Mövzu Python proqramlaşdırma dili. Dilin əsas elementləri. İDle örtük mühiti



Yüklə 157,71 Kb.
səhifə1/3
tarix22.12.2023
ölçüsü157,71 Kb.
#189866
  1   2   3
muh1


Mövzu 1. Python proqramlaşdırma dili. Dilin əsas elementləri. İDLE örtük mühiti.
Plan.

  1. Python proqramlaşdırma dilinin yaradılması. Dilin üstünlükləri.

  2. İDLE mühitində proqramın fayl şəklində saxlanmasi və işə salınması.

  3. Python dilinin əlifbası.

  4. Pythonda identifikatorlar, açar sözlər, şərhlər, dəyişənlər.

  5. Pythonda ədədlər.

  6. Pythonda riyazi əməliyatlar və daxili funksiyalar.

Python dilinin populyarlığının başlıca səbəblərindən biri digər proqramlaşdırma dillərinə nisbətən daha sadə olmasıdır. Python dilinin sintaksisi çox aydın və anlaşıqlıdır. Python proqramlaşdırma dili – peşəkar proqram təminatları yaratmağa imkan verən, ancaq eyni zamanda yetərincə sadə olan, fərdi kompüterlər üçün nəzərdə tutulan bütün əməliyyat sistemlərində işləyən proqramlaşdırma dilidir. Python dilinin yaradılması ideyası 1980 - ci ildə yaranıb və 1989 - cu ildə Hollandiyada Qvido van Rossum tərəfindən işlənib. Qvido o dövrdə Britaniyanın BBC kanalının “Monti Python hava sirki” adlı komediya seriyasının fanatı idi. Bu proqramın şərəfinə yaratdığı dili Python adlandırıb. Dilin 2.0 versiyası 2000 - ci ildə, 3.0 versiyası isə 2008 - ci ildə istifadəyə verilib. Son illərdə Python dilinin populyarlığı çox artıbdır. 2015-ci ilin müxtəlif reytinq cədvəllərinə görə dünyanın ən yaxşı proqramlaşdırma dilləri arasında Python dili 3-6-cı yerlərdə yerləşir. ABŞ-da təhsil sistemində istifadə edilən proqramlaşdırma dilləri arasında Python dili birinci yer tutur. Bir çox şirkətlər öz Web-layihələrində (məsələn, Google, YouTube, Yandex və s.) Pythondan olduqca geniş istifadə edirlər. Bu sıraya MIT (Massaçusets Texnologiya İnstitutu) və NASA da daxildir. Python dili ilk dəfə proqramlaşdırmanı öyrənənlər üçün ən əlverişli dildir.
Python əsasən interpretatordan istifadə edir, lakin bu dilin kompilyatoru da vardır. Başqa proqramlaşdırma dilləri ilə müqayisədə Python dilinin aşağıdakı üstünlükləri vardır:
- geniş imkanlara malik olan Python dili proqramlaşdırmanı bütövlükdə dəstəklədiyi üçün böyük sistemlərin yaradılması və emalı üçün əvəzedilməzdir;
- aydın sintaksisə və sadə arxitekturaya malik olan Python sadə və rahat oxunan proqram kodları yaratmağa imkan verməklə, səhvlərin olma ehtimalının azaldır;
- veb – ssenarilərin yaradılması üçün əla vasitədir;
- robotların idarə edilməsi, animasiya filmlərin hazırlanması və s.- də geniş istifadə olunur.
Python proqramı yükəndikdən sonra ilk açılan interfeys IDLE örtük mühitidir. IDLE (Integrated DeveLopment Environment) — bu Python dilində inteqrasiya olunmuş proqram yaratma mühitidir. Rəsmi olaraq qısaca IDE adlanır. Interaktiv rejimdə IDLE Python örtüyünü(Python Shell) çağırdıqda, sonuncu sətirdə ardıcıl gələn üç “böyükdür”(>>>) yazılır. Bu işarə çağırış adlanır, işarə olan sətir isə əmr sətridir. Belə sətirdə istənilən proqram kodunu yazmaq olar. Proqram kodunu fayl şəklində yadda saxlayıb proqramı oradan çağırmaq üçün IDLE interaktiv rejimində ya File → New File seçmək, yada Ctrl+N klavişlərini sıxmaq lazımdır. Nəticədə mətn redaktoruna oxşar yeni pəncərə açılır. O Python redaktoru adlanır. Proqram kodu bu pəncərədə yazılacaq. İndi F5 klavişini (və ya IDLE menyusunda Run → Run Module əmrini seçmək də olar) sıxmaqla proqramı yerinə yetirmək olar. Proqram ilk dəfə yerinə yetiriləndə proqram mətninin faylda yadda saxlanılması istəniləcək. Mətni istədiyimiz yerdə yadda saxlaya bilərik. Yalnız bundan sonra proqram yerinə yetiriləcək. Sonda təqribən aşağıdakı kimi nəticə alınacaq. Solda proqram mətni, sağda isə nəticə görünəcək:

Proqramın başlamasını Python örtüyündə >>>==================== RESTART ==================== sətrinin yazılması ilə bilmək olar.
Bütün alqoritmik dillərdə olduğu kimi, Python dilinin də tərkibinə onun əlifbası, açar sözləri, dəyişənlər, sabitlər və operatorlar daxildir. Proqramlaşdırma dillərində proqram nizamlı şəkildə bir yerə yığılmış əmrlər (operatorlar) ardıcıllığıdır.
Python dilinin əlifbasına aşağıdakılar daxildir:
- latın əlifbasının böyük və kiçik hərfləri (A – Z, a – z) və altından xət çəkmə işarəsi ( _ );
- ərəb rəqəmləri ( 0 – 9 );
- xüsusi işarələr ( & ( ) [ ] { } + - * / % # , . ; : ! ^ | “ ‘ \ ~ < = >) (qeyd edək ki, ? və $ işarələrindən literallarda istifadə olunur);
- məsafə simvolları: probel (space), tabulyasiya (tab) və yeni sətrə keçid (enter) simvolları.
Əlifbanın simvollarından dilin leksemləri ( identifikatorlar, açar sözlər, sabitlər, əməl işarələri, ayırıcılar formalaşır.
İdentifikatorlar. İdentifikatorlar proqram obyektlərinin adı olub, iki yerə ayrılır: standart və istifadəçi identifikatorları. Standart identifikatorlara dilin açar sözləri, standart tiplərin adları, funksiya və prosedurların adları, istifadəçi identifikatorlarına isə istifadəçi tərəfindən daxil edilən proqram obyektinin adı aid edilir. İdentifikatorlar üçün latın əlifbası hərfləri, ərəb rəqəmləri və altından xət çəkmə işarəsindən istifadə olunur. İdentifikatorlarda böyük və kiçik hərflər fərqləndirilir, məs. AY, Ay, ay müxtəlif identifikatorlardır. İdentifikatorlarda istənilən sayda simvoldan istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, istifadəçi identifikatorları açar sözlər və standart obyektlərin adları ilə üst-üstə düşməməlidir və onları altından xət çəkmə işarəsi ilə başlamaq məsləhət deyil.
Açar sözlər. Açar sözlər kompilyator və interpretator üçün xüsusi qiyməti olan identifikatorlardır. Onları yalnız təyin olduqları mənada işlətmək olar, məsələn: and, for, if, print və s.
Şərhlər. Şərhlər # simvolundan sonra başlayan proqram mətni fraqmentidir ki, kompilyator tərəfindən nəzərə alınmır. Şərhlərdə istənilən simvoldan, Python əlifbasına daxil olmayan simvoldan da istifadə etmək olar. Şərhləri kompilyator nəzərə almır.
Dəyişənlər. Dəyişənlər- qiyməti dəyişə bilən proqram parametrləridir. Dəyişən ada və qiymətə malik olur. Ad yaddaşın qiymət saxlanan oblastına müraciət etməyə imkan verir. Dəyişənlər iki növə bölünürlər:
- Qlobal - dəyişənlər alt proqramlarda elan edilməyibsə, qlobal dəyişənlər adlanır və onlara proqramın bütün hissələrindən müraciət etmək olar.
Lokal - dəyişənlər alt proqramlarda elan edilibsə, local dəyişənlər adlanır və onlara yalnız elan olunduqları alt proqramdan müraciət etmək olar.
Ədədlər. Ədədi literallar – Python dilində ədədi literalların 4 növündən istifadə olunur: tam ədədlər, həqiqi ədədlər, kompleks ədədlər və məntiqi (Bul) qiymətlər.

Yüklə 157,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin