düşəndə müəllimi sual atəşinə tuturdu. Bəzən elə suallar verirdi ki, müəllimin özü də çaş-baş qalırdı. Bu suallardan özünü itirməmək üçün müəllim bütün gücünü, pedoqoji qabiliyyətini işə salmalı olurdu.

-Müəllim, el üçün ağlayan göz niyə kor olur?

-O nə sözdü, Elçin?

-Bax, kitabda yazıblar.

-Bilirsən... yəni... hər halda, el üçün ağlamaq lazımdı.

-Bəs onda kitabda düz yazmayıblar?

-Yox, bala, əstafürulla, kitabda yalan şey yazmazlar. Sadəcə, bunu anlamaq üçün hələ sənin yaşın çatmır.

Day bir söz demirdi Elçin. Müəllimin bu sözündən sonra nə deyəydi? Axı atası demişdi, müəllimlər də valideynlər qədər müqəddəsdirlər. Belə deyirdisə, demək, bu sözün içində bir məna var.

Bu kəndə köçdükləri hələ yeni idi. Ağdamın bu kəndinə, Əhmədavara hələ isinişə bilmirdilər. Bu yerlər, ağaclar, bağ-bağçalar, adamların özləri də onlara qərib kimi görünürdülər. Elçinə qalsaydı, heç Malıbəylidən, nənəsinin yanından buraya gəlməzdi. Elə orda qalıb, orda da oxuyardı. Bunu bir dəfə məktəblərin açılmasına on beş, iyirmi gün qalanda kövrələ-kövrələ anasına da dedi:

-Ana, olarmı mən Malıbəylidə qalım?

-Niyə ki, bala?

-Axı nənəm mənsiz darıxar.

-Biz də burda sənsiz darıxarıq. Nənən altı il səni yanında saxlayıb, doyunca görüb, boyunu oxşayıb, qoy biz də altı il görək, sonra baxarıq.

Malıbəylinin ağacı, budağı, döngəsi, dağı-dərəsi bir yana, uşaqları üçün yaman qəribsəyirdi. Hərdən lap burnunun ucu göynəyirdi onlar üçün. Demək olar ki, o uşaqlarla yayı, qışı bir yerdə olmuşdu. Yaylaqda yaylaq, qışlaqda qışlaq yoldaşı olmuşdular. Ara-sıra yuxusuna da girirdi o uşaqlar. Yuxudan ayılıb həzincə yorğanının altında ağlayırdı. Ona ağır gələn bir də bu kənddə olan uşaqların ona qonaq, qərib kimi baxmaları idi. Hərdən istirahət günləri anası onu Malıbəyliyə gətirəndə, uşaq quş kimi qanad açıb uçmaq istəyirdi. Bu kənddə olacağı az müddətin bir anının da fövtə vermək istəmirdi. O uşağın dalınca gedir, bu uşağı səsləyir, öyrəndikləri yerlərdə gəzib dolanır, tanış ağaca, budağa, daşa, qayaya sığal çəkməyi də yaddan çıxarmırdı. Bununla sanki uşaq onlardan üzrxahlıq diləyir, bir növ onların qarşısında “günahını” yumağa çalışırdı. Malıbəylidən aralanmağa az qalanda isə... Elçinin sifətinə qəribə, çox qəribə qəm haləsi çökərdi.

Amma zaman aramla hər şeyi yönünə qoyur. Yavaş-yavaş Əhmədavara öyrənirdi. Yavaş-yavaş Əhmədavarın uşaqlarına uyuşurdu. Yavaş-yavaş məktəb yoldaşlarına yovuşurdu. Az müddətdə nəinki Əhmədavarda, bütün Ağdamda özündən söz etdirməyə başladı. Rayonda keçirilən fənn olimpiadalarına hər dəfə Elçini göndərirdilər. O da rayon mərkəzindən üzüağ qayıdırdı. Belə anlarda müəllimlərinin üzündə qəribə bir təbəssüm, gözlərində işıq görürdü Elçin. Nəinki sinif yoldaşları, bütün məktəbin şagirdləri ona həsədlə baxırdılar. Hələ paxıllığını çəkənlər də tapılırdı. Bir dəfə öz qulağı ilə eşitmişdi, bir şagird o biri şagirdə demişdi ki, necə olur bu Malıbəylidən gələn hər şeyi bilir, biz heç nəyi bilmirik?! Məktəbin üzünü ağ elədiyinə görə müəllimlər onu çox istəyirdilər. Hər tədbirdə onu başa çəkirdilər. Ancaq bütün bunlardan qürrələnmir, öyünmür, öz işi-gücü ilə məşğul olurdu. Öz iş-gücü isə məktəb aylarında ancaq oxumaqdan ibarət olurdu. Başqa işlərə o qədər də baş qoşmurdu. Daha doğrusu, atası onun gələcəyindən nəsə gözlədiyinə görə, başqa işlərlə başını qatmaq istəmirdi. Amma canında o qədər enerji, işləmək həvəsi vardı ki, hərdən gözdən yayınıb, bəzi ev işlərinə də əl yetirirdi.

Aydan-aya, rübdən-rübə püxtələşirdi bu uşaq. Püxtələşdikcə savadı çoxalır, savadı çoxaldıqca çətin, müəmmalı sualların sayı artırdı. Pionerə keçəndən komsomola qəbul olunana qədər onun daxili aləmində çox böyük dəyişikliklər baş vermişdi. Bu təbii ki, bütün uşaqlarda olurdu. Dünya fırlandığı kimi uşaqların da iç dünyası fırlanır, qabağa gedirdi. Amma bu uşaqda baş verən dəyişiklikər o birilərindən çox fərqlənirdi. Pionerə keçəndə müəllimlərdən çəkinsə də, atasına suallar verməkdən çəkinməmişdi.

-Ata, o biri ölkələrdə də uşaqlar pionerə keçirlər?

-Yox, ay bala, onlar keçmirlər.

-Niyə keçmirlər ki?

-Çünki onlar yaxşı uşaqlar deyillər.

Bu cavab onu qane eləməmişdi.

-Ancaq Sovet uşaqları yaxşı olurlar?

-Yox, niyə ki?

-Bəs niyə onlar pionerə keçmirlər?

-Ona görə ki, onların Lenin babaları yoxdu.

-Ölüb babaları?

-Hə, çoxdan ölüb.

-Bəs bizim Lenin babamız ölməyib?

-Lenin baba ölmür. O, daim yaşayır, bizimlə birlikdə gələcəyə gedir.

Bu cavab da Elçini razı salmamışdı. Amma daha sual verməmişdi atasına. Və bir uşaq dərrakəsi ilə belə suallar verdiyinə görə özü-özünü qınamışdı. Daxilində gizlənən pünhan bir hiss ona pıçıldamışdı, demişdi, hər sualı böyüklərə verməzlər. Bu suallarla böyükləri çətin duruma salmaq yaramaz. Elə o vaxtlardan sonra qəlbində yaranan hər sualın cavabını özü axtarmağa çalışdışmışdı. Başqalarını çətin durum qarşısında qoymaq istəməmişdi. Lakin illər-illəri əvəzlədikcə, fəsillər bir-birini amansızcasına tapdalayıb keçdikcə onun qəlbində də qəliz suallar artıb, çoxalırdı. Yaşının üstünə yaş gəldikcə bu sualların mənası da dəyişirdi. Bu suallar ciddiliyini artırdıqca Elçinin xəyalı da dərinləşir, özünü bir boşluqda, havasızlıqda hiss edirdi. Ona görə daha çox tənha qalmağa çalışırdı. Ya boş bir otağa çəkilir, ya yalqız bir ağacın altına sığınır, ya da belə sualların cavabını tapmaq üçün kitabları o yandan bu yana, bu yandan o yana vərəqləyirdi. Bir də hərdən ona elə gəlirdi ki, belə tənha qalanda hardansa xeyirxah mələklər ona həqiqətin özünü danışacaqlar.

Onları komsomol sıralarına qəbul edəndə uşaqların hamısı sevinirdi. Elçinin özü də üzdən sevincərək görünürdü. Əslində isə qəlbində baş qaldıran qəribə duyğular ona rahatlıq vermirdi. Nə idi o narahatlığın səbəbləri?

Əhəd babası da, başqa ağsaqqal, ağbirçək qohumları da yaşadıqları bu dövlətin hansı yollardan keçib, buraya gəlib çıxdığını ona danışmışdılar. Otuz yeddinci ilin mənfur repressiya illərindən danışanda, danışanların özlərinin də, onlara qulaq asanların da tükləri ürpəşirdi. Söhbətlərdən belə məlum olurdu ki, o vaxtlar bizim ən qaymaq oğullarımızı, kişi hünərli qızlarımızı məhv eləmişdilər. Onların az bir qisminin adlarını sadalayanda, Əhəd babanın gözləri dolur, əlləri titrəyir, səsi avazıyırdı. Bu qeyrətli vətən övladlarının nə günahları vardı ki?.. Günahları bəlkə düşünməyi bacarmalarındaydı? Ziyalı, aydın, işıqlı, zəkalı olmalarındaydı? Niyə bu sistem, bu cəmiyyət robot insanları, daha çox qul psixologiyası olan insanlara önəm verirdi? Onları qabağa çəkir, vəzifə verir, şan-şöhrət zirvəsinə yüksəldirdi. Nəyə görə Tanrının insana bəxş elədiyi düşünmə, nəticə çıxarma, məntiqə gəlmə xoşbəxtliyindən insan imtina etməliydi? Düzləri düşünmək bu qədərmi bu dövlət üçün qorxuluydu? Qorxu üzərində yaranan dövlətin ömrü çoxmu uzun olacaqdı? Bu fikirləri köhnə kişilər qorxularından ağızlarına belə gətirmirdilər. Elçin və onun kimi işıqlı düşünməyi bacaran yeniyetmələr isə hərdən xısın-xısın da olsa bu barədə fikir mübadiləsi aparırdılar.

Komsomola keçən günü də onların belə bir söhbəti olmuşdu. Əslində dünəndən Elçinin narahatlığı özünü büruzə verirdi. Bir istəmişdi bu barədə atası ilə söhbət eləsin, ona ürəyini açsın, desin, ata, olarmı mən komsomola keçməyim? Ancaq bunun cavabını əvvəldən bildiyinə görə, bu sözləri ona deməyə cürət eləməmişdi. Bilirdi ki, atası onu qınayacaq, deyəcək, bu nə söhbətdi edirsən? İstəyirsən bizi Sibirə sürsünlər? Ya Nargin adasına aparıb güllələsinlər?


Yüklə 472,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin