Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi



Yüklə 209,22 Kb.
səhifə12/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   80
Ali mekteb Pedaqoqikasi

4. Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi.
Dünyada gedən qloballaşma təhsil sahəsində də özünü göstərir. Azərbaycan təhsili, o cümlədən ali təhsil, dünyada gedən proseslərə daha sürətlə inteqrasiya olunur. Bu, çox müxtəlif sahələrdə – təhsilin məzmunundan, texnologiyalarından tutmuş idarəetmə sisteminədək özünü büruzə verir. Respublikamızın ali təhsil sistemi Boloniya prosesinə qoşulmuşdur. Boloniya prosesi Avropa təhsil zonası yaratmağa, Avropa Birliyinə daxil olan ölkələrdə vahid ali təhsil sistemi, intellektual-mədəni əlaqələr sistemi formalaşdırmağa yönəlmişdir. 1999-cu ilin iyun ayında 30 Avropa ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində ümumavropa təhsil sisteminin gələcək inkişaf tendensiyalarını rəsmi surətdə təsdiqlədi. Boloniya Deklarasiyasının əsas müddəaları nədən ibarətdir? Onları qısa şəkildə nəzərdən keçirək.
1. İki-üçpilləli ali təhsil sisteminin tətbiqi. Boloniya prosesi ümumavropa ali təhsil məkanı üçün ümumləşdirilmiş ixtisaslar strukturunun işlənib hazırlanmasını nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın ali təhsil pilləsində üçmərhələli struktur həyata keçirilir: bakalavriat, magistratura, doktorantura. Elmi dərəcələrin verilməsində də Avropa modeli əsas götürülür: bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru.
2. Kredit sisteminin tətbiqi. Boloniya prosesi kredit sisteminə əsaslanır (kredit latınca “creditum” – borc deməkdir). Tələbə ixtisas üzrə tədris planında müəyyən edilmiş fənlərdən nəzərdə tutulmuş saatları yerinə yetirməklə kredit ballarını toplamalı, imtahanları verməlidir. O, tədris planındakı fənləri hər semestr üçün özü seçir və illik fərdi tədris planı tərtib edir. Hər semestrdə 30 kreditə qədər fənn seçməklə 25.VI-dan 10.VII-dək fərdi tədris planı tutulur (kreditlərin sayı 38-i aşmamaqla) və dekanlığa təqdim olunur. 1 kredit 22,5 saatdır; onun 15 saatı auditoriya məşğələlərinə, 7,5 saatı auditoriyadankənar müstəqil işə ayrılır. Həftədə auditoriya dərsləri 30 saat (gündə 6 saat), auditoriyadankənar iş 15 saat (gündə 3 saat) hesabı ilə planlaşdırılır. Tələbə kredit saatlarını yerinə yetirdikdən sonra keçdiyi fənlərdən imtahan verir. Tələbə hər fənn üzrə imtahana qədər və imtahanda azı 51 bal toplamalıdır; bu baldan aşağı olduqda o, krediti toplamamış hesab olunur. Müəyyən fəndən akademik borcu qalan tələbələr üçün yay semestri təşkil oluna bilər (6 həftəlik). Bu müddətdə müəllim mühazirə və məşğələlər yolu ilə tələbələrə proqram materiallarını təkrar keçir. Növbəti semestrin əvvəlində həmin fənn üzrə təkrar imtahan götürülür. Bu dəfə də kəsilən tələbələr həmin fənni növbəti ildə yenidən keçməli olurlar (dərs gününün bir növbəsində, məsələn, I növbədə öz məşğələlərində, digər növbədə – II növbədə isə aşağı kursda akademborcu qalan fənnin məşğələlərində iştirak edirlər). Növbəti tədris ili üçün fərdi plan tərtib edərkən tələbə buraya, ilk növbədə, əvvəlki ildən (illərdən) akademborcu qalan fənləri daxil edir. Tələbə təhsil müddətində ixtisasdan asılı olaraq 200 – 250 kredit toplamalıdır. O, bu kreditləri 7 ilə toplaya bilməsə, bəzi fənlərdən – ümumpeşə və ixtisas fənlərindən topladığı kreditləri itirir və onları yenidən toplamalıdır (mühazirə və məşğələlərdə yenidən iştirak etməli, imtahanları yenidən verməlidir). Tələbələr fənni və müəllimi seçmək hüququna malikdirlər. Hər hansı fənn üzrə lazımi sayda tələbə seçim etməsə, həmin fənn illik fərdi plana daxil edilmir. Əgər normadan çox tələbə müəyyən fənni seçirsə, bu halda ikinci qrup yaradılır və əlavə müəllim dəvət edilir.
3. Təhsilin keyfiyyətinə nəzarət. Boloniya prosesi təhsilin keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiqini, bu məqsədlə təhsil sistemində Akkreditasiya Agentliyinin yaradılmasını nəzərdə tutur. Azərbaycan Respublikasında Təhsil Qanununa əsasən (16-cı maddə), təhsil müəssisələrinin akkreditasiyası xidməti yaradılır. Təhsil Nazirliyinin dövlət akkreditasiya xidməti təhsilin keyfiyyətinə nəzarəti həyata keçirir, təhsilin keyfiyyət səviyyəsini qiymətləndirir.
4. Mobilliyin genişləndirilməsi. Boloniya prosesi Avropa təhsil məkanına daxil olan ölkələrin tələbə, magistr, doktorant və professor-müəllim heyətinin qarşılıqlı əməkdaşlığını, tələbələrin Avropa universitetlərində sərbəst təhsil almasını, mütəxəssislərin istənilən Avropa ölkəsində işləməsi üçün imkan yaradılmasını nəzərdə tutur. Bu məqsədlə ali məktəblərin tələbə və mütəxəssislərinin Avropa təhsil məkanında sərbəst və çevik hərəkətini – mobilliyini (mobillik latınca “mobilic” – mütəhərrik, çeviklik deməkdir) təmin etmək vacib şərtdir.
5. Dərəcələrin tanınması, məzunların işə düzəlməsinin təmin olunması. Boloniya prosesinin mühüm istiqamətlərindən biri ali məktəb məzunlarının işlə təmin olunması, Avropa məkanında iş yerləri ilə bağlı sərbəst seçim, sərbəst hərəkət etmək imkanın yaradılmasıdır. Avropa təhsil zonasına daxil olan ölkələrin universitetlərini bitirən gənc mütəxəssislərin istənilən ölkədə işləməsi üçün şərait yaradılır, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınması proseduru həyata keçirilir.
6. Fasiləsiz təhsil və ya ömür boyu təhsil – Avropa təhsil zonasının mühüm elementini təşkil edir. Fasiləsiz təhsilin strukturunda iki mərhələ özünü göstərir: baza təhsili və əlavə təhsil. Bu yarımsistemlərin hər biri müxtəlif formalarda qurulur: əsas və paralel, dövlət və qeyri-dövlət təhsil müəssisələri, habelə ixtisasartırma, stajkeçmə, məsafədən təhsil və s. Boloniya prosesinin göstərilən prinsiplərinin kompleks şəkildə həyata keçirilməsi respublikamızın ali təhsil sisteminin Avropa təhsil məkanına tam inteqrasiyasını təmin etməyə imkan verəcəkdir.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin