Əvəzedici məhsulların yaradacağı təhlükələr dedikdə firmanın istehlakçıta təqdim etdiyi malın başqa malla əvəz edilməsi yaxud istehlakçının ehtiyaclarının əvəz edilməsi, habelə əmtəə kateqoriyasının əvəz edilməsi imkanları və mümkünlüyü nəzərdə tutulur. Əvəzedici məhsulların yaradacağı təhlükənin dərəcəsi aşağıdakılardan asılıdır:
əvəzedici məhsulların mövcudluğu və əlçatanlığı,
keyfiyyət və başqa xarakteristikaları üzrə əvəzedici malların rəqabət qabiliyyətliliyi,
əvəzedici məhsula keçid zamanı istehlakçının xərcləri:
daha yüksək qiymət,
sınaq (yoxlama) müddəti,
yeni (əlavə) avadanlığa ehtiyac,
mənəvi xərclər.
Firmanın bazara nəzarət imknları çox böyük olduqda əvəzedici məhsullar firma üçün rəqabət təhlükəsi yaratmır.
Tədarükçülərin bazar gücü müəyyən edən amillər:
tədarükçülərin və tədarük olunan malların sayı;
bazarda tədarükçülərin təmərküzləşmə səviyyəsi;
tədarük xərcləri;
tədarük olunan malların əvəzedicilərinin mövcudluğu,
başqa tədarükçüyə keçidin məsrəfləri,
malgöndərənlər üçün zəruri olan minimum tədarük həcmi;
Tədarükçülər müqavilələrin bağlanması zamanı qiymətlərin qaldırılması yaxud göndərilən malın keyfiyyətinin azaldılması yolu ilə bazar iştirakçılarına təzyiq göstərirlər. Tədarükçülərin gücü tədarük şərtlərinin (qiymət və keyfiyyət) dəyişdirilməsi istiqamətində istehsalçı firmalara təzyiq göstərmək qabiliyyətindən asılıdır. Tədarükçünün göndərdiyi malların əvəzediciləri az olduqda və ya heç olmadıqda, habelə alıcı şirkət üçün mühüm əhəmiyyət kəsb etdikdə (bu halda spesifik aktivə çevrilir) tədarükçünün daha güclü təzyiq göstərmək imkanı yaranır. Adətən belə hallarda əsas firma şaquli inteqrasiyaya meyl edir.
Sahə bazarında alıcıların da bazar gücü özünü göstərə bilər. Alıcıların bazar gücünü müəyyən edən amillər aşağıdakılar aid edilə bilər:
alıcıların sayı və təmərküzləşmə səviyyəsi;
alıcıların ərazi strukturu;
alıcıların informasiya təminatı;
əvəzedici məhsulların mövcudluğu, qiyməti və əlçatanlığı.
Aşağıdakılar alıcıların qiymət həssaslığı amilləri hesab edilir:
ticarət markasının (brendin) tanınası;
rəqiblərin mallarında olan fərqlər;
məhsulların istehlak xarakteristikaları;
alıcıların gəlirləri və ödəmə qabiliyyəti;
alıcıların qərarlarının qəbul edilməsi motivləri və s..
Porterin “rəqabətin hərəkətverici qüvvələri” modeli firmanın bazar davranışı və inkişaf strategiyasının hazırlanmasında istifadə olunur və praktik tətbiq baxımından səmərəliliyini təsdiq etmişdir.