Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 15,71 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix07.09.2017
ölçüsü15,71 Mb.
#29254
1   ...   4   5   6   7   8   9   10   11   12

Aza  körpüsü  Ordubad  rayonunun,  Aza  kəndində,  Gilançayın 
üzərində  memarlıq  abidəsidir.  Aza  kəndi  ilə  Darkəndi  birləşdirən  bu 
körpünün  eni  3,5  m,  uzunluğu  46  paqonometrdir.  Beş  aşırımlıdır. 

 
 
186 
 
Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa 
edilərkən  yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı  məsafə  müxtəlif 
ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və 
Çini  Qara  dəniz  sahilləri  və  Avropa  ölkələri  ilə  birləşdirən  mühüm  ticarət-
karvan  yolu  üstündə  yerləşən  Aza  körpüsü  Böyük  İpək  yolu  ilə  şərqdən 
qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq  üçün 
Səfəvi  hökmdarı  I  Şah  Abbasın  zamanında  (1587-1629)  inşa  etdirilmişdir. 
Buradan  keçən  ticarət  karvanları  ilə  yerli  məhsullar,  o  cümlədən  quru 
meyvələr,  sənətkarlıq  məhsulları,  ipək  ixrac  olunurdu.  Baş  verən  təbii 
fəlakətlər  və  bəzi  tarixi  hadisələr  nəticəsində  dəfələrlə  dağılmış,  sonralar 
təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 
1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş  və  yenidən qurulmuşdur.  Hazırda 
Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri 
bu körpüdən istifadə edir. Körpü XVII əsrə aiddir. 
 
Şəkil 122. Qazançı körpüsü. 
Qazançı  Körpüsü  Culfa  rayonunun  Qazançı  kəndinin  cənub 
tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsidir. Körpü 
xalq  arasında  "Qozbel  körpü"  adı  ilə  də  məşhurdur.  Körpü  XVI-XVII 
əsrlərdə  Şərq  memarlıq  üslubunda  tikilmişdir.  Böyük  İpək  yoluna  xidmət 
edən  bu  körpü  vasitəsi  ilə  vaxtilə  Qazançı  kəndindən  şərq  istiqamətində 
uzanan  və  Ordubad  ərazisində  əsas  yola  birləşən  karvan  yolları  keçmişdir. 

 
 
187 
 
Körpü  nisbətən  yaxşı  qalsa  da,  nəqliyyat  üçün  yararsızdır.  Bununla  belə  o, 
Azərbaycanın biraşırımlı körpülərinin ən  yaxşı nümunəsi sayılır. Körpünün 
eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş 
çapma  daşlardan  tikilmişdir.  Tağların  haşiyə  və  arxivoltu  təmiz  yonulmuş 
qumdaşındandır.  Bunun  sayəsində  tağların  kənarı  körpü  divarının 
yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır. 
 
Şəkil 123. Ləkətağ körpüsü. 
Ləkətağ  körpüsü  Naxçıvan  Muxtar  Respublikasının  Culfа 
rayonunun Ərəfsə kəndindən şimal-şərqdə  Əlincəçаyın üzərindədir.  Körpü 
Əlincə  çаyın  sol  sаhilində  olаn  kəndləri  Culfа  rаyonun  digər  kəndləri  ilə 
əlаqələndirilmişdir.Tikinti tехnikаsınа əsаsən körpünü XVI-XVII əsrlərə аid 
еtmək olаr. 1991-ci ildə Аzərbаycаn ЕА Nахçıvаn Еlm Mərkəzinin аrхеoloji 
еkspеdisiyаsı  bu  ərаzidə  işləyərkən  körpünün  ölçülərini  və  fotosunu 
götürmüşdür. Körpü tаğvаrı formаdа olub, müхtəlif həcmli çаy və dаğ dаşlа 
rındаn  tikilmişdir.  Onun  tаğı  kənаrlаrdа  yonulmuş  аğ  dаşlаrdаn,  ortаdа  isə 
müхtəlif çаy dаşlаrı ilə hörülmüşdür. Bərkidici mаddə kimi iri qum və əhəng 
qаrışığı  olаn  gəcdən  istifаdə  еdilmişdir.  Аşаğı  hissədə  körpunun  еni  7 
metrdir.  Onun  hündürlüyü  dаş  özülə  qədər  5,  çаyа  qədər  6,5  metrdir. 
Körpünün еni 2,7 metrdir. Onun üst hissəsi tаmаmilə uçub dаğılmış, tаğı isə 
uçmаq üzrədir. Bеlə hеsаb еtmək olаr ki, Ortа əsrlərdə Əlincəçаy vаdisi ilə 
uzаnаn  yol  Ərəfsə  kəndin  yахınlığındа  çаyın  sol  sаhili  boyuncа  dаvаm 
еtmişdir. 

 
 
188 
 
Qeysəriyyə  Ordubad  şəhərində  XVII  əsrə  aid  tarixi  memarlıq 
abidəsidir.  Şəhərin  mərkəzində  yerləşir.  Ümumi  sahəsi  540  m
2
-dir.  Abidə 
10x10 olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi 
günbəzdən,  günbəzi  künclərdə  saxlayan  mürəkkəb  quruluşlu  dörd  ədəd 
dayaqdan  və  dayaqlarla  kənar  divar  taxçaları  arasında  yerləşən  keçidlərdən 
(eni 3,4 m) ibarətdir. Dayağın divarlarındakı taxçaların ölçüləri 1,4x1,45x2,2 
m-dir. 
 
 
Şəkil 124. Qeysəriyyə. 
Dayaq  taxçalarından  fərqli  olaraq  kənar  divar  taxçaları  çatmatağ 
konstruksiyalı  olub,  ölçüsü  3,4x1,37x3  m-dir. Keçidlərin  tavanı  16  ədəd 
kiçik günbəzlərlə qapanıb. Abidə  bişmiş kərpicdən  inşa olunmuş,  divarının 
qalınlığı  80  sm-dir.  Abidənin  mərkəzi,  günbəzi  də  daxil  olmaqla,  ümumi 
hündürlüyü  8,5 m-dir.  Qeysəriyyə  sözunun  mənası  keçmiş  zamanlarda 
şahlara  məxsus  daş-qaş,  ləl-cəvahirat  satılması  məqsədilə  tikilmiş  örtülü 
Şərq  bazarı  deməkdir.  Belə  tikililərə  dünyanın  3  yerində  rast  gəlmək  olar: 
Səmərqənd,  Təbriz  və  Ordubad  şəhərində.  Hazırda  ən  görkəmlisi  və  abadı 
Ordubaddakıdır.  Sonrakı  dövrlərdə  bu  abidədən  "Zorxana"  kimi  istifadə 
edilmişdir.  Belə  ki,  zalının  döşəməsi  nisbətən  binanın  döşəməsindən  aşağı 
olduğu  üçün  döşək  əvəzinə  dağlardan  yığılmış  gəvən  kollarını  buraya 
doldurub üstünə narın torpaq tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan 
və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayarmışlar. Kim 
qalib  gəlirdisə,  hücrələrdə  əyləşən  xandan  mükafat  kimi  bir  kisə  qızıl 
alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış "Əncüməni-şüəra" 
ədəbi məclisinin üzvləri (yaradıcısı fars və ərəb dillərini gözəl bilən, həcv və 

 
 
189 
 
satirik  şeirlər  yazan,  lakin,  təəssüf  ki,  əsərləri  bizim  dövrümüzə  gəlib 
çatmayan  Ordubadlı  Kərbalayı  Molla  Əhməd  adlı  bir  nəfər  olmuşdur) 
Hacıağa  Fəqir  Ordubadi,  Məhəmməd  Tağı  Sidqi,  Qüdsi  Vənəndi,  Aşıq 
Abbas  Dəhri,  Usta  Zeynal  Nəqqaş,  Hacı  Əhməd  Bikəs  və  başqaları  bu 
binaya  yığışıb öz  yazdıqları əsərləri oxuyaraq kimin güclü  yazdığını bəyan 
edərmişlər.  Qeysəriyyə  binası  çar  Rusiyasının  hakimiyyəti  dövründə 
üçtürləngəli  feldşer  Qasımın  və  pinəçi  İbrahimin  babaları  və  dayıları 
tərəfindən  qızıl  pulla  alınaraq  ipək  sarıyan  sexə  çevrilmişdir.  Sovet 
hakimiyyəti  dövründə  binanın  bir  tərəfi  mağaza  və  anbar,  digər  tərəfi  isə 
aşxana kimi istifadə edilmişdir. XX əsrin axırlarında, 1978-ci ildə ordubadlı 
memar  Zakir  Haşım  oğlu  Babayev  tərəfindən  abidə  yenidən  bərpa 
edilmişdir.  Hazırda  Qeysəriyyə  binası  Ordubad  rayonunun  Tarix-
Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. 
 
 
 
Şəkil 125. Naxçıvan şəhərində imamzadə kompleksi. 
 
Naxçıvan  şəhərində  imamzadə  kompleksi.  Xanəgah  əvəzinə 
İmamzadələrin  meydana  gəlməsi  Səfəvilər  dövrü  üçün  xarakterikdir. 
Naxçıvan şəhərinin cənub-şərq hissəsində  yerləşən  memarlıq abidəsi XVIII 
əsrə  aiddir.  Kompleks  3  binadan  ibarətdir.  Kompleksin  özəyini  planda 
kvadrat  şəkilli,  xarici  görünüşünü  isə  kubik  formalı  qülləvari  türbələrdən 
gələn  dairəvi  gövdənin  qovuşduğu  kompozisiya-türbə  təşkil  edir.  Türbənin 
qülləsinin  silindrik  gövdəsinin  dekorativ  Bərdə  türbəsi  ilə  eyniyyət  təşkil 
edir.  Üfüqi  düzülmüş  qırmızı  kərpiclərin  təkrarlanmasından  yaranan 

 
 
190 
 
epiqrafik motivli naxışlar türbənin yeganə bəzəyidir. Bu tip naxış Qarabağlar 
türbəsində  də  istifadə  olunmuşdur.  Sonradan  türbəyə  əlavə  edilən  otaqlar 
qapı  keçidləri  ilə  əlaqələndirilmişdir.  Onların  biri  yastı,  digəri  isə  günbəzli 
dam örtüyü vardır.  Dördkünc  binadan  günbəzə  keçid  çatmatağlar  vasitəsilə 
həll  edilmişdir.  Türbəyə  bitişən,  nisbətən  böyük  həcmə  malik  və  qərbdən 
giriş  qapısı  olan  bina  kompleksin  mərkəz  hissəsini  təşkil  edir.  Keçən 
yüzilliyin  20-ci  illərində  Naxçıvanda  olan  rus  alimi  V.M.Sısoyevin 
yazdığına görə kompleksin bu hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab 
edilirmiş. Alimin şəhadətinə görə burada Abbasqulu xanın hicri 1337-ci ildə 
(1918) vəfat etmiş oğlu Mustafaqulu xan Naxçıvanskinin qəbri varmış. 
 
Şəkil 126. İmamzadə kompleksinin cənubdan görünüşü. 
 
Türbə  XVIII  əsrdə  inşa  olunmuşdur.  Tədqiqatçı    İ.Əzimbəyov  ərəb 
dilində  yazılmış  və  hazırda  yerində  olmayan  daş  kitabənin  mətnini 
oxumuşdur.  Kitabənin  mətni  belə  omuşdur:  "1722-1732-ci  illərdə  bu 
İmamzadə,  ərəb  və  əcəmin  ixtiyar  sahibi,  səxavətli  xaqan,  möhtərəm  əmir, 
ən  böyük  sultan,  şah  oğlu  Şah  Əbu  Müzəffər  Təhmasib  Bahadır  xanın 
hökmdarlığı  dövründə,  günahları  bağışlamağa  layiq,  mərhum  Hacı  Polad 
bəyin  oğlu  sahibkar,  zəmanənin  xeyirxahı  olan  Rufan  bəyin  əmri  ilə 
tikilmişdir". 
Kompleksdən  azca  aralı  şimal  tərəfdə  başqa  bir  türbə  vardır.  Bişmiş 
kərpicdən inşa edilən  bu türbə aşağıdan kvadratşəkilli götürülərək yuxarıda 
çoxbucaqlı  şəkildə  inşa  olunmuş,  üstü  günbəzlə  örtülmüşdür.  Kompleksə 

 
 
191 
 
daxil olan başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə qalmışdır. 
Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı 
aydınlaşdırılmamışdır. 
Pir  Yaqub  xanəgahı  iki  dördkünc  formalı  binanın  birləşməsindən 
ibarətdir.  İçərisində  iki  müsəlman  qəbiri  vardır.  Əsas  binanın  üzəri  sferik 
günbəzlə  örtülmüşdür.  Abidə  hazırda  bərpa  edilərək  abadlaşdırılmışdır. 
Xanəgahın  giriş  qapısının  üzərində  latın  qrafikası  ilə  «Pirəli  və  Miryaqub 
piri»  sözləri  yazılmışdır.  Memarlıq  üslubuna  əsasən  xanəgahın  binasını 
XVIII  əsrə  aid etmək olar.  Tədqiqatçı F.Səfərlinin fikrinə görə bu  xanəgah 
Bəktaşiyyə  Sufi  cəmiyyətinə  mənsub  olmuşdur.  Xanəgaha  əvvəlcə  Pir  Əli, 
Sonra isə Pir Yaqub rəhbərlik etmişdir. 
 
           
 
 
Şəkil 127. Pir Yaqub xanəgahı. 
 
Zaviyə  məscidi  Naxçıvan  şəhərində  yerləşir.  Ərəbcə guşə,  künc, 
bucaq  mənasmı  verən  zaviyə sufi təriqətlərinə  mənsub  məskənlərin 
adlarından  biridir.  Orta  əsrlərdə  Naxçıvanda  mövcud  olan  bəzi  təriqət 
tərəfdarları  məscidlərə  getmir,  özləri  üçün  ayrıca  təkyələr,  zaviyələr  tikir, 
orada  yaşayır  və  zikrlə  məşğul  olurdular.  Məscidin  özünəməxsus 
arxitekturası vardır. Bina böyük ibadət salonundan, ona bitişik vestibüldən, 
ikimərtəbəli  üç  yardımçı  otaqdan  və  dolama  pilləkənləri  olan minarədən 
ibarətdir.  Binanın  xarici  tərəfi  bişmiş  kərpiclə  üzlənmişdir.  Fasadında 

 
 
192 
 
kərpiclərdən  çıxıntı  verilməsi  ilə  dərin  taxçalar  yaradılmışdır.  Zaviyənin 
xarakterik  cəhətlərindən  biri  ön  tərəfindəki  künclərdən  birinin  yarım 
silindirlərin  birləşdirilməsi  ilə  həll  edilməsidir.  Məscidin  içərisi  sadədir.  İç 
divarları  gəclə  suvanmışdır.  Binaya  üç  tərəfdən:  qərbdən  və  şimaldan  bir, 
şərq  tərəfdəki  həyətdən  isə  üç  giriş  qapısı  var.  Əsas  giriş  qərbdəndir.
 
Bina 
dəfələrlə  bərpa  edildiyindən  forması  bir  qədər  dəyişmişdir.  Arxitektura 
quruluşuna görə XVII-XVIII əsrlərə aid edilir. 
 
 
 
 
Şəkil 128. Zaviyə məscidi. 
 
İsmayılxan  hamamı.  Naxçıvan  şəhərində,  Heydər  Əliyev  prospekti 
və  Təbriz  küçəsinin  kəsişməsində,  Dədə  Qorqud  meydanında  tarixi-
memarlıq abidəsidir. XVIII əsrin ortalarında  Şərq memarlıq üslubunda inşa 
edilən  bina  giriş,  xidmət  zalı,  çarhovuzlu  çimərlik,  xəzinə  və  ocaqxanadan 
ibarətdir. Ümumi sahəsi 526 m2-dir. Hamam planda düzbucaqlı formadadır. 
Bina  20x20x5 sm ölçüdə  bişmiş  kərpiclə  inşa  edilmişdir.  Hamama  giriş 
çatmatağlı  portaldandır.  Portalın  eksteryeri  kaşılarla  bəzədilmişdir. 
Hamamın daxilinə geniş vestübüldən, soyunma zalına isə dar keçiddən daxil 
olmaq mümkündür. Soyunma zalı səkkizbucaqlı formadadır. Zalın divarları 
boyunca  6  ədəd  dərin  taxça  yerləşdirilmişdir.  Yuyunma  zalının  iki  keçidi 
var.  Keçidlərdən  biri  digər  otağa  açılır.  Zalın  mərkəzində  2x2  m  ölçüdə 
çarhovuz  inşa  edilmişdir.  108 m2 sahəsi  olan  zalın  tavanı  sferik  günbəzlə 

 
 
193 
 
örtülmüşdür.  Hamam  zalların  divarlarına  yerləşdirilmiş  kiçik  pəncərələr  və 
kümbəzin üstündəki bacalarla işıqlandırılır.  
 
              
 
 
  Şəkil 129.İsmayılxan hamamı.  
 
 
Hamamın  xəzinəsi  binanın  qərbində,  yuyunma  zalına  bitişik 
yerləşdirilmişdir.  Xəzinədən  açılan  gözlükdən  su  götürülməsi  üçün  istifadə 
olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin 
altındakı  ocaq  hamamın  isidilməsində  əsas  rol  oynamışdır.  Otaqlara  istilik 
yeraltı  kanallar  vasitəsilə  verilmişdir.  Hamam  Naxçıvan  xanlarından  biri 
olan İsmayıl xanın adı ilə bağlıdır. Hazırda əsaslı təmir və bərpa edilmişdir.  
Nehrəm İmamzadəsi. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa 
işlərindən  sonra  dövrümüzədək  qalmışdır.  Planının  kvadrat  formasında 
olması,  divarlarındakı  oyuqlar  və  mərkəzi  otağın  günbəzlə  örtülməsi 
abidənin  ilk  məscid  tiplərinə  aidliyini  göstərir.  İndi  də  dəfn  mərasimləri 
keçirilən  qəbiristanlığın  mərkəzində  yerləşən  Nehrəm  İmamzadəsi  türbə, 
məscid,  təkyə  və  s.  yardımçı  binalardan  ibarət  böyük  kompleksdir. 
Kompleksin özəyini təşkil edən  türbənin  içərisində ziyarət obyekti  olan bir 
qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara 
örtük  salınmışdır.  Zəvvarlar  qəbri  ziyarət  edir,  nəzir  verir,  qurban  kəsirlər. 
Qəbrin  üzərində  onun  kimə  aid  olmasını  bildirən  kitabə  yoxdur.  Əhali 
arasında  yayılan  rəvayətə  görə  qəbirdə  şiələrin  yeddinci  imamı Museyi-
Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.  Türbənin  daxilində,  divarlarda, 
mehrabın cənub, baş və sağ tərəfində günbəzvari çərçivələrdə dini xarakterli 

 
 
194 
 
kəlamlar verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı sənətkara 
məxsus olduğu göstərilir. Memarlıq quruluşuna görə XVIII əsrə aid edilir. 
 
 
 
 
Şəkil 130. Nehrəm İmamzadəsi. 
 
Pаrçı  imаmzаdəsi  Şərur  rayonunun  Хаnlıqlаr  kəndinin  şimаlındа, 
Parçı kəndinin ərazisindədir. Parçı yаşаyış yеri Nахçıvаn-Şərur şоsе yоlunun 
sаğ tərəfində Хаnlıqlаr kəndinin  şimаlındа yеrləşir. Аbidə hаzırdа Хаnlıqlаr 
kəndinin əhаtəsində qаlmışdır. Burаdа möhrədən və çiy kərpicdən hörülmüş 
tikinti  qаlıqlаrı  vаrdır.  Yаşаyış    yеrinin  üzərində  хеyli  şirsiz  və  şirli  sахsı 
məmulаtınа  təsаdüf  оlunur.  Yаşаyış  yеrinin  üzəri  müаsir  tikintilərlə 
örtüldüyündən  оnа  məхsus  bir  çох  əlаmətlər  itmişdir.  Yаşаyış  yеrinin 
mərkəzində  Sultаn  İbrаhim  imаmzаdəsi  аdlаnаn  mеmаrlıq  kоmplеksi 
yеrləşir. Günbəzli böyük binadan ibarət imamzadənin mərkəzi salоnunda bir 
qəbir var. Sоn zamanlar bina kənd camaatı tərəfindən bərpa edilərkən qəbrin 
üstü səliqə ilə düzəldilmiş, üzərinə yerli materiallardan hazırlanmış baş daşı 
və  sinə  daşı  qоyulmuşdur.  Deyilənə  görə,  vaxtilə  qəbrin  üzərində  kitabə 
оlmuşdur.  Kənd  əhalisi  abidəni  "Şahzadə  İbrahim  ibn  Musa  imamzadəsi" 
adlandırır. Buna əsasən ehtimal etmək оlar ki, ziyarətgahda dəfn оlunan şəxs 
yeddinci  imam  Museyi-Kazımın  оğlu  İbrahimdir.  Abidənin  üzərində 
sоnralar  türbə  ucaldılmışdır.  Memarlıq-kоnstruktiv  əlamətlərinə  görə,  Parçı 

 
 
195 
 
İmamzadəsi  XVII–XVIII  əsrlərə  aid  edilir.  Аbidə  bərpа  еdilərək  təmir 
еdilmişdir.  
 
Şəkil 131. Pаrçı imаmzаdəsi. 
Xan  Sarayı  Naxçıvan  şəhərində  yerləşir.  XVIII  əsrə  aid  tarixi-
memarlıq  abidəsidir.  Şərq  memarlıq  üslubunda  tikilmiş  abidə  XX  əsrin 
əvvəllərinə  qədər  Naxçıvan  xanlarının  yaşayış  evi  olmuşdur.  Sarayı  XVIII 
əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli 
tikdirmişdir. Xan  Sarayı  3600  m
2
 sahəsi  olan  saray  kompleksinin  qərbində, 
xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan 
Sarayı  kompleksində  42x8  m  ölçüdə  yardımçı  bina,  yeni  inşa  olunmuş 
hovuz,  su quyusu,  yaşıllıq zolaqları,  bəzək  və meyvə  ağacları var.  Bina iki 
mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə 
inzibati  işlər  və  yüksək  mənsəbli  qonaqların  qəbulu,  şimal  bölmə  isə  xan 
ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon 
tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey  yerləşdiyinə 
görə  yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr arasında daxili keçid 
yaradılıb.  Dəhlizlər  əsas  fasaddan  qabağa  çıxarıldığı  üçün  binaya  xüsusi 
gözəllik  verir.  Dəhlizlərə  qırmızı  qum  daşı  ilə  döşənmiş  pilləkənlərlə 
qalxılır.  Pilləkənlərin  ətrafı  kərpiclə  hörülüb  və  ağac  məhəccərlərlə 
bərkidilib.  

 
 
196 
 
Xan Sarayının ümumi sahəsi 382 m
2
, divarlarının qalınlığı 60 sm-dən 
1,1 m arasında dəyişir. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir. 
Pəncərələrdə  şəbəkə  üslubundan  və  bütün  otaqlarda  Naxçıvan  yaşayış 
evlərinə  xas  olan  müxtəlif  ölçülü  taxçalardan  istifadə  olunmuşdur.  1-ci 
mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan 
vestibüllərin  üzərində  2  mansar  yerləşir.  Hər  iki  mansardan  dəhlizlərin 
üstündəki açıq balkonlara çıxış var. Mansarlara vestibüllərdən açılmış kərpic 
pilləkənlərlə  qalxılır.  Xan  Sarayının  cənub  zalı  daha  dəbdəbəlidir.  Qonaq 
qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə 
səhnə tipli taxt yaradılmışdır.  
            
 
           Şəkil 132. Xan sarayı. 
Taxtlı  güşənin  açılan  pəncərələri  yerdən  tavana  qədər  şəbəkələrlə, 
tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər divarları 
taxçalar,  nəbati  və  süjetli  rəsmlərlə  işlənmişdir.  Sonralar  aparılan  çoxsaylı 
təmir  və  bərpa  işləri  zamanı  rəsmlər  pozulmuş  və  ya  üzəriləri  suvaqla 
örtülmüşdür.  Zalın  əzəmətini  cənub  divardakı,  ətrafı  həndəsi  formalar  və 
güzgü  parçaları  ilə  bəzədilmiş  buxarı  daha  da  artırır.  Bina  divarlara 
yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. 
 
Biləv  körpüsü.  Biləv  kəndinin  cənubundа  yеrləşir.  Bеş  аşırımlıdır. 
Körpünün  yаlnız  bir  qisminin  qаlıqlаrı  sаlаmаt  qаlmışdır.  Gilаnçаyın 

 
 
197 
 
üzərindədir.  Аşırımlаr  аrаsındаkı  məsаfələr  müхtəlifdir.  Tаğvаri  аşırımlаr 
dördkünc  fоrmаlı  dаyаq  sütunlаrı  üzərində  inşа  оlunmuşdur.  Körpünün  еni 
3,3 m, uzunluğu 55 m-dir. Körpü əhəng məhlulu ilə iri həcmli çаy dаşlаrı və 
qаyа pаrçаlаrındаn  hörülmüş,  yоnulmuş  dаşlаrlа  üzlənmişdir. Körpü ХVIII 
əsrə аiddir. 
 
 
 
 
 
Şəkil 133. Beş aşırımlı Biləv görpüsü. 
 
 
Əfqаn  qаlаsı.  Оrdubаd  şəhərinin  içərisində,  Dübəndi  çаyının 
sаhilində  yеrləşir.  Qаlа  şərq  tərəfdən  sıldırım  qаyаlıqlаrlа  məhdudlаşır. 
Digər  tərəflərdə  müdаfiə  məqsədi  ilə  iri  qаyа  pаrçаlаrındаn  hörülmüş 
müdаfiə  divаrı  vаrdır.  Hörgüdə  bərkidici  kimi  əhəng  məhlulundаn  istifаdə 
еdilmişdir. Qаlа divаrının аşınmа nəticəsində dаğılmаsınа bахmаyаrаq, 5 m 
hündürlükdə sаlаmаt qаlmışdır. Qаlаnın içəri tərəfindəki tikintilər tаmаmilə 
dаğılmış  vəziyyətdədir.  Bəzi  qismlərdə  dördkünc  fоrmаlı  binаlаrın 
qаlıqlаrını  izləmək  mümkündür.  Аrаşdırmаlаr  zаmаnı  qаlаnın  ərаzisində 
Оrtа  əsrələrin  sоnunа  аid  şirli  və  şirsiz  kеrаmikа  məmulаtı  tоplаnmışdır. 
Аrхеоlоji  mаtеriаllаrа  və  qаlа  divаrının  tikinti  tехnikаsınа  əsаsən,  Əfqаn 
qаlаsını ХIV-ХVIII əsrlərə аid еtmək оlаr.  
 
  
 
 

 
 
198 
 
 
  
 
Şəkil 134. Əfqan qalasının divarları. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
199 
 
VI FƏSİL. XIX ƏSRİN TARİX-MEMARLIQ ABİDƏLƏRİ 
 
XIX əsrin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqazdakı işğalçılıq 
siyasəti tarixi Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə nəticələndi. Çar 
Rusiyasının  Cənubi  Qafqazda  möhkəmlənməsindən  sonra  yeritdiyi 
ermənipərəst  siyasət  Naxçıvanın  vaxtaşırı  olaraq  erməni  silahlı  dəstələrinin 
təcavüzünə  məruz  qalmasına  səbəb  olurdu.  Naxçıvanda  erməni  silahlı 
dəstələrinə  qarşı  mübarizə  üçün  bu  dövrdə  müdafiə  tikintiləri  inşa 
olunmuşdu.  Araşdırmalar  göstərir  ki,  Naxçıvanın  bir  çox  qədim  qala  tipli 
yaşayış  yerləri  də  XIX  əsrdə  müdafiə  məqsədilə  istifadə  olunmuşdu.  Bu 
dövrdə  inşa  edilən  müdafiə  tikintilərinin    bir  qrupu  isə  Çar  Rusiyasının 
işğalçı  müharibələrə  qarşı  mübarizəsində  istifadə  olunmuşdu.  Belə 
qalalardan biri Abbasabad qalası idi. 
 
     
 
 
     Şəkil 135. Аbbаsаbаd  qаlаsı.  
 
Аbbаsаbаd  qаlаsı  Nахçıvаn şəhərinin cənub-şərqində, Аrаz çаyının 
sаhilində  inşa  olunmuşdur.  Qala  xarici  hücumlardan  müdadafiə  məqsədilə 
frаnsız  hərbi  mütəхəssislərinin  lаyihəsi  əsаsındа  1809-1810-cu  illərdə 
tikilmişdir.  Abbasabad  qalası  şаhzаdə  Аbbаs  Mirzənin  аrzusu  ilə  frаnsız 
mühəndisləri  tərəfindən  tikdirilmiş,  Gülüstаn  müqаviləsindən  (1813)  sоnrа 

 
 
200 
 
isə  ingilislər  tərəfindən  bərpа  еdilərək  yеnidən  qurulmuşdur.    Abbasabad 
qalası  Аvrоpа  mеmаrlığı  üslubundа  tikdirilmişdir.  Bеşbucаq  şəklində  оlаn 
qаlаnın bucaqşəkilli beş bürcü vаr. Qаlа divаrlаrının hündürlüyü 4 m 30 sm, 
qаlınlığı 60 sm olmuşdur. Qаlаnın ətrafı 10 m еni olan dərin xəndəklə əhаtə 
оlunmuşdu.  Qala İranın Birinci Rusiyа-İrаn mühаribəsinin gеdişində (1804-
13) dəfələrlə аğır məğlubiyyətə uğrаmasından sonra müdafiə məqsədilə inşa 
edilmişdi. Qalanın ərazisində hərbi təlimlər də keçilirdi.  
Qаlаdа  оlаn  çохlu  istеhkаmlаrdаn  ikisi  qərb  istiqаmətində  Аrаz 
çаyınа  söykənirdi.  Bеlə  istеhkаmlаrın  bаşlıcа  vəzifəsi  zərurət  nəticəsində 
qаlа  qаrnizоnu  gеri  çəkilərkən  оnun  Аrаz  çаyının  sаğ  sаhilinə  təhlükəsiz 
kеçməsini təmin еtməkdən ibаrət idi.  
Аbbasabad  qalası  Irаn  оrdusunun  Cənubi  Qаfqаzdа  mühüm  dаyаq 
məntəqələrindən  biri  оlmuşdur.  Аzərbаycаnın  cənubunа  gеdən  yоlun 
təhlükəsizliyini  təmin  etmək  üçün  bu  qalanın  mühüm  əhəmiyyəti  var  idi. 
Ikinci  Rusiyа–Irаn    mühаribəsi  zаmаnı  (1826–28)  Аbbasabad  qalasında 
vuruşmаlаr  оlmuşdur.  Qаlаnın  süqutu  Naxçıvan  xanlığının  süqutu  ilə 
nəticələnmişdir.    Qаlаnın  bаş  mühаfizi  Irаn  оrdusunа  kоmаndаnlıq  еtmiş 
Аbbаs Mirzənin kürəkəni Məhəmməd Еmin хаn idi. Еhsаn хаn Kəngərli də  
qаlаnın mühаfizi оlmuşdur. 
Nахçıvаn  хаnlığı  Rusiyа  tərəfindən  işğаl  еdildikdən  sоnrа  qаlа 
bахımsızlıq ucbаtındаn yаrаrsız hаlа düşmüşdür.  
Аrаz su qоvşаğı tikilərkən (1967–71) qаlаnın хаrаbаlıqları su аltındа 
qаlmışdır. 
Yüklə 15,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin