Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə9/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   5   6   7   8   9   10   11   12   ...   125
31 
bölgüsü) bizə  şərəf gətirməz” (Ötən ilin ədəbi yekunları. 
"Ədəbiyyat qəzeti", Bakı, 2002, 3 may). 
Bu mənada, müasir düşüncə  tərzi olan postmodernizmin 
milli  ədəbiyyatımıza gətirilməsi, onun nəzəriyyəsini yeritmək 
üçün müəyyən mətnlərin təhlilə  çəkilməsi, bu nəzəriyyələrin 
onlar üzərində  əyaniləşməsi lazımlıdır. Belə bir zərurətə  həm 
də postmodern düşüncə  tərzini  əks etdirən mətnlərin yaradıl-
ması, araya-ərsəyə gəlməsi üçün ehtiyac var. Lakin bu – “izm” 
məsələsinin, eləcə də dünya axınına qoşulmaq probleminin 90-
cı illər üçün məhdud cəhətlərindən biri simvolist şerə olan 
münasibətdə üzə çıxır. Belə ki, ədəbi prosesdə şeri, poetik fikri 
simvolikadan təcrid edib onu sırf realist axına kökləmək tələbi 
qabarır. Bu münasibət bizə XX əsrin  əvvəllərindən tanışdır. 
Bildiyimiz kimi, XX yüzilliyin əvvəllərində də belə bir problem 
yaranmış, dövrün aydınları "yeni şer" konsepsiyası formalaş-
dırmaq məqsədilə öz fikir və mülahizələrini,  ədəbi məram-
namələrini səsləndirmişlər (Bax: Talıbzadə Kamal. XX əsr 
Azərbaycan tənqidi. Bakı: AMEA, 1966, 540 s., səh.,214-239]. 
Fəqət bütün bu mülahizələrdə çox incə məqamlar nəzərə alınmış, 
F.Köçərli, R.Əfəndiyev, M.Hadi, A.Səhhət, H.Zərdabi, S.Hüseyn, 
A.Sur kimi zəmanənin qabaqcıl fikirli tənqidçi və  ədəbiyyatşü-
nasları,  şair və mühərrirləri etirazı yalnız geniş intişar tapan və 
yeni tələblərə cavab vermək iqtidarında olmayan epiqonçu-
sxolastik-formalistik  şerə qarşı etmişlər. Simvolist şerin ustadı 
M.Füzuliyə münasibətdə isə onlar tam fərqli, pozitiv mövqe 
tutmuş, öz məqalələrində böyük şairin sənətinin dərinliklərinə, 
sehrinə varıb onu layiqincə  dəyərləndirmişlər ki, "Füzuli şerinə 
doğru münasibət oyatmaq və onu düzgün başa düşmək üçün bu 
görüşlər o zaman xeyli iş görmüşdü” [yenə orada, səh.224]. 
90-cı illərdə isə simvolist şerə münasibətdə kortəbii mövqe 
tutulmuş, hətta belə bir imperativ irəli sürülmüşdür ki, Füzuliyə 
rəğbət bizim ədəbiyyatın ümumbəşəri vüsət almasına  əngəl 
törədir, dünya axınına qoşulmaq üçün Füzuliyə yox, Nizamiyə 
qayıtmaq vacibdir. Ədəbi tənqiddə bu mövqeni təmsil edən, öz 
mətnlərində bu fikri dəfələrlə səsləndirən Əsəd Cahangirə görə 
ədəbiyyatımızın 60-cı illərdən Füzuliyə dönüşü onun ümum-


 
32 
bəşəri məziyyətləri itirib, milliliyi qazanması ilə  nəticələnib. 
Nizamini dünyaya çıxışın, Füzulini isə milliliyin başlanğıcı, 
ilkin nöqtəsi hesab edən tənqidçi  ədəbiyyatımızda bir-birini 
əvəzləyən inkişaf mərhələlərinin, aramsız qabarma-çəkilmə-
lərin səbəbini onlara qayıdışla əlaqələndirir. 
Bu baxımdan,  ədəbiyyatı  məhəlli, lokal səviyyədən təcrid 
edib. 90-cı illərdə  zəruri təlabata çevrilən dünya axınına qo-
şulmaq, onun ümumbəşəri genişlik kəsb etməsi arzusunu real-
laşdırmağın vahid yolunu müəllif Füzuli mərhələsini geridə 
qoymaqda görür. "Füzuli qurtaran yerdə millilik, ən yaxşı halda 
şərq qurtarır və dünya ədəbiyyatı başlayır. Dünya ədəbi-bədii 
prosesinə qoşulmağın yeganə yolu bu sehrli maneəni ötüb 
keçmək və dünya arsenalına çıxmış yeganə şairin – Nizaminin 
məqamına yetməkdədir. Çünki ancaq milli və  şərq hadisəsi 
olan Füzulidən fərqli olaraq Nizami həm də dünya ədəbiyyatı 
faktıdır” (Cahangir Əsəd. Yeni əsrin ibtidası. Vaqif Cabrayıl-
zadə  şerində simvolizm. "Vətəndaş  həmrəyliyi" qəz., Bakı, 
2002, 24 fevral-1 mart )  
Göründüyü kimi, burada millilik və  bəşərilik anlayışlarının 
sərhədləri müəyyən qeyri-elmi ayrıntılar  əsasında müəyyən-
ləşdirilir və unudulur ki, millilikdən kənar bəşərilik iddiası 
əbəsdir. Millilik bəşəriliyin  əsasında, daha dəqiq desək, föv-
qündə qərar tutan anlayışdır. Lakin nəzəri aydınlığın olmaması 
səbəbindən bu amil nəzərə alınmamış,  Şərqin iki dühası 
qarşılaşdırılmışdır.  
Eyni anoloji mövqeni tənqidçi çağdaş dövrün şairlərinin 
yaradıcılığına yanaşmasında davam etdirir. Ramiz Rövşən, 
Vaqif Cəbrayılzadə kimi şairlərin şerlərini təhlilə çəkən müəllif 
bu qənaətə gəlir ki, onların yaradıcılığının inkişaf etməməsinin 
səbəbi bu şerlərin simvolist səciyyəyə malik olmasından, 
yeniliyi formadan məzmun qatına keçirə bilməməsindən, 
"varlığa qeyri-adekvatlığında, həyata əbədi dəyərlər prizmasın-
dan baxmaq iddiasından doğur". (Ötən ilin ədəbi yekunları. 
"Ədəbiyyat qəzeti", Bakı, 2002, 3 may). Bu baxımdan  əbədi 
olanın, eləcə də simvolların dəyişmədiyini vurğulayan tənqidçi 
onları daim dəyişən reallığı  əks etdirməyə iqtidarı çatmadığı, 


33 
bununla da real kontekstə köklənən dünya şeri ilə ayaqlaşmağı 
bacarmadığı üçün ittiham obyektinə çevirir.  
Göründüyü kimi, müəllifin fikirləri çox məhdud və müba-
hisəlidir. "Ə.Cahangir elmdə  hər birinin məzmun yükü olan 
"simvol", "simvolik şer" və "simvolizm" anlayışlarını  ədəbi-
tənqidi analizin predmetinə daxil edir və praktik olaraq qarışıq 
salır. Birincisi obraza büründüyündən hələ mümkün görünürsə, 
elmi yanaşma dəqiqlik istəyir” (Əlişanoğlu T. Yeni ədəbi nə-
sil: neo 60-cılar. "Bizim əsr” qəzeti, Bakı, 2002, 19 may) 
yazan T.Əlişanoğlu həmkarının fikirlərini tənqid edərək öz eti-
razını bildirmiş, özünün "Neo-60-cılar", "Kontra-punkt", "Pole-
mik", “Obyektiv” və "Maarifçi hökmdar" adlı  məqalələrində 
məsələyə, ümumiyyətlə, çağdaş  ədəbi prosesdə görünən mo-
dern cəhdlərə, "-izm” söhbətlərinə münasibətini izhar etmişdir. 
Tənqidçiyə görə  Ə.Cahangirin bədii mətnlərə  tətbiq etdiyi “-
izm” nəzəriyyəsi qarışıq, sona qədər dərk olunmamış  şəkildə-
dir. Dünya ədəbiyyatında gedən cərəyanları Azərbaycan  ədə-
biyyatına sxematik tərzdə tətbiq etməklə süni ədəbiyyat yarat-
maq olmaz. Bunun üçün bu terminlər və onların nəzəriyyələ-
rinin milli ədəbiyyata yeriməsi, Azərbaycan yazarının onu da-
xilən yaşayıb-duyması, içindən keçirməsi gərəkdir. Daha sonra 
T.Əlişanoğlu 90-cı illərdə gündəmə  gətirilən modernizə  cəhd-
lərinin Azərbaycan  ədəbiyyatı üçün heç də yeni olmadığını 
vurğulayaraq belə bir halın ötən yüzilliyin 20-ci illəri üçün 
xarakterik olduğunu bildirir: "… ötən əsrin əvvəllərində eyzən 
bugünkü kimi, Dünya hardasa uzaqlarda deyil, burda, Azər-
baycanın paytaxtı Bakı şəhərində idi. Dünya bura açıq olduğu 
kimi, milli ədəbiyyat – sənət də Dili imkan verdiyi qədər 
sərhədlər tanımırdı; Molla Nəsrəddin-Hophopnamə İran – Orta 
Asiya – türk dünyası hüdudlarında; Mirzə  Cəlil – Üzeyir –
Cavid dramaturgiyasının teatr repertuarında İran – Orta Asiya –
Volqaboyu gəzməsi… – Dünyaya yol necə başlayır ki; bu, 
eləcənə fakt – o barədə ki, milli varlıq Dünya ilə  hər halda 
ayaqlaşırdı"(yenə orada...) . 
Bu mənada, artıq  ədəbiyyatımızın milli faktı kimi danışdı-
ğımız realizm, romantizm kimi ədəbi metod və  cərəyanların 


 
34 
ardınca modernist cərəyanların da təzahür edəcəyini istisna 
etməyən tənqidçiyə görə, bütün bunları milli gerçəkliyin özü 
verməlidir, quru nəzəriyyələr yaratmaqla bunun realizəsi 
mümkün deyil. 
Digər tənqidçilər – Y.Qarayev, V.Yusifli, C.Yusifli də ədəbi 
tənqidin bu cür təhlil modelini qəbul etmir, nəzəri-estetik 
əsasından məhrum olmuş poeziya tənqidi arsenalımızın qeyri-
elmi üsullarla təmin olunmasını, kənar konsepsiyaların zorən 
milli fakta yeridilməsini məqbul saymırlar. Məsələn, C.Yusif-
liyə görə bu cür "enerji qeyb etmə”nin”, yəni sənətkarı "-izm" 
qəlibinə salıb təhlil etmənin ədəbiyyata və sənətə heç bir dəxli 
yoxdur. Tənqidçi bu qənaətdədir ki, belə mövqe nümayiş 
etdirməyin müqabilində şairlərin "poetikasını hərtərəfli incələ-
mək lazımdır" (Yusifli Cavanşir.  Ədəbiyyatda yaşamağın for-
mulu. Bakı: Nurlan”, 2003, 302 s., səh. 210). "… milli-ədəbi 
şedevri bədii-estetik arxetipdən və genefonddan (Qorquddan, 
Füzulidən, Sabirdən, Caviddən…) kənarda təsəvvür etmək, 
lokal genetik kodu qlobal estetik məkanda  əritmək…" (Ötən 
ilin ədəbi yekunları. "Ədəbiyyat qəzeti", Bakı, 2002, 3 may)—
digər tənqidçi Y.Qarayevə görə isə bu prinsip üzərində yeri-
dilən, ədəbi tənqidə yol tapan təhlil üsulu ədəbiyyatın gələcək 
perspektivini, poeziyanın inkişafında, tərəqqisində irəliyə addı-
mı ifadə etmir. Müəllif doğru yazır ki, ədəbiyyatın modernləş-
məsini, dünyaya açılmasını yalnız Qərbin təlqin etdiyi cərəyan-
ların tətbiqi üsulu ilə reallaşdırmaq istəsək, həmin proseslərin 
imitasiyasına, təqlidinə yetmiş olacağıq. Yalnız milli fakta 
çevriləcəyi, ədəbiyyatın özünün potensiyası, daxili zərurəti ki-
mi yetişəcəyi təqdirdə onların tətbiqi faydalı nəticə verəcəkdir. 
Əlbəttə, dünya ədəbi-nəzəri fikrində mövcud olan modern 
meylləri öyrənmək və onları milli ədəbiyyata, poeziyaya təqdim 
etmək zəruridir. Amma əgər bu proses sinxron deyil, birxətli 
istiqamətdə, yəni "vahid informasiya məkanından bəhrələnmək, 
əvəzində ora heç nə artırmamaq" (Y.Qarayev) şəklində gedirsə, 
belə bir natamamlıq kompleksinə ürcah olan ədəbiyyatın sonda 
ciddi nailiyyət, yüksəliş əldə etməyəcəyi şübhə doğurmur. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin