Orfoqrafiyanın prinsipləri. Orfoqrafiya prinsipləri orfoqrafiya qaydalarının istiqamətləndirici əsaslarıdır. Hər bir dilin orfoqrafiya qaydaları dil vahidlərinin orfoqrafiya prinsipləri ilə uzlaşdırılması əsasında müəyyən edilir. Dil vahidləri isə çox müxtəlifdir; xüsusən səs, səslər birləşməsi, heca, şəkilçi, şəkilçilər birləşməsi, sadə, düzəltmə və mürəkkəb sözlər, söz birləşmələri, qısaltma sözlər... orfoqrafiya qaydalarının müəyyənləşdirilməsi işində nəzərə alınması, orfoqrafik prinsiplərlə uzlaşdırılması zəruri olan dil vahidləridir.
Orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunan prinsiplər əsasən aşağıdakılardır:
1.Fonetik prinsip. 2.Morfoloji prinsip. 3.Tarixi-ənənəvi prinsip. 4.Fərqləndirici prinsip. 5.Etimoloji prinsip. Lakin bu və ya digər dilin orfoqrafiya qaydalarını müəyyənləşdirərkən bu prinsiplərin hamısından eyni dərəcədə istifadə olunmadığı kimi, xüsusən əsrlər boyu yazılı ədəbi dil tarixi olan dillərin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində təkcə bir prinsiplə məhdudlaşmaq da mümkün deyildir. Belə bir cəhəti də yada salmalıyıq ki, müəyyən bir dildəki bu və ya digər vahidin orfoqrafiya qaydasını müəyyənləşdirərkən ancaq bir prinsipə əsaslanmaq zəruri olsa da, bəzən tək bir prinsiplə məhdudlaşmaq olmur, yəni bu və ya digər dil vahidinin, xüsusən bəzi şəkilçilərin, alınma sözlərin və söz birləşmələrinin yazılı qaydalarını müəyyənləşdirərkən eyni zamanda bir neçə prinsipdən istifadə etmək lazım gəlir. Məsələn, Azərbaycan dilindəki cəm şəkilçisinin əvvəlindəLsəsinin yazılması morfoloji prinsip ilə əlaqədardır. Lakin –lar, -lər halında iki variantda yazılması ahəng qanununun tələffüzdəki təzahürü kimi fonetik prinsipilə əlaqədardır
Beləliklə, aydın olur ki, orfoqrafiya qaydalarını təkcə bir prinsip əsasında qurmaq mümkün deyildir. Lakin bunu da nəzərə almaq lazımdır ki, hər bir dilin orfoqrafiya qaydalarını düzəldərkən bir sıra prinsiplərdən istifadə olunsa da, bunlardan biri, ikisi və ya üçü əsas prinsip, digərləri isə yardımçı, ikinci dərəcəli prinsip sayılır.
Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları, əsasən üç prinsip üzərində, yəni fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplər üzərində qurulmuşdur.