Quranın təhrİfİnə daİr İttİhamlara cavab



Yüklə 219,53 Kb.
səhifə63/65
tarix02.01.2022
ölçüsü219,53 Kb.
#2350
1   ...   57   58   59   60   61   62   63   64   65
Yekun söz

Deyilənlərdən aydın olur ki, sələflərin – yəni bütün səhabə və tabeilərin yolunun haqq və əməllərinin örnək olmasına dair dəlil yoxdur, bunu nə ağıl təsdiqləyir, nə də tarixi faktlar. Əhli-beyt yolunun haqq və meyar olması isə Quran və sünnəyə istinadla sübut olunur, ağılla və tarixi faktlarla təsdiqlənir.

Beləliklə, Şiəlik Sələfilik kimi digər müsəlmanlara qarşı nifrət aşılayan və təkfirçiliyə meylli saxta hədisləri bayraq edən bir cərəyan olsaydı, etiqadlarını isbatlamağa çətinlik çəkərdi. Lakin o, Peyğəmbərin dövründə bəlli xətləri ilə seçilmiş, Allah rəsulunun ən yaxın adamı olmuş Əliyə və digər Əhli-beytə bağlı bir firqədir, etiqadlarını da Qurandan, Peyğəmbər sünnəsindən və mübahisəli məqamlarda Əhli-beytin açıqlamalarından alır. Şiə etiqadları Qurana zidd olsaydı, nə vəhhabilər körfəz neftinin bitib-tükənməyən pulları və dünyanın ən güclü dövlətlərinin siyasi dəstəyi ilə ona qarşı bu qədər dəridən-qabıqdan çıxar, nə də bu qədər vəhhabi alimi şiə olardı. Şiə etiqadları Qurana zidd olsaydı, İbn Teymiyyə Şiə mütəkəllimi Əllamə Hillinin bircildlik “Minhac əl-kəramə” kitabını səkkiz cildlə tənqid etməyə çalışmazdı. Görünür Hillinin dəlilləri o qədər də zəif, yaxud vəhhabilərin dediyi kimi, Qurana zidd olmayıb!

Şiə etiqadları Qurana tam uyğun və Quranla isbatı olduqca asandır. Bu baxımdan, ən qərəzli, ən təəssübkeş şiənin də insanların hidayəti üçün nazil edilmiş Allah kitabını sevməməsinə heç bir əsas yoxdur. Əslində, Qurani-kərim Əməvilərə yaxınlığı ilə seçilən sələfilərin etiqadlarına ziddir. Çünki bu müqəddəs kitabda Əhli-beytin adı keçib; hansı ki, Peyğəmbərin özü daxil “Əhli-beyt” kimi təqdim etdiyi 5 nəfərin məhz 3-ü – Əli, Həsən və Hüseyn Əməvilərin zülmü nəticəsində qətlə yetirilmişlər. Çünki bu müqəddəs kitabda Təthir ayəsi var, Peyğəmbər yaxınlarına sevgi vacib buyurulub, rükuda zəkat verənlərin itaəti tapşırılıb, Əliyə Peyğəmbərin özü deyilib və sair.

Təbii ki, əsl Şiəliklə haradasa mövcud olan, kimlərinsə əməlində görünən və ya təsəvvüründə canlanan Şiəlik arasında fərqlər ola bilər. Biz burada Şiə adına bağlanan hər bir etiqad və əməli müdafiə etmək fikrində deyilik. Öz vətənimizdə mövcud olan, xalqın düşüncə və əməllərində görünən Şiəliyi də qüsursuz saymırıq. Lakin bundan sui-istifadə edib Əhli-beyt məzhəbini günahlandıran vəhhabi sələfilərindən fərqli olaraq, 70 illik ateist-marksist təfəkkürünün amansız istismarını, böyük din alimlərinin repressiya qurbanına çevrildiyini, Şiəliyin əsasən məhdud savadlı ruhanilər tərəfindən təbliğ olunduğunu nəzərə alırıq. Bizim dərk etdiyimiz Şiəlik Əhli-beytin məhəbbətini və rəhbərliyini əsas bilməkdən əlavə, hər bir xurafatdan uzaq duran, İslam birliyini prioritet seçən, Peyğəmbər zövcələrini uca tutan, Əhli-sünnəni qardaşı deyil, özü və canı bilən, onun sevdiyi hər bir şəxsin gizli və aşkarda hörmətini saxlayan firqədir. Biz digər düşüncələrə malik insanlarla eyni cəmiyyətdə söyüşmədən-didişmədən, sivil və normal şəkildə yaşamaq mədəniyyətindən məhrum olan bəzi bədəvilərdən fərqli olaraq, digər din və məzhəblərin ardıcıllarını söymür, inanclarını aşağılamır, başa düşürük ki, əvvəlcə insan, müsəlman və sonra şiəyik.

NƏTİCƏ
Araşdırılan mövzulardan alınan nəticələri qısa şəkildə diqqətinizə çatdırırıq:

1. Şiə mənbələrində Quranın təhrifinə dair nəinki 2000 səhih, heç 2000 zəif hədis də yoxdur. Bəzi əxbarilərin istinad etdiyi hədislərin çox böyük əksəriyyəti, əl-Kafi kitabından gətirdikləri müvafiq sitatların isə heç biri təhriflə əlaqəli deyil. Digər tərəfdən, bu hədislərdə ən pis halda hansısa sözlərin bəzi ayələrdən çıxarılmasından, yaxud dəyişdirilməsindən söhbət gedir, sələfilərin mənbələrində isə bütöv ayələrin, təkcə bir surədən 213 ayənin, hətta bütöv surələrin Qurandan çıxarılması və ya ona əlavə olunması söhbət mövzusudur.

2. Əhli-beyt imamları Quran sözlərinin təhrif edilmədiyini bildirmiş, onun əlavə təfsirlərinin kitaba salınmadığını və bunun da mənəvi təhrifə - yanlış təfsirlərə yol açdığını söyləmişlər. Mehdi zühur edəndə İmam Əlinin topladığı – nazilolma ardıcıllığı ilə yazılmış, bəzi təfsir və izahları olan, söz və ayələrinə görə isə əlimizdəki Qurandan əsla fərqlənməyən kitabı da gətirəcək, onun ən düzgün qiraətini öyrədəcək.

3. Əksər Şiə alimlərinin təhrif düşüncəsində olması ağ yalandır. Əslində, Şiəliyin Əxbarilik və Şeyxilik qollarına mənsub alimlərin bir qismi bu fikirdə olmuşlar. Tarix boyu əsas Şiə alimləri Quranın artma və azalmadan qorunduğunu bildirmiş, elmi dəlillərlə əsaslandırmış və bəlli düşüncədə olanları sərt məzəmmət etmişlər. Bu arada, Quranın təhrif edildiyini düşünən qeyri-şiə alimlər, səhabə və tabeilər də olmuşdur.

4. Bir çox Əhli-sünnə alimlərinə, o cümlədən sələfizmin banisi İbn Teymiyyəyə görə, ciddi şübhə səbəbindən Quranın təhrif edildiyini düşünən İslam alimlərini təkfir etmək olmaz.

5. Tarix boyu bütün şiələr mövcud Qurandan istifadə etmiş, onlarda fərqli Quran olmamış, müxtəlif Quran elmlərinə dair minlərlə kitab yazmışlar. Şiə etiqadları Qurana tam uyğun və Quranla isbatı olduqca asandır. Əslində, Qurani-kərim Əməvilərə yaxınlığı ilə seçilən sələfilərin etiqadlarına ziddir. Çünki bu müqəddəs kitabda Əhli-beytin özəl statusuna dair yetərincə ayə var.





Yüklə 219,53 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin