ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Zeytunun becərilməsi üsulları



Yüklə 1,04 Mb.
səhifə3/11
tarix01.01.2017
ölçüsü1,04 Mb.
#4359
1   2   3   4   5   6   7   8   9   10   11

1.5. Zeytunun becərilməsi üsulları

Zeytun bitkisi toxum, calaq, firqəndə, pöhrə və çiliklərlə artırılır. Bitki toxumlarla artırıldıqda nəslin qiymətli əlamətləri çox parçalanır. Ona görə də bu üsul ən çox seleksiya işlərində tətbiq olunur. İki üsulun – calaqetmə və yarım odunlaşmış zoğlardan hazırlanmış qələmlərlə çoxaldılmanın prakriki əhəmiyyəti daha çoxdur.

Ağacların bar verməsi bitkinin artırılma üsulundan asılıdır. Toxum üsulu ilə artırıldıqda bitkilər 7 – 10 yaşında, calaq edildikdə 5 – 6- cı ili, qələmlə artırıldıqda 4 – 5- ci ili bar verir. Bitkilər 15 ilə 50 yaş arasında daha intensiv məhsul verir. Buna baxmayaraq 200 və daha çox yaşı olan ağaclar da bol məhsul verir. Bitkinin sortundan asılı olaraq 15 – 20 yaşlı ağacların məhsulu 15- dən 50 kq- dək, rekord ağaclarınınkı isə 80- 90 kq olur.

Yabanı zeytun, habelə qışadavamlı yerli sortlardan Azərbaycan zeytunu, Buzovna zeytunu və başqaları calaqaltı hesab olunur. Zeytunun artırılmasında calaqaltı materialın - zeytun toxmacarlarıın yetişdirilməsi xeyli çətinlik törədir. Zeytunun qalın, bərk çəyirdəyi yazda torpağa əkiləndən 8 – 12 ay sonra cücərir. Çəyirdəklərin cücərməsini tezləşdirmək və toxumların bərabər cücərməsinə nail olmaq üçün onları səpindən qabaq müxtəlif üsullarla emal edirlər. Bunlardan başlıcaları bioloji ( Y.S. Xramovun işləyib hazırladığı) və meaxniki emal üsuludur.

B i o l o j i ü s u l açıq stratifikasiya prinsipinə əsaslanır və aşağıdakı kimi edilir. Zeytunun meyvəsi tam yetişdikdən sonra ətindən çıxarılır, 24 – 36 saat suda isladılır (suyun temperaturu 250C olmalıdır), sonra həmin çəyirdəkləri xırda yeşiyə 20 – 25 sm qalınlığında töküb kisə parçası ilə örtür və temperaturu 180C olan sərin binada 15 gün saxlayırlar. Bu müddət ərzində toxumları hər gün qarışdırır və azacıq nəm halda saxlayırlar. Nəticədə toxumlarda yapışqan maddəsi əmələ gəlir. Bu maddə çəyirdəklərin məsamələrini və qapaqcıqlarını yapışdırır. Sonra həmin maddə tədricən dağılır və çəyirdəyin divarları açılır, toxum hava və rütubət alaraq , cücərməyə başlayır. Bütün proses 30- 65 gün çəkir (sortdan və çəyirdəyin qalınlığından asılı olaraq). Toxumları aprel – may və avqustda səpirlər; 1 – 3 aydan sonra toxumlar kütləvi halda cücərib çıxır.

M e x a n i k i ü s u l çəyirdəklərin şişmər tərəfini xüsusi qayçı və ya bağban qayçısı (sekator) ilə kəsməkdən ibarətdir. Bu zaman toxum sərbəst olaraq hava və rütubət alır, 2 – 4 aydan sonra cücərməyə başlayır. Toxumu hər kavdrat metr sahəyə 1 kq hesabı ilə ləklərə və ya istişitilliklərə səpib 2 – 3 sm dərinlikdə basdırırlar.

Vegetasiya müddətində əkinə qulluq suvarmaqdan, yumşaltmaqdan və alaqları vurmaqdan ibarətdir.

Gələn ilin yazında (aprel – may aylarında) cərgələr arasında 90 – 100 sm məsafə saxlayaraq, bitkiləri bir- birindən 40 – 50 sm aralı yumşaldılmış tarlaya əkirlər. Sahələrdəki calaq olunacaq toxmacarlara edilən qulluq meyvəçilikdə edilən ümumi qayda üzrə aparılır.

Əkindən üç il sonra (mart – aprel aylarında) calaqaltının calaq vurulacaq yerinin diametri 8 – 10 mm- ə çatdiqda onlara calaq vururlar. Çilikləri keçənilki zoğların yaxşısından calaq vurulan gün və ya ondan 1 – 2 gün qabaq tədarük edirlər. Calaq edilən bitkilərin 80 – 90%- i tutur.

Zeytunun bu üsul ilə artırılması, yəni toxumları səpərək sonradan cırların cinsini yaxşılaşdırmaq, əkin materialını yetişdirmək üçün çox uzun (4 – 5 il) çəkir və baha başa gəlir. Daha tez başa gələn və təcrübədə özünü doğruldan üsul – çiliklərlə artırmaq üsuludur. Lakin zeytun çox çətin kök atan subtropik bitki cinsinə aiddir. Yaşlı ağaclardan kəsilən odunlaşmış çiliklər çox çətin kök atır; cavan toxmacardan götürülən çiliklər isə hətta boy maddələrinin təsiri olmadan, qısa müddətdə 100% kök atır.

Bunun səbəbi odur ki, bitkilərin qabığındakı sklerenxim və ya mexaniki elementlər daşlaşmış hüceyrələrdən və lifli sivrimlərdən bütöv halqalar əmələ gətirir, heceyrələrin bölünməsinə və kök rüşeymlərinin əmələ gəlməsinə mane olur.

Birillik cavan zoğların qabığında sklerenxim elementlər zəif inkişaf etmiş və topa halında səpələnmişdir. Bunların arasında canlı parenxim hüceyrələr olur və bu hüceyrələrdən kallüs, yəni kökün ilk mərhələsi əmələ gəlir. Odur ki, zeytun bitkisinin odunlaşmamış birillik göy çiliklərlə artırılması və onların boy maddəsi ilə işlənməsi daha çox fayda verir.

Boy maddələri kambiya hüceyrələrində kök əmələ gələn zaman hüceyrələrin bölünmə prosesini gücləndirir. Bununla da kökəmələgətirmə prosesi və ana ağacın rayonlaşdırılmış sortundan öz kökü olan mədəni bitkilərin inkişafı güclənir.

Bir çox başqa üstünlükləri ilə yanaşı, bu üsul qiymətli sortların az miqdarda olan ana bitkilərindən daha səmərəli istifadə etməyə imkan verir.

Göz calağı vuran zaman yaxşı inkişaf etmiş tam yaşlı bir ana ağacdan 200 çilik tədarük edir, göyqələm vuran zaman isə 2000 ədədədək çilik kəsmək olur. Ana ağaclara yaxşı qulluq olunmalı, onlar güclü olmalı və 30 – 50 sm artım (boy artımı) verməlidir.

Çilikləri aşağıdakı müddətdə tədarük etmək olar: fevral – mart aylarında, payız zoğlarından elə kəsmək lazımdır ki, yayın isti günlərinə kimi onlar kök ata bilsin; aprel – may aylarında təzə boy atmış uzun göy qələmlər kəsilir; payızda – oktyabr, noyabr aylarında ikinci boyatmanın çiliklərindən. Çilikləri səhər tezdən çətrin aşağı hissələrindən kəsirlər. Çiliyi 7 – 12 sm uzunluqda, eni aşağı hissədə buğumun altında 3 – 5 mm aralıqda kəsmək lazımdır.

Çiliklərin tədarük olunduğu vaxtdan asılı olaraq, güclü transpirasiyanın (buxarlanmanın) qarşısını almaq üçün çiliklərdə müxtəlif miqdarda yarpaq saxlanılır: yazda və yayda ancaq yuxarıdakı cüt yarpaq, payızda və qışda isə ancaq aşağıdakı iki yarpaq qoparılır. Çiliklər kəsildikdən sonra onları dərhal dibində su olan vedrəyə qoyurlar. Sonra daha yaxşı kök atmaq üçün çiliklər stimulyasiya maddələrinin – 0,01%- li heteroauksin məhlulu ilə (1 l suya 100 mq) və ya 0,005%- li indolilyağlı turşu (1 l suya 50 mq) ilə 6 saat ərzində (göy çiliklər) və ya 10 saat (odunlaşmış çiliklər) 200C temperaturda işlənilir. Dərmanlanmış çiliklər yazda parniklərə, yayda dərin xəndəklərə, payız- qış dövründə oranjereya və ya isti şitilliklərə əkilir. İlk 15 – 20 gündə, kallus əmələ gələnə kimi havanın rütubəti 90 – 95%, temperaturu 18 – 200C olub, tədricən 250C- dək yüksəldilir. Çiliklər 30 – 35 gündən sonra kök atır, sonrakı 30 gündə isə bitkilər kifayət qədər kök əmələ gətirir. Kökləyən çiliklər 15-25 sm qidalanma sahəsi saxlamaqla, böyümək üçün istişitilliklərə əkilir.

Bitkilərə edilən qulluq suvarmadan, istişitilliklərin havasını dəyişməkdən və çilikləri günəş şüalarından muhafizə etməkdən ibarətdir.

Çiliklərin əkilməsi müddətindən asılı olaraq, kök atmış bitkilər yazda və ya payızda bir- birindən 40 – 50 sm aralı, cərgələrarası 80 – 90 sm saxlanmaqla tingliklərə əkilir.

Tinglikdə bitkilərə edilən qulluq sahəni 1 – 2 il ərzində suvarmadan, yumşaltmadan, yayda əlavə olaraq azot gübrəsi verməkdən, alaqlarla mübarizə aparmaqdan ibarətdir.


1.5.1. Zeytun ağacına forma verilməsi və onun budanması
Bitkilərə hələ tinglikdə ikən forma verilir. Onlara alçaq ştamblı (20 – 40 sm) və ya yarımştamblı (50 – 70 sm) yarussuz və ya çətri kola bənzəyən forma verilir. Tinglikdə bitkilərə yaxşı qulluq edildikdə 3 – 4 əsas budağı olan, düz gövdəli və kök sistemi yaxşı inkişaf etmiş ikiillik tinglər əldə edilir.

Bitkilərin təbii inkişafını sürətləndirmək üçün bir- birinə mane olan və sınıq budaqlar, su pöhrələri kəsilib atılır.


1.5.2. Zeytun bağlarının salınması
İ.M.Axundzadə Azərbaycanda zeytun yetişdirilməsi üçün əlverişli olan 5 subtropik bölgənin olduğunu müəyyən etmişdir.

1. Abşeron yarımadası.

2. Gəncə bölgəsi (Gəncə, Şəmkir, Goranboy, Ağstafa).

3. Qarabağın düzənlik bölgəsi (Tər-Tər, Ağdam, Bərdə).

4. Şirvan bölgəsi (Ağsu, Göyçay, Ucar, Ağdaş)

5. Şərqi Kür- Araz bölgəsi (Şirvan, Neftçala, Səlyan, Sabirabad).

Yuxarıda adları çəkilən bölgələr ən çox taxılçılıq, pambıqçılıq, üzümçülük, tərəvəzçilik, eləcə də heyvandarlıqla ixtisaslaşmışdır. Burada zeytunçuluğu inkişaf etdirmək üçün yeni zeytun plantasiyaları salınmalıdır. Bu işi əsas etibarilə yararsız torpaqlarda, rekultivasiya tələb edilən sahələrdə aparmaq məqsədəuyğundur. Salınan yeni zeytun bağları yalnız 7 – 10 ildən sonra məhsul verməyə başlayacaqdır. Odur ki, bu işləri vaxtında aparılmalı və respublikada Ərzaq proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəmin yaradılmalıdır.

Zeytun bağı salmaq üçün su və havanı yaxşı keçirən, qumsal, tərkibində 25%- ə qədər əhəng olan azacıq və ya orta dərəcədə gillicəli- mexaniki tərkibli torpaqlar ayrılmalıdır. Bağları yamaclarda saldıqda cənub, cənub- qərb ekspoziyalı, istinin və işığın ən çox olduğu sahələrin seçilməsi daha əlverişlidir. Sort xüsusiyyətindən asılı olaraq, zeytun ağacına 8 x 8, 8 x 6, 6 –x6 və 5 x 6 m qidalanma sahəsi ayırırlar. Tingləri əkməzdən qabaq hər çalaya 6 – 10 kq çürümüş peyin, 200 qr ammonium şorası, superfosfat və 100 qr kalium duzu verilir. Bunları torpaqla yaxşıca qarışdırmaq lazımdır. Əkindən qabaq verilən gübrə tinglərin ilk 4 – 5 ildə normal inkişaf etməsinə səbəb olur. Bağları bütün üç istiqamətdən olan sortlardan – konservlik, yağlıq, konservlik- yağlıq sortlardan salırlar. Tozlanacaq hər 2 əsas ağaca bir tozlayıcı ağac əkilir. Əsas universal tozlayıcı sort Azərbaycan zeytunu sayılır.


1.5.3. Bağlara qulluq

Cavan bağlara edilən qulluq meyvəçilikdə qəbul edilmiş ümumi qaydalar kimidir. 5 – 10 yaşlı zeytun bağlarına üzvi (peyin) və mineral gübrələr – fosfor və kalium payızda, gövdəətrafı dairəyə, yəni hər bir ağacın altına 40 – 45 kq çürümüş peyin, 600 qr superfosfat və 150 – 200 qr kalium duzu verilir. Azotlu gübrələr yaz becərməsi zamanı hər ağacın altına 400 qr, yayda əlavə olaraq 200 qr verilir. Quraq rayonlarda bitkilər, tələbatdan, ilin şəraitindən və yağıntının miqdarından asılı olaraq 9 – 10 dəfə suvarılır (yazda 2 dəfə, yayda 5 dəfə, payızda və qışda rütubəti toplamaq üçün 2 – 3 dəfə).

Cavan zeytun ağacları çala üsulu ilə suvarılır. Bitkilərin kök sistemi inkişaf etdikcə bütün qidalanma sahəsi şırım üsulu ilə suvarılır.
1.6. Zeytunun yetişməsi, yığılması və emala hazırlanması
Zeytunun meyvəsi birtoxumlu, çəyirdəklidir, kənarları ətlidir, çəkisi 1 – 15 qramadək girdə və ya uzunsov oval formalı, ucu küt və ya şiş olur. Çəyirdəyi bərkdir, çəyirdək divarının qalınlığı 2 mm- dir.

Zeytun bitkisinin vegetasiyası, havanın temperaturu 8 – 100C olduqda, martın axırı və ya aprelin əvvəllərində başlayır. Zeytun ağacları üçün iki vegetativ boyatma dövrü aydın görünür; yaz və yay boyatma dövrləri. Zeytun ağacları havanın orta gündəlik temperaturu 20 – 230C- yə çatdıqda, iyunun əvvəllərində çiçəkləməyə başlayır. Zeytun bitkisi külək vasitəsi ilə tozlanır. Ağacların birevli olmasına baxmayaraq həm fertil (öz- özünə mayalanan), həm də steril sortları çarpaz tozlanma tələb edir. Çarpaz tozlanma nəticəsində yumurtalarının sayı artır, tökülən meyvələrin miqdarı azalır, məhsuldarlıq yüksəlir.

Meyvələr oktyabrın axırında texniki yetişkənlik dövrünə (göy zeytun), noyabrın əvvəlində isə botaniki (qara) yetişkənliyə düşür və sortundan, payız- qış dövrünün hava şəraitindən asılı olaraq, yetişmə yanvarın yarısına kimi davam edir.
1.6.1.Meyvələrin yığılması

Zeytunun meyvələrindən nə məqsəd üçün istifadə olunmasından asılı olaraq, onları müxtəlif yetişkənlik mərhələsində yığırlar. Konserv hazırlamaq üçün “göy zeytun”- u texniki yetişkənlik mərhələsində, meyvələr yaşıl rəng aldıqda yığırlar. Orta və gec müddətdə yütişən bir sıra sortların meyvəsi hava şəraitinə görə tam botaniki yetişkənlik dövrünə çatmır. Odur ki, belə sortların meyvəsini həm konserv hazırlamaq, həm də zeytun yağı almaq üçün yaşılımtıl- qırmızı və ya yaşılımtıl- bənövşəyi rəng aldıqda dərmək lazımdır. Tam yetişdikdə, qara zeytundan quru duzlama və yağ almaq üçün istifadə edirlər. Konserv hazırlamaq üçün irimeyvəli sortlar olan Santa Katerina, Askolano, Azərbaycan zeytunu, Armudu zeytun, Sevilyano və başqa sortların “göy zeytun”- undan istifadə edirlər.

Zeytun meyvələri yağ çıxarmaq, marinad, şoraba və ya duzlanmış halda sərf etmək üçün istifadə olunur. Yağ çıxarmaq üçün meyvələri tamamilə yetişdikdən sonra dərilir. Yaşıl və tam yetişməyən meyvələr marinad və şoraba hazırlamaq məqsədi ilə dərilir. Tam yetişmiş meyvələri də duzlamaq mümkündür. Yetişən meyvələr sortlara məxsus olan bənövşəyi qara rəng alır. Keyfiyyətli yağ almaq üçün əti çox da yumşalmayan meyvələri dərmək lazımdır. Bir qədər sütül toplanmış meyvələrin yağları ətirli, dadlı, gözəl rəngli olur və uzun müddət saxlanılır.

Sütül müyvələrin təzə yağı bir qədər acıtəhər olur. Sonralar bu acılıq itir. Çox yetişmiş meyvələrin yağları dadsız və rəngsiz olur. Uzun müddət qalır. Ağacın üstündə meyvələri uzun müddət saxlamaq qorxuludur. Payızın şaxtalarından tələf ola bilərlər. Meyvələri vaxtında yığılmayan ağaclar gələn il məhsuldarlığını azaldır.

Zeytun meyvələri əl ilə dərilməlidir. Marinad üçün yığılanlar zədələnməməlidir. Zədələnmiş meyvələrin saxlanılması çətinləşir. Bunlar asanlıqla xarab olur, acıyır. Bəzi şəraitdə meyvələr özləri yerə tökülür, buna görə də ağacların altlarını vaxtında təmizləmək, otlarını çalmaq lazımdır. Zeytun ağacı 30 – 50 yaşında maksimum miqdar zeytun meyvəsi verir və bu 100 yaşına qədər davam edir. Bundan sonra məhsuldarlıq azala bilər.
1.7. Zeytun bitkisinin ziyanvericiləri və xəstəlikləri
Zeytunun ən çox yayılmış və əsas ziyanvericiləri: zeytun güvəsi, zeytun milçəyi, zeytun qurdu, zeytun yarpaq birəsidir.

Z e y t u n g ü və s i n i n tırtılları yarpaqları, qönçələri, çiçəkləri və toxumların nüvəsini zədələyir. Zədələnmiş yarpaq və meyvələr vaxtından əvvəl tökülür.

Mübarizə tədbiri yazda (apreldə) 0,4%- li Paris yaşılı məhlulunu söndürülməmiş əhəngin ikiqat dozası ilə bitkilərə çiləməkdən ibarətdir. Ağaclar çiçəkləməyə başladıqda, hər ağaca 0,5 – 1 kq hesabı ilə DDT dustu tozlayırlar. Çiçəklədikdən sonra (lazım gəldikdə) yazda tətbiq olunan preparatlarla, lakin 0,35% anabazin-sulfat əlavə etməklə bitkilər təkrar çilənir.

Z e y t u n m i l ç ə y i meyvələri zədələyərək məhsula böyük ziyan vurur. O meyvənin qabığı altına yumurta tökür və bir neçə gündən sonra həmin yumurtalardan sürfələr çıxaraq, meyvənin əti ilə qidalanırlar. Yoluxmuş meyvələr tökülür.

Mübarizə tədbiri – hər bir kvadrat metr sahəyə 40- 50 qram hesabı ilə ağacların gövdəətrafı dairəsinə iki dəfə (çiçəkləmənin əvvəlində - iyunda və sentyabrda) heksaxloran tətbiq etməkdən ibarətdir. Hər iki dərmanlanmanın arasında, iyul ayında ağaclara 4%- li DDT suspenziyası çiləyirlər. Bitki qalıqlarının toplanılıb yandırılması da yaxşı olar.

Z e y t u n q u r d u n u n sürfələri və dişicikləri zeytunun yarpaqlarında və zoğlarında məskən salaraq onların şirəsini sorur və bunun nəticəsində zədələnmiş hissələr quruyur. Onlar dəstə ilə ağaclara daraşaraq məhsula böyük ziyan vururlar. Ziyanvericilərin ifrazatında hisli göbələklər məskən salır.

Mübarizə tədbirləri – payızda, meyvələr yığıldıqdan sonra bitkiləri fumiqasiya etmək çox fayda verir. Fumiqasiya 98%- li sinil turşusu ilə çadrın altında aparılır, çadrın hər 1 m3 ölçüsünə 10 – 15 qr zəhər götürülür. Ağacların çətrini zədələnmiş hissələrdən mütləq təmizləmək və bitki qalıqlarını toplayıb yandırmaq lazımdır.

Z e y t u n b i r ə s i və ya b a l l ı c a təhlükəli zərərvericidir: onlar erkən yazda tumurcuqların şirəsini, sonra isə hamaşçiçəklərin və cavan zoğların toxumalarının şirəsini soraraq onları zədələyir. Nəticədə qönçələr və çiçəklər tökülür, zoğlar quruyur. Bitkilərin zədələnmiş hissəsində ballıca mum ifrazını şirin- yapışqanlı damcı qarışığı ilə hörür. Uzaqdan o mahlıca bənzəyir. Zərərverici həmin ifrazatlarla hamaşçiçəkləri hörərək, çiçəklərin tozlanmasına mane olur. Yaşlı həşəratlar ağacda qışlayır.

Mübarizə tədbiri erkən yazda (aprelin əvvəlində) və çiçəkləmənin əvvəlində (iyunun əvvəli) hər ağacı 0,4 – 1 kq hesabı ilə DDT dustu ilə tozlamaqdan ibarətdir. Daha sonrakı müddətdə 0,2%- li tiofos və ya ditiofos məhlulu ilə çiləmək yaxşı nəticə verir.

Zeytunun xəstəliklərindən ən təhlükəlisi z e y t u n “s ə p g i s i” və m e y v ə ç ü r ü m ə s i d i r.

Zeytun “səpgisi” və ya halqavarı ləkə - göbələk xəstəliyidir. Bu xəstəliyin xarakterik əlaməti zeytunun cavan yarpaqlarında və meyvələrində xırda zeytunu – qonur, məxmərə çalan ləkələrin əmələ gəlməsidir. Ləkələrin ortası yaşılımtıl, dövrəsində isə açıq- sarı haşiyə əmələ gəlir. Ləkə köhnəldikcə bozumtul- ağ rəng alır. Nəticədə yarpaqlar tökülür, meyvələrin inkişafı ləngiyir, bitkilər zəifləyir; məhsuldarlıq isə xeyli aşağı düşür.

“C ü z a m” və ya meyvələrin çürüməsi göbələk mənşəli xəstəlikdir. Bu xəstəlik iri meyvəli sortların zərif ətini yetişmə mərhələsində zədələyir. Meyvələrin üzərində batıq- qəhvəyi ləkələr görünür. Meyvələr tökülməyə başlayır. Xəstəlik çox yayıldıqda yarpaqları da zədələyir. Həmin xəstəliklərə qarşı vegetasiyanın əvvəlində və avqust – sentyabr aylarında ağacları 1%- li Bordo mayesi ilə ikiqat çiləyirlər. Yoluxmuş yarpaqların və meyvələrin toplanılıb yandırılması, həmçinin hava cərəyanını yaxşılaşdırmaq və göbələklərin əmələ gəlməsi şəraitini ləğv etmək, çətrin hər il budanması və seyrəldilməsi səmərəli profilaktik tədbir hesab olunur.


1.8. Zeytun meyvəsinin standart üzrə

keyfiyyət göstəriciləri və saxlanılması
AZS 233 – 2006 saylı Texniki şərtlər tədarük edilən və sənaye emalına göndərilən təzə yaşıl və qara zeytuna şamil edilir.

Bu texniki şərtlərdə istinad edilən normativ sənədlərin siyahısı kitabın sonunda verilir.

Təyinatından asılı olaraq yaşıl və qara zeytun iki yerə ayrılır:

- konservləşdirmə üçün yaşıl və qara zeytun;

- zeytun yağı istehsalı üçün qara zeytun.

Konservləşdirmə üçün nəzərdə tutulan yaşıl və qara zeytun keyfiyyətindən asılı olaraq iki əmtəə növünə ayrılır: birinci və ikinci.

Keyfiyyət göstəricilərinə görə konservləşdirmə üçün nəzərdə tutulan yaşıl və qara zeytun 1.5. saylı cədvəldə göstərilən tələblərə uyğun olmalıdır.


Cədvəl 1.5. Təzə yaşıl və qara zeytunun

keyfiyyət göstəriciləri.


Göstərici-

lərnin adı



Xarakteristikası və norması

Yaşıl zeytun

Qara zeytun

Birinci

növ


İkinci növ

Birinci növ

İkinci növ


1

2

3

4

5

Xarici

görünüşü


Təzə, sağlam, bütöv, təmiz, lətli, ölçüləri yetişmiş qara zeytunun ölçülərinə çatmış, xəstəlik və ziyanvericilərlə zədələnməmiş, mexaniki zədələrsiz və ləkələrsiz

Təzə, sağlam, bütöv, təmiz,

tam bioloji yetişmə dərəcəsinə

çatmış, xəstəlik və ziyanvericilərlə zədələnməmiş, mexaniki zədələrsiz








ən çoxu 2 yerdə çanaqlı yastıca tərəfindən sancılmaya yol verilir

ən çoxu 2 yerdə

çanaqlı yastıca

tərəfindən sancıl-

maya yol verilir



ən çoxu 5 yerdə çanaqlı yastıca tərəfin-

dən sancıl-

maya yol verilir


Rəngi


Sarımtıl samanı

çalarlı açıq yaşıl



Qara




Tünd bənövşəyi,

qonur, qırmızımtıl-qəhvəyi çalarların olmasına yol verilir. Yaşıla çalar meyvə-lərin olmasına yol verilmir



En kəsiyinin

ən böyük diametri

üzrə meyvələrin

ölçüsü, mm, ən azı: bütöv halda konservləşdiril-mə üçün



16


14


16


14


Zeytun kürüsünün istehsalı üçün

M ə h d u d l a ş d ı r ı l m ı r

Daxili quruluşu

Ləti sıx, yetişməmiş,

çəyirdəyi bərkimiş



Ləti yetişmiş, sıx, zərif, mövcud pomoloji növə məxsus rəngdə, çəyirdəyi asanlıqla ayrılan

Q e y d. Azca əzilmiş, qabığı azacıq ölüşkəmiş və qaralmış meyvələrin zeytun kürüsü istehsalında istifadə edilməsinə yol verilir.


Zeytun yağı istehsalı üçün nəzərdə tutulan qara zeytun 1.6. saylı cədvəldə göstərilən tələblərə uyğun olmalıdır.

Yaşıl və qara zeytunun tərkibində toksiki elementlərin, pestisidlərin və radionuklidlərin miqdarı “Ərzaq xammalı və yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə olan gigiyenik tələblər” – SanPiN 2.3.2.560 ilə müəyyən edilmiş və 2.4. saylı cədvəldə göstərilmiş yol verilən hədlərdən yüksək olmamalıdır.

Yaşıl və qara zeytun QOST 10131, QOST 17812 üzrə yeşiklərə qablaşdırılır.

Qablaşdırma tarası möhkəm, təmiz, quru, kənar iysiz olmalıdır.

Qablaşdırılacaq zeytunların səthi nəm olmamalıdır.

Hər bir nəqliyyat tarasının üzərinə aşağıdakı məlumatlar göstərilən etiket yapışdırılmalıdır:

yük göndərən təsərrüfatın adı;

məhsulun adı, pomoloji və əmtəə növü;

məhsulun yığım və yüklənib göndərilmə tarixi;

partiyanın nömrəsi;

briqadanın və ya qablaşdırıcının nömrəsi;

sertifikatlaşdırma haqqında məlumat;

bu standartın işarəsi.

Markalanma Respublikanın dövlət dilində olmalıdır.

Yaşıl və qara zeytun partiyalarla qəbul edilir. Eyni pomoloji və əmtəə sortuna məxsus, eyni növ, tip, ölçülərdə olan taraya qablaşdırılan, eyni nəqliyyat vasitəsində gətirilən, eyni keyfiyyət vəsiqəsi və “Bitkiçilik məhsullarının tərkibində toksiki elementlərin miqdarı və pestisidlərin tətbiqi

üzrə reqlamentlərə riayət edilməsi haqqında sertifikat” ilə rəsmiləşdirilən istənilən miqdarda yaşıl və qara zeytun partiya hesab edilir.



Cədvəl 1.6. Zeytun yağı istehsalı üçün nəzərdə

tutulan qara zeytunun keyfiyyət göstəriciləri


Göstəricinin adı

Xarakteristikası və norması

Xarici görünüşü

Təzə, təmiz, yetişmiş meyvələr. Ölüşkəmə əlamətləri olan meyvələrin mövcudluğuna yol verilir

Rəngi

Qara, qara- bənövşəyi

Partiyada 25%-ə qədər bənövşəyi-qonur və bənövşəyi-yaşılımtıl rəngli (meyvə səthinin 10-i qədər) meyvələrin olmasına yol verilir



En kəsiyinin ən böyük diametri üzrə meyvələrin ölçüsü, mm, ən azı

8





Partiyada 15%-ə qədər ölçüsü ən azı 6 mm olan meyvələrin olmasına yol verilir

Daxili quruluşu

Ləti yetişmiş , sıx və ya yumşaq, kiçik əzilmiş yerlər, çatlar ola bilər

Kənd təsərrüfatı ziyanvericiləri və xəstəliklər ilə zədələnmə:

meyvənin səthinin bənövşəyi çanaqlı yastıca ilə iynələnməsi



Məhdudlaşdırılmır

Cüzamla zədələnmə

Partiyada 10% meyvədə yol verilir

Keyfiyyət vəsiqəsində aşağıdakılar göstərilir:

vəsiqənin nömrəsi və verildiyi tarix;

toksiki elementlərin miqdarı haqqında sertifikatın nömrəsi və verildiyi

tarix;

partiyanın nömrəsi;



yük göndərən təsərrüfatın adı və ünvanı;

alıcı təşkilatın adı və ünvanı;

məhsulun adı və əmtəə növü;

pomoloji növün adı;

qablaşdırma vahidlərinin miqdarı;

xalis və tara ilə birlikdə kütləsi, kq;

məhsulun yığım, qablaşdırılma və yüklənib göndərilmə

tarixi;


nəqliyyat vasitəsinin nömrəsi və növü;

daşınma müddəti, sutka;

pestisidlərlə son işlənmə tarixi və pestisidlərin adı;

bu standartın işarəsi.

Yaşıl və qara zeytunun keyfiyyətinin bu standartın tələblərinə uyğunluğuna nəzarət etmək üçün partiyanın müxtəlif yerlərindən nümunələr seçilib götürülür:

100 yeşiyə qədər (sonuncu daxil olmaqla) - ən azı üç yeşik;

100 yeşikdən yuxarı - əlavə olaraq sonrakı dolu və yarımçıq hər 50 yeşikdən bir yeşik.

Toksiki elementlərin, pestisidlərin və radionuklidlərin miqdarına nəzarət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada aparılır.

Nəzarətin nəticələri bütün partiyaya şamil edilir.

Partiyadan secilib götürülmüş nümunələrin keyfiyyəti yoxlanıldıqdan sonra onlar nəzarət olunan partiyaya əlavə edilir.

Zədələnmiş yeşiklərdəki yaşıl və qara zeytunun keyfiyyəti ayrıca yoxlanılır və nəticələr ancaq bu yeşiklərdəki məhsula şamil edilir.

Standart üzrə seçilib götürülmüş yaşıl və qara zeytun QOST 29329 üzrə tərəzidə ± 0,1 kq xəta ilə çəkilir. Standartda qeyd edilən göstəricilər üzrə fraksiyalara ayrılır.

Hər bir fraksiya ayrıca çəkilir.

Məhsulun xarici görünüşü, rəngi, daxili quruluşu, xəstə və zədələnmiş meyvələrin mövcudluğu orqanoleptik yolla, ölçüləri – QOST 166 üzrə ştangensirkulla təyin edilir.

Meyvələrin daxili quruluşunu müəyyən etmək üçün seçilmiş nümunələrdən ən azı 10 ədəd yaşıl və ya qara zeytun götürülərək kəsilir.

Hər fraksiyadakı meyvələrin miqdarı keyfiyyətini müəyyən etmək üçün seçilib götürülmüş məhsulun kütləsinə nisbətən faizlə hesablanır.

Hesablamalar ikinci onluq işarəyə kimi, sonradan nəticəni birinci onluq işarəyə qədər yuvarlaşdırmaqla aparılır.

Toksiki elementlərin təyini üçün nümunələrin hazırlanması QOST 26929 üzrə həyata keçirilir.

Toksiki elementlər QOST 26927, QOST 26930 – QOST 26934, pestisidlər QOST 30349 və Səhiyyə Nazirliyinin təsdiq etdiyi üsullar, radionuklidlər Səhiyyə Nazirliyinin təsdiq etdiyi üsullar üzrə təyin edilir.

Toksiki elementlərin atom- absorbsiya üsulu ilə təyini QOST 30178 üzrə təyin edilir.

Yaşıl və qara zeytun bütün növlərdən olan nəqliyyat ilə, üstüörtülü nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü üçün qüvvədə olan, tez xarabolan malların daşınması qaydalarına uyğun olaraq daşınır.

Yaşıl və qara zeytun örtülü, ventilyasiya edilən otaqlarda və ya talvarın altında 20C- dən 150C- dək temperaturda saxlanılmalıdır.

Yığıldığı andan emala verilənə qədər məhsulun saxlanma müddəti, ən çoxu:

yaşıl zeytunun – 18 saat;

konservləşdirilmə üçün nəzərdə tutulan qara zeytunun –24 saat;

zeytun yağı istehsalı üçün nəzərdə tutulan qara zeytunun –8 sutka.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin