Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
am pftmt

2. Con Lokkun (1632-1704)  tərbiyə haqqında  fikirləri dövrü üçün çox 
əhəmiyyətli idi. O, “ağ lövhə” nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə  uşaq 
doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir 
edir və xarakteri formalaşır. O, həmin nəzəriyyəsini “Təcrübələr” adlı əsərində belə 
ifadə edir: insan qəlbi ağ lövhə kimidir. Bu nəzəriyyənin öz dövrü üçün böyük 
əhəmiyyəti vardır. Bu nəzəriyyə ilə Con Lokk feodalizm cəmiyyətinə, onun qayda və 
qanunlarına böyük zərbə vurmuşdu.  O, bununla fitri qabiliyyətlər nəzəriyyəsini rədd 
edirdi.  Əlbəttə, onun burada səhvləri də var idi. V.Q.Belinski Lokk nəzəriyyəsinin 
çatışmayan cəhətlərini tənqid etmişdi. O yazırdı ki, uşaq beyni ağ lövhə deyil, imkanı 
olan toxumdur. Uşaq dünyaya müəyyən təbii imkanlarla gəlir, həmin təbii imkanlar 
həyatda inkişaf edir. Con Lokk isə  həmin nəzəriyyə ilə  hər cür fitri istedadı inkar 
edirdi. 
Lokk “Əqlin tərbiyəsi”  əsərində göstərir ki, heç bir xalqın övladı 
milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz doğulmur. Avropa və 
zənci qəbilələri bir-birindən fərqləndirən tərbiyədir, ictimai mühitdir. O yazır: “Əgər 
biz sizinlə birlikdə Soldan körfəzində doğulmuş olsaydıq, bizim dünyagörüşümüz və 
düşüncəmiz orada yaşayan vəhşi qottentotların dünyagörüşündən artıq ola bilməzdi. 


 
145
Virciniya kralı Apocan İngiltərədə təhsil alsaydı, bəlkə də o, ən yaxşı riyaziyyatçı və 
mömin ola bilərdi. Bunların arasındakı fərq müəyyən qədər təhsilli ingilis ilə onların 
işini məhdudlaşdıran adətləri və baxışlarıdır. Buradan belə bir nəticə  çıxır ki, insan 
hər hansı şəraitdə yaşayırsa, şərait onun inkişafına təsir edir. Deməli, hər şey təhsil və 
tərbiyədən asılıdır”.    
Con Lokkun fikrincə  uşaqlarda olan bəzi zərərli keyfiyyətlər cəmiyyətdən 
gəlir. Ona görə də hər bir valideynin uşağını evdə tərbiyə etməsi yaxşı olardı.    
Onun pedaqoji görüşlərində ailə  tərbiyəsi mühüm yer tutur. C.Lokk 
tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini öyrənməyi tələb edirdi. O, 
insan xarakterində bir sıra mənfi və müsbət keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb 
edirdi ki,  uşaqda  müsbət  keyfiyyətlərin  inkişafına  imkan  yaratsın.  Pis adətləri lap 
kiçik vaxtdan yerindəcə boğmaq lazımdır.  
Lokk tərbiyəyə yaradıcı bir proses kimi baxırdı.  Ona görə  uşağın fərdi 
xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pedaqoji təsirin gücü ilə  uşaq 
psixikasını  dəyişdirmək olmaz. Con Lokkun fikrincə, uşaq xarakteri axan çaya 
bənzəyir. Çayın qarşısında bənd vurub onun istiqamətini, məcrasını  dəyişdirmək 
mümkün olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək olar.  
Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni hər şey hesab edən 
nəzəriyyənin başında durur, onun yaradıcısı hesab olunurdu. Jan Jak Russo, Pestalotsi 
də onun nəzəriyyəsindən qidalanmışdır. Con Lokkun zəmanəsi üçün xarakterik olan 
insan xarakteri və psixikası anadan gəlməlidir, Allahın iradəsindən asılıdır - deyən 
nəzəriyyəyə qarşı  çıxaraq göstərirdi ki, insan heç bir əqli qabiliyyətlərlə doğulmur. 
Insanları tərbiyənin gücü ilə xoşbəxt və ya xeyirxah etmək olar. 
Con Lokk əxlaq tərbiyəsini dinlə  sıx bağlayır və deyirdi ki, ilk günlərdən 
uşaqlarda Allaha məhəbbət tərbiyə edilməlidir.  
Con Lokkun pedaqoji sistemində fiziki tərbiyə mühüm yer tutur.  O, uşaqları 
lap körpəlikdən möhkəm bədənli, sağlam tərbiyə etməyi lazım bilirdi. “Tərbiyə 
haqqında fikirlər”  əsərini o, belə bir yunan kəlamı ilə başlayır: “Sağlam bədəndə 
sağlam ruh olar”. Sağlam olmayan adam heç bir zaman irəli gedə bilməz və 
cəmiyyətə fayda verə bilməz.  Əlbəttə, həmin fikir qismən doğru olsa da onunla 
razılaşmamaq olmaz.  


 
146
C.Lokkun fikrincə centlmenin bədəni körpə yaşdan möhkəmləndirilməlidir. 
O, hər gün soyuq suda çimməli, yüngül ayaqqabı geyinməlidir. O, yazır ki, anaların 
əksəriyyəti mənə etiraz edib deyirlər ki, mən diri ikən uşaqları öldürürəm, halbuki 
Seneka ilin bütün fəsillərində bulaq suyu ilə yuyunurmuş. Uşaqların sağlam 
böyüməsində havanın böyük əhəmiyyəti var. Bir həkim kimi bunu yaxşı bilən Lokk 
uşaqların günün çox hissəsini havada keçirmələrini zəruri sayırdı.  
Uşaqların sağlamlığında paltarın, ayaqqabının da dar və gen olması müəyyən 
əhəmiyyət kəsb edir. Uşaqlara dar paltar geyindirmək onların sağlamlığına ziyan 
vurur. Döş qəfəsini sıxır. Belə uşaqların ağzından pis iy gəlir. Hamıya məlumdur ki, 
çinlilər  qız  uşağının  ayağını  qəlibə  salırlar.  Həmin  qəlib  uşağın  ayağının normal 
inkişafına mane olur. Onların ayaqları çox balaca olur. Buna görə də kişilərə nisbətən 
qadınlar az ömür sürürlər. Ona görə ki, qan dövranı bədəndə düzgün getmir. C.Lokk 
məsləhət görürdü ki, 2-3 yaşa qədər uşağa ət vermək olmaz. Valideynlər isə düşünür 
və belə hesab edirlər ki, həm özləri, həm də uşaqlar ət yeməsələr acından ölə bilərlər. 
O deyirdi ki, uşaqların dişlərinin xəstə olması onlara körpə vaxtı çoxlu ət verməklə 
bağlıdır. Mənim centlmenim ət yeməli olsa, heç olmasa gündə bir dəfə yesin. 
Centlmen üçün çörək, yağ, pendir ən yaxşı səhər yeməyidir.  
Sağlamlıq üçün yuxu da əsas  şərtdir.  Əgər uşaq evdə  bərk yatmağa 
öyrənməyibsə, yolda yuxusuzluqdan əziyyət çəkəcəkdir.  
Uşaqları elə tərbiyə etmək lazımdır ki, böyüyəndə hər dəqiqə döyüşə bilsin. 
C.Lokkun centlmeni nəzakətli və döyüşkən kimi tərbiyə etməsi onun yaşadığı dövrün 
iqtisadi-siyasi hadisələri ilə bağlı idi. O zaman İngiltərə başqa ölkələrə hücum edir, 
müstəmləkəçilik siyasəti yeridirdi. Gənc nəslin tərbiyəsi haqqında fikirlər söyləyən 
Lokk da hakim sinfin mənafeyini müdafiə edir, centlmeni həm nəzakətli, həm də 
döyüşməyi bacaran kimi tərbiyə etməyi tələb edirdi. 
C.Lokk  əxlaq tərbiyəsinə xüsusi əhəmiyyət verir. Uşağı qayğıkeş  tərbiyə 
etmək lazımdır. Tərbiyə  uşaqların yaddaşını möhkəmləndirməli, biliklərlə 
silahlandırmalı, təkcə dünyagörüşü inkişaf etdirməklə kifayətlənməməli, həm də 
xeyirxah insan tərbiyə etməlidir.  
Uşaqlarda höcətçilik, yalançılıq, qəddarlıq kimi mənfi keyfiyyətlərin 
inkişafına yol vermək olmaz. Uşaqları elə öyrətmək lazımdır ki, onlar bir-birinə 


 
147
güzəştə getməyi bacarsınlar. Uşağı öyrətmək lazımdır ki, ona başqası  tərəfindən 
verilən hədiyyəni almasın. Bəzən uşaq öz arzusuna çatmaq üçün göz yaşından da 
istifadə edir. Bunun qarşısını almaq lazımdır. Göz yaşı iki səbəbdən olur: biri – o bir 
şeyi istədikdə vermirlər, bu zaman o göz yaşı tökür, ikincisi, çəkdiyi əzabdan da göz 
yaşı tökür. Uşağın üzünə baxdıqda onun nə üçün ağladığını bilmək olur. Birinci 
ağlamağın qarşısını almaq lazımdır. Cəsurluq və qorxaqlıq da insan xarakterinin 
əlamətlərindəndir. Cəsurluq bütün xeyirxahlığın keşikçisidir. Qorxaq adam heç vaxt 
öz insanlıq ləyaqətini yerinə yetirə bilməz. Qorxaqlığın qarşısını lap kiçik yaşlardan 
almaq lazımdır. Elə əşyalar olur ki, uşaq görəndə qorxur.  Odur ki, elə etmək lazımdır 
ki, uşaq qorxmasın.  
Uşaqlarda olan mənfi keyfiyyətlərdən biri də  qəddarlıqdır. Çox zaman uşaq 
əlinə düşən zəif canlını – quşu, kəpənəyi incidir. Körpə vaxtı belə heyvanlarla 
qəddarcasına rəftar edən uşaq böyüyəndə adamlara da qarşı amansız olacaqdır. Buna 
görə də uşaqlarda mərhəmət hissi tərbiyə etmək lazımdır. Belə qayğı uşaqlarda erkən 
yaşdan xeyirxahlıq və qayğıkeşlik tərbiyə edir. Uşaqlarda olan mənfi keyfiyyətlərdən 
biri də laqeydlikdir. Bu elə bir mənfi keyfiyyətdir ki, irqindən, cinsindən asılı 
olmayaraq bütün insanlar arasında yayılmışdır. Uşaqları bu təhlükədən qorumaq 
lazımdır. 
C.Lokk tərbiyədə nüfuza da böyük əhəmiyyət verirdi. Bu nüfuz nəinki 
uşaqlara, hətta onlara baxan dayələrə də təsir etməlidir. O yazır ki, uşaq kiçik yaşda 
olarkən ata nüfuzunun böyük əhəmiyyəti vardır. Lakin, bu nüfuz despotçuluğa 
çevrilməməlidir. Yeri gəldikcə uşağın arzusunu, tələbini də nəzərə almaq lazımdır.   

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin