F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1



Yüklə 0,92 Mb.
səhifə5/12
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#3892
1   2   3   4   5   6   7   8   9   ...   12
III

İROKEZ QƏBİLƏSİ

İndi biz Morqanın digər bir kəşfinə keçirik; bu kəşfin də ən azı, qohumluq sistemləri əsasında ibtidai ailə formasını bərpa etmək qədər əhəmiyyəti vardır. Morqan sübut etmişdir ki, Amerika hindilərində tayfa içərisində heyvan adları ilə göstərilən qəbilə ittifaqları mahiyyətcə yunanlardakı «genea» və romalılardakı «gentes» ilə eynidir; Amerika forması ilkindir, yunan-Roma forması isə sonradan əmələ gəlmişdir, törəmədir; ən qədim dövrdə yunanların və romalıların qəbilə, fratriya və tayfa ilə birlikdə götürülən bütün ictimai təşkili Amerika hindi ictimai təşkilində özünün tam eynini tapır; xalqlar sivilizasiya dövrünə daxil olduqları vaxta qədər və hətta daha sonralar qəbilə bütün xalqlar üçün ümumi bir tə'sisat olmuşdur (indi əlimizdə olan mənbələrə əsasən belə düşünmək ölar). Bunun sübut edilməsi ən qədim yunan və Roma tarixinin ən çətin bölmələrini dərhal aydınlaşdırdı və eyni zamanda dövlətin əmələ gəlməsinə qədər ibtidai dövrün ictimai quruluşunun əsas cəhətlərinin gözlənilməz bir şərhini verdi. Bu kəşf, artıq mə'lum olduqda, nə qədər sadə görünsə də, hər halda Morqan bunu yalnız son zamanlar etmişdir; özünün 1871-ci ildə çıxan əvvəlki kitabında o hələ bu sirrə vaqif olmamışdı, bu sirrin açılması ibtidai tarixin adətən çox təkəbbürlü olan ingilis mütəxəssislərini o zamandan e'tibarən bir müddət («Bir müddət» sözləri Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) susmağa məcbur etdi.

Bu qəbilə ittifaqını bildirmək üçün Morqanın hər yerdə işlətdiyi latınca «gens» sözu də, yunanca eyni mə'naya gələn «genos» sözü kimi, ümum ari «gan» kökündən əmələ gəlmişdir (almanca «kan» deyilir, çüiki burada ümumi qaydaya görə, ari dilindəki g əvəzində k olmalıdır) və bu da «doğmaq» deməkdir. «Gens», «genos», sanskritcə «dschanas», qotca (yuxarıda göstərilən qaydaya görə) «kuni», qədim skandinav və anqlo-saks dilində «kyn», ingiliscə «kin», orta yuxarı almanca «kunne» eyni ilə qəbilə, mənşə deməkdir. Lakin latınca «gens» və yunanca «genos» sözləri xüsusi olaraq elə bir qəbilə ittifaqını bildirmək üçün işlədilir ki, o öz ümumi mənşəyi ilə (burada ümumi bir qəbilə banisindən əmələ gəlməsi ilə) fəxr edir və onun bağlı olduğu müəyyən ictimai və dini tə'sisat üzündən xüsusi bir birlik təşkil edir; bununla belə, həmin birliyin mənşəyi və təbiəti indiyədək bütün tarixçilərimiz üçün aydın olmayaraq qalırdı.

Biz yuxarıda, punalua ailəsini nəzərdən keçirərkən, ilkin formalı qəbilənin nə kimi tərkibdə olduqunu gördük. Bu qəbilə punalua nigahı yolu ilə və bu nigah şəraitində labüddən hökm sürən təsəvvürlərə əsasən qəbilənin müəyyən bir qadın banisinin, qəbilənin əsasını qoymuş qadının mə'lum övladlarını təşkil edən bütün şəxslərdən ibarətdir. Bu ailə formasında ata mö'təbər müəyyən edilə bilmədiyinə görə, yalnız qadın xətti qəbul olunur. Qardaşlar öz bacıları ilə evlənə bilmədiklərinə, yalnız başqa mənşəli qadınlarla evlənə bildiklərinə görə, onların bu özgə qadınlardan doğulan uşaqları ana hüququna əsasən həmin qəbilədən kənarda qalırlar. Beləliklə, qəbilə ittifaqının daxilində yalnız hər bir nəslin qızlarının övladları qalır; oğulların övladları öz analarının qəbilələrinə keçirlər. Bəs bu qan qohumluğu qrupu tayfa daxilindəki başqa bu cür qruplara nisbətən əlahiddə bir qrup kimi qurulduqdan sonra, nə şəkil alır?

Morqan bu ilkin qəbilənin klassik forması olaraq, İrokezlərdəki, xüsusilə seneka tayfasındakı qəbiləni götürür. Bu tayfada heyvan adları daşıyan səkkiz qəbilə vardır: 1) Canavar, .2) Ayı, 3) Tısbağa, 4) Qunduz, 5) Maral, 6) Cüllüt, 7) Vağ, 8) Şahin. Hər qəbilədə aşağıdakı adətlər hökm sürür:

1. Qəbilə öz saxemini (dinc vaxt üçün ağsaqqalını) və başçısını (hərbi başçısını) seçir. Saxem qəbilənin öz içərisindən seçilməli idi və onun vəzifəsi qəbilə daxnlində irsən keçirdi, çünki bu vəzifə boşaldıqda, dərhal yenidən tutulmalı idi; hərbi başçını qəbilə üzvü olmayanlar içərisindən də seçmək olardı, müəyyən vaxtlarda isə hərbi başçı ümumiyyətlə olmaya da bilərdi. Saxemliyə heç zaman əvvəlki saxemin oğlu seçilmirdi, çünki İrokezlərdə ana hüququ hökm sürürdü və, deməli, oğul başqa qəbiləyə mənsub olurdu, lakin çox vaxt əvvəlki saxemin qardaşı və ya bacısının oğlu seçilirdi. Seçkilərdə hamı kişilər və qadınlar iştirak edirdilər. Lakin seçki qalan yeddi qəbilə tərəfindən təsdiq edilməli idi və seçilən adam yalnız bundan sonra, həm də bütün İrokezlər ittifaqının ümumi şurası tərəfindən təntənəli surətdə vəzifəyə keçirilirdi. Bu tədbirin əhəmiyyəti aşağıda görünəcəkdir. Qəbilə daxilində saxemin hakimiyyəti ata hakimiyyəti idi; xalis mə'nəvi hakimiyyət idi; onun əlində cəbr vasitələri yox idi. Bununla bərabər o öz vəzifəsinə görə seneka tayfası şurasının üzvü idi, habelə İrokezlər ittifaqının ümumi şurasının üzvü idi. Hərbi başçı yalnız hərbi yürüşlər zamanı müəyyən bir əmr verə bilərdi.

2. Qəbilə öz istədiyi kimi saxemi və hərbi başçını vəzifədən götürür. Bu da yenə kişilər və qadınlar tərəfindən birlikdə həll olunur. Vəzifədən götürülən şəxslər bundan sonra başqaları kimi sadə döyüşçü, xüsusi şəxs olurlar. Tayfa şurası da saxemleri, hətta qəbilənin iradəsinə rəğmən, vəzifələrdən götürə bilər.

3. Qəbilə üzvlərindən heç kəs qəbilə daxilində evlənə bilməz. Qəbilənin əsas qaydası, onu möhkəmlədən əlaqə belədir; bu isə çox müəyyən olan elə bir qan qohumluğunun mənfi ifadəsidir ki, yalnız həmin qohumluğa görə birləşən fərdlər qəbilə təşkil edirlər. Morqan bu sadə faktı kəşf etməklə, qəbilənin mahiyyətini ilk dəfə olaraq aşkara çıxardı. Vəhşilər və barbarlar haqqında əvvəlki xəbərlər qəbilənin mahiyyətinin indiyədək nə qədər az başa düşüldüyünü göstərir; işi başa düşmədən və araşdırmadan, oradakı qəbilə quruluşunun tərkib ünsürlərini təşkil edən müxtəlif birləşmələri tayfa, klan, tum və s. adları altında bir yerə yığıb qarışdırırlar, həm də çox zaman bunların barəsində deyilir ki, belə bir birləşmə daxilində nigah qadağan olunur. Bu isə məhz elə bir çıxılmaz dolaşıqlıq törətmişdi ki, bu dolaşıqlıq içərisində c-b. Mak-Lenıan Napoleon rolunda meydana çıxaraq belə bir qəti hökm ilə qayda yaratmaq istəmişdi: bütün tayfalar elələrinə bölünür ki, bunlardan bir qisminin daxilində nigah qadağan edilmişdir (ekzoqam tayfalar) və digər qisminin daxilində nigaha icazə verilir (endoqam tayfalar). Beləliklə, məsələni büsbütün dolaşdırandan sonra o çox dərin görünən belə bir tədqiqata başlamışdı ki, bəs onun hər iki mə'nasız kateqoriyadan hansı daha qədimdir–ekzoqamiya, yoxsa endoqamiya. Qan qohumluğuna və bunun nəticəsi olaraq qəbilə üzvləri arasında nigahın mümkün olmamasına əsaslanan qəbilə kəşf edildikdə, bu mə'nasızlıq öz-özünə aradan qalxdı.–Aydındır ki, İrokezlərdə tasadüf etdiyimiz inkişaf pilləsində qəbilə daxilində nigahın qadağan edilməsinə qəti əməl olunur.

4. Ölənlərin əmlakı qalan qəbilə üzvlərinə keçirdi, bu əmlak qəbilə daxilində qalmalı idi. İrokez özündən sonra az şey qoyub getdiyinə görə onun qalan əmlakını ən yaxın qohumları öz aralarında bölürdülər; kişi öldükdə, əmlakı onun doğma qardaşları, bacıları və dayısı bölüşdürürdü; qadın öldükdə, onun qardaşları deyil, uşaqları və doğma bacıları bölüşdürürdü. Eyni səbəbə görə, ər ilə arvad bir-birinin, uşaqlar da atanın vərəsəsi ola bilməzdilər.

5. Qəbilə üzvləri bir-birinə kömək etməli, bir-birini müdafiə etməli və xüsusən özgələr zərər vurduqda, bunun intiqamını almaqda kömək etməli idilər. Ayrıca bir adam öz təhlükəsizliyini qorumaq işində qəbilənin himayədarlığına bel bağlayırdı və buna arxalana bilərdi; ona pislik edən adam bütün qəbiləyə pislik etmiş olurdu. Buradan, qəbilənin qan qohumluğu əlaqələrindən qan intiqamı kimi bir vəzifə irəli gəlmişdi və İrokezlər bunu qəti qəbul edirdilər. Əgər qəbilə üzvünü özgə qəbilədən olan birisi öldürsə, öldürülənin bütün qəbiləsi bu qanın intiqamını almalı idi. Əvvəlcə barışdırmağa təşəbbüs edilirdi; qatilin qəbilə şurası toplaşır və öldürülənin qəbilə şurasına məsələni sülh yolu ilə qurtarmağı təklif edirdi, çox vaxt təəssüf izhar edir və xeyli hədiyyə təklif edirdi. Əgər təklif qəbul edilirdisə, iş qaydaya salınmış hesab olunurdu. Əks halda öldürülənin qəbiləsi bir və ya bir neçə intiqamçı tə'yin edirdi və onlar qatili izləyib öldürməli idilər. Bu baş tutduqda, öldürülənin qəbiləsinin şikayət etmək hüququ olmurdu, iş bitmiş hesab edilirdi.

6. Qəbilədə müəyyən adlar və ya bir qrup adlar olur və bütün tayfada bu adlardan yalnız həmin qəbilə istifadə edə bilər, belə ki, ayrıca bir adamın adı da onun hansı qəbiləyə mənsub olduğunu göstərir. Qəbilə adı ilə qəbilə hüquqları da qırılmaz surətdə bağlıdır.

7. Qəbilə kənar adamları oğulluğa götürə bilər və bu yolla onları bütün tayfanın üzvlüyünə qəbul edə bilər. Öldürülməyən hərbi əsirlər, beləliklə, qəbilələrdən birində oğulluğa götürülmək nəticəsində seneka tayfasının üzvü olurdular və bununla da qəbilə və tayfada bütün hüquqlara malik olurdular. Oğulluğa götürmək qəbilənin ayrı-ayrı üzvlərinin təklifi ilə: kənar adamı bir qardaş və ya bacı kimi qəbul edən kişilərin təklifi ilə və ya onu öz uşağı kimi qəbul edən qadınların təklifi ilə olurdu; belə oğulluğa götürülməsini təsdiq etmək üçün təntənəli surətdə qəbiləyə qəbul etmək lazım idi. Beləliklə, müstəsna şərait üzündən sayca zəifləmiş olan ayrı-ayrı qəbilələr çox vaxt başqa qəbilənin razılığı ilə həmin qəbilənin üzvlərini kütləvi surətdə oğulluğa götürmək yolu ilə yenidən kəmiyyətcə möhkəmlənirdi. İrokezlərdə qəbiləyə təntənəli surətdə qəbul etmək işi tayfa şurasının açıq iclasında icra olurdu, bu da həmin təntənəni fe'lən dini mərasimə çevirirdi.

8. Hindi qəbilələrində xüsusi dini bayramlar olduğunu müəyyən etmək çətindir; lakin hindilərin dini mərasimləri qəbilə ilə az-çox bağlıdır. İrokezlərin hər il keçirilən altı dini bayramı zamanı ayrı-ayrı qəbilələrin saxemləri və hərbi başçıları öz vəzifələrinə görə «din mühafizəçiləri» sırasına daxil edilir və kahin vəzifələri daşıyırdılar.

9. Qəbilənin ümumi bir dəfn yeri olur. Ağların hər tərəfdən sıxışdırdığı Nyu-York ştatı irokezləri arasında bu yer indi itib batmışdır, lakin əvvəllər var idi. Başqa hindilərdə bu yer hələ qalmışdır, məsələn, İrokezlərlə yaxın qohum olan tuskarorlarda qalmışdır, xristian olmalarına baxmayaraq, onların qəbiristanında hər qəbilə üçün əlahiddə sıra vardır, belə ki, uşaqlarla bir sırada atanı deyil, ananı dəfn edirlər. İrokezlərdə də ölənin bütün qəbiləsi dəfndə iştirak edir, qəbir qazılması, qəbir üstündə nitqlər söylənməsi qayğısına qalır və s.

10. Qəbilənin öz şurası–qəbilanin bərabər səs hüququna malik bütün yaşlı üzvlərinin, kişi və qadınların demokratik məclisi vardır. Bu şura saxemləri və hərbi başçıları, habelə qalan «din mühafizəçilərini» də seçir və vəzifədən götürürdü; bu şura öldürülən qəbilə üzvlərinin qan bahası (verkeld) və ya qan intiqamı haqqında qərarlar çıxarırdı; o, kənar adamları qəbilənin tərkibinə qəbul edirdi. Bir sözlə, bu şura qəbilədə ali hakimiyyət orqanı idi.

Tipik hindi qəbiləsinin vəzifələri belədir.

«Onun bütün üzvləri bir-birinin azadlığını qorumalı olan azad adamlardır; onların bərabər şəxsi hüquqları vardır–nə saxemlər, nə də hərbi başçılar heç bir üstünlük iddiasında olmurlar; onlar qan qohumluğu ilə bir-birinə bağlı olan bir qardaşlıq təşkil edirlər. Azadlıq, barabərlik, qardaşlıq heç vaxt aydın ifadə edilməsə də, qəbilənin əsas prinsipləri idi, qəbilə də öz növbəsində bütöv bir ictimai sistemin vahidi, mütəşəkkil hindi cəmiyyətinin əsası olmuşdur. Hər kəsin hindilərdə e'tiraf etdiyi müstəqillik və şəxsi ləyaqət duyğusu kimi yenilməz bir duyğu bununla izah olunur» (Bax habelə: «Marks və Engelsin arxivi», IX cild, səh. 71. Red.).

Amerika kəşf edilən zaman bütün Şimali Amerika hindiləri ana hüququ əsasında qəbilələr halında təşkil olunmuşdular, Yalnız az miqdar tayfalarda, məsələn, dakota tayfasında qəbilələr tənəzzül etmişdi, ocibve, omaha tayfaları kimi bə'zi başqalarında isə qəbilələr ata hüququna əsasən təşkil olunmuşdu.

Beş və altı qəbilədən artıq qəbiləsi olan bir çox hindi tayfalarında biz hər biri üç, dörd və daha çox qəbiləni birləşdirən əlahiddə qruplar görürük; Morqan belə bir qrunu fratriya (qardaşlıq) adlandıraraq, hindi adını ona dürüst uyğun gələn yunan anlayışı ilə bildirir. Məsələn, seneka tayfasında iki fratriya vardır; birincisinə 1–4-cü qəbilələr, ikincisinə 5–8-ci qəbilələr daxildir. Daha ətraflı tədqiqat göstərir ki, bu fratriyalar əksər hallarda əvvəllər tayfanın bölündüyü ilkin qəbilələri təmsil edir; zira qəbilə daxilində nigah qadağan edildikdə, hər tayfa zərurət üzündən heç olmasa iki qəbiləni əhatə etməli idi ki, müstəqil surətdə yaşaya bilsin. Tayfa böyüdükcə, hər qəbilə öz növbəsində iki və ya daha artıq qəbiləyə bölünürdü və indi bunlar müstəqil blaraq çıxış edir, bütün qız qəbilələrini əhatə edən ilkin qəbilə hərçənd bir fratriya halında yaşamaqda davam edir. Seneka tayfasında və başqa hindilərin çoxunda bir fratriyanın qəbilələri qardaş qəbilələr hesab olunur, digər fratriyanın qəbilələri isə, bunlar üçün ikinci pilləli qardaş qəbilələri hesab olunur,–gördüyümüz kimi, Amerika qohumluq sistemində verilən bu adların çox real və aydın ifadə olunmuş mə'nası vardır. Əvvəllər heç bir seneka habelə öz fratriyası daxilində evlənə bilməzdi, lakin bu adət artıq çoxdan öz əhəmiyyətini itirmiş və yalnız qəbilə daxilində qüvvədə qalmışdır. Seneka tayfasında olan rəvayətə görə, digər qəbilələrin əmələ gəldiyi ilk qəbilələr «Ayı» və «Maral» qəbilələri idi. Bu yeni quruluş kök saldıqdan sonra, tələbatdan asılı olaraq şəklini dəyişdirməyə başladı; bir fratriyanın qəbilələri qırıldıqda, onu başqa fratriyalarla bərabərləşdirmək üçün çox zaman başqa fratriyalardan buraya bütöv qəbilələr köçürülürdü. Buna görə biz müxtəlif tayfalarda, fratriyalar üzrə müxtəlif şəkildə qruplaşan eyni adlı qəbilələr görürük.

İrokezlər arasında fratriyanın vəzifələri qismən ictimai, qismən də dini vəzifələrdir. 1) Top oyununda fratriyalar bir-birinə qarşı çıxır; hərəsi özünün ən yaxşı oyunçularını irəli sürür, qalanları fratriyalar üzrə yerləşib oyuna tamaşa edirlər və öz oyunçularının qələbəsi barəsində bir-biri ilə mərcləşirlər.–2) Tayfa şurasında hər fratriyanın saxemləri və hərbi başçıları bir yerdə, qruplar halında üz-üzə əyləşirlər, hər bir natiq hər fratriyanın nümayəndələrinə əlahiddə bir korporasiya kimi müraciət edərək danışır.–3) Tayfada adam öldürüldükdə, həm də öldürənlə öldürülən eyni fratriyadan olmadıqda, adamı öldürülmüş qəbilə çox zaman öz qardaş qəbilələrinə şikayət edirdi; bu zaman onlar fratriya şurasını çağırır və bir tam kimi digər fratriyaya müraciət edirdilər ki, işi qaydaya salmaq üçün o da öz növbəsində şurasını çağırsın. Beləliklə, burada fratriya yenə də ilkin qəbilə kimi meydana çıxır və ondan əmələ gəlmiş olan ayrıca, daha zəif qəbiləyə nisbətən onun müvəffəqiyyət qazanmaq üçün daha çox ümidi olur.–4) Görkəmli şəxslər vəfat etdikdə, müqabil fratriya dəfnin və dəfn mərasiminin təşkili qayğısına qalmağı öz üzərinə götürürdü, ölənin fratriyasının üzvləri isə dəfndə mərhumun qohumları kimi iştirak edirdilər. Saxem öldükdə, vəzifənin boşaldığını müqabil fratriya, irokezlərin ittifaq şurasına xəbər verirdi.–5) Saxem seçkilərində də fratriya şurası özünü göstərirdi. Seçkinin qardaş qəbilələr tərəfindən təsdiqi təbii bir şey hesab olunurdu, lakin digər fratriyanın qəbilələri e'tirazlar irəli sürə bilərdi. Bu halda həmin fratriyanın şurası toplaşırdı; əgər bu şura e'tirazları düzgün hesab edirsə, onda seçkilər e'tibarsız sayılırdı.–6) Əvvəllər İrokezlərdə xüsusi dini şəbihlər olurdu ki, bunlara ağ «emdicine-lodges» (cadu yığıncaqları. Red.) adı vermişdilər. Seneka tayfasında bu şəbihlər yeni üzvlərin qəbulu üçün xüsusi tanışetmə qaydaları olan iki dini qardaşlıq tərəfindən düzəldilirdi; iki fratriyadan hər birində bir belə qardaşlıq olurdu.–7) Əgər işğal zamanı21 Tlaskalanın dörd məhəlləsində yaşayan dörd «lineages» (nəsil) dörd fratriyadan ibarət idisə,–bu demək olar şübhəsizdir,–bu onu sübut edir ki, istər yunanlardakı fratriyalar, istərsə germanlardakı bu cür qəbilə ittifaqları həmçinin hərbi vahid əhəmiyyətinə malik idi; bu dörd «lineages»-dən hər biri əlahiddə dəstə kimi öz formasında və öz bayrağı ilə, öz başçısının rəhbərliyi altında döyüşə girirdi.

Bir neçə qəbilə bir fratriya təşkil etdiyi kimi, klassik forma götürülərsə, bir neçə fratriya da tayfa təşkil edir; bə'zi hallarda xeyli zəifləmiş tayfalarda orta vəsilə–«fratriya çatışmır. Bəs Amerikadakı ayrıca bir hindi tayfasını səciyyələndirən nədir?

1. Öz ərazisi və öz adı. Hər tayfanın həqiqətən yaşadığı yerdən başqa, ovçuluq və balıq tutmaq üçün də xeyli sahəsi olurdu. Həmin sahədən o yana, yaxın tayfanın torpaqlarına qədər uzanan geniş bitərəf zolaq olurdu; qohum dillərdə danışan tayfalarda bu zolaq dar olurdu; dil cəhətdən qohumluğu olmayan tayfalarda zolaq geniş olurdu. Bu zolaq–germanların sərhəd meşəsi kimi, Sezar svevlərinin öz ərazisi ətrafında yaratdıqları kimsəsiz sahə kimi bir şey idi; bu, danimarkalılarla germanlar arasındakı «isarnholt» (danimarkaca jarnved, limes Danicus), germanlarla slavyanlar arasındakı Saksoniya meşəsi və «branibor» (slavyanca «mühafizə meşəsi»)–Brandenburq adı da buradan əmələ gəlmişdir–kimi bir şeydir. Bu cür qeyri-müəyyən sərhədlərlə ayrılan sahə tayfanın ümumi torpağı olurdu, qonşu tayfalar tərəfindən də belə hesab edilirdi və qəsdlərə qarşı onu tayfa özü müdafiə edirdi. Sərhədlərin müəyyən olmaması çox zaman yalnız əhali çox artdıqda əməli cəhətdən əlverişsiz olurdu.–Görünür, tayfaların adları əksər hallarda, şüurlu olaraq seçilməkdən daha çox təsadüfi meydana gəlirdi, zaman keçdikcə çox vaxt elə olurdu ki, qonşu tayfalar həmin tayfaya onun özünün özünə verdiyi addan fərqli bir ad verirdilər, necə ki, almanlara onların birinci ümumi tarixi adı olan «germanlar» adını keltlər vermişdi.

2. Yalnız bu tayfaya məxsus ayrıca dialekti. Həqiqətdə tayfa ilə dialekt bir-birinə əslən uyğun gəlir; bölünmə vasitəsi ilə yeni tayfalar və dialektlər əmələ gəlməsi Amerikada hələ bu yaxınlarda olmuşdur və indi də çətin ki, tamam dayanmışdır. Sayca zəifləmiş iki tayfanın bir tayfa halında birləşdiyi yerdə belə olur ki, bir istisna olaraq, eyni tayfada bir-birinə çox qohum olan iki dialektdə danışırlar. Amerika tayfalarının hər birinin orta hesabla sayı 2000 nəfərdən azdır; lakin çiroki tayfası 26000 nəfərdən ibarətdir–bu da Birləşmiş Ştatlarda bir dialektdə danışan sayca ən çox hindilərdir.

3. Qəbilələr tərəfindən seçilmiş saxemləri və hərbi başçıları təntənəli surətdə vəzifə başına keçirmək hüququ.

4. Onları, hətta qəbilələrinin arzusuna rəğmən vəzifədən götürmək hüququ. Bu saxemlər və hərbi başçılar tayfa şurasının üzvləri olduqlarına görə, onların haqqında tayfanın bu hüquqları təbii hesab olunur. Tayfalar ittifaqı əmələ gəldiyi və buraya daxil olan bütün tayfalar ittifaq şurasında təmsil olunduğu yerdə həmin hüquqlar ittifaq şurasına keçir.

5. Ümumi dini təsəvvürlər (mifologiya) və sitayiş ayinləri.

«Hindilər öz barbar tərzində dindar bir xalq idilər»22.

Hindilərin mifologiyası hələ indiyədək heç də tənqidi surətdə öyrənilməmişdir; onlar öz dini təsəvvürlərinin predmetlərinə–hər cür ruhlara–artıq insan şəkli verirdilər, lakin onların olduğu aşağı barbarlıq pilləsində hələ əyani təsvirlər, büt deyilən şeylər yoxdur. Bu, çoxallahlılığa doğru inkişaf yolunda təbiətə və stixiyalara sitayiş idi. Müxtəlif tayfaların öz müntəzəm bayramları var idi, burada müəyyən sitayiş formaları icra olunurdu, yə'ni rəqslər və oyunlar keçirilirdi; xüsusən rəqslər bütüv dini təntənələrin əsas tərkib hissəsini təşkil edirdi; hər tayfa öz bayramlarını ayrılıqda keçirirdi.

6. Ümumi işləri müzakirə etmək üçün tayfa şurası. Bu şura ayrı-ayrı qəbilələrin bütün saxemlərindən və hərbi başçılarından, onların hə.qiqi nümayəndələrindən ibarət olurdu, çünki onları hər zaman vəzifədən götürmək olardıqbu şura tayfanın müzakirəyə qarışmaq və öz rə'yini söyləmək hüququna malik başqa üzvləri ilə əhatə olunaraq açıq iclas edirdi; qərarı şura çıxarırdı. İştirak edən hər kəs, bir qayda olaraq, istədikdə danışa bilərdi, qadınlar da seçdikləri natiq vasitəsi ilə öz mülahizələrini bildirə bilərdilər. İrokezlərdə qəti qərar çıxarmaq üçün, bə'zi məsələlər həll edildiyi zaman german icma-markalarında da olduğu kimi, yekdillik tələb olunurdu. Tayfa şurasının səlahiyyətinə xüsusən başqa tayfalarla münasibətlərin nit zama salınması daxil idi; şura səfirlikləri qəbul edirvə göndərirdi, müharibə e'lan edir və sülh bağlayırdı. İş müharibəyə çatdıqda, onu çox zaman könüllülər aparırdılar. Hər bir tayfa bütün qayda üzrə sülh müqaviləsi bağlamamış olduğu hər hansı başqa tayfa ilə prinsnpçə» müharibə vəziyyətində hesab olunurdu. Bu cür düşünmələrə qarşı hərbi çıxışları çox zaman ayrı-ayrı görkəmli döyüşçülər təşkil edirdilər; onlar hərbi rəqs düzəldirdilər və bu rəqsdə iştirak edən hər kəs bununla da yürüşə qoşulduğunu bildirirdi. Dəstə dərhal təşkil olunur və yürüşə gedirdi. Tayfaya məxsus olan ərazini də çox zaman hüçumdan könüllülər çağırmaq yolu ilə müdafiə edirdilər. Bu cür dəstələrin yürüşə getməsi və yürüşdən qayıtması həmiir ictimai təntənələr üçün bir səbəb olurdu. Bu cür yürüşlər üçün tayfa şurasının razılığı tələb olunmurdu, belə razılıq istənilmir və verilmirdi. Bunlar eyni ilə german drujinalarının Tatsit tərəfindən təsvir olunan xüsusi1 yürüşləridir, ancaq germanlarda drujinalar artıq daha; sabit xarakter almışdır, möhkəm bir özəkdən ibarət olubhələ dinclik zamanı təşkil olunur və müharibə olduqda! qalan könüllülər bunun ətrafına toplaşır. Bu cür hərbi dəstələrin sıralarında nadir halda çox adam olurdu; hindilərin hətta uzaqlara olan ən böyük hərbi səfərləri dəcüzi döyüş qüvvələri ilə keçirilirdi. Əgər böyük bir əməliyyat üçün bir neçə belə dəstə birləşsəydi, onda bunlardanhər biri yalnız öz başçısına tabe olurdu; yürüş planının bu və ya digər dərəcədə əlaqələndirilməsi həmin başçılarşurası tərəfindən tə'min edilirdi. Ammian Marsellinin təsvir etdiyinə görə, IV ərsdə Yuxarı Reyndə alemannların müharibə etmək üsulu da belə olmuşdur.

7. Bə'zi tayfalarda biz ali başçıya rast gəlirik, lakin onun səlahiyyəti heç də böyük deyildir. Bu saxemlərdəş biridir, o dərhal hərəkət etmək lazım gəldiyi hallarda, şuranın toplaşıb qəti qərar qəbul edəcəyi vaxta qədər, müvəqqəti tədbirlər görməlidir. Burada biz icraiyyə hakimiyyətinə malik vəzifəli şəxsin yenicə meydana çıxan, lakin çox zaman daha inkişaf etməmiş olan ilk nümunəsini; görürük; belə bir vəzifəli şəxs, görəcəyimiz kimi, bir çox hallarda, bəlkə də hər yerdə yox, daha çox ali sərkərdə hakimiyyətinin inkişafı nəticəsində meydana gəlmişdir.

Amerika hindilərinin böyük əksəriyyəti tayfa halında birləşməkdən irəli getməmişdir. Geniş sərhəd zolaqları ilə bir-birindən ayrılan, daimi müharibələr nəticəsində zəif düşən və sayca az olan bu tayfalar az miqdar adamları ilə çox böyük sahə tuturdular. Bu və ya başqa yerdə, müvəqqəti zərurət olduqda qohum tayfalar arasında da ittifaqlar yaranır və bu zərurət aradan qalxdıqda pozulurdu. Lakin əvvəllər qohum olub, sonralar bir-birindən ayrı düşən tayfalar ayrı-ayrı yerlərdə yenidən birləşib daimi ittifaqlar yaradır, beləliklə, millətlər yaranması yolunda ilk addım atırdılar. Biyrləşmiş Ştatlarda belə bir ittifaqın ən çox inkişaf etmiş formasına biz İrokezlərdə təsadüf edirik. Onlar Missisipidən qərbdə yaşadıqları, ehtimal ki, böyük bir qohum dakota qrupunun bir qolunu təşkil etdikləri yerlərdən çıxaraq, uzun zaman gəzdikdən sonra, indiki Nyu-York ştatında məskən salıb beş tayfaya bölünmüşlər: seneka, kayyuqa, onondaqa, oneyda və moqauk. Onlar balıqçılıq, ovçuluq və ibtidai dirrikçiliklə dolanırdılar; çox halda paya çəpərlə mühafizə olunan kəndlərdə yaşayırdılar. Onların sayı heç vaxt 20000 nəfərdən artıq olmurdu; bütün beş tayfada bir neçə ümumi qəbilə var idi; onlar eyni bir dilin bir-birinə çox yaxın dialektlərində danışırdılar və beş tayfa arasında bölünmüş olan bütöv bir ərazidə yaşayırdılar. Bu ərazini onlar yaxın zamanlarda tutduqlarına görə, oradan sıxışdırılıb çıxarılan tayfalara qarşı onların birgə hərəkətləri artıq adət olmuş bir təbii hal idi. Beləliklə, ən geci XV əsrin əvvəllərində təşəkkül tapmış «əbədi ittifaq»–konfederasiya yarandı ki, bu konfederasiya nə kimi qüvvə əldə etdiyini başa düşərək, dərhal hücumçu xarakter aldı və ən çox qüdrətli olduğu zaman, 1675-ci ilə yaxın öz ətrafındakı böyük sahələri tutdu, yerli əhalinn qismən qovub çıxartdı, qismən də onun üzərinə bac qoydu. İrokezlər ittifaqı barbarlığın aşağı pilləsindən irəli getməmiş olan hindilərin (deməli, meksikalılar, yeni meksikalılar və perulular müstəsna olmaqla) yaratdıqları ən çox inkişaf etmiş ictimai təşkilat idi. İttifaqın əsas cəhətləri bunlar idi:

1. Tayfanın bütün daxili işlərində tam bərabərlik və müstəqillik əsasında, qan qohumluğu olan beş tayfanın əbədi ittifaqı. Bu qan qohumluğu ittifaqın həqiqi əsasını təşkil edirdi. Beş tayfadan üçü ata tayfası adlanırdı və birbkri ilə qardaş idi; digər ikisi oğul tayfası adlanırdı və bunlar da bir-biri ilə qardaş tayfa idi. Üç qəbilə–ən köhnə qəbilələr–özünün hələ sağ olan üzvləri ilə bütün beş tayfada təmsil olunmuşdu, digər üç qəbilə üç tayfada təmsil olunmuşdu; bu qəbilələrdən hər birinin bütün üzvləri bütün beş tayfada qardaş hesab olunurdu. Yalnız dialektlərində fərqlər olan ümumi dil ümumi mənşəyin ifadəsi və sübutu idi.

2. İttifaqın orqanı mövqe və nüfuz cəhətdən bərabər olan 50 saxemdən ibarət ittifaq şurası idi; bu şura ittifaqın bütün işləri barəsində qəti qərarlar çıxarırdı.

3. Xüsusi olaraq ittifaqın məqsədləri üçün tə'sis edilmiş yeni vəzifələrin daşıyıcıları olan bu 50 saxemin yerləri ittifaq yaradılarkən tayfalar və qəbilələr arasında bölüşdürülmüşdü. Vəzifə boşaldıqda, müvafiq qəbilə seçki yolu ilə həmin vəzifəni yenidən tuturdu; qəbilə öz saxemini hər vaxt vəzifədən götürə də bilərdi; lakin vəzifə başına keçirmək hüququ ittifaq şurasında idi.

4. Bu ittifaq saxemləri həmçinin öz tayfalarında da saxem idilər və tayfa şurasında onların iştirak etmək və səs vermək hüququ var idi.

5. İttifaq şurasının bütün qərarları yekdilliklə qəbul edilməli idi.

6. Səsvermə tayfalar üzrə keçirilirdi, belə ki, qərarın e'tibarlı olması üçün hər bir tayfa və hər tayfada şuranın bütün üzvləri yekdilliklə səs verməli idilər.

7. İttifaq şurası beş tayfa şurasından hər biri tərəfindən çağırıla bilərdi, lakin öz təşəbbüsü ilə toplaşa bilməzdi.

8. İçlaslar toplaşan camaatın qarşısında keçirilirdi; hər bir İrokez söz ala bilərdi; qərarı isə yalnız şura çıxarırdı.

9. İttifaqda heç bir təkbaşçı, icraiyyə hakimiyyətinin başında duran heç bir şəxs yox idi.

10. Lakin ittifaqın bərabər səlahiyyətə və bərabər hakimiyyətə malik iki ali hərbi başçısı var idi (spartalıların iki «çarı», Romada iki konsul).

İrokezlərin dörd yüz ildən artıq yaşamış olduqları və hələ indiyədək yaşadıqları ictimai quruluş belə idi. Mən Morqana əsaslanaraq, bu quruluşu ətraflı təsvir etdim, çünki burada bizim hələ dövlətin nə olduğunu bilməyən bir cəmiyyət quruluşunu öyrənmək imkanımız vardır. Dövlət daim onun tərkibinə daxil olan şəxslərin bütün məcmusundan təcrid olunmuş xüsusi bir ictimai hakimiyyət orqanı olmasını tələb edir. Buna görə də, Maurer düzgün fəhmlə german marka quruluşunu, sonralar çox zaman dövlətin əsası olsa da, dövlətdən xeyli fərqli olan xalis ictimai tə'sisat hesab edir. O bütün öz əsərlərində ictimai hakimiyyət orqanının ilkin marka, kənd, həyət və şəhər quruluşundan və bununla yanaşı tədricən əmələ gəlməsini tədqiq edir. Biz Şimali Amerika hindilərinin timsalında görürük ki, əvvəllər bir vəhdət təşkil edən tayfa tədricən böyük bir materikə yayılır, tayfalar parçalanaraq xalqlara, tayfa qruplarına çevrilir, dillər dəyişilərək, nəinki bir-biri üçün anlaşılmaz olur, hətta əvvəlki birliyinin demək olar hər bir izini də itirir; bununla yanaşı tayfalar daxilində ayrı-ayrı qəbilələr bir neçə qəbiləyə bölünür, köhnə ana qəbilələri isə fratriyalar şəklində qalır, lakin həmin köhnə qəbilələrin adları bir-birindən ərazi cəhətcə çox uzaq olan və çoxdan ayrılmış tayfalarda hər halda bir cür qalır–«Canavar» və «Ayı» hələ bütün hindi tayfalarının çoxunda qəbilə adları olaraq qalır. Həm də yuxarıda təsvir edilən quruluş ümumiyyətlə və bütövlükdə bunların hamısına xasdır, yalnız belə bir istisna vardır ki, bunlardan bir çoxu qohum tayfalar ittifaqına gəlib çatmamışdır.

Lakin biz bunu da görürük ki, əsas ictimai özək qəbilə olduğuna görə, ondan az qala yenilməz bir zərurətlə–zira bu tamamilə təbiidir–bütün qəbilələr, fratriyalar və tayfa sistemi inkişaf edir. Hər üç qrup qan qohumluğunun muxtəlif dərəcələrini təmsil edir, həm də bunlardan hər biri qapalı həyat keçirir və öz işlərini özü idarə edir, lakin həmçinin digəri üçün bir əlavədir. Onların idarə etməli olduğu iş dairəsi barbarlığın aşağı pilləsində duran adamın görəcəyi ictimai işlərin bütün məcmusunu ehatə edir. Buna görə də biz hər hansı bir xalqda əsas ictimai özək olaraq qəbiləyə rast gəldikdə, həmin xalqda burada təsvir edilən tayfa təşkilatına bənzər bir tayfa təşkilatı da axtarmalı olacağıq; yunanlarda və romalılarda olduğu kimi kifayət qədər mənbə olduğu yerdə isə biz nəinki bu təşkilatı tapacağıq, habelə yəqin edəcəyik ki, hətta mənbələr kifayət etmədiyi hallarda da Amerika ictimai quruluşu ilə müqayisə ən çətin şübhələri və sirləri həll etməkdə bizə kömək edəcəkdir. Həm də bütün öz sadəlövhlüyü və bəsitliyi ilə bu qəbilə quruluşu nə qədər gözəl bir təşkilatdır! Əsgər, jandarm, polis yoxdur, zadəgan, kral, sərdar, prefekt və ya hakim yoxdur, həbsxana yox, məhkəmə prosesləri yoxdur,–hər iş müəyyən edilmiş öz qaydası ilə gedir. Hər cür mübahisə və çəkişmə, aid olduğu şəxslər tərəfindən birlikdə,–qəbilə və ya tayfa tərəfindən, ya da ayrı-ayrı qəbilələr tərəfindən öz aralarında həll olunur; yalnız nadir hallarda tətbiq edilən ən ifrat bir tədbir olaraq qan intiqamına təsadüf edilir, bizim e'dam cəzamız da ancaq bu intiqamın sivilizasiyalı formasıdır, buna isə sivilizasiyanın həm müsbət, həm də mənfi cəhətləri xasdır. Hərçənd ümumi işlər indikinə nisbətən xeyli çoxdur,–bir sıra ailələr ev təsərrüfatını birlikdə və kommunist əsaslarında idarə edir, torpaq bütün tayfanın mülkiyyətidir, yalnız kiçik dirriklər ayrı-ayrı təsərrüfatların müvəqqəti istifadəsinə verilmişdir,–bununla belə, bizim şişkin və mürəkkəb idarə aparatımızın heç izi də yoxdur. bütün məsələləri əlaqədar şəxslər özləri həll edirlər və əsrlərdən bəri davam edən adət çox hallarda artıq hər şeyi tənzim etmiş olur. Yoxsullar və möhtaclar ola bilməz–kommunist təsərrüfatı və qəbilə qocalar, xəstələr və müharibədə şikəst olanlar barəsində öz vəzifələrini bilir. Hamı, o cümlədən də qadınlar bərabər və azaddır. Qullar hələ yoxdur, bir qayda olaraq, hələ özgə tayfaların əsarət altına alınması da yoxdur. 1651-ci ilə yaxın İrokezlər eri tayfasına və «bitərəf millətə»23 qalib gəldikdə, onlara öz ittifaqlarına tam hüquqlu üzvlər kimi daxil olmağı təklif etmişdilər; yalnız məğlub olanlar bunu rədd etdikdən sonra öz ərazilərindən qovuldular. Belə bir cəmiyyətin nə kimi kişilər və qadınlar doğurduğunu isə hələ korlanmamış hindilərlə ünsiyyətdə olmuş bütün ağlar tərəfindən bu barbarların heysiyyət duyğusu, ürək açıqlığı, iradə gücü və igidliyi haqqında söylənilən coşqun rə'ylər göstərir.

Biz lap bu yaxınlarda Afrikada bu igidliyin nümunələrini gördük. Bir neçə il bundan avvəl kafrlar-zuluslar, habelə bir neçə ay bundan əvvəl nubilər–bu tayfalarda qəbilə tə'sisatı hələ yox olmamışdır,–elə bir iş gördülər ki, buna heç bir Avropa qoşunu qadir deyildir24. Odlu silahı olmayan, yalnız nizə və mızraqlarla silahlanan bu tayfalar ingilis piyadasının–ümumi e'tirafa görə, dünyada sıx sırada döyüş əməliyyatına görə birinci olan bu piyadanın–xəznədən doldurulan tüfənglərinin dolu kimi yağan güllələri altında süngü döyüşü məsafəsinə qədər irəliləmiş, dəfələrlə bu piyadanın sıralarını pozmuş və hətta onu geri oturtmuşlar, halbuki silah cəhətdən qətiyyən bərabər deyildilər, heç bir hərbi mükəlləfiyyat daşımırlar və hərbi xidmət haqqında heç təsəvvürləri də yoxdur. Onların necə davamlı olduqlarını və nələr edə bildiklərini ingilislərin belə gileyləri göstərir ki, kafr gündə atdan çox yol gedir və atdan tez yeriyir. Bir nəfər ingilis rəssamı göstərir ki, kafrın polad kimi möhkəm olan ən kiçik əzələsi toxunmuş qayış kimi görünür.

Müxtəlif siniflərə bölünməzdən əvvəl insanlar və bəşər cəmiyyəti belə idi. Əgər biz onların vəziyyətini sivilizasiyalı müasir adamların çox böyük əksəriyyətinin vəziyyəti ilə müqayisə etsək, indiki proletar və ya xırda kəndli ilə qədim azad qəbilə üzvü arasında çox böyük fərq olduğunu görərik.

Bu, məsələnin bir tərəfidir. Lakin unutmayaq ki, həmin təşkilat məhv olmağa məhkum idi. O, tayfadan irəli getmədi; tayfalar ittifaqı yaradılması, hələ görəcəyimiz kimi və irokezlərin başqa tayfaları əsarət altına almaq cəhdlərinin timsalında artıq gördüyümüz kimi, həmin təşkilatın dağılmağa başlaması deməkdir. Tayfadan kənarda olan hər şey qanundan kənar idi; Bütün qayda üzrə bağlanmış sülh müqaviləsi olmadıqda tayfalar arasında müharibə hökm sürürdü və bu müharibə insanı qalan heyvanlardan fərqləndirən və yalnız sonralar maddi mənafeyin tə'siri altında bir qədər yumşalmış olan amansızlıqla aparılırdı. Amerikada müşahidə etdiyimiz kimi, tam tərəqqidə olan qəbilə quruluşu zamanı istehsal olduqca az inkişaf etmişdi, deməli, çox geniş sahədə olduqca az əhali yaşayırdı, buna görə də insan ona bir düşmən kimi qarşı duran və ona aydın olmayan ətraf təbiətə az qala tamamilə tabe idi, bu da öz in'ikasını uşaqcasına sadəlövh dini təsəvvürlərdə tapır. Tayfa insan üçün, istər başqa tayfadan olan adama münasibətində, istərsə özü özünə münasibətində bir hüdud olaraq qalırdı: tayfa, qəbilə və bunların tə'sisatı müqəddəs və toxunulmaz idi, təbiətin verdiyi elə ali bir hakimiyyət idi ki, ayrıca şəxsiyyət öz hisslərində, fikir və hərəkətlərində ona sözsüz tabe olaraq qalırdı. Həmin dövrün adamları bizim nəzərimizdə nə qədər əzəmətli görünsələr də, onlar bir-birindən fərqlənmirlər, onlar hələ, Marksın dediyi kimi, ibtidai birliyin kebəyindən ayrılmamışlar. Bu ibtidai birliyin hakimiyyəti sarsılmalı idi,–və o sarsıdı. Lakin bu hakimiyyət elə tə'sirlər altında sarsıldı ki, bunlar köhnə qəbilə cəmiyyətinin yüksək mə'nəvi səviyyəsinə nisbətən bizə açıqca tənəzzül, günaha batmaq kimi görünür. Ən alçaq sə'ylər–bayağı bir hərislik, zövq almağa kobud bir ehtiras, iyrənc bir acgəzlük, ümumi əmlakın tamahkarlıqla talanması–bunlar yeni, sivilizasiyalı, sinfi cəmiyyətin xələfləridir; ən çirkin vasitələr–oğurluq, zorakılıq, məkr və xəyanət–köhnə sinifsiz qəbilə cəmiyyətini sarsıdır və onu məhv olmağa doğru aparır. Yeni cəmiyyət özü isə tam iki min beş yüz illik bütün varlığı ərzində həmişə yalnız istismar olunanlardan və məzlumlardan ibarət çox böyük əksəriyyət hesabına cüzi azlığın inkişafı mənzərəsini təşkil etmiş və hər hansı əvvəlki zamana nisbətən indi daha artıq dərəcədə bu vəziyyətdə qalmaqdadır.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin