sıxılmaya səbəb olur. Əsasən qabığında dəmir komponentləri olduğundan soyulması
məsləhət deyil. Həm də qış üçün azuqə sayılır, tərkibində şirinlik çox olduğu üçün ona
azacıq şəkər tozu qatmaqla xeyli meyvə püresi hazırlamaq mümkündür. Təbii alma
şirəsinin ləzzəti və insan üçün əhəmiyyəti isə hamıya məlumdur, xüsusən də “Qızıl
Əhmədi” almanın.
Qoz, fındıq bağları da rayonun ən böyük təbii sərvətidir və əhalinin ən çox gəlir
götürdüyü sahələrdir. Meşə ərazilərinə yaxın dağlıq kəndlərdə yabanı halda bitən qoz
ağacları olsa da, əllə salınan bağlara qulluq edildiyindən bu sahədə inkişaf başlayıb. Quru
meyvə olduğundan məhsulu tələbatı tam ödədiyi üçün fındıqçılıq birliklərinin sayı artıb.
Vaxtilə fındığa norma qoyulduğu üçün məhsulun ancaq cüzi faizi onun sahibinə çatırdı.
Sovet hakimiyyəti illərində hər ağaca məhsul planı kəsilirdi və kəndçi bağından əldə
etdiyi məhsulun çox hissəsini hökumətə verməli olurdu. Ancaq ölkəmizin bazar
iqtisadiyyatına qədəm qoyduğu illərdən sonra bu sahədə də köklü dəyəşikliklər baş verdi.
Torpaqdan istifadədə sərbəst seçim imkanına sahib olan kəndli “nəyi əksə daha çox gəlir
götürər” düşüncəsiylə öz istəyini gerçəkləşdirməyə başladı. Ölkədə nəinki fındıq
bağlarına, digər məhsullara da qoyulan
dövlət vergiləri ləvğ edilərək, əksinə onun
genişləndirilməsinə şərait yaradıldı. Qəbələdə Fındıq zavodunun tikilməsi, xarici ölkələrlə
dövlətlərarası mübadilənin olması fındıqçılığın inkişafına təsirini göstərən amillərdir.
Öz məhsulunu özü satmaq imkanı qazanan kənd camaatı məhsullarını bazara çıxarır,
istədikləri kimi, yəni həmin günün qiymət meyarına əsasən sata bilirlər. Rayonun Nic
kəndində yol kənarındakı
“həftə bazarı” isə tarixdən qalma ticarət mərkəzidir. Hər
həftənin bazar günü bu məkana alış-veriş məqsədi ilə minlərlə insan axışır. Qonşu
rayonlardan da bura məhsullar gətirilir. Yaxınlıqdakı Şəki sənətkarlarının əl işlərindən
tutmuş, yerli əhalinin əlinin zəhməti olan nə varsa hamısı satışa çıxarılır. Bazarda nə
istəsən, tapmaq mümkündür. Lap el arasında deyildiyi kimi quş südünə qədər hər nə
istəsən, ala bilərsən. İndi sahibkarlığın inkişaf etdiyi bir vaxtda bazarın çeşniləri daha da
artıb. Mebel dəstlərindən tutmuş xırda əl oymağına qədər hər şeyin satıldığı bir ünvandan
danışırıq. Sənətkarların hazırladıqları məhsullar zövqləri elə oxşayır ki,
ona pul saymağa
dəyər.
“Həftə bazarı” özü bir neçə xırda sahələrə bölünür. At, yun, mal-qara, paltar və sairə
ad altında müştərilər bu pərakəndə satış mərkəzindən istədikləri malı çox asanlıqla tapa
bilirlər. Buranın üstün cəhətlərindən biri də odur ki, ertəsi gün oradan keçəndə dünənki
günün yuxu olduğunu düşünürsən. Elə bil heç bir gün öncə burada insanlar qaynaşmırdı.
Hər tərəf elə səliqə- səhmanda olur ki, bazar şəraitindən əsər-əlamət qalmır.
Bu bazarda hamı bir-birini tanıyır, kim nə satırsa satdığı malın keyfiyyətinə özü
zəmanət verir, yararsız məhsuluyla yerlisinə hörmətsizlik etmir. Bir sözlə “el içində
rüsvay olmaqdansa, kasıb olub, mərdi-mərdanə dolanmaq yaxşıdır”-deyənlər
burada az
deyil. Heç vaxt xəstə inəyi bazara çıxarmazlar, ya da xəstə atı qonşu kəndin camaatına
satıb, ondan gələn qazanca öyünməzlər. Çünki gələn bazar elə həmin alıcıyla qabaq-
qənşərə gələn satıcı özü xəcalətdən əriyər, yaxud el qınağına düşər. Ona görə də
yerlilərinin xasiyyətinə bələd olan bazarın sanitar- epidemioloji stansiyasının əməkdaşları
bəziləri kimi pulla mənəviyyatı səhv salmırlar....
Təbiəti, suyu saf olan rayon camaatı elə mühitdə yaşayırlar ki, onların tərbiyəsi də
ayna kimi şəffaf, mənən pak olur. Doğrudan da dünyanın mürəkkəb fəlsəfəsini öyrəndikcə
elə bu həyat həqiqətinin şahidi oldum ki, bütün paklıqlar,
düzlüklər olduğu kimi ancaq
kənd həyatında mümkün imiş. Balaca bir məkanda düz necə varsa elə, əyri isə olduğu
kimidir. Hər şey göz qabağında olduğundan kimisə aldatmağa nə ehtiyac var, nə də
insanlar bir-birinə kələk gəlmək fikrinə düşürlər. Yediyi qidalar, içdiyi su kimi, danışığı,
sözü də təmiz olur, rayon camaatının.
Bəlkə ona görədir ki, Nic kəndindəki “həftə bazarı”nın ömrü belə uzundur. Alış-satış
mərkəzi olsa da burada insanlar ticarətdən başqa həm də baş verən
olaylardan tez xəbər
tuturlar. İldırım sürətiylə yayılan xəbərlər müxtəlif olsa da maraqla dinlənilir. Toyu
olanlar dəvətnamələrini elə orada paylayıb, xeyir məclisindən kənd əhlini hali edir, yaxud
qəfil yas yerinin ünvanı bilməyənlərə bəlli olur. Nə isə xeyir və şər işi ilə qapılarının dolu
olduğu Qəbələ camaatı üçün bura həm də ünsiyyət mərkəzi sayılır.
Bu “həftə bazarı” bizə tarixdən ərmağandırsa,
“Gilan Holdinq” ticarət mərkəzi
müasir səviyyədə inşa edilmiş, yerli əhali ilə bərabər turistlərin də alış-veriş etdiyi ən
böyük məkanlardan biridir. Burada bazar kompleks şəkildə qurulub. Bir-birinin yanında
silsilə şəkilində olan obyektlər həm zövqlə tikilib, həm də spesifik xüsusiyyətləri özündə
cəmləşdirdiyindən zəngin mağazalar şəbəkəsi ilə müştərilərə xidmət göstərir.
Qəbələyə yolu düşənlər yol kənarındakı
“vedrə bazarı”ndan da xəbərdardırlar. Digər
ticarət məkanlarından fərqi odur ki, burada tərəzi ilə mal satılmır.
Rayonun təbii nemətləri
yol kənarında sanki nümayiş etdirilir. Meyvələri vedrələrdə, bəhməzi şüşələrdə,
mürəbbələri balonlarda müştərilərə təklif olunur. Bir neçə dəqiqə ərzində ürəyin istəyən
hər nə varsa və o da Qəbələdə bitirsə burada onu tapmaq, dadına baxmaq mümkündür.
Gül suyu, mürəbbələr, əllə çəkilən şərablar və dadlı meyvələr yolla ötənləri bir anlıq da
olsa ayaq saxlamağa vadar edir ki, Qəbələ təbiətindən soraq verən bu açıq səma altındakı
sərgiyə tamaşa etsinlər...
Dostları ilə paylaş: