Plan nargin adası hadisələri Osmanlı əsirləri Nargin adasından necə qaçırılmışdılar Ədəbiyyat siyahısı Nargin adası hadisələri



Yüklə 57,38 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü57,38 Kb.
#49495
  1   2
nargin hadisələri


PLAN

Nargin adası hadisələri



Osmanlı əsirləri Nargin adasından necə qaçırılmışdılar

Ədəbiyyat siyahısı



Nargin adası hadisələri

Bakının dənizkənarı bulvarından dənizə baxsanız, sahilə paralel uzanan Böyük Zirə adasını görərsiniz. Xəzər dənizində, Bakının sahil xəttindən 10,5 kilometr məsafədə yerləşən Böyük Zirə (Nargin) adasının 1,4 kvadratkilometr sahəsi var - uzunluğu 3,1 km, eni isə 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırım, cənub hissəsi isə bütünlüklə mailidir. Su mənbəyi və bitki örtüyü olmayan ada, ilanların çox olması səbəbindən bəzən İlan adası kimi də xatırlanır. Hətta bəzi mənbələrdə adaya "Cəhənnəm adası" adı da qoyulub.

Qədim dövrlərdə Xəzər dənizinin səviyyəsi çox aşağı olduğundan ada quru ilə birləşirdi. Bu barədə ilk dəfə vaxtilə adada sirli daş yolları aşkar edən Abbasqulu ağa Bakıxanov yazmışdı.

Fizika qanunlarının məşhur müəllifi Emili Xristianoviç Lens 19-cu əsrin əvvəllərində adanı ziyarət edərək burada qədim yaşayış yerlərinin izlərini aşkarlamışdı. O qeyd edirdi ki, su yoxdur deyə, torpaqla əlaqə olmadan burada yaşayış qeyri-mümkün görünür. İçərişəhərdən olan ağsaqqallar arasında aparılan sorğu da Lensin fərziyyəsini təsdiqlədi. Yaşlı insanlar danışırdılar ki, bir çox əsrlər əvvəl Bakı arxipelaqının bütün adalarının quru ilə torpaq əlaqəsi olmuşdu. Qədim zamanlardan gələn və yaşlı insanların danışdığı bir əfsanəyə görə, Xəzər dənizində suyun səviyyəsi tədricən qalxmamışdı, hansısa təbii kataklizm baş vermişdi. Sahil qəfildən çökmüş və Qız qalasına qədər olan nəhəng bir ərazini dəniz suyu basmışdı. Dənizdə yaranan dalğalar bir anda sahili basmış və yüzlərlə ailələr həlak olmuşdu. O vaxtdan bəri gəmilər Böyük Zirəyə yan almağı dayandırdı və ərazi yaddaşlarda uzun əsrlər boyu lənətlənmiş ada kimi qaldı.


1884-cü ildən başlayaraq, burada hər şey dəyişdi, Bakının sənaye yüksəlişi, ilk neft yataqlarının qazılması fonunda Bakı limanının yükü kəskin artdı. Gəmilər, əsasən tankerlər gecələr də sahilə yan almağa başladılar, buna görə də adada mayak inşa edildi və Böyük Zirə tədricən əvvəlki yaxşı adını qaytarmağa başladı.

Böyük Zirə adasının adı Azərbaycan dilindəki "böyük" və ərəb mənşəli "cəzirə" (ada) sözündən yaranıb. Ada 1719-cu ildə, Rusiya imperatoru I Pyotr dövründə "Nargin" adlandırılıb. Formasına görə Fin körfəzində Estoniyanın Tallin şəhəri yaxınlığında yerləşən Nargen (hazırda Naysaar) adasını xatırlatdığından ona belə bir ad verilib. Alman, isveç və eston dillərində bu söz "dar keçid" mənasını verir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılıb.

Böyük Zirədəki mayak 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə istifadəyə verilib. Mayak gecə Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandıraraq dənizçilər üçün əsas bələdçi rolunu oynayırdı.

Adada Birinci dünya müharibəsinə qədər Çar Rusiyasının həbs düşərgələri var idi. Bu həbs düşərgələri 1905-ci ildə salınmışdı. Çar hakimiyyəti ona xəyanət edən, cinayət törədən əsgərləri ən ağır cəza kimi əsasən Böyük Zirə adasına sürgün edirdi.

Birinci Dünya müharibəsi zamanı ada Azərbaycan və Türkiyə tarixinin faciəli hadisələrinə şahidlik etdi. 1914-cü ildə Sarıqamış bölgəsində baş vermiş döyüşlərdə əsir götürülmüş bir neçə min türk əsgəri buraya, tamamilə boş bir adaya gətirilmişdi. 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər olan dövrdə Sarıqamış bölgəsində Çar Rusiyasının və Osmanlı imperiyasının qoşunları arasında baş vermiş döyüşlərdə hər iki tərəfdən həlak olanların böyük əksəriyyəti soyuqdan donaraq ölmüşdülər.
"Sarıqamış bir qələbə, qəhrəmanlıq dastanıdır: Ordumuz onda düşmənin deyil, təbiətin qarşısında aciz qalıb. Bu hərəkatda biz böyük bir bölümümüzü soyuğa qurban verdik. Rusiya ordusu onda cəbhədə 30 mindən çox hərbçisini itirmişdi. Kəndimizdə bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı deyirdilər: "Tüfəngə sarılaraq, donduğunu gördük". Bizə yaşadıqlarımızdan dərs almaq lazımdır. Mərhum babamla da daxil omaqla Sarıqamışın bütün şəhidlərinə allah rəhmət eləsin" - bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Beləcə, "Sarıqamış hərəkatı"nda təxminən 5 min əsgəri ruslar əsir götürdülər. Türk mehmetcikləri ilə bir-birinə sarılaraq Sarıqamışda donan şəhidlərin arasında yüzlərlə azərbaycanlı könüllü əsgər vardı.

Sarıqamış döyüşlərin nəticələrindən fəallaşan erməni terrorçuları Azərbaycana üz tutdular, buranı kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə odur ki, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "Cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.

Sarıqamış döyüşündə əsir götürülən türk əsgərləri Bakıya əsasən dəmir yolu ilə rus ordusunun tərkibi daha çox ermənilərdən ibarət olan bir qrupun nəzarəti altında gətirilirdi. Üç gün çəkən yolda ermənilər türk əsirlərin yeməksiz və susuz qalması üçün əllərindən gələni edirdilər. Ümumiyyətlə, əsir götürülənlər Böyük Zirə adasında müharibənin sonunu gözləməli olsalar da, bir çoxu, sadəcə, ölümünü gözləməyə məcbur olmuşdu. O cümlədən, iki yüzdən artıq erməninin də daxil olduğu nəzarətçi heyətinin təhqirlərini də buraya əlavə etmək lazımdır. İlk türk əsirlərinin sırasında birinci üç il ərzində çox az sayda adam sağ qala bilmişdi.

Arxiv sənədlərindən, həmçinin, Azərbaycan və türk tarixçiləri, ziyaları tərəfindən aparılmış araşdırmalardan məlum olur ki, adada hərbi əsirlər dəhşətli və dözülməz şəraitdə saxlanılıb. Su, qida, paltar və tibbi ləvazimatlar çatışmırdı, Abşeron istisi isə vəba və digər təhlükəli epidemiyaların yayılmasına şərait yaradırdı.
Xalq yazıçısı Qılman İlkin (Musayev) yazırdı: "Burada taxtadan düzəldilmiş baraklara işıq damdan açılmış pəncərələrdən düşürdü. Bir neçə barakda taxtlar olsa da, məhbusların əksəriyyəti quru torpaq döşəmə üstündə yatırdılar. Qış aylarında baraklar qızdırılmırdı. Su çatışmırdı: hərdənbir şəhərdən gətirilirdi. Belə yaşayışdan məhbuslar cana doymuşdular..."

1917-ci ilin noyabr ayında Azərbaycanın böyük dövlət xadimi və ziyalısı Nəriman Nərimanov Bakı şəhər Dumasına üzv seçiləndən sonra öz həmfikirləri ilə birlikdə Dumada komissiya yaradıb, Böyük Zirə adasına göndərilməsi məsələsini qaldırdı. "Duma komissiyası"nın üzvləri - Nəriman Nərimanov, Əbdülbağı Məmmədov, Ağaməhəmməd İbrahimov, Mürsəlov, həmçinin, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Böyük Zirə adasına gedərək, orada əsirlərin vəziyyətindən və saxlanma şəraitindən dəhşətə gəlmişdilər. Ertəsi gün - "Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında "Göz yaşı tökdürən cəzirə" məqaləsində Nərimanov yazırdı: "Kaş bu cəzirəyə (Nargin) getməzdim, kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməzdim. Kaş "Əfəndim, su", "Əfəndim, yemək", "Əfəndim, paltar" sözlərini eşitməyəydim. Kaş çılpaq dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balalarla sözləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim".

Nəriman Nərimanov 1200 nəfər əsir türkün hazır ölüm növbəsində durduğunu, 6 min nəfərin də növbəyə hazırlaşdığını, tif, vəba kimi yoluxucu xəstəliklərin yayıldığını göz yaşları ilə yazırdı. Bununla belə, Nərimanov adanı komissiya heyəti ilə ziyarət etdikdən sonra Bakı şəhər Dumasında türk əsirlərin vəziyyəti haqqında kəskin çıxış etdi. Bu çıxışda o bildirmişdi ki, adada fəaliyyət göstərən erməni həkimlər yüzlərlə əsirin gözlərində əməliyyat aparıb kor ediblər.

Bütün bunlar beynəlxalq ictimai rəyi o dərəcədə sarsıtdı ki, ruslar hətta o illər barədə reklam çarxı kimi bir şey çəkməyə məcbur oldular. Kadrlarda türk əsirlərin guya çimərlikdə üzmələri, milli rəqslərini oynamaları əks etdirilirdi. Təbii ki, bu, həqiqətdən çox uzaq idi. Elə həmin vaxtlarda adadan qaçmış türk döyüşçülərin danışıqları əsasında Türkiyədə "Cəhənnəm adası Nargen" adlı sənədli film çəkilmişdi.

Nargində yaşanan müsibətlərdən, ermənilərin burada türk əsirlərin başına gətirdikləri amansızlıqlardan xəbər tutan Azərbaycanın sayılıb-seçilən varlı şəxsləri və ziyalıları türklərin xilası üçün kömək etməyə çalışırdılar. Bu məsələdə Müsəlman Xeyriyyə Cəmiyyəti, Hacı Zeynalabdin Tağıyev, İsmayıl bəy Səfərəliyev, Murtuza Muxtarov və Əjdər bəy Aşurbəyovun fəaliyyətlərini xüsusilə qeyd etmək lazımdır. Onlar əsirlərin bəzilərinin qaçışını təşkil edir, sağlam əsgərləri Türkiyəyə göndərir, uzun müddət xəstə olanları isə öz evlərində gizlədib, müalicə edirdilər.

Yardım aparanların arasında görkəmli Azərbaycan şairi Əhməd Cavad da var idi. Müxtəlif maneələrə baxmayaraq, şair yardım işlərində yorulmadan çalışır, ölümü göz altına alaraq özünü türk qardaşlarına yetirirdi.


Qeyd etmək lazımdır ki, Əhməd Cavad 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlanarkən, əsasən azərbaycanlılardan ibarət yaradılmış xüsusi Qafqaz könüllü dəstəsinin tərkibində cəbhəyə gedərək, Türkiyə tərəfindən keçirilən əməliyyatlara qoşulmuş və döyüşlərində iştirak etmişdi. Həmin könüllü dəstənin tərkibində Əhməd Cavad əqidə dostları İsa Əlizadə, Əli Əsədulla və digərləri ilə birlikdə vuruşmuşdu.

Əsir düşmüş türk əsgər və zabitlərinə kömək göstərilməsində din xadimi Ağa Əlizadənin də müstəsna xidmətləri olub. Onun xalqa müraciətindən sonra insanlar Təzəpir məscidinə gələrək türk əsgərlərə yardım toplamağa başlamışdılar. Bunun nəticəsində bir həftə ərzində əsirlərə o qədər yardım toplanmışdı ki, ərzaq, dərman və paltarları Böyük Zirə adasına daşımaq üçün bir ay vaxt lazım olmuşdu.

Bakının zəngin və yüksək təhsilli xanımlarından biri olan Sona xanım Hacıyevanın fəaliyyəti də xüsusi diqqətəlayiq idi. Sona xanım milyonçu Kərbəlayi İsrafil ağa Hacıyevin həyat yoldaşı, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qadın bölməsinin sədri idi. Bakı buxtasında Sona xanımın dəbdəbəli şəxsi gəmisi dururdu. Təəssüf ki, bu dəyərli xanımın nə fotosu qalıb, nə də sonrakı taleyi barədə məlumat var. Sona xanım türk əsirlərin şəraitini yaxşılaşdırmaq məqsədilə öz gəmisində qohumları və xidmətçilərinin müşayiəti ilə Narginə ərzaq, geyim, yataq ləvazimatı aparır, rus rəislərə rüşvət verib, gəminin yoxlanılmasının qarşısını alır, hər dəfə geri dönəndə isə üç-üç, beş-beş türk əsirlərin paltarlarını dəyişib ərzaq gətirən xidmətçilərin sırasına qataraq gəmiyə mindirir və şəhərə gətirirdi. Sonra Sona xanımın köməyi ilə lazımi sənədlər düzəldilib onları İrana keçirir, oradan isə Türkiyəyə yola salırdılar.Şübhəsiz, bütün bu hərəkətlər Çar Rusiyasının xüsusi xidmət orqanlarının diqqət mərkəzindən kənarda qala bilməzdi. Bunun hansısa alçaq Akopyan yazdığı bir donos da təsdiq edir. Həmin donosda o alçaq qeyd edirdi ki, Azərbaycanın tanınmış xadimləri Nargində olan əsir türklərə himayədarlıq edir və onları əsirlikdən qurtarırlar.

1918-ci ilin sentyabr ayının 15-də Bakıya daxil olan Qafqaz İslam Ordusu türk əsirləri azad etdi. Amma Nargin həbsxanasının qanlı tarixi bununla bitmədi. Bakıda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra Azərbaycanın bir sıra dövlət və ictimai xadimləri adaya aparılaraq orada güllələndilər. İkinci Dünya müharibəsinə qədər olan dövrdə bu gözdən uzaq ada güllələnmə məkanı kimi istifadə edildi.

Keçmiş SSRİ vaxtlarında adada həbs düşərgələri fəaliyyət göstərirdi və repressiya qurbanları bu həbs düşərgələrində saxlanırdılar. İkinci Dünya müharibəsi dövründə və müharibədən sonra adada hərbi baza yerləşirdi və bura ittifaqın mühüm strateji nöqtəsi sayılırdı. Adada xidməti və yardımçı otaqların tikintisi zamanı əsgərlər burada kütləvi qəbiristanlıqlara rast gəlirdilər. Tapılan "yarı çürümüş sümüklər"i (güllələnmiş insanların basdırıldığı çuxurlar infeksiyaların yayılmaması üçün sönməmiş əhənglə örtülmüşdü) qədim insanların qalıqları kimi təqdim olunurdu. Lakin buna inananlar az idi, çünki sümüklər arasında qızıl örtüklər və metal dişlər aydın görünürdü.

Keçən əsrin altmışıncı illərinin sonunda bu məqalənin müəllifi bir sıra Bakı məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət qrupun tərkibində hərbi dənizçilərin dəvəti ilə bu adada ekskursiyada olub. İndi də xatırlayıram, adada bizi soyuq və yağışlı hava müşayiət edirdi. Dənizçilərin xidmət, yaşam və həyat şəraitləri, eləcə də ərazinin ümumi mənzərəsi ilə tanışlıqdan sonra məktəblilər hərbi dənizçilərin mədəniyyət evində musiqi və şeir proqramı ilə çıxış etdilər.

Adanı gəzərkən, mən və digər yuxarı sinif şagirdlərinin bəziləri XX əsrin əvvəllərində adadakı vəziyyətlə əlaqədar valideynlərimizdən və yaşlı qohumlarımızdan eşitdiklərimiz əsasında bizi müşayiət edənlərdən repressiya qurbanları, türk əsirləri və onların dəfn olunduqları yerlər haqqında çox ehtiyatla soruşmağa başladıq. Onlardan adada gördüyümüz xarabaya çevrilmiş obyektlər və dağılmış tikililər haqqında danışmalarını xahiş edirdik. Lakin bizə birmənalı şəkildə cavab verirdilər ki, belə suallar vermək lazım deyil. Yalnız ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu adada hərtərəfli tədqiqatların aparıldığını, müvafiq məqalələrin və kitabların nəşr olunduğunu öyrəndim.

Nargin adasına o zamankı səfərdən məndə maraqlandığı və narahat olduğu suallara cavab almayan bir insanın yaşadığı ağrılı bir hiss qalmışdı. Axı, bu və ya digər şəkildə cavab almaq istədiyimiz bu suallar insanların faciəli taleyi ilə əlaqəli hadisələr barədə idi. Və o zaman 17 yaşımızın olmasına baxmayaraq, həmin insanların taleyi barədə məlumat almaqla daha çox ölkə tarixinin faciəli səhifələrini öyrənmək istəyirdik. Açıq deyim ki, bu səfərdən məyusluq hissi məni bu günə qədər də tərk etməyib.

Əlbəttə, Sovet dövründə adada ölən türk əsirlər haqqında etibarlı materiallar və məlumatlar əldə etmək çox çətin idi. SSRİ Türkiyəyə düşmən ölkə kimi baxırdı. Bu ölkə ilə əlaqəli hər hansı bir tarixi həqiqət Sovet təbliğatı və demaqoqları tərəfindən ani bir şəkildə məhv edilir, kommunist ideologiyasının şəksiz xidmətçiləri tərəfindən qınanılırdı. Bu ideologiyanın sadiq qulluqçusu, sistemin verdiyi imkan və faydalardan daha çox məmnun olanlar erməni siyasi elitası idi. Yeri gəlmişkən, SSRİ-nin dağılmasından sonra bu elitanın bir çox üzvləri rənglərini qırmızıdan ağa çevirdilər, Sovet paltolarını çıxarıb atdılar, gözəl kapitalist gələcəyinin təbliğatına girişdilər və bu proses bu gün də davam edir.

Sovet ordusu bu adanı 1990-cı illərin əvvəllərində tərk etdi. Bu gün Böyük Zirə adası Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Bakı buxtasına girişə buradan nəzarət edilir. Adaya giriş bütün vətəndaşlar üçün bağlıdır.

Yuxarıda qeyd edildiyi kimi, Qafqaz İslam Ordusunun hissələri Bakıya 15 sentyabr 1918-ci ildə daxil olmuşdular. Osmanlı ordusu Bakını azad etmək üçün aparılan hərbi əməliyyatlar zamanı 1130 əsgərini itirdi. Ümumiyyətlə, türk ordusunun 5 minə yaxın əsgəri Azərbaycanın azadlığı naminə şəhid olub. Türk ordusunun hərbi əməliyyatlar apardığı Azərbaycan bölgələrində onlarla xatirə kompleksləri var. 1999-cu ildə Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusunun şərəfinə abidə ucaldılıb.

2007-ci ildə türk tarixçiləri Böyük Zirə adasında qazıntılar apardılar. Qazıntılar nəticəsində Osmanlı ordusunun əsgərlərinin qalıqlarını tapdılar və onları Türkiyəyə apararaq, Sarıqamış döyüşü zamanı həlak olanların xatirəsinə tikilmiş memorialda dəfn etdilər (Məlumat üçün bildirək ki, Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Türkiyənin bu əraziləri 1878-1879-cu illərdə Balkan müharibəsində zəbt olunaraq 1920-ci ilə qədər işğal altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad edib).

2015-ci ilin dekabr ayında Qars şəhərindəki ictimai təşkilatlardan birinin rəhbəri Məhərrəm Yıldız Böyük Zirəyə gəldi və burada hərbi əsirlərin kütləvi məzarlığına gül dəstələri qoydu. M.Yıldız həmçinin, Sarıqamış döyüşlərinin baş verdiyi sahələrə səpmək üçün adadan bir ovuc torpaq götürərək Türkiyəyə apardı. 2016-cı ilin yanvarında M.Yıldız Sarıqamış döyüşünün olduğu sahələrdə 8 kilometrlik bir yürüş təşkil etdi, iştirakçılar Böyük Zirə adasından gətirilən bir ovuc torpağı buraya səpdilər.

2017-ci ilin sentyabr ayında Türkiyənin Azərbaycandakı nümayəndələri Azərbaycan Dəniz Qüvvələrinin təmsilçiləri ilə birlikdə Birinci Dünya müharibəsində, xüsusən Sarıqamış döyüşündə əsir götürülən türk əsgərlərinin saxlanıldığı Böyük Zirə (Nargin) adasını ziyarət etdilər. Türk əsirlərinin saxlanıldığı təxmin edilən adada həyatını itirən əsgərlərin xatirəsi yad olundu. Əsgərlərin əsirlikdə olduqları müddətdə böyük fədakarlıq göstərərək onlara yardım əlini uzadan azərbaycanlıların da xatirəsi anıldı.

2018-ci il sentyabrın 15-də Bakıda şəhərin Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi şərəfinə möhtəşəm hərbi parad keçirildi. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Azadlıq meydanından Əməliyyat imkanları konsepsiyası və Əməliyyat ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları, həmçinin, Türkiyə Silahlı Qüvvələrinin bölmələri təntənəli marşla keçdilər.

Burada xüsusi qeyd etmək yerinə düşər ki, bu günlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə Qars əyalətində "Qış təlimi-2021" keçirilir. Söszüz ki, bu təlim hərbçilərin döyüş qabiliyyətlərini artırmağa, həmçinin, iki qardaş ölkənin Silahlı Qüvvələrinin şəxsi heyəti arasında qardaşlıq əlaqələrini daha da gücləndirməyə xidmət etməklə yanaşı, birgə əməliyyatların keçirilməsində koordinasiyalı fəaliyyətləri də təmin edəcək.

Bütün bunlardan danışarkən, əlbəttə, Böyük Zirə adasında həlak olan Türk ordusunun əsgərlərinin xatirəsinə abidə ucaldılması, memorial lövhə qoyulması barədə də düşünməyin vaxtı çatıb. Siyasi repressiya qurbanlarının xatirəsinə abidə ucaltmaq haqqında da düşünməliyik. Gələcəkdə bu adada repressiyadan ölənlərin və əsir götürülən türk əsgərlərin xatirəsinə həsr olunan yaddaş muzeyi də yaratmaq olar. Qəbiristanlıqlarda və ətrafında ağaclar, o cümlədən, Türkiyədən gətirilən fidanlar da əkmək mümkündür.

1915-1918-ci illərdə adada alman, Avstriya-Macarıstan ordularının əsir düşmüş əsgər və zabitlərinin, habelə tərksilah edilmiş rus, fars və türk vətəndaşlarının olduğu barədə məlumatları da diqqətdən kənarda saxlamaq olmaz. Bu məlumatlara və digər araşdırmalara əsasən, bütövlükdə bu adadan 25 minə yaxın məhkumun keçdiyini söyləmək olar və bunların da böyük əksəriyyəti Türkiyə vətəndaşları olublar.

Buna baxmayaraq, 1915-1918-ci illərdə bu adada ölən alman və Avstriya-Macarıstan hərbi əsirlərinin xatirəsini əbədiləşdirmək barədə düşünməyə dəyər. Hər halda, bu ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin istədikləri halda müvafiq qurumlarımızla birlikdə bu məsələnin həlli mümkündür. İlkin olaraq, 80 nəfər İkinci Dünya müharibəsi əsirinin məzarı üstündə almanların Bakıda ucaltdıqları xaça bənzər bir abidə ucaldıla bilər.

Bir sözlə, adanın landşaftının abadlaşdırılması, bəzi obyektlərin bərpa edilməsi və lazımi sənədlərin toplanması üzrə müvafiq işlər görməklə burada bir xatirə parkı kompleksi yaratmaq mümkündür.

Şübhəsiz, 1918-ci il sentyabrın 15-də Bakının bolşevik işğalından azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinin şərəfli bir səhifəsidir. Bu baxımdan, hər il müvafiq tədbirlərin keçirilməsi ilə yanaşı, bu tarixin Azərbaycanda buraxılan stolüstü və divar təqvimlərinə daxil edilməsi çox yerinə düşərdi.

Ən mühüm vəzifələr arasında bölgələrimizin Ermənistan silahlı qüvvələrinin işğalından azadedilmə tarixlərinin yeni təqvimlərdə göstərilməsi prosesi də gedir. Bəli, Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurdu və uzun illər erməni işğalı altında olan torpaqlarımızı azad etdi, bu da son illərin ən əlamətdar hadisəsini - Zəfər gününü qürur hissi ilə qeyd etməyimizə imkan verdi. Bu müharibənin gedişində Türkiyə açıq şəkildə Bakının tərəfini tutdu. Atəşkəs müqaviləsi bağlandıqdan sonra da Türkiyə Azərbaycana siyasi və təbliğat dəstəyini davam etdirdi və indi də davam etdirir.

Həm Sarıqamışdakı döyüşdə, həm də Böyük Zirə adasında həlak olmuş Türk ordusu əsgərləri haqqında materialların Azərbaycan tarixi üzrə məktəb dərsliklərində geniş şəkildə əks olunmasına dair təklif də diqqətəlayiqdir.

Şübhə yoxdur ki, Vətən müharibəsindəki parlaq qələbə nəzərə alınmaqla, məktəb tədris planlarında dəyişiklik etmək zəruridir. Sevindirici haldır ki, artıq bu tədris ilindən başlayaraq tarix dərslərində müəllimlər məsafədən tədris prosesində mövcud dərsliklərdə əks olunmayan müvafiq dəyişiklik və əlavələri etməyə çalışırlar və bu, davamlı olmalıdır.

Nəhayət, yekun olaraq, qeyd etmək lazımdır ki, Böyük Zirə (Nargin) adasında Türk məhbusların faciəvi taleyi ilə bağlı faktları və epizodları daha geniş təsvir etmək üçün başladığımız söhbətə qəzet məkanı yetərli olmayacaq. Buna baxmayaraq, əvvəlki araşdırmalara, elm adamlarının fundamental əsərlərinə, elmi məqalələrə və nəşrlərə əsaslanaraq, türk ziyalların nümayəndələri ilə birlikdə bu istiqamətdə çalışmaları davam etdirmək olar. Məqsəd insanların taleyini öyrənməklə ölkələrimizin tarixinin faciəli səhifələri haqqında daha çox məlumat öyrənməkdir



Yüklə 57,38 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin