MÖzvu. Qender münaqiŞƏLƏRİNİn səBƏBLƏRİ VƏ onlarin meydana gəLMƏSİNİn məNBƏLƏRİ



Yüklə 373,21 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü373,21 Kb.
#29058

 

 

MÖZVU. QENDER MÜNAQİŞƏLƏRİNİN SƏBƏBLƏRİ VƏ  



    ONLARIN MEYDANA GƏLMƏSİNİN MƏNBƏLƏRİ 

 

Vivere mifitare est! 



Yaşamaq mübariz olmaq deməkdir! 

Seneka 

 

Qadın və kişi canlı fərdlərdə paylanmış 



ən müxtəlif qarışıqlarda iki substansiyadır. 

Otto Veyninqer 

 

• 



Münaqişələrin yaranması və inkişafının nəzəri və sosial-siyasi əsasları 

• 

Qender münaqişələrinin səbəbləri 

• 

Qender ayrıseçkiliyi münaqişənin mənbələrindən biri kimi 

 

Münaqişələrin yaranması və inkişafının nəzəri və sosial-siyasi əsasları 

Məlumdur ki, münaqişə ziddiyyətlərin üzə  çıxarılması  və  həllinin vasitəsi rolunu oynayır.  Əks 

qüvvələr, onların mənafeləri açıq qarşıdurmaya keçə biləcək gərginliyi yaratsalar da, bunun gec-tez sonu 

da gəlib çıxır. Münaqişə ziddiyyətli vəziyyətdən çıxmaq yollarından biridir.  

Bütün münaqişələrin  əsasında insanlar arasında və yaxud şəxsiyyətin daxili aləmində yaranan 

ziddiyyətlər durur. Burada, münaqişənin cəmiyyətdə yaranmasında başlıca rolu obyektiv, insan 

şüurundan asılı olmayan, onların həyatının sosial-iqtisadi şəraitində köklənən ziddiyyətlər oynayır. 

Lakin bunu da nəzərə alaq ki, münaqişəni yaradan ziddiyyətlər həmişə obyektiv xarakter daşımır. Əgər 

bu ziddiyyətlər insan üçün əhəmiyyətlidirsə, deməli, subyektiv səviyyədə münaqişəli vəziyyətə səbəb ola 

bilər. 

Amma münaqişə  iştirakçıları arasında yaranan hər bir ziddiyyətli vəziyyət münaqişəyə  gətirib 



çıxarmır. Söhbət birinci növbədə ziddiyyətlərin kəskin hala düşməsindən gedir. Ziddiyyətin 

yaranmasının ilkin mərhələsində onu münaqişəsiz də həll etmək olur. Ümumiyyətlə, elə ziddiyyətlər var 

ki, münaqişə şəklinə düşmür. Məs., qadınlar və kişilər arasındakı ziddiyyətlər. Onlar həmişə mövcuddur, 

lakin yalnız müəyyən bir şəraitdə münaqişə həddinə gəlib çıxa bilər.  

Bir çox ziddiyyətlər var ki, münaqişəyə onların heç bir aidiyyatı yoxdur, məs., insan və  təbiət, 

istehsal və istehlak arasında və s. 

Ziddiyyətlərin həlli – münaqişənin obyektiv funksiyası o zaman ola bilər ki, o münaqişə 

iştirakçılarının məqsədləri ilə üst-üstə düşmür.  Əgər münaqişə  iştirakçılarının biri həqiqətən ziddiyyəti 

aradan qaldırmaq istəyirsə, digərinin məqsədi – status-kvo vəziyyətinin, münaqişədən yayınmanın və 

yaxud qarşıdurmanı yaratmadan ziddiyyətlərin həlli ola bilər.  

Hər bir münaqişə çox geniş dairəni əhatə edən müxtəlif daxili və xarici şərait, səbəb və problemlərlə 

bağlı olur. Amma elə bir vasitə var ki, onun köməyi ilə bu və ya digər münaqişəni dəqiq 

qiymətləndirmək olur. Münaqişənin mahiyyətini, onun istiqamətini tapmaq üçün onun predmeti və 

obyektini müəyyən etmək lazımdır.  

Münaqişənin predmeti dedikdə, qarşıdurmanın iştirakçıları arasında yaranan hərc-mərcliyin səbəbi 

obyektiv şəkildə mövcud olan ya da ki, uydurulmuş bir problem nəzərdə tutulur. Münaqişənin predmeti 

– subyektlərin qarşıdurmada toqquşmasının başlıca səbəbi, yəni  əsas ziddiyyətidir. Burada hakimiyyət 

uğrunda mübarizə, sərvətləri  əldə etmək arzusu, birinci olmaq istəyi, öz maraqlarının mühafizəsi kimi 

səbəblər ola bilər. 

Birmənalı münaqişənin mənbələrini təyin etmək mümkün deyil: hər bir münaqişənin səviyyəsi 

özünəməxsus səbəblərlə əlaqəlidir. Hər hansı bir münaqişənin səbəblərini tapmaq üçün bir çox şərtləri – 

iqtisadi, siyasi maraqları, sosial prestici (nüfuzu), ideoloji, milli, dini, yaşla və cinslə bağlı olan amilləri 

nəzərə almaq lazımdır.  

Ümumiyyətlə, müxtəlif dövrlərdə müxtəlif tədqiqatçılar münaqişələrin yaranması  və  fəaliyyəti 

mexanizmi və  səbəblərini müxtəlif  şəkildə izah edirdilər. Məs., Aristotel öz «Siyasət» traktatında 

münaqişələrin səbəblərinin aşağıdakı olduğunu göstərirdi: mülkiyyətin  əldə edilməsi, imtiyazların 



 

 

bölgüsündə  və insanlar qeyri-bərabər vəziyyətdədirlər, digər səbəb – bəziləri hədsiz dərəcədə ucalır, 



başqaları isə – alçaldılır. 

F.Bekon  ətraf aləmin hadisələrinin dərkində sistemli yanaşmanı  tətbiq edənlərdən biri olaraq, 

ölkədaxili münaqişələrinin səbəblərini də sistemli şəkildə təhlil etməyə çalışdı. 

Klassik siyasi iqtisadın banisi olan Adam Smit münaqişələrin səbəbləri haqqında çox maraqlı fikirləri 

irəli sürüb. O, hesab edirdi ki, insanı  hərəkətə  gətirən, öz sosial statusunu, vəziyyətini yaxşılaşdırmağa 

sövq edən bir səbəb var, bu da «fərqlənmək, kiminsə diqqətini özünə  cəlb etmək, alqışlanmaq, 

təriflənmək, xeyirxah münasibət qazanmaq, ya da ki, bütün bunlardan irəli gələrək faydalanmaq 

arzusudur. Sonradan o, dünya şöhrətli «Xalqların varlanmasının mahiyyəti və  səbəblərinin tədqiqatı» 

(1776-cı il) əsərində insanların münasibətlərinin  əsasında  əxlaqi yox, iqtisadi maraq və  mənafelərin 

olmasını bəyan edir; eyni zamanda o, hesab edirdi ki, insanın öz maddi rifahı haqqında düşünməsi onun 

üçün nə  qədər  əhəmiyyətli olsa da, ümumi rifah və xeyirxahlığa doğru yolunda bir əngələ  gərək 

çevrilməsin.  

Münaqişənin səbəblərinə daha iki müxtəlif yanaşmanı K.Marksın və G.Zimmelin əsərlərində 

müşahidə etmək olar. Marksa görə, münaqişələr ictimai sərvətlərin məhdudluğundan irəli gəlir. Nə 

qədər ki, ictimai sərvətlər qeyri-bərabər bölünür, bir o qədər hakim və tabeçilikdə olan sosial qrup və 

təbəqələr arasında mənafelərin müxtəlifliyi üzündən münaqişələrin ehtimalı artır və yarandıqca 

dərinləşir.  

G.Zimmel, münaqişəni sosial harmoniyanın pozulması kimi qeyd edərək, bu pozuntuların 

səbəblərini bir o qədər sosial nemətlərin məhdudluğu ilə  yox,  daha  çox  insanların daxili bioloji 

xüsusiyyətləri ilə əlaqələndirirdi. «İnsan-yağıdır» əsərində o, yazırdı ki, «şəxsiyyət, heç zorakılığa məruz 

qalmasa da, yalnız digərlərinin özünüifadəetmə  tərzinə diqqət yetirərək, özünü yalnız müxalif mövqe 

tutaraq təsdiqləyə bilər; ən önəmli instinkt – özünü təsdiqləməklə digərini inkar etməkdir». (1) 

Müasir tədqiqatçılar sosial münaqişənin bu iki klassik nümayəndələrinin yanaşmalarında ümumi 

mövqeləri axtarıb tapmağa çalışırlar. Məs., L.Kozer hesab edir ki, münaqişənin səbəbi mövcud bölmə 

münasibətlərindədir. Eyni zamanda L.Kozer münaqişənin psixoloji şərtlərinə də böyük əhəmiyyət verir, 

məs., ictimai şəraitin  şəxsiyyətə  təzyiqinə (bu zaman fərd-də müvafiq emosional vəziyyət, müraciət 

formalaşır, nəticədə toqquşhma ehtimalı artır və s.). R.Darendorf hesab edir ki, qarşıdurma, münaqişələr 

ona görə baş verir ki, insanları nəinki sosial bərabərsizlik, həm də hakimiyyət, prestic və nüfuz uğrunda 

mübarizə, idarəetmə və təşkilat strukturlarında qeyri-bərabər mövqelər (biri idarə edir, digərləri isə ona 

tabe olaraq, əmrləri yerinə yetirməli olur və s.) bir-birindən uzaqlaşdırır. 

Müasir xarici tədqiqatçı-psixoloqların bəziləri, neofreydizmin ideyalarına tərəf çıxaraq, hesab edirlər 

ki, münaqişənin mənbəyi insanın, bir tərəfdən, təhlükəsizliyə meylində, digər tərəfdən də, öz arzularının 

reallaşmaq istəyindədir. Münaqişənin səbəbi – şəxsiyyətin dəyərlər sistemi və onun cəmiyyətdəki 

vəziyyəti arasındakı  tələbatların süni şəkildə  şişirdilməsi və fiziki cəhətdən onların ödənilməsinin 

mümkünsüzlüyü arasındakı ziddiyyətlərdədir.  

Son illərdə bir sıra qərb nəzəriyyəçiləri (C.Berton, K.Lederer, C.Devis və s.) «insani tələbatlar» 

nəzəriyyəsini irəli sürürdülər. Burada göstərilir ki, münaqişə insan şəxsiyyətinin  əsasında duran 

tələbatların məhdudlaşdırılması  və yaxud qismən (qeyri-adekvat) ödənilməsi nəticəsində münaqişə 

yaranır. Bu nəzəriyyənin tərəfdarları münaqişənin başlıca mənbələrini müxtəlif dəyərlər sistemində 

görürlər. O.Nadler – identikliyi, iqtisadi artımı, transsendensiyanı (daxili aydınlaşma), R.İnqlhart isə – 

təhlükəsizliyi, ictimai nüfuzu, əxlaqi kamilliyi və s. qeyd edirlər.  

İnsanlar həm özünün, həm də rəqiblərinin tələbatlarının bəzən uyğunsuz bir şəkildə qavrayır, bu da, 

öz növbəsində, qavramaları münaqişələrin səciyyəvi mənbəyinə çevilir. Bu zaman münaqişə iştirakçıları 

bir-birinə qara yaxır, ziddiyyətlərin «aynada əksini» yaradırlar, yəni eyni hadisələrə tam fərqli, bir-birinə 

zidd olan qiymətlər verir, bu da münaqişənin yaranması mümkünlüyünü artırır.  

Münaqişələrin sosial mənbələrindən biri də insanların identifikasiyasıdır, yəni hər bir insan, özünü 

müəyyən icma və birliklərin (məs., sosial, etnik, dini və  s.)  üzvü  kimi  anlayaraq,  cəmiyyətin siyasi və 

sosial sistemində öz yerini müəyyənləşdirir. Bu zəmində yaranan münaqişələr birinci növbədə keçid 

xarakterli cəmiyyətlər üçün xasdır; belə  cəmiyyətlərdə insanlar daima dəyişən dünyada sanki özünə 

yenidən bir vəziyyət, yer axtarıb tapmalıdırlar.  

Münaqişələrin səbəblərinin zənginliyinə  və müxtəlifliyinə baxmayaraq, alimlər onları iki qrupa – 

ümumi və xüsusi səbəblərə ayırırlar. Ümumi səbəblər faktiki olaraq, bütün yaranan münaqişələrdə ifadə 



 

 

olunur. Bunların sırasında sosial-siyasi və iqtisadi səbəblər göstərilməlidir – ölkədəki ictimai-siyasi 



vəziyyət, insanların mövqelər və motivlərinə  təsir edən sosial-demoqrafik proseslər, sosial-psixoloji 

səbəblər, fərdi-psixoloji. 

Xüsusi səbəblər bilavasitə münaqişənin konkret növü ilə bağlıdır. Bunlardan aşağıdakıları qeyd 

etmək olar: işin, fəaliyyətin  şəraitinin qənaətbəxş olmaması, işdə inzibati etikanın,  əmək 

qanunvericiliyinin pozulması, ehtiyatların məhdudluğu, məqsədlərə nailolma yolları, vasitələri, dəyərlər 

sistemində olan fərqlər, yararsız hala düşən kommunikasiyalar (rabitə, əlaqə, informasiya sistemləri) və 

s.  

Münaqişələrin əsasında obyektiv və subyektiv amillər durur. Obyektiv amillərə cəmiyyətin müxtəlif 



qruplarının can atdıqları sərvətlər və nemətlər qıtlığını aid etmək lazımdır. Dövlət kimi ictimai institutun 

yaranmasının səbəbini məhz burada axtarmaq lazımdır. Bu sahədə yaranan «ilkin» toqquşmaları dövlət 

məcburi şəkildə tənzimləməyə başladı. Nəticədə cəmiyyətdə yaranmış müxtəlif qrupların qeyri-bərabər 

vəziyyəti indiyə qədər aradan qaldırılmayıb.  

Münaqişələrin yaranmasında subyektiv şərtlərinə sosial subyektlər tərəfindən öz məqsədlərinin 

uyğunsuzluğunun dərk edilməsi daxildir. Münaqişələrin kökü o zaman kəsilərdi ki, cəmiyyət, ictimai 

nemətlərin bölüşdürülməsində az da olsa ədalətliliyə, sosial bərabərliyə nail olmuş olsun.  

Münaqişənin yaranmasına səbəb ola biləcək vacib amil – onun şəraitidir. Münaqişə iştirakçıları onun 

mikromühitini təşkil edir. Bununla belə münaqişənin yaranması  və inkişafında makromühitin rolu da 

böyükdür. Söhbət onun formalaşmasının konkret tarixi sosial-psixoloji şəraitindən gedir. Məhz sosial 

mühit münaqişəni qidalandırır, onun yaranması və inkişafına səbəb olur. Buraya nəinki ən yaxın, həm də 

uzaq, daha geniş dairəni  əhatə edən münaqişə  iştirakçılarının mühiti, yəni onların aid olduqları sosial 

qruplar və cəmiyyət də daxildir.  

Münaqişənin xarakterinə müəyyən obyektiv şəraitlə (konkret dövlət, bu və ya digər sosial qrup) 

yanaşı onun (münaqişənin) subyektiv şəkildə qavralınması və yaxud onun haqqındakı təsəvvürü də təsir 

edir. Bu təsəvvürlər bəzən həqiqi vəziyyətə, mövcud şəraitə uyğun gəlmir. Onları üç hissəyə bölmək olar:  

• 

insanların özü haqqındakı təsəvvürlər. 



• 

münaqişənin digər iştirakçıları haqqındakı təsəvvürlər. 

• 

münaqişə şəraiti (mühiti) haqqındakı təsəvvürlər. (2) 



Münaqişələr üçün cəmiyyətdə müəyyən müqəddəm şərtlər, zəmin ola bilər, lakin bunu münaqişəli 

vəziyyət adlandırmaq olmaz. Münaqişələr yetkinlik mərhələsinə çatanda reallığa çevrilir. Müəyyən bir 

vaxt müddətində münaqişənin artıq mövcud olan amillərinə digərləri əlavə olunur; nəticədə ziddiyytələr 

kəskinləşir və sosial toqquşma qaçılmaz olur. Bu zaman yetişməkdə olan münaqişənin iştirakçıları öz 

maraqlarının əksliyini dərk edir və öz məqsəd və mənafelərinə nail olmaq yolunda qarşı tərəfi bir əngəl 

kimi qiymətləndirirlər. Sonra elə bir an gəlib çatır ki, onlar öz tələbatlarını ödəmək vaxtını daha uzada 

bilmirlər və münaqişəyə girmək qərarını  qəbul edirlər. Deməli, istənilən münaqişənin  əsasında elə bir 

situasiya (vəziyyət) yaranır ki, burada əksmövqeli tərəflər var və onların maraqları, tələbatları, hansısa 

məqsədlərə nail olmaq yolları və yaxud vasitələri mövcud şəraitdə heç cürə bir araya sığmır. 

Münaqişəli vəziyyət – iki və ya daha çox sosial subyektlər arasında münasibətlərin xarakteridir; bu 

zaman açıq toqquşma nəinki mümkündür, hətta qaçılmazdır. Bu halda yığılıb qalmış ziddiyyətlər, sosial 

subyektlərin qarşılıqlı fəaliyyəti nəticəsində yaranaraq, onların real qarşıdurması üçün zəmin yaradır və 

münaqişə üçün baza rolunu oynayır. Belə bazanın (əsasın) zəminində münaqişəyə təkan verən daha bir 

təkanverici bir amilin olması tələb olunur (adi şəraitdə çox ehtimal ki, bu amil heç də qəti tədbirləri tələb 

etməzdi). Belə situasiyada xüsusi yeri insidentə və yaxud bəhanəyə ayırırlar.  

İnsident – münaqişəyə  səbəb ola biləcək  şəraitin vəziyyətidir.  İnsident ya münaqişə  iştirakçılarının 

təşəbbüsü ilə, ya da ki, onların iradə və arzularından asılı olmayaraq, obyektiv şərait və yaxud təsadüfün 

üzündən baş verə bilər. (3) 

Hər bir münaqişənin inkişafının  əsasında yeni münaqişəli vəziyyətin yaranması, ya aradan 

qaldırılması, itməsi mümkündür. Münaqişə situasiyasında istənilən dəyişiklik onun kəsilməsinə  gətirib 

çıxarır, bəzən də yenisinə  təkan verir. İnsidentdən sonrakı münaqişə situasiyası necə inkişaf edəcək? – 

suala yalnız  əsaslı, dəqiq təhlil  əsasında cavab vermək olar. Münaqişəli vəziyyətinin ilk mərhələsi 

ziddiyyətlərin qəflətən kəskinləşməsi, tərəflərin qarşıdurma mövqelərinə çıxması ilə bağlıdır. Münaqişə 

davranışının bu fazası  vəziyyətin yenidən qiymətləndirilməsinə  səbəb olur. Burada sosial mühitdə, 

mövqelərdə, tərəflərin niyyətlərində baş verən dəyişikliklər nəzərdə tutulur. Bu zaman ikinci mərhələ 


 

 

başlanır: tərəflər növbəti hərəkətlərini müəyyən etməyə çalışırlar. Burada iki yol var: ya barışığa doğru 



getmək, güzəştlər etmək, gərginliyin səviyəsini azaltmaq və nəticədə münaqişəyə son qoymaq, ya da ki, 

münaqişəni davam edərək, onun gər-ginlik dərəcəsini daha artırmaq.  

Münaqişəni tənzimləmək yollarını tapmaq üçün müəyyən şərtlər lazımdır: münaqişənin mənbəyini 

dəqiq müəyyən etmək, onun bilavasitə  səbəbləri və yanaşı gedən mövqelərini öyrənmək; tərəflərin, 

qarşılıqlı anlaşma  əsasında qarşıdurmanı aradan qaldırmaq haqqında xoş niyyətlərinin olması; ilkin, 

başlıca səbəbini aradan qaldırmağın vasitə, qaydalar və üsullarının axtarışı və istifadə edilməsi.  

Üçüncü mərhələ – ilk bölmədən ibarət olan münaqişədən sonrakı dövrüdür. Birinci bölmədə – 

qarşıdurmada iştirak edən tərəflərinin yumşalması. Nəticədə münaqişə, ya yaranmış  vəziyyətin 

üzündən, ya da ki, iştirakçıların mövqelərinə psixoloji dəyişiklik baş verdiyi üçün həll edilə bilər. İkinci, 

yekun bölməsində – nəticələr qiymətləndirilir və ümumiləşdirilir. Münaqişənin nəticələri obyektiv və 

subyektiv xarakterli bir çox amillərdən asılıdır, buraya tərəflərin davranma tərzi, fikir müxtəlifliyinin 

aradan qaldırılması yolları da daxildir. Hər halda münaqişəli vəziyyətin həm müsbət, həm də  mənfi 

nəticələrinin təhlilini və qiymətləndirilməsini aparmaq, onların cəmiyyətdə yaşayan insanların sosial və 

psixoloji durumuna, qarşılıqlı münasibətlərinə təsirini öyrənmək lazımdır.  

 

Qender münaqişələrinin səbəbləri 

Cəmiyyətin tərkibi müxtəlifdir, onun strutkurunu sosial qruplar təşkil edir. Məntiqdən irəli gələrək, 

düşünmək olar ki, digər canlı sistemlərdə olduğu kimi, insan cəmiyyətində də bölgünü cinslər arasında 

aparmaq olar. Lakin belə bölgü əsasında cəmiyyətin öyrənilməsi bir o qədər səmərə verməz.  Ən sadə 

modellər cinslərin vəzifələrinə uyğun qurulanlardır; burada mədəni, etnik, sosial, dini normalara, yaşa 

uyğun standartlara cavab verən «əsil kişi» və yaxud «əsil qadın» modelləri nəzərdə tutulur. 

Mədəniyyət, qadın və kişilərdə müxtəlif sosial rolların, ictimai mövqelərin olmasını müəyyən edib. 

Tarixi inkişafın nəticəsində bu rollar və mövqelər bəzən ziddiyyətli xarakter alır, qarşılıqlı 

anlaşılmazlıqların yaranmasına səbəb olur. Kişilərdəki keyfiyyətlər – emosional təmkinlik, praqmatizm 

(həyatda fayda axtarmaq), rasionalizm (əql və idrakla iş görmək), fəal olmaq, hərəkətlərdə  cəsarətlilik, 

qadınların keyfiyyətlərinə - duyğuların həssaslıq, emosionallılıq, intuisiya, yumşaqlıq, cəsarətsizlik, 

kompromislərin axtarışı və s. zidd gəlir.  

Son zamanlar cəmiyyətimizdə insanlarda cinslə bağlı olan psixoloji fərqlərin və xüsusiyyətlərinin 

öyrənilməsi geniş vüsət alıb. Müasir dövrdə bir çox sahələr, o cümlədən ictimai-siyasi fəaliyyət sahəsində 

qadın və kişilərin rollarında xeyli dəyişikliklər baş verib. Bu gün cəmiyyətdə qadınlar, kişilər üçün 

ənənəvi olan sosial mövqelər tutmağa çalışırlar. «Zəif» cins nümayəndələri sırf «kişi» sahəsi sayılan 

fəaliyyət sahələrinə müdaxilə edilməsi «güclü» cins nümayəndələrini qıcıqlandırır. Qadınlar daha çox 

tərbiyə, təhsil, səhiyyə sahələrində  təmsil olunub, ticarət, sosial xidmətlər, mədəniyyət və elm 

sahələrində  də çalışan qadınların sayı xeyli artıb. Qadınlar siyasi partiyalarda, ictimai təşkilat və 

birliklərdə geniş təmsil olunub; artıq onlar, dövlət və kommersiya strukturlarında aparıcı vəzifə tutmaq, 

dövlət üçün vacib qərarların qəbul olunmasında iştirak etmək meylini açıq-aşkar ifadə edirlər. 

Cəmiyyətdə yaranan belə yeni vəziyyət qender münaqişəsinin rüşeymlərini formalaşdıra bilər.  

Qender münaqişəsi, öz növbəsində qadın və kişilərin cəmiyyətdə  qəbul olunmuş normalara uyğun 

davranışı haqqındakı  təsəvvürlər və ayrı-ayrı insanların ya qrupların bu təsəvvürlərə uyğun gəlmək 

arzusunda olmaması ya bacarmaması arasındakı ziddiyyətin  əsasında yaranır. Makrosəviyyədə qender 

münaqişəsi sosial münaqişə kimi qiymətləndirilməlidir. Sosial münaqişənin  əsasında öz məqsədlərinə 

nail olmaq uğrunda mübarizə aparan sosial qruplar durur. Yəni makrososial səviyyədə qender 

münaqişəsini mənafelər münaqişəsi kimi, yəniki, cəmiyyətdə daha yüksək statusa (mövqeyə) nail olmaq 

arzusunda olan qadınlar sosial qrupunun mübarizəsini göstərmək və qiymətləndirmək olar.  

Məlumdur ki, bütün müasir cəmiyyətlərdə qadınların statusu kişilərə nisbətən çox aşağıdır. 

«Sosiologiya»  əsərində E.Qiddens qeyd edir ki, «indiyə  qədər qadınların səlahiyyətləri kişilərinkindən 

üstün olan cəmiyyət tapılmayıb». (4) 

Cəmiyyətdə kişilərin üstünlük təşkil etdiyi ictimai fəaliyyət sahələri və qadınların «hökmran» olduğu 

xüsusi sahələr arasında tarazlıq yaradılmayıb. Qadınların analıq funksiyası, əvvəllər olduğu kimi, ev və 

ailə  işinin təşkilində  məsuliyyətin onların üzərinə qoyulması üçün əsas səbəbdir. Nəticədə, kişilərin 

işlədiyi  əsas sahələr – beynəlxalq diplomatiya, silahlanma məsələləri, qiymətli kağızlar bazarında 

əməliyyatlar, dövlət büdcəsinin paylanılması – çox hallarda qadınlar üçün əlçatmaz olaraq qalır. 


 

 

Beləliklə, dövlətin idarəolunması işi bilavasitə kişilərin üzərindədir, onlar bütün ölkələrin hökümətlər və 



parlamentlərində çalışanların  əksəriyyətini təşkil edir. Bu isə, öz növbəsində, onların öz mənafelərini 

ödəmək işi ilə bağlı olan dəyərlər sisteminin üstünlüyünə gətirib çıxarır. (5) 

Vəziyyət o zaman münaqişəli olur ki, hər iki tərəfin mövqelərinin ziddiyyətliliyi qavranılır, münaqişə 

iştirakçılarında neqativ (mənfi) emosional təəssüratlanma yaranır,  bu  da  öz  növbəsində, iştirakçıları bu 

zididyyətlərin aradan qaldırılmasına yönəldilmiş  fəal hərəkətlərə  təhrik edir. Qender münaqişəsi 

şəraitində qadınlar tərəfindən özlərinin, kişilərə nisbətən daha aşağı mövqedə olmasının dərki, onların 

hüquqları uğrunda qadın hərəkatının genişləndirilməsi ilə nəticələnə bilər. Məs., İsveç dövlətində, digər 

Qərb ölkələrinə nisbətən, cinslərin bərabərliyini təmin edən qanunvericilik aktları daha əhatəlidir. 

Yüksək maaşlı işlə təmin olunan qadınların faizi çox yüksəkdir (80%). İsveçin hər bir vətəndaşının uşağı 

üçün aldığı vəsaiti, onun maaşının 90%-ni təşkil edir. Uşaq anadan olanda ona baxmaq üçün məzuniyyət, 

könüllü olaraq, ya ataya, ya da ki, anaya verilə bilər.  İsveçin qadınları öz ölkəsində yüksək mövqe 

qazanmaq imkanına malikdirlər; parlamentin üzvlərindən 25%-qadınlardır. Ümumiyyətlə, Skandinaviya 

ölkələrində qadınların siyasi fəaliyyəti getdikcə genişlənir; dünyada ən çox siyasətçi qadın məhz bu 

regionda çalışır (40%-dən yuxarı). 

Sosial psixologiya baxımından, qender həm mədəni normalar, həm də sosial informasiyanın təsirı 

altındadır; qadın və kişilər arasındakı fərqlər məhz belə informasiya vasitəsilə öyrənilir. Məs., uşaq hələ 

anadan olmamış, valideynlərin arzusu – onun cinsinin qabaqcadan öyrənməkdir. Elə ki, uşaq qadınlar və 

kişilər arasındakı fərqləri dərk etməyə başlayır, o, özünəməxsus cinsin nümayəndələrinin rol modellərinə 

xüsusi diqqət yetirməyə başlayır. 

«Differensial sosiallaşma» ifadəsi müəyyən bir prosesi bildirir; bu zaman, cinsindən asılı olaraq, 

qadın və kişilər öz müxtəlifliyini müəyyən edirlər. Ümumiyyətlə, «sosiallaşma» anlayışı elə bir prosesdir 

ki, burada insan cəmiyyətdə müvafiq davranış modellərini öyrənir, dəyərlər sistemini mənimsəyir. 



Qender sosiallaşması – cəmiyyətdə qadın və kişilərin rolu, vəziyyəti və  vəzifələri haqqındakı  mədəni 

təsəvvürlərinə uyğun yaranmış normalar, davranış qaydaları və mövqelərin mənimsənilməsi prosesidir.  

Alimlər hesab edirlər ki, qender stereotipləri qadın və kişilər üçün davranış normaları olaraq, qender 

– rolların sosiallaşması üçün model kimi çıxış edir. Bütün mədəniyyətlərdə qender vasitəsilə uyğun 

davranış qaydaları öyrənilir və öyrədilir; burada mədəniyyətdən mədəniyyətə müəyyən fərqlər var. 

İstənilən mədəniyyətdə qender əsasında davranış stereotiplərində bölgü aparılır. Cəmiyyətdə insanlar 

qarşılıqlı  şəkildə fiziki və sosial tələbatlarının ödənilməsində bir-birinə ümid bağlayır; buraya sosiumu 

dərk etmək üçün vacib olan informasiyanı  mənimsəyir. Bu isə o deməkdir ki, ən kiçik yaşlarından 

insanlar öz davranışını idarə edərək, öz inkişafında qender düşüncəsinin vacibliyini artıq dərk edirlər. (6) 

Qenderin sosial psixologiyası insanların sosial norma və rollarının yaranması, müxtəlif mövqelərin, 

mövhumatın, diskriminasiya, qavrama və özünüqavramanın, hörmət və özünəhörmətin öyrənilməsi 

üçün geniş bir sahədir. Sosial normalar – cəmiyyətdə insan davranışını müəyyən edən əsas qaydalardır. 

Sosial psixoloqların fikrincə, bir çox qender fərqlərinin köklərini məhz sosial normalarda axtarmaq 

lazımdır, çünki bu normalar, bioloji cinsə uyğun insanlara müxtəlif davranış normalarını öyrədir, 

maraqlarını formalaşdırır. Hər bir cins nümayəndəsinə xas olan keyfiyyətlər haqqında ümumiləşdirilmiş 

informasiyanı özünə daxil edən normalar toplusuna cins və yaxud qender rolları deyilir.  



Qender rolları - cəmiyyətdə cinsi əlamətə görə insanların fərqlənqdirilməsinə  əsaslanan davranış 

standartlarıdır. Fərdlər, öz cinsi mənsubiyyətindən asılı olaraq müxtəlif fəaliyyət növlərinə, statuslara, 

hüquq və  vəzifələrə malikdirlər; bu rollar sosial və  normativ  xarakter  daşıyır, müəyyən sosial 

gözləmələri ifadə edərək, insanların davranışında ifadə olunur.  

Qender rolları artıq stabil, müəyyən edilmiş rollara aiddir. Gələcək kişinin, yaxud gələcək qadının 

statusu anadan olan gündən qismətinə kəsilir; sosiallaşma prosesi zamanı uşaq tədricən bu və ya digər 

qender rolunu ifa etməyə alışır.  Ənənəvi qender rolları  bəzən  şəxsiyyətin inkişafını  ləngidir, onun 

özünüifadə imkanlarını  məhdudlaşdırır. Sandra Bem bununla əlaqədar  androginiya konsepsiyasını 

işləyib hazırlamışdır; bu konsepsiyaya görə insan, öz cinsi mənsubiyyətindən asılı olmayaraq, həm 

maskulin, həm də felinin keyfiyyətlərinin özündə birləşdirə bilər. Ancaq kişiyə  və yaxud ancaq qadına 

aid vəzifə ola bilməz. Hər bir insan bir neçə müxtəlif vəzifələri yerinə yetirir (ana, arvad, sahibkar qadın 

və s.).  

Qender vəzifəsi ilə bağlı olan münaqişə o zaman yarana bilər ki, kişilər, öz ənənəvi qender 

vəzifəsindən irəli gələrək, davranışı ilə digərlərinin davranışını  məhdudlaşdırır; bəzən elə  də olur ki, 



 

 

ətrafdakılar onu cəsarətli olmamasında qınayır, ya da ki, o, digərlərini öz rollarına uyğun olmamasında 



günahlandıraraq, onları sıxışdırır. 

Qender-rol münaqişələrinin modeli altı sosial-psixoloji və sosial amillərin üzərində qurulur: 

1. emosiyaların ifadəolunmasında çətinlik çəkmək, digərlərini öz emosiyalarını ifadə etmək 

hüququndan məhrum etmək;  

2.  homofobiya – homoseksuallardan, cəmiyyətdə onların haqqındakı təsəvvürlərdən qorxmaq; 

3. nəzarətin, hakimiyyət və rəqabətin ictimai xarakter daşıması; 

4. insanların seksual davranışında məhdudiyyətlər, kiməsə bağlılığının aşkar bildirilməsi;  

5. rəqabətə, müvəffəqiyyəti qazanmaq istəyinə bağlılıq; 

6. düzgün 

olmayan 


həyat tərzi ilə bağlı olaraq sağlamlıqda yaranan problemlər.  

Belə münaqişələr insanın həm daxili qiymətləndirilməsində, həm də  şəxsiyyətlərarası 

münasibətlərində öz ifadəsini tapır. Həyəcan, ruh düşkünlüyü, özünə qiymətvermənin aşağı düşməsi, 

stress, digər insanlarla münasibətlərdə gərginlik, işdə qalmaqallar, fiziki və seksual təzyiq – bütün bunlar 

qenderlə bağlı vəzifələr sahəsində yaranan münaqişə zəminində baş verə bilər. İnsana, anadan olandan 

ömrünün axırınadək qender mənalı vəzifələrinə təsir edən xeyli amillər var. 



Qender stereotipi – qadın və kişilərin xasiyyətlərindəki xüsusiyyətlərin və davranış  tərzini 

sadələşdirilmiş, sabit, emosional şəkildə ifadə olunmuş obrazıdır. Qender stereotipləri, «inandırıcı» 

olaraq, dəyərlər sisteminə müdaxilə edir, «həqiqi» maskulinlik və yaxud femininstlik haqqında normativ 

xarakterli obrazları yaradırlar. Onlar kişilər və qadınların statusunu (mövqelərini) müəyyən edir, bu 

zaman kişilər dominant (aparıcı), qadınlar isə diskriminasiyaya (hüquqların pozulmasına) məruz qalmış 

vəziyyətdə olur. 

Alimlər qender stereotiplərinin bir neçə növünü qeyd edirlər. (7) Birinci qrupa maskulinlik   

femininlik stereotipləri daxildir. Maskulinlik dedikdə, fəal, yaradıcı xüsusiyyətlər, femininlik isə, əksinə, 

passiv-rekroduktiv başlanğıc nəzərdə tutulur. Maskulinlik femininliyə qarşı qoyulur, əks tərəflər, 

qarşılıqlı şəkildə bir-birini tamamlayan tərəflər kimi qiymətləndirilir.  

Qender stereotiplərinin ikinci qrupuna qadın və kişilər arasında ailə  və peşə  vəzifələrinin bölgüsü 

haqqındakı  təsəvvürlər daxildir. Qadının  ən  əhəmiyyətli vəzifələri – ev xanımı, ana olmaq vəzifələri 

sayılır. Xüsusi, şəxsi sahə sayılan ailə  və  məişətdə qadının vəzifələri – evin işini aparmaq, uşaqları 

dünyaya gətirməkdir. Ailənin ab-havasına qadın cavabdehdir. Kişilər isə ictimai həyatda fəal iştirak 

etmək, peşə fəaliyyətində uğurlar qazanmaq, ailəni dolandırmaq kimi vəzifələrin öhdəsindən gəlməlidir. 

Kişilər üçün sosial mənada ən əhəmiyyətli vəzifə – iş, peşə fəaliyyəti sayılır.  

Qender stereotiplərinin üçüncü qrupu əməyin məzmunu ilə bağlıdır.  Ənənəvi təsəvvürlərə görə 

qadınlar icraçı, xidmətedici fəaliyyətə, kişilər isə idarəedici, yaradıcı əməklə məşğul ola bilər. T.Parsons 

və R.Beylz tərəfindən irəli sürülmüş cinslərin qarşılıqlı şəkildə bir-birini tamamlanması konsepsiyasında 

da yuxarıda qeyd edilən qender vəzifələrinin bölgüsü təsdiqlənir. 

Qender stereotipləri uzun tarixi müddəti  əhatə edən mədəni dövrlərində yaranmış cinsi fərqlərin 

qavranılması  və yozulması  əsasında formalaşıb.  Əmək bölgüsünün də rolu burada çox böyük olub. 

S.Farrel və C.Lorberin fikrincə, cəmiyyətdə «bənzətmək qadağası» mövcud olub ki, onun əsasında qadın 

və kişilərin qenderlə bağlı olan sosial rollarında fərqlər müəyyən edilir, qender xarakterli qeyri-bərabərlik 

formalaşırdı. 

 

Qender ayrıseçkiliyi münaqişənin mənbələrindən biri kimi 

Hər bir cəmiyyətdə,  ələlxüsus, mədəni və milli müxtəlifliyə malik olan cəmiyyətlərdə qender 

münasibətləri çox rəngarəng olur. Yəni müxtəlif nəsilləri təmsil edən qruplarda, etno-mədəni, dini 

qruplarda, müxtəlif təbəqə və silklərdə qadınlılıq və kişililiyi müəyyən edən qaydalar müxtəlif ola bilər. 

Qender rollarına əsaslanan davranışı daha çox əmək bölgüsündə müşahidə etmək olar: burada qadın və 

kişi əməyi fərqləndirilir; çox vaxt bu fərqlər müəyyən bir cinsinin xeyrinə olur.  



Cinsi  əlamətinə görə diskriminasiya zamanı bir cinsə digərinə nisbətən üstünlük verilir. Əksər 

hallarda bu, kişilərin xeyrinə və qadınların zərərinə olur. Diskriminasiya bəzi həyat fəaliyyəti sahələrində 

daha güclü olur: məşğulluq, siyasi və dini fəaliyyət sahələri, mənzil ilə  təmin olunması, sosial siyasət, 

vətəndaş və cinayət hüquqlarından mülkiyyət hüququ və s. 

Diskriminasiyanı yalnız fərdlərin müəyyən bir qrupuna qarşı digər fərdlərin neqativ hərəkətlərinin 

nəticələri kimi gərək qiymətləndirilməsin: bu zaman işin mahiyyətcə tərkibi kənarda qalır. Çıxış nöqtəsi 



 

 

burada – cəmiyyətdə yaranmış aşağıdakı mülahizələrdir: hüquqları sıxışdırılan tərəfin təsəvvüründə öz 



diskriminasiya vəziyyətinin anlayışı belə öz məzmununu dəyişdirdi:  əsasən burada həyat fəaliyyətinin 

əmək, sosial, iqtisadi, siyasi, mənəvi, ailə-məişət sahələrində cinsi əlamətlərinə görə məhdudiyyətlər və 

yaxud hüquqların pozulması nəzərdə tutulur. Daha çox bu problem fərdlərin davranışında özünü ifadə 

edir: bir qrup insanlar digərinə qarşı pis münasibət bəsləyir. Buna elmi ədəbiyyatda birbaşa 

diskriminasiya deyirlər. Misal üçün, sahibkar öz işçilərini müəyyən  əlamətlərə görə (irqinə, dini 

mənsubiyyətinə, millətinə  və yaxud cinsinə görə) fərqləndirir. Diskriminasiya üçün, ölkədən, burada 

mövcud olan qanunvericilik sistemindən asılı olaraq, digər səbəblər də  əsas ola bilər, məs., seksual 

yönüm, sosial mövqe (status), vətəndaşlıq statusu, əlil olmaq və s.  

Cəmiyyətdə  fəaliyyət göstərən qaydalar və qanunlar ədalət naminə yaradılır, bununla belə 

cəmiyyətdə müəyyən sosial qruplara qeyri-standart münasibət yaranır, yəni həmin qrupun digərlərindən 

fərqlənməsinə  işarə vurulur. Belə davranış bütün demokratik dövlətlərin qanunvericilikdə  ədalətsizlik 

kimi qiymətləndirilir, diskriminasion elan edilir, və  vəziyyəti aradan qaldırmaq üçün əsas kimi 

götürülür. Beləliklə, antidiskriminasion qanunvericiliyin formalaşması cəmiyyətdə qeyd edilən sahələrdə 

münaqişəli vəziyyətin yaranması ilə, narazılıq həddinin artması ilə bağlıdır.  

Bu sahədə artan ziddiyyətlərin qarşısının alınması bütünlükdə diskriminasiyanın aradan qaldırılması 

üçün zəmin yaratmışdır. Birbaşa diskriminasiyanın qarşısının alınması siyasətdə dolayı diskriminasiya 

anlayışının tədqiqinə  səbəb oldu. Dolayı yolla aparılan, yəni gizli diskriminasiya – dövlət tərəfindən 

birbaşa diskriminasiyası ilə mübarizədə yaranan vəziyyətdir: bu mübarizənin nəticəsində yalnız birbaşa 

diskriminasiya, yəni müəyyən bir qrupun digərinə qarşı  çıxış etməsi qəbul edilir. Yəni onu fərd 

səviyyəsində yox, dövlətin bu hadisə ilə apardığı mübarizənin ziddiyyətləri səviyyəsində qəbul edirlər. 

Gizli diskriminasiya öz ifadəsini bir sıra neytral xarakterli tələblərdə tapır: məs., işə qəbul edilən zaman 

adamdan müəyyən fiziki ölçülər tələb olunur (boyu, çəkisi və s.), əslində isə bunların heç bir əhəmiyyəti 

yoxdur. Ayrıseçkiliyə məruz qalan sosial qruplara belə hallar çox mənfi təsir göstərir.  

Qanunvericilikdə «struktur» ayrıseçkiliyinin qəbul edilməsi onu sübut edir ki, belə hallara nəinki 

ayrı-ayrı  fərdlərin davranışı  və  hərəkətləri, həm də dövlətin bu sahədə apardığı sosial siyasətin özü də 

təsir göstərir. 

Beləliklə, cinsi əlamətlərə görə hüquqların pozulması hallarının və səbəblərinin təhlili zamanı məlum 

olur ki, qeyri-bərabər münasibətlərin formalaşmasının sosial-psixoloji əsasları (insanların subyektiv rəy 

və mövqelərın onların davranışına təsiri) var. Qeyri-bərabərliyə əsaslanan belə mövqelər daha çox qender 

münaqişələrinin formalaşması  mənbəyi olan müxtəlif maraqlarla yaşayan qender qruplarda müşahidə 

olunur. 

İnsan, özünü «təbiətin  şahı» hesab edərək, heç özünə belə yiyə dura bilmədi. Uzun müddət 

bərabərlik tələbi ilə qadınlar, etnik azlıqlar, ümumiyyətlə, təzyiqlərə, zülmə məruz qalanlar çıxış edirdi. 

Ən məzlum vəziyyətdə qadınlar idilər, onlar həm ev işi, həm də peşə fəaliyyəti, uşaqlar, qocalar və 

xəstələrə qulluq etmək borcunun yerinə yetirilməsi, bir çox fəaliyyət sahələrinə qoyulmuş qadağalar, 

məşğulluq sahələrində az presticli və azmaaşlı  vəzifələrində  cəmlənməsi (seqreqasiya; latınca 

«seqregatio-ayırmaq») idarəetmə işlərindən təcrid edilməsi, zorakılıq, təzyiq hallarının artması, analıq və 

uşaqlığın mühafizəsi üzrə proqramların təmin edilməməsi və s. kimi problemlərlə üzləşirlər.  

Tarixdən məlumdur ki, bərabər hüquqların axtarışı de-yuro və de-facto hüquqlarının 

fərqləndirilməsinə  gətirib çıxardı. Tədqiqatçılar, müəyyən bir məsələdə müxtəlif fikirdə olublar: 

ədalətlilik «eyni münasibətdə olmaq» deməkdirmi? Demokratiya və  bərabərlik cəmiyyətdə insanlar 

arasındakı  fərqlərə necə  əsaslansın? Beləliklə, bərabərlik konsepsiyası, qender vəzifələri və s. kimi 

məsələlər böyük mübahisələrə səbəb olub. 

Son illər ərzində qadın problemlərinin həllinə yönəldilmiş bir sıra beynəlxalq sazişlər, razılaşmalar, 

konvensiyalar qəbul olunub. Ən  əhəmiyyətli sənədlər sırasında BMT-nin «Üçüncü şəxslər tərəfindən 

fahişəliliyin istismarı insan alveri ilə mübarizə haqqında» konvensiyanı  (1949-cu il), BMT-nin digər 

«Qadınlara qarşı aparılan diskrimasiyanın bütün formalarının ləğvi haqqında» (1979-cu il) 

konvensiyasını, Pekində keçirilmiş beynəlxalq konfransının yekun sənədlərini (1995-ci il), Haaqada qəbul 

edilmiş nazirlərin deklarasiyasını (1997-ci il) və s. göstərmək olar. 

BMT-nin «Qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğvi haqqında» konvensiya – qadın 

hüquqlarına aid başlıca beynəlxalq sənədlərindən biridir, burada qadın hüquqları siyasi, sosial, iqtisadi 

sahələrdə təhlil edilir. Onun yeniliyi ondan ibarətdir ki, ilk dəfə olaraq, beynəlxalq səviyyədə konvensiya 



 

 

dünya dövlətlərinin diqqətini qadınların hüquqlarının nəinki ictimai, həm də xüsusi, şəxsi sahələrə cəlb 



edərək, onların bu işə məsuliyyətli olmağını vurğuladı. (8) 

Bu gün Azərbaycan cəmiyyətində qender rollarının asimmetrik konsepsiya yaranıb, burada qadının 

vəzifələri – ailə ocağının qoruyucusu, ana, arvad olmaqdan ibarətdir. Bu ənənənin çox qədim kökləri var. 

Qadın və kişi arasında  əmək bölgüsünün formalaşması – tarixin ən qaranlıq səhifələrindən biridir. Nə 

üçün  əmək bölgüsü nəticəsində qadınlar kişilərdən asılı  vəziyyətə düşüb, öz hüquqlarından məhrum 

olublar? Qadın həyatı yaradır, o, uşaqları dünyaya gətirir. Onun məhz bu bacarığı, qadın və kişilərin 

vəzifə bölgüsündə qeyri-bərabəliyə səbəb oldu. Kişiyə «çöl» işi, dünyanın fəth edilməsi, onun hökmranı 

olması  işi, nəticədə – tarixin yaradıcısı rolu verildi. Qadın isə istər işdə, istər xüsusi sahədə, yəni evdə

kişi nüfuzuna tabe olaraq, onun hökmranlığının obyektinə çevrildi. Qəbilə, üçüncü tərəf kimi çıxış 

edərək, onun hökmranlıq etmək, üstünlüyü təşkil etmək, hakimiyyəti əldə etmək iddialarını alqışlayırdı. 

Kanadalı  tədqiqatçı O’Brayen qeyd edir ki, «kişi üstünlüyü ideologiyası, özünü konkret seksual 

münasibətlərində yox, insan nəslinin yaşamasının bütöv prosesində əsaslandırır və bu yolla özünə haqq 

qazandırır». (9) 

Sovetlər dövründə  bərabərlik ideologiyası, özündə  əslində qadınların hüquqlarının faktiki 

məhdudlaşdırılmasını, patriarxal kökləri «ikinci dərəcəli adam olmaq», ailəni alın yazısı kimi öz 

qismətinə  qəbul etmək fikirlərini gizlədirdi.  İdeologiya, qadınlardan, dövlət və  cəmiyyət, kollektiv 

naminə özünün qurban verilməsini tələb edirdi. Qender vəzifələrinin qeyri-mütənasibliyi kişilərə  də 

müəyyən təsir göstərir. Qadınların yalnız ailədə fəallığı, kişilərin isə ancaq ictimai əməklə məşğul olması 

kişiləri ailəsindən təcrid edir, məs., «qazancın dalınca» getməsi guya ağır maddi vəziyyətdən çıxış yolu 

kimi qeyd edilir. Nəticədə  cəmiyyət daha iki çətinliklə üzləşir: birincisi, sosial cəhətdən fəal olan əhali 

respublikanı tərk edir, ikincisi, ailə, ənənəvi ailə quruluşu, ailə münasibətləri böyük sınaqlar qarşısında 

qalır. 2002-ci ilin qender statistikasına uyğun olaraq, 20-30 yaşlarında olan hər  1000 kişiyə  1039-1121; 

müvafiq olaraq, 40-60 yaşında 1060-1213 qadın düşür.(10) 

Ölkəmizdə yeni ictimai-siyasi və bazar münasibətlərinin qurulması şəraitində həm qadınlar, həm də 

kişilər bir qədər də  ağır vəziyyətə düşdülər.  İqtisadi problemlərindən biri – iş yerlərinin 

çatışmamazlığıdır (xüsusilə qadınlar üçün). Qadınların müəyyən güzəştləri olduğu üçün sahibkarlar 

onları, sərfəli olmayan işçi kimi, müəssisəyə işə götürmürlər. Qadınlığın idealı yenidən qayğıkeş ana və 

mehriban arvad olur. Müasir dövrü postsosialist patriarxal Renessans dövrü kimi qiymətləndirmək olar.  

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Sosial 

qarşılıqlı fəaliyyət subyektlərinin mübarizə etməsi səbəblərini izah edin.  

2. Qender 

münaqişələr vəziyyətlərinin növləri və tiplərini göstərin. 

3. Qender 

münaqişələrinin yaranmasının şəxsiyyətlə bağlı əsas amilləri hansıdır. 

4. Müasir 

Azərbaycan cəmiyyətində əsas qender ziddiyyətlərini göstərin.  

 

İş üsulları – diskussiya, «Münaqişəli vəziyyət» situasiyalı məsələlərin həlli 

 

SİTUASİYALI VƏZİFƏ  

 

«Münaqişəli vəziyyət» 

 

Məşğələnin məqsədi. Tələbələrə münaqişənin mahiyyəti haqqında bilikləri aşılamaq, müxtəlif növ 

münaqişəli vəziyyətlərin təhlili bacarığını formalaşdırmaq, sosial fəaliyyət zamanı yaranan mürəkkəb 

şəraitdə qərarları qəbul etmək bacarığını inkişaf elətdirmək.  

 

Məşğələnin keçirilməsi qaydaları.  



Hazırlıq mərhələsi. Bir-iki həftə qabaq tələbələr müəyyən vəziyyətin təhlili haqqında tapşırıq alır. 

Onlara dərsin mövzusu və  məqsədi bildirilir. Ədəbiyyatın müstəqil  şəkildə öyrənilməsinə dair tapşırıq 

verilir, başlıca anlayışların: «münaqişə», «münaqişənin səbəbi», «münaqişəli vəziyyət», «insident» 

(hadisə) təhlili tapşırılır. Xüsusi olaraq, bu anlayışların qarşılıqlı asılılığı təhlil olunmalıdır.  



 

 

Dərs zamanı  tələbələrə konkret vəziyyəti ilə bağlı olan məsələlərin həlli üçün tapşırıqlar, hər 

məsələnin axırında verilən suallarına cavabın hazırlanması tövsiyə edilir. 

Məsələnin həllinin yolları tədris qrupda müzakirə edilir.  



Məsələ  1.  Siz kadrlar üzrə menecer təyin edilmisiniz. Firmanın  əməkdaşlarını  hələ yaxşı 

tanımırsınız, onlar da Sizi üzdən tanımır. Siz baş direktorun yanındakı müşavirəsinə gedirsiniz. Siqaret 

çəkmək üçün ayrılan yerdə çox qızğın söhbət edən işçiləri görürsünüz. Bir saat çəkən iclasdan qayıdanda 

yenə həmin işçiləri həmin vəziyyətdə görürsünüz. 



Sual: Bu vəziyyətdə nə tədbir görəcəksiniz? Hərəkətlərini izah edin. 

Məsələ 2. Siz  şöbə müdirisiniz. Şöbədə  vəziyyət gərgindir, iş, tapşırıq müddətini uzadırlar.  İşçi 

çatışmır. Ezamiyyətə yollanaraq, siz təsadüfən öz işçinizi – iki həftə  xəstəliyə görə işə çıxmayan, amma 

tam sağlam görünüşü olan və səbrsizliklə aeroportda kimisə gözləyən gənc qadını görürsünüz. 

Sual: Nə edəcəksiniz? İzah edir. 

Məsələ 3.  İdarə  rəhbəri işə, öz müavininin tabeliyində  işləməli olan bir mütəxəssisi qəbul etdi. 

Bunu öz müavini isə razılaşdırmalıdır. Tez bir zamanda məlum oldu ki, yeni qəbul olunmuş  işçi öz 

vəzifələrinin öhdəsindən gəlmir. Müavin yazılı şəkildə bunu öz müdirinə çatdırır. 

Sual. Bu rəhbərin yerində siz olsaydınız, nə edərdiniz? Mümkün variantlar üzərində düşünün.  

Məsələ 5. Müdir, tabeliyində olan işçisinin iclasda tənqidi çıxışına cavab olaraq, onun fəaliyyətini 

güclü nəzarət altında saxlamağa başladı.  



Sual: münaqişənin səbəbi nədədir? Münaqişəli vəziyyətin növünü tapın.  

 

ƏDƏBİYYAT 

 

1.  Зиммель Г. Человек как враг. Избр. В 2-х т., 1996 



2.  Конфликтология / Под ред. В.П.Ратникова. – М., 2001 

3.  Мельник В.А. Политология – М., 1997 

4.  Гидденс Э. Социология. – М., 1999 

5.  Малышева М.М. Современный патриархат. Социально-экономическое эссе. – М., 2001 

6.  Клецина  И.С.  Самореализация  и  гендерные  стереотипы // Психологические  проблемы  самореализации 

личности. – СПб., 1998 

7.  Теория и методология гендерных исследований. Курс лекций / Под общ.ред. О.А.Ворониной. – М., 2001 

8.  Корбут  Л.В.,  Поленина  С.В.  Международные  конвенции  и  декларации,  касающиеся  прав  женщин  и 

детей. – М., 1998 

9.  Гендер и общество / Под общ.ред. А.А.Широковой, С.В.Ураловой. – Иркутск, 2001 



10.  Abasov Ə., Mirzəzadə R. Qenderə giriş. – B., 2004

 

Yüklə 373,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin