MüTTƏfiqlik haqqinda tarixi bəYƏnnamə


Prezident Vladimir Putinin bəyanatı



Yüklə 37,25 Kb.
səhifə2/5
tarix30.03.2022
ölçüsü37,25 Kb.
#54443
1   2   3   4   5
22.02.2022 TARİXİ GÜN

Prezident Vladimir Putinin bəyanatı

- Hörmətli İlham Heydər oğlu! Xanımlar və cənablar!

Azərbaycan Respublikasının Prezidenti ilə birgə indicə bizim tərəfimizdən imzalanan Rusiya və Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır. Bu strateji sənəd apardığımız danışıqların mərkəzi elementi və əsas yekunudur.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik.

Bu gün ikitərəfli gündəlikdə duran aktual məsələlərin bütün kompleksi ətraflı nəzərdən keçirildi. Biz hər şeydən əvvəl qarşılıqlı ticari-iqtisadi əlaqələrin artırılması imkanlarını və perspektivlərini müzakirə etdik. Qeyd edim ki, 2021-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir.

Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək. Həmçinin energetika, kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycana Rusiya işgüzar missiyalarını göndərməyi planlaşdırırıq.

Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar, Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar.

Sənayedə də səmərəli tərəfdaşlıq qurulub. Ötən il kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının və Bakı metropoliteninin qatarları texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis mərkəzi tikilir.

Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyətini bundan sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi.

Rusiya və Azərbaycan arasında tibb və əczaçılıq sahəsində əməkdaşlıq aktivləşib. Ölkələrimiz koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. Pandemiyanın ən kəskin dövründə Rusiyanın aparıcı tibb müəssisələrinin mütəxəssis briqadaları azərbaycanlı həkimlərə köməyə göndərilib. Respublikaya “Sputnik V” vaksinlərinin tədarükü təşkil olunub.

Humanitar sahədə də əməkdaşlıq ənənəvi olaraq yüksək səviyyədədir. Bu günlərdə Moskvada Azərbaycan Günlərinə start verilib. Bu tədbir çərçivəsində sərgilər, konsertlər, ədəbi qiraət və digər parlaq mədəni tədbirlər təşkil olunacaq. Öz növbəsində, martın əvvəlində Azərbaycanda iki ölkə gənclərinin növbəti Forumu keçiriləcək.

Biz respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Xatırladım ki, ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali məktəblərin əksəriyyətində rusdilli fakültələr fəaliyyət göstərir. Cənab Prezident danışıqların gedişində xatırlatdı ki, məktəblərin sayı 300 deyil, 340-dır. Biz bunu izləməyə və saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük əhəmiyyət veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbə, o cümlədən 1000-dən çoxu federal büdcə vəsaitləri hesabına təhsil alır.

Təbii ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə xüsusi diqqət yetirdik. Bildiyiniz kimi, dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib.

Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən çox qaçqın öz evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni obyektlərin mühafizəsi üzrə praktik məsələlər həll olunur.

Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan tərəfdən yüksək qiymət verilib. Bizim sülhməramlılar vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə işləri aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə kömək göstərirlər. Rusiyalı hərbi həkimlər koronavirus əleyhinə profilaktik tədbirlər, o cümlədən Rusiya preparatları ilə vaksinləmə həyata keçirirlər.

Regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə açılmasına bundan sonra da kömək göstərmək barədə razılaşdıq. Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri ilə sərnişin və yük daşımalarının tam həcmdə bərpasından, ticarət, sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret birgə layihələrin icraya hazırlanmasından gedir. Bu prosesin bütün iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki, Ermənistanın və Azərbaycanın bütün qonşuları bunda maraqlıdırlar.

Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Rusiya öz tərəfindən, yuxarıda adları çəkilən bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək. Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik.

Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları var.

Sonda İlham Heydər oğluna bu gün məhsuldar birgə işə görə minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, bu gün əldə olunan razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.




Yüklə 37,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin