"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15624
1   2   3   4   5   6   7   8   9   ...   27
onsuz da hər hansı bir bəhanə tapılacaq, ona görə də heç kəs özünü yığışdırmırdı, ardı-
arası kəsilməyən hədə-qorxulara qulaq asa-asa keyləşirdi. Tədricən hamı inandı ki, 
döymək məsələsi olmayacaq. Beləliklə, hamımız deyingən, hər şeyə başdansovdu 
yanaşan, sözə baxmayan uşaqlar olduq, aradan çıxmağa, öz aləmimizə çəkilməyə 
tələsdik. Sən də əzab çəkməyə başladın, biz də... Dişlərini bir-birinə sıxaraq uşaqlarda 
bəlkə də cəhənnəm haqqında ilk təsəvvürləri yaradan xırıltılı bir gülüşlə (bu yaxınlarda 
Konstantinopoldan gəlmiş bir məktubla bağlı dediyin kimi) deyəndə ki, "Əcəb dəstə 
düzəltmisiniz!" - öz tərəfindən tamamilə haqlı idin. Sənin tez-tez camaatın yanında 
bəxtindən şikayətlənməyinlə öz uşaqlarına münasibətin bir-birinə uyğun gəlmirdi. 
Boynuma alıram ki, uşaq olanda (daha doğrusu, bir az böyüyəndə) sənə yazığım gəlmirdi 
və başa düşmürdüm ki, bunu kimdənsə necə uma bilərsən. Axı sən hər cəhətdən nəhəng 
idin! Məgər bizim mərhəmətimizə və ya köməyimizə sənin ehtiyacın vardı?! Əslində, sən 
onlara bizə nifrət etdiyin qədər nifrət etməli idin. Buna görə də mən o şikayətlərin heç 
birinə inanmırdım və onların arxasında nə gizləndiyini tapmağa çalışırdım. Yalnız 
sonralar başa düşdüm ki, sən doğrudan da uşaqların sarıdan dərd çəkirsən, ancaq o 
vaxtlar, bəlkə də bu şikayətlərin başqa bir şəraitdə uşaqlarda cox səmimi, mərhəmət dolu 
hisslər yarada biləcəyi bir zamanda, mənə yenə də çox çılpaq bir tərbiyə, alçaltma 
vasitəsi kimi görünürdü. Düzdür, o qədər də güclü deyildilər, ancaq fəsadsız da 
ötüşmürdülər. Məsələn, uşaqlar çox ciddi qəbul etməli olduqları bir şeyə ciddi 
yanaşmamağa adət edirdilər. Xoşbəxtlikdən bəzi hallarda, xüsusən, sən sakitcə iztirab 

 
43
çəkəndə, məhəbbətin, mərhəmətin bütün gücünü toplayaraq qarşısına çıxan bənd-bərəni 
aşıb səni tapdığı anlarda, müstəsnalar da olurdu. Düzdür, belə anlar az olurdu, ancaq 
gözəl olurdu. Məsələn, o vaxtlar isti yay günlərində günorta yeməyindən sonra gəlib 
sənin mağazada yorğun-arğın piştaxtaya dirsəklənib mürgülədiyini görəndə... Ya da 
bazar günləri qan-tər içində bizim yanımıza kəndə gələndə... Ya da anam ağır xəstə 
olduğu günlərin birində titrəyə-titrəyə, ağlaya-ağlaya kitab şkafına söykənib dayananda... 
Ya da mən axırıncı dəfə xəstələnəndə sakit addımlarla Ottlanın otağına gəlməyin, qapının 
kandarında dayanmağın, başını uzadaraq yatdığım çarpayıya tərəf boylanmağın, salam 
verməyin... Onda mən yorğanı başıma çəkib sevincdən ağladım və elə bunları yaza-yaza, 
indi də ağlayıram... 
Sənin son dərəcə gözəl, çox nadir, sakit, mehriban, xeyirxah bir təbəssümün var, onu 
görən özünü xoşbəxt hiss edə bilər. Uşaqlığımda o təbəssümü mənə göstərdiyin yadıma 
gəlmir, ancaq, yəqin ki, göstərmiş olarsan. Niyə də göstərməyəydin, axı onda günahsız 
bir uşaq idim, mənə böyük ümidlər bəsləyirdin. Yeri gəlmişkən, belə xoş təəssüratların da 
çox xeyiri olmadı, əksinə, özümü daha çox günahkar hiss etməyə başladım, dünya mənə 
daha da müəmmalı göründü. Ancaq faktlardan, həmişə davam eləyən şeylərdən danışsam 
yaxşıdır. Bir tərəfdən özümü təsdiq etmək, qismən də qisas almaq üçün tezliklə səndə 
gördüyüm xırda-para gülünc hərəkətləri müşahidə etməyə, onları üst-üstə gəlməyə, 
şişirtməyə başladım. Məsələn, vəzifəcə o qədər də böyük olmayan adamların səni 
qamaşdırması... Onlardan saatlarla danışmağın... Tutaq ki, hansısa müşavirdən ya da ona 
bənzər adamlardan... (Bir yandan da, ürəyimi ağrıdırdı ki, sən, yəni, mənim atam, öz 
qiymətini qaldırmaq üçün belə mənasız söhbətlər edir, bununla öyünür). Ya da görürdüm 
ki, ədəbsiz sözlərdən, onları ucadan deməkdən xoşun gəlir, sonra da elə gülürsən ki, guya 
lap gözündən vurmusan, ancaq o cür danışmaq əslində bayağı bir ədəbsizlik idi (həm də 
sənin necə güclü olmağın haqqındakı təsəvvürlərimi korlayırdı, məni utandırırdı). 
Əlbəttə, bu cür müşahidələrin sayı çox idi və mən də buna sevinirdim, çünki qeybətə, 
zarafata bəhanəm olurdu. Bəzən bunu başa düşərək əsəbiləşirdin, kinlilik, hörmətsizlik 
hesab eləyirdin, ancaq inan ki, bunların hamısı özümü qoruyub saxlamaq üçün tapmış 
olduğum yararsız vasitələr, zarafatlar idi. Elə zarafatlar ki, onları allahların, şahların 
haqqında da danışırlar... Elə zarafatlar ki, kiməsə olan dərin hörmətini azaltmır, əksinə, 
həmin hörmətin tərkib hissəsinə çevrilir. Yeri gəlmişkən, sən də mənim qarşımda eyni 
vəziyyətə düşəndə, özünü bir növ müdafiə etməyə çalışırdın. Adətin üzrə başlayırdın ki, 
mənim kefim həmişə kök olub, mənimlə həmişə yaxşı rəftar olunub... Bunlar düzdür, 
ancaq inanmıram ki, o vaxtkı vəziyyətlərdə mənə çox kömək etmiş olsunlar. Düzdür, 
anam mənə qarşı hədsiz dərəcədə mehriban idi, ancaq mənə elə gəlirdi ki, bu mehribanlıq 
səninlə pis münasibətdə olduğuma görədir. O, özü də bilmədən sürəkçi rolunu oynayırdı. 
Bəzən elə inanılmaz vəziyyətlər alınırdı ki, sənin tərbiyə üsullarının yaratdığı tərslik, 
dönüklük, hətta nifrət, bəlkə də, mənə özümü toplamağa kömək edərdi, ancaq anam öz 
mehribanlığı, ağıllı danışığı (mənim qarmaqarışıq uşaq aləmimdə o, ağıl mücəssəməsi 
idi), tərəfkeşliyi ilə onları yumşaldırdı və mən yenə də sənin təsir dairənə qayıtmalı 
olurdum, ancaq ola bilsin, bu dairədən uzaqlaşardım, mənə də yaxşı olardı, sənə də... 
Bəzən də barışmırdıq və onda anam səndən gizli məni müdafiə edirdi, gizlincə nəsə 
ötürürdü, nəyəsə icazə verirdi, axırda yenə də sənin qarşında yalançı kimi, günahkar kimi 
qalırdım, yenə tir-tir əsməyə başlayırdım və belə çıxırdı ki, heç nəyə yaramadığımdan 
haqqım çatan şeyləri də əldə eləməkçün dolayı yollardan istifadə etməliyəm. Əlbəttə, 
sonralar özümə görə haqqım çatmadığı şeyləri bu yollarla əldə etməyə adət elədim və 
beləliklə də özümü daha çox günahkar hiss etməyə başladım. 

 
44
Bu da həqiqətdir ki, məni heç vaxt əməlli-başlı döyməmisən. Ancaq qışqırmağın, 
qıpqırmızı pörtməyin, çiyinbağılarını tələsik çıxarıb stulun başına keçirməyin döyməkdən 
də betər olurdu. Elə bil, kimsə asılmalı idi. Əgər doğrudan da asılırdısa, deməli, ölürdü və 
hər şey də qurtarıb gedirdi. Ancaq kimisə asmağa onun gözünün qabağında hazırlaşırsan 
və o da bunları görür, qarmaq gözləri önündə oynayır, sonra da əfv xəbəri gəlirsə, o, 
ömrü boyu əzab çəkməli olur. Belə hallar tez-tez olurdu və açıqca hiss etdirirdin ki, mən 
döyülməyə layiqəm, ancaq sənin mərhəmətin sayəsində döyülmürəm, deməli, bir böyük 
günah da burdan üstünə gəlirdi. 
Çoxdan bəri boynuma minnət qoyursan ki, (tək də olanda, başqalarının yanında da və heç 
vecinə deyildi ki, uşaqlarının neylədiyini hamı bilir), sənin əməyin sayəsində mən ehtiyac 
nə olduğunu bilməmişəm, sakit, isti yerdə, kef-damaq içində yaşamışam. Yadıma o 
vaxtdan beynimdə dərin izlər buraxmış cümlələrin düşür: "Yeddi yaşımda əl arabası ilə 
kəndbəkənd gəzirdim", "Hamımız balaca bir daxmada yatırdıq", "Yeməyə kartof tapanda 
sevinirdik", "Isti paltarım olmadığından baldırlarım illərlə yara tökürdü", "Lap uşaq 
olanda, Pizekdə məni bir dükançıya şəyird verdilər", "Evdən mənə heç nə vermirdilər, 
hətta əsgərlikdə olanda, özüm evə pul göndərirdim". "Bütün bunlara baxmayaraq, atam 
mənim üçün həmişə ata idi! Bu gün belə şeyləri bilən var?! Indiki uşaqlar bunu bilir?! 
Axı heç biri bu çətinlikləri görməyib! Bu gün hansı uşaq belə şeyləri başa düşər?" Bəlkə 
də başqa bir şəraitdə bu sözlər çox gözəl tərbiyə vasitəsi ola bilərdi, uşaqları atalarının 
gördüyü çətinliklərə, ehtiyaca dözməyə öyrəşdirərdi, onları həvəsləndirərdi, 
möhkəmləndirərdi. Ancaq sən bunu heç vaxt istəmirdin, sənin sayəndə vəziyyət artıq 
dəyişmişdi, sənin kimi fərqlənməyə şərait qalmamışdı. 
Bu imkanı qazanmaq üçün zor işlətmək, çevriliş etmək, evdən qaçmaq lazım idi (ancaq 
bu şərtlə ki, buna qətiyyətin, gücün çataydı və ana da öz bildiyi yollarla buna qarşı 
tədbirlər tökməyəydi). Ancaq sən bunların heç birini istəmirdin, hamısını nankorluq, 
iftira, özbaşınalıq, satqınlıq, axmaqlıq hesab eləyirdin. Misal çəkməklə, öz keçmişindən 
danışmaqla, utandırmaqla bizi həm buna sövq edir, həm də hamısına ciddi qadağalar 
qoyurdun. Yoxsa bəzi xırda təfərrüatlar nəzərə alınmazsa, Ottlanın Tsürau sərgüzəştləri 
ürəyincə olardı. Axı o sənin doğma kəndinə getmək, işləmək, sənin bir vaxtlar gördüyün 
çətinlikləri görmək istəyirdi. İstəyirdi ki, işləməkdən sənin kimi ləzzət alsın, sənin kimi 
atasından asılı olmasın. Məgər bunlar çox pis arzu idi? Məgər sənin çəkdiyin misallara, 
verdiyin öyüd-nəsihətlərə uyğun gəlmirdi? Yaxşı, tutaq ki, Ottlanın bu niyyəti sonda baş 
tutmadı, bəlkə də hamıya gülünc göründü, hay-küylü oldu, valideynləri ilə hesablaşmadı. 
Məgər bu, təkcə onun səhvi idi? Məgər evdəki münasibətlərin, hər şeydən öncə də sənin 
ona yadlaşmağının burda günahı yox idi? Məgər mağazada işləyərkən o, sənə 
Tsüraudakından az yadlaşmışdı (necə ki, sonralar özünü buna inandırmağa çalışırdın)? 
Məgər sənin gücün çatmazdı ki, (bu şərtlə ki, özünü buna məcbur edə biləydin), onu 
həvəsləndirəydin, məsləhət verəydin, gözün üstündə olaydı, səbrsizlik göstərməyəydin, 
bu sərgüzəştin də sonu yaxşı qurtaraydı? 
Adətən belə işlərdən sonra acı bir zarafatla deyərdin ki, biz lap əntiqə yaşayırıq. Ancaq 
bunu müəyyən mənada zarafat hesab etmək olmazdı. Sənin zor gücünə qazandıqlarını biz 
evdə əlindən alırdıq, ancaq bayırda da bizə mübarizə aparmaq lazım gəlirdi. Sənə asan 
başa gələn bu mübarizəni biz yaşa dolandan sonra uşaqlığın gücü ilə aparmalı olduq. 
Demirəm ki, buna görə vəziyyətimiz səninkindən ağırdır, ola bilsin ki, eynidir (əlbəttə, 
çıxış nöqtəsini müqayisə etmək olmaz), ancaq bizim bir çatışmayan cəhətimiz var ki, 
sənin kimi öz çətinliklərimizlə öyünə bilmirik, heç kəsi onlarla alçaltmırıq. Onu da 
danmıram ki, mən, bəlkə də, sənin o böyük, uğurlu işlərinin bəhrəsindən dada bilərdim, 
qiymətləndirərdim, onları davam etdirməklə səni sevindirərdim, ancaq bizim bir-birimizə 

 
45
yadlaşmağımız buna mane oldu. Düzdür, verdiklərindən daddım - ancaq alçala-alçala, 
qorxa-qorxa, çəkinə-çəkinə, özümü günahkar hiss eləyə-eləyə... Buna görə də sənə öz 
işimlə - əməlimlə yox, dilənçi yazıqlığı ilə minnətdarlıq eləyə bildim... 
Sənin bu cür tərbiyənin bir zahiri nəticəsi də o oldu ki, səni ötəri də olsa xatırladan hər 
şeydən qaçmağa başladım. Ən əvvəl də mağazadan... Özlüyündə mənim lap uşaqlıq 
çağlarımda, adicə bir mağaza olduğu vaxtlarda ora çox xoşuma gəlməliydi: get-gəli çox 
idi, işıqlı olurdu, adam çox şey görür, çox şey eşidirdi, hətta bəzi işlərdə köməyim də 
dəyərdi, özümü göstərə bilərdim və hər şeydən əvvəl də, sənin əvəzsiz tacirlik istedadına, 
malı necə satdığına, insanlarla rəftarına, zarafatlarına, yorulmazlığına, çətin anlarda çıxış 
yolu tapmaq bacarığına və sairəyə heyran qalardım. Sənin nəyisə bükməyin, qutuları 
açmağın özü bir tamaşa idi və bütün bunların hamısı uşaqlar üçün çox gözəl məktəb ola 
bilərdi. Ancaq tədricən məni hər cəhətdən qorxutduğun, həm mağazanı, həm də özünü 
mənim üzümə bağladığın üçün orda da özümü rahat hiss eləyə bilmədim. İlk günlər mənə 
doğma görünən şeylər sonradan mənə əzab verməyə, utandırmağa başladı, ən çox da 
sənin öz işçilərinlə rəftarın... Bilmirəm, bəlkə də mağazaların çoxunda belə idi (məsələn, 
o vaxtlar Assicurazioni Generali1 buna çox oxşayırdı və orda işdən çıxmağımın səbəbini 
direktora belə izah elədim ki, - tam həqiqət olmasa da, hər halda yalan da deyildi - 
birbaşa mənə yönəlməsə də, söyüşə dözə bilmirəm. Uşaqlıqdan belə şeylərə çox həssas 
idim), ancaq uşaq olanda onların mənə dəxli yox idi. Mən yalnız onu görür və eşidirdim 
ki, sən mağazada qışqırırsan, söyürsən, əsəbiləşirsən. O vaxt elə fikirləşirdim ki, dünyada 
heç kəs belə eləməz. Özü də söhbət yalnız söyməkdən getmir, həm də zülmkar idin. 
Məsələn, ayrı-ayrı yığılmalı malları bir yerdə görəndə, hamısını vurub rəfdən tökürdün, 
onda sənə haqq qazandıran yeganə şey hirsindən ağlını itirməyin olurdu və fəhlələr onları 
təzədən yığmalı olurdular. Bir də ciyərləri xəstə olan fəhlə haqqında dediyin sözlər: "Bu 
xəstə köpək nə vaxt gəbərəcək?!". Öz işçilərinə "muzdlu düşmənlər" deyirdin. Əslində, 
elə idilər, ancaq, deyəsən, onlar belə olmamışdan əvvəl sən özün "muzdur saxlayan 
düşmən" idin. Bu mənim üçün çox yaxşı bir dərs oldu ki, sən də haqsız ola bilərmişsən! 
Mənə qalsaydı, bunu belə tez başa düşməzdim, çünki özümü həmişə günahkar saydığım 
üçün sənə haqq qazandırmışdım. Ancaq orda, sonralar bir az itiləşmiş uşaq ağlıma görə, 
bizim üçün işləyə-işləyə sənin ucbatından həmişə qorxu içində yaşamalı olan yad 
adamlar da vardı. Əlbəttə, mən bunu o vaxt bir az şişirdirdim və ona görə belə eləyirdim 
ki, heç nəyi hesaba almadan, sənin o adamlara da dəhşətli dərəcədə təsir etdiyini 
düşünürdüm. Əgər belə olsaydı, heç biri yaşaya bilməzdi. Onlar yaşa dolmuş adamlardı, 
əsəbləri möhkəm idi və heç bir çətinlik çəkmədən həmin söyüşlərə fikir vermirdilər, son 
nəticədə də onlardan çox sənin özünə ziyan dəyirdi. Bu da mağazanı mənim gözümdən 
salırdı, onu görən kimi sənə münasibətim yadıma düşürdü. Sahibkarlıq marağın, 
hökmranlıq həvəsin bir yana, sən bir tacir kimi də öyrətdiyin adamlardan o qədər 
yüksəkdə dayanırdın ki, onların gördüyü işlərdən heç vaxt razı qala bilməzdin və buna 
uyğun olaraq məndən də həmişə narazı idin. Buna görə də mən istər-istəməz işçilərin 
tərəfinə keçməli olurdum. Bir də ona görə keçirdim ki, çox qorxaq olduğumdan, hər 
hansı bir yad adamın bu cür söyülməsinin mümkünlüyünü dərk eləyə bilmirdim və elə 
çox qorxaq olduğuma görə də, zənnimcə, dəhşətli dərəcədə hiddətlənmiş işçiləri, heç 
olmasa özümü sığortalamaq xatirinə, səninlə, ailəmizlə barışdırmağa çalışırdım. Bunun 
üçün onlarla adi qaydada davranmaq, nəzakətli olmaq, təvazökarlıq etmək kifayət 
deyildi, gərək alçalaydım, nəinki birinci salam verəydim, hətta kiminsə məni birinci 
salamlamasına imkan verməyəydim. Ancaq mən o qədər də vacib olmayan bir adam kimi 
aşağıda onların ayaqları altından öpsəydim də bu sənin bir sahibkar kimi yuxarıda 
başlarına açdığın oyunların əvəzini verə bilməzdi. Buradakı adamlara münasibətim 

 
46
mağazanın hüdudlarını aşdı, hətta gələcəyimə də təsir etməyə başladı (buna oxşar 
münasibətlər Ottloda da yaranmışdı, ancaq məndəki kimi köklü, qorxulu deyildi: 
məsələn, kasıblarla oturub-durmağı xoşlayırdı, qulluqçu qızlarla deyib-gülməsi səni 
əsəbiləşdiridi və sair və ilaxır...). Son nəticədə, demək olar ki, mağazadan qorxmağa 
başladım. Ancaq bunsuz da, gimnaziyaya girməmişdən əvvəl, mağazanın mənlik 
olmadığını hiss eləmişdim və orda oxumağım məni bir az da ondan uzaqlaşdırdı. Mənə 
elə gəlirdi ki, belə işlərə gücüm çatmaz və üstəlik , öz dediyin kimi, sənin də gücünü 
əlindən alırdım. Alver işindən, sənin sənətindən xoşum gəlmədiyini görüb, dərdini bir az 
yüngülləşdimək üçün yana-yana (bu gün də yadıma düşəndə, riqqətə gəlirəm, utanıram) 
deyirdin ki, guya mən alver üçün yaranmamışam, guya mənim beynimdə daha böyük 
ideyalar yatır və sair və ilaxır... Əlbəttə, özünü məcbur eləyib dediyin bu sözləri anam 
eşidəndə sevinirdi və bir az şöhrətpərəst olduğumdan, mən özüm də buna inanmağa 
başlayırdım. Əgər məni mağazadan uzaqlaşdıran (əslində, mən indi ona ürəkdən nifrət 
edirəm) doğrudan da "böyük ideyalar" olsaydı və ya onlar üstünlük təşkil eləsəydi, bu 
özünü başqa cür göstərərdi, məni əvvəlcə gimnaziyanı, sonra da hüquq fakültəsini sakitcə 
başa vurmağa, axırda da gəlib bir məmur masasının arxasında lövbər salmağa qoymazdı. 
 
 
 
Səndən qaçmaq istəsəydim, bütün ailədən, hətta anamdan da qaçmış olardım. Düzdür, 
ona həmişə bel bağlamaq olardı - amma yalnız səninlə bağlı olan məsələlərdə... Səni lap 
çox sevirdi, sənə çox sədaqətli idi, elə bil bununla uşaqların mübarizəsində sənə uzun 
müddət mənəvi təsir göstərə bilərdi. Yeri gəlmişkən, mənim bu instinktiv uşaq duyumum 
sonralar düz çıxdı, çünki illər keçdikcə anam sənə daha çox bağlandı və bağlana-bağlana 
da özünə aid olan məsələlərdə yavaş-yavaş, az-az, səni incitmədən öz müstəqilliyini 
qoruyub saxladı, illər keçdikcə onu artırdı, ancaq bu müstəqillik ağıldan çox hisslərdə 
oldu, sənin uşaqlar haqqında dediyin sözləri, çıxardığın qərarları kor-koranə qəbul 
etməyə başladı. Ən çox da Ottlonun məsələsində, onun ağır günlərində... Ancaq onu da 
unutmaq olmaz ki, ailədə anamın vəziyyəti çox üzüntülü, dözülməz idi. Mağazada da 
işləyirdi, evdə də, ailədə kimsə xəstələnəndə ikiqat əziyyətə qatlaşırdı, bütün bunların 
hamısının mükafatı isə səninlə bizim aramızda qalaraq əzab çəkmək olurdu. Anama 
həmişə məhəbbətlə, diqqətlə yanaşmısan, ancaq bu məsələdə ona bizdən az yazığın gəlib. 
Ağına - bozuna baxmadan bütün ağrı-acılarımızı onun üstünə tökmüşük - sən bir 
tərəfdən, biz də bir tərəfdən. Qəribə idi ki, heç birimiz ona pislik eləmək istəmirdik, 
yalnız sənin bizimlə, bizim də səninlə apardığımız mübarizə haqqında düşünürdük, 
acığımızı da onun üstünə tökürdük. Sənin yanında günahı olmaya - olmaya, yalnız bizə 
görə ona əzab verməyin heç vaxt uşaqların tərbiyəsinə yaxşı təsir göstərə bilməzdi. Bu 
hətta bizim ona münasibətlərimizə də haqq qazandırırdı, halbuki belə münasibətə heç nə 
ilə haqq qazandırmaq olmazdı. Həm sənə görə, həm də bizim ucbatımızdan çox əzablara 
qatlaşmalı olurdu. Ancaq bununla belə, sən də bəzən haqlı idin, çünki, o, bizi ərköyün 
böyüdürdü, baxmayaraq ki, bu "ərköyünlük", bəzən, sənin tərbiyə üsuluna qarşı sakit, 
qeyri - ixtiyari bir narazılıqdan başqa heç nə olmurdu. Əlbəttə, anam bizi çox sevməsəydi 
və bu sevginin səadətindən güc almasaydı, bunların heç birinə dözə bilməzdi. 
Bacılarım yalnız bəzi məsələlərdə mənimlə həmrəy olurdular. Sənə münasibətdə Valli 
bizlərdən ən xoşbəxti idi. Anama oxşadığı üçün heç bir əziyyət çəkmədən sənə öyrəşə 
bildi. Anamı xatırlatdığına görə də, onda "kafkalıq" əlamətlərinin az olduğuna 
baxmayaraq, qıza qarşı mehriban idin. Bəlkə də ən çox xoşuna gələn elə bu idi: kimdəsə 
"kafkalıq" əlaməti yox idi, ondan bu xüsusiyyətləri tələb edə bilməzdim. Sən də bizim 

 
47
kimi elə düşünmürdün ki, burda nəsə itib gedir, onu zorla geri qaytarmaq lazımdır. Yeri 
gəlmişkən, qadınlarda "kafkalıq əlamətləri" görməyi xoşlamırdın. Biz maneçilik 
törətməsəydik, bəlkə də Valli sənə qarşı daha mehriban olardı. 
Elli sənin təsir dairəndən tamamilə qopa bilən adamlara yeganə misal ola bilər. Uşaq 
vaxtı belə şeyi ondan heç gözləməzdim. Axı çox yöndəmsiz, sısqa, qorxunc, qaraqabaq, 
təqsirini başa düşən, fağır, kinli, tənbəl, yazıq görkəmli, simic bir uşaq idi, onunla oturub-
durmazdım, danışmazdım, çünki mənə özümü xatırladırdı: mənim kimi aldığı tərbiyənin 
qulu idi. Ən çox da simicliyinə görə zəhləm gedirdi, çünki özüm ondan da simic idim. Bu 
simiclik bədbəxtliyin birinci nişanəsidir. O qədər ümidsiz idim ki, yalnız əlimdəkini, 
ağzımdakını, ya da ağzıma aparmaq istədiyimi özümünkü hesab edirdim və o da mənim 
kimi olduğu üçün, məhz, bunları əlimdən alırdı. Ancaq çox gənc yaşlarımda - bu, vacib 
şərt oldu -evdən çıxıb gedəndən sonra hər şey dəyişdi: ərə getdi, uşaqları oldu, 
həyatsevər, qayğısız, cəsarətli, səxavətli, gözütox, qəlbi ümidlərlə dolu bir qıza çevrildi. 
Heç inanılası deyil ki, sən bu dəyişikliyi hiss etmədin, onu layiqincə qiymətləndirə 
bilmədin, çünki ona qarşı çoxdan bəslədiyin kin - küdurət, əslində, olduğu kimi qalmışdı, 
gözlərini bağlamışdı. Və həmin kin - küdurət indi ona görə mənasını itirib ki, Elli daha 
bizdə qalmır, bundan əlavə, Feliksə olan məhəbbətin, Karla rəğbətin onu arxa plana 
keçirib. Yalnız Qerti1 hərdən özünü ondan qorumalı olur.  
Otllo barədə yazmağa ürək eləmirəm, bilirəm ki, bununla məktubun bütün təsirini şübhə 
altında qoymuş oluram. Adi hallarda, yəni, onu heç bir təhlükə, çətinlik gözləməyəndə 
qıza nifrət edirdin. Bir dəfə mənim yanımda özün boynuna aldın ki, sənin fikrincə, Ottlo 
bu çətinlikləri, ağrı-acıları qəsdlə yaradır və onlara görə əzab çəkdiyini görəndə rahatlıq 
tapır, sevinir. Deməli, bir növ Iblisdir. Bir-birinizə o dərəcədə yadlaşmışdınız ki, bizim 
aramızdakı yadlaşma onun yanında heç nə idi və ona görə də belə dəhşətli anlaşılmazlıq 
yaranmışdı. Səndən o qədər uzaqlaşıb ki, onu görmürsən, yalnız təsəvvür elədiyin yerdə 
xəyalında canlandırırsan. Düzünü desəm, Ottlo sənə daha çox əzab verirdi. Bu məsələ o 
qədər qəlizdir ki, çoxunu özüm də anlamıram, ancaq burda, hər halda, ən yaxşı Kafka 
silahı ilə silahlanmış Lövilik əlamətləri hiss olunur. Əslində, bizim aramızdakına 
mübarizə demək olmazdı, çünki mən tez basılırdım və qaçmaqdan, kədərlənməkdən, 
özümə nifrət etməkdən başqa əlacım qalmırdı. Ancaq sizin ikiniz də həmişə döyüşə hazır 
idiniz, yorulmaq bilmirdininz, var gücünüzlə döyüşürdünüz. Nə qədər qorxunc olsa da, 
möhtəşəm səhnə idi. Ilk günlərdə bir- birinizə çox yaxın idiniz və elə indinin özündə də 
dörd uşağınız arasında Ottlo sizə ən yaxın olanıdır, hər ikinizin gücünü özündə 
cəmləşdirib. Bilmirəm, sizi istəkli ata-bala olmaq səadətindən kim məhrum eləmişdi və 
az qala elə düşünürəm ki, mənim başıma gələn onun da başına gəlib. Sənin tərəfindən 
təbiətinə uyğun zülmkarlıq, onun tərəfindənsə Lövilərə xas olan inadkarlıq, 
dəymədüşərlik, ədalət hissi, narahatlıq və bütün bunların hamısı da Kafka mənəmliyinin 
gücünə söykənirdi. Yəqin, ona mənim də təsirim keçmişdi, ancaq bunu bilə-bilə 
eləməmişdim, sadəcə olaraq, varlığım təsir eləmişdi. Yeri gəlmişkən, Ottlo bu hazır 
münaqişələr burulğanına ən axırıncı düşmüşdü və görüb-götürdüklərindən özü üçün 
nəticə çıxara bilərdi. Hətta mənə elə gəlir ki, o, təbiətinə uyğun olaraq, bir az tərəddüd 
etdi, bilmədi ki, özünü sənin qoynuna atsın, ya rəqiblərinin... Çox güman ki, sən onda bir 
az gecikdin, onu geri itələdin, halbuki bu baş versəydi, çox gözəl ata-bala olardınız. 
Düzdür, mən bununla bir müttəfiqimi itirmiş olardım, ancaq sizə baxıb xeyli 
yüngülləşərdim, sən də heç olmasa, bəxtin gətirib uşaqlarının birindən yarıyardın, mənə 
də münasibətin xeyli dəyişərdi. Ancaq indi bunların hamısı xam xəyallardır! Artıq 
Ottlonun öz atası ilə heç bir bağlılığı yoxdur, öz yolunu mənim kimi özü tapmalıdır, 
ancaq mənimlə müqayisədə daha inamlı, özünə arxayın, sağlam, ürəkli olduğuna görə 

 
48
sənin gözünə daha çox satqın, daha çox şeytan kimi görünür. Niyə belə olduğunu da 
yaxşı başa düşürəm. Sənin fikrincə, o, başqa cür də ola bilməz! Bəli, o heç vaxt özünə 
sənin gözünlə baxa bilməz, heç vaxt sənin iztirablarını duya bilməz, buna görə 
ümidsizliyə qapılmaz - ümidsizliyə qapılmaq mənim peşəmdir - ancaq kədərlənə bilər. 
Sən isə zahiri əksliklərə baxmayaraq bizi tez-tez bir yerdə görürsən. Görürsən ki, 
pıçıldaşırıq, gülüşürük, hərdən də sənin adını çəkirik. Elə bilirsən ki, sənə qarşı sui-qəsd 
hazırlayırıq. Əcəb sui- qəsdçilərdir! Düzdür, özümüzü dərk eləyəndən bəri 
söhbətlərimizin əsas mövzusu sən olubsan, ancaq doğrudan da sənə qarşı heç nə 
hazırlamırdıq, sadəcə olaraq, bir yerdə oturub üzülə-üzülə, zarafatla, ciddiliklə, 
məhəbbətlə, inadkarlıqla, qəzəblə, nifrətlə, sədaqətlə, günahlarımızı duya-duya, bütün 
qəlbimizin, beynimizin gücü ilə səninlə bizim aramızda gedən bu dəhşətli prosesləri 
bütün xırdalıqları ilə müxtəlif bucaqlardan, müxtəlif baxımlardan, həm uzaqdan, həm 
yaxından müzakirə edirdik. Bu prosesdə sən özünü həmişə hakim hesab edirsən, ancaq, 
əslində, daha çox (burda bütün qapıları mümkün səhvlərə açıq qoyuram) bizim kimi zəif, 
qamaşmış bir tərəfsən. 
Sənin verdiyin tərbiyənin nəticəsinə İrma1 ən yaxşı misal ola bilər. Bir tərəfdən bizə yad 
hesab olunurdu, mağazaya gələndə artıq böyük qız idi, sənə daha çox sahibkar kimi 
baxırdı və, deməli, müqavimət göstərməyə qadir olan bir yaşda qismən sənin təsirin 
altına düşmüşdü. Digər tərəfdən də qan qohumun idi, sənə atasının qardaşı kimi hörmət 
bəsləyirdi və deməli, onun üçün yalnız adicə sahibkar deyildin. Öz çəlimsiz cüssəsi ilə nə 
qədər səliqəli, ağıllı, işgüzar, təvazökar, məsuliyyətli, etibarlı, sədaqətli olsa da, səni əmi 
kimi sevsə də, sənə sahibkar kimi heyran qalsa da, istər əvvəl, istərsə də sonra ona 
tapşırılan işlərdə özünü yaxşı göstərsə də, sənin gözündə yaxşı işçi olmadı. O da sənə öz 
uşaqların kimi münasibət bəsləyirdi - əlbəttə, bunda bizim də rolumuz az deyildi - və ona 
elə dəhşətli dərəcədə hakim kəsilmişdin ki, qızda son vaxtlar (yalnız sənə münasibətdə və 
çox güman ki, heç bir əzab çəkmədən) unutqanlıq, səliqəsizlik, süni yumor hissi, bəlkə, 
bir az da inadkarlıq yaranmışdı. Ümumiyyətlə, inadkarlığa özü də meyilli idi və hələ 
demirəm ki, xəstəhal, bədbəxt bir qız idi, evin bütün ağırlığı da onun üstünə düşmüşdü. 
Ona münasibətini artıq bizim üçün klassik ibarəyə çevrilmiş bir cümlə ilə ifadə edirdin: 
"Qurban olduğum mənə zir-zibil qoyub gedib." Bu cümlə nə qədər küfr səslənsə də, 
insanlarla rəftarında günahsızlığını sübut edirdi. 
Sənin başqa təsir dairələrindən, onlara qarşı mübarizədən çox danışmaq olar, ancaq 
qorxuram ki, burda çaşam, buna görə də gərək bütün diqqətimi cəmləyəm: axı sən evdən, 
mağazadan uzaq düşəndə çox mehriban, səxavətli, nəzakətli, diqqətli, yanımcıl (deyərdim 
ki, həm də zahirən) olursan: məsələn, öz ölkəsindən kənarda olan hökmdara oxşayırsan. 
Zülmkar ola bilmir və ona görə də mərhəmət göstərib hər yetənlə oturub durur. Daha bir 
misal: Fransensbadda çəkilmiş kollektiv şəkillərdə səyahətə çıxmış padşah kimi 
qaraqabaq adamların arasında çox cüssəli, mehriban görünürsən. Əgər uşaqlar bunu o 
vaxt başa düşsəydilər - ancaq bu mümkün olan iş deyildi - ondan öz xeyirlərinə istifadə 
edə bilərdilər. Məsələn, mən uzun - uzadı sənin o dar, sərt, adamı sıxan təsir dairəndə 
yaşaya bilməzdim və axırda belə də oldu. 
Bununla da, sən dediyin kimi, yalnız ailəyə bağlılığımı itirmədim, əksinə, bu bağlılıq 
çoxaldı, ancaq əks istiqamətə - mənfiliyə, səndən daxilən qopmağa (özü də həmişəlik) 
yönəldi. Ancaq sənin təsirin ailəmizdən kənardakı adamlara münasibətimdə özünü daha 
pis şəkildə göstərdi. Əbəs yerə elə düşünürsən ki, başqaları üçün hər işi məhəbbətlə, 
sədaqətlə görürəm, ancaq sənə, ailəyə gələndə, satqın çıxıram, heç nə vecimə olmur. 
Yüzüncü dəfə təkrar edirəm: mən, yəqin ki, bunlarsız da qaraqabaq, qorxaq bir adam 
olardım, ancaq oradan indi gəlib çıxdığım yerə gətirən yol çox uzaq, dumanlı olardı. (Bu 

 
49
məktubda indiyəcən bir neçə məsələ barədə bilə - bilə susmalı oldum. Elə indinin özündə 
də, gələcəkdə də bəziləri haqda susmalı olacam. Çünki onları hər ikimizin qarşısında 
etiraf etmək mənə çətindir. Bunu da ona görə deyirəm ki, nə vaxtsa, hardasa, ümumi 
mənzərə aydın olmayanda elə bilməyəsən ki, bunun günahı dəlil-sübut 
çatışmazlığındadır. Yox, sübut çoxdur, ancaq onlar məsələni həddindən artıq 
çılpaqlaşdırar, dözülməz dərəcəyə çatdırar. Burada orta yol tapmaq o qədər də asan 
deyil). Yeri gəlmişkən, bu məqamda keçmişi xatırlamaq kifayətdir: sənin qarşında özümə 
inamı tamam itirmişdim, əvəzindəsə sonu görünməyən günahkarlıq hissləri qazanmışdım. 
(Bu sonsuzluğu xatırlayaraq bir dəfə kiminsə haqqında belə yazmışdım: "Qorxur ki, 
utancaqlığı özündən çox yaşaya"). Başqa adamlarla rastlaşanda birdən-birə dəyişə 
bilmədim, onlarla qarşılaşanda özümü günahkar hiss etməyə başladım, çünki, bayaq 
dediyim kimi, mənim iştirakımla mağazada onlara elədiyin haqsızlıqların əvəzini 
qaytarmalı idim. Bundan əlavə də, mənim oturub-durduğum adamlara gah gizlində, gah 
da açıq-aşkar lağ edirdin və bunların da əvəzini qaytarmalı idim. Mənə istər evdə, istərsə 
də mağazada başqalarına qarşı inamsızlıq təlqin edirdin (mənə elə bir adam göstər ki, 
uşaq vaxtı onun haqqında nəsə bir xoş söz deyəm və sən də onu, ən azı bir dəfə, öz 
tənqidinlə yıxıb sürüməmiş olasan), halbuki, qəribə də olsa, heç birinin sənə pisliyi 
keçməmişdi (keçsə də, kifayət qədər güclü olduğundan hamısına dözərdin. Kim bilir, 
bəlkə bu da adicə bir hökmranlıq həvəsinin nişanəsi idi). Ancaq beynimə yeritmək 
istədiyin bu inamsızlıq mənim uşaq ağlıma batmırdı, çünki hər yanda əlçatmaz dərəcədə 
gözəl insanlar görürdüm və gördükcə də içimdə özümə qarşı inamsızlıq yaranırdı, 
başqalarından da həmişə qorxmağa başlayırdım. Bu məsələdə səhv eləməyin, bəlkə də, 
onunla bağlı idi ki, mənim kiminlə oturub durduğumdan, kiminlə bölüşdüyümdən qəti 
xəbərin yox idi və ona görə də kədərlə, qısqanclıqla (məgər məni sevdiyini nə vaxtsa 
inkar etmişəm?!) fikirləşirdin ki, yəqin, evdə tapa bilmədiklərimi başqa yerdə tapıram, 
axı elə ola bilməzdi ki, bayırda da evdəki kimi yaşayam. Yeri gəlmişkən, uşaq olanda 
özümün fikirləşdiklərimə inamsızlığım müəyyən mənada özümə təsəlli olurdu, öz-özümə 
deyirdim: "Sən də hər şeyi şişirdirsən, bütün cavan uşaqlar kimi hər xırda şeyə böyük bir 
müstəsnalıq kimi baxırsan!". Ancaq sonralar dünyagörüşüm artdıqca bu təsəllini, demək 
olar ki, itirdim. 
Bu məsələdə məni yəhudilik də xilas eləyə bilmədi. Əslində, xilas eləyə bilərdi, hələ bir 
az o yana da keçərdi. Məsələn, hər ikimiz özümüzü yəhudilikdə tapa bilərdik, hər ikimiz 
bir çox məsələdə ümumi dil tapardıq. Ancaq səndən öyrəndiyim yəhudiliyə yəhudilik 
demək olardımı?! Üç il ərzində ona münasibətimi düz üç dəfə dəyişəsi oldum... 
Uşaq olanda səninlə razılaşaraq özümü qınayırdım ki, sinaqoqa az-az gedirəm, oruc 
tutmuram və sair və ilaxır. Elə bilirdim, bununla özümə yox, sənə qarşı haqsızlıq edirəm 
və o dəqiqə də sanki hardasa dayanıb bunu gözləyən günahkarlıq hissləri məni 
bürüyürdü.  
Sonralar, cavan olanda, başa düşə bilmirdim ki, özündə yəhudilikdən heç nə olmaya-
olmaya mənə (lap sən dediyin kimi piyetzm baxımından olsa da) yəhudilikdən əsər-
əlamət olmadığını necə irad tuta bilirdin. Axı doğrudan da görürdüm ki, səndəki 
yəhudilik heç nədir, zarafatdır, bəzən heç zarafat da deyil. İldə dörd dəfə sinaqoqa 
gedirdin, orada buna ciddi yanaşanlardan çox, laqeydlik göstərənlərlə yaxınlıq edirdin, 
forma xatirinə bütün dualara səbrlə qulaq asırdın və hərdən də kitabda həmin an oxunan 
yeri göstərərək məni əməlli-başlı təəccübləndirirdin. Sinaqoqda olanda (bu, əsas məsələ 
idi) istədiyim yerə gedər, istədiyim yerdə dayana bilərdim. Beləliklə, saatlarla orda 
oturub əsnəyir, mürgü döyürdüm (mənə elə gəlir, sonralar yalnız rəqs dərslərində belə 
darıxırdım) və çalışırdım ki, orda gördüyüm xırda-para maraqlı olaylarla başımı qatım: 

 
50
məsələn, mücrünün açılması səhnəsi... Mənə həmişə tiri xatırladırdı: orta xala vuranda, 
qutunun qapağı açılır, ancaq ordan maraqlı şeylər çıxırdı, burda isə başı olmayan köhnə 
gəlinciklər... Yeri gəlmişkən, orda da xeyli qorxmalı oldum. Təkcə ona görə yox ki, adam 
çox idi, həm də ona görə ki, bir dəfə ağızucu demişdin: səni də Tövratı oxumağa çağıra 
bilərlər. Buna görə də illər uzunu orda məni əsməcə tuturdu. Yoxsa mənə orda darıxmağa 
heç nə mane olmurdu. Uzaqbaşı konfirmasiya üçün duaları gülünc şəkildə əzbərləmək, 
sonra da gülünc şəkildə ondan imtahan vermək lazım gəlirdi... Bir də, səninlə bağlı olan 
bəzi xırda-para olaylar... Məsələn, hərdən səni də Tövratı oxumağa çağırırdılar və mənim 
ictimai hadisə hesab elədiyim bu işin öhdəsindən yaxşı gəlirdin. Ya da ölənlərin ruhunu 
yad etmə mərasiminə qatılmaq üçün özün orda qalır, məni isə evə göndərirdin və, yəqin 
ki, ya evə göndərildiyimə, ya da belə şeylərdən başım çıxmadığına görə uzun müddət 
hətta elə düşündüm ki, orda nəsə ədəbsiz bir işlə məşğul olursunuz. Sinaqoqda belə idi, 
evdə isə bundan betər olurdu və getdikcə böyüyən uşaqlarının əməllərilə komediyaya 
çevrilən, hamını gülməkdən qıc eləyən ilk pasxa axşamı ilə sona çatırdı. (Niyə belə 
əməllərə dözməli olurdun? Çünki bu şəraiti özün yaratmışdın.) Mənə verdiyin dini təlim 
bundan ibarət idi və uzaqbaşı şəhadət barmağını böyük bayramlarda ataları ilə sinaqoqa 
gedən "milyoner Fuksun uşaqları"na tuşlamaq olurdu. Özüm də bilmirdim ki, belə təlimlə 
ondan imkan daxilində canını tez qurtarmaqdan başqa daha neyləmək olardı?! Buna görə 
də ondan canımı qurtarmağı ən ağıllı, ən hörmətli yol hesab elədim. 
Sonradan bütün bunlara başqa gözlə baxdım və anladım ki, sənə bu məsələdə də qəsdlə 
xəyanət etdiyimi düşünməkdə haqlı imişsən. Onda iri şəhərlərin yəhudilər üçün ayrılmış 
məhəlləsinə oxşayan balaca kənddən özünlə bir az yəhudilik gətirmişdin və həmin 
yəhudilik də çox deyildi, bir azı şəhərdə, bir azı da əsgərlikdə itdi, ancaq gənclik 
xatirələri, gənclik təsəvvürləri sənə, az da olsa, yəhudi həyatı yaşamağa bəs elədi, çünki 
belə şeylərin köməyinə o qədər də ehtiyacın yox idi, çünki zəif adam deyildin və dini 
təsəvvürlərlə ictimai təsəvvürlərin bəzən üst-üstə düşməməsi sənə o qədər də təsir 
etmirdi. Əslində, sənin həyat yolunu müəyyənləşdirən əqidənin mahiyyəti ondan ibarət 
olub ki, hər hansı bir yəhudi təbəqəsinin fikirlərini mütləq həqiqət hesab edəsən və belə 
çıxırdı ki, həmin fikirlər sənin təbiətinə uyğun gəldiyi üçün, elə özünə inanıbsan. Düzdür, 
bunun özündə də kifayət qədər yəhudilik olub, ancaq onu uşaqlarına ötürməyə bəs 
eləməyib və elə ötürdüyün andaca damla-damla axıb qurtarıb. Bir tərəfdən kiməsə 
ötürülməsi mümkün olmayan gənclik təsəvvürləri olduqları, digər tərəfdən də sənin 
vücudun adamı qorxuya saldığı üçün belə tez tükəndi... Əslində, bunların hamısını qorxu 
içində bütün çılpaqlığı ilə müşahidə edən uşağa yəhudilik adı altında bəzi mənasız şeyləri 
həmin mənasızlığa uyğun bir biganəliklə başa salmağa çalışmağın özü böyük mənasızlıq 
idi. Onlar sənin üçün keçmiş günlərin yadigarı idi, ona görə də hamısını mənə ötürmək 
istəyirdin və artıq sənin özün üçün də qiymətdən düşdüklərindən, tovlamaqla, ya da hədə-
qorxu ilə beynimə yeritməyə çalışırdın. Bu isə bir tərəfdən alınmırdı, digər tərəfdən də 
həmin məsələdə zəif olduğunu başa düşmədiyinə görə mənim zahiri kütlüyümə 
qəzəblənirdin.  
Bütün bunlar, əslində, təkcə bizim başımıza gələn hadisələr deyildi, nisbətən dindar 
kənddən şəhərlərə gələn, keçid dövrünü yaşayan yəhudi nəslinin çoxunun taleyi idi. 
Hamısı da öz-özünə yarandı və bizim onsuz da kəskinlikdən korluq çəkməyən 
münasibətlərə də təsir elədi, onları daha da qızışdırdı. Düzdür, bu mənada sən də mənim 
kimi günahsızlığına inana bilərsən, ancaq bu günahsızlığı zahiri səbəblərlə deyil, öz 
təbiətinlə, zəmanə ilə izah etməlisən: məsələn, deməməlisən ki, işin-gücün, qayğıların 
çox olub, üstəlik də, belə şeylərlə məşğul olmağa vaxtın çatmayıb. Belə çıxır ki, heç 
kəsin şübhə eləmədiyi günahsızlığından başqalarına ədalətsiz iradlar tutmaq üçün istifadə 

 
51
edirsən. Əlbəttə, bunu hər yerdə, elə indinin özündə də asanca inkar etmək olar. Axı 
söhbət burda öz uşaqlarına verməli olduğun hər hansı bir dərsdən deyil, sadəcə olaraq, 
onlara nümunə ola biləcək bir həyatdan gedir. Məlum məsələdir ki, səndə yəhudilik güclü 
olsaydı, göstərdiyin nümunə də məcburi olardı və bunu da sənə irad tutmuram, əksinə, 
iradlarından qorunmaq üçün deyirəm. Son günlərdə Franklinin gənclik xatirələrini 
oxudun. Doğrudan da onu sənə qəsdən vermişdim ki, oxuyasan. Ancaq ona görə 
verməmişdim ki, orda vegetarianizm haqqındakı bir-iki cümləyə lağ edəsən. Vermişdim 
ki, öz oğlu üçün yazdığı xatirələrdə müəlliflə atasının, müəlliflə oğlunun münasibətlərinə 
fikir verəsən. İndi mən ordakı xırdalıqlara varmaq istəmirəm...  
Son illərdə sənə elə gələndə ki, yəhudiliklə çox məşğul olmağa başlamışam, mənə 
münasibətin dəyişdi və bu da sənin yəhudiliyin haqqındakı təsəvvürlərimi bir daha təsdiq 
etdi. Bu vaxta qədər də mənim bütün məşğuliyyətlərimə, ən çox da maraq dairəmə qarşı 
çıxmışdın və indi də elə oldu. Ancaq bütün bunlara baxmayaraq, gözləmək olardı ki, 
burda müstəsnalıq göstərəcəksən. Axı bu yəhudilik səndən əxz elədiyim yəhudilik idi və 
aramızda yeni münasibətlərin yaranmasına səbəb ola bilərdi. Bilmirəm, bəlkə maraq 
göstərsəydin, həmin yəhudilik özümə də şübhəli görünərdi. Əlbəttə, bununla heç də onu 
demək istəmirəm ki, belə məsələlərdə səndən yaxşıyam. Ancaq bunu da sınaya bilmədik. 
Mənə görə yəhudiliyə nifrət eləməyə başladın, onun haqqında yazılanları oxuya 
bilmədin, çünki "səni iyrəndirdi". Bu, o demək idi ki, dediyindən dönmürsən, 
uşaqlığımda mənə göstərdiyin yəhudilikdən başqa yəhudilik tanımırsan. Onda 
"iyrənmək" (baxmayaraq ki, həmin iyrənclik yəhudilikdən qabaq mənə yönəlmişdi) o 
demək idi ki, sən qeyri-ixtiyari öz yəhudiliyinin, eləcə də mənə verdiyin yəhudi 
tərbiyəsinin zəifliyini etiraf edirdin, kiminsə bunları sənə xatırlatmasını istəmirdin, 
xatırladanlara da nifrətlə cavab verirdin. Yeri gəlmişkən, mənim yeni yəhudilik 
ideyalarım haqqında söylədiyin mənfi fikirlər çox şişirdilmiş olurdu. Bu ideyalar ilk öncə 
sənin lənətinə tuş gəlmişdi, digər tərəfdən də çağdaşlarıma münasibət əsasında inkişaf 
etdirilmişdi və bu da mənim öldürücü zərbələr almağıma bəs edirdi.  
Haqlı olaraq mənim yazı-pozu, eləcə də buna bənzər digər başa düşmədiyin işlərlə 
məşğul olmağımdan zəhlən gedirdi. Bu məsələdə, doğrudan da, bir az müstəqil idim, 
sənin təsirindən çıxa bilmişdim, baxmayaraq ki, bu müstəqillik soxulcana bənzəyirdi: 
kimsə onu arxa tərəfdən ayaqlayanda, baş tərəfindən qırılıb yana sürünür... Yazanda 
özümü bir növ təhlükəsiz yerdə hiss edirdim, nəfəsimi dərirdim. Əlbəttə, mən yazmağa 
başlayan kimi, bundan xoşun gəlmədiyini o dəqiqə büruzə verirdin və onda, müstəsna hal 
kimi, bu "xoşa gəlməməyin" özü mənim xoşuma gəlirdi. Düzdür, mənim xudbinliyim, 
mənim şöhrətpərəstliyim kitablarım çıxarkən dediyin o məşhur - "Yaxşı, apar yataq 
otağındakı tumbanın üstünə qoy..." - təbrik cümləsindən (təzə kitab gələndə, adətən sən 
kart oynayırdın) xeyli əzab çəkirdi, ancaq, əslində, sevinirdim və bu sevinc də sənə qarşı 
yaranan kin-küdurətlə, münasibətlərimiz haqqındakı fikirlərimin bir daha təsdiq olunması 
ilə bağlı deyildi, əslində, bunun kökü daha uzaqlara gedib çıxırdı, o vaxtlar dediyin bir 
cümləni xatırladırdı: "Hə, indi azadsan!". Əlbəttə, bu da özünü aldatmaq idi, çünki azad 
deyildim - ən azı o vaxt azadlıqdan söhbət gedə bilməzdi. Sənin haqqında yazırdım, 
səndən şikayətlənirdim, sənin gəlbinə süzə bilmədiklərimi yazılarıma süzürdüm. Yaza- 
yaza səninlə vidalaşırdım, bilə- bilə də həmin vida anlarını uzadırdım. Düzdür, sən özün 
məni buna məcbur edirdin, ancaq mən də istədiyim kimi vidalaşırdım. Nə qədər mənasız 
işlər idi! Bunların haqqında yalnız ona görə danışmağa dəyər ki, mənim həyatımda baş 
veriblər, başqa yerdə gözə görünməzdilər və bir də ona görə ki, uşaqlığımda nəyisə 
öncədən duymaq, sonralar ümid, daha sonra tez-tez ümidsizlik nişanəsi kimi həyatıma 

 
52
həkk olunublar, sənin təbirincə desək, lazım gələndə, hətta bəzi xırda-para qərarlar 
çıxarmağa da sövq ediblər. 
 
 
 
Məsələn, götürək elə sənət seçimini. Əlbəttə, burda özünə məxsus olan bir alicənablıqla, 
elə həmin mənada da səbrlə, mənə sərbəstlik verdin. Ancaq əslində, orta təbəqəyə 
mənsub olan yəhudilərin öz oğullarına münasibətlərini müəyyənləşdirən ümumi 
prinsiplərdən çıxış etdin, ya da həmin təbəqənin dəyər ölçülərini əsas götürdün. Nəticədə 
isə mənim şəxsiyyətim haqqındakı səhv fikirlərindən biri öz təsirini göstərdi. Əslində, lap 
çoxdan atalıq qüruru ilə mənim həyatımın mənasını anlamadan sısqa bir uşaq olduğuma 
görə elə hesab eləyirdin ki, çox çalışqanam. Sənin fikrincə, uşaqlığımda həmişə çox 
oxuyur, sonralar da çox yazırdım. Ancaq burda zərrə qədər də həqiqət yoxdur. Əslində, 
şişirtmədən demək olar ki, az oxudum, heç nə də öyrənmədim. Uzun illər ərzində orta 
səviyyəli bir yaddaşla, o qədər pis olmayan mühakimə qabiliyyətimlə nəyisə yadda 
saxlaya bilməyim də çox təəccüb doğurmamalıdır, ancaq, hər halda, topladığım biliklərin 
nəticəsi, ən çox da dərinliyi, zahirən qayğısız görünən sakit bir həyatda ona sərf olunan 
vaxtla, pulla müqayisədə çox cılız görünür. Xüsusilə, az qala bütün tanıdığım adamlarla 
müqayisədə belədir. Çox acınacaqlıdır və səbəbini də yaxşı başa düşürəm. Fikirləşməyi 
bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək üçün elə böyük çətinliklərlə 
qarşılaşdım ki, bundan başqa hər şeyə biganələşdim. Bizim yəhudi gimnazistlərdə 
qəribəliklər çox olurdu, bəzən inanılmaz işlər görürdülər, ancaq məndəki o soyuq, açıq-
aşkar bilinən, qarşısıalınmaz, az gala gülünc hala düşən, qorxunc şəkildə özündən razı 
olan, bumbuz fantaziyalar qoynunda yaşayan uşaq biganəliyini heç birində görmədim, 
halbuki bu biganəlik həm də əsəblərimi qorxudan, günahkarlıq hissindən pozulmağa 
qoymayan yeganə sipər idi. Məni yalnız öz qayğılarım maraqlandırırdı və bu qayğılar da 
cürbəcür olurdu: məsələn, sağlamlığımın qayğısına qalmaq. Bu qayğı tez-tez gərək 
olurdu, gah yemək yaxşı həzm olunmurdu, gah saçım tökülürdü, gah da bel sümüyüm 
əyilirdi və hamısı da müxtəlif dərəcədə mürəkkəbləşir, axırda da əsil xəstəliyə çevrilirdi. 
Ancaq heç kəsə və heç nəyə inanmadığımdan, varlığımın hər an yeni bir təsdiqə ehtiyacı 
olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə mənsub olmadığından, 
həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə ən yaxın olan bir şeyə - bədənimə də 
inamımı itirdim. Boyum elə hey uzanırdı, nə edəcəyimi bilmirdim, yüküm getdikcə 
ağırlaşırdı, çiyinlərim qısılırdı. Hərəkət etməyə, idmanla məşğul olmağa qorxurdum, 
zəifləyirdim. Bacardığım şeylərin hamısını möcüzə hesab edirdim: məsələn, yeməyi 
yaxşı həzm elədiyimi... Və bu da həmin keyfiyyəti itirməyə kifayət edirdi, ipoxondriyaya 
aparan yollar tamam açılırdı, sonra da evlənmək istəyərkən keçirdiyim qeyri-insani 
gərginlikdən qan qusurdum (bu barədə sonra danışacam). Sonuncuda bəlkə 
Şönbrunpalaysda tutduğum mənzilin də günahı vardı: elə bilirdim, bu mənzil mənə 
yazmaq üçün lazımdır, ancaq axırda gəlib bu siyahıya düşdü. Deməli, bütün bunların 
hamısı sən fikirləşdiyin kimi ağır işlərin nəticəsi deyildi. Elə illər olurdu ki, heç bir yerim 
ağrımırdı, ancaq bütün günü divanda uzanıb qalırdım və demək olar ki, xəstə olduğun 
günləri də əlavə etməklə, sən həyatın boyu o divanda mənim qədər uzanmayıbsan. İşim 
çox olduğunu deyib səndən qaçanda da çox vaxt öz otağımda uzanmağa gedirdim. 
Mənim əmək məhsuldarlığım işdə də (orda tənbəllik az nəzərə çarpır və üstəlik də qorxaq 
olduğum üçün çox ağ eləmirdim), evdə də az olurdu. Bunları hesablaya bilsən, dəhşətə 
gələrsən. Çox güman ki, mən təbiətən tənbəl deyildim, ancaq görməyə iş yox idi. 
Yaşadığım yerdə alçaldılırdım, təhqir olunurdum, məhv edilirdim və başqa yerə qaçmaq 

 
53
da mənə böyük gərginliklər bahasına başa gələrdi, əslində, bunun özü də alınan iş deyildi, 
çünki söhbət mümkünsüz bir şeydən gedirdi, bəzi xırda istisnalar nəzərə alınmasa, buna 
heç vaxt gücüm çatmazdı. 
Deməli, belə bir vəziyyətdə sənət seçmək üçün sərbəstlik qazandım. Məgər mən onda, 
ümumiyyətlə, bu sərbəstlikdən istifadə etmək iqtidarındaydım? Məgər onda əsl sənət 
sahibi olacağıma inamım vardı? Mənim özümü qiymətləndirməyim özgə bir şeydən, 
məsələn, hər hansı bir zahiri uğurdan deyil, daha cox səndən asılı idi. Zahiri uğur bircə 
anlığa parlayırdı, vəssalam... Ancaq həmin anda da sənin tərəzinin gözü ağır gəlirdi, o 
birini qaldırırdı... Fikirləşirdim ki, ibtidai məktəbin birinci sinfini heç vaxt başa vura 
bilməyəcəm, ancaq başa vurdum, üstəlik, tərifnamə də aldım. Sonra fikirləşdim ki, 
gimnaziyaya qəbul imtahanını verə bilməyəcəm, ancaq verdim. Dedim ki, gimnaziyanın 
birinci sinfində kəsiləcəm, ancaq kəsilmədim və belə-belə irəlilədim... irəlilədim. Lakin 
bunların heç biri gələcəyə inamımı artıra bilmədi, əksinə , bir daha əmin oldum ki, (sənin 
üzündəki ifadələr də bunu formal cəhətdən təsdiq edirdi), işlərim nə qədər yaxşı alınsa, 
son nəticəsi bir o qədər pis olacaq. Tez-tez xəyalımda gimnaziya müəllimlərinin o 
dəhşətli iclaslarını canlandırırdım (gimnaziya burda ümumiləşdirici bir misaldır, mənimlə 
hər yerdə belə olurdu) və görürdüm ki, mən birinci sinfin imtahanlarını verəndən sona 
ikinci sinifdə, ikinci sinfin imtahanlarından sonra üçüncü sinifdə və belə-belə sonadək 
yığışıb bu qeyri-adi, hamını heyrətə salan hadisəni müzakirə edirlər: necə olub ki, ən küt, 
ən zəif bir şagird sinifdən-sinfə keçib?! Hamının diqqəti mənə yönəldiyi üçün bayıra 
atacaqlar, ədalətin bu dəhşət üzərindəki qələbəsinə sevinəcəklər... Uşaq üçün belə 
təsəvvürlərlə yaşamaq çox çətindir. Belə bir vəziyyətdə dərs mənim vecimə olardı?! Kim 
belə bir vəziyyətdə məndə nəyə qarşısa zərrə qədər maraq oyada bilərdi?! Onda mənim 
dərsə marağım - təkcə dərsə yox, həmin vacib yaş dövründə məni əhatə eləyən hər şeyə - 
pulları mənimsəmiş bank işçisinin öz işinə marağı kimi idi: hələ vəzifəsində qalır, ancaq 
işin üstü açılacağı gündən bərk qorxur, bununla belə, məmur kimi gündəlik bank 
əməliyyatlarını aparır. Hər şey əsas məsələnin yanında belə xırda, belə mənasız 
görünürdü. Bütün bunlar kamal attestatı alana qədər davam elədi, bəzilərini doğrudan da 
fırıldaqla yola verdim, sonra hər şey qurtardı və mən azad oldum. Əslində, o ağır 
gimnaziya illərində də həmişə özümü düşünmüşdüm və indi azad olandan sonra da 
düşünürdüm. Deməli, sənət seçimində sözün həqiqi mənasında azad deyildim, çünki 
bilirdim: gimnaziyada olduğu kimi, əsas məsələ ilə müqayisədə hər şey mənə maraqsız 
olacaq, deməli, elə sənət seçmək lazımdır ki, mənim şöhrətpərəstliyimə çox da 
toxunmasın, eyni zamanda da biganəliyimə dözə bilsin. Məlum məsələdir ki, burda 
hüquq elmi yada düşməli idi. Xudbinliyin, mənasız ümidlərin müqaviməti, on dörd gün 
öyrəndiyim kimya elmi, yarım il oxuduğum alman dili dərsi bu inamı daha da 
gücləndirdi. Beləliklə, hüquq sahəsini seçdim. Bu o demək idi ki, imtahana qədərki bir 
neçə ay ərzində əsəb gərginliyi keçirə-keçirə ağır günlər yaşamalı oldum. Bir vaxtlar 
gimnaziyada olduğu kimi, bu günlər mənim üçün müəyyən mənada şirin oldu, sonra da 
məmurluq sənəti gəldi... Bunlar hamısı mənim vəziyyətimə uyğun gəlirdi... Hər halda, bu 
məsələdə ağlasığmaz bir uzaqgörənlik göstərdim, çünki uşaq olarkən necə oxuyacağım, 
hansı sənəti seçəcəyim haqqında ilkin təsəvvürlərim vardı. Ona görə də heç bir xilas yolu 
gözləmirdim, buna ümidimi çoxdan itirmişdim. 
Evlənmək haqqında, onun mənası və imkanları barədə heç vaxt düşünməmişdim. 
Həyatımın indiyəcən yaşamadığım ən dəhşətli anları məni gözlənilmədən, qəflətən 
yaxaladı. Uşaq elə yavaş-yavaş böyümüşdü ki, zahirən belə şeylərdən çox uzaq olmuşdu. 
Yalnız hərdən məcbur olub bu barədə düşünmüşdü. Ancaq bu məsələdə uzun, taleyüklü, 
hətta ağrı-acılarla dolu bir sınağa çəkiləcəyi barədə fikirləşməmişdi. Buna baxmayaraq, 

 
54
evlənmək cəhdləri həqiqətən də möhtəşəm, ümidlərlə dolu bir xilas yolu idi, hətta 
alınmayanda da öz möhtəşəmliyini saxladı. 
Qorxuram ki, bu yerlərdə həmişə uğursuzluğa tuş gəldiyim üçün evlənmək istəyimin 
səbəblərini də sənə başa sala bilməyim. Ancaq məktubumun alınması məhz bundan 
asılıdır, çünki bu istəkdə hər şey cəmlənib: özümdə olan müsbət keyfiyyətlər, bir də sənin 
tərbiyənin nəticəsi kimi təsvir etdiyim mənfiliklər - yəni, zəiflik, özünə inamsızlıq, günah 
hissi... Bir sözlə, evlənməklə mənim aramda sədd çəkənlər... Bütün bunları izah etmək bir 
də ona görə çətin olacaq ki, gecə-gündüz bu barədə düşünmüşəm, götür-qoy etmişəm, 
indi özüm də çaş-baş qalmışam. Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa 
düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə 
bir az başa salmaq o qədər də çətin olmur. 
Hər şeydən əvvəl, evlənmək məsələsinin alınmamasını mənim digər uğursuzluqlarımla 
bir sıraya qoyursan. Buna etirazım yoxdur, ancaq bu şərtlə ki, indiyəcən olan 
uğursuzluqların səbəblərini izah etdiyim kimi qəbul edəsən. Əslində, bu da digərlərilə 
eyni cərgədə durur, ancaq sən onu lazımınca dəyərləndirmirsən və o dərəcədə qiymətdən 
salırsan ki, biz bu barədə söhbət edəndə sanki başqa-başqa işlərdən danışırıq. Hətta 
cəsarət edib deyə bilərəm ki, sənin həyatında heç vaxt elə bir hadisə baş verməyib ki, 
mənim evlənmək istəyim qədər mənalı olsun. Bununla demək istəmirəm ki, sənin 
həyatında mənalı günlər olmayıb, əksinə, sənin həyatın mənimkinə nisbətən daha zəngin 
olub, qayğılar, sıxıntılar içində keçib və buna görə də mənim başıma gələnlər sənin 
başına gəlməyib. Təsəvvür elə ki, bir nəfər beş alçaq pilləni çıxmalıdır, başqası isə bircə 
pillə qalxmalıdır, ancaq bu pillə ona beş pillə qədər hündür görünür. Birinci nəinki beş 
pilləni, lazım gəlsə, lap yüzünü, minini də qalxacaq və çox qiymətli, gərgin bir həyat 
yaşamış olacaq, ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə 
qədər mənalı olmayacaq, çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü xaricindədir, 
heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə bilməyəcək. 
Evlənmək, ailə qurmaq, uşaq sahibi olmaq, bu fani dünyada onları böyüdüb başa 
çatdırmaq, mənim fikirimcə, insana bəxş olunmuş ən böyük nemətdir. İlk baxışda bunun 
hamıya nəsib olması onun asanlığı demək deyil, çünki, birincisi, əsl həqiqət də hamıya 
qismət olmur, ikincisi, "qismət olanlar"ın özləri "belə eləmir", sadəcə olaraq, "başlarına 
gəlir". Düzdür, bu həmin nemət deyil, ancaq çox böyük və şərəfli işdir (ən çox da ona 
görə ki, "özü eləməklə" "başına gəlməy"i bir-birindən ayırmaq olmur). Və, nəhayət, 
söhbət burda həmin "böyük nemət"in özündən deyil, az da olsa, ləyaqətlə ona 
yaxınlaşmaqdan gedir. Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə 
olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da 
düşür, bir az qızınmaq olur. 
Bəs mən buna necə hazırlaşmışdım? Pisdən də pis! İndiyə kimi olanlar da bunu deyir! 
Əgər adamları ayrı-ayrılıqda buna hazırlamaq, birbaşa ona aid olan əsas prinsipləri 
müəyyənləşdirmək vacib idisə, deməli, bu sahədə çox az iş görmüşdün. Başqa cür də ola 
bilməz, çünki burda əsas sözü hamı tərəfindən qəbul olunmuş prinsiplər - mənsub 
olduğun təbəqə, xalqın adət-ənənəsi və zəmanə deyir. Bu baxımdan sən də hərdən nəsə 
edirdin, ancaq elədiyin az olurdu, çünki bu məsələdə nəsə eləmək üçün çox böyük 
qarşılıqlı inam-etibar olmalı idi, halbuki bizim hər ikimizdə həmin qarşılıqlı inam-etibar 
bu hadisədən çox-çox əvvəl itib getmişdi, özü də boş yerdən itməmişdi, çünki biz başqa-
başqa adamlar idik. Məni maraqlandıran şeylər sənin vecinə olmurdu və ya əksinə... 
Sənin günahsızlıq hesab elədiklərin mənim üçün günah idi və əksinə... Sənin üçün 
qorxusuz bir şey mənim üçün tabut ola bilərdi... 

 
55
Yadımdadır, bir axşam sən və anamla gəzməyə çıxmışdım, indiki əyalət bankının 
yaxınlığındakı Yozefsplatsda idik və mən səfeh-səfeh, yekəxanalıqla, qətiyyətlə, fəxrlə, 
soyuqqanlılıqla (bu saxta idi), bumbuz bir soyuqluqla (bu saxta deyildi), səninlə 
danışanda həmişə olduğu kimi, kəkələyə-kəkələyə maraqlı şeylər danışmağa başladım, 
sizə irad tutdum ki, məni yaxşı öyrətməmişdiniz, bunu şagird yoldaşlarım öz boyunlarına 
götürməli oldular, böyük təhlükələrlə üzləşdim (cəsarətli görünmək üçün burda özümə 
xas bir həyasızlıq etdim, çünki mənim kimi qorxaqlar "böyük təhlükələr"in nə olduğunu 
bilməzdi), axırda da dedim ki, indi, xoşbəxtlikdən, hər şeyi bilirəm, məsləhətə ehtiyacım 
yoxdur, hər şey qaydasındadır. Əsas məsələ danışmağa başlamaq idi, çünki ən azı bu 
barədə danışmaq mənə xoş gəlirdi və nəhayət, bir də ona görə ki, nə üçünsə, nə yollasa 
sizdən qisas almaq istəyirdim. Öz təbiətinə uyğun olaraq, bunlara çox sakit qulaq asdın, 
təxminən belə dedin ki, bu işləri təhlükəsiz görmək üçün mənə məsləhət verə bilərsən. 
Bəlkə də səndən elə bu cavabı qoparmaq istəyirdim, çünki o, həmişə ət xörəyi və digər 
ləzzətli təamlardan bol-bol yemiş, fiziki iş görməmiş, ömrü boyu özünü düşünmüş bir 
uşağın coşqun təbiətinə daha çox uyğun gəlirdi. Ancaq o cavab eyni zamanda mənim 
zahiri utancaqlığımın üstündən elə bir qara xətt çəkdi ki, - ya da mənə elə gəldi - istər-
istəməz səninlə bu barədə danışa bilmədim və həyasız bir təkəbbürlə söhbəti kəsdim. 
O vaxt verdiyin cavabı qiymətləndirmək o qədər də asan deyil: bir tərəfdən dəhşətli 
dərəcədə açıq, müəyyən mənada da ulu bir cavab idi, digər tərəfdən də, verdiyin dərsə 
görə müasir biçimdə kəsə idi. Bilmirəm o vaxt neçə yaşım olardı, yəqin ki, on altını 
keçmiş olmazdı. O yaşda olan bir gənc üçün çox qəribə cavab idi, aramızda yaranmış 
uçurum da özünü burda göstərdi və mən onda ilk dəfə səndən birbaşa öz həyat dərsimi 
aldım. O vaxtdan beynimə həkk olunsa da, onun əsl mənasını sonralar başa düşdüm: onda 
mənə verdiyin məsləhət həm sənin fikrincə, həm də mənim o vaxtkı düşüncələrimə görə 
çirkaba bələnmiş məsləhət idi. Çalışırdın ki, mən o çirkabı cismimdə evə gətirməyim və 
bu arzun, əslində, ikinci dərəcəli idi, cünki bununla yalnız özünü, evini qoruyurdun. Əsas 
məsələ ondan ibarət idi ki, sən verdiyin məsləhətdən kənarda qalırdın, belə şeylərdən 
ucada dayanan əsl ər, təmiz kişi olurdun. Bütün bunların mənə onda daha pis təsir 
eləməsi bəlkə də izdivacı ədəbsizlik hesab etməyimlə bağlı idi və ümumiyyətlə, izdivac 
haqqında eşitdiklərimi valideynlərimə aid edə bilməzdim. Beləliklə, sən daha təmiz 
qalırdın, getdikcə də ucalırdın. Ağlıma sığışdıra bilmirdim ki, evlənməmişdən qabaq sən 
özünə buna bənzər məsləhət vermiş olasan. Belə çıxırdı ki, səndə o dünyəvi çirkabın 
nişanəsi yoxdur. Bir neçə açıq söhbətinlə məni o çirkaba sən yuvarladın, sanki alnıma 
belə yazılmışdı. Əgər dünya yalnız ikimizdən ibarət olsaydı, - belə təsəvvür mənim üçün 
çox doğma idi - onun təmizliyi səninlə bitər, verdiyin məsləhətə uyğun olaraq çirkabı da 
mənimlə başlayardı. Məni bu cür mühakimə etməyin özlüyündə anlaşılmaz idi, ancaq o 
köhnə günahlar, mənə bəslədiyin nifrət hər şeyi açıb deyirdi... Beləliklə, yenə də bütün 
varlığım sarsılmalı olurdu, özü də amansızcasına... 
Bəlkə də bu misalda heç birimizin günahı olmadığı daha aydın görünər: A adlı birisi B 
adlı digərinə sağlamlığını bir az qorumaq üçün açıq-saçıq, öz dünyagörüşünə uyğun 
gələn, o qədər də gözəl olmayan, ancaq bu gün də şəhərdə hamı tərəfindən qəbul olunan 
bir məsləhət verir. Bu məsləhət əxlaqi baxımdan B üçün münasib deyil, ancaq niyə də 
illər ərzində bu bəladan canını qurtamayaydı?! İstəsə, bu məsləhətə heç əməl etməz, 
ancaq burada onun gələcəyini korlaya biləsi bir şey də yoxdur. Ancaq buna oxşar nəsə 
baş verir və ona görə baş verir ki, A sənsən, B də mən. 
Hər ikimizin günahsızlığını bir də ona görə belə aydın görürəm ki, buna bənzər bir 
toqquşma iyirmi il sonra, başqa bir vəziyyətdə aramızda yenə oldu. Düzdür, hadisə kimi 
qorxulu idi, ancaq ziyansız ötüşdü, çünki otuz altı yaşlı adamda ziyan vurulası bir yer 

 
56
qalmamışdı. Axırıncı dəfə evlənmək niyyətimdən xəbər tutandan sonra yaşanan o gərgin 
günlərdəki qısa söhbətlərimizdən birində təxminən belə dedin: "Yəqin qəşəng bir kofta 
geyinib... Praqadakı yəhudi qızları belə şeyləri yaxşı bacarırlar... Sən də o dəqiqə qərara 
alıbsan ki, onunla evlənəsən! Özü də lap tez... Bir həftəyə... Ya da sabah... Bu gün... Səni 
başa düşmürəm, böyük oğlansan, şəhərdə yaşayırsan, nə edəcəyini bilmirsən, qarşına 
çıxanla evlənmək istəyirsən. Məgər başqa bir yol yoxdur? Deməyə qorxursansa, özüm 
səninlə oraya gedərəm..." Sən çox aydın, müfəssəl danışırdın, ancaq dediklərini bütün 
təfərrüatları ilə xatırlaya bilmirəm, bəlkə də gözümə bir az qaranlıq çökmüşdü, sanki 
məni daha çox anamın hərəkətləri maraqlandırırdı: səninlə tamam razı idi, ancaq stolun 
üstündə nəsə axtarırdı ki, onu götürüb aradan çıxsın. 
Məni sözlərinlə heç vaxt bu qədər alçaltmamışdın, mənə heç vaxt bu qədər nifrət etdiyini 
göstərməmişdin. İyirmi il bundan əvvəl mənimlə belə danışsaydın, sənin gözünlə baxmaq 
şərtilə, o sözlərdə vaxtından əvvəl yetkinləşmiş, sənin nəzərində birbaşa qaynar həyata 
atılası şəhər uşağına, az da olsa, hörmət nişanəsi görmək mümkün idi. Ancaq ondakı 
münasibət nifrət hissini daha da gücləndirdi, çünki o vaxt sürətlə inkişaf etməyə başlamış 
həmin oğlan yarı yolda qalmışdı və sənə elə gəlirdi ki, o, zəngin həyat təcrübəsi toplaya 
bilməyib, əksinə, iyirmi il geri qalıb. Mənim hansı qızla evlənəcəyimin sənin üçün heç 
bir mənası yox idi. Mənim qəbul etdiyim qərarlara həmişə (qeyri-ixtiyari) yuxarıdan 
aşağı baxmışdın və indi də (qeyri-ixtiyari) elə düşünürdün ki, onun necə qız olduğunu 
bilirsən. Mənim xilas olmaq üçün başqa yollar axtardığımdan xəbərin yox idi və təbii ki, 
evlənmək fikrinə necə düşdüyümü də bilməzdin, deməli, fikirləşib tapmalı idin. 
Fikirləşəndə də, məlum məsələdir ki, mənim haqqımda indiyəcən toplamış olduğun 
təəssüratlara əsaslandın - ən iyrənc, ən səfeh, ən gülünc təəssüratlara... Və tərəddüd 
etmədən bütün bunların hamısını üzümə dedin! Məni rüsvay etdin və elə bildin ki, bu 
rüsvayçılıq evlənməyimlə sənə gətirəcəyim rüsvayçılığın yanında heç nədir. 
Mənim evlənmək cəhdlərimlə bağlı bəzi məsələlərə etiraz edə bilərsən və artıq edibsən 
də: əgər F. ilə iki dəfə nişanlanıb, ikisində də nişanı qaytarmışamsa və yenidən 
barışmışamsa, mənim evlənmək qərarıma necə hörmətlə yanaşa bilərdin... Əgər səni və 
anamı bundan ötrü mənasız yerə özümlə sürüyüb Berlinə aparmışamsa... və sair və ilaxır. 
Bunların hamısı düzdür... Bəs bunu yaradan səbəblər? 
Hər iki evlənmək cəhdi yaxşı niyyətlə olmuşdu: ev-eşik sahibi olmaq, müstəqil 
yaşamaq... Sənin ürəyincə olan niyyət idi, ancaq uşaq oyununa çevriləndə mənasını 
itirirdi: elə bil, biri digərinin əlindən yapışıb və onu hətta bərk-bərk sıxaraq deyir: "Get 
də! Get dəəə... Niyə getmirsən?". Bizim məsələdə vəziyyət bir də ona görə belə 
mürəkkəbləşdi ki, sən o vaxt vicdanla "Get! Get!" demisən, ancaq elə o vaxtda da 
bilməyibsən ki, varlığın məni tutub saxlayıb, daha doğrusu, tərpənməyə qoymayıb. 
Qızların hər ikisi, təsadüfi olsa da, çox yaxşı seçim idilər. Yenə də məni başa düşmədin 
və inanmaq istəmədin ki, mənim kimi qorxaq, həmişə tərəddüd edən, hər şeyə şübhə ilə 
yanaşan bir adam, necə deyərlər, qəşəng koftadan vəcdə gələrək qəfildən evlənmək 
eşqinə düşür.  
Nigahların ikisi də daha çox məqsədli nigah olmalı idi. Birincidə illərlə, ikincidəsə, 
aylarla, gecə-gündüz baş sındırıb planlar qurmuşdum. 
Qızların heç biri məni məyus eləmədi, ancaq mən ikisinin də ümidini sındırdım. Onlar 
haqqında evlənmək istəyərkən nə düşünürdümsə, indi də eyni şeyi düşünürəm.  
Bu, o demək deyil ki, ikinci dəfə evlənmək istəyəndə birincidə qazandığım təcrübəni 
unutdum, ağılsızlıq elədim. Onların ikisi də tamamilə başqa-başqa idi və, əslində, 
birincidən qazandığım təcrübə çək-çevirlərlə dolu olan ikincidə mənə ümid verməli idi. 
Ancaq burda təfərrüatlara varmaq istəmirəm... 

 
57
Bəs niyə evlənmədim? Hər yerdə olduğu kimi, burda da bəzi maneələr vardı və, əslində, 
həyatın mənası da onları dəf etməkdən ibarətdir. Ancaq əsas, özü də təəssüf ki, heç bir 
hadisədən asılı olmayan maneə bu idi ki, özüm mənəvi cəhətdən evlənməyə hazır 
deyildim. Yəni, evlənməyi qərara alan kimi yuxum qaçırdı, başım gecə - gündüz od tutub 
yanırdı, həyat öz həyatlığından çıxırdı, şübhə-tərəddüdlər içində qovrulurdum. Bütün 
bunlar çəkdiyim qayğılara görə deyildi, onsuz da qətiyyətsizliyim, pedantlığım mənə 
saysız-hesabsız qayğılar yaradırdı, ancaq heç biri əsas olmurdu, meyitə daraşmış 
soxulcan kimi idilər, yavaş-yavaş öz işlərini görürdülər, ancaq məni sındıran başqa şey 
idi: həmişə qorxu altında olmaq, zəiflik, özünənifrət...  
Çalışacam ki, bunu bir qədər aydın izah edim: mən evlənmək fikrinə düşəndə sənə qarşı 
münasibətimdə indiyə qədər belə kəskin olmayan ziddiyyətlər yaranırdı. Əlbəttə, 
evlənmək tam azadlığa, müstəqilliyə ən yaxşı təminatdır. Ailəm olsaydı, zənnimcə, ən 
böyük nemətə sahib olardım, deməli, sənin qazandığın neməti mən də qazanmış olardım 
və bu da o demək idi ki, aramızdakı fərq silinirdi, o köhnə rüsvayçılıqlar da, təzələri də, 
zülmkarlıq da tarixə dönürdü... Bu lap nağıl olardı və elə nağıl olduğuna görə də, 
inanılası deyildi. Bu, xeyli çoxdur, o qədər çoxdur ki, ona çatmaq olmaz! Elə bil, kimsə 
türməyə düşüb, qaçmaq istəyir, bəlkə də qaça bilər, ancaq eyni zamanda da istəyir ki, bu 
türmədən özünə gözəl bir qəsr düzəltsin. Əgər qaçarsa, düzəldə bilməz - düzəldərsə, qaça 
bilməz. Aramızda belə xoşagəlməz münasibətlər ola-ola müstəqil olmaq istəyirdimsə, elə 
bir iş görməli idim ki, mümkün qədər səninlə bağlılığı olmasın. Düzdür, evlənmək çox 
böyük işdir, insana şərəfli bir müstəqillik qazandırır, ancaq eyni zamanda da səninlə 
bağlılığı olan işdir. Buradan çıxış yolu tapmağa çalışmaq adamı dəli eləyər və az qala hər 
bir cəhdin cəzası da məhz bu olur. 
Hərdən məni evlənmək fikrinə salan da məhz bu münasibətlər olurdu. Evlənəndən sonra 
aramızda yaranacaq bərabərliyi təsəvvürümə gətirirəm: sən bunu hamıdan yaxşı başa 
düşərdin, ürəyincə olardı, çünki mən onda azad, qədirbilən, günahsız, açıqürəkli oğul, sən 
isə dərddən-qəmdən, zülmkarlıqdan uzaq, yanımcıl, hər şeydən razı bir ata olardın. 
Ancaq bunun üçün gərək olanlar olmamış olaydı, yəni, heç birimiz olmayaydıq. 
Ancaq bizim indiki münasibətlərimizlə, birbaşa sənin "sahən" olan evlənməyin qapısı 
mənim üzümə bağlıdır. Bəzən dünyanın xəritəsini, sənin də onun üstündə uzandığını 
təsəvvürümdə canlandırıram. Onda mənə elə gəlir ki, yalnız sənin altında qalmayan və ya 
əlin yetməyən yerlərdə yaşaya bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az 
qalır və evlənmək də həmin "boş" yerlərin arasında olmur. 
Elə müqayisənin özü sübut edir ki, bununla heç də öz nümunənlə məni, mağazadan 
olduğu kimi, evlənməkdən də qaçaq saldığını demək istəmirəm. Əksinə, bəzi zahiri 
oxşarlıqlara baxmayaraq anamla sənin nigahına nümunəvi nigah kimi baxırdım: 
sədaqətdə də, qarşılıqlı köməkdə də, uşaqların sayında da bu nigah nümunə ola bilərdi. 
Hətta uşaqlar böyüyəndən sonra evdəki dinclik pozulanda da, sizin nigahınız bütöv qaldı. 
Bəlkə də mənim evlənmək haqqındakı yüksək fikirlərim elə bu nümunə əsasında 
yaranmışdı. Evlənməkdən qorxmağımınsa başqa səbəbləri vardı. Səbəblərdən biri sənin 
öz uşaqlarına olan münasibətin idi ki, bütün bu məktub da ona həsr olunub. 
Belə bir fikir var: adam bəzən evlənməkdən ona görə qorxur ki, onun bir vaxtlar 
valideynlərinə tutduqlarını uşaqları sonralar özünə qaytaracaq. Zənnimcə, mənim 
məsələmə bunun dəxli yoxdur, çünki məndəki günahkarlıq hisslərini sən yaratmışdın və 
son dərəcə özünəməxsus idi. Bəli, məni yandıran da həmin özünəməxsusluq idi, heç vaxt 
təkrar oluna bilməzdi. Onu da deməliyəm ki, özüm kimi qaradinməz, küt, quru, zəif 
uşağım olsaydı, dözə bilməzdim, ondan qaçardım, başqa yolum qalmasaydı, sənin kimi 

 
58
edərdim: mənim evlənmək istədiyimi biləndə, başını götürüb getmək istədin... Deməli, 
evlənə bilmədiyimə bu da təsir elədi. 
Ancaq ən vacibi özüm üçün qorxmağım idi. Bunu belə başa düşmək lazımdır: bayaq 
dedim ki, yazmaq və bununla bağlı digər məşğuliyyətlərlə, az da olsa, azadlığa çıxmağa, 
qaçmağa çalışdım, ancaq çox cüzi uğurlar qazana bildim. Bir çox məsələlər sübut edir ki, 
belə kiçicik uğurlarla uzağa getmək olmaz. Buna baxmayaraq, onları qorumaq 
borcumdur, daha doğrusu, həyatımın mənasıdır. Qoymaram ki, onlara xətər toxunsun, 
qoymaram ki, onlara hər hansı bir təhlükə yaxınlaşsın! Evlənmək də belə təhlükələrdən 
biridir. Düzdür, həm də ən böyük ilham mənbəyidir, ancaq özündə təhlükə gəzdirməsi 
mənə bəs eləyir. Əgər özü ilə təhlükə gətirsə, neyləyərdim?! Hiss etsəydim ki, bu ailədə, 
üzdə görünməsə də, təkzibolunmaz bir təhlükə dolaşır, orda necə yaşaya bilərdim?! Bəlkə 
də bir az tərəddüd edərdim, ancaq axırda yenə də ondan keçməli olardım. "Əlindəki 
sərçədir, tutmaq istədiyin göyərçinsə dama qonub" məsəli də buna az uyğun gəlir, çünki 
əlimdə heç nə yoxdur, nə varsa, damdadır. Ancaq mən "heç nəyi" seçməliyəm, çünki 
mübarizənin şərtləri, həyatın çətinlikləri belə tələb edir. Sənət seçəndə də belə seçməli 
olmuşdum. 
 
 
 
Adamı evlənməyə qoymayan belə bir köklü inamdır ki, ailəni saxlamaq, ona rəhbərlik 
etmək üçün səndə gördüyüm bütün keyfiyyətlər çox vacibdir. Özü də hamısı bir yerdə 
olmalıdır, yaxşısı da, pisi də səndəki kimi bir-birinə qarışmalıdır: güclü olmaq, 
başqalarına istehza ilə yanaşmaq, sağlam olmaq, bir az da ifrata varmaq, natiqlik 
məharəti, özünəinam, hamıdan narazılıq etmək, özünü hamıdan yüksəkdə tutmaq, 
zülmkar olmaq, adamları yaxşı tanıya bilmək, çox adama inanmamaq və bir də 
işgüzarlıq, dözüm, ruhdan düşməmək, qorxmazlıq kimi qüsursuz üstünlüklər... Səninlə 
müqayisədə bunların heç biri, demək olar ki, məndə yox idi, olanlar da az idi. Hətta sənin 
də ailə məsələlərində bir çox çətinliklərlə üzləşdiyini, uşaqlarınla mübarizədə geri 
çəkildiyini görə-görə hansı cəsarətlə evlənmək eşqinə düşmüşdüm? Əlbəttə, bu sualı 
özümə heç vaxt belə kəskin şəkildə vermirdim və cavabı da, təbii ki, kəskin olmurdu, 
yoxsa sadə bir məntiq hər şeyi nəzarətə götürər və mənə səndən fərqlənən elə kişilər 
göstərərdi ki, (məsələn, elə lap yanımızda olan, ancaq səndən çox fərqlənən Rixard 
əmini) evləniblər, ancaq bu evlilik onları bir çoxları kimi sındıra bilməyib və bu da mənə 
artıqlaması ilə kifayət edərdi. Bu sualı özümə bir də ona görə vermirəm ki, uşaqlıqdan 
yol yoldaşım olub. Mən yalnız evlənməyə hazır olub-olmadığımı bilmək üçün deyil, hər 
xırda şeyə görə özümü sınaqdan keçirirdim. Hər xırda şeydə də mənə nümunə oldun və 
indi təsvir etməyə çalışdığım tərbiyə üsulunla məni inandırdın ki, heç nəyə qabil deyiləm. 
Əgər hər bir xırda şeydə bu, sübut olunurdusa, sən haqlı çıxırdınsa, deməli, o böyük işdə 
- yəni evlənmək məsələsində də belə olmalı idi. Evlənmək fikrinə düşənə qədər mən, 
təxminən qayğılar içində yaşamasına baxmayaraq, həmişə nəsə bir bəd xəbər 
gözlədiyindən gündəlik haqq-hesab aparmayan, yalnız günü-günə calayan bir tacir kimi 
böyümüşdüm. Bu tacirin hərdən xırda-para qazancı olur, ancaq həmin qazanc çox nadir 
hallarda olduğundan onu həmişə əzizləyir, şişirdir, qalan günlərdəsə ziyana işləyir. 
Hamısını dəftərə yazır, ancaq haqq-hesab aparmır. Nəhayət, balans çıxarmaq, yəni, 
evlənmək vaxtı gəlib çatır. Bu zaman elə böyük məbləğlər ortaya çıxır ki, sanki heç o 
xırda-para qazanclar da olmayıb, həmişə borca işləyib. İndi, gəl, dəli olmadan evlən 
görüm, necə evlənirsən! 

 
59
Səninlə bir yerdə yaşadığım həyat burda sona yetir və gələcəyə nə vəd etdiyi də aydın 
görünür. 
Səndən qorxduğumu sübut eləmək üçün gətirdiyim dəlillərə bir də nəzər salsan, belə də 
cavab verə bilərsən: "Dediklərindən belə çıxır ki, sənə münasibətimi günahlarınla izah 
edərək, öz günahlarımı yüngülləşdirirəm. Ancaq mənə elə gəlir ki, sən bu zahiri 
gərginliklə yalnız yüngülləşmirsən, daha çox ondan öz xeyrinə istifadə edirsən. Əvvəlcə 
sən də bütün günahları, məsuliyyət hissini öz boynundan atırsan və deməli, bu məsələdə 
eyniləşirik. Ancaq mən fikirləşdiyim kimi açıq şəkildə həmin günahları sənin ayağına 
yazanda, özünü "daha ağıllı", "daha mehriban" göstərmək istəyirsən və üstəlik, məni də 
bütün günahlardan azad edirsən. Əlbəttə, sonuncu sənə zahirən müyəssər olur (əslində, 
bundan artıq heç nə istəmirsən), lakin səbəb və nəticə, ziddiyyət və yazıqlıq haqqındakı o 
"bəlağətli sözlər"inə baxmayaraq, belə çıxır ki, hücum edən tərəf həmişə mən olmuşam, 
sən neyləyibsənsə, özünü müdafiə etmək üçün eləyibsən. Belə çıxır ki, sən bu qeyri- 
səmimiliyinlə artıq istədiyinə çatdın, üç şeyi sübut etdin: birincisi, sənin heç bir günahın 
yoxdur, ikincisi, bütün günahlar məndədir və üçüncüsü də, böyük ürək sahibi olduğun 
üçün nəinki məni bağışlamağa hazırsan, hətta, nə qədər həqiqət də olsa, bunu sübut 
edərək özün də inanarsan ki, mənim günahım yoxdur. Əslində, bu sənə kifayət etməli idi, 
ancaq etmir. Beyninə yeridibsən ki, mütləq mənim hesabıma yaşayacaqsan. Boynuma 
alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər 
mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə 
özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşarat mübarizəsidir 
ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. 
Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən. Yaşamağa qadir deyilsən, ancaq 
həyatda öz yerini rahatlamaq, qayğılardan uzaq olmaq, özündən razı qalmaq üçün sübut 
etməyə çalışırsan ki, guya sənin yaşamaq bacarığını mən əlindən alıb cibimə qoymuşam. 
İndi nə vecinə ki, yaşamağa qadir deyilsən və bunun məsuliyyəti də mənim boynumdadır, 
özün ayaqlarını uzadıb rahat yatırsan, mən də səni həm cismən, həm də mənən özümlə 
sürüməliyəm. Bir misal çəkim: axırıncı dəfə evlənmək istəyəndə, məktubunda boynuna 
aldığın kimi, həm də evlənmək istəmirdin, ancaq özünə əzab verməmək üçün çalışırdın 
ki, evlənməməkdə sənə kömək edim, bu nigahın ad-sanım üçün "rüsvayçılıq" olduğunu 
əsas tutaraq, evlənməyi sənə yasaq eləyim. Ancaq belə şeyi ağlıma da gətirmirdim. 
Birincisi ona görə ki, hər şeydə olduğu kimi, burda da "xoşbəxtliyinə mane olmaq" 
istəmədim, ikincisi də, heç vaxt uşaqlarımdan belə iradlar eşitmək istəməmişəm. Məgər 
özümü məcbur eləyib sənə evlənməkdə sərbəstlik verməyimin xeyiri oldu? Zərrə qədər 
də! Evlənməyinin əleyhinə çıxmağım ona mane ola bilməzdi, əksinə, o qızla evlənməyini 
daha da tezləşdirərdi, çünki, öz dediyin kimi, "qaçmaq" planını tam şəkildə həyata 
keçirərdin. Evlənməyinə icazə versəydim də, iradların qurtarmayacaqdı, çünki onsuz da 
sübut etməyə çalışırsan ki, hər bir halda evlənməməyinin günahı məndədir. Həqiqətdə isə 
istər bu məsələ, istərsə də digərləri ilə mənə bircə şeyi sübut elədin ki, bütün iradlarım 
haqlı imiş, ancaq onların arasında ən haqlısı yox idi: sənin qeyri-səmimi, yaltaq, tüfeyli 
olmağın! Səhv eləmirəmsə, elə bu məktubunla da mənə yaltaqlanırsan." 
Buna cavab olaraq deyə bilərəm ki, qismən öz əleyhinə çevrilən bu etiraz, əslində, 
məndən gəlir, sənlik deyil. Sənin başqalarına inamsızlığın mənim özümə inamsızlığım 
qədər böyük deyil və bunu da mənə sən öyrədibsən. Əlbəttə, bu etirazlardan bəzilərinin 
haqlı olduğunu inkar etmirəm, ancaq onların heç biri bizim münasibətlərimizin 
mahiyyətini yeniləşdirməyə qadir deyil. Özlüyündə hər şey gerçəkdə bir-birinə uyğun 
gələ bilməz - mənim məktubumdakı sübutlar da elə... Axı həyat çox mürəkkəbdir. Ancaq 
mənə elə gəlir ki, bu etiraza uyğun aparılacaq düzəlişlərlə bir yerdə - indi həmin 

 
60
düzəlişləri nə sadalaya bilərəm, nə də sadalamaq istəyirəm - həqiqətə o qədər yaxınlaşa 
bildik ki, ikimiz də özümüzü, az da olsa, rahat hiss eləyə bilərik, bu dünyada da, o 
dünyada da yüngülləşərik...  
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin