Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 127.5 Kb.
tarix08.12.2016
ölçüsü127.5 Kb.



Qafqaz Tədqiqat Resurs Mərkəzi


Azərbaycan

_____________________________________________

AĞANEMƏT QADİR OĞLU AĞAYEV

AZƏRBAYCANDA SƏHİYYƏ SIĞORTASININ CARİ İNKİŞAFI”

adlı tədqiqat işi üzrə
YEKUN NƏTİCƏ VƏ TƏKLİFLƏR


Qrantın nömrəsi: C05-0105




BAKI – 2006





Avrasiya Fondu (EF) və Nyu-Yorkun Karneqi Korporasiyasının müştərək layihəsi




TƏDQİQAT HAQQINDA QISA MƏLUMAT
Hesabat - 54 səhifə, Azərbaycan dilində.

Problemin qoyuluşu. Tədqiqat layihəsi ölkədə tibbi sığorta sisteminin tətbiqi imkanlarının təhlili və bu sistemin daha səmərəli modellər əsasında inkişafı məsələlərini əhatə edir. Seçilən tədqiqat mövzusu ictimai münasibətlər sferası üzrə bir neçə sahəni özündə birləşdirir. Hər şeydən öncə bu layihə ölkədə səhiyyə sisteminin inkişafı məsələlərini önə çəkir. Məlum olduğu kimi hər bir ölkədə səhiyyə sisteminin inkişafının başlıca şərtinin biri maliyyə mexanizminin yaxşılaşdırılmasından irəli gəlir. Bu baxımdan tibbi sığorta ilə bağlı tədqiqat işi səhiyyənin maliyyələşdirilməsi problemlərini önə çəkir ki, bu da nəticə etibarilə əhalinin yüksək səhiyyə xidmətləri ilə təmin edilməsi məsələlərinə xidmət edir.

Digər bir istiqamət əhali gəlirlərinin yenidən bölgüsü məsələləri ilə bağlıdır. Belə ki, tibbi sığorta sisteminin inkişafı ev təsərrüfatlarının maliyyə bazarlarında aktiv fəaliyyətini təmin etmiş olur ki, bu da son nəticədə əhali gəlirlərinin yenidən bölgüsünün yaxşılaşdırılmasına, bununla da əhali gəlirlərinin səmərəli idarə olunmasına şərait yaradır.



Tədqiqatın məqsədi mütərəqqi dünya təcrübəsinə əsaslanmaqla əhali gəlirlərinin mövcud səviyyəsində Azərbaycan Respublikasında tibbi sığorta sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsindən ibarətdir.

Qarşıya qoyulan vəzifələr:

- Tibbi sığorta sisteminin mahiyyəti və sosioloji əsaslarının öyrənilməsi;

- Azərbaycan Respublikasında səhiyyənin fiskal maliyyələşdirmə modeli üzrə dövlət maliyyəsi imkanlarının qiymətləndirilməsi və tibbi sığorta sisteminin zəruriliyini şərtləndirən müxtəlif amillərin öyrənilməsi;

- Ölkədə tibbi sığorta sisteminin inkişaf məsələləri ilə bağlı hazırki dövrə qədər həyata keçirilmiş elmi-praktik tədqiqatların nəticələrinin sistemləşdirilməsi və qiymətləndirilməsi;

- Tibbi sığorta sistemi sahəsində dünya təcrübəsinin öyrənilməsi və mövcud olan tibbi sığorta modellərinin qiymətləndirilməsi;

- Tibbi sığorta sahəsində qanunvericilik bazasının təhlili və bu qanunun icra mexanizminin zəifliyini şərtləndirən amillərin öyrənilməsi;

- İcbari və könüllü tibbi sığortanın inkişaf istiqamətlərinin müəyyən­ləşdirilməsi.

Tədqiqatın obyekti Azərbaycan Respublikasının tibbi sığorta sistemidir.

Tədqiqatın predmetini Azərbaycan Respublikasında icbari və könüllü tibbi sığorta sahəsində sosial-iqtisadi, xüsusilə də maliyyə münasibətləri sistemi təşkil edir.



Tədqiqatın metodologiyası. Ölkədə səhiyyə institutlarının sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, əhali gəlirlərinin səmərəli yenidən bölgüsünün təmin edilməsi, dövlətin fiskal imkanlarının yaxşılaşdırılması məqsədləri əsasında ölkədə səhiyyənin fiskal maliyyələşdirilməsi mexanizminin tibbi sığorta sistemi ilə əvəz edilməsinin səmərəliliyinin elmi-praktiki əsaslandırılması, bu sahədə müasir dünya təcrübəsinin müqayisəli təhlili, həmçinin burada istifadə olunan müxtəlif modellərin öyrənilməsi, bunların əsasında Azərbaycan Respublikasında icbari və könüllü tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi tədqiqatın metodoloji əsasını təşkil edir.

Aparılan tədqiqat işinin tərkib hissəsi kimi bir elmi praktik seminar (fokus-qrup) və sosioloji sorğular (müsahibələr) keçirilmişdir. Fokus-qrupda aşağıdakı məsələlər müzakirə olunmuşdur:



  1. Müasir dünya təcrübəsində tibbi sığorta sisteminin xüsusiyyətləri

  2. Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillər və onların həlli yolları

  3. Dünya təcrübəsi üzrə mötəbər tibbi sığorta modellərinin Azərbaycana tətbiqi imkanları.

Seminar tibbi sığorta sisteminin subyektləri üzrə mütəxəssislərin (sığorta mütəxəssisləri, tibbi mütəxəssislər və s.) və müvafiq istiqamətdə elmi tədqiqatçıların işirakı ilə İqtisadi islahatlar Mərkəzinin akt zalında keçirilmişdir.

Müsahibələr Azərbaycan Respublikasında tibbi sığorta sisteminin təkmilləşdirilməsi problemləri üzrə süalları əhatə etmişdir. Müsahibələr Bakı şəhərində tibbi sığorta şirkətlərinin, tibb müəssisələrinin rəhbərləri ilə aparılmışdır. Həmçinin müxtəlif qruplar (tibbi sığorta olunanlar, həkimlər) üzrə də müsahibələrin təşkili tədqiqata yardımçı olmuşdur. Müsahibələr şifahi aparılmış, və əldə olunan məlumatlar yazılı şəkildə rəsmiləşdirilmişdir.



Tədqiqatın informasiya bazası:

1. Mövcud informasiya mənbələri. Bu informasiya mənbələrinə aiddir:

- rəsmi informasiya mənbələri. Buraya Dövlət Statistika Komitəsinin (DSK) məlumatları (obyektiv səbəblər üzündən son – 2005-ci ilin statistik məlumatlarını DSK-dan əldə etmək mümkün olmamışdır), mövzu ilə birbaşa və ya daha əlaqəli hüquqi-normativ aktların məcmusu, aidiyyəti dövlət orqanlarının (məsələn, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi və s.) mövzu ilə bağlı məlumatları;

- tibbi sığorta ilə bağlı seçilmiş ölkələrin təcrübəsini və vəziyyətini əks etdirən internet resursları;

- beynəlxalq təşkilatların (məsələn, BMT, Dünya Bankı, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və s.) mövzu ilə əlaqəli hesabatları və bülletenləri;

- müvafiq elmi tədqiqat institutları və qeyri-hökumət təşkilatlarının mövzu ilə bağlı tədqiqat materialları, hesabatları, bülletenləri və digər materialları;

2. Sosioloji tədqiqat materialları. Buraya tədqiqat zamanı müxtəlif subyektlər arasında aparılan sorğular, müsahibələr aiddir.

Tədqiqat işi analitik təhlil, sistemli yanaşma əsasında məntiqi ümumiləşdirmə, normallaşdırma, qruplaşdırma və riyazi modelləşdirmə kimi tədqiqat üsullarının köməyi ilə yerinə yetirilmişdir.



Tədqiqatın nəticələri Azərbaycan Respublikasının müvafiq hökumət təşkilatları başda olmaqla tibbi sığorta sahəsində digər institusional strukturlar tərəfindən geniş istifadə oluna bilər.

NƏTİCƏ VƏ TƏKLİFLƏR


  1. Xarici ölkələrin tibbi sığorta sistemi ilə tanışlıq onu deməyə əsas verir ki, bu ölkələrdə tibbi sığorta sisteminin müxtəlif mövqelərdən (sığorta olunan xəstə­liklər; sığortada fərdilik, ailəlilik, kollektivlik maraqlarının gözlənilməsi və s.) əhatə dairəsi, tibbi sığorta bazarında xidmətin seqmentləşməsi, maliyyələşmə mexanizmi, müavinət prosedurası, keyfiyyətli xidmət mexanizmi və s. məsələlər müxtəlifdir və onların bir çoxunu Azərbaycan Respublikasında tətbiq etmək mümkün deyil.

  2. Xarici ölkələrin təcrübəsi ilə tanışlıq onu deməyə əsas verir ki, səhiyyənin maliyyələşmə mexanizmini bazar iqtisadiyyatının prinsipləri ilə uyğunlaşdırmağın əsas yolu məhz tibbi sığorta institutunun formalaşmasıdır.

  3. Ümumilikdə icbari tibbi sığorta sosial xarakter daşıyır və kommersiya maraqlarını özündən demək olar ki, kənar edir. Amma qeyd etmək lazımdır ki, bu gün ölkədə tibbi sığorta sferasında bazar ünsürlərinin genişləndirilməsi vacib məsələdir. Ən azından ona görə ki, inkişaf etdikcə bütün resurslardan səmərəli və minimum xərclər daxilində istifadə edilməsi yolu ilə tibbi sığorta sahəsində resurslara qənaət etmək, xidmətin keyfiyyətini yüksəltmək olar.

  4. Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillərdən ən vacibi vətəndaşların sığorta sahəsində maarifçilik və reklam səviyyəsinin aşağı olmasıdır. Buna görə də cari dövrdə ölkədə dövlət maliyyəsi hesabına ictimai, sahibkarların maliyyəsi hesabına isə biznes reklam və məlumat materiallarının vətəndaşlara çatdırılması tibbi sığortanın inkişafı baxımından zəruridir. Bu yolla, həmçinin vətəndaşların tibbi sığorta sisteminin sərfəliliyinə olan inam problemi də öz həllini tapmış olar.

  5. Əhali gəlirlərinin azlığı, işsizlik və yoxsulluq problemi bu gün ölkədə tibbi sığorta sisteminin inkişafına ciddi maneə törədir. Məhz bu baxımdan, hökumət tərəfindən əhalinin həyat səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən istənilən islahat və tədbir son anda ölkədə tibbi sığorta sisteminin inkişafına öz töhfəsini verməlidir. Burada islahatların intensiv və yüksək qayğı içərisində aparılması xüsusilə diqqət mərkəzində olmalıdır.

  6. Hüquqi mexanizmin qeyri-işlək olması faktı da tibbi sığortanın inkişafını ləngidən amillərdəndir. Hesab edirik ki, bu gün Azərbaycanda tibbi sığorta sisteminin, xüsusilə də icbari tibbi sığorta sisteminin formalaşmasını şərtləndirən hüquqi-normativ sənədlərdə əks olunan müddəalar əməl olunsa, cari dövr üçün tibbi sığortanın normal inkişafına nail olmaq mümkündür.

  7. Müəssisələrin maliyyə vəziyyətinin aşağı olması faktını əsas götürərək qeyd etmək olar ki, Azərbaycanda tibbi sığorta sisteminin maliyyə yükünün əsasən ictimai resurslara söykənməsinin zəruriliyi tibbi sığortanın inkişafı baxımından inkaredilməzdir. Bu məsələdə tibbi sığorta növləri arasında diferensiasiyanın da gözlənilməsi vacibdir. Yəni bu gün icbari tibbi sığortanın tam olaraq ictimai maliyyə hesabına təmin edilməsi mümkün olduğu halda, bu praktiki addımı könüllü tibbi sığortaya birbaşa tətbiq etmək doğru olmaz. Hesab edirik ki, tibbi sığortanın bu növü üçün daha səmərəli addım, məhz həmin növ sığorta üçün səmərəli bazar mühitinin yaradılması olardı.

  8. Azərbaycan Respublikasında könüllü tibbi sığorta sisteminin yüksək inkişafını müşahidə etmək üçün, mütləq sahibkarlarda korporativ idarəetmə mədəniyyətinin güclənməsi kimi keyfiyyət parametrinin olmasını gözləmək lazımdır.

  9. Tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi də ölkədə tibbi sığorta sisteminin inkişafını ləngidən amillərdən olduğu üçün bu məsələyə də ciddi diqqət verilməsi vacibdir. Tibbi müəssisələrinin qeyd edilən probleminin həllində əsas yük dövlətin üzərinə düşür.

  10. Tibbi sığorta sistemində mülkiyyət formasına görə daha böyük üstünlük dövlət müəssisələrinə verilməlidir. Bu fikri sorğu aparılmış respondentlər də dəstəkləyir. Perspektivlik və davamlılıq baxımından isə yerli özəl müəssisələrə, qarışıq və hətta xarici firmalara üstünlük verilməsi daha məqsədəuyğundur.

  11. Cari dövr üçün əhalinin sağlamlıq səviyyəsini yaxşılaşdırmaq məqsədilə məhz icbari tibbi sığorta sisteminin inkişaf etdirilməsi daha məqsədəuyğundur. Bu təklifi sorğu aparılmış respondentlərin də böyük əksəriyyəti dəstəkləyir. Azərbaycanda digər post sovet ölkələrində (xüsusilə, Rusiya Federasiyasında) olduğu kimi icbari tibbi sığorta sisteminin tətbiqini və inkişafını təmin etmək üçün aşağıdakı islahatların həyata keçirməsi məqsədəuyğundur:

- İcbari tibbi sığorta mexanizminin real tətbiqinə başlanılması;

- Müvafiq hökumət strukturları arasında birgə işçi qrupunun yaradılması;

- İcbari ödənişlərin səviyyəsinin müəyyən etmək üçün başlanğıc ilində ölkə üzrə gözlənilən əmək haqqı fondunun səviyyəsi ilə ümumi səhiyyə xərcləri səviyyəsinin dərindən təhlil olunması, həmçinin dövlətin digər maliyyə imkanları qiymətləndirilməklə qərarların qəbul olunması;

- İcbari tibbi sığorta sisteminin gəlirləri ilə sığorta olunan pasientə göstərilən tibbi xidmət üzrə öhdəlik arasında balansın təmin edilməsi;

- İcbari tibbi sığorta sisteminin bütün subyektləri tərəfindən resursların məqsədli və səmərəli istifadə ilə bağlı effektiv mexanizmin təmin edilməsi;

- Fəaliyyəti dövründə yığılmış mənfi xüsusiyyətlərin aradan qaldırılması;



- İcbari tibbi sığortanın, səhiyyənin və vətəndaşların hüquqi və təşkilati-iqtisadi mexanizmlərin qarşılıqlı mexanizminin harmonizasiyası.

  1. Dövlətin, o cümlədən özəl sektorun maliyyə sistemində şəffaflığın təmin edilməsi, korrupsiyanın radan qaldırılması ümumi mənada iqtisadi inkişaf ilə yanaşı, tibbi sığorta sisteminin də inkişafına obyektiv şərait yaradar.

  2. Azərbaycan Respublikasında mövcud olan tibbi sığorta sisteminin əsas çatışmayan xüsusiyyətindən biri kimi ölkədə bu sistemə nəzarət sisteminin mövcud olmamağı faktı da nəzərdən qaçırılmamalı və bu problemin həllinə nail olmağa çalışılmalıdır.

  3. Azərbaycanda bir sıra qərb ölkələrinin (xüsusilə, Almaniya) təcrübəsinə əsaslanaraq tibbi sığorta sistemi çərçəvəsində göstərilən tibbi xidmətlərin tamlığına nail olmaq məqsədəuyğundur. Belə ki, ölkədə mövcud olan icbari tibbi sığorta sistemi sosial xarakterli xəstəliklərin (vərəm, psixoloji, damar və s. bu xarakterli xəstəliklər) sığorta olunmasını da nəzərdə tutsa, əhalinin bu sistemdən daha geniş miqyasda bəhrələnməsinə səbəb ola bilər.

  4. Azərbaycanda sığortanın inkişafı ilə bağlı konsepsiyanın və onun reallaşdırılması üzrə uzunmüddətli proqramın olmaması səbəbindən dövlət hələ də özü üçün dəqiqləşdirə bilməmişdir ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində sığortanın nə kimi rolu və yeri vardır.

  5. Bu gün həm könüllü tibbi sığorta fəaliyyət göstərən sığorta şirkətlərinin sayının çox olmaması, həm də aktiv fəaliyyət göstərməməyi faktları tibbi sığorta bazarının çatışmazlıqlarındandır ki, bu problemin də gündəmdə saxlanılması və onun həllə yolları barədə düşünülməsi labüddür.

  6. Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə səhiyyənin maliyyələşdirilməsinin proqressiv sığorta sisteminə səhiyyənin konservativ tənzimlənməsi mövcud olan şəraitdə keçmək mümkün olmadığı üçün, ölkədə tibbi sığorta sisteminin səmərəli və davamlı fəaliyyət göstərməsini təmin etmək üçün pasientlərin hüquqlarını müdafiə edən institutlar yaradılmalıdır.

  7. Bazar iqtisadiyyatı şəraitində bütün sektorlarda olduğu kimi səhiyyə sistemində də resurslardan effektli istifadə bir nömrəli məsələlərdən olmalıdır. Yəni bu gün ölkənin maddi resursları elə istifadə olunmalıdır ki, göstərilən eyni bir tibbi xidmətə ən az xərc prinsipi gözlənilmiş olsun. Bu məqsədlə, həmçinin ölkənin səhiyyə sisteminin prioritet xidmət istiqamətləri müəyyən edilməlidir ki, bu yolla da nəinki resurslardan səmərəli istifadə, həmçinin də xidmətlərdən məqsədli və səmərəli istifadə etmək mümkün olacaqdır. Lakin qeyd edək ki, ölkədə göstərilən səhiyyə xidmətlərindən prioritetlərini seçmək üçün mütləq konkret meyarlar müəyyən edilməli və bu meyarlar əsasında da prioritet xidmət növləri seçilməlidir.

  8. Bu gün ölkədə işləyən əhali ilə yanaşı, işsiz əhalinin də tibbi sığorta sisteminə cəlb olunması və ya hər hansı bir yolla onların pulsuz tibbi xidmətlərlə təmin edilməsini reallaşdırmaq məqsədilə də yeni və davamlı maliyyə mənbələri tapmaq lazımdır.

  9. İcbari tibbi sığorta sistemində effektiv xərc mexanizmini reallaşdırmaq məqsədilə sığortaçılar qarşısında öhdəlik qoymaq lazımdır. Bu öhdəlik ilk növbədə onların seçdikləri tibb müəssisələrində əsas götürdükləri meyarların məhz “ən aşağı qiymətə ən yüksək xidmət göstərən təşkilat” prinsipinə söykənməlidir.




Каталог: upload
upload -> По антикоррупционной работе в поликлинике
upload -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
upload -> Fakültə İxtisas qrup Kurs fənn tarix baslanma vaxti otaq
upload -> Oitsning ma’nosi – Orttirilgan Immunitet Tanqisligi Sindromi. Bu dahshatli va bedavo kasallik hozirgi zamonning “vabosi” deb yuritiladi
upload -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
upload -> UŞaq anatomiyasi, FİZİologiaysi və GİGİyenasi analizatorlar- duyğU ÜzvləRİ
upload -> Uşağın fərdi psixoloji hazırlığı 20 azn ağız boşluğunun kompleks peşəkar gigiyenası 80 azn
upload -> Мisvak вя онун XXI ясрдя истифадяси
upload -> Klinik protokol Az ərbaycan Respublikas


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə