I mövzu (səhifə 1-16) tariXŞÜnasliq kursuna giRİŞ ƏDƏBİyyat



Yüklə 40,77 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü40,77 Kb.
#38683
1   2   3   4   5
1-ci mövzu. Tarixşünaslıq kursuna giriş

(“Sine ira et studio”).

Feodalizm dövründə (orta əsrlərdə) tarixşünaslıqda provindensialist baxışlar mövcud olmuşdur. Yəni hadisələrin ilahi qüvvə tərəfindən idarə edildiyi iddia edilirdi. Tarixi təfəkkürün xarakterini feodal – kilsə ideologiyası müəyyən edirdi. Bu zaman tarixşünaslıqda “Bibliya” və “Quran”ın böyük təsiri özünü göstərirdi. Bu dövrdə tarixi əsərlərin ən geniş yayılmış forması – aqeoqrafik əsərlər (müqəddəslərdən bəhs edən) daha üstünlük təşkil edir və geniş yayılır, “fəlsəfə ilahiyyatın köməkçisidir” prinsipi əsas götürülürdü.

Orta əsrlərdə Platonun bölgüsü Aqustinin fikirlərində davam etdirilir. O, tarixi inkişafın aşağıdakı mərhələlərini göstərir: Adəmdən Nuha qədər; Nuhdan İbrahimə qədər;İbrahimdən Davud çara qədər; Davuddan Babilistanın süqutuna qədər; Babilistanın süqutundan İsanın dünyaya gəlişinə qədər; İsanın dünyaya gəlişindən onun gələcəkdə ikinci dəfə zühuruna qədər.

Məlumdur ki, Azərbaycan tarixinin öyrənilməsi üçün yerli xarakterli ilk mənbə M. Kalankaytuklunun “Alban tarixi” əsəri olmuşdur. Bundan sonrakı müəlliflər məhz bu əsərdən qaynaqlanmışdır. Hər bir dövrdə yazılmış mənbə həmin dövrün tarixşünaslıq əsəri hesab edilsə də, burada yalnız tarixi biliklər toplanmış və gələcək tədqiqatçılar üçün bir cığır açmışdır.

Sonrakı dövrlərdə də orta əsrlər ənənəsi davam etdirilmiş və salnamə əsərləri geniş yayılmışdır. Lakin həm orta əsrlərdə, həm də yeni dövrə keçid mərhələsində mütəfəkkirlər, alimlər öz əsərlərində hadisələri təsvir etməklə yanaşı, həm də onların səbəb-əlaqələrini də açmağa təşəbbüs göstərmişlər. Bunlardan İbn-Xəldun, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, İsgəndərbəy Münşi və s. adlarını çəkmək olar.

Bu vaxta qədər Azərbaycan tarixşünaslığına dair yazılıb nəşr edilən əsərlər azlıq təşkil etsə də son dövrlər Azərbaycan tarixinin müxtəlif dövrlərinin tarixşünaslıq aspektində yazılmasına ciddi addımlar atılır. Azərbaycan yenidən müstəqillik əldə edənə qədər bu sahədə yazılmış əsərlər Sovet tarixşünaslığının tərkib hissəsi kimi verilirdi və tarixşünaslığa dair bir neçə əsərləri və məqalələri çıxmaq şərtilə, demək olar ki, bu sahədə boşluqlar vardı. Eyni zamanda əsərlərin çoxu sovet ideologiyasının təsiri altında yazıldığından bu gün həmin əsərləri təhlil edərkən onlara çox diqqətlə yanaşılmalıdır.

Bunlardan, Ə. Qubaydulinin “10 il ərzində Azərbaycanda tarix elminin inkişafı” (B, 1930); H.İmanovun “Azərbaycan tarixşünaslığı məsələləri”; İ.Cəfərzadə və İ.Yampolskinin “20 il ərzində Azərbaycan tarixinin öyrənilməsinin nəticələrinə dair”, A.Əlizadə, B.Leviatovun “Azərbaycan SSR-də tarix elmi”, Ə.Sumbatzadənin “Müasir mərhələdə Azərbaycanın tarix elmi”, Ə.Quliyev, İ.Həsənov, İ.Striqunovun “XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda tarix elminin inkişafı” , Ə.Sumbatzadənin “XIX-XX əsrlərdə Azərbaycan tarixşünaslığı” , Əli Hüseyzadənin “XIX əsrin II yarısında Azərbaycan tarixşünaslığı” əsərləri bu sahədəki boşluğu doldurmuşdur. Lakin bunu da qeyd etməliyik ki, otən əsrin 20-ci illərində bu sahəyə tarixçilər deyil, qeyri-professionallar, mədəniyyət xadimləri (S.Mumtaz, Y.V.Çəmənzəminli və s.) daha çox diqqət yetirmişlər. XX əsrin 30-cu illərində Ə.Qubaydulinin, 40-cı illərdə İ. Striqunovun, Y.Paxomovun, A.Klimovun, İ.Cəfərzadənin, İ.Hüseynovun, V.Leviatovun xidmətləri olmuşdur. Onlar Azərbaycan tarixinin ayrı-ayrı mərhələlər üzrə öyrənilməsinə üstünlük vermişlər. Qədim və orta əsrlər tarixinin öyrə­nilməsinə A.Yampolski, M.Şərifli, M.Nemətova, F.Məmmədova, S.Aşurbəyli, Z.Bünyadov, V.Piriyev, S.Qaşqay, A.Fazili, İ.Əliyev, M.İsmayılov diqqət yetirmişlər. Sovet dövründə Azərbaycanın bir sıra ali məktəblərində tarixşünaslıq kursu “Sovet tarixşünaslığı” adı altında XX əsrin 80-ci illərindən başlayaraq “Azərbaycan tarixşünaslığı” və 2000-ci ildən “Qafqaz tarixşünaslığı” fənləri müstəqil fənn olaraq tədris olunmağa başlandı.

Əgər sovet dövründə marksizm- leninizm metodologiyasına əsaslanan tarixşünaslıq kursu öyrədilirdisə, Azərbaycan müstəqillik əldə etdikdən sonra tarix elmində milli konsepsiya yaranmış və tariximizin yeni aspektdə obyektiv öyrənilməsi nəticəsində tarixşünaslıq sahəsində yeni əsərlərin meydana gəlməsinə səbəb olmuşdur. Tarixşünaslıq bu dövrdə də özünün müəyyən inkişaf mərhələlərindən keçmişdir. Son dövrlərdə sırf tarixşünaslıq problemi ilə bağlı bir neçə əsərlər meydana gəlmişdir. Bunlardan Y.Səfərovun “Azərbaycanın qədim, erkən orta əsrlər dövrünün tarixşünaslığı”, A.İsgəndərovun tarixşünaslıq problemləri ilə bağlı iki monoqrafiyası “1918-ci il mart qırğınının tarixşünaslığı” və “Azərbaycanda turk-müsəlman soyqırımı probleminin tarixşünaslığı”, M.Əliyevin “Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı”, M.Zülfüqarlının “Azərbaycan tarixi. II Respublika dövrünün tarixşünaslığı” adlı əsərləri və S.Qasımovanın “XIX yüzillikdə maarifçilik hərəkatı və onun tarixşünaslığı” adlı dərs vəsaiti bu sahədə atılan uğurlu addım hesab edilə bilər.

Yuxarıda verilən faktlara əsasən belə bir qənaətə gəlmək olar ki, Azərbaycanda tarixşünaslıq (tarixçilik) dünya tarixşünaslığının bir hissəsi olmaqla, özünəməxsus yol keçmiş, lakin bir elm kimi XIX yüzilliyin I yarısında A. Bakıxanovun adı ilə formalaşmışdır. Bu məsələlərə isə ikinci mühazirəmizdə toxunacaq, tarixi təfəkkürün öz inkişafında hansı mərhələlərdən keçdiyini müəyyənləşdirəcəyik.

Əgər XX yüzilliyin 20-30 cu illərində qeyri professionallar və müxtəlif siyasi xadimlər tərəfindən tarixçiliyə dair əsərlər yazılırdısa, 40-50-ci illərin tarixşünaslığında diqqəti cəlb edən əsas cəhət bu dövrdə Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ümumiləşdirici oçerklərin yazılması, dövrün mənbələrinin tərcüməsi və nəşri, ən nəhayət, üç cildli «Azərbaycan tarixi»nin birinci cildinin çap olunması idi. Hələ 1946-cı ildə “Azərbaycan tarixi üzrə oçerklər”in V hissəsində monqol əsarəti və Azərbaycan Şirvanşahlar dövlətinin vəziyyəti barədə çox da geniş olmayan mətn nəşr olundu. Daha sonra 1953-cü ildə “SSRİ tarixi oçerkləri»ndə Cənubi Qafqazın monqol əsarətinə düşməsi və Azərbaycanın bu dövrdəki vəziyyəti, birtərəfli şəkildə olsa da, şərh edildi. Nəhayət, 50-ci illərin sonunda üçcildlik “Azərbaycan tarixi”nin I cildi çapdan çıxdı. Kitabda qədim dövrlərdən başlayaraq bir sıra ictimai-tarixi proseslər dövrün siyasi prizmasından yazılmasına baxmayaraq, hər halda öz əksini tapmışdır. Azərbaycana müxtəlif dövrlərdə yadelli istilaçıların hücumu, Sasani zülmü, ərəb xilafəti dövrü, slavyanların yürüşləri, səlcuq dövrü, monqol əsarəti , müstəqil dövlətçilik məsələləri, Qızıl Orda dövləti ilə müharibələr və Hülakülər dövlətinin dağılması və s. məsələlər qısa şəkildə şərh olunmuşdu. Burada eyni zamanda torpaq və vergi siyasəti, istilaçılara qarşı mübarizə, Qazan xanın islahatları və nəticələri, Azərbaycanda təsərrüfat həyatı, mədəniyyət, elm barədə də məlumat verilirdi.

50-ci illərin axırlarında isə Azərbaycanda daha qiymətli məxəzlərin tərcüməsi və nəşri həyata keçirildi. Bunlardan Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərinin III cildi xüsusi yer tutur. Onun fars dilində elmi-tənqidi mətni Ə.Əlizadə tərəfindən hazırlanmış, rus dilinə tərcüməsini isə A. K. Arends yerinə yetirmişdir. “Came ət-təvarix”in III cildinin, eləcə də, 1940-cı ildə həmin əsərin Qazan xana aid hissəsinin Londonda, 1952-ci ildə isə onun I cildinin (I-hissə) Moskvada rus dilində çap olunması gələcək tədqiqatlar üçün yeni imkanlar açmış oldu. 1957-ci ildə F.Metsopskinin “Teymurləngin və onun xələflərinin tarixi” və iki il sonra İbn əl-Əsirin “Əl-kamil fi-t-tarix” əsərinin Azərbaycana dair materiallarının tərcüməsinin nəşri isə bu sahədəki nailiyyətləri genişləndirdi.

60-70-ci illərin tarixşünaslığında əvvəlki 20 ilin tarixşünaslığından fərqli olan cəhətlər diqqəti cəlb edir. Bu dövrdə Azərbaycanın ictimai-­iqtisadi tarixinin tədqiqi sanki başa çatdırılmış bir sahə kimi ikinci plana keçdi. Tarixşünaslığın yeni-yeni sahələri üzrə - ictimai fikir tarixi, müxtəlif cərəyanlar (məsələn, hürufilik), şəhər tarixi, toponimika, sülalələrin şəcərələrinin tərtibi və s. sahələrdə tədqiqatlar aparıldı. İlk mənbələrin tədqiqi, nəşri, onların elmi dəyərinin müəyyənləşdirilməsi, habelə, siyasi tarix, numizmatika, epiqrafika üzrə tədqiqatlar nəzərə çarpacaq dərəcədə çoxaldı.

Bu illərdə İranda Ə.Kaviyanpurun, Məhəmməd Cavad Məşkurun və D. İsfahaniyanın Azərbaycan tarixi üzrə nəşr olunmuş ümumiləşdirici əsərləri mühüm məlumata malik olmayıb, qərəzli xarakter daşıyırlar. İngilis şərqşünasları E.Braun və İ.Boylenin İran ədəbiyyatı tarixinə və İran tarixinə həsr olunmuş monoqrafiyaları da bilavasitə Azərbaycan tarixinin, mədəni həyatının həmin dövrdəki vəziyyətinin araşdırılmasında müəyyən yer tutur.

Bununla belə 60-70-ci illərdə məxəzlərin tərcüməsi, nəşri və tədqiqinə daha çox diqqət yetirildiyi nəzərə çarpır. Bu illərdə Bakıda, Moskvada və digər xarici ölkələrdə dövrün ilk mənbələrini, onların tərcümələrini əks etdirən 10-dan artıq kitab çap edildi. Görkəmli alim, dövlət və din xadimi Məhəmməd Naxçıvaninin «Dəstur əl-katib» əsərinin elmi tənqidi mətninin hazırlanması və iki cilddə (3 kitabda) çap olunması tarixşünaslıqda mühüm addım oldu.

Həmin dövrdə tarixşünaslığımızda ümdə əhəmiyyət kəsb edən əsərlərdən birinin - Şəhabəddin Nəsəvinin “Sirət sultan Cəlaləddin Mənqburni” əsərinin rus dilinə tərcüməsi çapdan çıxdı. Akad. Z. M. Bünyadovun nəşr etdirdiyi bu tərcümə, eləcə də, onun müqəddiməsi və izahları Azərbaycanın 1218-1231-ci illər tarixinin dərindən araşdırılmasında mühüm əhəmiyyətə malikdir.

60-70-ci illərdə görkəmli alim F. Rəşidəddinin əsərlərinin tərcüməsi və nəşri sahəsində də yeni nailiyyətlər əldə olundu. İstər Moskvada, istərsə də digər xarici ölkələrdə onun elmi irsinin tədqiqi və nəşri davam etdirildi

Ötən əsrin 60-70-ci illərində Azərbaycan tarixinin müxtəlif dövrlərinin siyasi tarixinə dair araşdırmalar davam etdirildi. İ. P. Petruşevski Azərbaycan və İranın Hülakülərin hakimiyyəti dövründəki yüzillik tarixi barədə nisbətən geniş məlumatla mərkəzi mətbuatda çıxış etdi. İran alimi Şirin Beyani Cəlairilər dövlətinin tarixini, ərəb tarixçisi Məhəmməd əl-Qəzzaz İraqın monqollar dövründəki siyasi həyatını əks etdirən əsərlərini çap etdirdilər. Bununla belə bu dövrdə siyasi tarix sahəsində əsas diqqət Hülakülər dövlətinin tənəzzülü və parçalanması dövründə, yəni 1316-1360-cı illərdə Azərbay­canın vəziyyətinə yönəldilmişdi. Çobani feodal qrupunun Azərbaycanın siyasi tari­xin­də mövqeyinə həsr olunmuş tədqiqatda bu qrupun müstəqil “Çobanilər dövləti” təsis edə bilməməsi aydınlaşdırıldı. V. Z. Piriyevin “Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə” kitabı və bir sıra məqalələri Azərbaycanın XIV əsrin 60-cı illərinə qədər tarixinə həsr olundu. Onun məqalələrində dövlət quruluşu və idarə sis­teminə aid məsələlər araşdırıldı. Şirvanşahlar dövlətinin tarixi üzrə də yeni tədqiqatlar meydana gəldi. C.İbrahimovun və Z.Bünyadovun bu sahədəki tədqiqatları xüsusi əhəmiyyət kəsb etdi. Şirvanşahların, eləcə də, Çingiz xanın, Hülakülərin və çobanilərin nəsəb şəcərələrinin tərtibinə həsr olunmuş məqalələr dövrün siyasi tarixinin dəqiqləşməsinə xidmət etdi.

Dövrün ictimai-fikir tarixi, müxtəlif cərəyanların öyrənilməsi alimlərin tədqiqat obyektinə çevrildi. Ə.Əlizadə Azərbaycan və İranın mütərəqqi dövlət xadimləri - alimləri Nizamülmülk, Rəşidəddin və Məhəmməd Naxçıvaninin dünyagörüşləri, ictimai-iqtisadi məsələlərdə islahatçı baxışlarına həsr olunmuş silsilə məqalələr yazdı və Azərbaycanda ictimai fikrin təkamülünü müəyyənləşdirdi. Azərbaycanda fəlsəfi fikrə, hürufilik və onun Azərbaycandakı nümayəndələrinə, Siracəddin Urməviyə və b. həsr olunmuş tədqiqatlar bu sahədə böyük əhəmiyyət kəsb etdi.

Azərbaycan şəhərlərinin, qalalarının tədqiqi, o cümlədən, arxeoloji baxımdan öyrənilməsi 60-70-ci illərdə tarixşünaslığın əsas sahələrindən biri kimi qarşıda dururdu. Azərbaycan alimlərindən S.Aşurbəylinin Bakının orta əsrlər tarixinə, R.Məmmədovun Naxçıvanın tarixinə həsr etdikləri oçerklərində həmin şəhərlərin XIII-XIV əsrlərdəki vəziyyəti barədə də maraqlı faktlar verilir.

60-70-ci illər tarixşünaslığımız köməkçi elm sahələrinin araşdırılmasında əldə olunan nailiyyətlərlə də diqqəti cəlb edir. Sikkəşünaslıq üzrə bu dövrdə 10-a yaxın elmi əsər-monoqrafiya və məqalələr meydana gəldi. M.Seyfəddininin XIV əsr elxani sikkələrinə və Azərbaycanda sikkə zərbi və pul dövriyyəsinə həsr olunmuş kitabları, məqalələri bu baxımdan fərqlənir. Müəllifin əsərləri əsasən sikkələrin təsvirinə həsr olunsa da, onlar dövrün siyasi və ictimai-iqtisadi tarixinin tədqiqində müəyyən yer tutur və ilk mənbələrin məlumatını tamamlayır. Bu dövrdə, həmçinin Y.Paxomovun hazırladığı Azərbaycan dəfinələri seriyasından növbəti kitabı və Ə.Ə.Əlizadənin bu mövzuda məqaləsi çapdan çıxdı. Epiqrafika sahəsindəki işlər də davam etdirildi. M.Nemətovanın epiqrafık abidələr və onların XIV-XIX əsrlərdə Azərbaycanın ictimai-iqtisadi tarixinin tədqiqində roluna həsr olunmuş tədqiqatları bu baxımdan səciyyəvidir.

Bu dövrdə Azərbaycanın XIII-XIV əsrlər etnoqrafıyası və toponimikası sahəsində ilkin addımlar atılmaqda idi. T.Bünyatovun qədim və orta əsrlərdə Azərbaycanda əkinçiliyə, H.Quliyevin XIII-XVII əsrlərdə Azərbaycanda toxuculuq sənətinə, Ş.Quliyevin Azərbaycanda çəltikçiliyə, A.Mustafayevin Şirvanın maddi mədəniyyətinə həsr olunmuş tarixi-etnoqrafık tədqiqatları göstərilən dövrün etnoqrafik mənzərəsini az da olsa əks etdirirdi. Ə.Hüseynzadənin Azərbaycan toponimiyasında tayfa adlarının izinə, Q.Qeybullayevin Azərbaycanın bir sıra etnotoponimlərinin mənşəyinə həsr olunmuş məqalələri toponimika səhəsində yazılmış ilk tədqiqatlar kimi diqqəti cəlb etdi. Toponimlərin, o cümlədən bizi maraqlandıran dövrün toponimlərinin etnonimlərlə izahı bu tədqiqatların əsasını təşkil edib, məsələnin elmi baxımdan düzgün qoyulduğunu göstərirdi.

Qeyd olunan dövr Azərbaycanın orta əsrlər memarlığı, maarif və məktəb tarixi, musiqisi, dini mövqeyi və s. sahələr üzrə aparılmış tədqiqatlarla da diqqəti cəlb edir ki, bunlar Azərbaycanın XIII-XIV əsrlərdəki vəziyyətinin, mədəniyyətinin vahid şəkildə dərk edilməsində əhəmiyyətlidirlər. Bu dövr görkəmli tarixi şəxsiyyətlərin, xüsusilə Çingizxan, Teymur və b. fatehlərin həyat və yaradıcılığına həsr olunmuş monoq­rafiyaların və məqalələrin çapı ilə də xarakterikdir.

XX yüzilin 80-90-cı illəri Azərbaycan tarixşünaslığının daha geniş inkişafı və nailiyyətləri ilə səciyyələnir. Bu dövrün nailiyyətlərindən biri çoxcildlik “Azərbaycan tarixi”nin yazılıb nəşr olunmasıdır. Çoxcildlik Azərbaycan tarixı hələ ki tariximizə dair yazılmış sonuncu ümumiləşdirilmiş əsər hesab edilsə də, hər dövrə aid həm siyasi, həm iqtisadi, həm də mənəvi prosesləri təhlil etmək baxımından tədqiqatçılara yeni bir istiqamətdə araşdırma aparma imkanı verir. Kitabda xronoloji ardıcıllığa riayət etməklə dövrlər təhlil edilmişdir.

Bu dövrdə Azərbaycanın, o cümlədən Şirvanın ictimai-iqtisadi və siyasi tarixinin araşdırılmasında sanballı addımlar atıldı. S. B. Aşurbəylinin 1983-cü ildə nəşr olunmuş “Şirvanşahlar dövləti” monoqrafiyası bu dövlətin min illik tarixinə həsr olunsa da, əsərdə monqolların Şirvana yürüşü, Şirvan şəhərlərinin monqol hakimiyyəti dövründəki vəziyyəti, Şirvanın ictimai quruluşu, torpaq mülkiyyət formaları, vergilər, Şirvanşah dərbəndilərin öz azadlıqları uğrunda mübarizəsi və s. məsələlər dərindən araşdırılır. Onun Azərbaycan - Hindistan iqtisadi və mədəni əlaqələrinə həsr olunmuş əsərində isə göstərilən dövrdə iki ölkə arasındakı əlaqələrə yer verilir. S.Aşurbəyli son illərdə nəşr etdirdiyi Bakı şəhərinə dair əsəri də paytaxtımızın orta əsrlər dövrünü işıqlandırılması baxımından əhəmiyyətlidir. V.Piriyevin Teymurun və Toxtamışın Azərbaycana yürüşləri və Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsinə həsr olunmuş tədqiqatında, eləcə də, Azərbaycanın Teymur dövründəki vəziyyətinə dair məqaləsində 1385-1401-ci illərdə Azərbaycanda olan siyasi vəziyyət araşdırıldı, hakimiyyət uğrunda gedən feodal ara müharibələri, Təbrizin dəfələrlə əldən-ələ keçməsi, Azərbaycanın müharibə meydanına çevrilməsi ilk məxəzlərin məlumatı əsasında geniş tədqiq edildi və ölkəyə olunan yürüşlərin marşrutu müəyyənləşdirildi. O.Əfəndiyevin Teymura həsr olunmuş məqaləsi də dövrün bəzi məsələlərinin araşdırılmasına yardım etdi.

Şəhər həyatı, sənətkarlıq, ticarət məsələlərinin tədqiqində də nailiyyətlər əldə olundu. M.Heydərovun Azərbaycan şəhərləri və şəhər sənətkarlığına, sosial-iqtisadi münasibətlərə və sənətkar təşkilatlarına, S.Onullahinin Təbrizin sosial-iqtisadi tarixinə həsr olunmuş monoqrafiyaları bu sahədə daha çox diqqəti cəlb edən tədqiqatlardandır. Naxçıvanın XIII-XIV əsrlər tarixinə və tarixi-coğrafiyasına həsr olunmuş tədqiqatlar, orta əsrlər Şamaxı şəhərinin tarixi-arxeoloji tədqiqi, Qəbələyə həsr olunmuş tarixi-arxeoloji oçerklər Azərbaycanın şimal müdafiə istemkahları sahəsində aparılmış araşdırmalar, eləcə də, Yaxın Şərqin orta əsr şəhərlərinə dair tədqiqat şəhərlərimizin tarixinin öyrənilməsində özünə məxsus yer tutur. Azərbaycanda ticarət və ticarət yollarının əhəmiyyəti, ticarətin təşkili və əxilərin sənətkar təşkilatları ilə əlaqələri də dövrün tədqiqatlarında öz əksini tapmış məsələlərdən oldu.

Tarixşünaslığın köməkçi elm sahələri - epiqrafika, numizmatika, toponimikaya aid yeni tədqiqatlar meydana gəldi. M.Nemətovanın Azərbaycanın epiqrafik abidələrinin tarixi mənbə baxımından qiymətləndirilməsinə, “Qədiriyyə” ordeni mərkəzləri barədə yeni epiqrafik materiallara, M.Seyfəddininin XIV-XV əsrlərdə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsinə, Ə.Rəcəblinin Azərbaycan sikkəşünaslığına, Q.Pirquliyevanın pul dövriyyəsinə, Q.Qeybullayevin Azərbay­canın bir sıra etnotoponimlərinə, bu ərazidə olan monqol toponimlərinə, Azərbay­canın ümumi toponimiyasına və nəhayət, V.Əliyevin Azərbaycanın monqol kök­lü toponimlərinə həsr olunmuş tədqiqatları buna misaldır.

80-90-cı illər, irəlidə göstərildiyi kimi, tarixşünaslığımızın bir sıra sahələri - tarixi coğrafiya, dini görüşlər, etnik məsələlər, dövlət quruluşu və s. sahələrdə ilkin addım­ların atılması ilə fərqlənir. “Azərbaycanın tarixi coğrafiyası” kitabının nəşri tarixşünaslığımızda yeni səhifə kimi elmi ictimaiyyətin nəzərini cəlb etdi. Kitabda Azərbaycanın tarixi coğrafiyası barədə məqalə və iki xəritə çap olundu ki, burada əsas məqsəd Azərbaycanın sərhədlərini elmi faktlarla əsaslandırmaqdan ibarət idi. Daha sonra Azərbaycanın hüdudları barədə ilk məxəzlərin məlumatı oxucuların nəzərinə çatdırıldı. Bu tədqiqatların Məhəmməd Cavad Məşkur, D.Musxelişvili və s. kimi araşdırıcıların qərəzli fikirlərinə elmi cavab verməkdə əhəmiyyəti az olmadı.



80-90-cı illərdə etnik məsələlərin araşdırılması sahəsində aparılan tədqiqatlar əsasən Azərbaycanın ümumi etnik proseslərinin əks etdirilməsi baxımından da əhəmiyyətlidir. “Azərbaycan xalqının etnoqenez problemi haqqında” məruzələr toplusu və akad. Ə.Sumbatzadənin «Azərbaycanlılar - etnogenezi və xalqın formalaşması» kitabı, M.İsmayılovun “Azərbaycan xalqının yaranması” kitabçası bu baxımdan diqqəti cəlb edir. Z.Bünyadovun Şirvandakı etnik proseslərə dair məqaləsində, Q.Ağayevin türkdilli qəbilələrin Azərbaycanda yayılmasına və V.Piriyevin Azərbaycanın etnik tarixində monqol dövrünə, Sulduz (Çobani) və Cəlairi qəbilələrinin Azərbaycanın etnik tarixindəki roluna, buduqluların etnik mənsubiy­yətinə həsr etdiyi məqalələrində xalqın soy kökü məsələləri daha qabarıq şəkildə öz əksini tapdı. Azərbaycan xalqının mənəvi mədəniyyəti və dini baxışının, mədəni əlaqələrinin öyrənilməsi sahəsində müəyyən işlər görüldü. M.Dadaşzadənin bu sahədəki ta­rixi-etnoqrafik tədqiqatı və eləcə də, C. Həsənzadənin Təbriz miniatür sənətinin yaranması və inkişafına, İran alimi M. Mortezəvinin elxanilər dövrünün tədqiqinə həsr olunmuş əsərləri meydana gəldi. Hülakülər dövründə Azərbaycanda islam dininin vəziyyətinə, ruhanilərin Azərbaycan feodal dövlətlərində və dövlət idarəsində mövqeyinə, Pir Hüseyn xanəgahının bu dövrdəki vəziyyətinə və şirvanşahların ona münasibətinə, Azərbaycanın Mərkəzi Asiya və Volqaboyu ölkələri ilə mədəni əlaqələrinə, elmi və mədəni həyatına, Azərbaycanda şəhər qazıları institutunun fəaliyyətinə və s. həsr olunmuş məqalələr bu sahədə elmi tədqiqatların əsasını qoymuş oldu.

Nəhayət, Azərbaycan tarixinə dair son illərdə obyektiv prizmadan yazılmış əsərlər bu vaxta kimi tarixşünaslıqda olan boşluğu doldurmaq baxımından da təqdirəlayiqdir. Ə.Sumbatzadənin “XIX-XX əsrlərdə Azərbaycan tarixşünaslığı” kitabı, qeyd etdiyimiz kimi, tariximizin ən qədim dövrlərindən zəmanəmizə kimi olan bütün mərhələlərinin tarixşünaslığından söhbət açır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan tarixşünaslığı qarşısında duran ümdə məsələlər hələ çoxdur. İlk növbədə dövrün yazılı məxəzlərinin dərindən araşdırılması, onların və ya bu əsərlərdəki Azərbaycan tarixi ilə bilavasitə əlaqədar olan materialların tərcüməsi və nəşri həyata keçirilməlidir. Daha sonra dövrün ictimai-mənəvi tarixi dərindən öyrənilməlidir: Azərbaycanda gedən etnik proseslər, Azərbaycanın tarixi coğrafiyası, əhalinin dini baxışı, mədəniyyəti, dili, şəhərlərin tarixi və s. gələcək tədqiqatçılarını gözləyir. Lakin Azərbaycan tarixşünaslığının müxtəlif dövrlərinin tarixinin araşdırılması sahəsindəki nailiyyətləri də göz qabağındadır.
Yüklə 40,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin