Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq


Mövzu 5: XOŞBƏXTLİK VƏ HƏYATIN MƏNASI



Yüklə 82,88 Kb.
səhifə19/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   ...   12   13   14   15   16   17   18   19   20
etika pdfler

Mövzu 5: XOŞBƏXTLİK VƏ HƏYATIN MƏNASI
«İnsan həyatda nə üçün yaşayır?», «Onun dünyada mövqeyi nədən ibarətdir?», «İnsanın xoşbəxtliyi nədədir?» kimi suallar hər bir ağıllı insanı narahat etməyə bilməz. Xoşbəxtlik – etikanın digər kateqoriyalarından fərqli olaraq daha konkret məzmuna malik olsa da onlarla sıx əlaqədardır, xüsusən borc, vicdan, şərəf və s. ilə. İnsan mənəviyyatının dərinlikləri ilə əlaqədar olan xoşbəxtlik – əxlaqi şüurun əsas anlayışlarından olub, insanın daxilən razı qalmasına uyğun bir haldır.
Xoşbəxtlik kifayət qədər güclü, gərgin və müsbət həyəcan olub, öz həyatından yüksək dərəcədə razı qalma halıdır. Bu halın yaranması üçün heç də insanın həyatının bütün sahələrində müvəffəqiyyət əldə edilməsi tələb olunmur. Bu müvəffəqiyyət yalnız qlobal problemlərə aiddir. İnsanlar çox müxtəlif situasiyalarda özlərini xoşbəxt hesab edə bilərlər. Məsələn, yenicə evlənənlər bir çox kəm-kəsirləri olsa belə, özlərini adətən xoşbəxt hesab edirlər. Onları nə dəbdəbəli ev, nə xarici markalı maşın, nə də başqa sərvətlər maraqlandırır. Kasıb sənətkar da, öz əsərləri ilə bağlı müəyyən nailiyyət əldə etdikdə özünü xoşbəxt hesab edə bilər. Rəssamın hər hansı mötəbər sərgidə iştirakı, şairin ilk kitabının çıxması, müğənninin mükafat və ya fəxri ad alması və s. bu qəbildəndir. Göründüyü kimi, xoşbəxtliyə səbəb olan hadisələr uzunmüddətli olmur. Çünki həyatda qaneolma halları daimi deyil. Xoşbəxtlik qısamüddətli olub, şimşəyin çaxma anını xatırladır.
Xoşbəxtliyin yaranma prosesi bir sıra özünəməxsus əxlaqi xüsusiyyətləri də üzə çıxarır. Hadisənin və şəraitin xırda eqoizm mövqeyindən deyil, yüksək əxlaqi dəyərlər baxımından qiymətləndirilməsi xoşbəxtliyin başa düşülməsində mühüm rol oynayır. Müxtəllif əxlaqlı adamların xoşbəxtliyi və onu başa düşməsi arasında müəyyən fərqlər mövcud olur.
Xoşbəxtliklə bağlı insanların fikirləri çox müxtəlifdir. Bəziləri üçün xoşbəxtlik öz zahiri əlamətləri ilə seçilməlidir ki, bura ilk növbədə uğur, həzz, şərəf, var-dövlət və s. aiddir. İnsanın sevincə, rahatlığa, arzularının icrasına can atması təbiidir. Lakin bunların əxlaqi tələblərlə, məsələn, borcla toqquşması problem yarada bilər. Bəxti gətirmə, tale kimi başa düşülən xoşbəxtlik insanın özündən asılı deyil. Buna başqaları da qarışa bilməz. Bu barədə düşünən Aristotel o fakta diqqət yetirib ki, insanın ədalətli olması, və yaxud hər hansı xeyirxahlığı uğur kimi qiymətləndirilmir, çünki bu keyfiyyətlər insanın cəhdindən, səyindən asılıdır. Lakin mirasa sahib olmaq, yaxşı yaşayışa, fitri istedada malik olmaq uğur, müvəffəqiyyət kimi başa düşülür. Pis bir hadisədən, qəzadan yaxa qurtarmaq özü də uğurdur
Xoşbəxtlik o vaxt həqiqi olur ki, o, insanda sevinc və razılıq duyğuları oyatsın. Xoşbəxtlik haqqında yayılmış təsəvvürlərdən biri də budur ki, o yaşanan zaman keçirilən sevinc hissi dərin olur. Lakin bu cür həyəcan vəziyyəti də tez keçəndir. Xoşbəxtlik ona görə qısaömürlü, epizodik hal kimi xatırlanır ki, insan xoşbəxt olanda saat yadına düşmür, hər saat bir ana çevrilir. Həzz və xoşbəxtliyin fərqini insanlar nəinki çoxdan başa düşüblər, hətta onu da dərk ediblər ki, hər bir həzz heç də xoşbəxtliyə aparmır. Qədim Yunanıstanda məşhur siyasi xadim, e.ə. VI əsrdə yaşamış Solon deyirdi ki, «sənə qüssə gətirəcək həzzdən qaç». Bəzən bədbəxt adamlar da nədənsə həzz ala bilər. Eyni zamanda, xoşbəxtlik də həzlə müşayiət edilir. Həzsiz xoşbəxtliyi dərk etmək çətindir
Sokrat deyirdi ki, xoşbəxtlik insanın tərbiyəsindən, təhsilindən və nə dərəcədə xeyirxah olmasından asılıdır. Yalnız layiqli və namuslu adamlar xoşbəxt ola bilər, ədalətsiz və səfehlər xoşbəxt ola bilməz. Ədalətsizlər cəzalanmırsa, onda onlar xüsusilə bədbəxtdirlər. Xoşbəxtlik məmnun qalma kimi başa düşülürsə, deməli bu qaneolunma ani deyil, uzunmüddətlidir, həyatın böyük bir zaman kəsiyini əhatə edir. Xoşbəxtlik üçün kəmiyyət göstəriciləri olmasa da, həyatın bütövlükdə və ya ayrı-ayrı tərəflərinin insanı qane etməsi kimi kəmiyyət göstəriciləri mövcuddur. Xoşbəxtlik sevinc hissi ilə də çox yaxındır. Sevinc emosional olduğu halda, xoşbəxtlik sakit də yaşana bilər.
Xoşbəxtlik çox mürəkkəb anlayış olsa da, onun mövcudluğunun təzahürü olan bir sıra amillərdən danışmaq mümkündür. Bu amilləri şərti olaraq obyektiv və subyektiv kimi 2 qrupa ayırmaq olar. Obyektiv amillər əsasən insanın şüurundan və iradəsindən asılı deyil, subyektiv amillərin yaranmasında isə adətən insan özü iştirak edir. Obyektiv amillərə təbii şərait (əlverişli iqlim, coğrafi mövqe, təbii fəlakətlərin baş verməməsi və s.) və cəmiyyətin vəziyyəti (müharibə və ya sülh şəraitində yaşaması, qanunların işləməsi, ədalətin bərqərar olması və s.) aiddir.
Xoşbəxtliyin yaranması dövrlə, xalqın adət-ənənələri, mədəni xüsusiyyətləri, siyasi rejimi və s. amillərlə də bağlıdır. Obyektiv amillərə həmçinin insanın sağlamlığı, temperament tipi (məsələn, kimsə tündməcazlığı, hər hansı mənfi xüsusiyyəti ucbatından cəmiyyət, kollektiv, qonşular, qohumlar tərəfindən sevilmir), hətta xarici görkəmi aiddir. İnsanın məşğuliyyəti də bu baxımdan mühüm rol oynaya bilər. Çünki çox vaxt yaradıcılıq uğurları insanda nəinki adicə məmnunluq hissi oyadır, hətta onu yetərincə xoşbəxt edir. Subyektiv amillərə insanın məsləkləri, əqidə və etiqadı, maraqları, nəyəsə olan həvəsi, əhval-ruhiyyəsi və s. aiddir. Subyektiv amillər çox vaxt müxtəlif hadisələrə fərdin münasibətini formalaşdırır. Bu bir daha o deməkdir ki, biz hadisələri dəyişə bilməsək də, onlara münasibətimizi dəyişməyə qadirik ki, bu da bizi xoşbəxt edə bilər. Seneka deyirdi ki: «Özünü xoşbəxt hesab etməyən adam bədbəxtdir». Doğrudan da, insanın xoşbəxt olması yalnız obyektiv, xarici şəraitdən deyil, həm də subyektiv amillərdən, insanın özündən, onun fəallığından, məqsədyönlülüyündən asılıdır. Pessimist insan asanlıqla öz xoşbəxtliyindən yan keçə bilər. Əfsanəyə görə, Makedoniyalı İskəndər çəlləkdə yaşayan Diogendən soruşanda ki, dünyada ən xoşbəxt adam kimdir?», o cavab vermişdi ki: «mənəm, çünki Dünyanın yarısı sənin ola-ola gözün doymur, mənim isə heç nəyim olmasa da, heç nəyə ehtiyacım yoxdur». F.Nitsşe isə deyirdi ki, xoşbəxtliyə yalnız seçmə adamların hüququ var, çünki onlar digərləri üzərində müəyyən hakimiyyətə malikdirlər. A.Şopenhauerə görə isə xoşbəxtlik yalnız iztirabların olmamasıdır.
«A.A.Bakıxanov «Təhzibi-əxlaq» və «Nəsihətnamə» əsərlərində təvazökarlığı xoşbəxtlik əldə etməyin mühüm vasitələrindən biri hesab etmişdir. Onun nəzərincə, təvazökar olmayan adam heç bir vaxt sakitlik, qəlb rahatlığı əldə edə bilməz.
Xoşbəxtlik kimi bədbəxtlik də dərin həyəcanla müşayiət olunur. Lakin xoşbəxtlik fəlsəfi anlayış olduğu halda, bədbəxtlik fəlsəfi anlayış deyil. Psixoloqlardan fərqli olaraq filosoflar bədbəxtlik haqqında müzakirə açmırlar. Ona görə yox ki, onlar insan həyatına biganədirlər, sadəcə olaraq xoşbəxtlik anlayışı, onlara görə, ideala yaxındır. İnsanlar xoşbəxtliyi uğurdan ayıra bildikləri kimi, bədbəxtliyi də şansın reallaşmamasından, bəxti gətirməməkdən fərqləndirməyi bacarırlar. Bəzən adi danışığımızda dərdi, bəlanı, dərin həyəcanları bədbəxtlik kimi tələffüz etsək də, bunun əsl bədbəxtlik olmadığını başa düşürük. Bədbəxtlik – fəciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv və ya subyektiv səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, iztirab çəkməyən adamlar xoşbəxtdirlər. Lakin bu, insanlıqdan uzaq haldır. İnsan qəlbi özgə iztirablarını başa düşməli, onlara şərik çıxmağı bacarmalı, imkan dairəsində kömək etməyə meylli olmalıdır. Yalnız iztirablarla qarşılaşdıqdan sonra insan həyatın rəngarəngliyini, onun yalnız sevincdən deyil, kədərdən də ibarət olduğunu dərk edir. Bədbəxtlik bəzən bəxti gətirməkdən daha çox, insanın pis xasiyyətli olmasının nəticəsidir. Heç kim səhv buraxmaqdan, günah işlətməkdən, xəstəliyə tutulmaqdan, pis adamların ona vuracağı zərbədən və yaxın adamlarını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox vaxt elə bunlar olur. Hər adamın həyatında sevincli və kədərli günlər mövcuddur. Xoşbəxtliklə bədbəxtlik bir-birini istisna etmir. Eyni cəmiyyətdə hamının eyni dərəcədə xoşbəxt olması mümkün deyil. Rəqiblərdən hansınınsa xoşbəxtliyi digərinin bədbəxtliyinə səbəb ola bilər. Çox vaxt insanlar xoşbəxtlikdən danışarkən yalnız şəxsi xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur. Bəzən həyatda insanın elə halları olur ki, o, cəmiyyət tərəfindən qınanılan və özünə heç bir zaman layiq bilmədiyi hərəkətləri etmək istəyir. Hətta özü elə vəziyyət yaradır ki, qanun-qaydaya riayət etməli olmasın. Bunu bir anlıq gözünün önünə gətirən insan özünü müstəqil və sərbəst hiss edir. O, hətta öz adətlərinə, vərdişlərinə də riayət etmir. Bəzi xalqların mədəniyyətində belə hallar üçün xüsusi şərait mövcuddur. Bu cür kütləvi formalardan biri karnavallardır. Karnaval zamanı insan maska taxır və tanınmayacağına əmin olduğu üçün özünü sərbəst aparır, istədiyi hərəkətləri edir və öz məqsədlərinə çatmaq üçün yollar axtarır. Belə «sərbəstliyə çıxma» iri həcmli tədbir olan karnavallarla yanaşı, kamera xarakteri daşıyan kiçik formalar, məsələn, lətifələr vasitəsilə də həyata keçirilir.
İnsanın həzz alma mənbələrinin çoxsaylı olmasına baxmayaraq, həzzin özü həmişə ani, müvəqqəti, qısamüddətli olur. O heç vaxt kifayət etmir. Həzz – tələbat və maraqların təmin edilməsi ilə müşayiət edilən hiss və həyəcandır. Bioloji baxımdan həzz və iztirabların təsiri (rolu) onların adaptiv (uyğunlaşdırıcı) funksiya daşıması ilə müəyyən olunur. Həzz – orqanizmin tələbatlarına cavab verən fəallığı stimullaşdırır, həzzin yoxluğu və iztirab isə orqanizmi onun üçün təhlükə törədəcək təsirlərdən təcrid edir. Psixofizioloji baxımdan həzz tələbatların təmin edilməsi olub, daxili gərginliyin fiziki və psixi cəhətdən azalması və sönməsi ilə müşayiət olunur, orqanizmin zəruri funksiyalarının bərpa edilməsinə səbəb olur. Həzzin insan üçün faydalı olması müəyyən normativ mövqeyə gətirib çıxarır: həzz alma, məmnun olma orqanizm üçün ideal olduğundan insan bu halı əldə etməyə çalışmalıdır. Etikada belə mövqe hedonizm adlanır (yunanca «hedone» həzz deməkdir). İnsan həyatında həzzin rolunun öyrənilməsi sahəsində Z.Freydin xidmətləri böyükdür. Xüsusi tədqiqatlar ona «həzz prinsipinin» qəlbin fəaliyyəti və ya psixi proseslərin əsas təbii tənzimləyicisi olması barədə fikir yürütməyə imkan verdi. Freydə görə, insan psixikasında fərdin normativ məqsədlərindən asılı olmayaraq, həzz almaq və ya almamaq üstünlük təşkil edir.
Bütün etik sistemlərdə xoşbəxtlik bilavasitə həyatın mənası anlayışı ilə əlaqələndirilir. Xoşbəxtlik kimi həyatın mənası da yalnız şəxsi xoşbəxtlik üzərində qurula bilməz. Bu hal gec-tez fərdi xarakter alaraq eqoizmə aparır. Etik sistemlərin çoxunda xoşbəxtlik insan hüquqlarının ayrılmaz hissəsi, xoşbəxtliyə can atma isə insanın fitri xüsusiyyəti kimi nəzərdən keçirilir. İnsan özünü dərk etməyə başlayandan onu həyat əhəmiyyətli suallar narahat etməyə başlayıb: «İnsan nə üçün yaşayır?», «Onun məqsədi nədir?», «İnsanın xoşbəxtliyi nədədir?», «Həyatın məzmunu və məqsədi nədir?». Beləliklə, həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur.
Xoşbəxtlik və həyatın mənası problemi etika tarixində çoxlarını düşündürüb. Bu baxışları əsasən 3 qrupa bölmək olar: 1) həyatın mənasını fərdi nailiyyətlərlə bağlayanlar; 2) dini etiqadlara tabe olaraq o biri dünyanı qazanmaqla bağlayanlar; 3) insan həyatını və mövcudluğunu absurd, mənasız hesab edənlər.
Birinci cərəyanın nümayəndələri, fərdiçilik konsepsiyasını irəli sürənlər hedonizm (həzz) və evdemonizm (xoşbəxtlik) prinsiplərini ön plana çəkirlər. Xoşbəxtliyin maksimum qaneolunma kimi başa düşülməsi utilitarizm (yararlılıq) etikasında da mövcuddur. Bu eqoistik konsepsiyanın əxlaqa zidd olduğunu onun tərəfdarları da hiss etdiklərindən özlərini təmizə çıxarmaq üçün müxtəlif bəhanələr tapırdılar.
İkinci cərəyan daha çox dini etika tərəfindən irəli sürülür. Bu dünyadakı həyatın insanlar üçün Allah tərəfindən sınaq kimi göndərilməsi və əsil həyatın o biri dünyada olması fikrindən müəyyən məqsədlər üçün istifadə edən bəzi din xadimləri bu minvalla insanları asketizmə (tərki-dünyalığa) ruhlandırır. Keçmiş əsrlərdə əsasən hakim siniflərin mənafeyinə xidmət edən bu mövqe insanları ədavətə, zülmə, haqsızlığa qarşı mübarizədən çəkindirir, dinin özünə qarşı isə düzgün olmayan münasibət formalaşdırırdı.
Üçüncü cərəyanı pessimist cərəyan adlandırmaq olar. Bu cərəyanın nüiayəndələri insanın mövcudluğunun mənasını inkar edir, onun absurd, mənasız olduğunu sübut etməyə çalışırlar. Kinik (e.ə. IV əsr, əxlaq normalarını inkar edən fəlsəfi məktəb) məktəbinin etikasında, ekzistensialistlərdə (mövcudluq fəlsəfəsi) və s.-də bunun izlərinə rast gəlmək olar. Etika tarixində həyatın mənası, onun sevincləri haqqında ilk təlimin yaradıcısı Epikur sayılır. O, həyatın mənasını müdriklikdə görür. Onun fikrincə, insan ağlı ilə bütün mənasız arzulardan əl çəkməli, qəlbin rahatlığına nail olmalıdır. Qədim Yunan filosoflarından Gegesi hesab edirdi ki, o vaxt yaşamağa dəyər ki, həyatın gətirdiyi həzzin miqdarı iztirablardan çox olsun. Əgər əksinədirsə, onda insan ölsə yaxşıdır. Siseronun dediyinə görə, bu filosof sonralar Peysitanatos ləqəbi qazanır ki, bu da «intihar carçısı» mənasını verir. Onun mühazirələri İskəndəriyyədə bu səbəbdən qadağan edilmişdi (102, s.203) XVIII əsr fransız materialistləri həyatın mənasını insanın dünyəvi maraqlarından ayırmağa qarşı qətiyyətli çıxış etdilər. Bu, onların əvəzsiz xidmətidir. Onlar həyatın mənasını xoşbəxtliyə, dünyəvi ideala qovuşmaqda görür, elmi nailiyyətləri, bəşəriyyətin tərəqqisinə sonsuz inamı bunun əsası hesab edirdilər
Həyatın mənası və həyatın məqsədi anlayışları bir-biri ilə sıx bağlı olsa da eyniyyət təşkil etmir. Həyatın mənası – insanın istəyindən asılı olmayaraq obyektiv şəkildə mövcuddur. Həyatın məqsədi – daxili, şəxsi və konkret olub, insanın özü tərəfindən qoyulur. Bu, hər hansı peşəyə yiyələnmə, konkret bir işdə hansısa nəticəni əldə etmə və s. ola bilər. İnsanın bütün həyatının məqsədi ayrı-ayrı konkret hissələrdən ibarət ola bilər ki, bunun da məcmusu bütöv bir proqram təşkil edir. Şüurlu surətdə qarşıya qoyulmuş məqsədin əxlaqi tərəfi onun həyatın mənasına olan münasibəti ilə ölçülür. Bütün tələbatları birdən yerinə yetirmək mümkün deyil. Böyük və kiçik məqsədlər mövcuddur.
Həyatın mənası anlayışı sosial amillərlə yanaşı şəxsi həyatda baş verən bəzi hadisələrlə də bağlıdır. Bura yaxın adamların itirilməsi, şəxsi həyatdakı qəfil dəyişikliklər, müəyyən yaş dövrü və s. aiddir. Bu zaman yüksək əxlaqi dəyərlərə söykənmək zəruridir. Çünki belə olduqda insan istər-istəməz xeyir, şər, ədalət, borc haqqında düşünür və bunları öz həyatı, taleyi, plan və ümidləri ilə əlaqələndirir. Həyatın mənasız olduğunu dərk edən insan mənəvi cəhətdən sarsılır, əsəbləri pozulur. Əlbəttə, həyatın mənası haqqında düşünmək və narahat olmaq qabiliyyəti bütün insanlarda eyni deyil. Bu, insanın peşəsindən, iş qabiliyyətindən və başqa keyfiyyətlərindən asılı deyil. İnsanın mənəvi həyatında belə bir fikir əsas rol oynayır ki, həyatın mənası var və son məqamda xeyir şərə qalib gəlməlidir. Bu inam olmasa (hətta zəif formada) insan həyatı ağır, məşəqqətli, yorucu və əzablı keçər. İnsanın həyatı onun yaşadığı illərin sayı ilə yox, məzmunu ilə, ətrafdakılara münasibəti, cəmiyyətə verdiyi xeyirlə, əxlaqi keyfiyyətləri, həmçinin şərəfi, namusu, vicdanı, ləyaqəti ilə qiymətləndirilir.


Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin