İlk tunc dövrü. Kür-Araz mədəniyyəti


Son tunc və erkən dəmir dövrü



Yüklə 48,54 Kb.
səhifə3/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   2   3   4   5   6   7   8   9   ...   14
Az tarixi qısa

Son tunc və erkən dəmir dövrü.

. E.ə. II minilliyin II yarısı – I minilliyin başlanğıcı Cənubi Qafqaz ərazisində son tunc dövrü – dəmir dövrünün başlanğıcıdır. İbtidai icma quruluşunun dağılması və erkən sinifli qurumlara keçid dövrü Azərbaycanda xeyli miqdarda abidə miras qoymuşdur, həmin abidələr ərazi və mədəni mənsubiyyət baxımından bir neçə qrupa bölünür. Kiçik Qafqaz hüdudlarında və ona bitişik bölgələrdə - Qərbi Azərbaycanda lokallaşdırılan qruplardan biri Xocalı-Gədəbəy mədəniyyətinin inkişafını əks etdirir. Bu mədəniyyətlərin təşəkkülü e.ə. II minilliyin II yarısında baş vermiş, e.ə. I minilliyin I rübündə onların inkişaf prosesi davam etmişdir. Tuncun emalı çiçəklənmə mərhələsinə çatmışdı, saxsı əşyaların hazırlanması zamanı dulus çarxından istifadə edilirdi. Xış əkinçiliyi inkişaf edir, taxıl döyümü zamanı artıq vəldən kifayət dərəcədə geniş istifadə olunurdu. Bu dövrdə yaşayış bölgəsindən asılı olaraq ayrı-ayrı tayfaların təsərrüfatında fərqlər dərinləşirdi. Dağlıq bölgələrin maldar tayfaları metal emalı sahəsində böyük ustalıq səviyyəsinə çatmışdılar. Əkinçilik, üzümçülük və şərabçılıq inkişaf edir, suvarma sistemləri yaradılırdı. Tunc emalının çiçəklənməsi və dəmirin mənimsənilməsi dövrü başlanmışdı. Sənət sahələrinin – nəinki metal emalının, habelə dulusçuluğun xeyli dərəcədə inkişafı bunu təsdiq edir. Bu dövrdə sənətkarlıq kənd təsərrüfatından qəti surətdə ayrıldı.Bütün bu proseslər əmlak bərabərsizliyini dərinləşdirir.Bu dövrün yaşayış yerləri Gəncə – Qazax düzənliyində nisbətən çoxdur. Onlardan Qazax rayonunda Sarıtəpə, Babadərviş, Yastıtəpə, Şomutəpə və Töyrətəpənin üst təbəqələri, Şamxor rayonunda Seyfəli və Bitdili yaşayış yerləri, Xanlar rayonunda yaşayış yerlərini göstərmək olar. Son tunc və ilk dəmir dövrü yaşayış yerləri Mingəçevirdə, Ağcabədi rayonunda Üçtəpədə, Naxçıvan ərazisində I-II Kültəpələrdə, Qızılvəngdə, Daşkəsən və Gədəbəy rayonlarında isə siklop yaşayış yerləri öyrənilmişdir. Ədəbiyyatda siklop tikintiləri adlanan qala tipli abidələrə azərbaycanlılar “qalaça”, “qala” deyirlər. Qalalar bərkidici material işlətmədən, xüsusən alt cərgələrdə iri nəhəng daşlardan qurulurdu. Siklop tikintiləri yaxınlığında onlarla kurqan və yaxud daşqutu tipli qəbirlər yerləşir. Gədəbəy rayonunda Böyükqalaçada, Daşkəsən rayonunda Xaçbulaq yaylağında mədəni təbəqə, daş divarlar, ev qalıqları və məişət avadanlığı aşkar olunmuşdu.Son tunc və ilk dəmir dövründə təsərrüfatda əkinçilik üstün yer tuturdu.İri və xırdabuynuzlu heyvanların, donuz və at sümüklərinin tapılması müxtəlif ev heyvanlarının saxlanmasını göstərir. Dövrün abidələrində birinci dəfə olaraq üzərinə tunc lövhə çəkilmiş taxta qalxanlara və zirehli geyimə rast gəlinmişdir.İbtidai icma quruluşunun dağılma və sinifli cəmiyyətin yaranması dövrünün ən təmtəraqlı abidələrindən biri Tərtər rayonunun Borsunlu kəndindəki böyük kurqandır. Son tunc dövrü qəbirlərində göstərilən əlamətlər və silahların çoxluğu hərbi demokratiyanın inkişafı ilə əlaqədardır. Dəfn abidələrindəki fərqə adətən etnik əlamət kimi baxılır. Ancaq bir vaxtda eynitipli əşyalarla müxtəlif adətlə basdırılanlara da rast gəlinir. Azərbaycanın son tunc və ilk dəmir dövrü abidələri qəbilələrin mənəvi mədəniyyətinin və ideoloji aləminin müxtəlif sahələrini aşkar edir.


Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin