Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında



Yüklə 22,86 Kb.
tarix01.01.2017
ölçüsü22,86 Kb.
#4249
Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI



 

İnsanın həyat və sağlamlığının qorunması onun vətəndaşı olduğu dövlətin ali məqsədlərindən biridir. Bu müddəa, yəni insanın azadlıq hüququ və təhlükəsiz yaşamaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 27 və 31-ci maddələrində öz əksini tapmışdır. Ona görə də təhlükəli cinayətlərdən sayılan qəsdən adam öldürmə cinayətləri üzrə qanunların düzgün tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir.

Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bu işlər üzrə qanunlar məhkəmələr tərəfindən əsasən düzgün tətbiq edilir. Eyni zamanda bu kateqoriyadan olan işlərə baxılarkən ciddi qanun pozuntularına yol verilməsi halları da mövcuddur. Bu bir tərəfdən də yeni cinayət qanunvericiliyinin qəbul edilməsi və tətbiqi ilə əlaqədardır. Çünki, yeni cinayət qanunvericiliyi bu cinayətlər üzrə əvvəlkindən fərqli bir sıra yeni tövsifedici əlamətlər müəyyən etmişdir.

Bu növ cinayətlər üzrə qanunun tətbiqində yol verilən əsas nöqsanlar sırasına məhkəmələrin qəsdən adam öldürmə cinayətlərini ehtiyatçızlıqdan adam öldürmə, şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurma, ölümlə hədələmə, xuliqanlıq kimi cinayətlərdən bəzən fərqləndirilməməsi, Cinayət Məcəlləsinin 120-ci maddəsində sadalanan tövsifedici əlamətlərə düzgün hüquqi qiymətlər verilməməsi kimi halları aid etmək olar.

Məhkəmələr tərəfindən cəzaların təyini zamanı Cinayət Məcəlləsinin 58-61-ci maddələrinin müddəalarının düzgün anlaşılmaması hallarına da yol verilir.

Qəsdən adam öldürmə işləri üzrə qanunların məhkəmələr tərəfindən dürüst və eyni cür başa düşülməsi, bu növ cinayətlərdə təqsirli bilinən şəxslərin qanuna müvafiq surətdə cəzalandırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

 

QƏRARA ALIR:

 

1. Qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin.



İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır.

2. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.

3. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur.

Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.

4. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.

5. Qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir.

Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur.

Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir.

Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-nin 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.

Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış sabit mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) qəsdən adam öldürmə cinayəti törətdikdə bu cinayətin iştirakçılarının əməlləri CM-nin 120.2.1-ci maddəsi ilə yanaşı 218-ci maddəsi ilə də tövsif edilməlidir.

6. Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).

Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır.

Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.

7. Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun.

Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür.

İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür.

Yaxın qohumlar anlayışı CPM-nin 7.0.32-ci maddəsində verilmişdir.

8. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir.

Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.

Meyid üzərində təhqiredici hərəkətlər özlüyündə qəsdən adam öldürmənin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Qəsdən adam öldürmə ərəfəsində və ya bu cinayətin törədilməsi prosesində təqsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən məlumatlar olmadıqda bu əməllər qəsdən adam öldürmə barədəki müvafiq maddə ilə yanaşı meyid üzərində təhqiredici hərəkətlərə görə CM-nin 245-ci maddəsi ilə də tövsif edilməlidir.

Cinayətin gizlədilməsi məqsədilə meyidin məhv edilməsi və ya hissələrə parçalanması xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz.

Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur.

Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 121.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir.

Partlatmaqla, yandırmaqla və digər ümumi təhlükəli üsulla adam öldürmə özgə əmlakının məhv edilməsi ilə müşayiət olunarsa təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı özgə əmlakının məhv edilməsinə görə məsuliyyət nəzərdə tutan CM-nin 186 və 349-cu maddələri ilə də tövsif edilməlidir.

9. Təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun.

Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur.

Zərərçəkmiş şəxsin orqan və ya toxumalarından istifadə etmək məqsədilə qəsdən adam öldürmə cinayətinin subyekti tibb işçiləri ilə yanaşı başqa şəxslər də ola bilər. Birbaşa qəsdlə törədilən belə cinayətlərin motivi həm tamah məqsədilə, həm də başqa səbəblərdən (məsələn yaxın adamın həyatını zərərçəkmişin həyatı bahasına xilas etmək və s.) ola bilər.

Təqsirkar şəxsin özgə əmlakını ələ keçirməsinə dair qəsdi zərərçəkmişin digər səbəb və motivlərlə öldürülməsindən sonra yarandıqda bu əməllər CM-nin 126.2.5-ci maddəsi ilə deyil, törədilmiş cinayətin motivindən, səbəbindən və üsulundan asılı olaraq CM-nin 120.1 və 120.2.-ci maddələri və həmin Məcəllənin 177-ci maddəsi ilə tövsif edilməlidir.

10. Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər.

Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər.

Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi ilə həm də zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə cinayəti tövsif edilir. Bu növ cinayətlər zamanı təqsirkar ya zorlama prosesində zərərçəkmişin fəal müqavimətini aradan qaldırmaq məqsədilə, ya da digər alçaq niyyətlə (məsələn, sadizm) adam öldürür. Belə adam öldürmə həmçinin zorlama, yaxud seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar cinayətdən sonra həmin cinayəti gizlətmək məqsədilə də həyata keçirilə bilər. Zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə hadisəsi cinayətin törədilməsi prosesində əsasən dolayı qəsdlə xarakterizə olunduğu halda, hadisədən sonra cinayəti gizlətmək məqsədilə zərərçəkmişi və ya hadisənin şahidini öldürmə birbaşa qəsdlə həyata keçirilir. Belə cinayət işləri üzrə zərərçəkmiş qismində hər iki cinsdən olan şəxs keçə bilər.

Bu cinayətlər üzrə təqsirkar zərərçəkmişin cinsi azadlığına və həyatına qəsd etdiyindən onun əməli CM-nin 120.2.6 və 149, yaxud 150-ci maddələri ilə tövsif edilməlidir.

11. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun.

Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir.

İki və ya daha çox qəsdən adam öldürmə vahid qəsdlə əhatə olunmadıqda ayrı-ayrı vaxtlarda törədildikdə təqsirkarın əməli təkrar adam öldürmə kimi CM-nin 120.2.10-cu maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir.

12. Əməlin CM-nin 120.2.8-ci maddəsi ilə tövsif edilməsi üçün işdə zərərçəkmiş şəxsin hamiləliyinin təqsirkara aşkar surətdə bəlli olması barədə məlumatların (qadının xarici əlamətləri, digər məlumatlar) olması zəruridir. Bu zaman qadının öldürülməsi nəticəsində dölün də məhv olub-olmamasının və cinayətin motivinin əməlin tövsifinə hər hansı təsiri ola bilməz.

Təqsirkarın qadını hamilə bilərək onu qəsdən öldürdükdən sonra zərərçəkmişin əslində hamilə olmadığı aşkar edildikdə, bu əməl niyyətə görə, yəni CM-nin 120.2.8-ci maddəsi ilə deyil, baş vermiş nəticəyə görə hadisənin törədilmə üsulu nəzərə alınmaqla tövsif edilməlidir. Zərərçəkmişin həyatına yalnız sui- qəsd edildikdə də məsələyə bu mövqedən yanaşılmalıdır.

13. CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir.

Adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə də CM-nin 120.2.9-cu maddəsi ilə tövsif edilməlidir. Bu zaman təqsirkar cinayətlərin məcmusu üzrə, yəni həm CM-nin 120.2.9-cu maddəsi ilə, həm də 144 və ya 215-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mənasına görə burada cinayətin obyekti təkcə oğurlanan və ya girov götürülən şəxsin (şəxslərin) həyatı deyil, həm də bu cinayət hadisəsinin törədilməsi ilə bağlı başqa şəxsin (şəxslərin) həyatı da ola bilər.

14. Məhkəmələr nəzərə almalıdırlar ki, təkrar qəsdən adam öldürmə (CM-nin 120.2.10-cu maddəsi) cinayətində iki və ya daha çox şəxsi öldürmə təqsirkarın vahid qəsdi ilə əhatə olunmur və bir qayda olaraq ayrı-ayrı vaxtlarda törədilir. Bu zaman təqsirkarın əvvəllər başa çatmış qəsdən adam öldürmə cinayəti törətməsi, yaxud bu növ cinayət törətməyə cəhd etməsi və ya bu növ cinayətin icraçısı, yaxud iştirakçısı olmasının əhəmiyyəti yoxdur. Qanunun mənasına görə qəsdən adam öldürmə cinayəti soyqırım, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı), ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etmədən (CM-nin 103, 277, 288-ci maddələri) sonra baş verdikdə bu əməl CM-nin 120.2.10-cu maddəsi ilə tövsif edilməlidir. Belə əməllərin ananın yeni doğduğu uşağı qəsdən öldürməsi, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə, zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə, evtanaziya (CM-nin 121,122,123,135-ci maddələri) cinayətlərindən sonra törədilməsi isə CM-nin 120.2.10-cu maddəsinin tərkibini təşkil etmir.

Təqsirkarın qəsdən adam öldürmə cinayətini törətməsi təkrar adam öldürmə kimi tövsif edilərkən onun əvvəlki cinayət hadisəsinə görə məhkum edilib-edilməməsi nəzərə alınmır. Təqsirkar şəxs əvvəllər törətdiyi qəsdin adam öldürmə, yaxud bu cinayətə sui-qəsd etməyə görə məhkum olunmamışsa onun birinci əməli müstəqil tövsif olunmalı, sonuncu əməl isə onun başa çatıb-çatmamasından asılı olaraq CM-nin 120.2.10 və ya 29, 120.2.10-cu maddəsi ilə tövsif edilməlidir.

Əvvəllər törədilən qəsdən adam öldürmə cinayətinə görə məhkumluq ödənildikdə, götürüldükdə, yaxud şəxs müddət keçdiyinə görə məhkəmənin qərarına görə cinayət məsuliyyətindən azad edildikdə əməl təkrar adam öldürmə kimi qiymətləndirilə bilməz.

Məhkumun vəziyyəti pisləşmədikdə (cinayətin motivi, səbəbi və üsulu ilə bağlı işin faktiki vəziyyəti mühüm dəyişikliyə məruz qalmadıqda) məhkəmə iclasında təqsirləndirilən şəxsin əməli CM-nin 120.2.7-ci maddəsindən 120.2.10-cu maddəsinə, yaxud əksinə tövsif edilə bilər.

15. Quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur.

16. Qəsdən adam öldürmə cinayətinin CM-nin 120.2.12-ci maddəsi ilə tövsif edilməsi üçün qanunun özündə göstərilən motivlərdən heç olmazsa birinin (milli, irqi, dini ədavət və ya düşmənçilik) olması zəruridir. Bu zaman təqsirkar başqasının həyatına onun milli, irqi, dini mənsubiyyətinə görə qəsd etməklə müəyyən millətə, irqə, dini əqidəyə mənsub olan müəyyən xalqın şərəf və ləyaqətini alçaltmaq məqsədi güdür. Belə cinayət hadisələri başqa tövsifedici əlamətlərlə müşayiət olunsa da burada CM-nin 120.2.12-ci maddəsində göstərilən motiv mütləq üstünlük təşkil etməlidir.

17. Qanunun mənasına görə qəsdən adam öldürmə qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində və ya zəruri müdafiə həddini aşmaqla törədildikdə əməldə CM-nin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.10-cu maddələrinin formal əlamətləri olsa da əməl həmin maddələrlə tövsif edilə bilməz.

18. Qəsdən adam öldürmə cinayətində CM-nin 120.2-ci maddəsinin bir neçə tövsifedici əlamətləri olduqda, əməl bu əlamətlərin hamısı ilə tövsif edilməlidir. Cəza isə hər bir tövsifedici əlaməti nəzərdə tutan maddələrlə ayrı-ayrılıqda bir neçə dəfə deyil, əlamətlərin hamısı sadalanmaqla bir dəfə təyin edilməlidir. Cəza təyin edilərkən bu hallar əməlin xarakterini və ictimai-təhlükəlilik dərəcəsinin yüksək olmasını əks etdirən hallar kimi qiymətləndirilməlidir.

19. Vəzifəli şəxsin qulluq səlahiyyətini aşmaqla qəsdən adam öldürməsi cinayətlərin məcmusu ilə, yəni CM-nin 120 və 309-cu maddələri ilə tövsif edilməlidir.

20. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, yaxud məhkumun onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədilə cəzaçəkmə müəssisələrində cəza çəkən və ya həbsdə olan şəxs tərəfindən öldürülməsi CM-nin 120-ci maddəsi ilə yanaşı CM-nin 317-ci maddəsi ilə nəzərdə tutulan cinayətin də tərkibini yaradır.

Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların idarələrə, müəssisələrə, təşkilatlara və ya ayaı-ayrı şəxslərə basqını adamların həlak olması ilə nəticələndikdə təqsirkarın əməli CM-nin 120-ci maddəsi ilə yanaşı CM-nin 279-cu maddəsi ilə də tövsif edilməlidir.

Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar öldürülməsi də cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir (CM-nin 120 və 330-cu maddələri).

21. Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır.

Ömürlük azadlıqdan məhrumetmə cəzası qanuna görə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti, ictimai-təhlükəsizlik və ictimai qayda əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə təyin edilə bilər. Bu zaman təqsirkara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 1993-cü il 3 may tarixli 2 №-li qərarı qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

S.C.HƏSƏNOVA

Bakı şəhəri, 12 dekabr 2002-ci il



№ 3

 

 
Yüklə 22,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin