Kalleci Qrup: 120 İxtisas


Azərbaycanın qərb dövlətləri ilə əlaqəsi



Yüklə 31,31 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü31,31 Kb.
#46527
1   2   3   4
AZƏRBAYCAN

Azərbaycanın qərb dövlətləri ilə əlaqəsi

Qərbi Avropa dövlətləri beynəlxalq münasibətlərə təsiretmə gücünə görə dünya siyasətinin yönümünü müəyyən edən və beynəlxalq aləmin ən ümdə problemlərinin həllində xüsusi çəkisi olan ölkələr sırasına daxildir. Dünya siyasətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ikisi - Fransa və Böyük Britaniya, eləcə də, özünün iqtisadi potensialına görə dünyanın lider dövlətlərindən hesab olunan Almaniya və İtaliya Avropa qitəsinin həmin aparıcı dövlətləri sırasındadırlar. Müstəqillik yolu tutmuş Azərbaycan Respublikası üçün dünyanın bütün dövlətləri, o cümlədən, Qərbi Avropanın ən böyük və nüfuzlu dövlətləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq və dostluq əlaqələri qurmaq çox böyük siyasi və beynəlxalq əhəmiyyət kəsb edir. Bu əlaqələrin siyasi əhəmiyyəti onunla şərtlənir ki, həmin dövlətlər Azərbaycanın üzv olduğu bütün beynəlxalq və regional təşkilatlarda ləyaqətlə təmsil olunmasına, onun beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminə, Avropanın müxtəlif struktur və institutlarına inteqrasiyasına hərtərəfli əməli yardım göstərmək imkanına malikdirlər.

Qərbi Avropa dövlətlərini Azərbaycanla dostluğa və əməkdaşlığa sövq edən bir sıra digər amillər də mövcuddur.

Əvvəla, Azərbaycanın əlverişli və əhəmiyyətli geosiyasi vəziyyəti və onun Avropa-Asiya nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində yerləşməsi; ikincisi, MDB respublikaları arasında tam müstəqil siyasət yeritməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu tutması; üçüncüsü, xarici siyasətində Qərbə, xüsusən də, Avropaya meyil göstərməsi, regionda Avropanın əsas nüfuz və maraq dairəsinə çevrilməsi və s. bu amillər sırasındadır.

Beləliklə, yuxarıda qeyd edilən bütün siyasi, iqtisadi və digər amillər Azərbaycan və Qərbi Avropa ölkələri əlaqələrinin qarşılıqlı-faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üzərində qurulmasını şərtləndirmiş və zəruri etmişdir. Bu zərurəti dərk edən və qarşılıqlı əlaqələrin hər bir dövlət üçün verdiyi və verə biləcəyi faydanı yüksək qiymətləndirən Azərbaycan Respublikası və Qərbi Avropa ölkələrinin dövlət və hökumət rəhbərləri diplomatik münasibətlərin qurulmasından sonra qarşılıqlı əlaqələrin inkişafı sahəsində müvafiq addımlar atmış və ikitərəfli münasibətləri tənzimləyən çoxsaylı sənədlər imzalamışlar."

Azərbaycanın dövlət müstəqilliyi Böyük Britaniya tərəfindən 1991-ci ilin dekabrında, Fransa, Almaniya və İtaliya tərəfindən isə 1992-ci ilin yanvarında tanınmış və həmin ilin əvvəllərində diplomatik münasibətlər yaradılmışdır. 1992-ci ilin martında Fransa, sentyabrında Almaniya, 1993-cü ilin sentyabr ayında isə Böyük Britaniya Azərbaycanda öz səfirliyini açmışdır. Azərbaycan isə əvvəl Almaniyada (1992, sentyabr), daha sonra Böyük Britaniya (1994, yanvar) və Fransada (1994, oktyabr) diplomatik nümayəndəliyini təsis etmişdir. İtaliyanın Azərbaycanda səfirliyi bir neçə il sonra - 1997-ci ildə, Azərbaycanın İtaliyada səfirliyi isə 2003-cü ildə açılmışdır.

İkitərəfli əməkdaşlıq əlaqələrini tənzimləyən hüquqi-normativ sənədlərin imzalanması və həyata keçirilməsi sahəsində ilk illər heç bir addım atılmadı. Yalnız 1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransaya rəsmi səfəri Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrində intensiv inkişafın başlanğıcını qoydu. Səfər dövründə qarşılıqlı maraq doğuran məsələlər hərtərəfli müzakirə olundu, "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" müqavilə və digər sənədlər imzalandı.

Azərbaycanın fəal xarici siyasət yeritməsi və Avropa dövlətləri ilə inteqrasiya sahəsində ardıcıl addımlar atması Qərbdə Azərbaycana olan marağın artmasına səbəb olurdu. Məhz bunun nəticəsində, Böyük Britaniyaya rəsmi səfərə dəvət olunan Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ilin fevralında Londonda bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Müzakirələrin yekunu olaraq, iki ölkə arasında "Dostluq və əməkdaşlıq haqqında" Birgə Bəyannamə və başqa ikitərəfli sənədlər imzalandı. Bununla da Azərbaycanın Avropa ölkələri ilə inteqrasiyası yolunda növbəti addım atıldı.

1994-cü il sentyabrın 20-də Qərb ölkələri şirkətlərinin geniş təmsil olunduğu konsorsiumla Azərbaycan Dövlət Neft Şirkətinin neft hasilatına dair imzaladığı "Əsrin Müqaviləsi" Avropa dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Bu gün bu müqavilənin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə ciddi təsir göstərmişdir.

Prezident Heydər Əliyevin 1996-cı ilin aprelində Norveçə, iyulunda Almaniyaya rəsmi səfərləri qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadı. "Azərbaycan Respublikası və Norveç Krallığı arasında Birgə Bəyanat" "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında münasibətlərin əsasları haqqında" Birgə Bəyanat, eləcə də, imzalanmış digər sazişlər ölkələr arasında qarşılıqlı əlaqələrin huquqi-normativ bazasını genişləndirdi.

Azərbaycan Prezidentinin 1997-ci ildə Fransa, İtaliya, Vatikan və Böyük Britaniyaya, 2001-ci ildə yenidən Fransaya rəsmi səfərlərə getməsi və səfər zamanı aparılan danışıqlar, imzalanan çoxsaylı sənədlər Azərbaycana Qərbdə artan marağın və onun yüksələn beynəlxalq nüfuzunun təzahürü kimi qiymətləndirilməlidir. Bu fikri təsdiq edən daha bir fakt isə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin 2002-ci ilin may ayında Azərbaycana rəsmi səfərə gəlməsi olmuşdur. Səfər zamanı Azərbaycan Prezidenti ilə Roma Papası arasında təkbətək görüş keçirilmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. Roma Papasının respublikamıza səfəri Azərbaycanın Avropa ilə siyasi, mədəni və mənəvi əlaqələrinin inkişafında mühüm hadisə oldu.

Yaranmış münasibətlərin qorunması və inkişaf etdirilməsi üçün sonrakı dövrdə də ardıcıl siyasət həyata keçirilmişdir. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya, Fransa və Böyük Britaniyaya işgüzar səfərləri, Yunanıstan prezidenti K.Stefanopulosun Azərbaycana rəsmi səfəri və aparılan danışıqlar, siyasi və iqtisadi sahədə əməkdaşlığa dair imzalanmış sənədlər, habelə, bir sıra beynəlxalq toplantılarda Qərbi Avropa dövlətlərinin başçıları ilə keçirilən görüş və danışıqlar Azərbaycanın Qərb ölkələri ilə inteqrasiya proseslərinin güclənməsinə mühüm təsir göstərmişdir.

2005-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasına və Vatikan dövlətinə rəsmi səfəri Qərbi Avropa ölkələri ilə münasibətlərin inkişafına yönəlmiş siyasi xəttin davamı idi. Səfər zamanı dövlət və hökumət rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilmiş, İtaliya-Azərbaycan Birgə Bəyannaməsi və qarşılıqlı əlaqələrə dair 8 sənəd imzalanmışdır.

Bununla yanaşı, Azərbaycanın Qərb ölkələri ilə siyasi və iqtisadi əlaqələrinin dərinləşməsinə, qarşılıqlı faydalı əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına əsaslı təkan verən amil 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft ixrac-boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi oldu. Neft kəmərinin açılış mərasimində Böyük Britaniya, İtaliya və Norveçin müxtəlif səviyyəli hökumət nümayəndələri iştirak etmiş, bu böyük iqtisadi layihənin gerçəkləşməsi münasibətilə Fransa, Böyük Britaniya, Norveç və Prezidentinə təbrik məktubları göndərmişlər. Bu isə, Qərbi Avropa dövlətlərinin Azərbaycan ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini təsdiq edir.

Azərbaycanın Qərbi Avropa ilə əlaqələrini xarakterizə edən və şərtləndirən cəhətlərdən biri də həmin ölkələrinb. dövlətlərin prezidentləri və hökumət başçıları Azərbaycan

rəsmi dairələrinin və iş adamlarının özlərinin bu əlaqələrə və qarşılıqlı əməkdaşlığa can atmaları olmuşdur. Ümumiyyətlə, bu dövlətlərin Azərbaycanla bağlı yeritdikləri siyasət tarixən özünün bir çox xüsusiyyətləri ilə fərqlənir.

"Hər şeydən əvvəl, qeyd edilməlidir ki, dünyanın inkişaf etmiş və nüfuzlu dövlətləri kimi Qərbi Avropa ölkələri Qafqazda, o cümlədən, Azərbaycanda xüsusi strateji-siyasi və iqtisadi maraqlara malikdirlər. Onu da nəzərə almaq lazımdır ki, bu dövlətlər bütün dövrlərdə öz maraqlarını qorumağa cəhd göstərən ölkələr sırasında həmişə fəallıqları ilə seçilmişlər. Təsadüfi deyildir ki, özünün regiondakı yeri və rolu, zəngin neft yataqları ilə Avropa siyasətçiləri və iş adamlarını keçən əsrin əvvəllərində də, sonunda da eyni dərəcədə özünə cəlb edən Azərbaycan Qərb ölkələrinin Qafqaz siyasətinin fəal və daha məqsədyönlü mahiyyət kəsb etməsində əsas amil olmuşdur.

İkincisi, Qərb dövlətləri Azərbaycanın potensial iqtisadi imkanlarını layiqincə dərk edərək, öz mahiyyət və texnoloji vəsaitlərini həvəslə tətbiq edir və bunun yaxın gələcəkdə hər iki tərəfə verə biləcəyi faydanı düzgün qiymətləndirirlər. Bu mənada, Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının Avropanın qabaqcıl sənayesinin böyük əhəmiyyət kəsb etdiyi, o cümlədən, Azərbaycanın bu ölkələrin sənaye məhsullarını realizə etmək üçün xüsusi bazar və ötürücü məntəqə ola biləcəyi imkanı da Qərb dairələrinin diqqətindən yayınmamışdır."

Beləliklə, Azərbaycan Respublikası Qərbi Avropa dövlətləri ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi sahəsində məqsədyönlü xarici siyasət yeridir və öz milli maraqlarını qorumaq üçün ardıcıl addımlar atır.

Məsələn, 1499-1502-ci illərdə Venesiya-Türkiyə müharibələri ərəfəsində Venesiya diplomatı Konstantino Laskari Qaraman bəyliyi və Səfəvilərlə danışıq aparmaq üçün Azərbaycana gəlmişdi. K.Laskari vətənə qayıdıb danışıqlar barədə 1502-ci il oktyabrın 14-də Venesiya hökumətinə hesabat vermiş, Səfəvilərin odlu atəş əldə etmək istədiklərini bildirmişdi. K.Laskari əlavə etmişdi ki, "türk mənşəli Səfəvi əsgərinin, ümumən bu xalqın hərbi döyüşdə silah işlətməkdə zəngin təcrübəsi var. Bu xalqın hərbi döyüşdə silah işlətməkdə zəngin təcrübəsi var. Bu xalq üçün başlıca məsələ silah və atdır. Səfəvi qoşununda "döyüş qaydası" mütləq hakimdir.

B.Amorettinin toplusunda Şah İsmayılın 1505-ci ilin yanvarında Venesiya respublikasının doju Leonardo Loredanoya yazdığı məktub daha dəyərlidir. Səfəvi şahı məktub yazır: "Biz bütün Əcəm ölkəsini işğal etdik, indi çiçəklənir. Allahın kəramətinə inanırıq ki, elə bu ümidə düşməni üzərində daha böyük qələbələr əldə edəcəyik. Venesiya respublikası və digər Qərb dövlətləri ilə hərbi-siyasi ittifaq yaratmaq üçün məşhur hakim Əli bəy Avropaya göndərildi".

Osmanlı imperiyasının işğalçılıq siyasəti Avropa dövlətlərindən Polşa, Macarıstan, Almaniyanın Hapsburq hökmranlığı və İtaliya üçün də böyük təhlükə törətmişdi. Buna görə də Çaldıran döyüşlərindən sonra Sfəvilərin bu dövlətlərlə diplomatik münasibətləri genişləndi. Burada əsas məqsəd Türkiyəyə qarşı ittifaq yaradılmasından ibarət idi. I İsmayılın təşəbbüsü ilə yaradılmış bu ittifaqa Misir Sultanı Əl-əd-Dövlə və iberlər oldular. Lakin bu ittifaq müsbət nəticə vermədi.

Çaldıran döyüşündə məğlubiyyətdən sonra Şah İsmayıl Avropa və Asiya ölkələrilə Türkiyə əleyhinə vahid cəbhə yaratmaq, odsaçan silah, top, artilleriya əldə etmək məqsədilə bu ölkələrlə diplomatik əlaqələri daha da genişləndirdi. 1515-ci ildə Türkiyəyə qarşı birgə mübarizə haqqında Şah İsmayıl Rodos adasında yerləşən ionintilər ordeninin (Türkiyə ilə düşmənçilik edən səlibçi cəngavərlərin hərbi təşkilatı) başçısına müraciət etdi. Bu vəziyyət Türkiyənin alman imperatoruna zərbə endirməyə çalışan Fransa ilə yaxınlaşırdı.

Çaldıran döyüşündən sonra Səfəvi şahı Osmanlı imperiyasına qarşı mübarizə aparmaq və İran körfəzi vasitəsilə istənilən silahı almaq niyyətilə Portuqaliya ilə ittifaqa girdi. Məsələn, 1515-ci il aprelin 29-da Venesiya respubliksının Kiprdəki canişini Zuan Hradeniqo Nikosiyadan öz hökumətinə xəbər verirdi: "Təsdiq edirlər ki, Şah İsmayıl 100 mindən artıq qonşun və güclü artilleriya toplamışdır". 28 oktybar 1518-ci il tarixli sənəddə qeyd edilir ki, "Sufinin (Şah İsmayıl) 70 minlik ordusuna Portuqaliya kralı tərəfindən göndərilmiş silahlı əsgərlər, artilleriya mütəxəssisləri daxildirlər". Başqa bir sənəddə Sufinin "ordu və silahla çox güclü olduğu qeyd edilir".

Səfəvi şahı Almaniya imperatoru və İspaniya kralı V Karlla yaxınlaşmağa çalışırdı. O, 1518-ci ildə V Karl və macar kralı II Lüdviqə məktubla müraciət etmişdi. Lakin məktublar ünvanlara vaxtında çatmadığı üçün öz əhəmiyyətini itirmişdi. Bundan əlavə, Avropa ölkələrilə Qızılbaş arasında məsafənin uzaqlığı da onların Türkiyəyə qarşı birgə əməliyyatına mane olmuşdu. Şah İsmayılın həm daxili, həm də xarici siyasəti hakim sinfin, birinci növbədə, Azərbaycan qızılbaş əyanlarının mənafeyi baxımından həyata keçirildi. Səfəvi-Osmanlı müharibələri də Səfəvilərin Şeybanilərlə apardıqları müharibələr kimi dini bayraq altında-şiəliklə sünnülük arasında gedən mübarizə idi. Əslində isə, bu mübarizə Azərbaycanın zəngin təbii sərvətlərinə yiyələnmək, Ön Qafqazdan keçən və son dərəcə mühüm əhəmiyyət kəsb edən Avropa-Asiya ticarət yoluna nəzarət etmək uğrunda gedirdi.

Beləliklə, istər B.Amorettinin toplusundakı, istərsə də XVI əsrin birinci rübündə Azərbaycan tarixinə dair bizə məlum olan digər sənədlər onu göstərir ki, Avropada ilkin kapital yığımı və böyük coğrafi kəşflər vaxtında Səfəvi dövləti və Osmanlı imperiyası Qərb dövlətlərinin Şərqdə öz müstəmləkəçilik siyasətlərini həyata keçirməsi yolunda başlıca maneə idilər. Avropa diplomatiyası Şərqin bu iri türk dövlətlərini bir-biri ilə salışdırıb, onları daim müharibə vəziyyətində saxlayaraq, zəiflətməyə və nəticə etibarilə Avropa kapitalının Şərq ölkələrinə daxil olması üçün münasib şərait yaratmağa çalışırdı.

Səfəvi dövlətinin Qərbi Avropa ölkələrilə diplomatik əlaqələri XVI əsrin sonu-XVII əsrdə Şah Abbasın (1587-1629) vaxtında daha da genişləndi. Şah Abbas Osmanlı qoşunu üzərində bir neçə parlaq qələbədən sonra Səfəvi dövlətinin və Azərbaycanın Türkiyə tərəfindən zəbt edilmiş xeyli ərazisini xilas etdi.

Onu da deyək ki, Səfəvi dövlətinin Avropa dövlətlərilə qarşılıqlı əlaqələrinin genişlənməsi ölkənin ağır iqtisadi vəziyyəti ilə şərtlənirdi. Bu dövrdə, məlumdur ki, Osmanlı imperiyası Səfəvi tacirlərinin Aralıq dənizinə girməsinə mane olurdu. Bundan əlavə böyük coğrafi kəşflər, xüsusilə, Hindistana dəniz yolu açıldıqdan sonra Səfəvi dövlətinin iqtisadi vəziyyəti daha da pisləşdi. Səfəvi dövlətinin ticarət mərkəzinə axışan hind ədviyyatı portəkizlər tərəfindən mənimsənilir, nəticə etibarilə isə bu malların alverində vasitəçilik edən Azərbaycan tacirlərinin mənafeyinə zərbə vurulurdu. Portuqaliya Hindistanın İran körfəzinə-Hörmüzdə çıxan əsas sahil məntəqələrinə (1515) yiyələndi. Bu vaxt Səfəvi dövlətinin hind okeanına çıxış yolu bağlı idi. Ona görə də Səfəvi şahları belə məqsəd güdürdülər: əvvəla, Avropa dövlətləri ilə birgə hərbi əməliyyat yolu ilə Osmanlı Türktiyəsinə zərbə endirmək, Aralıq və Qara dəniz vasitəsilə Qərblə tranzit ticarətini qaydaya salmaq, ikinci, Şərq bazarı üstündə Avropa dövlətləri arasında ticarət-siyasi ziddiyyətlərin mövcudluğundan istifadə edərək portəkizlərdən Hörmüzd adasını geri alıb, Hind okeanı və Hindistanla ənənəvi ticarət münasibətlərini bərpa etmək.

Səfəvi dövlətilə qarşılıqlı əlaqədə olan Avropa dövlətləri isə başqa məqsəd güdürdülər. Onların hər birinin Şərqdə öz marağı vardı.

XVI əsrin 50-80-ci illərində ingilis Moskva kompaniyasının Rusiya vasitəsilə Səfəvi dövləti ərazisinə ekspedisiya təşkil etməsi müstəmləkə siyasətinin həyata keçirilməsində bir cəhd idi. Gənc ingilis burjuaziyası güclü Osmanlı ərazisi və Venesiya ticarət rəqabəti xaricində Azərbaycan və İranın xam ipəyinə yiyələnməyə çalışırdı. Antoni Cenkinson Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclının qəbulunda olarkən demişdi: "...Bizdən azca uzaqda, venesiyalılar adlanan millət var. Onlar türklərlə ümumi rəyə gəlib, onların ərazisində bizim mal ilə alver edirlər, həmin malları Səfəvi dövlətindən gətirilən ipəklə dəyişirlər. Lakin Səfəvi hakimi və digər dövlət başçıları türklərin venesiyalılara yaratdıqları şərait kimi bizə şərait yaratsalar-bizim onların ərazisində ticarət etməyə, pasport və qorunma vərəqəsi almağa razı olsalar, mən şübhə etmirəm ki, burada ticarət yüksək səviyyədə aparılar və böyük mənfəət əldə edilər. Onlar bizim mallarla təmin olunar, eyni zamanda, öz mallarını satmaq işini də yaxşılaşdıra bilərlər..."



Səfəvi dövlətinə gələn altı ingilis ekspedisiyasının başlıca məqsədlərindən biri Hindistanla bilavasitə əlaqə yaratmaq idi. Beləliklə, ingilis burjuaziyası Portuqaliya ilə hərbi-siyasi toqquşma olmadan Şərqə yol açmağa cəhd edirdi. Həm də hind ədviyyatı əldə etmək üçün dəniz yolundan daha əlverişli yol qapmağa çalışırdı. Lakin ingilis burjuaziyasının Azərbaycanda və İranda Moskva kompaniyasına xidmət edən agentləri Antoni Cenkinson, Artur Eduards, Riçard Çini, Lourens Çepmen, Riçard Pnnqli tərəfindən həyata keçirilən ilk müstəmləkəçi addımı uğursuz oldu. Çünki Moskva dövləti ingilis tacirlərinə Rusiya ərazisində, yaxud onun vasitəsilə alver etməyi qadağan etmişdi. Rus dövlətinin bu addımı onunla izah edilir ki, İngiltərə IV İvana verdiyi sözün əksinə olaraq, Livoniya müharibəsində Rusiyanın tərəfini saxlamadı, rus tacirləri öz bazarlarında ingilis ticarət kapitalı ilə rəqabətdən çıxa bilmədilər. Digər tərəfdən ingilis kapitalının Azərbaycanda və İranda öz mövqeyini möhkəmləndirməsi çarizmin Şərq siyasətinə uyğun gəlmirdi. Buna baxmayaraq, ingilis burjuaziyası Volqa-Xəzər yolu ilə Moskva dövləti ərazisindən Səfəvi dövləti və Hindistanla daimi ticarət münasibətləri yaratmaq cəhdinin boşa çıxmasından sonra, Hind okeanı hövzəsində Hollandiya və Portəkizlə son dərəcə çətin və uzunmüddətli rəqabətə girməyi qərara aldı. XVI əsrin sonunda dəniz yolu ilə Səfəvi dövlətinin paytaxtına Entoni və Robert Şerli qardaşları başda olmaqla səfarət heyəti gəldi. Səfəvi şahı ingilis nümayəndə heyətini razılıq hissilə qəbul etdi. Çünki bu vaxt o, türklərə qarşı müharibəyə ciddi hazırlaşırdı. Ona görə danışıqlardan dərhal sonra Şah Abbas ingilis Robert Şerlini öz səfiri kimi bir sıra Avropa ölkələrinə göndərdi. Onu həm də ingilis şahzadəsinin yanına göndərib türklər əleyhinə müqavilə imzalamağı təklif etdi. 1610-cu ilin oktyabrında şahzadə Yakov I Stüart Robert Şerlini qəbul etdi, Şah Abbasın məktubu ilə tanış oldu və ingilis burjuaziyasının mənafeyini ifadə edən şəxs kimi Səfəvi dövlətilə ticarət münasibətlərinin imkanlarını öyrənməyi və genişləndirilməsini Ost-Hind kompaniyasının nümayəndələrinə tapşırdı. Şah Abbasın Türkiyəyə qarşı birgə mübarizə təklifinə gəldikdə isə, bu məsələ ingilis şahzadəsini maraqlandırmadı. 1616-cı ildə Robert Şerli İngiltərədən məktubla Səfəvi şahının yanına qayıtdı. Ondan sonra Ost-Hind kompaniyasının nümayəndələri şahın yanına gəldilər. Danışıqlar davam etdirildi. Belə ki, İngiltərə ilə ticarət münasibətlərinin genişləndirilməsi Səfəvi dövlətinin iqtisadi marağına uyğun gəldiyi üçün Şah Abbas 1616-cı ildə xüsusi fərmanla ingilis tacirlərinə ölkənin ərazisində sərbəst ticarət etmək hüququ verdi. Beləliklə, ingilis ticarət kapitalı bu dəfə İranın cənubundan Azərbaycan və Gilan ipəyinə "yeni qapı" aça bildi. Səfəvi şahının ərazisi ingilis mahudunu satmaq üçün ən əlverişli bazar idi. İngilis tacirləri Səfəvi dövlətinin ticarət mərkəzlərində xam ipəkdən, ipək mallardan əlavə nadir Azərbaycan və İran xalçaları, müxtəlif zinət əşyaları və digər Şərq malları əldə edirdilər. Səfəvi dövlətinin İngiltərə ilə ticarət əlaqələri genişləndirildi. Məsələn, 1625-ci ildə Londonda, eyni vaxtda, Şah Abbasın iki nümayəndəsi Nağdəli bəy və Robert Şerli iki dövlət arasında ticarət münasibətlərini genişlənjirmək üçün yeni danışıqlar apardılar. Lakin ingilis burjuaziyasının qarşısında Hollandiyanın Ost-Hind kompaniyası ilə, habelə, İspaniya və Portuqaliya ilə hərbi-siyasi rəqabətdə uzunmüddətli və çətin vəzifələr dururdu. Bundan əlavə, Səfəvi şahı Avropa dövlətlərindən, o sıradan İngiltərədən lazımi hərbi yardımı almadığı, həmçinin, Osmanlı imperiyası tərəfindən əvvəlki təhlükəni hiss etmədiyi üçün indi xarici tacirləri ölkənin dərinliklərinə buraxmaq istəmir, onlara əvvəlki imtiyazları verməklə kifayətlənir. Şah Abbas 1628-ci ildə Mazandaranda Ost-Hind kompaniyasının nümayəndə heyətini qəbul edərək deyir: "Əgər ingilis şahzadəsi bizimlə ticarət münasibətlərini inkişaf etdirmək istəyirsə, biz onları ölkənin içərilərinə buraxmadan mahudun əvəzinə hörmüzddə onlara ildə 10.000 yük ipək verə bilərik, mahudu isə biz tatarlara, ərəblərə, erməni, gürcü və Rusiya əhalisinə sata bilərik".


Yüklə 31,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin