Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Mövzu 3.Tələbələrdə ali hisslərin və iradi keyfiyyətlərin formalaşması



Yüklə 89,63 Kb.
səhifə16/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
Ali mek. psixolog yeni son mühazireler

Mövzu 3.Tələbələrdə ali hisslərin və iradi keyfiyyətlərin formalaşması
Plan:

  1. Elmi dünyagörüşü və ali hisslər

  2. Tələbələrdə ali hisslərin tərbiyə olunması.

3. İradi keyfiyyətlərin inkişafı və möhkəmlənməsi.

1. Elmi dünyagörüşü və ali hisslər. Dünyagörüşü çox geniş bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Müxtəlif baxışların, dəyərlərin, davranışların toplumudur. Əqidə formasında meydana çıxan tələbatların məzmunu ətraf aləm-təbiət və cəmiyyət haqqında biliklərdən, onların müəyyən şəkildə başa düşülməsindən ibarətdir. Bu biliklər qaydaya salınmış və daxilən təşkil edilmiş baxışlar sistemini(fəlsəfi, estetik, etik, təbii-elmi və başqaları) təşkil etdikdə, onlar insanın dünyagörüşü kimi nəzərdən keçirilə bilər. Dünyagörüş, psixoloji quruluşuna görə özündə bilikləri, baxışları və inamı artırır. Bilik əşyaların xassələrini və hadisələrinsə qanunauyğunluqlarını öyrənməkdir. Biliklər emprik, tam olmayan ümumi və nəzəri olmaqla qanunauyğynluqları əks etdirir. Eyni zamanda, biliklər elmi, məişət xarakterli, anlaşılan və formal xarakterli ola bilər.

Baxışlar, bilikləri əks etdirməklə, maddi aləmə münasibəti də bildirir. Baxış anlam, qiymətləndirmə və yeni biliklərin mənimsənilməsidir. Baxışlar materialist və idealist xarakterli olmaqla düzgün və yanlış məzmun kəsb edə bilər. Dünyagörüş yönümlü bilik və ideyalara yiyələnmək, bu proses dərin və sarsılmaz inama və baxışlara çevrilirsə dünyagörüşü formalaşır.

İnam idrak, emosiya, iradə və motivlərin birləşməsidir. Bu proses hiss və iradi səyetmə ilə möhkəmlənir.

Psixologiya dünyagörüşünün formalaşması prosesini öyrənir, ictimai inkişaf hadisələrinə aid elmi cəhətdən düzgün qiymətlərin necə təşəkkül etdiyini, əxlaqi prinsiplərin, estetik zövqün, təbiət hadisələrinə əsaslı baxışların necə əmələ gəldiyini və s. araşdırır. Bu da öz əksini şagirdlərin mənimsədikləri müxtəlif anlayışların inkişafı, elməqədərki anlayışlardan elmi anlayışlara keçilməsi sahəsindəki çoxlu miqdarda tədqiqatlarda tapır. Gənclərdə çox vaxt incəsənət əsərlərinə düzgün bələd olmaq, əsl gözəlliklə zahiri gözəliyə malik olanları və s. fərqləndirmək imkanı verən zövqün formalaşması da dünyagörüşünün əmələ gəlməsini göstərir. İctimai və elmi həyatın əsas problemləri, insanlararası qarşılıqlı münasibət məsələri və bir çox başqa məsələlər haqqında gənclər arasındakı mübahisələr də dünyagörüşünün formalaşmasını sübut edir. Eyni zamanda dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həm də emosiyaların üzərində qurulur. Çünki hər bir insanın əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır. Buna görə də intellektual biliklər bunlarla sintez olunaraq birgə ifadə olunur. Bununla da dünyanın duyulması və anlaşılması prosesi baş verir. İnsanın gerçəklik haqqında biliklərə yiyələnməyə yönəlmiş böyük və rəngarəng fəaliyyəti də emosional münasibət doğura bilər. Bu müxtəlif nəzəri və əməli məsələlərin həlli ilə, biliklərin qavranılması və real fəaliyyətə tətbiqi ilə bağlı olan hisslərdir. İnsanın idrak fəaliyyəti, bu və ya digər hadisə, fakt, elmi müddəalar haqqqında fikri, düşüncəsi xüsusi səciyyə daşıyan hisslər əmələ gətirir. Buraya mürəkkəb və hələlik anlaşılmayan hadisə qarşısında duyulan təəccüb hissi, yeni və hələlik dərk olunmayan hadisəyə olan maraq, məsələnin həllinin düzgünlüyünə şübhə hissi, alınmış nəticənin dəqiqliyinə inam hissi, edilmiş kəşflə əlaqədar keçirilən sevinc hissi və s. aiddir. Qeyd olunan hisslər zehni hisslər kimi xarakterizə olunur.

Ali hisslər insanın mənəvi aləmini ifadə edir və onun şəxsiyyətini üzə çıxarır. Ali hisslərin obyekti bizi əhatə edən sosial gerçəkliyin hadisələridir.

Cəmiyyət tərəfindən hasil olunmuş əxlaq kateqoriyaları əsasında gerçəkliyin hadisələrinin əxlaqi tələbləri baxımından qavranılması zamanı insanın keçirdiyi bütün hisslər əxlaqi hisslərə aiddir. Belə hisslər nəinki yaxşı və pis, zəruri və zəruri olmayan davranış forması haqqında təsəvvürlərin olmasını, həm də bu təsəvvürlərin insan tərəfindən daxilən bir norma və ya normanın pozulması kimi qəbul olunmasını tələb edir. O zaman hisslər müvafiq şəraitdə insanı hərəkətə yönəldən təhrikedici səciyyə kəsb edir.

İnsan hissləri öz təbiətilə rəngarəng olur, onlar öz mahiyyətinə görə ötəri də ola bilər, daimi də. Tələbənin ali hissləri, onun elmi dünyagörüşünün əsasında, mənəvi tələbatların ödənilməsi, yaxud ödənilməməsi ilə əlaqədar, həyati qaydaların icrası, yaxud pozulması, eləcə də sosial davranış, fəaliyyətinin gedişi və nəticəsilə meydana gəlir. Ali hisslər içərisində başlıca yeri mənəvi-siyasi, əqli və estetik hisslər tutur. Vətənə məhəbbət, onun hər qarış torpağı ilə bağlılıq, ölkəmizin müstəqilliyi və suverenliyinə hörmət, onun uğrunda mübarizə cəhdi, elmə, təhsil aldığı ali məktəbə, gələcək peşəsinə məhəbbət,azərbaycanlı olmağı ilə qürur hissi keçirmək və s. tələbənin mənəvi-siyasi hissidir. Onlar dünyagörüşlə, əxlaqi keyfiyyətlərlə, tələbənin baxışları və biliklərilə, eləcə də Vətən anlayışı ilə müstəqilliyə can atan, dost münasibətdə olan xalqlarla, əməklə bağlı adamlarla, təhsil aldığı ali məktəblə, cəmiyyətin xeyrinə fəaliyyət göstərən məzunlarla daha sıx bağlı olur. Bu hisslər tələbələrin fəaliyyətində daha geniş vüsət alır və mühüm rol oynayır. Tələbə şəxsiyyətinin nailiyyətləri və sosial fəallığı onların inkişaf səviyyəsindən asılı olur.

İnsanın praktika sahəsi, yəni insan fəaliyyətinin müxtəlif formaları da onun emosional münasibətinin obyektlərindən biridir.

İctimai inkişaf prosesində insan yalnız əxlaq normalarına deyil, həm də gözəllik anlayışlarına əsaslanaraq, gerçəkliyin hadisələrini qavramaq qabiliyyəti əldə etmişdir. Bu vəziyyət estetik hisslərin yaranması üçün əsadır. Estetik hisslər olduqca mürəkkəb və rəngarəngdir.

2. Tələbələrdə ali hisslərin tərbiyə olunması

Tələbənin zehni hissləri əqli dərketmə fəaliyyətində daha geniş şəkildə təzahür edir, xüsusilə yeni və çətin məsələlərin həllində bu özünü daha qabarıq büruzə verir. Zehni hisslərə yeniliklər, hər şeylə maraqlanmaq, təəccüb, razı qalmamaq, icra edilən işdən zövq almaq, şübhələnmək kimi hisslər daxildir.

Biliklərin mənimsənilməsində, tələbələrin bütün təlim prosesində zehni hisslərin əhəmiyyəti az deyil. Adətən, bunlar təfəkkürü stimullaşdırır, cisim və hadislərin mahiyyətinə daha dərindən nüfuz etmək üçün şərait yaradır.

Estetik hisslər, ətraf aləmə xüsusi münasibətin göstərilməsidir. Bu hisslər gözəlliklərin və eybəcərliklərin ideal şəkildə ifadəsi və anlaşılmasıdır. Həmin işlər tələbənin fəaliyyətini fəallaşdırır, təhsilin əhəmiyyətini aydın dərk etməkdə, yoldaşlarının xoşagəlməz hərəkətlərini pisləməkdə, fəaliyyətində dəqiq olmaqda, səliqəliliyində, nizamlı olmaqda, öz geyiminə fikir verməkdə, təmizliyə diqqət yetirməkdə, təlim tapşırıqlarını və başqa vəzifələri düzgün və dəqiq yerinə yetirməkdə kömək edir. Estetik hissslər rəngarəng olur. Buraya daxildir; razılıq hissləri, fəxr etmək, heyran olmaq və s.

Estetik hisslər öz mənşəyinə görə sosial xarakterlidir və insanın mənəviyyatı ilə sıx bağlıdır. Bu hisslərin sosial təbiəti o zaman meydana gəlir ki, müxtəlif cəmiyyətlər və siniflər eyni əşya və hadisələrə münasibət göstərərkən həyəcan kecirirlər. Başqalarına yaxşı görünən bu və ya digər məsələ, digərlərinə pis görünə bilər.

Estetik hisslərin inkişafı tələb edir ki, hər bir tələbənin obiyektlərə məxsus məzmun vəformaları estetik baxımdan qiymətləndirilməsinin mühüm davranış normalarına yiyələnməsi təmin edilsin.

Əxlaqi hisslər tələbələrin dünyagörüşləri, inam və baxışları ilə üzvi sürətdə bağlı olduğundan məhz onlar maddi aləmə, təhsilə, kollektivə və insanlara münasibəti müəyyənləşdirir. Eyni zamanda, vətənpərvərlik hisslərinin formalaşması və şüurlu fəaliyyət tələbələrin əxlaqi, zehni və estetik hisslərinə təsir edir.

Ali hislərin tərbiyə olunmasında xalqımızın mənəvi və əxlaqi keyfiyyətlərini tərənnüm etdirən nümunələrdən istifadə olunmasının böyük əhəmiyyəti vardır. Nümunələrin canlı, orijinal və inandırıcı mahiyyət kəsb etməsi əxlaqi, zehni və estetik hislərin tərbiyə olunması prosesini daha da sürətləndirir.

Əxlaqi hisslərin inkişafı həm tələbələrin öz aralarında, həm də tələbələrlə müəllimlər arasında cərəyan edən qarşılıqlı münasibətlərdən də asılıdır. Tələbə-müəllim ünsiyyətində müxtəlif emosiya və hisslər, öyrənilən fənlərin məziyyətlərinə inam, ona məhəbbət, biliklərə aludəçilik yaranır. Müəllimin tələbəyə qarşı diqqətli olması və hörmətlə yanaşması, onda gözəl hisslər doğurur, irad və göstərişlərə emosional anlamlıq yaradır, tərbiyəvi təsirlərə hazırlıq nümayiş etdirilir. Əksinə, laqeydlik, müəllim təkəbbürü və saymamazlıq mənfi hisslərin yaranmasına səbəb olur. Tələbələrə qarşı kobud münasibət onlarda şərəf hissini, mənliyi, öz qüvvələrinə inamı sarsıdır.

Tələbələr arasında dostluq və yoldaşlıq münasibətlərinin inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır. Əsl dostluq və yoldaşlıq onlarda gümrahlıq, həyat eşqi, ürəkdən çalışmaq,çətinliklərə sinə gərmək əhval-ruhiyyəsi yaradır.

Tələbələrdə ali hissləri tərbiyə edərkən nəzərə almaq lazımdır ki, gələcək peşə fəaliyyətində nailiyyətlər qazanmaq üçün onlara hansi hissi-emosional təcrübə lazımdır. Ali məktəbi qurtardıqdan sonra əməli fəaliyyətinin başlanğıcında bir sıra hiss vəemosiyalar meydana gəlir ki, onların varlığı ali təhsil illərində nəzərə alınmamışdır. Ona görə də təlim prosesi elə təşkil olunmalıdır ki, tələbələrdə formalaşan hisslər onların əmək fəaliyyətində rastlaşacaqları hisslərə yaxın olsun.

Hisslərin tərbiyə olunması yollarından biri də özünütərbiyə, öz üzərində işləməkdir. Öz hərəkətlərini düzgün qiymətləndirməyi bacarmaq, yaxşı olmaq üçün cəhd göstərmək, məsuliyyət hissinin artırılmasına, şəxsi varlıq heysiyyatına, şərəf hissinə, kollektivçiliiyə xoş təsir bağışlayır.

3. İradi keyfiyyətlərin inkişafı və möhkəmlənməsi

Tələbələrdə iradi keyfiiyyətlər və onların təşəkkül yolları daim diqqət mərkəzində saxlanılmalıdır. İradə və onun xassələri yalnız fəaliyyət prosesində meydana gəlir, təlimdə baş verən çətinliklər zamanı, mürəkkəb şəraitlərdə, imtahan zamanı, kurs işlərinin hazırlanması zamanı daha qabarıq halda təzahür edir. Ona görə də iradə və iradi keyfiyyətlər tələbələrin olduqca vacib psixoloji amilləri hesab olunur, yalnız bu yolla fəaliyyətdə baş verən çətinliklər müvəffəqiyyətlə aradan qaldırıla bilər.

Hər bir iradi keyfiyyət, ümumi cəhətlərlə bərabər xüsusi cəhətlərə malikdir. Bu baxımdan məqsədyönümlük ondan ibaətdir ki, tələbə öz həyatında və gündəlik fəaliyyətində müəyyən məqsədə istinad edir.

İntizamlılıq əxlaqi inamın özünəməxsus tərkib hissəsidir. Buraya mənəvi tələblər, vərdişlər və hərəki adətlər də daxil edilir.

Təkidlik iradi nəzarətin, uzun müddətli səyin qorunmasıdır.Təkidli tələbə, çətinlikləri dəf etmək üçün öz imkanlarını səfərbər edir, məqsəddən imtina etmir, hətta orta səviyyəli qabiliyyətə malik olsa da yüksək mənimsəməyə nail olmağa çalışır.

Mərdlik tələbəyə ən mürəkkəb şəraitlərdə belə, yeni, riskli situasiyalarda özünü fəal aparmağa kömək edir. Mərdlik iclaslarda aparılan prinsipial müzakirələrdə, ilkin kütləvi toplantılarda, çıxışlarda və s. özünü büruzə verir.

Təşəbbüskarlıq tələbənin yaradıcı işlərdə bacarıq və hazırlıq nümayiş etdirməsidir, tədris, əmək, ictimai və başqa vəzifələrin həllindəmüstəqillik göstərməsidir.

Qətiyyətlilik hərtərəfli düşünülmüş və əsaslandırılmış qərarların qəbulu və onların ləngimədən həyata keçirilməsidir.

