Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi



Yüklə 0,87 Mb.
səhifə3/9
tarix31.01.2017
ölçüsü0,87 Mb.
#6972
1   2   3   4   5   6   7   8   9


O çağların bizə amanatları bir də toponimlərimizdir Oğuz-Səlçuq, Türkman soylu Qaramanlı, Qacar, Hacılılar, Qırxlı, Saatlı, Candar; Qıpçaq soylu Baydar, Saraçlı, Qızılhaclı, Təkəli, İncəoğlu, Qarabörk, Şıxlar, Dəmirçili, Cəfərli, Gödəkli; Moğol-Tatar soylu Ələt ellərinin adları bugünkü kənd, dağ, çay, nəsil adlarımızda qalır.

Buralarda təsərüfat, ticarət, mədəniyət, maarif gəlişmiş, yörük-elat yaşamı hökm sürmüş, Hunan, Kəndman, Qaq, Dmanis, Şəmşöldə, Ərkivan şəhərləri, qəsəbələri önəmli məntəqələr sayılmış, o vaxt Böyük İpək yolunun Gəncə'dən gələn iki qolu buradan keçmişdir.

Əzəli mədəniyət abidələrimizdən biri möhtəşəm Qoçulu qalasıdır. Arxeoloq M. Sinauridze'nin fikri belədir: “Məhz bu vilayətlərdə mədəni həyat güclü olmuş, şəhər memarlığına və həm də sakinlərin yaşayışına, məişətinə o vaxt öz zirvəsinə ucalan Müsəlman kültürü təkan vermişdir. Rastgələ deyil ki, Qoçulu qalasında tapılmış hər iki tikili – hamam və yeraltı keçid Müsəlman mədəniyətinin izləridir. Saxsı qablar da biçim, bəzək və hazırlanma qaydasıyla İslam örnəkləridir, bəzilərinin üzərində Ərəb və Fars yazıları da var”. Memar Ömər Qoçulu'nun müşahidələrinə görə, bu qala ilkin ortaçağlar istehkamları qayəsindədir, onun həndəvərindəki sal qayadan oyulmuş quyular, bir az aralıda Maşaver (Qoruncaq) çayı üstündəki birtağlı Əyri körpü də sunurumuzdan bizə soraq yetirir.

Tiflis'də Ortacala, Şeytanbazar, Meydan, Qala məhəllələrindən aydın görünən, Şərq üslublu köhnə tikililərdən, Bəzəkli hamamdan, məsciddən o yana dağdakı Narınqala da Şərq koloritlidir.

9-cu yüzildə Narınqala'da Şahtaxtı istehkamında Müsəlmanların rəsədxana işlətdikləri, 9–12-ci yüzillərdə Tiflis'in, Hunan'ın, Dmanis'in Müsəlman intibah kültürünün məşhur ocaqlarına çevrildiyi, Alp Arslan'ın fəthi zamanı həmən ocaqlarda Nizamiyyə məktəbləri açıldığı, Qurucu David çağında karvansaraylar, Tiflis'də sənətçilərdə, İslam xadimlərindən, sufilərdən, şairlərdən ötrü saray tikildiyi, məscid bünyəsində mədrəsə və məktəblər təşkil edildiyi, bu aydınlanma ocaqlarının, Tiflis kitabxanasının bütün Şərq'də məşhurlaşdığı qaynaqlardan aşkarlanır. 8–14-cü yüzillərdə yaşamış, “Tiflisli”, “Dmanisli”, “Hunanlı” nisbəli görkəmli fəqihlər (İslam xadimləri), alimlər, loğmanlar, sənətkarlar, münəccimlər, habelə ədiblər, şairlər bəllidir. Onlardan kamil hədisçi Abdullah Tiflisi (8-ci yüzil), Tiflis mədrəsəsinin müəllimi Əbu Məhəmməd Həsənli Tiflisi (9-cu yüzil), hərtərəfli zəka sahibi, “İslamın ən ünlü alimi” kimi dəyərləndirilmiş Hübəyş (Hüseyn) Tiflisi (12-ci yüzil), sufi təriqət şeirinin görkəmli təmsilçisi Əbülbəka Nəcməddin Tiflisi (12-ci yüzil), Marağa rəsədxanasının yaradıcılarından və əsas alimlərindən biri olmuş Fəxrəddin Hilatlı-Tiflisi (13-cü yüzil), dərin məzmunlu rübailər, peyğəmbərlərə vəsflər şairi Ömər Şəmsəddin Tiflisi (13-cü yüzil), Quranın mükəmməl şərhçisi Hümaid Sədrəddin Dmanisi (13-cü yüzil) və başqaları daha çox şöhrətlidirlər (Tiflis Müsəlman ədəbi mühitinin bəhrəsi olan “Şeyx Sənan” əsəri də 9–10-cu yüzillərlə ilgilidir).

13-cü yüzildə Misir'dəki Burci (Burçlu) sülaləsinin katib-yazarı olmuş Məhyəddin Zahir Gürcüstan tərəflərdə xalıçılığın geniş yayıldığını soraqlamışdır. Bu olqu da diqqəti çəkir: Berlin muzeyində saxlanan, əjdaha ilə qartalın (simurğun) vuruşu təsvir olunmuş xalının 13-cü yüzilin 50-li illərində Qazax'la Loru arasında toxunduğu güman edilir və bilicilərdən Mirəli Seyidov belə fikir irəli sürmüşdür ki, həmən xalı Oğuz-Səlçuq mədəniyətinə aiddir, ya da onun təsirilə toxunmuşdur.


ONBEŞİNCİ YÜZİL

▬▬▬▬▬▬▬▬▬▬

1429-cu (h. 834) və 1431-ci (h. 836) illərdə Güney Azərbayçan Qaraqoyunlu hökmdarı Mirzə İsgəndər buralara qoşun çəkdi, Loru'yu, Şəmşöldə'yi ələ keçirdi. Bu yürüşlərdə onun qardaşı Cahanşah sərdarlıq edirdi. Cahanşah özü tac taxandan sonra, 1440-da iyirmi min döyüşçüylə bu tərəfə hərəkət etdi, salnamələrə görə, Qaraqoyunlular burada Şəmşöldə qəsrini dövrələdilər, şəhər qapısının önündə 1664 adam başından minarə tikdilər, ormanda, kolluqlarda tutulanlardan əlavə 9400 əsir götürdülər, Misir'ə, Xorasan'a, Bağdad'a, Tacikistan'a baha qiymətlərlə əsirlər satdılar. Qaraqoyunlu səltənətinə daxil olan oturaq Sədli, Qaramanlı, Haçılı Türkman ellərindən nəsillər buraya köçürüldü. Sözgəlişi: Turkman yayda dağda, qışda aranda yaşayan Tərəkəmələrə verilən addır, bu, daha çox Türk imanlı Oğuzlara aid idi və Borçalı'ya gələn Tərəkəmə ellərinin çoxu vaxtilə Moğolların basqısıyla buradan İraq'a, İran'a köçənləriydi. Sonra Cahanşah'ı taxtdan salan Ağqoyunlu hökmdarı Türkman Hasan (Uzun Hasan) 1458-də bizim tərəfləri də öz dövlətinə birləşdirdi, Loru'yu götürdü, Gürcüstan'ı talan etdi. Bu çağlarda Gürcülər möhkəmləndilər, Konstantin Tiflis, Loru, Şəmşöldə qalalarını da öz tabeliyində saxladı. Uzun Hasan Loru'da yenidən iqamət qurdu, Gürcü tarixçisi şahzadə Vaxuşti (Bəhişti) Baqrationi'nin yazdığı kimi, Kartli sınırı ağzında “Tatar eli” saldı, Azərbayçan tarixçisi Rumlu Həsən Bəy'in sorağına görə, 1471-də yayda əmirləri Mahmud Bəy'i, Süleyman Bəy'i və Bayındır Bəy'i iki min süvariylə Tiflis və Ərmən diyarına yolladı, 1476-da bir də yürüş edib, özüylə bir dəstə seyid və şeyx gətirib, “Gürcüstan vilayətini tutdu, çoxlu əsir götürdü və xeyli soyurqal (torpaq mülkü) payladı”. Turan'dan–Çindən gəlmə Oğuzların Üçox qolundan olduğu güman edilən İber şahı Ərtək oğlu Baratmanın törəmələri Barataşvililər və Çin-Bakərin törəmələri olub Orbi (Qartal) qəsrində möhkəmləndikləri səbəbinden özlərini Orbellilər – Orbeliani adlandıran nəsillər bu vaxt soyurqal sahibi oldu.

Uzun Hasandan sonra onun oğlu sultan Yaqub'un dövründə Ağqoyunlular 1482-ci və 1486-lı illərdə bu civarlara yürüşə keçdilər. İkinçi yürüşdə Yaqub'un ləşgəri 40 gün savaşdan sonra Dmanis və Güvəc'i fəth etdi, sonra Bördüzü və Alget çayları qıyılarında düşərgələr qurdu. Vaxuşti: “Sultan Yaqub Borçalı ellərini gətirib burada sakinləşdirdi və burayı Borçalı adlandırdı... Tiflis xanlığının da hakimi Borçalı'danıydı”. 1488-də Yaqub öz sərkərdəsi Xəlil Bəy'i buraya göndərdi. “Gürcüstan'ın Yaşamı” salnaməsindən bəlli olduğu kimi, o, Qaq, Qayazin qalalarını bərpa etdi, Ağca-qala'yı tikdi, bu qalaları özünə dayaq nöqtələri seçdi. Vaxuşti'nin yazdığına görə, Xəlil Bəy burada iqamət quraraq, bütün Borçalı'ya, Kartli'yə, Tiflis'ə də göz qoyurdu. 1490-da Candar kəndi üstündə Gürcülərlə Ağqoyunlu ləşgərinin savaşı oldu, Konstantin qoşun toplayıb yerli tayfalara divan tutdu, Ağcaqala, Qaq, Qayazin qalalarını dağıtdı. Ağqoyunlu'lara aid Fəzlullah Xunci'nin salnaməsindən: Alget yanında əmir Xəlil Bəy'in qoşununa eşikağası Vəli Ağa'nın qoşunu birləşdi, qışın şaxtasına rəğmən, onlar Qucur qalasını dövrələdilər, İslam qazıları qalayı ələ keçirdilər, bu zəfərdən sonra Müsəlmanlar Tiflis'ə doğru irəlilədilər, əmirlər bir neçə gün Kür qırağındakı Qorquday (Soğanlıq) kəndində dincəldilər. 1489-cu il fevralın sonlarında Vəli Ağa Tiflis'i də fəth etdi.

...Balıc kəndi yaxınında Əbülbağa adlı yerdə daşdanyonma bir at və iki qoyun heykəlləri tapılmışdır (qoyun heykəlləri hazırda Tiflis'in mərkəzini bəzəyir), onların üstündə züllə (şiş) papaqlı kişi (Qarapapaq), at, keçi, bardaq, yunqırxan təsvirləri, Ərəb yazılarının izləri var. Bu abidələri, ayrıca, Ayorta'da, Güvəc'də, Oruzman'da, Hamamlı'da, Təkəli'də aşkarlanmış at, ağ qoç, qara qoç heykəllərini bilicilər (Manana Sinauridze, Məşədixanım Neymətova) 15-ci yüzilə şamil etmişlər, buralarda şenlənən Türk Tərəkəmələri, Qaraqoyunlu, Ağqoyunlu tayfalarıyla ilgiləmişblər.


ONALTINCI YÜZİL

▬▬▬▬▬▬▬▬▬▬

... Bir neçə on il Gürcü şahlığı güclü dövlət olaraq qaldı.

16-cı yüzilin başlarından Osmanlı'larla Səfəvi'lər Sünnü-Şiə davasına başladılar və Borçalı'yı da hərə özünə tərəf çəkməyə çalışdı. Öncə buraya Osmanlılar gəldilər. Sonra mərkəzi Təbriz olan qüdrətli Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl'ın Qızılbaş ləşgəri Div Sultan'ın başçılığıyla 1518-ci (h. 924) və 1520-li illərdə Şiəliyi yaymaq, möhkəmlətməkdən ötrü buralara yürüş etdi. (Xatırladaq ki, bir çox Türkdilli Tərəkəmə tayfalarını birləşdirən Qızılbaşlar topluluğunda b o z ç a l ı yaxud b o r ç a l l ı tayfası da olmuşdur). Şah İsmayıl Türkman ulus ləşgəriylə Şürəgəl yoluyla gəlib Kartli'yə hücuma keçəndə Ağçaqala'yı dayaq nöqtəsi seçdi. 1522-də Ağcaqala'yı yenidən qurdu. Gürcü qoşununun toplaşdığını eşidən Şah İsmayıl öz baş sərdarı Qarafil'i, sonra miskərbaşı İlyas Bəy'i qoşunla göndərdi, sonra isə özü böyük qoşunla buraya daxil oldu, Telet'də David'i məğlub edib Yağılca düzünə çəkildi, sonra Tiflis'i də zəbt etdi, körpü, məscid tikdirdi, qalada öz döyüşçülərini möhkəmləndirib getdi. Vaxuşti soraqlamış ki, Şah İsmayıl öləndən sonra Gürcü şahı David Tiflis'də Qızılbaşlara divan tutdu, üstəlik Ağcaqala'yı da aldı, onu dağıtdı.

Şah İsmayılın oğlu I Təhmasib'in hakimiyəti çağında Qızılbaşlar Borçalı'yı bir neçə dəfə talan edib, çoxlu qənimət ələ keçirdilər, sonuncu yürüşdə Təhmasibin özü gəlib Tiflis'i fəth etdi. Səfəvi tarixçisi Rumlu Həsən Bəy: “Şah Təhmasib dördüncü səfər Barat eli deyilən çox ormanlıq bölgəyə gəldi. Buraların xalqı sarp dağlara, uca qalalara və sıx ormanlar içinə sivişmişdi. Qızılbaş axınçıları buraları talayaraq, yaxaladıqlarını öldürdü, çoluq-çocuqları dustaq aldı, saysız sığır və qoyun yağmaladılar”.

1549-da Osmanlı sultanı Süleyman vəzir Əhməd paşa'yı Gürcüstan'a yürüşə göndərdi, Osmanlı qüvvətləri 6 həftə içində 20 qala, o sıradan Ağcaqala'yı tutdular. Təhmasib Trialet'i, Baratlı'yı əldə saxladı, 1551-də Baratlı'yı özünə oğulluğa götürdüyü, Müsəlmanlaşmış Daud xan'a (David'ə) həvalə etdi. 1555-də Amasya andlaşmasına əsasən, Borçalı Səfəvilər'də qaldı. Belə qarmaşıq durumda yerli Müsəlmanların bir qismi başına on iki imamın adı yazılı qırmızı çalma bağlayaraq, Qızılbaşlara meylli, Şiə olduqlarını sərgilədi, bir qismi də başına qara papaq qoyaraq, Sünnülüklərini bildirdi. Borçalı'dan bir neçə Sünnü eli yesirliyə (sürgünə) vadar edildi.

Səfəvilərin tabeliyindən çıxmağa çalışan Kartli, Baratlı, Tiflis yenildi. Yağılca'da çadır qurmuş Səfəvi ləşgərinə Ziyadoğlu Şahverdi xan, Qızılbaş əmiri Qaramanlı Bayram Bəy sərdarlıq edirdilər. Borçalı xanlıq oldu.

Təhmasib'in ölümündən sonra Səfəvi səltənəti zəifləyəndə əsarətdən çıxmaqdan ötrü Gürcülər Borçalılarla birləşdilər. İki il hakimiyət başında olan II İsmayıl (1576–1578) dönəmində bir çox Səfəvi əyalətləri kimi, Gürcüstan da azad oldu. Xudabəndə ləqəbli Məhəmməd'in (1578–1587) yönətiminin ilk dörd ili sürəcində də belə davam etdi. Həmən Məhəmməd Gürcüstan'ı onlara itaətə gətirtməkdən ötrü ordu göndərdi. Daud xan ordunun yaxınlaşdığını eşidən kimi qaçdı. Gəncə'də dustaq olan Simon İslamı qəbul edib Tiflis'in xanı oldu, Loru'da, Şəmşöldə'də öz adamlarını yerləşdirdi.

1578-də Osmanlılar Sünnülük bayrağı altında Ağbaba yoluyla Loru-Borçalı'ya gəldilər, Osmanlı salnaməçisi Məhməd Solakzadə'nin dililə, “Qızılbaşlara dadlı şərab yerinə ölüm şərbəti içirtdilər, Tiflis qalasını da yörəsindəki kənd və qəsəbələrlə birlikdə Osmanlı ölkəsinə qatdılar”. Osmanlı qüvvətləri sultan Murad'ın əmrilə Lələ (Qara) Mustafa Paşa'nın sərdarlığıyla o ilin avqustunda Tiflis'i tutdular, iki il sonra Şəmşöldə'də, Dmanis'də də möhkəmləndilər. Salnaməçi İbrahim Pəçəvi'nin sorağına görə, Lələ Mustafa köhnə Dmanis'dəki qalayı bərpa etmək istəmiş, qar-yağış aman verməmişdir. 1583-də Osmanlıların yüruşünə salnaməçi Şərəf Xan Bitlisi də qatılımış və onun yazdığına görə, Gürcülərlə və Qızılbaş əmirlərilə Ərzurum bəylərbəyisi Hasan Paşa'nın başçılıq etdiyi Osmanlı qüvvətlərinin vuruşu Dmanis vadisində getmişdir. Bayat Oruç Bəy'in xatirələrindən: “Simon və Səfəvi sərəsgəri Əliqulu Xan Tiflis'lə Dmanis arasında istehkamda möhkəmləndilər, qəfildən Türklərin ön qüvvələrinə hücuma keçib onlara böyük zərbə vurdular... Əliqulu Xan tezliklə düşman döyüşçülərinin əhatəsində qaldı. Əliqulu Xan əsir tutuldu, Simon isə qaça bildi. Hasan on iki gün dinçəlib öz qüvvətlərini Tiflis'ə göndərdi, oradakı Türk qarnizonunun yardıma ehtiyacı vardı”. Qaynaqlardan bəlli olur ki, 1584-cü ilin yazında Osmanlılar vəzir Fərhad Paşa'nın sərdarlığıyla Loru qalasını bərpa etdilər, yeni Dmanis qalasını tikdilər, Dmanis'də bəylərbəyi qurularaq, buraya Səməndər Paşa bəylərbəyi və Ərzurum Paşası mühafiz qoyuldu, Dmanis bəylərbəyliyinə 8 min adam və yüz top verildi. Bir il sonra Fərhad Paşa Loru qalasını da ələ keçirdi, onu bərpa edib əyalət mərkəzinə dönüşdürdü, Borçalı elləri də bu əyalətə qatıldı. O çağın yazarı Mustafa Selaniki'nin bildirdiyinə görə, fəth olunan yerlərə Çərkəz Mahmud Xan bəylərbəyi qoyuldu, sonra onun yerinə Nazar Paşa keçdi. Osmanlı ordusunun səfər katibi Sübhi Talikzadə: “Osmanlı ordusu 8 mart 1585-ci il günü Tiflis və Loru bəylərbəyiləri... qışlaqda toplu bulunduqları bir sırada Ağcaqala yanında Baydar qışlasında bir basqın yaparaq, başları olan Nazar Bəy nam mülhidlə vuruşaraq, sancaq ələmlərini alıb, Nazar Bəy'in oğullarını və əhli-əyallarını ələ keçirib əsir ala bildi”. Başqa bir Türk salnaməçisi İbrahim Rəhimizadə: “Bu fəthdən sonra Nazar Xan Səfəvilərdən üz çevirərək, 1587-ci il 28 avqust günü Osmanlı sərdarı vəzir Fərhad Paşa'nın hüzuruna gələrək itaət etdi və Aşağı Borçalı'da ataları mülkü olan Ağcaqala viranəsini bərpa etdirib şenləndirdi, orduda böyük xidmətlərdə bulunduğundan Borçalı çayı boylarını içərən Loru əyalətinə Nazar Paşa adıyla bəylərbəyi bəyan edildi. Beləcə, bütün Borçalı–Qazaxlar Osmanlı idarəsinə keçib, öncələr olduğu kimi, yenə də hənəfi oldular, “nə sünnü, nə də şiə, xəlis Müsəlmanıq” dedilər”.

1590-cı il İstanbul anlaşmasıyla Borçalı Osmanlı məmləkətində sayıldı, Borçalı'nın daxil oldüğu Loru vilayətə çevrildi.

1599-da Alget sahilində Osmanlı sərdarı Cəfər Paşa'nın və Gürcü valisi Simon Xan'ın qoşunları arasında savaş oldu. Borçalı atlılarının yardımıyla Simon Loru'yu ala bildi. 1600-cü (h. 1009) ildə Simon'u qətlə yetirən Təbriz–Van valisi Cəfər Paşa Alget'dəki vuruşla Loru'yu, Ağcaqala'yı ələ keçirdi. Osmanlılar Narınqala'da iqamətgah qurdular, ayrıca qüllə ucaltdılar (sözgəlişi: Narınqala'nın qüllələrinin birinin Təbriz, birinin də İstanbul adlanmağı bununla ilgilidir).

Beləcə olayların sonucunda Borçalı əhalisi əzab çəkirdi, Səfəvilər gələndə Sünnülər, Osmanlılar gələndə Şiələr zor durumda qalır, qılınça sarılıb, daş-kəsəklə, çəkic-baltayla, ağac-qamçıyla silahlanıb, qayalara sığınırdılar, ya da qərib yerlərə dərbədər düşürdülər, o sıradan yüzilin sonlarında xeyli Şiə eli İran'ın Qaşqay, güney Azərbaycan'ın Məşkin səmtinə, İraq'a, Qarabağ'a köçdü.

* *


...Gürçü, Osmanlı, Səfəvi qaynaqlarından o çağın el-oba, boy-oymaq, nəsil-şəxs, dağ-çay adlarımızı da öyrənirik. Gürcüstan mərkəzi arxivində saxlanan 1523-cü ilə aid Barataşvililərin – Baratlıların bölgü kitabında bizimkilərdən yeddi nəfər – Fəxrəddin, Əmir, Nadir, Vəliçan, Bünyad, Usuf, Yaxşı, 1536-cı ilə aid bölgüdə qırx nəfər – Pirəziz, Allahverdi, Şıxıoğlu, Xuda, Ağaquluuşağı, Şahverdi, Nazar, Sultan, Maxsud, Piri, İsa-Bəy, Ağababa, Molla Şıxı, Həmzə kimi yurd-mülk sahibi, habelə Dmanis vadisində Kərəmdərə, Yalğuz, Qədirqulu, Oruzman, Aşağı Şindilər, Dunus, Ksiyə vadisində Darbasçala, Çanaçala, Hulud, Çırayurd kənd adlarına rast gəlirik. O çağlar qaynaqlarında Dmanis qalası yörələrində Qızılqaya, Balıc, Şahmirən, Öyüngörün, Kirkövən, Mirabda, Şövkan, Qoruncaq, Altunçukənd, Leyləyuçan, Əngirəvan–Səməkürə, Nazar, Sultan, Oruc, Qələmşah, Micə, Tiknəd, Basilli, Köbəvən, Diləmeşən toponimləri də var (sözgəlişi: Ş. Bitlisi 16-cı yüzildə Gürcüstan'da Arux tayfasını xatırlamışdır). 1590-cı ilə aid “Tiflis Əyaləti Təhrir Dəftəri”ndən bu əyalətin altı vilayətdən oluşduğu, o sıradan da Tiflis vilayətinin Baratlı, onun güneyindəki Bayındar (Baydar) və Borçalı-Tərəkəmə xalqlı 80 kəndli Dəmirçihasanlı nahiyələrini, Ağcaqala vilayəti-sancağının Ağcaqala, İncə, Cuvar, Türk nahiyələrini içərdiyi aşkarlanır. İstanbul Başbakanlıq arxivindəki bəlgələrə görə, Loru vilayətinin 12 oymağından 6-sı Qazax qoluna (Qazaxlar, Baydar, İspirli, Dəmirçihasanlı, Cəkvənli, Nəhri), 6-sı da Borçalı qoluna (Ağtala, Ozanlar, Kolagirən, Daşır, Pəmbək, Arpalı) aiddirlər. 1590-dan sonra yazılmış “Loru Vilayətinin Timar Dəftəri”ndən bu bəylərbəyiliyin beş sancağa ayrıldığı, Pəmbək sancağının Sarıyar nahiyəsindəki kəndlərdən birinin Borçalı adlandığı aydınlaşır. S. Talikzadə, İ. Rəhimizadə Loru qalasının, Ağcaqala'nın yanından axan çayı Borçalı anmışlar.

16-cı yüzildə biçimlənmiş “Aşıq Qərib” dastanımız daha çox Tiflis'lə, onun yan-yörəsiylə ilgilidir. Qərib'i qardaşı Borçalı'dan keçən Dona (Debed) çayından sorur və bu çay: “Yaz fəslində çanağından coşarsan, neçə-neçə dənizləri aşarsan” – deyə; Borçalıların Tiflis quzeyində, Daryal güneyindəki Qaraqalxan yaylaqları: “Bir davardan yüz istərəm, Qaraqalxan dağım ola” – deyə öyülür. “Əsli və Kərəm”, “Koroğlu” və başqa dastanlarda olay hörgüsünün Borçalı'da cərəyan etdiyi yerlər var. Borçalı'dakı Koroğlu qayaları qeyrət rəmzləridir.

Şah İsmayıl sarayında Borçalıəsilli bir qadının rübailər söyləməsi sorağı da ilgincdir, önəmlidir.


ONYEDDİNCİ YÜZİL

▬▬▬▬▬▬▬▬▬▬▬

17-ci yüzilin ən başlarında Səfəvilər sülaləsindən I Şah Abbas'ın ordusu Alget qıyısında Yağılca'da çadır qurdu, 1604-cü (h. 1012) ildə Borçalı çayı boylarını ələ keçirdi, bu civarları Osmanlılardan təmizlədi, iki il sonra şah özü Loru'ya çatdı, bəylərbəyi Nazar Xan oğlu Məhəmməd'dən qalayı təslim aldı, Zaqəm'i, köhnə Hunan'ı tutdu, buralara Qızılbaş elləri sakinləşdirdi. Osmanlı saray salnaməçisi Mustafa Nəimə: Şah Abbas Qızılbaş ləşgəriylə İrəvan xanı Əmirgünə Xan'ı (Sarı Aslan'ı) Ağcaqala'ya göndərdi, Ağcaqala'yı alandan sonra bir çox yerli sakinləri İsfahan'a sürgün etdi. Səfəvi tarixçisi İsgəndər Münşi: Dmanis qalasından itaət kağızı gəldi, fərman verildi ki, bu məmləkətdə olmağı istəyənlərdən Osmanlı dönəmindəki üluf və timar əsgəri vergilər iki qat azaldılsın, Osmanlı'ya getmək istəyənlər öz xalqı, ailəsi, mal-dövlətilə köçsün.

Tiflis'də Səfəvi ləşgərinə Ziyadoğlu Məhəmmədqulu Xan Qacar sərkərdəlik edirdi, burada o, böyük bir karvansaray bina etdi. Dmanis, Ağcaqala, Şəmşöldə qalaları üstündə də ayparalı bayraq dalğalandı. Bu illərdə Şah Abbas on minlərlə Gürçüyü Mazandaran'a, Fars əyalətinə yesir apardı, Osmanlılara tərəfkeşlikdə şübhələndiyi Sünnüləri qırdı, onlardan minlərlə əsiri Gəncə–Qarabağ, Şirvan, Şiraz tərəflərə köçürdü, Qızılbaş əmmaməsi qoymayanlara rəsmi “Sünnü vergisi” qoydu, İran'dan, İraq'dan Türkman Şiə ellərini buraya qaytardı. Vaxuşti: “Şah Abbas Borçalı ellərini gətirib burada yerləşdirdi və bununla bura Borçalı adlandı... Çayın gündoğarı Borçalı'ya, günbatarı Gürcü şahına aid idi”. Qaynaqlar bildirir ki, Borçalı'ya qayıdan Tərəkəmə (Türkman) elləri Təkə, Əhmədli, Xoçalı, Hacılı, Əmirli oymaqlarıydılar. O vaxtlar ayrıca Türkman ulus ləşgəri də olmuşdur.

1612-ci il İstanbul müqaviləsinə əsasən Borçalı mahal tək Səfəvi dövlətinin tabeliyində qaldı. İsgəndər Münşi: Loru bəylərbəyisi Məhəmməd babası Bədrəddin Bəy kimi “Gürcülərin mallarını yağmaladıb, çoluq-çocuqlarını dustaq etdiyinə görə” şah buyruğuyla dar ağacından asıldı, onun yerinə qardaşı Mustafa bəy keçdi, iki il sonra Şəmsi xan Loru valisi atandı.

1614-də qışı Gəncə'də keçirən şah ilkbaharda Borçalı'ya gəldi. Ona burada Quşçu Zakir Ağa bələdçilik edirdi. Narınqala'ya Borçalı Söhrab Ağa qalabəyi keçdi. Şah Qarayazı'da dincəlir, ova çıxırdı. Kartli vilayətinin də, Borçalı'nın da hakimliyi Peykər sultana həvalə edildi. Gəncəli Ziyadoğluların qulluğunda olmuş tarixçi Hacı Mehdiqulu Qacar'ın salnaməsindən: “1615-ci (h. 1024) ildə Təhmuraz xan Qızılbaşlara qalib gəlmək üçün sərdar Əliqulu xan'ı qoşun başçısı qoydu, Böyük savaş getdi. Qızılbaş ləşgəri məğlub oldu. Əliqulu Xan Tiflis qalasına girdi. Bu mübarizədə Gəncə bəylərbəyi Ziyadoğlu Məhəmməd din yolunda şəhid oldu”. Bu məğlubiyətə və Gürcü şahı Laursab'ın öz bacısı Darəcan (Pəri) xanımı ona vermədiyinə görə Şah Abbas qisas amacıyla Alget'dəki ordugahdan Tiflis'ə, Kaxet'ə qoşun çəkən sərdar qorucubaşı İsa xana bu yerləri Gürcülərdən təmizləyib, qarşılığında Lək-Türkman tayfaları yerləşdirməyi tapşırdı. Uzun sürə İran şah sarayında olmuş, İslamı qəbul etmiş mourav Giorgi Saakadze'nin başçılığıyla Gürcü üsyançıları qoruçubaşıyı öldürdülər, Gəncə–Qarabağ ərazisinə həmlə etdilər, 1625-ci il iyulun 1-də Candar–Marabda çölündə Qızılbaşlarla Gürcülər arasında qızğın döyüş getdi. 17-ci yüzil tarixyazarı, qırx il Səfəvi sarayında yaşamış Parsadan Qorqicanidze'nin salnaməsindən: “Nizə zərbələri başladı, qılınc və toppuzlar havada oynadı. Şah Təhmuraz özü İrəvan bəylərbəyisi Əmirgünə Xan'la üzbəüz gəldi. O, nizəylə Təhmurazı vurub atın sarğısına oturtdu. Gürcülər özlərini yetirib Əmirgünə Xan'ın nizəsini ikiyə böldülər. Şah yenidən yəhərə oturdu... Öz nizəsini də ikiyə bölüb Əmirgünə Xan'ı atdan saldı. Qacarlar bəylərbəyinin yardımına çatdılar, Gürcülər də şığıdılar və çoxlu adam qırıldı... Azərbaycan bəylərbəyisi Şahbəndə Xan öz ləşgəriylə qəfildən meydana atıldı. İrəlidə açıq halda ağ bayraq tutub ucadan qışqırırdılar: “Şah gəldi, Şah gəldi!”. Və Gürcüləri ağlaya-ağlaya “Təhmurazı öldürdülər” deyə qışqırmağa məcbur etdilər. Gürcülərin geri çəkildiyini görən qorucubaşı sevindi, cəsarətə gəldi. O, vuruş meydanından qaçmış Şahbəndə Xan'ın Qızılbaş ləşgərini toplayıb Gürcülərin dalınca hücuma keçdi, ələ keçənlərin hamısını öldürdü... Kartli və Kaxet'in bütün məhsulu Qızılbaşlara qaldı. Gürcüstan'ı odlara qalayıb dağıtdılar”. Bu döyüşdə çoxlu Gürcü əsgəri qırıldı, o sıradan doqquz Xerxeulidze qardaşları, doqquz Maçabeli, yeddi Çoloğaşvili həlak oldular. Kartli'nin aşağı bölgəsinin tavadı Müsəlmanlaşmış Baratoğlu (Barataşvili) Keyxosrov İran şahının qulluğunda dayandı. Səfəvi qoşunu Narınqala'da möhkəmləndi. Gənçə–Qarabağ bəylərbəyiliyi də şaha sədaqətinə görə Narınqala sərdarı Daud Xan'ın tabeliyinə verildi.

Sonra buralar Şah Səfi yönətiminə keçdi. O, Soğanlıqdan günbatar səmtdə Qorqud adlanan yerdə təpə üstündə şah evi tikdirdi, ona Səfiabad adı verdi. Vaxuşti: “Şah Səfi Hallavar'dan aşağı Nəcbəddin'əcən, Nazarkənd'əcən Baydar sultanlığı qurdu”. Bəlirli zaman kəsimlərində Baydar sultanlığıyla yanaşı Borçalı sultanlığı, Baratlı, Somhut, Daşır, Trialet tavadlıqları da varıydılar. (Baratlı üç nahiyəydi: Qaplanlı, Yarallı, Zöhrablı).

1640–50-li illərdə on yaşlı şah II Abbas dönəmində buralarda qanlı olaylar baş verdi. V Vaxtanq'ın (Şahnavaz'ın) hakimiyəti illərində Borçalı'da sultanlıqlar və tavadlıqlar qaldı.

Gürcü salnamələri bunu da soraqlayır ki, Kaxet (Qarağac) o çağlar Gəncə xanı Səlim'ə tabeydi, Qarabağ'dan Cavanşir, Bayat-Arbatan ellərindən buraya 15 min oymaq köçürüldü. 1687-də Qızılbaşlar Baratlı'yı və Trialet'i ələ keçirdilər.

Yüzilin son onilində Gürcüstan valisi, İslam aləmində Nəzərəli Xan kimi tanınan I İrakli'ylə onun qardaşı Arçil (Abdulla Bəy) birləşdilər, öz əsgərləriylə Bolnis'də düşərgə qurub yubanmadan Borçalı'ya yürüş etdilər. Vaxuşti: 1695-də Nəzərəli xan və Kəlbəli xan Dmanis vadisini keçib Qarabulaq'da dayandılar.

* *


Gürcüstan Mərkəzi Arxivində Ağcaqala'nın yönətimçisi Mehdi Xan'ın yerinə oğlu Mustafa sultanın qoyulması haqqında Şah Sultan Hüseyn'in fərmanı qorunur. 17-ci yüzildə Borçalı'nın başqa öndər adamları – 1653-də ağalıq almış, Kürdən ayrılan Şahbəddin arxını bərpa etdirmiş, Qaplan'dan Muxnar (Palıdlı) kəndini satın alıb evlər tikdirmiş Oruc oğlu Əli ağa, Loru-Pəmbək'ə və Ağcaqala'ya da hakim olmuş İsa xan, 1659-da ağalıq almış mustofi (xəzinədar) Məhəmməd Zaman, 1693-də ağalıq kağızı almış, Səfiabad qalasında minbaşı, Kartli'nin mustofisi Yadigaroğlu Məhəmməd Bağır Bəy, sonra bu vəzifəyə keçmiş oğlu Mirzə Sadıq, Somhut'un mustofisi Mehdiqulu Xan, I İrakli'nin sarayında eşikağası olmuş Miriman (Nəriman), eyni sarayda mehmandarbaşı olmuş Allahverdi, talağa yazan xəttat Mirzə Məhəmməd Ağa və başqalarının qaynaqlarda adları çəkilir.

Başqa ilginc qeydlər: Parsadan 17-ci yüzilin ortalarında burada bizimkilərin beş min ailə el və oymaq olduqlarını, Qarayazı'nın Borçalı'lara ov yeri verildiyini bildirmişdir; 1651-də Qoçulu körpüsü, o çağlar Sınıq körpü yenidən qurulmuşlar.


ONSƏKKİZİNCİ YÜZİL

▬▬▬▬▬▬▬▬▬▬▬▬

Borçalı'nın həyatında mürəkkəb dönəm olan 18-ci yüzilin başlarında Borçalı çayı boyunda Loru–Borçalı xanlığı, Anaxatır'ın aşağısında Baydar sultanlığı, onun orta axarında və Dmanis vadisində Orbelli tavadlığı, Alget'dən yuxarıda Baratlı tavadlığı idi. “Aşağı Kartli 18-ci Yüzilin Biriıci Çərəyində” monoqrafyasının yazarı Y. lordkipanidzenin yazdığı kimi, Pəmbək-Bördüzü və Loru bölgəsi özəl xanlıq oluşduraraq, ön sancaq ordusuna daxil olmurdu.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin