Ölüm burnumuzun ucunda Aqil atalarımız deyiblər ki, «ölüm qaşla göz arasındadır»



Yüklə 45.44 Kb.
Pdf просмотр
tarix25.03.2017
ölçüsü45.44 Kb.

 

Şahin Böyükağa oğlu Əlibəyli 



Ölüm burnumuzun ucunda... 

 

 

 Aqil atalarımız deyiblər ki, «ölüm qaşla göz arasındadır». Heç şübhəsiz, burada 



insan  həyatı  üçün  hər  an  təhlükə  ola  bilməsi  nəzərdə  tutulub.  Amma  burunla  ağızı 

əhatələyən kiçik üçbucaqda gizlənən ölüm sirləri barədə heç eşitmisinizmi? 

 

«Ölüm üçbucağı» 

 

Müxtəlif elm sahələrində (tibb, suisidologiya, tarix, kinomatoqrafiya və s.) rast 



gəlinən obrazlı terminlərdən biri «ölüm üçbucağı» adlanır. Burada belə bir terminin yalnız 

tibbi aspektindən danışacağıq. 

Tibbi  ədəbiyyatda  burun-dodaq  büküşləri,  burun  və  ağızla  (yuxarı  dodaqla) 

kənarları  cızılan,  məhdudlaşan  xüsusi  yerə  burun-dodaq  üçbucağı,  yaxud  nazolabial 

üçbucaq  (trigonum  nazolabialis)  deyilir.  Bəzi  mənbələrdə  onu  sadəcə  «üz  üçbucağı», 

yaxud  «fasial  üçbucaq»  («trigonum  facialis»)  adlandırırlar.  Həmçinin  «burun-dodaq 

zonası»,  yaxud  «nazolabial  zona»  terminləri  təklif  edilmişdir.  Antropologiyada  «üz 

üçbucağı»  termini  başqa  mahiyyət  kəsb  edir,  onun  sərhədlərinin  ümumi  təsviri  insan 

sifətinin forması haqqında şəhadət verir. 

 

 



 

Şəkil 1. Uşaqda burun-dodaq üçbucağı 

 

Normal  halda  burun-dodaq üçbucağının  rəngi  bədənin başqa sahələrinin rəngi 



ilə  eyni  olmalı,  onlar  fərqlənməməlidir.  Yeni  doğulan  uşağın  nazolabial  üçbucağında 

yüngülvari göylük görünə bilər. Buna pulmonar sianoz, yaxud ağciyər  mənşəli göyərmə 

deyilir.  Uşaq  ağladıqda  və  yaxud  qışqırdıqda  belə  bir  hadisə  müşahidə  olunur.  Çünki 

həmin  anlarda  qanda  oksigenin  miqdarı  azalır  və  dərisi  göyərir.  Qanda  oksigenin 

konsentrasiyasının  norma  parametri  92–95  %  hesab  edilir.  Uşağın  arabir  ağlaması  və 

yaxud  qışqırması  orqanizm  tərəfindən  qanda  oksigenin  miqdarını  normada  saxlamağa 

hesablanmış  bir  uyğunlaşma  mexanizmidir.  Dəcəl  və  hiperaktiv  uşaqlarda  daim 

emosiyaların təzahür etməsi qanda müvafiq dəyişikliklərə gətirib çıxarır. Bundan başqa, 



 

nazolabial üçbucaq nahiyəsinin dərisi uşaqda həddən ziyadə nazik olur və altındakı zəngin 



vena  damarlarının  asanlıqla  görünməsinə  (göylük  effektinin  hasil  olmasına)  imkan  verə 

bilir.  Nəhayət,  körpənin  orqanizminin  həddən  artıq  soyuması  onun  burun-dodaq 

üçbucağının göyərməsinə səbəb olur. Odur ki, qeyd edilən sianoz fizioloji sianoz adlanır. 

Uşaq yaşa dolduqca dəri örtüyü möhkəmləndiyindən və ağciyərləri tam ölçüdə fəaliyyət 

göstərdiyindən nazolabial üçbucağın göyərməsi keçib gedir. Lakin bəzi hallarda göyərmə 

tam keçmədiyindən hətta sakit halda belə nəzərə çarpır. Odur ki, belə hadisə patoloji sianoz 

adlanır. Anadangəlmə ürək qüsuru, kəskin ürək çatışmazlığı, ağciyər arteriyasının inkişaf 

anomaliyası, tənəffüs yollarının xəstəlikləri (pnevmoniya, ağciyərlərin digər patologiyaları, 

tənəffüs yoluna yad cisim düşməsi) və digər patologiyalar nazolabial üçbucaq sianozunun 

daha  geniş  yayılmış  səbəbləridir.  Buna  görə  uşağı  açıq  havada  çox  gəzdirməklə,  onun 

düzgün qidalanmasını təmin etməklə, stresə məruz qalmasına imkan verməməklə bərabər, 

sianozu  törədən  patologiyaları  aradan  qaldırmaqdan  ötrü  diaqnostik  (araşdırıcı)  və 

terapevtik (müalicəvi) tədbirlərin vaxtında görülməsi vacibdir. 

 

 

 

Şəkil 2. Uşağın nazolabial üçbucağında sianoz olub-olmadığı daim valideynlərin 



nəzarəti altında saxlanmalıdır 

 

Enterovirus  meningiti  zamanı  üzün  hiperemiyası  fonunda  burun-dodaq 



üçbucağı avazımış (rəngi qaçmış) ola bilər.  

Nazolabial  üçbucaq  insanın  yaşı  haqqında  fikir  yürütməyə  imkan  verən  bir 

zonadır. Çünki insanda burun-dodaq üçbucağı ən birinci, hətta gözlərin ətrafındakı dəridən 

daha tez qocalmağa başlayır. Dərinin hissedilməz bürüşüklüyü və solğunluğu təzahür edir. 

İlk  kiçik  qırışlar  məhz  burada  görünür.  Bunu  yaxşı  başa  düşən  qadınlar  yaşlı 

görünməmələri  naminə  dodaqlarına  hər  gün  diqqət  yetirir,  ona  ayrıca  qulluq  göstərirlər. 

Gənc  yaşda  ikən  dodaqların  çatlaması  və  qabıq  verməsi  onların  quruluğunun,  maddələr 

mübadiləsi  pozğunluğunun,  habelə  A,  B,  E  və  K  qrupu  vitaminlərinin  çatışmazlığının 



 

labüd  nəticəsi  ola  bilər.  Bundan  başqa,  herpes  virusu  təsirindən  qızdırma  yarandıqda 



onlarda  uçuq  meydana  gəlməsi  mümkündür.  Daha  çox  dodaqların  qırmızı  haşiyəsinin 

xarici  kənarları  boyunca  bir  neçə  şəffaf  qovuqcuğun  quruması  və  bərkiməsi  müşahidə 

edilir. 

Nazolabial  üçbucaqda  yaranan  sızanaq,  yara,  çiban,  səpgi  və  başqa 

xoşagəlməzliklərlə ehtiyatsız davranma elə dövrümüzdə də çox ağır dəyişikliklərə gətirib 

çıxara, hətta bəzi hallarda ölümlə nəticələnə bilir. Odur ki, burun və dodaq büküşlərinin 

əhatələndiyi  üz  nahiyəsinə  başqa  sözlə  «ölüm  üçbucağı»  («trigonum  mortis»)  deyirlər. 

Həmin  zona  əbəs  yerə  «ölüm  üçbucağı»  adlandırılmamışdır.  Məsələ  burasındadır  ki, 

tarixin  müxtəlif  dövrlərində  neçə-neçə  insan  məhz  bu  səbəbdən  həyatla  vidalaşmalı 

olmuşdur.  Buna  dair  tibbi  ədəbiyyatda  təsbit  edilmiş  məlumatlardan  bir  neçəsini 

xatırlamaq lap yerinə düşərdi. 

 

 



Şəkil 3. Böyükdə «ölüm üçbucağı» 

 

Təxminən  200  il  bundan  qabaq  Rusiya  imperatoru  Birinci  Pavelin  qızı, 



Vürtemberq  kraliçası  Yekaterina  Pavlovna  üzündə  burun-dodaq  üçbucağındakı  sızanağı 

müstəqil surətdə adi bir iynənin köməyilə aradan götürmək, çıxartmaq istəyir və buna nail 

olur.  Ancaq  çox  keçmədən  kraliçanın  vəziyyəti  pisləşir  və    onun  həyatını  xilas  etmək 

mümkün olmur. 

 


 

  



 

 

Şəkil 4. Yekaterina Pavlovna (solda) və Aleksandr Nikolayeviç Skryabin 



(sağda) «ölüm üçbucağı» ilə ehtiyatsız davranmanın qurbanı olmuşlar 

 

Yaradıcılığı XX əsr simfonik və fortepiano musiqisinin inkişafına mühüm təsir 



göstərmiş  məşhur  rus  bəstəkarı  və  pianoçusu  Aleksandr  Nikolayeviç  Skryabinin  burun-

dodaq  üçbucağında,  daha  dəqiq  desək  yuxarı  dodağında  furunkul  yaranır.  Musiqiçi 

furunkulu  sıxıb  çıxartmaq  istəyir,  lakin  bunu  uğursuz  edir.  Səmtsiz  sıxılan  furunkul 

pisləşir, karbunkul yaranır, bunun ardınca sepsisə keçir. Xəstənin vəziyyətinin pisləşdiyini 

görən  həkimlər  onu  əməliyyat  edirlər.  Lakin  artıq  gec  idi.  Bədən  temperaturu  yüksəlir, 

bunun ardınca sepsisə keçir və 1915-ci ilin 27 aprelində istedadlı musiqiçi 44 yaşında ikən 

dünyasını dəyişir. 

 

«Ölüm uçbucağı»nın təhlükəliliyinin səbəbləri 

 

Əlbəttə,  «üçbucaqdakı»  lüzumsuz  hərəkətlərin  qısa  vaxt  ərzində  ölümlə 



nəticələnməsi  səbəbsiz  ola  bilməz.  Tibb  ixtisası  olmayan  insanların  belə  ciddi  məsələ 

haqqındə düzgün təsəvvür əldə edə bilmələri üçün əvvəlcə qısa bir arayış təqdim edirik. 

Furunkul  tük  follikulunda,  piy  vəzisində  və  ətraf  birləşdirici  toxumada 

irintörədici bakteriyaların əmələ gətirdiyi kəskin irinli-nekrotik iltihabi prosesdir. 

Karbunkul  tük  kisəcikləri  və  piy  vəziləri  ətrafındakı  dərinin  və  dərialtı 

birləşdirici  toxumanın  kəskin  irinli-nekrotik  iltihabı  olub,  çox  tez  yayılmağa  və  ümumi 

intoksikasiya törətməyə qabildir.  

Meninqoensefalit baş beyinin maddəsi və qişalarının iltihabi prosesidir. 

Sepsis  yerli  infeksion  proses  zamanı  qana  yoluxucu  agent  və  yaxud  onun 

toksinləri düşdükdə buna cavab olaraq baş verən ağır gedişli sistemli iltihabi reaksiyadır. 

 


 

 



Şəkil 5. Burun üstündə yaranmış furunkul 

 

2007-ci  ildə  V.  P.  Litovçenko  tərəfindən  ərsəyə  gətirilmiş  «Burun-dodaq 



lokalizasiyalı travma yetirilmiş (sıxılmış) furunkulun müalicəsi haqqında məsələyə dair» 

adlı  məqalədə oxuyuruq:  «Xüsusən  gənc  qızlarda  zahirən  gözəl  olmaq  arzusu güclü və 

tükənməz  olduğundan  onlar  üzlərində  ən  balaca  ölçüdə  və  sanki  ziyansız  bir  sızanaq 

yarandığını görən  kimi  yubanmadan onu amansızcasına sıxmağa başlayırlar ki, belə bir 

müdaxilə bəzən çox acı nəticələrə gətirib çıxarır. Əgər sızanaq yerinə burunda və yaxud 

burun-dodaq  üçbucağında  təzəcə  başlayan  furunkula  travma  yetirilərsə  (ona  təzyiq 

edilərsə), belə hal xüsusən təhlükəli olur.  Məlum  olduğu kimi,  bu zonada venoz qan və 

limfa axını bilavasitə kəllə boşluğuna doğru istiqamət götürür və qarşısında heç bir maneə 

olmayan  infeksiya  ildırım  sürətilə  beyin  qişalarını  zədələyir.  Həkimə  gec  müraciət 

olunduğu təqdirdə belə pasiyeni ölümdən xilas etmək həddən ziyadə çətinləşir»*. 

Aparılan  tədqiqatların  nəticələrinə  əsaslanmaqla  nazolabial  üçbucağa  qarşı 

diqqətsizliyin həyatla bir araya sığmamasına dair bir neçə səbəb göstərmək mümkündür.  

Birincisi, üzün nazolabial hissəsi həm arterial, həm də venoz şəbəkəyə məxsus 

damarların və onların anastomozlarının xeyli sayda olduğu bir yerdir. Ostər sistemlərarası, 

istərsə  də  sistemlərdaxili  anastomozların  sayca  artıqlığı  nəzərə  çarpır.  Həqiqətən  üzün 

nazolabial hissəsinin vaskulyarizasiyası çox  yaxşı inkişaf edir.  Təhlükə həmin nahiyənin 

çoxlu  sayda  qan  damarları  ilə  təchiz  olunmasından  başlayır.  Buna  görə  üçbucaq  zona 

travma alan zaman çoxlu qanaxma baş verə bilər.  

İkincisi, bədənin digər hissələrindəki venalardan fərqli olaraq üçbucaq zonada 

yerləşən venaların qapaqları yoxdur.  

Üçüncüsü, kəllə boşluğundan venoz axının (daşınmanın) bir hissəsi üzün səthi 

venaları boyunca həyata keçirilir.  



 

Dördüncüsü,  qeyd  edilən  nahiyə  baş  beyin  venaları  ilə  birbaşa,  ən  qısa  yolla 



əlaqədə olur. Üzdəki qan damarları baş beyin damarlarına çox yaxın yerləşir. Venoz qan və 

limfa  axını  bilavasitə  kəllə  boşluğuna  doğru  istiqamət  götürür.  Buna  görə  hər  hansı 

səbəbdən,  məsələn,  furunkul  vasitəsilə,  yaxud  iltihabi  xəstəlik  nəticəsində  üzdə  irinləmə 

prosesi  gedərkən  nazolabial  üçbucağa  düşən  infeksiya  qarşısında  heç  bir  maneə 

olmadığından maksimal ölçüdə yararlanaraq venoz damarlarla ildırım sürətilə baş beyinin 

sərt  qişasının  kavernoz  sinuslarına  (mağaralı  ciblərinə)  keçə  və  yayılaraq 

meninqoensefalitlə  nəticələnə  bilər.  Üzdəki  burun-dodaq  zonasına  düşən  infeksiyanın 

kifayət qədər tez bir müddətdə beyinə nəqli baş verə bildiyindən ehtiyatlı olmaq lazımdır. 

 

 

 



Şəkil 6. Alt çənədəki sızanağın sıxılması 

 

Beləliklə, verilən məlumatdan bir daha aydın olur ki, nazolabial üçbucaq arterial 



və  venoz  anastomozların  sıx  olduğu,  travma  zamanı  massiv  hemorragiyanın  (çoxlu 

qanaxmanın)  baş  verdiyi  və  üzdə  irinləmə  (çirketmə)  prosesləri  gedərkən  infeksiyanın 

venoz damarlarla baş beyinin sərt qişasının sinuslarına yayılmasının mümkün ola bildiyi 

çox təhlükəli bir zonadır. 

 

Ölümdən qaçmaq üçün «uçbucaq»dakı xoşagəlməzliklərlə mübarizənin 

yolları 

 

Söz  yox  ki,  müasir  təbabətin  güclü  dərman  preparatları  və  təkmil  müalicə 



metodikaları  Avropada  iki  yüz  il  bundan  qabaq  insanların  həyatına  son  qoymuş  bir 

problemin öhdəsindən uğurla gəlmək  üçün  yetərlidir.  Amma  bütün bunlara rəğmən  tam 

sakitləşərək nazolabial üçbucağa necə gəldi münasibət bəsləmək olmaz. 


 

Uçbucaqda yara, irinlik, çiban yaranarsa, onu heç bir vəchlə deşmək, sıxmaqla 



möhtəviyyatını  çıxarmaq,  ona  təzyiq  etmək  olmaz.  Həmçinin  burun  tüklərini  dartmaqla 

çıxarmaq, dəridəki qara nöqtələri primitiv yolla kənar etmək, sızanaqları lüzumsuz şəkildə 

gizlətməyə  çalışmaq  fəsadlar  verə  bilər.  Ümumiyyətlə,  təmiz  olmayan  əllə  «üçbucağa» 

toxunmaq, orada xoşagəlməyən hər hansı bir şeyi qıcıqlandırmaq, «gözəllik düşmənlərini»  

sıxmaq, onları çıxartmağa çalışmaq kimi hallara heç bir şəraitdə yol verilə bilməz. Sızanaq 

və  ona  bənzər  digər  şeylərin  sıxılması  sayəsində  birləşdirici  toxuma  hüceyrələrinin 

çoxalması  stimullaşdırılır  (prosesin  sürətlə  getməsinə  təkan  verilir)  və  kiçik  bir  yaranın 

yerində çapıq yaranması ehtimalı artır. Kifayət qədər ciddi olan və orqanizmə sarsıdıcı təsir 

bağışlayan  ağırlaşmalar  yaranması,  hətta  insanın  ölməsi  onun  ən  faciəli,  dəhşətli 

nəticələridir. Beləliklə, burunda, dodaqda sızanağı sıxmaqla insan öz əllərilə həyatını çox 

böyük təhlükə qarşısında qoymuş olur. 

Üçbucaqda görünməsi istənilməyən  şeylərlə mübarizənin  yeganə düzgün  yolu 

təmizliyi  gözləmək,  əllə  toxunmaqdan  mümkün  qədər  qaçmaq,  aşağı  keyfiyyətə  malik 

kosmetik  vasitələrdən  istifadə  etməməkdir.  Sızanağın  üzərinə  tonal  krem  çəkməklə  onu 

gizlətməyə  çalışma  məqbul  sayılmayan  bir  tədbirdir.  Çünki  çəkilən  krem  oradakı 

məsamələri  tutmaqla  iltihabi  prosesin  daha  gərgin  xarakter  almasına  və  güclənməsinə 

səbəb  olur.  Belə  vaxtlarda  şirin  və  yağlı  yeməklərdən  mümkün  qədər  az  istifadə 

edilməlidir. Çünki həmin məhsullar dəridə piy hasilatını stimullaşdırır.  

 

____________ 



*Литовченко В. П. К вопросу о лечении травмированного (выдавленного) 

фурункула носогубной локализации // «Вестник оториноларингологии», 2007, № 6, 



стр. 53 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə