Qaydalari bakı 2012 energetik riskləRİn siğortasi qaydalari



Yüklə 147.84 Kb.
tarix28.03.2017
ölçüsü147.84 Kb.
növüQaydalar


ENERGETİK RİSKLƏRİN SIĞORTASI

QAYDALARI



Bakı 2012

ENERGETİK RİSKLƏRİN SIĞORTASI

QAYDALARI


NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT

İŞLƏRİNİN APARILMASININ SIĞORTASI
1. ANLAYIŞLAR
a. «Sığorta olunmuş quyu(lar)» dedikdə aşağıdakı mərhələlərdən birində olan neft və/və ya qaz və/və ya istilik enerjisi quyuları başa düşülür:


  1. qazılma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə müddətində iş qurtarana və ya ləğv edilənə qədər;

  2. istismar dövründə;

  3. bağlı olduğu müddətdə;

  4. müvəqqəti olaraq dayandırıldığı və ləğv edildiyi müddətdə;

b. «Hadisə» dedikdə ayrıca bir itki, fəlakət və ya qəza, və yaxud bir hadisənin təzahürü kimi ortaya çıxan itkilər, fəlakətlər və ya qəzalar başa düşülür.


(1) Sığorta müddətində, 72 (yetmiş iki) ardıcıl saat ərzində eyni atmosfer dalğalanmasından yaranan fırtınalı külək, tornadolar, siklonlar, qasırğalar, oxşar fırtına və ya güclü və dağıdıcı təsirə malik küləklər bir hadisə kimi qiymətləndirilir.


  1. Hər bir zəlzələ təkanı və ya vulkan püskürməsi ayrıca bir hadisə kimi qiymətləndirilir. Lakin, əgər sığorta müddətində 72 (yetmiş iki) ardıcıl saat ərzində bir sıra zəlzələ təkanları və ya vulkan püskürmələri baş verərsə, o zaman belə yeraltı təkanlar və ya vulkan püskürmələri, hal-hazırki sığortaya müvafiq olaraq bir hadisə kimi qiymətləndiriləcəkdir.




  1. «Müdafiə xərcləri» termini təhqiqat, tənzimlənmə və məhkəmə xərcləri, üçüncü tərəflərə ödəmələr, apelyasiyaya şikayəti ilə bağlı xərclər, eləcə də məhkəmə qərarı verilənə qədər və verildikdən sonra hesablanmış faizlər kimi müəyyən edilə bilər. «Müdafiə xərcləri»-nə işçilərin əmək haqqları ilə bağlı xərclər, adətən Sığortalı tərəfindən əvvəlcədən ödənilən vəkil qanorarı və Sığortalının ofis xərcləri daxil edilmir.

  2. Bu qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinifinə aiddir.

BÜTÜN BÖLMƏLƏRƏ AİD OLAN ÜMUMİ ŞƏRTLƏR

2. ÜMUMİ MÜDDƏALAR
Bundan sonra mətn üzrə “Qaydalar” “Alfa Sığorta” ASC-nin Energetik risklərin sığortası Qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa, digər hüquqi normativ aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və bundan sonra mətn üzrə “Sığorta müqaviləsi” adlanacaq “Alfa Sığorta” ASC-nin bağladığı bütün Energetik risklərin sığortası müqavilələrinin ayrılmaz tərkib hissəsidir.
3. SIĞORTA SUBYEKTLƏRİ


    1. Sığortaçı – Azərbaycan Respublikasının qanunveriliciyi əsasında fəaliyyət göstərən və Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almış “Alfa Sığorta” ASC-dir.




    1. Sığortalı – Sığortaçı ilə sığorta müqaviləsi bağlayan subyektlər sığortalılar hesab olunurlar.




    1. Sayından asılı olmayaraq, Sığortalıya edilmiş bütün bildirişlər, yuxarıda adı çəkilən Sığortalının ünvanına göndərildiyi andan etibarən qüvvəyə minir.


4. SIĞORTA TƏMİNATI VƏ SIĞORTA PREDMETİ


    1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlakdır.




    1. Sığorta təminatı hər zaman bu sığorta növünün Ümumi Şərtlərinə müvafiq olaraq verilir və aşağıdakı bölmə(lər) üzrə seçilir:







a.




Quyu üzərində nəzarətin bərpa edilməsi sığortası

(A Bölməsinə müvafiq olaraq)









b.




Təkrar qazıma işlərinin / Əlavə xərclərin sığortası

(B Bölməsinə müvafiq olaraq)







5. ÜMUMİ VAHİD MƏSULİYYƏT LİMİTİ (SIĞORTA MƏBLƏĞI)


    1. Burada qeyd olunan Ümumi Şərtlərdə, eləcə də A və/və ya B bölmələrində yer alabiləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün, baş vermiş hər bir sığorta hadisəsinə görə Ümumi Vahid Məsuliyyət Limiti.




    1. Bu Şərtlərə əsasən Sığortalıya və ya Sığortalılara yuxarıda göstərilmiş Ümumi Vahid Məsuliyyət Limitini keçməmək şərti ilə sığorta təminatı verilir. Bu sığorta təminatına məhkəmə xərcləri də daxildir ki, bu da Sığortaçının Sığortalı qarşısında, baş verən hər bir sığorta hadisəsinə görə və A və B bölmələrinə uyğun olaraq bütün sığorta təminatları üzrə ümumi vahid məsuliyyətinin limitidir.


6. AZADOLMA


    1. Şərtsiz azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta ödənişi məbləğindən çıxılır.

    2. Azadolma sığortalının və sığortaçının razılığı əsasında təyin edilir, Sığorta Səhadətnaməsində və/və ya hazırkı Qaydalarda və/və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir, hər bir sığorta hadisəsi üzrə qismən sığorta haqqında şərtin tətbiq olunmasından sonra tətbiq edilir.

    3. Bir neçə sığorta hadisələrinin baş verdiyi halda və müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, azadolma məbləği hər sığorta hadisəsi üzrə tutulur.

    4. Sığorta hadisəsi nəticəsində dəymiş zərər azadolma məbləğindən az olduqda, sığortaçı sığorta ödənişindən imtina edir.

    5. Ümumi Vahid Məsuliyyət Limiti, Ümumi Şərtlərdə və Müqavilədə, eləcə də A və/və ya B bölmələrində yer alabiləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün və baş vermiş hər bir sığorta hadisəsinə görə müvafiq azadolma məbləğlərini çıxmaq şərti ilə nəzərə alınmalıdır.


7. ZƏMANƏTLƏR (MÜHÜM ŞƏRTLƏR)
a. Hal-hazırki sığortanın şərtlərinə müvafiq olaraq zəmanət verilir ki, əgər Sığortalı, qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesi içində olan hər hansı bir sığorta olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçıdırsa, o zaman bütün tələblərə, təlimatlara, qətnamələrə, eləcə də müvafiq sənaye sahəsində qəbul edilmiş adi və hamı tərəfindən bilinən qaydalara uyğun olaraq, quyunun yer səthindəki borusuna və ya quyuağzındakı qoruyucu borulara fontan dan qoruyucu (blouaut preventor) quraşdırılmalıdır. Belə qoruyucular ümumi qəbul edilmiş təcrübəyə müvafiq olaraq quraşdırılmalı və sınaqdan keçirilməlidir.

Əgər Sığortalı hər hansı bir sığorta olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçı deyildirsə, o zaman o, əməliyyatçı tərəfindən bu paraqrafda qeyd olunmuş zəmanətlərin yerinə yetirilməsinə nəzarət etməlidir.

b. Həmçinin zəmanət verilir ki, Sığortalı və/və ya onun podratçıları, zərərin və ya ətraf mühitin çirklənməsinin azaldılması məqsədi ilə nəzərdə tutulmuş ştuser və digər avadanlıqların quraşdırılması zamanı bütün qayda və təlimatlara əməl edəcəklər. Həmçinin belə avadanlıqlar (qazıma və/və ya təmir qurğuları da daxil olmaq şərti ilə) müvafiq orqanlar tərəfindən sertifikatlandırılmış (tələb olunduğu zaman) heyətlə təshiz olunacaqdır.
c. Həmçinin zəmanət verilir ki, Sığortalı quyunun nəzarətdən çıxması və ya qazıma məhlulunun, neftin, qazın və ya suyun daşması və ya sızması halında, quyu üzərində nəzarəti bərpa etmək və daşma və ya sızmanın qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəkdir.

ç. Dərk edilmiş və razılaşdırılmışdır ki, Sığortalının əməliyyatçısı olduğu, və yaxud əməliyyatçı olmadan maraqlı olduğu, lakin öz hissəsinin sığortası üçün məsuliyyət daşıdığı quyular Sığortalının öz hissəsindən az olmamaq şərti ilə, proporsional olaraq təmin edilir.


8. BİRGƏ İŞTİRAKÇILAR
Dərk edilmiş və razılaşdırılmışdır ki, sığorta təminatı, fərdi və ya kollektiv şəkildə operator olmayan (bundan sonra «Birgə Iştirakçılar» adlandırılacaqdır) digər iştirakçılara (bu sığorta ilə təmin edilmiş qazıma quyularında maliyyə və sığorta maraqları olan şəriklər, partnyorlar və/və ya digər tərəflər) aid edilmək yolu ilə, və belə Birgə Iştirakçıların müqaviləyə daxil edilməsinin müqavilə tərəfləri arasında, bu sığorta təminatı altında zərərin ödənilməsi üçün iddianın yaranmasına yol açan hər hansı bir sığorta hadisəsi baş verənədək, yazılı olaraq razılaşdırılması şərti ilə genişləndirilə bilər.

Birgə iştirakçılara təqdim olunan hər hansı bir sığorta təminatı, Birgə iştirakçının yuxarıda adı çəkilən Sığortalı ilə birlikdə ümumi marağa malik olduğu əməliyyatlarla məhdudlaşmamalı və bu sığortanın qayda və şərtlərinə, tarif dərəcələrinə, eləcə də Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olmalıdır.


9. TARİFİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI
a. Sığorta tarifləri;


  1. Qazıma işləri tarifləri, (a) hər hansı bir quyunun qazıma və/və ya dərinləşdirmə və/və ya tamamlama prosesi müddətinə, və (b) mövcud müqavilənin geriyə qalmış müddətinə (əgər varsa) tətbiq edilir. Bu müddət (b) ərzində (i) belə bir quyu istismar və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş vəziyyətdə olmalı, və (ii) Sığortalı sığorta təminatını, öz səlahiyyətindəki istismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuları sığortaya daxil etmək yolu ilə genişləndirməlidir;




  1. Təmir işləri tarifləri hər hansı bir quyunun baxılması və/və ya təmiri və/və ya bərpa edilməsi müddətində tətbiq edilir; və

(3) Istismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular üçün tariflər illik əsasda verilir və müqaviləyə uyqun olaraq qazıma işləri tarifləri ilə sığorta haqqı ödənilmiş istismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyulara aid edilmir.


b. Dərk edilmiş və razılaşdırılmışdır ki, bir fut dərinlik üçün nəzərdə tutulmuş tarif dərəcəsi, quyunun yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər dərinliyi əsas tutularaq qazılmış ümumi dərinliyinə tətbiq olunur.
c. Quyuların dərinləşdirilməsi və çox təbəqəli tamamlanmasi üçün nəzərdə tutulan sığorta haqqı, bir fut dərinlik üçün tətbiq olunan qazıma işləri tarifinin 100%-ni təşkil edir və bu tarif quyunun, yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər, son dərinliyinə aid edilir.
10. İSTİSNALAR
Müqaviləyə əsasən aşağıda sadalananlara təminat verilmir və məsuliyyət ortaya çıxmır:
a. Hər hansı dövlətin, və ya başqa bir hökumət qurumunun, və yaxud hər hansı bir hökumət orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar;
b. Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər;
c. Bu Ümumi Şərtlərin hər hansı mühüm şərtlərinin və ya qaydalarının tamamilə və yaxud qismən pozulması nəticəsində ortaya çıxan hər hansı bir hadisənin birbaşa və ya dolayı nəticəsin kim ortaya çıxan bütün vəsatətlər;

ç. Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:


(1) (a) hər hansı bir hökumət və ya suveren hakimiyyət (de yure və ya de fakto), və yaxud hərbi qüvvələrə, həmçinin dəniz və ya hava hərbi qüvvələrinə malik olan və ya onlardan istifadə edən digər hakimiyyət orqanları, yaxud (b) hərbi, dəniz və ya hava qüvvələri yaxud (c) hər hansı belə hökumət, hakimiyyət və ya qüvvələrin təmsilçisi tərəfindən real, görünən yaxud yaxınlaşan hücuma qarşı müdafiə və ya döyüş tədbirləri də daxil olmaqla, sülh və ya müharibə dövründə hər hansı müharibə, düşmən əməliyyatları və ya hərbi əməliyyatlar;
(2) sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı bir hərbi silah(lar);
(3) üsyan, qiyam, inqilab, vətəndaş müharibəsi, hakimiyyətin qəsb edilməsi və ya hökumətin yuxarıda sadalanmış xalq hərakatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv edilmə, hökumətin və ya yerli hakimiyyət orqanlarının göstərişi ilə müsadirə edilmə, və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşıma və ticarət.
d. Sığortalının və ya onun adından çıxış edən hər hansı bir şəxsin və ya təşkilatın qeyri-nəcibliyi (sədaqətsizliyi) nəticəsində meydana çıxan itki, zərər və ya xərclər;
e. Sığortaçı ilə xüsusi olaraq, başqa cür razılaşdırılmayıbsa, bu sığorta müqaviləsi qüvvəyə minən zaman qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində olan hər hansı bir quyu ilə əlaqədar, belə qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatanadək meydana çıxan itki, zərər və ya xərclər.
11. ZƏRURİ DİQQƏT HAQQINDA QEYD-ŞƏRT
Bu sığortanın şərti budur ki, Sığortalı, bu sığorta təminatına daxil olan bütün əməliyyatları apararkən zəruri qayğı və diqqəti göstərməlidir. Bu zaman Sığortalı, texniki təhlükəsizlik qaydalarına əməl etməli və bu məqsədlə istifadə edilə biləcək lazımi avadanlığa malik olmalıdır, və sığorta olunmuş quyuda təhlükəli vəziyyət yaranarsa öz xərcləri hesabına, hal-hazırki sığorta ilə təmin olunmuş risklərin qarşısını almaq üçün bütün mümkün olan tədbirləri görməlidir.
12. SUBROQASİYA


    1. Subroqasiya sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

    2. Sığortalı və ya faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

    3. Sığortalı və ya faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

    4. Əgər sığortalı və ya faydalanan şəxs sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə və ya bu hüququn həyata keçirilməsi sığortalının təqsiri üzündən mümkün olmazsa, sığortaçı yuxarıda göstərilmiş hərəkətlər nəticəsində ona dəymiş zərər həcmində ödənişin edilməsindən azad olunur. Belə hal sığortaçı tərəfindən sığortalıya ödəniş verdikdən sonra aşkar olunarsa, sığortalı sığortaçıya həmin məbləği qaytarmalıdır.

    5. Əgər sığortalı və ya faydalanan şəxs dəymiş zərər üzrə ödənişi üçüncü şəxslərdən alıbsa, sığortaçı yalnız sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğin və üçüncü şəxslər tərəfindən ödənilmiş məbləğin arasında olan fərqı ödəyir. Sığortalı və ya faydalanan şəxs üçüncu şəxslər tərəfindən edilmiş və ya edilə biləcək ödənişlər barəsində dərhal sığortaçıya xəbər verməlidir.

13. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ


  1. Sığortalının hüquqları:

  1. Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  2. Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.




  1. Sığortalının vəzifələri:

  1. Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;

  2. Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;

  3. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;

  4. Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.




  1. Sığortaçının hüquqları:

  1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  2. Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;

  3. Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;

  4. Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;

  5. Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.




  1. Sığortaçının vəzifələri:

      1. Müəyyən edilmiş müddətdə Sığorta Müqaviləsini Sığortalıya təqdim etməlidir;

      2. Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;

      3. Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;

      4. Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.


14. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ


    1. Sığorta hadisəsi hesab edilən hal barəsində xəbərdar olduqdan dərhal sonra, sığortalı bu haqda sığortaçıya və ya onun nümayəndəsinə məlumat verməyə borcludur. Sığorta Müqaviləsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.

    2. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.

    3. Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.

    4. Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.



15. ÖDƏNİŞİN VERİLMƏSİ
Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:

  • Sığorta ödənişinin verilməsi barədə ərizə;

  • Sığorta Müqaviləsi;

  • Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);

  • Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;

  • Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;

  • Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.


16. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA
Aşağıdakı hallarda sığortaçı sığortalıya sığorta ödənişi verməkdən imtina etməyə haqlıdır:


    1. Sığortalının ona məlum olan məlumatı verməməsi və ya riskin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumat verməsi.

    2. Mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq sığortalının sığorta müqaviləsinin mühüm şərtlərinə əməl etməməsi.

    3. Sığortaçıya baş vermiş sığorta hadisəsi haqqında məlumat verməmə və ya gec məlumat vermə, o şərtlə ki, sığortaçıda belə məlumatın olmaması və ya yanlış məlumat olması onun üçün sığorta ödənişini vermək öhdəliyinin yaranmasına təsir etmək imkanına malik olsun.

    4. Yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya itkilərin həcminin artmasına gətirib çıxarmış və ya kömək etmiş, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, Sığortalının sığorta müqaviləsinə, bu şərtlərə və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtləri yerinə yetirilməməsi.

    5. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.


17. QALIQ DƏYƏR
Sığorta hadisəsi baş verdikdə, Sığortalı tərəfindən sığorta hadisəsi ilə əlaqədar istifadə edilmiş və ya əldə edilmiş hər hansı avadanlıq və/və ya materialın qalıq dəyəri, iddianın tənzimlənməsi zamanı Sığortaçının ixtiyarına keçəcəkdir.
18. SƏNƏDLƏRİN ARAŞDIRILMASI
Dərk edilmiş və razılaşdırılmışdır ki;
a. hal-hazırki sığorta müddətində, və ya
b. Sığortaçıya qarşı iddia qaldırıldığı müddət ərzində vəya
c. Sığortaçıya qarşı məhkəmə təhqiqatları başlayan zamandan etibarən, bütün şikayətlər (əgər varsa) daxil edilmək şərti ilə, son məhkəmə qərarı verilənə qədər.
Sığortaçı hal-hazırki sığorta təminatına daxil olan quyuya aid bütün xərc və məsrəflərlə əlaqədar istənilən sənədləri tədqiq etmək hüququna malik olacaqdır. Həmçinin Sığortaçının nümayəndələri də də bu sənədlərlə istənilən əlverişli bir zamanda tanış olmaq imkanına malik olmalıdırlar.
19. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ


    1. Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.

    2. Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.

    3. Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.

    4. Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.

    5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 19.1-ci və 19.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

    6. Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 19.3-cü və 19.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.

    7. Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.



20. SIĞORTANIN QÜVVƏYƏ MİNMƏSİ VƏ QÜVVƏDƏN DÜŞMƏSİ:
a. Sığortanın qüvvəyə minməsi


  1. Bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) sığortası, əgər aşağıdakı (2), (3) və ya (4)-cü maddələrin qüvvəyə minməsindən sonra başlamırsa, Sığortaçının bu quyu(lar)da marağının yarandığı andan etibarən qüvvəyə minir;




  1. Əgər bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) qazılmasına müqavilənin qüvvədə olduğu müddət ərzində başlanarsa, o zaman sığorta ilk qazıma tarixdən etibarən qüvvəyə minməlidir;




  1. Sığorta müqaviləsinin bağlanması zamanı qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində olan hər hansı sığortalanmış quyuya(lara) münasibətdə sığorta belə qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatdıqdan sonra qüvvəyə minəcəkdir. Belə quyu(lar) bu Ümumi Şərtlərin Istisnalar maddəsinin 10e bəndinin olmaması halında müqavilə qüvvəyə mindiyi tarixdən etibarən sığorta təminatına daxil edilə bilərdi.




  1. Bu sığorta təminatına daxil olan hər hansı digər quyunun (quyuların) sığortası isə müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən başlayacaqdır.


a. Sığortanın qüvvədən düşməsi


  1. Bu sığorta təminatına daxil olan hər hansı quyunun (quyuların) sığortası, əgər aşağıdakı (2), (3) və ya (4)-cü maddələrinə əsasən qüvvədən düşmürsə, Sığortaçının bu quyu(lar)dakı marağını itirməsi anından etibarən qüvvədən düşür;




  1. Əgər bu sığorta təminatına daxil olan hər hansı quyunun (quyuların) sığortası sadəcə olaraq qazıma prosesi müddətini əhatə edirsə, yəni Sığortalı istismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilımiş quyuları sığortaya daxil etməmək qərarına gəlibsə, o zaman sığorta belə quyuların tamamilə ləğv edilməsi və ya tamamlanmasındən sonra, və yaxud müqavilə üzrə Sığortalının məsuliyyətinin sona çatması hallarında, ikisindən hansının daha tez meydana çıxmasından asılı olaraq, qüvvədən düşəcəkdir. Bu ləğv edilmə və ya tamamlanma əməliyyatlarına fontan armaturasının, nasos və quyuağzı avadanlığının quraşdırılması, və yaxud qazıma yerindən qazıma avadanlığının sökülməsi və ya çıxarılması halları da daxil edilir. Əgər qazıma avadanlığının qazıma yerindən çıxarılmasına daha əvvəl zərurət yaranarsa, tamamlama əməliyyatlarının da həmçinin sığorta təminatı altına alınması üçün, belə avadanlığın tamamilə çıxarılması ilə tamamlama əməliyyatlarının başlanması arasındakı müddət otuz (30) günü keçməməlidir;




  1. Sığorta müqaviləsinin qüvvədən düşməsi və ya ləğv edilməsi zamanı qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində olan hər hansı sığortalanmuş quyuya(lara) münasibətində sığorta təminatı belə qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatdıqdan sonra (müqavilənin qüvvədən düşməsi və ya ləğv edilməsi tarixindən gec olsa da) başa çatacaqdır.

(4) Bu sığorta ilə təmin edilmiş hər hansı digər quyunun (quyuların) sığortası, müqavilənin qüvvədən düşdüyü və ya ləğv edildiyi tarixdən etibarən, və yaxud (əgər müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular bu sığorta təminatına daxil edilməyibsə) belə quyunun (quyuların) son və/və ya tamamilə ləğvindən sonra, bu iki variantdan hansının daha tez meydana çıxmasından asılı olaraq, qüvvədən düşəcəkdir.


21. SİYAHI
Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən, Sığorta təminatına daxil olan istismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilımiş quyuların siyahısı müqaviləyə əlavə olunur.
22. ZƏRƏRİN ƏVƏZİNİN ALINMASI VƏ QALIQLAR
Çəkilmiş xərclər çıxıldıqdan sonra, subroqasiya yolu ilə əldə edilən məbləğlər də daxil olmaqla, hər hansı qalıq və ya üçüncü şəxslərdən alınan ödənişlər, verilmiş sığorta ödənişinin məbləği tamamilə bərpa edilənədək, Sığortaçıya aid olacaqdır.
23. MÜQAVİLƏ MÜDDƏTİNİN UZADILMASI
Əgər sığorta müqaviləsinin başa çatması və ya ləğv edilməsi anında zərərə səbəb ola biləcək hadisə hələ davam edirsə, bu sığortanın digər bütün qayda və şərtlərinə və Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq, əgər zərər bütünlükdə müqavilənin başa çatması və ya ləğv edilməsinə qədər meydana çıxıbsa, müqaviləyə əsasən sığorta təminatına daxil edilir.
24. MÜDAFİƏ
Sığortaçı Sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı təmin etməyə borclu deyildir. Lakin Sığortaçı Sığortalı ilə birlikdə, müqaviləyə əsasən qismən və ya tamamilə ödənilməli olan iddianın müdafiə olunmasında və ona nəzarət edilməsi prosesində iştirak etmək hüququna malikdir.

Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir xərcləri ödəmək öhdəliyi daşımır.



Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərclərin çəkilməsinə razılığı olmazsa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
25. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI


    1. Sığortalı və Sığortaçı sığorta müqaviləsinin bağlanmasına dəlalət edən sığorta Müqaviləsini imzalayır.

    2. Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi tam sığorta haqqı və ya onun ilk hissəsi ödənilən andan qüvvəyə minir.

    3. Sığorta haqqını və ya onun ilk hissəsini aldıqdan sonra sığortaçı 3 gün ərzində, sığorta müqaviləsinin qüvvəyə minməsini, sığortanın müddətini və digər şərtləri əks etdirən sığorta Müqaviləsini sığortalıya təqdim edir.

26. ƏMLAKIN DƏYƏRİNDƏN AZ MƏBLƏĞƏ OLAN SIĞORTA (QİSMƏN SIĞORTA).


    1. Sığorta Müqaviləsində göstərilən sığorta məbləği sığortalanmış əmlaka zərər dəyən andakı real dəyərindən (sığorta dəyərindən) az olduğu hallarda ödəniş sığorta məbləğinin əmlakın dəyərinə olan nisbətində ödənilir.

    2. Sığortalı, sığorta Müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaçının razılığı ilə sığorta məbləğini əmlakın dəyərinə çatdıraraq yuxarıda göstərilən nisbəti aradan qaldıra bilər. Sığortalı, sığorta məbləğinin bu formada dəyişdirilməsini sığorta hadisəsi baş verməmişdən əvvəl yazılı şəkildə sığortaçıya bildirməlidir. Sığortalı, sığorta haqqı fərqini sığorta haqqının ödənilmə qaydalarına uyğun olaraq ödəməlidir.


27. SIĞORTA HAQQI. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ


    1. Sığorta haqqı sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında sığortaçı tərəfindən hesablanır və Sığorta Müqaviləsində və ya sığorta müqaviləsinə Əlavələrdə göstərilir.

    2. Müqavilədə müəyyən edilmədiyi halda, sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsinin bağlanmasından dərhal sonra ödənilməli, və sonrakı ödəmələr sığorta müqaviləsində göstərilmiş müddətlər və dövrülük əsasında edilməlidir. Vəsaitlərin sığortaçının bank hesabına keçirildiyi andan sığorta haqqı ödənilmiş hesab olunur. Əgər ödəmə nağd pul ilə həyata keçirilirsə, sığorta haqqı sığortaçının müvəkkil nümayəndəsinə verildiyi andan ödənilmiş hesab olunur.

    3. Müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, sığortalı sığorta haqqını (və ya hissəli ödənişdə - birinci hissəni) sığortaçı tərəfindən təqdim edilmiş sığorta haqqının (və ya onun hissəsinin) ödənilməsi üçün hesabın şərtlərinə uyğun ödəməlidir.

    4. Sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsində göstərilən ödəmə müddəti ərzində ödənilmədikdə, sığortaçı sığorta haqqının ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq əlavə ödəmə müddəti müəyyən edə bilər. Müəyyən edilmiş əlavə müddət ərzində sığorta haqqı ödənilmədikdə sığortaçı sığorta müqaviləsinə xitam vermək hüququna malikdir.

    5. Sığortalı hissə-hissə ödənilən sığorta haqqının növbəti hissəsi üzrə ödənişin vaxtını gecikdirdikdə və bu zamanda sığorta hadisəsi baş veribsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsinin ödənilməsini tələb edə bilər. Eyni zamanda, sığorta ödənişinin həyata keçirilməsi zamanı sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişindən tuta bilər.

    6. Sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsində göstərilən ödəmə müddəti ərzində ödənilmədikdə, sığortaçı sığorta haqqının ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq əlavə ödəmə müddəti müəyyən edə bilər. Müəyyən edilmiş müddət ərzində də  sığorta haqqı ödənilmədikdə, Sığortaçı sığorta hadisəsi baş verdikdə sığorta ödənişindən imtina edir.

    7. Sığortalının sığorta haqqının ödənilməməsi səbəbindən sığortaçı tərəfindən sığorta müqaviləsinin ləğv edilməsi, sığortalını sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirilmə müddəti üzrə, sığorta haqqının ödənilməli olan hissəsinin ödəməsindən azad etmir.

    8. Sığortalının tapşırığı ilə və bu haqda Sığortaçını xəbərdar etmək şərtilə sığorta haqqını istənilən digər şəxs ödəyə bilər, lakin bu şəxs sığorta müqaviləsi üzrə heç bir hüquq əldə etmir.

    9. Qısa müddətə bağlanılan sığorta müqavilələri (1 ildən az) üzrə sığorta haqları hazırkı qaydaların tərkib hissəsi olan cədvələ əsasən hesablanır (Cədvəl 1).


28. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ


    1. Bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.

    2. Bu müqavilə üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.

    3. Bu müqaviləyə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.


29. DƏYİŞİKLİKLƏRİN VƏ ƏLAVƏLƏRİN EDİLMƏSİ QAYDASI


    1. Sığorta müqaviləsinə dəyişikliklər və əlavələr Sığortalı və Sığortaçının razılığına əsasən iki tərəfdən birinin yazılı ərizəsi əsasında həmin ərizə alındıqdan sonra 7 gün ərzində həyata keçirilir.

    2. Sığorta müqaviləsində dəyişikliklərin və əlavələrin edilməsi şərtləri tərəflərin yazılı formada əlavə razılığı ımzalandıqdan sonra qüvvəyə minir.

    3. Sığorta müqavilənin dəyişdirilməsinə, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışsa, müqavilə bağlandığı zaman tərəflərin əsaslandığı şəraitdə mühüm dəyişiklik baş verdiyi zaman tərəflərin razılığı ilə yol verilir. Şəraitdə mühüm dəyişiklikliyin baş verməsi şəraitin elə dəyişilməsidir ki, tərəflər belə dəyişikliyi əvvəlcədən görə bilsəydilər (proqnozlaşdıra bilsəydilər), müqavilə ümumiyyətlə bağlanmazdı, yaxud tam fərqli şərtlər çərçivəsində bağlanılardı.


30. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Sığorta müqaviləsinə görə ortaya çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyən olunmuş qaydada məhkəmələrdə baxılır.

NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT

İŞLƏRİNİN APARILMASI SIĞORTASI

BÖLMƏ A
QUYU ÜZƏRINDƏ NƏZARƏTİN BƏRPASI SIĞORTASI
1. SIĞORTA TƏMİNATI
Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtləri və qaydalarına müvafiq olaraq, Sığortalı tərəfindən çəkilmiş aşağıdakı faktiki məsrəflər və/və ya xərclər Sığortaçı tərəfindən Sığortalıya ödənilir: (a) sığorta olunmuş quyunun nəzarətdən çıxması nəticəsində üzərində nəzarət itirilmiş hər hansı başqa quyular da daxil edilmək şərti ilə, nəzarətdən çıxmış hər hansı bir və ya bütün sığorta olunmuş quyular üzərində nəzarətin bərpa edilməsi üçün və ya bərpa edilməsinə cəhd edilərkən çəkilən xərclər. Lakin, bu bölmənin 2b maddəsində deyildiyi kimi, yalnız quyu üzərində nəzarət bərpa edilən ana qədərki müddət ərzində çəkilmiş məsrəf və/və ya xərclər ödəniləcəkdir; və (b) i) sığorta olunmuş quyudan yer səthində və ya suyun dibində çıxan alovun və yaxud bilavasitə sığortalanmış quyu üzərində nəzarətin itirilməsi nəticəsində alovlanan hər hansı digər quyunun və ya quyuların, yaxud (ii) sığorta olunmuş quyu və ya quyular üçün təhlükə yaradan yer səthində və ya suyun dibində çıxmış alovun söndürülməsi üçün və ya söndürülməsinə cəhd edərkən çəkilən xərclər.
Maili quyular, Sığortaçıya dərhal xəbərdarlıq edilməsi və Sığortaçı tərəfindən təyin edilmiş tariflər əsasında hesablanmış əlavə sığorta haqqının ödənilməsi şərtilə, avtomatik olaraq bu bölmə üzrə sığorta təminatına daxil edilir.
2. ANLAYIŞLAR
a. Nəzarətdən çıxmış quyu:
Bu sığortanın məqsədləri üçün nəzarətdən çıxmış quyu dedikdə, quyudan yalnız yer səthinə və ya yer altında,və yaxud dəniz dibində qazıma məhlulunun, neft, qaz və ya suyun qeyri- iradi axını başa düşülür, o halda ki:


  1. belə axın qısa müddətdə:

a. Zəmanətlər və Zəruri Diqqət haqqında qeyd-şərtlərdə tələb edildiyi kimi sahədə olan avadanlıq və/və ya fontana qarşı preventor, ştuser və ya digər avadanlıqlar vasitəsilə dayandırıla bilməsin və ya
b. qazıma məhlulunun həcminin çəkisini artırmaq və ya başqa analoji materiallarla quyuya müdaxilə etmək yolu ilə dayandırıla bilməsin və ya
c. Təhlükəsiz qaydada hasilata yönəldilə bilməsin;
və yaxud


  1. müvafiq tənzimedici orqanlar axının nəzarətdən çıxmış hesab edilmiş olsun.

Bununla belə bu sığortanın məqsədləri çərçivəsində, quyunun lüləsində məhz neft, qaz və ya su axının olması, əgər bu neft, qaz və ya su yer səthindən müvafiq zaman kəsiyi ərzində dövr etdirilə və ya kənarlaşdırıla bilərsə, belə quyu(lar) nəzarətdən çıxmış hesab edilmir.


b. Nəzarət altına alınmış quyu:
Aşağıdakı hallarda bu maddənin a. bəndində göstərilmiş səbəblər nəticəsində nəzarətdən çıxmış quyu(lar) üzərində nəzarət bərpa olunmuş hesab olunacaqdır;


  1. sığorta iddiasına səbəb ola biləcək axın dayanar, dayandırılar və yaxud təhlükəsiz şəkildə dayandırıla bilərsə və ya




  1. Bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl aparılan qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri və bunların tamamlanması və ya digər oxşar əməliyyatlar yenidən aparılmış və ya yenidən aparıla bilərsə və ya




  1. quyu bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəlki hasilat, dayandırılmış və ya oxşar vəziyyətinə qaytarılırsa və ya qaytarıla bilərsə və ya.




  1. hal-hazırki bölmədə sığorta hadisəsi kimi qiymətləndirilən neft və ya qaz axını təhlükəsiz şəkildə hasilata yönəldilə bilərsə;

sığortalanmış quyunun müvafiq rəsmi orqanlar tərəfindən nəzarətdən çıxmış elan edilməsi halları tstisna olmaqla, yuxarıda sadalanmış şərtlərdən hansının daha əvvəl baş verməsindən asılı olaraq, belə elanın qüvvədən düşməsi ilə quyu artıq nəzarət altına alınmış hesab olunacaqdır.


c. Xərclər:
Bu sığortanın şərtlərinə müvafiq olaraq ödəniləcək xərclərə materialların və ehtiyyat hissələrinin dəyəri, quyu üzərində nəzarətin bərpa edilməsi üzrə ixtisaslaşmış şəxslər və ya təşkilatların göstərdiyi xidmətlər üçün ödəmələr, müvafiq rəsmi orqanların təlimatları əsasında çəkilmiş xərclər də daxil olmaq şərtilə, quyu üzərində nəzarəti bərpa etmək məqsədilə aparılan maili qazıma və digər oxşar əməliyyatlar üçün çəkilmiş xərclər və eləcə də bu bölmənin 1-ci maddəsində təsvir olunmuş digər xərclər daxildir.
3. XƏRCLƏRİN SONA ÇATMASI
Bütün hallarda və bu sığortanın Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq quyu(lar) üzərində nəzarət bərpa olunduqdan sonra (maddə 2b-də deyildiyi kimi) bu məqsədlə çəkilən xərc və ya məsrəflərin Sığortaçı tərəfindən ödənilməsi dayandırılacaqdır.

4. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:

a. hər hansı qazıma və ya hasilat avadanlığının məhv olması və ya zədələnməsi;

b. hər hansı quyunun və ya quyuların, qazıma çuxurunun və ya çuxurlarının məhv olması və ya zədələnməsi;

c. istismarın dayanması və/və ya gecikməsi (hasilatda gecikmə və ya təxirə salınma da daxil edilir) və/və ya hasilata zərərin ortaya çıxması (o cümlədən, lay təzyiqinin azalması) və hər hansı layın və ya lay təzyiqin itməsi və ya azalması ilə əlaqədar xərclər

NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT

İŞLƏRİNİN APARILMASI SIĞORTASI


BÖLMƏ B
TƏKRAR QAZIMA / ƏLAVƏ XƏRCLƏR
1. SIĞORTA TƏMİNATI
Bu sığorta təminatına daxil olan və müqavilənin A Bölməsində sığorta hadisəsi kimi qiymətləndirilmiş hadisənin baş verməsi nəticəsində dağılan, hər hansı bir şəkildə zədələnən quyunun və yaxud onun bir hissəsinin bərpası və təkrar qazılması məqsədi ilə çəkilən faktiki xərclər və məsrəflər Sığortaçı tərəfindən, Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtlərinə və qaydalarına müvafiq olaraq, aşağıdakı şərtlərə əməl edilmək şərtilə Sığortalıya ödənilir;
a. Sığortaçı Sığortalıya sadəcə olaraq ən əlverişli və iqtisadi səmərəli üsullardan istifadə edilmək şərti ilə quyunun bərpa edilməsi və təkrar qazılması üçün çəkilən xərclərin və məsrəflərin əvəzini ödəyir.

b. Baş verən neft və ya qaz axınının təhlükəsiz şəkildə hasilata yönəldilməsi mümkün olan quyunun bərpa edilməsi və təkrar qazılması üçün, (kanat qazımasında vurucu ştanqın sığorta olunmuş quyuda saxlanması yolu ilə, və yaxud sığorta olunmuş quyu üzərində nəzarəti bərpa etmək üçün köməkçi quyu və ya quyuların qazılması yolu ilə tamamlanma da daxil olmaqla), B bölməsinə əsasən sığorta təminatı verilməyəcəkdir.

c. Sığortaçı qazıma quyularında, bu müqavilənin A bölməsinin 2-ci maddəsində təsvir edildiyi şəkildə nəzarətdən çıxma anındakı dərinlikdən daha çox dərinliyə qazıma xərclərini(a); istismarda olan və ya bağlanmış quyularda effektli şəkildə istismar edilən geoloji zona və ya qatların yerləşdiyi dərinlikdən daha çox dərinliyə qazıma xərclərini(b) və məsrəflərini ödəməyə görə məsuliyyət daşımır.
2. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda itkilərin əvəzi ödənilməyəcəkdir:
a. hər hansı bir qazıma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması;

b. gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və/və ya quyunun məhsuldarlığının dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı bir layın və ya lay təzyiqinin itməsi və ya azalması;

c. hər hansı koməkçi quyunun və yaxud onun bir hissəsinin bərpası və ya təkrar qazılması məqsədi ilə çəkilən xərclər və məsrəflər;

ç. bu sığorta müqaviləsinin A bölməsi ilə təmin olunmuş itki və ya zərər meydana çıxmazdan əvvəl müvəqqəti olaraq bağlanmış və ya ləğv edilmiş və itki və ya zərər meydana çıxdığı anda hələ də müvəqqəti olaraq bağlı və ya ləğv edilmiş vəziyyətdə olan hər hansı bir quyunun quyudaxili avadanlığı, və yaxud təkrar qazılması və/və ya təkrar tamamlanması.



Cədvəl №1







QISA MÜDDƏTƏ BAĞLANILAN SIĞORTA MÜQAVİLƏLƏRİNƏ TƏTBİQ EDİLƏN SIĞORTA HAQQININ HESABLAMASI CƏDVƏLİ







Sığorta müqaviləsinin qüvvədə

оlduğu мüddət

İllik sığorta haqqına tətbiq еdilən faiz dərəcəsi







1 gündən 30 günədək

İllik Sığorta Haqqının 20%-i

30 gündən 45 günədək

İllik Sığorta Haqqının 25%-i

45 gündən 60 günədək

İllik Sığorta Haqqının 30%-i

60 gündən 75 günədək

İllik Sığorta Haqqının 35%-i

75 gündən 90 günədək

İllik Sığorta Haqqının 40%-i

90 gündən 105 günədək

İllik Sığorta Haqqının 45%-i

105 gündən 120 günədək

İllik Sığorta Haqqının 50%-i

120 gündən 135 günədək

İllik Sığorta Haqqının 55%-i

135 gündən 150 günədək

İllik Sığorta Haqqının 60%-i

150 gündən 165 günədək

İllik Sığorta Haqqının 65%-i

165 gündən 180 günədək

İllik Sığorta Haqqının 70%-i

180 gündən 195 günədək

İllik Sığorta Haqqının 75%-i

195 gündən 210 günədək

İllik Sığorta Haqqının 80%-i

210 gündən 225 günədək

İllik Sığorta Haqqının 85%-i

225 gündən 240 günədək

İllik Sığorta Haqqının 90%-i

240 gündən 270 günədək

İllik Sığorta Haqqının 95%-i

270 gündən artıq

İllik Sığorta Haqqının 100%-i





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə