F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1


IX BARBARLIQ VƏ SİVİLİZASİYA



Yüklə 0,92 Mb.
səhifə10/12
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#3892
1   ...   4   5   6   7   8   9   10   11   12
IX

BARBARLIQ VƏ SİVİLİZASİYA

Biz üç ayrıca böyük misal əsasında–yunanların, romalıların və germanların timsalında qəbilə quruluşunun dağılmasını izlədik. Yekunda barbarlığın, artıq yüksək pilləsində cəmiyyətin qəbilə təşkilatını sarsıdan və sivilizasiyanın meydana gəlməsi ilə bu təşkilatı tamamilə aradan qaldıran ümumi iqtisadi şəraiti nəzərdən keçirək. Burada Marksın «Kapital»ı da bizim üçün Morqanın kitabı qədər zəruri olacaqdır.

Vəhşiliyin orta pilləsində meydana gələn və onun yüksək pilləsində öz inkişafını davam etdirən qəbilə, əlimizdə olan mənbələrin fikir yürütməyə imkan verdiyinə görə, barbarlığın aşağı pilləsində özünün çiçəklənməsinə çatır. Biz də bu inkişaf pilləsindən başlayaq.

Amerika qırmızı dərililərinin bizim üçün misal olması lazım gəldiyi bu yerdə biz tam inkişaf etmiş qəbilə quruluşu görürük. Tayfa bir neçə qəbiləyə, ən çox hallarda iki qəbiləyə («Ən çox hallarda iki qəbiləyə» sözləri Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) bölünürdü; əhali artdıqca, bu ilkin qəbilələrdən hər biri bir neçə qız qəbiləsinə bölünür, bunlara nisbətən ilkin qəbilə bir fratriya kimi meydana çıxır; tayfa özü bir neçə tayfaya bölünür, bunlardan hər birində biz çox zaman yenə əvvəlki qəbilələri görürük; ittifaq, heç olmazsa ayrı-ayrı hallarda, qohum tayfaları ehtiva edir. Bu sadə təşkilat onun meydana gəldiyi ictimai şəraitə tamamilə uyğundur. Bu təşkilat həmin şəraitə xas olan, təbii surətdə meydana çıxan strukturdan başqa bir şey deyildir; həmin təşkilat bu cür təşkil olunmuş cəmiyyət daxilində baş verə biləcək bütün münaqişələri yoluna qoymağa qadirdir, xarici aləmlə olan münaqişələri müharibə aradan qaldırır; müharibə tayfanın məhv edilməsi ilə qurtara bilər, lakin onun əsarət altına alınması ilə əsla yox. Qəbilə quruluşunun əzəməti, eyni zamanda onun məhdudluğu özünü bunda göstərir ki, burada ağalıq və əsarət üçün yer yoxdur. Qəbilə quruluşu daxilində hüquqlarla vəzifələr arasında hələ heç bir fərq mövcud deyildir; hindi üçün: ictimai işlərdə iştirak etmək, qan intiqamı və ya bu intiqam müqabilində ödənc verilməsi hüquqdur, ya vəzifə–sualı mövcud deyildir; bu sual da ona belə bir sual kimi mə'nasız görünərdi ki, yuxu, ov etmək hüquqdurmu, yoxsa vəzifə? Eyni ilə tayfa və qəbilənin müxtəlif siniflərə təbəqələşməsi mümkün deyildir. Bu da bizi həmin quruluşun iqtisadi bazisini nəzərdən keçirməyə gətirib çıxarır.

Əhali son dərəcə seyrəkdir; o yalnız tayfanın yaşadığı yerdə sıxdır; bu yerin ətrafında geniş bir sahə şəklində, hər şeydən əvvəl, ovçuluq üçün olan ərazi vardır, sonra da, bu tayfanı başqa tayfalardan ayıran və onun üçün mudafiə xidməti görən bitərəf meşə zolağı vardır. Əmək bölgüsü xalis təbii yolla əmələ gəlmişdir; o yalnız cinslər arasında mövcuddur. Kişi vuruşur, ova və balıq tutmağa gedir, çiy şəklində yeyinti məhsulları əldə edir və bunun üçün lazım gələn alətləri hazırlayır. Qadın evdə işləyir, yemək və paltar hazırlamaqla məşğuldur–bişirir, toxuyur, tikir. Bunlardan hər biri öz sahəsində: kişi meşədə, qadın isə evdə sahibkardır. Hər biri özünün hazırladığı və işlətdiyi alətlərin mülkiyyətcisidir: kişi–silahın, ovçuluq və balıqçılıq ləvazimatının, qadın isə–ev şeylərinin. Ev təsərrüfatı bir neçə, çox zaman bir çox ailələr tərəfindən kommunist əsasları ilə idarə olunur (Xüsusilə Amerikanın şimal-qərb sahilində–bax: Bankroftda. Kraliça Şarlotta adalarındakı hayda tayfasında bir damın altında 700-ə qədər adamı əhtə sdən ev təsərrüfatına təsadüf olunur. Nutkalarda bir damın altında butöv tayfalar yaşayırdı.). Birlikdə hazırlanan və istifadə edilən şey ümumi mülkiyyətdir: ev, dirrik, qayıq. Beləliklə, sivilizasiyalı cəmiyyətin hüquqçuları və iqtisadçıları tərəfindən uydurulan «öz əməyi ilə əldə edilmiş mülkiyyət» əslində burada və yalnız burada mövcuddur, həm də bu, müasir kapitalist mülkiyyətinin hələ də arxalandığı axırıncı qondarma hüquqi əsasdır.

Lakin insanlar heç də hər yerdə bu pillədə dayanmadılar. Asiyada onlar elə heyvanlar tapdılar ki, bunları əhliləşdirmək və sonralar əhliləşdirilmiş halda çoxaltmaq mümkün idi. Vəhşi çamışı ovlamaq lazım idi„ əhliləşdirildikdə isə hər il bala doğur və bundan əlavə, süd verirdi. Bə'zi ən qabaqçıl tayfalarda–arilərdə, semitlərdə, bəlkə artıq turanlarda da–başlıca əmək sahəsi əvvəlcə malqaranı əhliləşdirmək və yalnız sonralar onu artırmaq və ona baxmaq olmuşdur. Çoban tayfalar qalan barbarlar kütləsindən ayrıldılar–bu, birinci böyük ictimai əmək bölgüsü idi. Çoban tayfalar nəinki qalan barbarlardan çox istehsal edirdilər, həmçinin onların istehsal etdikləri yaşayış vasitələri də başqa idi. Onlara nisbətən bu tayfaların nəinki südü, süd məhsulları və əti xeyli çox idi, habelə onların əlində dəri, yun, qəzil var idi və xammal kütləsi artdıqca daha da çox iplik və parça olurdu. Bunun sayəsində ilk dəfə olaraq müntəzəm mübadilə mümkün oldu. Daha əvvəlki inkişaf pillələrində yalnız təsadüfi mübadilə ola bilərdi; silah və alət hazırlanmasında xüsusi bir məharət müvəqqəti əmək bölgüsünə səbəb ola bilərdi. Məsələn, bir çox yerlərdə sonrakı daş alətlər hazırlayan e'malatxanaların şübhəsiz iz qalıqları tapılmışdır; burada öz məharətini göstərən ustalar, ehtimal ki, hələ indi də Hindistanda qəbilə icmalarının daimi sənətkarlarının etdiyi kimi, bütün kollektivin hesabına və onun xeyrinə işləyirdilər. Bu inkişaf pilləsində mübadilə yalnız tayfa daxilində meydana çıxa bilərdi, buranın özündə də o, müstəsna bir hal olaraq qalırdı. İndi, çoban tayfalar ayrıldıqdan sonra isə biz, əksinə, müxtəlif tayfaların üzvləri arasında mübadiləüçün, onun daimn bir tə'sisat kimi inkişaf edib möhkəmlənməsi üçün bütün şəraiti hazır şəkildə görürük. Əvvəllər mübadilə tayfalar arasında hər tərəfin qəbilə ağsaqqalları vasitəsilə edilirdi; sürülər əlahiddə mülkiyyətə (1884-cü il nəşrində «əlahiddə mülkiyyətə» («Sondereigenthum») sözləri əvəzində «xüsusi mülkiyyət» («Privateigenthum») çap edilmişdir. Red.) çevrilməyə başladıqda isə, ayrı-ayrı şəxslər arasındakı, mübadilə getdikcə daha üstün yer tutdu və nəhayət, mübadilənin yeganə forması oldu. Lakin çoban tayfaların özqonşuları ilə mübadilə etdikləri başlıca şey malqara idi; malqara elə bir əmtəə olmuşdu ki, onun vasitəsi ilə bütün başqa əmtəələrə qiymət qoyulurdu və o hər yerdə bu əmtəələr müqabilində məmnuniyyətlə qəbul olunurdu,–bir sözlə, artıq bu pillədə malqara pul funksiyasını kəsb etdi və pul xidməti görürdü. Əmtəə mübadiləsi artıq meydana gəldiyi zaman xüsusi əmtəəyə–pula olan tələbat belə bir zərurət və sür'ətlə inkişaf edirdi.

Barbarlığın aşağı pilləsində olan Asiya sakinlərinə, görünür, mə'lum olmayan dirrikçilik onlardaorta pillədən gec olmayaraq, tarlaçılığın sələfi kimi meydana gəlmvşdir. Turan düzənliyinin iqlim şəraitində uzun sürən sərt qış üçün yem ehtiyatı olmadan çoban həyatı mümkün deyildir; beləliklə, burada çəmənçilik və dənli bitkilər zəruri idi. Qara dənizdən şimalda olan çöllər haqqında da eyni sözləri demək olar. Lakin əvvəllər dən malqara üçün istehsal edilirdisə, tezliklə o insan üçün də qida oldu. Becərilən torpaq hələ tayfanın mülkiyyəti olaraq qalırdı və əvvəlcə qəbilənin istifadəsinə, sonralar qəbilənin özü tərəfindən ev icmalarının, nəhayət («Ev icmalarının, nəhayət» sözləri Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.), ayrı-ayrı şəxslərin istifadəsinə verilirdi; onların bu torpağa müəyyən sahiblik hüquqları ola bilərdi, lakin bundan artıq yox.

Bu pillədə sənaye fəaliyyəti sahəsindəki nailiyyətlərdən ikisinin xüsusilə böyük əhəmiyyəti vardır; birincisi toxucu dəzgahı, ikincisi–metal filizlərinin əridilməsi və metal e'malıdır. Bunlardan ən mühümləri mis və qalay, həmçinin bunların əridilib qarışdırılmasından alınan tunç idi; tuncdan yararlı alət və silah hazırlanırdı, lakin o, daş alətləri sıxışdırıb aradan çıxara bilmirdi; bunu yalnız dəmir edə bilərdi, dəmiri isə hələ hasil edə bilmirdilər. Bəzək və zinət üçün qızıl və gümüş işlətməyə başlamışdılar, onlar görünür, artıq mis və tunca nisbətən daha çox dəyərli idi.

Bütün sahələrdə–maldarlıqda, əkinçilikdə, ev sənətində–istehsalın artması nəticəsində insanın iş qüvvəsi onu saxlamaq üçün lazım gəldiyindən daha çox miqdarda məhsul istehsal edə bilirdi. Eyni zamanda istehsalın artması hər bir qəbilə, ev icması və ya ayrıca ailə üzvünun payına düşən gündəlik əməyin qədərini artırırdı. Yeni iş qüvvəsi cəlb etmək tələbatı meydana gəldi. Müharibə bu iş qüvvəsini verirdi: hərbi əsirləri qullara çevirməyə başladılar. Birinci böyük ictimai əmək bölgüsü, bununla birlikdə əmək məhsuldarlığının, deməli, sərvətin də artması, məhsuldar fəaliyyət dairəsinin genişlənməsi, bütünlükdə götürülən o zamankı tarixi şəraitdə zəruri olaraq köləliyə gətirib çıxartdı. Birinci böyük ictimai əmək bölgüsündən cəmiyyətin də iki sinfə birinci böyük bölgüsü–ağalarla qullara, istismarçılarla istismar olunanlara bölgüsü meydana gəldi.

Tayfa və ya qəbilənin ümumi sahibliyindən sürülərin necə və nə zaman ayrı-ayrı, ailə başçılarının mülkiyyətinə keçdiyi barəsində biz indiyədək heç bir şey bilmirik. Lakin həmin keçid, əsasən, bu pillədə olmalı idi. Sürülərin və başqa yeni sərvətlərin əldə edilməsi ilə də, ailədə inqilab baş verdi. Peşə həmişə kişilərə məxsus bir iş idi, peşə vasitələri kişi tərəfindən hazırlanırdı və onun mülkiyyəti idi. Sürülər yeni peşə vasitələri idi; onların ilkin əhliləşdirilməsi, sonralar da onlara baxılması kişinin işi idi. Buna görə də malqara kişiyə məxsus idi; malqaranın mübadiləsi yolu ilə alınan əmtəələr və qullar da ona məxsus idi. İndi peşənin verdiyi bütün izafi hissə kişiyə çatırdı; qadın bunun istehlakında iştirak edirdi, lakin mülkiyyətdə onun payı yox idi. «Vəhşi» döyüşçü və ovçu, evdə qadından sonra ikinci yer tutmaqla kifayətlənirdi, «daha mülayim» çoban öz sərvəti ilə öyünərək, birinci yerə keçmişdi, qadını isə ikinci yerə sıxışdırmışdı. Həm də qadın şikayət edə bilməzdi. Ailədə əmək bölgüsü kişi ilə qadın arasında mülkiyyətin bölgüsünü şərtləndirirdi; ailədə əmək bölgüsü əvvəlki halında qalmışdı. və bununla belə, o vaxta qədər mövcud olan ev münasibətlərini indi tamamilə alt-üst etmişdi, həm də ancaq ona görə ki, ailədənkənarda əmək bölgüsü başqalaşmışdı. Əvvəllər qadının evdə hökmranlığını tə'min edən səbəb–onun əməyinin ev işi ilə məhdud olması,–həmin səbəb indi evdə kişinin hökmranlığını labüd edirdi; indi kişinin peşəəməyinə nisbətən qadının ev işi öz əhəmiyyətini itirmişdi; kişinin əməyi hər şey idi, qadının əməyi isə cüzi bir əlavə. Artıq burada aşkar olur ki, qadın ictimai məhsuldar əməkdən kənar edildikcə və xüsusi ev əməyi ilə kifayətlənməyə məcbur olduqca, qadının azad edilməsi, onun hüquqda kişi ilə bərabərləşməsi nə indi, nə də gələcəkdə mümkün deyildir. Qadının azadlığa çıxması yalnız o zaman mümkün olacaqdır ki, o, istehsalda böyük, ictimai miqyasda iştirak edə bilsin, ev işi isə onun yalnız cüzi bir vaxtını alsın. Bu isə yalnız müasir iri sənaye sayəsində mümkün olmuşdur; bu sənaye nəinki qadın əməyinə böyük miqyasda yol verir, hətta bunu açıqca tələb edir, xüsusi ev əməyini isə getdikcə daha artıq dərəcədə ictimai istehsalda əritməyə çalışır.

Evdə kişinin fe'lən hökmranlığının qərar tuması ilə onun təkbaşına hakimiyyəti yolundakı son maneələr aradan qalxdı. Bu təkbaşına hakimiyyət ana hüququnun devrilməsi, ata hüququnun tətbiq edilməsi, ikili nigahdan tədriclə monoqamiyaya keçilməsi nəticəsində möhkəmlənib əbədiləşdi. Bu isə qədim qəbilə quruluşuna zərbə vurdu: ayrıca ailə qəbiləyə qarşı duran zəhmli bir qüvvə oldu.

Sonrakı addım bizi barbarlığın yüksək pilləsinə, elə bir dövrə gətirib çıxarır ki, bu zaman bütün mədəni xalqlar öz qəhrəmanlıq dövrünü,–dəmir qılınc, bununla da birlikdə dəmir kotan və balta dövrünü keçirir. Tarixdə inqilabi rol oynamış bütün xammal növlərindən axırıncısı və ən mühüm olanı, yə'ni kartof meydana çıxana qədər axırıncısı olan dəmir insana xidmət etməyə başladı. Dəmir daha böyük sahələrdə tarlaçılıq üçün, geniş meşə sahələrini təmizləyib əkin yerinə çevirmək üçün imkan yaratdı; dəmir sənətkara elə möhkəm və kəskin alətlər verdi ki, bunların qarşısına heç bir daş, o zaman mə'lum olan metallardan heç biri çıxa bilmədi. Bunların hamısı birdən-birə olmamışdı; birinci dəmir çox zaman tuncdad yumşaq olurdu. Buna görə də daş silah yalnız tədriclə aradan qalxırdı; təkcə «Hildebrand haqqında mahnı»da deyil, 1066-cı ildə Hastinqs yaxınlığındakı döyüşdə də hələ daş baltalar işə salınırdı43. Lakin indi tərəqqi arası kəsilmədən daha kiçik fasilələrlə və daha sür'ətlə davam edirdi. Öz daş hasarları, qüllələri və dişli məhəccərləri ilə daş və ya kərpic evləri əhatə edən şəhər tayfanın və ya tayfalar ittifaqının mərkəzi olmuşdu,–bu, tikinti sənətində nəhəng tərəqqinin göstəricisi idi, lakin bununla belə təhlükənin və müdafiəyə olan tələbatın artması əlaməti idi. Sərvət sür'ətlə, lakin ayrı-ayrı şəxslərin sərvəti kimi artırdı; bir-birindən getdikcə daha çox aralanan toxuculuqda, metal e'malında və başqa peşələrdə daha çox yüksələn dərəcədə istehsal müxtəlifliyi artır və istehsal məharəti təkmilləşirdi; indi əkinçilik taxılla, qabıqlı bitkilərlə və meyvələrlə yanaşı olaraq, bitki yağı və şərab da verməyə başladı–bunları hazırlamağı öyrənmişdilər. Bu qədər müxtəlif iş daha eyni bir şəxs tərəfindən görülə bilməzdi; ikinci böyük əmək bölgüsü baş verdi: sənət əkinçilikdən ayrıldı. İstehsalın və bununla da birlikdə əmək məhsuldarlığının arasıkəsilmədən artması insanın iş qüvvəsinin dəyərini artırırdı, əvvəlki inkişaf pilləsində yenicə meydana gələn və arabir təsadüf edilən köləlik indi ictimai sistemin mühüm bir tərkib hissəsi olur; qullar daha sadəcə köməkçi olmurlar; indi onlarca qulu qovub tarlalarda və e'malatxanalarda işlədirlər. İstehsal iki böyük əsas sahəyə, əkinçiliyə və sənətə bölündükdə, bilavasitə mübadilə üçün istehsal–əmtəə istehsalı meydana gəlir, bununla birlikdə ticarət, həm də təkcə tayfa daxilində və onun sərhədlərində deyil, habelə dəniz aşırı ölkələrlə də ticarət meydana gəlir. Lakin bütün bunlar hələ çox az inkişaf etmiş bir şəkildə idi; nəcib metallar üstün və ən ümumi bir əmtəə–pul olmağa başlayır, lakin hələ onu kəsmirlər, sadəcə çəkisinə görə mubadilə edirlər.

Azad şəxslərlə qullar arasındakı fərqlə yanaşı varlı.larla yoxsulLar arasındakı fərq özünü göstərir,–yeni əmək bölgüsü ilə bərabər cəmiyyətin yenidən siniflərə bölünməsi meydana çıxır. Ayrı-ayrı ailə başçıları arasındakı əmlak fərqləri köhnə kommunist ev icmasını onun hələ qalmaqda olduğu hər yerdə partladır; bununla birlikdə bu icmanın vasitələri ilə torpağın birgə becərilməsi də aradan qalxır. Əkin yerləri ayrı-ayrı ailələrin istifadəsinə verilir–əvvəlcə müvəqqəti, sonra isə həmişəlik; əkin yerlərinin tam xüsusi mülkiyyətə keçməsi tədriclə və ikili nigahdan monoqamiyaya keçilməsi ilə yanaşı baş verir. Ayrıca ailə cəmiyyətin təsərrüfat vahidi olur.

Əhalinin artmaqda olan sıxlığı həm daxildə, həm də xarici aləmə münasibətdə daha sıx birləşməyə məcbur edir, Qohum tayfaların ittifaqı hər yerdə bir zərurət olur, tezliklə isə bunların hətta birləşməsi və beləliklə ayrı-ayrı tayfa ərazilərinin bütün xalqın ümumi bir ərazisi halında birləşməsi zəruri olur. Xalqın hərbi başçısı–«rex, basileus, thiudans»–zəruri, daimi bir vəzifəli şəxs olur. Hələ xalq yığıncağının mövcud olmadığı yerdə bu cür yığıncaq meydana gəlir. Sərkərdə, şura, xalq yığıncağı inkişaf edib hərbi demokratiyaya keçən qəbilə cəmiyyətinin orqanlarını. təşkil. edir. Bu ona görə hərbi demokratiya idi ki, indi müharibə və müharibədən ötrü təşkil olunmaq xalq həyatının müntəzəm funksiyaları olur. Qonşuların sərvəti, sərvət əldə etmək artıq ən mühüm həyati məqsədlərindən biri olan xalqlarda tamahkarlıq doğurur. Onlar barbardırlar: qarət onlara yaradıcı əməkdən daha asan və hətta daha şərəfli görünür. Əvvəllər yalnız hücumun intiqamını almaq üçün, yaxud daha kifayət etməyən ərazini genişləndirmək üçün edilən müharibə indi yalnız qarət naminə aparılır, daimi bir peşə olur. Əbəs deyildir ki, yeni, möhkəmləndirilmiş şəhərlərin ətrafında zəhmli hasarlar ucalır: bunların xəndəklərində qəbilə quruluşunun məzarı görünür, qüllələri isə artıq sivilizasiyaya çatır. Cəmiyyət daxilində də eyni hal baş verir. Qarətçilik müharibələri ali sərkərdənin, habelə ona tabe olan sərkərdələrin hakimiyyətini gücləndirir; onların xələflərinin adət üzrə eyni ailələrdən seçilməsi yavaş-yavaş, xüsusilə ata hüququ möhkəmləndiyi zamandan e'tibarən, irsi hakimiyyətə keçir, buna isə əvvəllər dözürlər, sonra bunu tələb edirlər və, nəhayət, bunu qəsb edirlər; irsi kral hakimiyyəti və irsi ə'yanlar üçün təməl qoyulur. Beləliklə, qəbilə quruluşu orqanları xalq, qəbilə, fratriya, tayfa içərisindəki öz köklərindən tədriclə ayrılır, bütün qəbilə quruluşu isə özünün əksinə çevrilir: tayfaların öz işlərini azad tənzim etmək təşkilatından o, qonşuları qarət etmək və onlara zülm etmək təşkilatına çevrilir, buna da uyğun olaraq onun orqanları xalq iradəsi alətlərindən dönüb öz xalqına qarşı yönəldilən müstəqil hökmranlıq və zülm orqanlarına çevrilir. Lakin qızğın sərvət ehtirası qəbilə üzvlərini varlılarla yoxsullara parçalamasaydı, «eyni bir qəbilə daxilindəki əmlak fərqləri mənafe ümumiliyini qəbilə üzvləri arasında antaqonizmə çevirməsəydi» (Marks) (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 153–154. Red.) və köləliyin yayılması nəticəsində daha yaşayış vasitələrinin şəxsi əməklə əldə edilməsi yalnız qula layiq, qarətdən daha biabırçı bir iş hesab edilməyə başlanmasaydı, bu heç vaxt baş verə bilməzdi.

İndi biz sivilizasiyanın kandarına gəlib çatdıq. Sivilizasiya əmək bölgüsündə irəliyə doğru yeni bir addımla başlanır. Aşağı pillədə adamlar yalnız bilavasitə öz istehlakı üçün istehsal edirdilər; ara-sıra baş verən mübadilə tək-tək hallarda olurdu, yalnız təsadüfən artıq qalan məhsula aid idi. Barbarlığın orta pilləsində biz çoban xalqlarda malqara şəklində əmlak olduğunu görürük, bu da sürü müəyyən dərəcəyə çatmış olduqda, müntəzəm surətdə şəxsi istehlakdan bir qədər artıq verir; eyni zamanda biz çoban xalqlarla sürüləri olmayan geri qalmış tayfalar arasında da əmək bölgüsü olduğunu, beləliklə, bir-biri ilə yanaşı iki müxtəlif istehsal pilləsi olduğunu və, deməli, müntəzəm mübadilə üçün şərait olduğunu görürük. Barbarlığın yüksək pilləsində əkinçiliklə sənət arasında əmək bölgüsü daha da irəliləyir, deməli, əmək məhsullarının getdikcə daha artıq hissəsi bilavasitə mübadilə üçün istehsal edilir, beləliklə, ayrı-ayrı istehsalçılar arasındakı mübadilə cəmiyyət üçün həyati bir zərurətə çevrilir. Sivilizasiya özündən əvvəl yaranmış olan bütün bu əmək bölgüsü növlərini, xüsusən şəhərlə kənd arasındakı əksliyin kəskinləşdirilməsi yolu ilə möhkəmlədib gücləndirir (həm də qədim dövrdə olduğu kimi, iqtisadi cəhətdən şəhər kənd üzərində hökmranlıq edə bilər, yaxud orta əsrlərdə olduğu kimi kənd şəhər üzərində hökmranlıq edə bilər), həm də buna həlledici əhəmiyyətə malik olan, yalnız özünə xas olan üçüncü bir əmək bölgüsünü əlavə edir–daha istehsalla deyil, yalnız məhsul mübadiləsi ilə məşğul olan bir sinif, yə'ni tacirləri yaradır. Bu vaxta qədər siniflərin yaranması səbəbləri hələ yalnız istehsalla bağlı idi; bu səbəblər istehsalda məşğul olan adamları rəhbərlərə və icraçılara, yaxud daha çox və daha az miqyaslı istehsalçılara bölürdü. Burada ilk dəfə elə bir sinif meydana çıxır ki, o, istehsalda əsla iştirak etmədiyi halda, ümumiyyətlə və bütövlükdə istehsalın rəhbərliyini öz əlinə keçirir və istehsalçıları iqtisadi cəhətdən özünə tabe edir, hər iki istehsalçı arasında aradan qaldırılmaz bir vasitəçi olur və onların hər ikisini istismar edir. İstehsalçıları, mübadilə ilə əlaqədar olan zəhmət və təhlükədən azad etmək, onların məhsullarının satışını genişləndirib ən uzaq bazarlara qədər aparıb çıxarmaq və. beləliklə, guya əhalinin ən faydalı sinfini yaratmaq bəhanəsi ilə tüfeylilər sinfi, əsl ictimai müftəxorlar sinfi meydana gəlir; bu sinif özünün həqiqətdə çox cüzn olan xidmətlərinin əvəzində istər vətəndəki istehsalın, istərsə əcnəbi istehsalın gülünü dərir, tez bir zamanda böyük sərvət və cəmiyyətdə buna müvafiq nüfuz sahibi olur, məhz buna görə də sivilizasiya dövründə getdikcə daha fəxri mövqe tutur və istehsalı getdikcə daha artıq dərəcədə özünə tabe edir, nəhayət, özü öz məhsulunu–vaxtaşırı ticarət böhranlarını yaradır.

Nəzərdən keçirdiyimiz inkişaf pilləsində gənc tacirlər onların qarşısına çıxacaq böyük işlər haqqında hələ heç bir şey bilmirlər. Lakin tacirlər təşəkkül tapır və zəruri olurlar, bu isə kifayətdir. Onlarla birlikdə metal pul, kəsilmiş sikkə meydana gəlir və metal pulla da bərabər qeyri-istehsalçının istehsalçı və onun istehsalı üzərində hökmranlığı üçün yeni vasitə yaranır. Gizli şəkildə bütün başqa əmtəələri özündə ehtiva edən əmtəələr əmtəəsi, istədikdə hər bir cəlbedici və istənilən şeyə çevrilə bilən e'cazkar bir vasitə kəşf edilmiş olur. Kim bu əmtəəyə sahib idisə, o, istehsal aləminə hökmran olurdu. Bəs buna ən əvvəl kim sahib idi? Tacir. Pul səcdəgahını o öz əlində möhkəm saxlayırdı. O zəhmət çəkib belə e'lan etmişdi ki, bütün əmtəələr və bunlarla birlikdə bütün əmtəə istehsalçıları pulun qarşısında diz çökməlidirlər. O, praktikada sübut etdi ki, bütün başqa sərvət formaları bu ümumiyyətlə sərvət təcəssümü qarşısında yalnız bir kölgədir. Pulun hökmranlığı sonralar heç zaman onun bu gənclik dövründəki qədər ibtndan kobud və zorakı formada meydana çıxmamışdır. Pula əmtəə alınmasının ardınca borc pul verilməsi, bununla da birlikdə faiz və sələmçilik meydana gəldi. Həm də sonrakı vaxtlarda heç bir qanunvericilik borclunu, borc verən sələmçinin ayaqları altına Qədim Afina və Roma qanunvericiliyi qədər rəhmsizlik və amansızlıqla atmır,–bunların hər ikisi isə öz-özünə adi hüquq kimi, yalnız iqtisadi zərurət üzündən meydana gəlmişdi.

Əmtəələrdə və qullarda ehtiva olunan sərvətlə yanaşı, pql sərvəti ilə yanaşı indi torpaq sərvəti də meydana gəldi. Əvvəllər qəbilə və ya tayfa tərəfindən ayrı-ayrı şəxslərə verilmiş torpaq parsellərinə onların sahib olmaq hüququ indi o qədər möhkəmlənmişdi ki, bu parsellər irsi mülkiyyət hüquqları əsasında onların ixtiyarına keçmişdi. Axı son zamanlar onlar ən çox məhz buna çalışırdılar ki, qəbilə icmasının parselə olan hüquqlarından, onlar üçün bir buxov olmuş bu hüquqlardan parseli azad etsinlər. Onlar bu buxovlardan xilas oldular, lakin bundan az sonra öz yeni torpaq mülkiyyətindən də xilas oldular. Torpaq üzərində tam, azad mülkiyyət nəinki torpağa maneəsiz və qeyri-məhdud sahib olmaq imkanı demək idi, habelə onu özkəninkiləşdirmək imkanı demək idi. Torpaq qəbilənin mülkiyyəti olaraq qaldıqca, bu imkan yox idi. Lakin yeni torpaq sahibi qəbilə və tayfanın ali mülkiyyəti buxovunu öz üzərindən qəti olaraq atdıqda, bu vaxta qədər onu torpağa qırılmaz tellərlə bağlayan əlaqələri də qırdı. Bunun nə demək rlduğunu ona torpaq üzərində xüsusi mülkiyyətlə bir zamanda ixtira edilən pul izah etdi. İndi torpaq satılan və girov qoyulan bir əmtəə ola bilərdi. Torpaq üzərində mülkiyyət yarandıqda, dərhal hipotek də icad edildi (bax: Afina). Monoqamiyanın ardınca heterizm və fahişəlik gəldiyi kimi, bu zamandan e'tibarən torpaq mülkiyyətinin də ardınca daim hipotek gəlir. Siz tam, azad, özgəninkiləşdirilə bilən torpaq mülkiyyəti istəyirdiniz,–buyurun, alın: «tu l'as voulu, Guhkgu Dandin!» (sən bunu istəyirdin, Jorj Danden! (Molyer. «Jorj Danden», I pərdə, doqquzuncu səhnə). Red.).

Beləliklə, ticarətin genişlənməsi ilə birlikdə, pulla və sələmçiliklə, torpaq mülkiyyəti və hipotek ilə birlikdə sərvət sayca kiçik olan bir sinfin əlində sür'ətlə təmərküzləşir və mərkəzləşir, bununla yanaşı isə kütlələrin yoxsullaşması artır və yoxsullar kütləsi çoxalırdı. Yeni sərvət aristokratiyası köhnə qəbilə ə'yanlarını (Afinada, Romada, germanlar arasında), əgər onlar lap əvvəldən bu aristokratiyaya uyğun gəlmirdilərsə, tamamilə sıxışdırıb arxa sıraya keçirirdi. Həm də azad şəxslərin əmlak vəziyyətinə görə belə siniflərə bölünməsi ilə yanaşı, xüsusən Yunanıstanda, qulların sayı olduqca artırdı (Afinada qulların sayı üçün bax: yuxarıda, səh. 117. Korinfdə şəhərin çiçəkləndiyi dövrdə qulların sayı 400000 nəfərə, Eginada 470000 nəfərə çatırdı, hər iki halda azad vətaddaşların sayından on qat artıq idi.), qulların məcburi əməyi elə bir əsas idi ki, bütün cəmiyyətin üstqurumu bunun üzərində yüksəlirdi.



İndi isə görək, bu ictimai çevriliş zamanı qəbilə quruluşu nə hala düşdü. Bu quruluş onun iştirakı olmadan inkişaf etmiş yeni ünsürlər qarşısında aciz qaldı. Bu quruluşun müqəddəm şərti ondan ibarət idi ki, eyni bir qəbilə və ya hər halda tayfa üzvləri yalnız onların məskun olduğu eyni bir ərazidə birgə yaşayırdılar. Bu artıq çoxdan aradan qalxmışdı. Hər yerdə qəbilələr və tayfalar bir-birinə qarışmışdı, hər yerdə azad vətəndaşlar arasında qullar, himayədə olan şəxslər, yadyerlilər yaşayırdılar.. Yalnız barbarlığın orta pilləsinin axırlarında əldə edilən əhali oturaqlığını ticarət fəaliyyəti, məşğələlərin dəyişilməsi, torpaq mülkiyyətinin özgəninkiləşdirilməsi üzündən əhalinin tərkibində yaranan dəyişikliklər vəyaşayış yerinin tez-tez dəyişdirilməsi hey pozurdu. Qəbiləbirləşmələrinin üzvləri öz ümumi işlərini müzakirə etmək üçün daha bir yerə toplaşa bilmirdilər; hələ yalnız cüzi işlər, məsələn, dini bayramlar keçirilməsi bir təhər qaydaya salınırdı, Tə'min edilməsi üçün qəbilə birləşmələrinin uyğunlaşdırıldığı tələbat və mənafe ilə yanaşı, istehsal şəraitindəki çevriliş vəonun ictimai quruluşda doğurduğu dəyişikliklər nəticəsində nəinki qədim qəbilə quruluşuna yabançı olan və habelə ona hər cəhətdən əks olan yeni tələbat və mənafe meydana gəlmişdi. Əmək bölgü sü sayəsində meydana gəlmiş sənətkar qruplarının mənafeyi, kəndin əksinə olaraq, şəhərin xüsusi tələbatı yeni orqanlar tələb edirdi; lakin bu qruplardan hər biri müxtəlif qəbilə, fratriya və tayfalara mənsub adamlardan ibarət idi, hətta yadyerliləri də ehtiva edirdi; buna görə də həmim orqanlar qəbilə quruluşundan kənarda, onunla yanaşı, həmçinin ona qarşı yaranmalı idi.–həm də hər bir qəbiləbirləşməsində bu mənafe toqquşması öz növbəsində özünü; göstərir, varlılarla yoxsulların, sələmçilərlə borcluların eyni bir qəbilədə və eyni bir tayfada birləşdiyi yerdə ən yüksək kəskinlik dərəcəsinə çatırdı.–Bundan əlavə, qəbilə icmalarına yad olan yeni əhali kütləsi var idi və bu əh.ali, Romada olduğu kimi, ölkədə bir qüvvə ola bilərdi, həm də bu əhali sayca o qədər çox idi ki, onu tədricən qan qohumluğuna əsaslanan qəbilələrə və tayfalara daxil etmək mümkün deyildi. Qəbilə icmaları bu kütləyə qapalı, imtiyazlı korporasiyalar şəklində qarşı dururdu; təbii surətdə yetişmiş ibtidai demokratiya nifrət edilən bir aristokratiyaya çevrilmişdi.–Nəhayət, qəbilə quruluşu heç; bir daxili əkslikləri olmayan bir cəmiyyətdən meydana gəlmişdi və yalnız bu cəmiyyətə uyğun idi. Onun ictimai rə'ydən başqa heç bir məcburetmə vasitəsi yox idi. Burada isə elə bir cəmiyyət yaranmışdı ki, o, bütün öz iqtisadi həyat şəraiti üzündən, azad adamlarla qullara, istismarçı? varlılarla istismar olunan yoxsullara parçalanmalı idi,–bu cəmiyyət həmin əkslikləri nəinki yenidən barışdıra bilməzdi, hətta bunları getdikcə daha çox kəskinləşdirməli idi. Belə bir cəmiyyət yalnız həmin siniflər arasındakı daimi açıq mübarizədə və ya üçüncü bir qüvvənin hökmranlığı altında mövcud ola bilərdi, bu qüvvə isə bir-biri ilə mübarizə edən siniflərdən guya yüksəkdə duraraq, onların açıq toqquşmalarını yatırırdı və sinfi mübarizənin ən çoxu yalnız iqtisadi sahədə, qanuni deyilən formada aparılmasına yol verirdi. Qəbilə quruluşu öz dövrünü başa vurmuşdu. Onu əmək bölgüsü və bunun nəticəsində cəmiyyətin siniflərə parçalanması dağıtdı. Onun yerini dövlət tutdu.

Yuxarıda biz qəbilə quruluşunun xarabaları üzərində dövlətin yüksəldiyi üç başlıca formanı ayrı-ayrılıqda nəzərdən keçirdik. Afina ən xalis, ən klassik bir formadır: burada dövlət bilavasitə və əsas e'tibarı ilə, qəbilə cəmiyyətinin öz daxilində inkişaf edən sinfi əksliklərdən meydana gəlir. Romada qəbilə cəmiyyəti bu cəmiyyətdən kənarda duran, sayca çox, hüquqsuz olsa da, vəzifə daşıyan plebs tərəfindən əhatə olunmuş qapalı aristokratiyaya çevrilir; plebsin qələbəsi köhnə qəbilə quruluşunu partladır və onun xarabaları üzərində dövlət yaradır, burada da tezliklə həm qəbilə aristokratiyası, həm də plebs büsbütün əriyir. Nəhayət, Roma imperiyasına qalib gələn germanlarda dövlət bilavasitə geniş özgə ərazilərin fəth edilməsi nəticəsi kimi meydana gəlir, həmin ərazilər üzərində hökmranlıq üçün qəbilə quruluşu heç bir vasitə vermirdi. Lakin bu fəth ilə nə əvvəlki əhaliyə qarşvi ciddi bir mübarizə, nə də mütərəqqi bir əmək bölgüsü bağlı olmadığına görə; fəth olunan xalqlarla fəth edənlərin iqtisadi inkişaf səviyyəsi, demək olar, bərabər olduğuna görə, deməli, cəmiyyətin iqtisadi əsası əvvəlki kimi qaldığına görə, qəbilə quruluşu bundan sonra da tam yüz illər ərzində marka quruluşu şəklində dəyişilmiş bir formada, ərazi formasında mövcud ola bilər və hətta sonrakı zadəgan və patrisi qəbilələrində, hətta, məsələn, Ditmarşendə olduğu kimi, kəndli qəbilələrində daha zəif şəkildə bir müddət bərpa oluna bilər (Qəbilənin mahiyyəti haqqında heç olmazsa təxmini təsəvvürü olan ilk tarixçi Nibur idi; bu da,–habelə məhz oradan götürdüyü səhvlər də,–onun Ditmarşen44 qəbilələrinə bələd olmasının nəticəsidir.).


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin