Kalleci Qrup: 120 İxtisas


Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli



Yüklə 31,31 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü31,31 Kb.
#46527
1   2   3   4
AZƏRBAYCAN

Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”.

Sözünə davam edərək Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldir: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”.

Heydər Əliyev son illərdə Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

İlk növbədə, yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi.

Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranması isə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əməkdaşlığın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur. Məhz onun səyləri ilə bu əlaqələr dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir.

Ölkələrimizin münasibətlərinin yeni mərhələsi Rusiya Prezidenti V.Putinin Azərbaycana tarixi səfərindən başlanmışdır. Bu, Rusiya Prezidentinin suveren Azərbaycana ilk səfəri idi. Ulu öndər Heydər Əliyevin Rusiyaya cavab səfəri, Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli iki ölkənin müxtəlif səviyyələrdə münasibətlərinə nəzərəçarpacaq tərəqqi və dinamizm gətirmişdir.

Hər iki ölkə siyasi və iqtisadi əməkdaşlığın dinamik inkişafında maraqlıdır. Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə dövlətdir. Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi, siyasi və hərbi potensial baxımından beynəlxalq münasibətlər sistemində xüsusi yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovet İttifaqı dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Moskva ilə Bakı arasında çox möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur. İki ölkə arasında 2008-ci ilin iyulunda Bakıda imzalanmış Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannaməyə Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin olunmasının ayrıca bənd kimi salınması Rusiyanın niyyətlərinin ciddi olduğundan xəbər verir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını ehtiva edən beynəlxalq norma və prinsiplər əsasında tezliklə tənzimlənməsi qeyd olunur.

İkitərəfli əməkdaşlıq sistemində Gürcüstan, Ukrayna və Moldova ilə yaradılan yeni əlaqələr də çox əhəmiyyətli olmuşdur. Bu ölkələrlə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin yeni mühüm uğuru idi. Ukrayna bizim üçün hər cəhətdən inkişaf etmiş böyük və zəngin ölkə olmaqla iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üçün əlverişli tərəfdaş kimi əhəmiyyətlidirsə, Gürcüstan da yaxın qonşu, Avropaya çıxışımız, orada yarım milyona yaxın soydaşlarımızın yaşaması, Qafqazın bugünkü dolaşıq düyünlərinin açılması və bu qaynar regionda sülhün və sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Gürcüstan arasında ikitərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Odur ki, Azərbaycanın dövlət başçısı Qafqaz bölgəsinin bütün dövlətləri ilə, ilk növbədə Gürcüstanla əlaqələrin genişləndirilməsi və inkişafına, xarici qüvvələr tərəfindən süni olaraq milli münaqişələrin qaynar nöqtəsinə çevrilmiş bu regionda sülhün və əməkdaşlığın təmin olunması məsələlərinə böyük diqqət yetirirdi. Onun Qafqazda sülh və əməkdaşlıq məsələlərinə dair irəli sürdüyü kompleks təkliflər proqramı, Ermənistan istisna olmaqla bütün region dövlətləri, əsasən də Gürcüstan tərəfindən rəğbətlə qarşılanmışdır.

Bu illərdə Ermənistanın davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması xüsusi əhəmiyyət kəsb edirdi. Ən başlıcası isə, erməni təcavüzünün mahiyyətini, ermənilərin vəhşiliklərini dünyaya yaymaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmaq kimi vacib işlər öz həllini gözləyirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi. Vaxtilə dünya siyasətindən demək olar ki, təcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda erməni təbliğatı sayəsində üstəlik dünya birliyinin də qınağına tuş gələn, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığı dəstək aktı”na 907-ci düzəliş” deyilən ədalətsiz sənədlə ayrı-seçkiliyə məruz qalan Azərbaycan yalnız Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətini kökündən dəyişdirməyə nail ola bildi.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın - onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Azərbaycan qonşu dövlətlərlə təhlükəsizliyin təmini aspektində regional lider səviyyəsində münasibətlər qurmuşdur, enerji təhlükəsizliyi məsələsi ilə əməkdaşlığın digər sahələri arasında unikal harmoniya formalaşmışdır. Rusiya, İran və Türkiyə Azərbaycanla regional lider qismində əlaqələr qurur və bunu açıq etiraf edirlər. Bu əlaqələr qarşılıqlı faydalılıq prinsipi üzrə yaradılıb və təkmilləşdirilir. Azərbaycan diplomatiyasının regional qurumların yaradılmasındakı fəallığı hamıya məlumdur. Bu qurumların tərkibində aktiv iştirak edən ölkəmiz, eyni zamanda, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlarını atmaqdadır.

Rusiya ilə münasibətlərin dinamikası və əhatəliliyi bunun əyani sübutlarındandır. İndi iki dövlət arasında bütün sahələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi kimi diqqət mərkəzindədir. İranla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycan lazım olan bütün addımları atır. Bu proseslərdə Azərbaycanın xarici siyasəti üçün əsas meyar regionun sabitliyi, təhlükəsizliyi və inteqrasiyası üçün çalışmaqdır.

Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.



Qeyd olunmalıdır ki, qlobal miqyasda dünya siyasəti və diplomatiyasının müəyyən problemləri mövcuddur. Onları hətta “siyasət və diplomatiyanın ümumi böhranı” da (Ramiz Mehdiyev. “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə kursu”) adlandırırlar. Bu şəraitdə Azərbaycan dövlətinin xarici siyasəti həm milli maraqları gözləyir, həm də dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır. Bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında, Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam ölkəmizin dinamik inkişafı üçün geniş perspektivlər açır.



Yüklə 31,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin