Mühazirə a tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 184,85 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix26.02.2017
ölçüsü184,85 Kb.
#9661
növüMühazirə
1   2   3

B

Yazı və kitab

Yazının kəşfi

Bəşəriyyətin ən böyük kəşfi nədir? Bəşəriyyətin əldə etdiyi, qazandığı ən böyük uğur nədir? Dünyanı 

dəyişdirən əsas güc nədir? Bu eynigüclü sualların çox müxtəlif cavabları ola bilər. Hərə öz 

dünyagörüşünə, düşüncəsinə, təcrübəsinə, inamına görə öz cavabını verəcək. Və cavabların çoxu da düz 

olacaq, çünki bəşəriyyət böyük yol keçib, çox böyük uğurlar qazanıb, bir kəlmə ilə, tək bir səbəblə onu 


tam izah etmək çətin işdir. Odun kəşfi, heyvanların əhliləşdirilməsi, təkərin kəşfi, təbiətin dili sayılan 

riyaziyyatın yaradılması – kim bunların bəşəriyyətin bu günə gəlib çatmasında həlledici rollarını inkar edə

bilər? Bəs yazının və kitabın icadı? Bəs mətbəənin, yəni kitab çapının icadı? Bəs tüfəng, top, tankdan 

başlamış atom bombalarına qədər uzanan silahların yaradılması? Bəs teleskop və mikroskopun kəşfi? Bəs 

ümumdünya cazibə qüvvəsinin, buxar maşınının və ya elektrikin kəşfi? Bəs musiqi alətlərinin kəşfi? Bəs 

pulun kəşfi? Bəs quru, su və hava nəqliyyatı -avtomobil, dəmir yolu və təyyarələrin kəşfi? Bəs telefon, 

radio, televiziya? Bəs kompüter və proqlaşdırma dillərinin, internetin kəşfi? Bəs atom quruluşunun, 

genetik kodun kəşfi? 

Dünyanı dəyişdirən ən böyük güc, bəşəriyyətin qazandığı ən böyük uğur barədə düşünərkən birinci 

növbədə yazının kəşfi və kitab ağlıma gəlir. Yazı fikri, ideyanı, məlumatı məkan və zaman üzrə  

göndərməyə imkan verdi. Yazı ünsiyyəti kütləviləşdirdi. Yazı və kitab vasitəsilə bəşəriyyət qazandığı 

təcrübəni, əldə etdiyi nailiyyətləri sonrakı nəslə ötürə bilir; bu, tərəqqinin davamlı olmasını şərtləndirir. 

Yazı və kitab təhsil sisteminin, yəni biliklərin öyrədilməsi sisteminin yaradılmasına, uğurların üst-üstə 

gəlməsinə gətirib çıxardı. Yazı və kitab bəşəriyyətin getdiyi yoldur. Kitab-bəşəriyyətin yaddaşıdır. Kitab 

həm yeni kəşflərin əsasında dayanmış, həm də insanın duyğu aləmini qidalandırmışdır. Bilik və zövq! J.P 

Sartre (Sözcüklər): Yaza bilmək-dünyanı fəth etmək yollarından birinə sahib olmaq deməkdir.

Qədim dünyada Misirdən başlamış Çinə qədər uzanan mədəni zolaqda yazı sistemi yarandı.

Minlərlə dil var, amma 200 ətrafında xalqın yazı sistemi var. 

Əlifba ilə yanaşı riyazi işarələr və musiqi notları elmi və mədəniyyəti xüsusi böyük yola çıxaran yazı 

sistemi oldu. İndi istifadə etdiyimiz rəqəmlər (1, 2, 3, ...9,...) hindlilərdən İslam aləminə, oradan Avropaya 

keçib.

Mesopotamiyada yazı

Bizim eradan əvvəl 4-cü, yəni zamanımızdan əvvəlki 6-cı minillikdə Mesopotamiyada (İki çay arası) - 

Dəclə və Fərat çayları arasında, Cənubda-Bəsrə körfəzi yaxınlığında yaşayan Şumerlər (Sumerlər) yazını 

kəşf etdilər. S. Kramer: “Tarix Şumerdən başlayır” (çünki yazı şumerdən başlayır). Şumer adını akkadlar 

qoymuşlar. Şumerlər özlərini “un san qiqa”, yəni “qara başlı adamlar” adlandırırdılar. Hesab-mühasibət 

sənədi sayılan Uruk tableti hələlik məlum olan ən qədim yazı nümunəsi sayılır. Şumer yazısı piktoqrafik 

(şəkilvari) yazı idi. Öküzü ifadə etmək üçün öküz başı çəkilmişdi (təbii ki, bir qədər sxematik). Sonra bu, 

yazı vasitələrindən istifadə və mücərrəd düşüncənin məhsulu kimi dəyişdi.



Bir sıra piktoqramlar yanaşı qoyulduğunda bir fikir ifadə etmək olurdu. Buna ideoqram, yəni düşüncə 

yazısı deyilir. Əvvəlcə təqribən 1500 piktoqram vardı, sonra bunların sayı təqribən 600-ə endi. Sonra 

Şumerlər gilin və qamışın bol olduğu bu yerlərdə ucu kəsik iti (bir ucu enli, digər ucu nazik) qamış/bəzən 

metal çubuğla,qələmlə yumşaq gil lövhənin üzərinə basmaqla həmin piktoqramları yazmağa başladılar 

(çivi və ya mixi yazı/cuneiform). Dilləri yapışqan və ya bitişik (aqqlyutinativ) qramatik quruluşa malik 

olan şumerlərə bu yazı üsulu rahat idi. Semit qrupuna daxil olan Akkadlar bu yazını mənimsədilər. Onlar 

get-gedə sayca üstünlük təşkil etməyə başladılar. İlkin piktoqram (öküz başı) bir neçə hissədən ibarət 

olaraq, hər hissə çubuğun vurduğu bucaqlı damğa ilə əvəz edilmiş, get-gedə sadələşdirilmiş, yəni 

mücərrədləşdirilmişdi. 

Bu, piktoqrafik yazının aradan qalxması və simvolik yazının yaranması idi. Bu, mücərrəd, sadə və həndəsi

yazı sistemi idi. Məsələn, kəsişən iki xətt düşmənçiliyi, paralel iki xətt dostluğu göstərirdi. 

Bu cür (əlifbadan fərqli) yazı vahidlərinə çox zaman xarakterlər deyilir. Bu yazı sistemi ətraf dünyaya - 

qədim elam, hetit (hind-avropa dili), köhnə fars və digər dillərdə də yayılmış, tətbiq olunmuşdu. 

Ucları müxtəlif şəkilli olmaqla müxtəlif növ (3 növ?) qələmlər işlənilirdi; üçbucaq uclu, ücbucağın bir 

təpəsini nazikcə uzatmaq üçün iti uclu və dairəvi uclu qələmlər vardı. Sonuncular sayları ifadə etmək üçün

işlənilirdi. Bu - pazşəkilli (üçbucaq uclu), mixi və ya çivi yazı adlanır. Yaş gil üzərində yazıları günəşdə və

ya sobada qurudurdular. Şumerlər və sonra Mesopotamiyanın şimalından axın edib hakimiyyəti ələ alan 

samidilli akkadlar və bir qədər sonra yaranan babil və asuri dövlətləri məktublaşma və poçt sistemi 

qurdular (gildən zərflər düzəldilirdi!). B.e.ə. 2000-ci il ətrafında artıq şumercə danışıq dili yox olmuş


akkad dili hakim dilə çevrilmişdi. Lakin şumer dili təqribən iki min il ərzində müqəddəs mətnlərin dili, 

elmi-ədəbi dil kimi işlənilməkdə davam etdi. 

Hesab kitabları, ticarət kitabları, dualar, ədəbiyyat yazılırdı, məktəblər fəaliyyət göstərirdi. Gilqamış 

dastanı!-əsas hissəsi b.e.ə. 7-ci əsrdə mövcud olan Aşşurbanipal kitabxanasında, Ninovada və ya 

Nineviyada tapıldı; mətndə kəsilmələr var.   

Gümüş, metal və digər lövhə və qablar üzərində də yazılar işlənilirdi. Daş üzərində şəkil, heykəlcik və 

yazılar xüsusi (daha çox siyasi) məqsədlərlə hazırlanırdı. Tikili daşlar üzərində yazılar hökmdarın gücünü 

və qanunları nümayiş etdirə bilirdi. Babil hökdarı Hammurapi (b.e.ə. 1750-də ölüb) qanunları tarixdə 

məlum olan ilk qanun məcəlləsidir. Hündürlüyü 2,4 m olan dionit daşın iki tərəfində yazılmış bu abidə 

Parisdə, Luvr muzeyində saxlanılır. Digər qədim nüsxələri də mövcuddur. 



Misirdə yazı

Misir heroqlifləri canlı şəkillərə əsaslanırdə; insan, cürbəcür heyvan və bitki aləmi ifadə vasitəsi kimi 

işlədilirdi. Yunanca “hieros” - müqəddəs, “glupoin” –qazımaq deməkdir. Yəni, heroqlif müqəddəs  yazı, 

tanrı yazısıdır. Bu cazibəli, şairanə, bəzəkli yazı sistemi b.e.ə. 3-cü minillikdə yarandı. Əvvəllər təqribən 

700 heroqlif vardısa, sonralar (Roma işğalı baş verən 4-cü əsrdə) bu say 5000-ə yaxın oldu. Üç növ 

heroqlif vardı: əşya və canlıları, fikri ifadə edən piktoqamlar, səsləri ifadə edən fonoqramlar (səsyazı) - bir,

iki və ya üç hərfi ifadə edən yazı vahidləri və nəyin (əşya, varlıq,..) əsas mövzu olduğunu göstərən 

işarələr. Misir yazısı adətən sağdan sola oxunurdu. Lakin tanrılar, insan başları və quş dimdikləri yazıda 

sanki cazibə mərkəzi rolu oynaya bilərdilər, yəni yazı onlara doğru oxunurdu, o cümlədən, soldan sağa, 

aşağıdan yuxarı, yuxarıdan aşağı istiqamətdə oxuna bilərdi. 

Misirdə yazı əsasən papirus üzərində yazılırdı. Papirus Nil deltasında yetişən bitkidir. Ondan hörmələr

səbətlər, masa, yelkən və s düzəldirdilər. Bitkinin sap, lif və ya telləri vardı. Bu saplar kəsilib eni kiçik, 

uzunu böyük bir dilim şəklində üst-üstə (perpendikulyar) gətirilir, hörgülənir, yapışdırılır, təzyiq altında 

(nəmləndirib) düzləşdirib qurudulur, cilalandırılır, parıldadılırdı. Onlar nişasta xəmiri ilə bir-birnə 

yapışdırılır, bir neçə metr uzunluğunda lülə-rulon alınırdı (zamanımıza gəlib çatmış 40 metr uzunluğunda 

papirus məlumdur). Qələm qamışdan düzəldilirdi (təqribən 20 sm uzunluğunda). Tüstü tozundan, 

yapışdırıcı maddə və sudan sürmə-qara mürəkkəb düzəldilirdi. Mətnin başlıqları (və tanrıların adı) qırmızı

mürəkkəblə (qırmızı rəngli təbii civə 2-sulfid tozundan düzəldilmiş) yazılırdı. Papirus dövlət nəzarətində 

idi, çox bahalı idi və xaricə satmaqla Misirə böyük gəlir gətirirdi. Bir çox hallarda papirusdan köhnə 


yazıları silib üstündən yenilərini yazırdılar. Cilalanmış və boyanmış, saxtiyan deyilən dəri yazı materialı 

olaraq daha bahalı idi və ancaq çox mühüm mətnlər üçün işlənilirdi.

Qədim zamanlardan başlayaraq daha sürətlə yazıla bilən sistem üzərində də iş gedirdi. Kahinlərin istifadə 

etdiyi daha da sadələşdirilmiş, mücərrəd və işlək Hyerotik yazı mövcud idi. Sonralar (b.e.ə. 7-ci əsrin 

ortalarında) bir qədər də sadələşdirilmiş işlək “demotik yazı”, yəni “xalq yazısı” da meydana çıxdı. 

Burada işarələr ilkin mənasından uzaqlaşmışdı. Hər iki yazı sağdan sola oxunur. Misir yazısını ilk dəfə 

Champollion (1790-1832) oxumağı bacardı. O, üstündə üç cür yazı -heroqlif (yuxarıda), hiyeratik/demotik

(ortada) və yunanca (aşağıda) yazı olan “Rozetta daşını” oxudu və 1822-ci ildə onun tərcüməsini nəşr 

etdirdi. Bu yazılı daş İskəndəriyyə yaxınlığındakı Rəşid (“Rozetta”) məntəqəsində tapılmış bu yazılı daş 

Londonda Britaniya muzeyində saxlanılır (hündürlüyü 114 sm, eni 73 sm). Misirdə yaşamaqda olan 

koptların (kıptıların) danışdığı dil və işlətdikləri yazı bu kəşfə kömək etmişdi. 

Misir və İslam dünyasında ərəb əlifbası köhnə Misir yazısını əvəz etdi.



Çin və onun ətrafında yazı

Çində yazı təqribən 4000 il əvvəl piktoqrafik yazı olaraq meydana çıxdı və təqribən 1800 il əvvəl tam 

sistemləşdi və bu gün də Çin həmin yazını işlədir (müəyyən sadələşmə və dəyişmələr təbii olmaqla)!! 


Yuxarıdan aşağıya sütunlar şəklində yazılırdı. Xalq və ya küçə Çincəsi soldan sağa, şeir və elm mətnləri 

yuxarıdan aşağıya, həmçinin sağdan sola oxunur. Çağdaş yazı vahidləri kvadratlar içindədir. Yazı mənanı 

bildirən bir açar (214 açar piktoqram var) və tələffüzü bildirən bir işarə vasitəsilə həyata keçirilir. 

Dünyanın ən uzunömürlü sivilizasiyası olan Çin bir qədər təcrid olunmuş vəziyyətdə olmuş, İkiçayarası və

Misir mədəniyyətlərindən faydalanmamış (və ya çox az faydalanmış), sivilizasiyalar estafetinə 

qatılmamışdır (demək olar ki). Çin yazı sistemi xalqı birləşdirən, dövləti monolit edən çox mühüm 

səbəblərdən biridir!

Dara (Dariuş) və Bisutin yazısı,Hindistanda bambuk lövhələr üzərində yazı və s yazı sistemlərindən 

söhbət açmaq mümkündür. Türkcə ilk böyük yazılı abidələr (əlifba ilə!) sayılan, Tonyukuk və Yolluq 

Teqin tərinidən yazılmış Orxon-Yenisey daş kitabələri Monqolustandadır.



Əlifba

Mixi yazı, Misir və Çin yazı sistemi sözləri və hecaları ifadə edə bilən işarələr üzərində qurulmuşdu. 

Əlifba Mixi yazıların və Misir demotik yazılarının sadələşdirilməsi prosesində ortaya çıxa bilərdi (belə bir

ehtimal var). Əlifba ilə, yəni səsləri ifadə etməklə 30 ətrafında işarə-hərflə istənilən söz və fikir yazıla 

bilir. Finikiya əlifbası (ilk bizə məlum əlifba –təqribən BEƏ 1200) samitlərdən (səssizlərdən) ibarət idi. 

Onlar az sayda səslilərlə birlikdə dildə işlənilən səsləri əhatə edirlər. Sonra Arami ölkəsində (bugünkü 

Suriyədə) arami əlifbası meydana çıxdı (təqribən BEƏ 800). Bu, sonralar İbrani dilində Əhdi-Ətiqin 

(Bibliyanın birinci hissəsi-Köhnə Saziş`in) yazıldığı sağdan sola oxunan əlifba oldu. Ərəb əlifbası da eyni 

kökdəndir, finikiya əlifbasından törəmə sayılır. İlk ərəb yazısının 512-513-cü illərə aid olduğu güman 

edilir.


Oxuyan adam səssizlərin arasında uyğun səslini təsəvvür edib oxumalıdır. Sami dillərində səslilər azdır. 

Ona görə oxuyarkən səslini təsəvvür etmək dəhşətli dərəcədə çətin deyil. Yunanlar Arami hərflərindən öz 

səsli hərflərini (A-alfa, E-epsilon, O-omeqa, Y-yupsilon, sonra isə I-iota; sonuncunu özləri) düzəltdilər; 17

səssiz, 7-səsli hərf oldu. Yunanlar keramika üzərində çox yazırdılar. Yunan yazısı ilə böyük elm, fəlsəfə və

ədəbiyyat meydana çıxdı. Yunan əlifbasına yaxın bir əlifba işlədən etrusk xalqının dili hələ elmə məlum 

deyil. Latın əlifbası b.e.ə. 3-cü əsrdə meydana çıxmışdır, onun yunan və ya etrusk əlifbası vasitəsilə 

yaradıldığı güman edilir. Kiril əlifbası da eynilə. Finikiyalılardan əvvəl də hansısa bir əlifbanın varlığı 

inkar edilmir. Hindistandakı Brahmi yazısı da əlifba üzərindədir, səsli və səssiz hərflərdən ibarətdir, soldan

sağa yazılır (sanskrit və hindu yazıları bu əlifbaya əsaslanır). Bu yazının finikiya təsiri ilə yarandığını 

iddia edənlər var. 



Perqament və kağız

Perqamentin vətəni Perqam şəhədir (xarabaları indiki İzmir ətrafındakı Bergama`nın yaxınlığındadır). 

İranda BEƏ 5-ci əsrdə dəri üzərində yazı-diftera yunanlara da çatmışdı. Aleksandriya və Perqam 

kitabxanaları bir-biri ilə yarışır, rəqabətdə idilər. Ptolomeylərpapirusun Misirdən kənara çıxmasını 

qadağan etdilər. Perqamda müxtəlif heyvan (qoyun, dana, keçi, donuz, hətta ceyran, maral,...) dərilərindən 


yazı materialı hazırlamaq texnikası inkişaf etdirildi (“perqamene” yunanca “Perqam dərisi” deməkdir). 

Əhəngdə saxlayıb yumaqla dərini zədələmədən tükləri çıxarırdılar. Sonra cilalayır, hamarlaşdırır, təbaşir 

tozu, un, zülal, süd kimi vasitələrlə dərinin yağını alır və rəngini açıqlaşdırırdılar. Kağız dövrü başlananda 

da Avropada perqament üzərində yazı işi bitməmişdi, mətbəə dövründə belə Bibliyanın dəri üzərində 

nüxələri hazırlanılırdı. Vellum (velin?) adlandırılan və adi perqamentdən daha zərif olan yazı materialı 

quzu və buzov dərisindən alınırdı (o dövr fransızcasında dana demək olan “veel” sözündəndir). 

Perqamentin iki tərəfində də yazmaq və həmçinin pozub təzədən yazmaq kimi üstünlükləri də vardı! 

Perqamentdə qaz lələyi ilə yazırdılar. Perqament kitabların (səhifələrin) santimetrlə ölçüsü ən çox (35-

50)x(25-30) olurdu. Amma perqament çox bahalı material idi, bir iri kitabın yazılması 1000 dəri tələb edə 

bilərdi. 

751-ci il Xəlifə və Çin orduları arasındakı Talas savaşı (İndiki Qırğızıstan və Qazaxıstandakı Talas çayı 

vadisində) nəticəsində müsəlmanlar Çində çoxdan mövcud olan kağızla rastlaşdılar. Talas savaşında əsir 

düşən çinlilər İslam aləminə kağız texnologiyasını gətirdi. Çində artıq 2-ci əsrdə kağız hazırlandığı güman

olunur. Çinlilər kətan liflərindən və bənzər xassəli tropik bitkilərdən kağız alırdılar. Bu liflər yuyulub 

əzişdirilir, su və nişasta ilə hopuzdurulur və “kağız xəmiri” alınırdı.

Qeyd edək ki, k

arkuklar Çin tərəfdən İslam ordusu tərəfə keçmiş (Çin ordusunun yarıdan çoxu karluklardan 

ibarətdi), bununla müsəlmanların qələbəsini təmin etmişdilər. Lakin türklərin elliklə islama keçməsi 10-cu

əsrdə baş verəcəkdi.

C.

    

Misir və Mesopotamiyada riyaziyyat, astronomiya və təqvim

          Qədim dünyada səmanın müşahidə olunması

Ən qədim dövrlərdə bəşər övladı təbiətdə, həyatda daimi və dövri olaraq baş verən hadisələri, məsələn, gecə 

və gündüzün, yaz, yay, payız və qışın bir-birini əvəz etməsinin şahidi olmuşdur. O, daha irəli gedərək bu 


dövri hadisələrin göydə baş verən hadisələrlə, məsələn, Günəşin, Ayın, bəzi ulduzların doğuşu və hərəkəti ilə 

birbaşa əlaqəli olduğunu dərk edir, bu əlaqəni anlamağa, şərh etməyə çalışırdı. Gün (Yerin öz oxu ətrafında 

fırlanma vaxtı; qədimdə isə Günəşin Yer ətrafında bir tam dövretmə müddəti) birinci, “Ay ayı” (Ayın Yer 

ətrafında tam dövrü müddəti) ikinci və il (Yerin Günəş ətrafında tam dövr müddəti; görünüşdə Günəşin Yer 

ətrafında tam dövrü müddəti) üçüncü zaman ölçüsü oldu. Günəşin göydə hündürlüyü və yeri ilə gündüz vaxtı 

təyin etmək olurdu. Gecə isə Ayın hərəkəti və müəyyən ulduzların vəziyyəti ilə vaxtı (o cümlədən ayı və ili) 

və istiqaməti təyin etmək mümkün olurdu. Günəş, Ay və ulduzlara pərəstiş edirdilər. 

Mövsüm işləri ilə əlaqədar təqvimə yaranan böyük ehtiyac, quruda və gəmidə bir qədər uzaq səfərə çıxarkən 

istiqaməti və yolu düz seçmək, ulduzların düzülüşü və planetlərin hərəkətinə görə gələcəyi görmək, 

möcüzələrdən xəbər vermək və möcüzə yaratmaq, proqnoz vermək (astrologiya) kimi arzu və istəklər qədim 

dünyada səma və təbiət hadisələri arasında əlaqənin, yəni astronomiyanın inkişafını tələb edirdi. Astronomiya

və riyaziyyat kənd təsərrüfatı ilə məşğul olan ölkələrdə daha çox inkişaf edirdi.

Kainatın quruluşu və mənşəi, Günəş, Ay və bəzi ulduzların (planetlərin) hərəkəti haqqında düşünən bəşər 

övladı ən qədim dövrlərdə səma cisimlərini canlı sayır, onları fövqəlgücə malik tanrılarla eyniləşdirir, öz 

düşüncələrini miflər yaratmaqla ortaya qoyurdu. Səciyyəvi bir misal gətirməklə kifayətlənəcəyik. Qədim Çin 

miflərinə görə yer müstəvi şəkillidir, göy isə yarımkürə şəkilli olub yer üstündəki sütunlar üzərində  

dayanmışdır. Əjdahanın mərkəzi sütunu əyməsi nəticəsində Yer şərqə doğru, göy isə qərbə doğru meylləndi. 

Nəticədə Çində çaylar şərqə doğru axır, göy cisimləri isə qərbdən şərqə doğru hərəkət edir. Şumer, Misir, 

Hind, İran, Yunan, Türk və qədimdə yazısı olan digər xalqlar kainatda baş verən hadisələrə münasibətlərini 

müxtəlif və maraqlı miflər yaratmaqla bildirmişlər. Qədim mədəniyyətlərdə rəqəmləri əvvəlcə yanaşı 

düzülmüş vertikal xətlər və ya nöqtələr vasitəsilə ifadə edirdilər. Sonra bu vertikal xətlər arasına hərflər daxil 

etməklə sayları daha qənaətcil və çevik üsulla ifadə etməyə başladılar. Bu, mücərrəd düşüncənin ifadəsi və ya

elmi yanaşma nümunəsi idi!

Qədim dünyada riyaziyyat. Misir

Qədim dünyanın ən inkişaf etmiş elm sahəsi, sözsüz, riyaziyyat olub. Fizika, kimya, biologiya və 

astronomiya kimi elmlərdə təcrübənin toplanması (yavaş-yavaş, hətta çox yavaş-yavaş), dərin müşahidə və 

ölçü aparmaq üçün incə cihazların olması tələb edilir, tək mücərrəd düşüncə və məntiqlə dərin kəşflər etmək 

mümkün olmur. Məsələn, mikroskop və teleskop olmadan, elektrik cərəyanı kəşf edilmədən təbiət elmləri 

bəşəriyyətin həlledici gücünə çevrilə bilməzdi. Riyaziyyat isə, məsələlərin bir hissəsi praktikadan, təcrübədən



gəlsə də, mücərrəd düşüncə və məntiq yolu ilə inkişaf etdirilə bilir. Misir və Mesopotamiyada riyaziyyat necə

inkişaf etmişdi? 

Misir Piramidalarının tikilməsi, Misirlilərin böyük əhəmiyyət verdikləri bir parlaq ulduzun - Siriusun doğuşu 

(Günəşin doğuşundan bir az əvvəl), Nilin daşması kimi hadisələr riyaziyyatın, təqvimin (Günəş ilinin!), 

astronomiyanın inkişafı ilə bağlı olublar (onlar bu elmlərə qida verir, eyni zamanda bu elmlər onları izah və 

şərhində əsas rol oynayırdılar). Misirlilər kəsr ədədlər və onlar üzərində əməllər aparır, çox sadə cəbri 

məsələləri həll edə bilirdilər. Onlar üçbucaq, trapesiya və dairənin sahəsi (S =πr² və π-nin təqribi qiyməti 

olaraq 3,16 götürülürdü), kəsik piramidanın həcmini hesablaya bilirdilər. 

Misirlilər bu gün qüvvədə olan 10 əsaslı və ya onluq (mövqeli olmayan) say sistemindən istifadə edirdilər 

(saylar 1-dən 10-a qədər və 10, 100, 1000,...kimi rəqəmlərin köməyilə qurulur; məsələn, 

13834=10000+3000+800+30+ 4 = 10000 + 3·1000 + 8·100 + 3·10+4). Misirlilər 1-dən 10-a qədər rəqəmləri 

yanaşı vertikal xətlərlə, 10, 100, 1000,...,1000000 kimi rəqəmləri müəyyən simvollar/işarələr/fiqurlar`la ifadə

edirdilər. Rəqəmin ifadəsi çox uzun olmaması üçün rəqəm işarələrinin bir hissəsini üst-üstə (iki mərtəbədə) 

də yaza bilirdilər. Rəqəmləri ifadə edən işarələr ardıcıllığını, heroqlifli yazıda olduğu kimi, müxtəlif 

istiqamətlərdə, o cümlədən vertikal şəkildə (aşağıdan yuxarıya və tərsinə) də yaza bilirdilər. Rəqəmlərin ifadə

üsulu get-gedə təkmilləşdirilmiş, yazmaq üçün daha rahat və nisbətən daha sadə hieratik yazı sistemindən 

istifadə edilmiş, sıfır (!) və 1-dən 10-a qədər rəqəmlər üçün, eləcə də 10-un misilləri və qüvvətləri üçün 

xüsusi işarələr daxil edilmişdi. Tərs ədədləri (1/2, 1/3, 1/4,...) məxrəci ifadə edən işarənin üstünə nöqtə 

qoymaqla ifadə edirdilər.

 

Kvadrat köklər, ədədlərin ardıcıl qüvvətləri (r², r³,...), tərs ədədlər (1/r) cədvəlləri vardı. Misirlilər xətti tənliyi



həll edə bilirdilər (digər tənliklər haqqında məlumat yoxdur). Məchula “aha” (yığın, topa, qalaq) deyirdilər.  

Misir riyazıiyyatı haqqında məlumatın çoxu British Museum`da saxlanılan Rhind Papirus`undadır (1858-də 

onu tapan Alexander Henry Rhind`in adı ilə). Eni 32 sm, uzunu 536sm olan bu papirusun, bu riyaziyyat 

kitabının müəllifi Ahmes`dir. Bu papirus məzmunca 3 hissəyə ayrılmış kitabdır; birinci hissəyə daxil olan 20 

hesab və 20 cəbr məsələsi 2 cədvəllə müşayiət olunur, ikinci hissəyə daxil edilmiş 20 həndəsi məsələ əsasən 

həcmlərin, bir qədər də sahələrin hesablanmasına həsr olunub. Son 3-cü hissədəki 24 məsələ müxtəlif 

hesablamalardan, o cümlədən bəzi tətbiqi məsələlərdən (qida maddələrinə aid hesablamalardan) ibarətdir 

(Robins, R. Gay, and Charles C. D. Shute. The Rhind Mathematical Papyrus: An Ancient Egyptian Text. British Museum 

Publications Limited, 1987). 

Digər mühüm kitab həcmcə daha kiçik olan Moskva Papirusu`dur (uzunluğu 5m-

dən artıq, eni 4-7 sm ətrafında dəyişir). Təqribən iki əsr daha qədim (“-1850” ətrafı) olan bu kitabda bənzər 


məsələlərlə yanaşı daha çox tətbiqi həndəsi məsələlərə baxılmışdır. Məsələn, kəsik piramidanın həcmi, bir 

fiqurun səthinin sahəsi hesablanmışdır. Bu məsələlər və onların həlli Misirlilərin sanki müəyyən nəzəri, 

ümumiləşdirici biliklərə malik olduqlarını göstərir. Moskva Papirusunun müəllifi məlum deyil.

Neugebauer Misir riyaziyyatının riyaziyyat elminə bir töhfə vermədiyini, hətta sonrakı dövr riyaziyyatına 

mənfi təsir göstərdiyini (“əsas kəsrlər”dən: 1/2, 1/3, 1/4, 1/5,... həddindən çox istifadə etdiklərini) irəli sürür 

(səh. 84). Görkəmli elm tarixçisinin bu iddiasını qəbul etmək çətindir. Misirlilərin riyazi bacarıqlarına 

yunanlar o vaxtdan 1300-1400 il keçdikdən sonra yiyələnə bilmişdilər və onlar Misirlilərə minnətdar 

olduqlarını qeyd edirdilər. Herodotun “həndəsə Misirdə başlanıldı, oradan Yunanıstana keçdi” 

(Historia/The 

Histories, II, 109) 

və ya Aristotelin “Misirdə elm yarandı; məhz orda kahinləri zəruri olan sərbəst vaxtları 

vardı”


 (Metafizika, A1) 

fikirlərini təkzib etmək üçün böyük əsas varmı?!



Qədim Misir zəka sahibləri və həkimləri

Bəzi Misir zəka sahiblərinin adı zamanımıza gəlib çatıb. Tot (Thoth, Thot, Thout) Misir mifologiyasına görə 

tanrılarla insanlar arasında vasitəçi, Xeyir və Şər arasında hakim (yəni Filosof!?), yazı və bilik sisteminin 

yaradıcısıdır. Adının necə tələffüz edildiyi məlum deyil, Tahuti, Tetu və digər çox variantlar var. Qədim 

yunanlar onu Tot adlandırmış, riyaziyyatın, astronomiyanın, tibb və botanikanın atası saymış, öz tanrılarından

olan Hermes`lə onu qovuşdurmuş Hermes Trismegistus (Üçqat böyük Hermes) adı vermiş, əlkimyanın 

təməlini də onun adı ilə bağlamışlar. Əlbəttə ki, Tot`u gerçək tarixi məlum olmayan əfsanələşmiş tarixi 

şəxsiyyət saymaq olar. Lakin gerçək tarixi şəxslər olmuş yaradıcı insanlar da məlumdur. “-27”-ci əsrdə Merit-

Ptah adlı qadın, yəqin ki, adı məlum olan ilk həkim qadındır. Amenhotep (Hapu oğlu) “-15”-ci əsrin 

sonlarında və əsasən “-14”-cü əsrin birinci yarısında yaşamış faraon 3-cü Amenhotep` sarayında memar, 

səlnaməçi/yazıçı, kahin və dövlət adamı olub. O dövrün ən məşhur zəka və praktik fəaliyyət dühası sayılan 

şəxs isə İmhotep (t. “-2650” – t. “-2600) adlı çoxbilgindir. Faraon Coser`in (Djoser, Zoser,...) vəziri və ya baş 

vəziri olmuş, memar, mühəndis, həkim, filosof və şair kimi fəaliyyət göstərmişdir. Əhəng daşından tikilmiş 

və qədim zamanlardan bu günə gəlib çatmış ən böyük memarlıq abidəsinin – Pilləvari Piramidanın (Saqqara, 

Memfis yanında) memarı və mühəndisi olmuşdur. 

(Şəkil)


 İmhotep sağlığında istisna dərəcədə nüfuz sahibi 

olmuş, ölümündən sonra adı get-gedə daha da məşhurlaşmış, müqəddəsdirilmiş, yunanlar onu həkim-tanrı 

Alklepius`la eyniləşdirmişlər.  Tarixi şəxslərdən biri də Hesira (Hesy-Ra) adlı tanınmış həkimdir, faraon 

Coser`in sarayında fəaliyyət göstərmişdir. 



Herodot`a görə Misirdə hər həkim bir xəstəliyi müalicə edir, yəni həkimlər ixtisaslaşmışlar və ölkə 

həkimlərlə doludur; bu həkimlər bütün xəstəliklərin yeməkdən əmələ gəldiyini iddia edirdilər.



Yüklə 184,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin