(6.76) “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm” - söylədi”. Gecənin qaranlığı İbrahimi bürüyəndə o, göydə bir səma cismi gördü. Yəqin ki, bu, son dərəcə parlaq işıq saçan planet idi, çünki təkcə bir səma cisminin xatırlanması onun bütün qalan ulduzlardan fərqli və üstün olduğunu sübut edir. Bir sıra müfəssirlər hesab edirdilər ki, o, Venera imiş. Bu barədə ən yaxşı bilən Allahdır.
İbrahim ucadan dedi: “Budur mənim Rəbbim!” O, özünü elə göstərdi ki, sanki bütpərəstlərə inanmışdır və onun sözlərinin mənası beləydi: “Bu göy cismi mənim Rəbbim olacaq! Amma gəlin baxaq, görək, o, ibadət olunmağa layiqdirmi? Bizdə onun ilahlığı haqqında dəlillər varmı? Dərrakəli insana öz ürəyindən keçənləri ilahlaşdırıb, inandırıcı sübut və dəlillərə istinad etmədən onlara tanrı kimi ibadət etmək yaraşmaz”.
Həmin səma cismi yoxa çıxıb gözdən itdikdə, o dedi: “Mən, ibadət edənləri tərk edərək, diyirlənib gedən tanrıları sevmirəm. Əsil ilah Ona ibadət edənlərin daima qayğısını çəkməli və onların ən zəruri işlərini idarə etməlidir. Əgər tanrı insanları uzun müddətə tərk edirsə, məgər belə tanrı ibadətə layiqdirmi?! Məgər ona ibadət etmək böyük axmaqlıq və əcayib bir uydurma deyilmi?!”
(6.77) “(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım” - söylədi”. Başqa göy cisimlərindən fərqlənən və daha güclü işıq verən doğan ay səmada görünəndə, o, yenə də özünü elə apardı ki, guya bütpərəstlərlə razılaşmışdır. İbrahim (ə) ucadan səsləndi: “Budur mənim Rəbbim! Bu o birilərdən böyükdür”. Ay batanda isə o (ə) belə dedi: “Əgər Rəbbim məni düz yolla aparmasa, mən hökmən yolunu azmışların arasında olaram”. O (ə), Rəbbindən doğru təlimat almağa güclü ehtiyac hiss etdi və başa düşdü ki, əgər O, onu (ə) doğru yola yönəltməsə, bunu başqa heç kim etməyəcəkdir və əgər O, ona (ə) xeyirxah işlər görməkdə kömək etməzsə, onda heç kim ona (ə) belə bir yardım göstərə bilməz.
(6.78) “(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!”