Müstəqillik ətraf mühitin təsirlərindən nisbətən asılı olmamaqdır, fəaliyyətini təşkil etməyi bacarmaq, fikirlərini təxirəsalmadan həyata keçirməkdir. Bu, insanın öz qüvvəsinə inam yaradır, ağlı tənqidi olur, neqativ hallarla, höcətliklə, özündən çıxmaqla heç bir əlaqəsi olmur.

Laqeydlik (neqativlik), hər şeyə qarşı, başqalarının fikirlərinə əsaslandırılmamış etiraz bildirmək, iradənin zəifliyinə, özünü ələ ala bilməməyə dəlalət edir.

Höcətlik laqeydliklə oxşardır. Höcətlik edən adam öz dediyinə israr edir, ona görə ki, özü belə hesab edir. Hətta özünün səhv olduğunu anlasa da, fikrindən dönmür, başqalarının fikrini nəzərə almır.

Müşahidələr göstərir ki, iradi keyfiyyətlərin inkişafı və möhkəmlənməsi, tələbələrin şəxsiyyətinin, onların kollektivinin təşəkkülü prosesində təlim və tərbiyənin bütün sisteminin, tələbənin rəngarəng həyatının təsiri altında baş verir.

İradi fəaliyyət müəyyən məqsədin əldə edilməsinə xidmət etdiyindən, tələbə tərəfindən vəzifənin dəqiq müəyyənləşdirilməsi iradə və iradi keyfiyyətlərin inkişaf etdirilməsinin zəruri şərtlərindən hesab olunur.

İradi hazırlığın vacib şərtlərindən biri də iradi davranışa dair təcrübənin toplanması, tələbələrdə çətinlikləri aradan qaldırmaq üçün bütün qüvvələri səfərbər etmək imkanlarını inkişaf etdirməkdir.

Təlim prosesində, hər bir tələbənin iradi keyfiyyətlərinin xüsusiyyətlərini nəzərə almaq imkanları böyükdür, həm də ona elə tapşırıqlar vermək olar ki, arzu olunan nəticələri verə bilən çətinliklərin aradan qaldırılması ilə əlaqədar olsun. Əgər tələbədə öz qüvvəsinə inam yoxdursa, ona elə tapşırıq vermək olar ki, müvəffəqiyyətlə icra oluna bilsin, sonra onu tərifləmək , başqalarına nümünə göstərmək olar və s.

İradi keyfiyyətlərin tərbiyə olunmasına kollektiv böyük təsir göstərir. Tələbənin motiv və hisslərinə yoldaşlıq təsiri heç də izsiz ötüşmür. Kollektivin sağlam fikri tələbələrin iradəsini təlimin və digər məsələlərin vicdanla həlli üçün istiqamət verir.

Tələbələrin öz üzərində müstəqil çalışması iradi keyfiyyətlərin inkişafı üçün əvəzsiz şərtdir. Əksəriyyət tələbələr, həm aşağı, həm də yuxarı kurslarda, qarşıya çıxan çətinlikləri özünütərbiyə yolu ilə aradan qaldırmağa çalışırlar. Bu məqsədlə onlar özünəzarətə geniş yer verir, özünəinam, özünəəmr və “özü ilə mübarizə” vasitələrindən istifadə edirlər, eyni zamanda, müəllimlərini, qrup yoldaşlarını təqlid edirlər.

Öz üzərində iş, müəyyən sistem və ardıcıllıq, öz davranışına nailiyyət və nöqsanlarına tənqidi yanaşmağı, müsbət nümunələrə fəal münasibət göstərməyi tələb edir. Özünütərbiyənin mühüm şərti qəbul olunmuş qərarların dəqiq və vaxtında icra edilməsi, başlanan hər işi axıra çatdırmaq, arzuolunmaz vəziyyətlərdən vaxtında uzaqlaşmaq və xarakteri mənfi təsirlərdən qorumaqdan ibarətdir. İrəliyə getməyə can atmayan, özünün ümumi inkşafına biganəlik göstərən, çətinliklərdən qaçan, mütəşəkkillik göstərməyən, qeyri-fəal olan, laqeyd və qorxaq olanlar öz iradələrini möhkəmləndirə bilməzlər.





Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin