Milli Virtual Kitabxana Təqdimatında Fərid Hüseyn " Əlifba sırası" Şeir və esselər kitabı Şəbəkə üçün hazırlayanı və e-redaktoru: Aydın Xan (Əbilov), yazı



Yüklə 235 Kb.
səhifə2/3
tarix28.01.2017
ölçüsü235 Kb.
#6545
növüYazı
1   2   3

Yuxusuz gecənin ritmi
Ört qapını, çıx get.

Deməli, adamlar ölməmişdən əvvəl ölə bilirmiş.

Get, mən adam itirməyə öyrənmişəm,

Atamdan dostuma qədər...

Mən yoxluğu bir içim su kimi içmişəm.
Yağışlı yerlərin ətri, həm də torpaq ətridi.

Yağışda torpaq suda boğulur, üzə bilməyən evlər batır.

Sevilməyən adamlar ölmürlər amma...
Səkidəki adamları axşam evlərinə aparar.

Kiçik qız çantasından “oxu” kitabını oğlana verər.

Nənə nəvələrinin yollarına baxar,

Amma, uzaqları görməz gözü...


Ata gecələr hamıdan gizli qaçar fikirlərinə,

Olar... olar... hələ sənsiz çox şey olar.


Hamı məni güclü insan kimi tanıyır,

Amma, mən iki günün dərdinə də dözə bilmirəm.

Şairlər güclü olmur, güclü olan adam dərdini kağıza deməz...
“Dərd batmanla gələr, misqalla çıxar” deyirlər.

Bəli, mən dərdə topa-topa getdim,

Amma, sən məndən qram-qram da qopmursan...
Gəl sənə Füzulidən bir qəzəl oxuyum,

Başa düşməsən də gülümsə, kədərlən, kövrəl.

Onsuz Füzulidən əvvəl də məhəbbət anlaşılmaz idi,

Füzulidən sonra da biz çox anlamamışıq.


Bu gecə haradasa bir fahişə qızlığını yada salır,

Bu gecə bir ana ölmüş oğlunun şəklini yorğanının altında öpür.

Fikirli bir atanın dərddən yandırdığı siqaret çəkilməmiş ölür.

Həyəcanlı adamlar sabahkı ümidlərini götür-qoy edirlər.

Bu gecə məni söyürlər, ayrılığın dili ilə...
Bu gecə həsrət mənə dil çıxardır, acıq verir.

Bu gecə itlər adamlara yox, öz tənhalıqlarına hürürlər.

Bu gecə yuxundakı adam mənəmmi? Bilmirəm...
Qocalar evindəki qocalar da sevir,

Küçədəki bomujun yuxusuna qadın girir,

Həyat davam edir ... davam edir.
Dünya kimləri itirib,

amma özünü heç nə itirməmiş kimi göstərir.

Dünya qətiyyətlidir, bir gözündə Şərqin yaşı quruyub,

Bir gözündə Qərbin leysanını yaşadır.


Məğlubiyyətin himni
Evimizdə divar şəkilləri çoxaldıqca,

Qəbirstanlıqda qəbirlərin sayı artır.

Füzuli də sinif otağında çərçivədədi.

Adamlar sağkən şəkil çəkdirirlər,

Amma öləndə daha çox lazım olur.

Bu gecə anlayıram ki,

İçimdə özüm boyda əclaf yaşayır,

Özüm boyda xeyirxah.

Amma bu gecə məni xeyirxahlığa,

yoxsa əclaflığa aparan adam gələcəkmi?

Bax, onu bilmirəm.
Qadınlar saçlarını niyə uzadırlar?

Kişilər niyə ağlaya bilmirlər?

Uşaqlar niyə tez inciyirlər?

Bilmirəm...


Bu gün ölmüş oğlunun ad günü olan ata var.

Bu gün gözləri yol çəkən kimsəsizlər var.

Həmin atanın və kimsəsizlərin qonaqları gəlməyəcək.
Bircə bir şairin mirası düşür yadıma.

Başqa sözlər məni ifadə edə bilmir.

Həsrət olmayanda şeir olmur,

Şeir olmayanda mən ölürəm.


Kaş oxuduğum bu roman qədər

Yalan olaydı eşitdiklərim.

Mən bu gün səninlə qovuşum deyə,

Nəzir qutusuna nəzir atdım,

Halbuki, mən belə şeylərə inanmazdım.

Nəziri atandan sonra fikirləşdim ki,

Mən sənə qovuşmaq üçün Allaha yaltaqlanıram.
Kaş və Bəlkə
Ən gözəl sözlər kaş və bəlkədi.

Hər ikisində ümid qırıntıları var.

Bəlkələr və kaşlar çox şey demir adama,

Fəqət ümidləri də qırmır, adamın əlindən tutur...

Küçələrdəki gözəllik salonları

daxilimizi bəzəməyə aciz.

Biz xaricin vurğunuyuq:

Xarici gözəllik,

Xarici maşın...

Daxilə ümid yox.

Hamımız dağ oğluyuq,

Belimiz bükülü.

Hamımız lal oğluyuq,

Dilimiz lal.

Hamımız “Koroğlu”yuq,

Haqqa göz yummaqda.

Korluq, lallıq genetik xəstəlikdi buralarda.

Yenə yeganə ümidimiz kaş,

Arzularımızın tərkibində bəlkə.

Yaşamaq yarışındayıq, adaşım.


Gəl qaçıb gedək dünyadan
Gözümə işığın düşür,

Yarın-yaraşığın düşür.

Gəl qaçıb gedək dünyadan,

Pasportun var, yaşın düşür.


Qapıya elçi gələndə,

Təriflərlə öyüləndə,

Yaxşı oğlan deyiləndə,

Yada ev və maşın düşür.


Davam edir dava-dalaş,

Bu nə tale, bu nə savaş?

Tələsmə sən, yavaş-yavaş

Hər gün ölüm aşın bişir.


Ölümə çağırmadılar
Gülmədim ki, deyərsiz

gülüb özündən getdi.

Mən öləndə deyərsiz

ölüb özündən getdi.


Bu dərd yolun fikirli

mən öz-özümə getdim.

Ölümə çağırmadılar,

salıb üzümə getdim.


Xoş halına ölənlərin

Dostum Fərhad Meteyə

Tale bizi yıxa-yıxa,

Bəlkə də, döyüb öldürür.

Tale bəzən qocaların,

Qəddini əyib öldürür.
Xoş halına ölənlərin,

Vay halına qalanların,

Tale bəzən sevənlərin,

Xətrinə dəyib öldürür.


Bu bəxt, bu da qaranlıq
Gülmədi bizə heç kəs,

Bizə heç kəs ağlamadı.

Aparmadı gələnlər,

Qalanlar saxlamadı.


Yanmadı işığımız,

Bu bəxt, bu da qaranlıq.

Hamı gündən qaraldı,

Biz zülmətdən qaraldıq.


Gəlmə yuxularıma
Bu ayrılıq nəğməsi,

ilk laylaydı, son ağı.

Yuxuna da gəlmərəm,

özün demişdin axı,

Gəlmə yuxularıma.
Həsrətin zindan kimi,

Kim verib bu hökümü?

Qoy sakit yatım məni,

Gəlmə yuxularıma.


Doymamısan öpüşdən?

Doymamısan hənirdən?

Hər gün qaçıb evindən,

Gəlmə yuxularıma.


Gecə sənsiz yatıram,

Yuxularda tapıram.

Səhərsə, tək qalxıram

Gəlmə yuxularıma.


Belə günlər gün deyil,

Dərdimi də gün döyür

Yuxularım çin deyil,

Gəlmə yuxularıma.


Biz”

Çingiz Əlioğluna


Ət atmadıq heç vaxtı öz itmizə,

Dedik gedib orda-burda sülənsin.

Bizi döyüb-söyənlərdən darıxdıq,

Darıxmadıq göz yaşımızı silənçün.


Kənddə düşüb yenə torpaq davası,

Bu torpağı parçalayıb, bölən kim?

Ağlamağın aşiqiyik hamımız,

Heç birimiz öləmmədik ölənçün.


Yamanları yaxşılarla tay qoyduq,

Can demədik qədrimizi bilənçün.

Əl açanın ovucuna pay qoyduq,

Pay qoyduq ki, gedib yenə dilənsin.


Bu torpağa yasaq idi əkilmək,

Hərə gəlib bircə qarış bellədi.

Yıxılana əl uzatdıq qaldıraq,

Fürsət tapıb, əlimizi əllədi.


Zəhərimi şirin içim dayan, dur!

Qatma araq, qatma araq çaxrıma.

Qaxancıma verməmisən, İlahi

Heç olmasa, bərəkət ver ağlıma.


Başımız da xarab olub, ay Allah,

Bu vətənçün necə gedib baş qoyaq?

Yamanlığı unutmuruq heç zaman,

Yaxşılığın qabağına quş qoyaq.


DÜNYANIN ƏN ƏCAİB TƏZADI
Düşüb əlimdən sındı

Eyib göstərən güzgü,

“Eybi yoxdur” – dedilər.
***

Qatil dedilər mənə,

Bir-iki “Ümid” öldürmüşdüm.

Bir-iki arzu doğuldu ürəyində,

Sənə “Ana” demədilər.
***

Dilimi dişlədim,

Bir-iki sözüm kəsildi.

***


Ağ bənizli qızın qara bəxti,

Dünyanın ən əcaib təzadı.

***

Sən Günəşsən, mən Ayam,



Çoxdandır görüşmürük.

Neyləyək, düzgün bölünməyib

Məhəbbətin iş saatları.
***

Arxamca su atan qız,

Ayağımın izlərini yuyur

Ömrünün cığırlarından.


***

Bir, iki, üç deyib qaçmaq istəyirəm dünyadan,

Amma, iyirmi ildir arxamca gəlir ömür.
***

Dünən bir ulduz axdı,

Sən də öldün mənimçün.
***

Avtobusda yatan fəhlənin

yuxusunun adı – YORĞUNLUQ.
***

Bayquş bəlaları bizə əvvəlcədən deyir,

Amma, biz onu sevmirik.
***

Mənim yol verdiklərim

məndən çıxıb getdilər.

Yerini bilmədiyim yerə!


***

Əllərimin evi – cibim.

Sevgimin cibi – ürəyim.
***

Daha mən danışmıram,

Qoy, gözlərin “ürəy”ini boşaltsın.
***

Bir saat əvvəl əzizlənən uşaq,

Bir saat sonra döyüləndə

Anladı ki, sevgi müvəqqətidi.


***

Sənin otağında ayna olaydım,

Hər səhər üzümə baxıb gedəydin.
***

Xanım sözündə XAN var,

Bəy sözündə ancaq BƏY var.

Deməli, xanımlar adlarında da,

Kişi daşıyırlar.
***

Səhvimi bağışlayasan deyə,

Mesaj yazdım.

Mesajdasa adını kiçik həriflə,

Səhv etməyə öyrənmişəm. Bağışla...
***

Kağızdan gəmi düzəldəndə bilirdim,

uzaqlara getməyəcəm.

Amma, kağızdan gül düzəldəndə bilmirdim,

sevgimiz oyuncaq olacaq...
***

Pişik öz ayaqlarını elə yalayır ki,

sanki atasının əllərindən, ayaqlarından öpür,

onu sevmədiyi oğlana yar eləməsin deyə...


***

Yayda qar arzulamaqdı səni sevmək,

Elə mən də, qar arzulayıram.
***

Yazdığım məktublar heç bilmirsən hardadı.

Eybi yox, incimirəm,

sözlərim yadımdadı!


***

Başını o gecə çiynimə qoydun,

Duydum məhəbbətin ağırlığını.
***

Mənim gözlərimdə çox uçurum var,

Mənim gözlərimdən çox insan düşüb.
***

Dünyanın mübarizəsiz qəhrəmanları – ağaclar,

Sizi doğulduğunuz gündən torpağa gömürlər...
***

Əgər bu şəhərdə

Sevdiyin qızın yaşadığı evin yerini bilmirsənsə,

Bütün pəncərələrindən sual yağacaq gözlərinə,

“Görəsən o haradadır?”.
***

İşıqlar mərtəbə-mərtəbə dırmanır binaya,

Hər mərtəbə işığın bir pilləkənidi...
***

Avtomobil qəzasında ölmüş bir cavan oğlanın qəbri,

Qəbiristanlığın yanından sürətli keçən

Avtomobillərdən nigarandı.


***

Üstündə səməni çürüyən qəbir,

Novruz bayramın mübarək olsun.
***

Dünyanın ən sözəbaxan uşaqları,

Balaca qızların kuklalarıdır.

Kuklalarsa o qızların analıq arzusudur.


***

Alnımızda qırış,

Əlimizdə çat.

Alnımızda güllə,

Əlimizdə avtomat.
***

Sən üstümə su töküb sevinirsən ki,

onu islatdım.

Mənsə fikirləşirəm ki,

Bəlkə, yuyuldu günahlarım.
***

Hamıya qartopunu yavaş atırsan,

Mənə çatandasa,

elə bil şeytana daş atırsan.


***

Gözümün ürək sözlərin

Gətir, yazım baxışına.
***

Yaxşı qadın ərini,

Axşam çəkdiyi siqaretlərin sayından tanıyır.
***

Həyatın tərkibində məhbusluq qaçılmazdı.

Öləndə belə olsa həbs eləyəcəklər bizi.

Bir otaqlı, pəncərəsiz qəbirə.


On beş

Qapıları açmadılar,

Bu bəxtin bacası hanı?!

Dərd verdiyin oğlanam mən,

Allahı tanı, aç qapını...

***


Nələr nələrdən keçdi,

Ay naməlum, bilirsən?

Dərddə batırdın məni,

Özün harda üzürsən?


***

Bu küçə addım-addım

İtib-batır, ay Allah.

Bəxtim də yatmaq üçün,

Dərman atır, ay Allah.
***

Gözüm yol yolçusudur,

Gözüm yenə yollardadı.

Niyə qaçıb gələmmirsən,

Sən dardasan, yol dardadı?
***

Sərxoş külək nə içib ki,

Bax, bu qədər kefli qalıb?

Dərd başımdan basmaq üçün,

Hündürdaban dufli alıb.
***

Ömrü saxlaya bilmədin,

Ömrün sürüşdü, dostum.

Ölüm hamının gördüyü

Sonuncu işdi, dostum.
***

Gəl səninlə razılaşaq,

Olmadı... olmadı.

Allaha can uzatdım,

Almadı... almadı.
***

İtib o verdiklərin,

Harda düşüb bilmirəm.

Darıxmışam ölümdən,

Neçə vaxtı ölmürəm.
***

Pəncərəsinə baxdığım

O qız gedib haçandı.

Gözlərim, o pəncərədə

Çörək güdən siçandı.
***

Sevgi qatarmış qatar,

Sən də, mən də sərnişin.

Bizim bəxtimiz yatıb,

Hamınınkı gərnəşir.
***

İslanmışıq dərd ilə,

Çətirimiz də, deşikdi.

Bu xaraba səninlə

Əməlli ev-eşikdi.
***

İşə girmişəm dostlar,

“Hicran idarəsi”ndə.

Mən fəhləyəm, o qızsa,

Müdir vəzifəsində.
***

Dünya düşməyib yerinə,

Ona görə tərpənir.

Adam sudan ibarətdi.

Göz yaşda, can tərdədir

***


Bu sevgi hərracında

Səni, məni dərd aldı.

Gəl bir oyun oynayaq,

Adı olsun “DƏRDALDI”.


***

Gözümdəki yaşmısan?

Bağrımdakı daşmısan?

Ürəyimi aşmısan

Alpinist məhəbbətim.



Esselər

İnsanlar insanlara inanmadılar
Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma, kimlərsə sizə neyləyəyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...

Bu inamın itkisi indinin işi deyil... Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı…

İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.

İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı.

Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı.

İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar, hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.

İnsanlar gözlərinə inamadılar, gözlər də insanları aldatdı və nəticədə eynəklərimiz yarandı.

İnsanlar inanmadılar ki, torpaq xəzinədir. Və onu qazıb qızl çıxardılar, boyunlarına asdılar, barmaqlarına taxdılar. Qorxdular ki, yerdə qalsa o da çürüyüb məhv olar...

İnsanlar göylərə inanmadılar. Uçub gedib planetləri tapdılar. Amma, sonra məyus olaraq Yerə qayıtdılar. Tapdıqları şeylər işlərinə yaramadı.

İnsanlar İsaya inanmadılar, çarmıxa çəkdilər. İnsanlar ancaq Allaha inandılar, amma, düşünmədilər ki, Allah da öz lütflərini İsa kimi bəndələri vasitəsi ilə insanlara ötürür. İndi isə onun, İsanın nə vaxtsa gələcəyinə inanırlar.

Milyon illik bir bəlaya – EŞQƏ inanmadılar insanlar. İnsanlar Qeysə inandılar, amma, ondan daha çox sevən Məcnuna inanmadılar, dəli dedilər...

İnsanlar Allaha sözlə qovuşdular, sözlə müraciət etdilər, amma, sözə inanmadılar, sözə gəlmədilər. Nəticədə müqavilələr yox, müharibələr oldu...

İnsanlar insanlara inanmadılar və sığorta şirkətləri yarandı...

İnsanlar Allaha inandılar, amma, səhər duran kimi yuxularını da yozmağı unutmadılar.

İnsanlar alın yazılarına inanmadılar və falçılar yarandı.

İnsanlar ayaqqabılarına görə ayaq ala bilmədilər. İnsanları ayaqları apardı, amma, beyinləri əmr edən yerə. Allah ona görə ayağı aşağıda yerləşdirib. Ayaq həmişə başın quludu. Ona görə yazıq ayağa inanan yoxdu... Amma bizi inandığımız yerə ayaqlarımız aparır.

Atalar çox şey dedilər, hətta, bir kitablıq. Amma, övladlar öz bildiklərini etdilər. Oğullar atalarına inanmadılar. Təəssüf...

Qoy yadımdaykən bunu da deyim ki, Atalar sözləri kitabı təkcə kitab deyil. O, həm də babalarımızın etdiyi səhvlərin nəticələridi.

İnsanlar insanlara hələ də inanmırlar. Bir ömür boyda təəssüf...

İnsanların başlarına düşən daş, yarımçıq qalmış evlərinə yarımadı. Ona görə başımıza düşən daşlara inanmadıq, amma baş daşlarına yaman inandıq...

Yalanlar televizordan gözümüzə, radiodan qulağımıza, havadan burnumuza girdi. Amma, biz yenə evi yanan çobanın evinə tərəf öz parçımızda su daşıyırıq. Biz yalanlara yaman inanırıq.

Hə dostlarım, Hemenquey çalmayacaq “Əcəl zəngi”ni, əcəl zəngini əzrail çalacaq. Ona görə də bir-birimizi sevək, bir-birimizi aldatmayaq... Atamızın adını oğlumuza qoymaqla biz öz varlığımızın müddətini uzada bilmərik. Biz öz varlığımızın, mövcudluğumuzun müddətini bir-birimizə inanaraq, bir-birimizi aldatmayaraq artıra bilərik...
Necəsən Nitşe?

Hər şey əzabdanmı yoğrulub Nitşe?

Əzab insanların iç üzünü açır. İnsanın çöl üzü onsuz da taybatay açıqdı.

Həyat qanunlarının tərkibində daim bu əcaib dialektika olmalıdırmı? Ramiz Rövşənin sözü olmasın “Özünə qayıdır, hər şey özünə”.

Hərdən düşünürəm ki, ən müqəddəs rəqəm ikidir. Bir ruh+bir bədən, bir sən+bir mən, bir ata+bir ana, bir sağ+bir sol, bir əvvəl+bir son bərabərdi iki...

Bir rəqəmi də gözəldir: bir ata, bir ana, bir ölüm, bir doğuluş. Birin müqəddəsliyini pozan bir şey var, o da sən, yəni özün. Çünki bir daxilində sənin təkliyin yoxdur, sən həmişə özünləsən, yəni bir+bir=iki. İnsan tək qalmır, özü-özüylə qalır. Ona görə də digər şəxslərə sən yox, o sözüylə müraciət edirsən. Ətrafındakılar hamısı “O” dur. Yeddi rəng var deyə yeddini müqəddəs saymayın, çalışın sizin də öz müqəddəsləriniz olsun.

Dünya bir qədər çevrəyə bənzəyir, burada əvvəl həm də son deməkdir. Burada öndəkilər bəzən sonda da ola bilərlər. Xətt kimi daha çox perpendikulyardı dünya, burada bərabərlik, yəni paralellər ola bilməz, çünki, pul var. O da kağızlara parçalayıb bərabərliyi.

Avtobus dayanacağında fikrə dalıb gözləyən qız avtobusu gözləmir, sadəcə avtobus hər gün gəlib onu işə, getmək istəmədiyi yerə aparır. Onu fikirləşdiyi yerə bircə fikri apara bilər, fikrinsə dayanacağını tapa bilmir. Fikir əlverişli nəqliyyat deyil, heç kimi mənzil başına çatdıra bilmir.

Rayonumuz çox isti olur Nitşe, saat 12:00 dan axşamüstü 18:00 dək canını sevənlər küçəyə çıxmırlar, dincəlirlər. Hə bizlərdə yay tətilində məhz belə dincəlir kasıb qadınlar və kişilər. Başında zəmbil daşıyan xalanın beynində zəmbilin izi qalır, qarnındasa heç nə. Deməli, bütün əziyyətlərin sonu heçdir.

Qeybdən gələn səsim: Necəsən Nitşe, həyat dözülməzdir?

Nitşe: “Deyirsiniz “həyat dözülməzdir”. Onda sizin gündüzki qürurunuz axşamkı itaətiniz nəyə gərəkdir?”

Qeybdən gələn səsim: Heç nəyə.

Bağışla Nitşe, sualına geniş cavab verə bilmirəm, çünki, burda cavabı ancaq “atalar” verə bilərlər. Atalarsa üçdən deyib. İş tapmayan dostlarım evdə ona görə də, iki söz də deyə bilmirlər.

Ata: İş tapdın, oğul?

Oğul: Yox...

Axtalanmış qoyun ətinin bəlasına keçir, insan dilinin. Deməli, Allah bəlaları bədənimizə yerləşdirib.

Qeybdən gələn səsim : Nitşe, bizim axrımız necə olacaq?

Nitşe: “Amma rastlaşacağınız ən qəvi düşmən həmişə sən özün olacaqsan, keçdiyin meşələrdən hər dəlmə-deşikdə özün öz pusquna düşəcəksən”.

Nitşe, özünü öldürən adam deməli özündən öz günahlarının qisasını alır, Allah bizə ayaq verib, ayaqsa ardımızca qaçır, deməli biz heç zaman özümüzdən qurtula bilmirik.

Görəsən biz bu qədər ağrılara hələ nə qədər dözəcəyik, Nitşe?



  • “Həyat dözülməzdir, özünüzü nərmə-nazik göstərməyin siz də. Biz hamımız qəşəng yük eşşəkləriyik”.

Qeybdən gələn səsim: Daha sus Nitşe! Burda atalar üçdən deyib. Sən də üç dəfə danışdın. Artıq söz dəyənəktək baş yarar.

Bir şah olur, sonra həmin şahın yerinə digər padşah gəlir, sonra digəri. Bir gün növbəti şah ölür. Daha heç vaxt şah yaranmır. Bu nağılı nəvələrinizə, balalarınıza danışın. Çünki, bu nağıl heç vaxt olmayıb və heç vaxt olmayacaq. Nağılları bizim tək kasıb bəndələr yazıb, amma, hər şey şahların haqqındadır.

Çox istəyərdim ki, yazıçılar toyu günü ayna qarşısında fırlanan qızın keçirdiyi hisləri yazsınlar, amma, aynanın dilindən. Qayıqlar haqqında əsər yazılsın, amma, dənizn dilindən. Arı pətəyinə çöp soxan uşağın qərəzini bilmək lazımdır.

Üzünü ovcuna qoyub ağlayan qızın dərdi ona görə azalmır ki, göz yaşları yenidən öz bədəninə, əllərinə hopur. Bakıya hamı şeir yazır, amma, Bakının yazdığı şeirin əlifbasını bircə bomuj bilir. O da oxumaq istəmir alın yazısını. Hər səhər saat altıda oyanan dostum sevgilisi qədər yuxuya həsrətdi. Yazıçılar bilirsinizmi bomujlar haqqında niyə yaxşı əsər yaza bilmirlər? Çünki, küçədə yatmayıblar? Bomujlar onlarçün Van Qoqun əsərləri kimi anlaşılmazdır. Bomujlar onlarçün portretdir. Şəkilə baxılıb yazılan şeir və əsərlərdə ruh yox, ən yaxşı halda uğurlu təsvir ola bilər.

Buralarda metroda oturmaq üçün xanım olmalısan. Şikəst, yaxud da, ağ saqqal yox. Bu prinsip digər sahələrə də sirayət edir. Xanım sözünə baxın: XAN-I-M. Yaxşı yerdə oturmaq üçün Xan, sənə yer verilməsi üçün kiminsə Xan-I, yaxud da, kiməsə Xan–I–M olmalısan...

Buralardakı təmizliyi, bircə adını bilmədiyim qoca düzgün ifadə eləyir. O da, sözlə yox, hərəkətlə. Hər gün eynəyini tüpürüb silir.



Buralarda hamı evinin mərtəbəsi boydadı. Birincilər daha balacadırlar. Sonuncular ən böyük.

İnsanın talehi alnına yazılıbsa, falçılar niyə ovcumuza baxırlar, Nitşe?

– .................................................................................

Anası ölmüş qız saçlarını, anası ölmüş oğul cırıq və boş cibindən qıçının tüklərini yolurdu. Həyat ölümün əvvəlidir, ölüm həyatın sonu? Bəs bizim yaşamağımız yaşamaqdımı? Bizim ölümümüzün əvvəli hanı?

Doqquz iqlimi olan ölkədə havam çatmır, desəm yəqin inanmazsınız. Amma, bütün inanclara and olsun ki, bəzən belə olur.

Bu şəhərdə şeir yazmayanlar da misra-misra ölür. Biz şairlərsə heca-heca.. Biz şair xalqıq axı.

Bizim yaş dövrlərimiz də şərtidir. Biz uşaq, yeniyetmə, gənc, qoca olmuruq. Biz, pulumuz olanda şən uşaq, olmayanda atılmış qocalar kimi oluruq. Gənclik, yeniyetməlik bizə görə deyil..

Nəisə, Nitşe. Sən bir qədər bığlarını sığalla, mən saçımı... amma, başqalarının əvəzinə.



  • ...oldu.

KAŞ və BƏLKƏ
Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...

Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir...

Sonra o qız əl eləyə, sağollaşa, sənə həyatın yaşıl işığını yandıra. İşə gedib hirslənmədən adamların üzünün saflığında çiməsən, daha metolardan tər iyi gəlməyə. Sən avtobusu, adamlar səni minməyə.

Günorta pəncərədən yerə baxasan, görəsən ki, əlini ağzına salan uşaq bilmədən barmağını dişlədi. Dünyadakı bütün hərəkətlərin bu qədər təbii olacağına inanasan. Ağlayan uşağın yanağından süzülən yaş, böyük bir prospektin tozunu yatıra.

Gözünü yumub özün haqda yox, başqaları haqqında düşünəsən. İnsan özü haqda o zaman çox düşünür ki, öz dərdi çoxalaraq onun başqalarına baxan gözünü bağlayır. Sonra yuxu tuta səni, yuxunda baxçanın həyətində oynayan uşaqları görsən. Amma, yuxuları yozmayasan səhər-səhər.

Oyuncaq dükanlarını uşaqlara bağışlayalar. Ya da, uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara.

Qocaların ən çox getdiyi yer əczaxanalar, ən çox danışdıqları mövzu dərman preparatları olmaya.

Qapıların kandarından təbəssüm asalar. İnsanlar ancaq ürəkləri istəyəndə gülələr. Varlılar üçün ayrı, kasıblar üçün ayrı maska taxmaya insanlar.

Papiros və zavod tüstüləri küsüb gedələr şəhərdən.

Gözəl qızların çantalarından gözəl kitablar çıxa.

“Buyurun”, “Çox yaxşı”, “Mən də məmnunam”, “Allah köməyiniz olsun” sözləri gün ərzində ən çox işlənən kəlmələr ola.

Baltalar ağacları yox, kin-küdurəti doğraya...

Televizoru açasan və eşidəsən ki, İraqda 300 uşaq doğulub. Çeçenlər silah yox, şənlik fişəngi atırlar.

Və s.
Yarpaqlar


Müharibə ilkin halda mənə külək və ağacları xatırladır. Külək və ağaclar iki düşmənə bənzəyir. Yarpaqlarsa xalqa. Külək ağacları silkələyir, amma, yarpaqlar tökülür. Hindistanda kasta rejimi vardı bir vaxtlar. Kastalardan ən çox ziyan görən “kiçiklər” idi. Deməli, kiçik olmaq yarpaq kimi tökülmək təhlükəsidir. Corc Buşla və Səddam Hüseynin (küləklə ağacın) bəlasına yazıq yarpaqlar tökülür.

Bədii əsərlərdə adətən müharibənin ilkin şəraitini, dəhşətini yazırlar. Amma, müharibə hələ dəhşətin fotosudur. Fəlakətlər müharibədən sonra başlayır. Müharibə dünənlə bugünün arasındakı abadlıqla dağınıqlığın fərqinin fotosudur. Ağlayan ana, əyni-başı cırıq uşaq, saçı yolunmuş qadın müharibənin baş verdiyi günün ifadəsidirsə, balasının dərdindən ölən ananın qəbri, məktəbə gedə bilməyən uşağın talehi, istəmədiyi işdə işləməyə məcbur olan qadının iş rejimi müharibənin sonrakı şəkilidi. Amma, təəssüf ki, insanları daha çox müharibənin ilkin fotosu maraqlandırır. Sonrakı yox...


Yüklə 235 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin