Fəlsəfə fənni. Mövzu Fəlsəfə nəyi öyrənir? Fəlsəfənin predmeti



Yüklə 18,52 Kb.
səhifə1/2
tarix20.11.2023
ölçüsü18,52 Kb.
#165198
  1   2
Seminar materialı


Fəlsəfə fənni.
Mövzu 1. Fəlsəfə nəyi öyrənir? Fəlsəfənin predmeti.

Hansısa fənnin və ya elmin nəyi öyrənməsi haqqında sualları biz müxtəlif elm sahələri ilə bağlı, xüsusilə onlarla ilk tanışlığa başlayan zaman tez-tez eşidirik. Fizika nəyi öyrənir?Biologiya nəyi öyrənir?Tarix nəyi öyrənir? və s. bu kimi suallarla bağlı pis-yaxşı orta məktəbdə təhsil aldığımız müddətcə müəyyən təsəvvürlər əldə etmişik. Biz bilirik ki, hər bir elmin öyrəndiyi müəyyən bir sahə var. Məsələn, fizika qalaktikalardan tutmuş subatomar hissəciklərə qədər kainatın dərinliyini, biologiya canlılar aləmini, tarix cəmiyyətin keçmişini öyrənir. Yəni hər bir elmin dünyadan tədqiqat üçün götürdüyü bir sahə var, öyrənmək üçün də onun fokusu daim həmin sahənin üzərindədir. Bəs, fəlsəfənin öyrəndiyi sahə hansıdır? Əslində, Fəlsəfə nəyi öyrənir? sualına digər elmlərdə olduğu qədər dəqiqliklə cavab vermək çətindir, çünki fəlsəfənin öyrəndiyi konkret bir sahə yoxdur. Bununla belə, yazıda biz həmin suala cavab verməyə cəhd edəcəyik. İlk olaraq fəlsəfə sözünün etimologiyasının onun nəyi öyrənməsi haqqında nə dərəcədə düzgün təsəvvür yarada bilib-bilməməsinə toxunacağıq. Sonra fəlsəfənin öyrəndiyi əsas mövzular haqqında məlumat verəcəyik. Sonda isə fəlsəfənin hansı sahələri öyrənməsi məsələsinin tarixi aspektinə – yəni bəzi sualların fəlsəfədən elmin sahəsinə keçməsinə və bununla belə bir sıra sualların fəlsəfədə qalmaqda davam etməsinə – qısa nəzər salacağıq.


İlk baxışdan düşünülə bilər ki, fəlsəfə sözünün etimologiyasına nəzər salmaqla onun nəyi öyrəndiyini aşkar etmək olar. Fəlsəfə sözü dilimizə, əslində, qədim yunancadan φιλοσοφία (filosofia) sözünün ərəb dili vasitəsilə gəlib çatmış formasıdır. Qədim yunancadan hərfi tərcümə etdikdə φιλοσοφία sözü hikməti sevmək mənasına gəlir. Ancaq fəlsəfəni hikməti sevmək kimi təqdim etmək hələ onun nə olması, həmçinin nəyi öyrənməyi barədə qənaətbəxş nəsə söyləmək mənasına gəlməməlidir. Necə ki bir çox digər sözlərdə olduğu kimi, sözün etimologiyası onun ifadə etdiyi məna və ya anlayışı açmaqda acizdir, eləcə də fəlsəfənin hikməti sevmək kimi təqdim edilməsindən fəlsəfənin nə olması və ya nəyi öyrənməsi suallarına qaneedici cavab tapmaq çətin ki mümkün olsun. Birincisi, ona görə ki, öyrənmək sevməkdən çox fərqli bir zehni fəaliyyətdir. Bir şeyi sevmək ona hissi-emosional bağlılıqdır və bu bağlılıqda ağıl və ya rasionallıq yer almaya da bilər; fəlsəfə isə yalnız ağıl vasitəsilə mümkündür. Düzdür, kiminsə öyrəndiklərinə və ya onun məzmununa, bir az qəribə səslənsə də, sevgi ilə yanaşması tam mümkündür və hikməti sevmək dedikdə də məhz bu nəzərdə tutula bilər, ancaq bu işdə sevginin olub-olmaması ağıl və məntiq qədər zəruri deyil, köməkçi elementdir.
İkincisi, qədim yunanların σοφῐ́ᾱ anlayışı bizim hikmət və ya müdriklik sözlərilə ifadə etdiklərimizdən xeyli fərqli anlayışdır.[1] Düzdür, qeyd etmək olar ki, burada hər nə qədər məna fərqliliyi olsa da, σοφῐ́ᾱ və ya hikmət dedikdə, daha dərin, yaxud bir növ ali hesab olunan biliklər nəzərdə tutulur. Ancaq məsələnin dolaşıqlıq yarada bilən tərəfi budur ki, hikmət, yaxud ali növ biliyə hər bir şəxs və ya cəmiyyət müxtəlif şeyləri aid edir: din və miflərdən tutmuş adət-ənənəyə aid fərqli fikirlər, atalar sözləri və məsəllər, dədə-baba nəsihətləri və s. ali növ bilik və ya hikmət, yaxud da onun ifadəçisi kimi qələmə verilə bilər; baxmayaraq ki, sonuncuları fəlsəfə hesab etmək düzgün olmazdı.
Beləliklə, göstərilən səbəblərdən təklif etmək olar ki, fəlsəfə nəyi öyrənir? sualına cavab tapmaq üçün fəlsəfə sözünün etimologiyasının arxasınca çox da düşməyək, çünki bu sözün mənşəyi, eləcə də hikmət və müdriklik sözlərinin adi danışıq dilindəki mənaları haqqında biliklərə malik olmaqla, sözügedən məsələnin mahiyyəti haqqında kafi nəsə bilmiş olmayacağıq.[2]
Sualımıza cavab axtarışını davam etdirdikdə, ağıla ilk baxışdan sadə görünən belə bir cavab gəlir: Fəlsəfə bütövlükdə varlığı öyrənir. Varlıq dedikdə, burada ayrılıqda var olan müxtəlif nəsnələr məcmu olaraq nəzərdə tutulur. Ətrafınızda gördüyünüz əşyalar (stol, qələm, ağaclar və s.), ən kiçik zərrəciklər, uzaq qalaktikalar, cəmiyyətlər, hiss və müxtəlif yaşantılarımız və s. – bunlar hamısı birlikdə varlığı təşkil edir. Yəni belə çıxır ki, fəlsəfə, bir növ, var olan hər bir şeyi öyrənir. Başqa sözlə, ayrı-ayrı elmlərin hərəsi varlıqdan özləri üçün müəyyən bir aspekti araşdırma sahəsi edir, ancaq fəlsəfə isə sanki qeyri-təvazökarcasına var olan hər şeyi öyrənmək iddiasındadır. (Əlbəttə, fəlsəfə necə öyrənir? sualı bu kontekstdə çox mühümdür və onu digər intellektual fəaliyyət sahələrindən fərqləndirir. Ancaq sadəlik xatirinə bu sualı hələlik kənara qoyaq.)
Gəlin fəlsəfə bütövlükdə varlığı öyrənir fərziyyəsini nisbətən yaxından yoxlayaq, çünki bu məsələ ilk baxışdan göründüyü qədər sadə deyil. Bunun üçün biz belə təsəvvür edə bilərik ki, eyni anda çox müxtəlif sahələrdə tədqiqat apara bilən şəxslər var – yəni onlar, bir növ, hərşeyşünasdırlar. Əslində, elm və fəlsəfə tarixində belə nümunələrə çox tez-tez rast gəlinib. Məsələn, Fales, Platon, Aristotel, Dekart və Kant kimi filosofların riyaziyyat, fizika və digər təbiətşünaslıq elmlərinə aid çox müxtəlif sahələrdə tədqiqatları olub. Bununla belə, bu şəxslərin fəlsəfə ilə məşğul olduqları ona görə söylənilmir ki, onlar varlığı öz dövrlərinin qabaqcıl elm adamları olaraq öyrəniblər. Onların filosof hesab edilməsinin əsas səbəbi bu olub ki, müxtəlif elmlərə aid bilikləri əlaqələndirərək, varlıqla bağlı daha fundamental suallar qoyublar. Məsələn, ilk filosof hesab olunan Fales, həmçinin onun Anaksimandr və Anaksimenes kimi davamçıları elmi yolla (sadə desək, hadisə və şeyləri təcrübə etməklə) təbiət haqqında öyrəndikləri ilə kifayətlənməyib, cavabı təcrübənin sərhədlərindən kənara çıxan hər şeyin əsasında nə dayanır? kimi daha ümumi sual qoyurdular; başqa sözlə, varlığın müxtəlif sahələri ilə bağlı olan bilikləri əlaqələndirərək, onu daha fundamental şəkildə izah edən ümumi fikirlər irəli sürürdülər. Konkret Falesi nümunə kimi göstərsək, o, bir çox müxtəlif şeyin tərkibində suyun olduğunu müşahidə edir və həmin şeylərlə bağlı müvafiq fikirlərdən çıxış edərək varlıq haqqında belə bir ümumi fikir irəli sürürdü: hər şey sudan yaranıb və suya da çevrilir. Təbii ki, Falesin, eləcə də digər filosofların mövcud olan hər şeyi bir-bir müşahidə etməyə imkanı yox idi (heç indi də bizim buna imkanımız yoxdur). Ancaq diqqət edin ki, o, bir filosof kimi olduqca geniş ümumiləşdirmə apararaq, təcrübənin sərhədlərindən kənara çıxır və hər şey haqqında fikir söyləyirdi; həmçinin, öz fikirlərini öz elmi təsəvvürləri əsasında irəli sürürdü.
Beləliklə, biz deyə bilərik ki, fəlsəfə bütövlükdə varlığı öyrənir, ancaq bu zaman mütləq nəzərə almaq lazımdır ki, fəlsəfənin varlığı öyrənməsi təcrübə etdiyimiz nəsnələrin sərhədlərindən kənara çıxaraq, onlar haqqında daha ümumi və fundamental suallar qoymaqla, həmçinin varlığa aid müxtəlif bilikləri əlaqələndirmək vasitəsilə həyata keçirilir. Birisi varlığın çox müxtəlif sahələri haqqında olduqca geniş elmi biliklərə malikdirsə, ancaq bu biliklər arasında heç bir əlaqə görüb onunla bağlı ümumi fikirlər irəli sürmürsə, onda biz deyə bilmərik ki, həmin şəxs varlıqla bağlı fəlsəfi fikirlərə sahibdir. Ona görə, daha da dəqiq olmaq üçün, biz deməliyik ki, fəlsəfə varlığı daha ümumi və fundamental suallardan çıxış edərək, sistemli olaraq öyrənir. (Sistemli dedikdə, burada biliklərin məhz bir-birilə əlaqələndirilməsi nəzərdə tutulur.)
İlk baxışdan belə görünə bilər ki, fəlsəfənin varlığı öyrəndiyini deməklə, fəlsəfə nəyi öyrənir? sualına tam cavab vermiş oluruq. Bununla belə, fəlsəfənin öyrəndikləri içərisində elə spesifik sahələr var ki, varlığın içində yer almış kimi nəzərdən keçirilsə də, onlar xüsusi olaraq vurğulanmalıdır. Gəlin həmin sahələrə aid mövzuların bir neçə mühüm olanını qısa nəzərdən keçirək.
• İnsan. İnsan olmağın mahiyyəti və həyatının mənası, onu başqa canlılardan fərqləndirən əsas xüsusiyyətlər fəlsəfənin (daha dəqiqi, fəlsəfi antropologiyanın) mərkəzi mövzularındandır.

• Şüur. Psixologiya və neyroelm şüuru elmi-təcrübi tədqiqatlara əsaslanaraq öyrəndiyi halda, fəlsəfə onu (həmçinin ümumilikdə zehni və ya psixikanı) daha ümumi suallar əsasında araşdırır. Məsələn, psixi olanın və ya zehniliyin kriteriyası, onun strukturu, şüurun təbiəti, onun bədənlə əlaqəsi və s. kimi suallar filosofların məşğul olduğu mühüm suallardandır.
• Dil və anlayışlar (konseptlər). Dilin mahiyyəti, sözlərin mənası, onların ifadə etdiyi anlayışların təhlili əsas fəlsəfi məşğuliyyətlərdəndir. Fəlsəfə həmçinin digər elm sahələrində, xüsusilə humanitar elmlərdə istifadə edilən əsas anlayışları öyrənir.
• Bilik. Ayrı-ayrı elmlər bizə varlığın müxtəlif sahələri ilə bağlı biliklər verir, ancaq biliyin təbiəti ilə bağlı sual etmir. Əksinə, biliyin nə olması, onun əhəmiyyəti, mənşəyi, strukturu, sərhədləri ilə bağlı suallar fəlsəfənin (daha dəqiqi, epistemologiyanın) mərkəzində dayanır.
• Əxlaq. Fəlsəfənin öyrəndiyi digər ən mühüm sahələrdəndir. Həyatı necə yaşamalıyıq?Başqalarına qarşı necə davranmalıyıq?Davranışlarımızı düzgün və ya səhv edən nədir? kimi suallar fəlsəfədə əxlaqı öyrənən fənn hesab olunan etikanın əsas suallarıdır.
• Siyasət, mədəniyyət, həmçinin iqtisadiyyat da daxil olmaqla, bütövlükdə cəmiyyət, həmçinin onun müxtəlif alt sferaları da fəlsəfənin əsas tədqiqat mövzularındandır. Fəlsəfi fənn olan sosial və siyasi fəlsəfə bu mövzularla məşğuldur.
Göründüyü kimi, fəlsəfənin mövzuları olduqca rəngarəng və əslində, burada qeyd olunanlardan daha da genişdir. Ona görə haqlı olaraq deyilir ki, fəlsəfə digər fənlər kimi xüsusi bir sahəni əhatə etmir. Nəticədə filosoflar daha ümumi və mücərrəd anlayışlardan – məsələn, varlıq, materiya, həqiqət və s. kimi – istifadə etməyə məcbur olurlar. Çünki onun əhatəedici olması üçün məhz belə anlayışlardan istifadə etmək lazım gəlir. Söylədiklərimizə əsasən qısa deyə bilərik ki, fəlsəfə dünyanın daha mücərrəd xüsusiyyətlərini, eyni zamanda vasitəsilə dünya haqqında düşündüyümüz daha ümumi anlayışları və ya kateqoriyaları öyrənir.
Fəlsəfənin daha mücərrəd və ümumi anlayışlardan istifadə etməsi onun tez–tez daha qəliz başa düşülən fənn kimi təqdim edilməsinə səbəb olur. Ancaq bu, bizi çəkindirməməlidir. Çünki fəlsəfi anlayışlar mücərrəd və ümumi olmaqla yanaşı, tətbiq sahəsi çox geniş olduğundan onları sadə, gündəlik həyatımızla bağlı misallarla izah etmək mümkündür. Məsələn, otağımızda otura-otura varlıqdan bəhs etdikdə biz elə oradakı əşyaları nümunə kimi göstərib onlardan bəhs edə bilərik. Fəlsəfə bu baxımdan hətta digər elm sahələrindən daha əlçatandır. Fizika və ya kimya, o cümlədən digər təbiət elmləri ilə bağlı biliklərimizi dərinləşdirmək üçün xüsusi laboratoriyalara, ən azı isə çölə çıxıb təbiətin özünə müraciət etmək lazım olur, fəlsəfə ilə isə elə otağınızda otura-otura da məşğul ola bilərsiniz.[3]
Fəlsəfənin öyrəndiyi sahələr haqqında suala cavab vermək üçün tarixi aspekti də nəzərə almaq mühümdür. Məsələ burasındadır ki, çağdaş dövrün fəlsəfəsini antik dövr də daxil olmaqla, orta əsrlər və yeni dövr fəlsəfəsi ilə müqayisə etsək, görərik ki, onun öyrəndiyi sahə xeyli daralmışdır. Filosoflar qədim dövrlərdən qalan bəzi suallara cavablar axtarmağı artıq dayandırmışlar. Məsələn, antik dövrdən filosofları düşündürən Hər şeyin əsasında nə dayanır?Həyatın, insan da daxil olmaqla, canlı aləmin mənşəyi nədir? kimi suallarla artıq müasir elm məşğul olduğundan (birincisi ilə nəzəri fizika, ikincisi ilə biologiya məşğuldur) və bu istiqamətdə müəyyən elmi cavablar tapıldığından filosoflar bu mövzulardan yan keçirlər. Çünki fəlsəfə əsasən elə suallarla məşğul olur ki, elmin hələ onlara konkret cavabları yoxdur.[4] Hansı suallara ki, elm cavab tapır, filosoflar adətən həmin suallara toxunmurlar; və bu yolla, ayrı-ayrı elmlər inkişaf etdikcə, fəlsəfə bəzi mövzuları kənara qoymuş olur.
Bununla belə, ortada yenə də bir çox ciddi maraq doğuran suallar var ki, fəlsəfənin sahəsində qalmaqdadır. Ola bilsin, gələcəkdə elm inkişaf etdikcə bu sualların bir qismi də fəlsəfənin sahəsindən kənarlaşacaq. Ancaq görünən həm də budur ki, bir sıra aşağıda göstərilən kimi suallara, elm nə qədər inkişaf edirsə etsin, konkret cavab vermək mümkün olmadığından onlar filosofların zehnini məşğul etməkdə davam edəcək. Dünya ruh və materiyadan təşkil olunubmu? Biz doğrudanmı dünya haqqında biliklərə malik ola bilərik? Həyatın mənası nədir? Yaxşı yaşamaq və ya xoşbəxt olmaq necə mümkündür? İnsan azad iradəyə malikdirmi? Belə suallara elmi tədqiqatlar vasitəsilə cavablar tapmaq mümkünsüz görünür. Və nə qədər ki elm bu suallara konkret cavablar təqdim eləməkdə çətinliklə üzləşir və ya onlardan bilərəkdən yan qaçır, həmin suallar fəlsəfənin sualları kimi qalmağa davam edəcəkdir.

Yüklə 18,52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin