Daş yuxular Roman-rekvyem. Azərbaycan dilindən müəllif tərcüməsi



Yüklə 132,8 Kb.
səhifə4/5
tarix07.01.2017
ölçüsü132,8 Kb.
#4719
1   2   3   4   5
ÜÇÜNCÜ  HİSSƏ

 

Gənc müəllifin pyesində heç vaxt rol almayan Saday Sadıqlı ölkənin

   keçmiş Xozeyinini öz xalqına qarşı törətmiş olduğu mənəvi-əxlaqi

                                 soyqrımda ittiham edir.

 

       Bəlkə də Saday Sadıqlı yenə də yuxusunda doktor Abasəliyevlə  Əylisdə keçirdiyi o gözəl yay günlərindən birini görürdü.  Ola bilər ki, aktyorun qulağında qayınatasının Mərdəkandan telefondaca dediyi sözlər səslənirdi. Hər halda yuxudan oyandığı həmin səhər Sadaya elə gəldi ki, bütün dünya professor Abasəliyevin cingiltili, gümrah səsiylə dolub.  O gümrah, cingiltili səsi yenidən dinləyir, özünü həmişəkindən daha gümrah və sakit hiss edirdi. Sanki doktor Abasəliyevin səsi ona güc verirdi ki, ağrılara dözə bilsin.



       1989-cu ilin axırıncı şənbəsi idi. Təqribən saat birdə Azadə xanım işə getdi. O, evdən çıxandan azca sonra telefon zəng çaldı. Təqribən on dəqiqəlik fasilələrlə beş saata yaxın zəng-zəngə calandı, amma Saday dəstəyi qaldırmadı. Telefonun susduğu dəqiqələrdə artistin qulağına  süni, şirin dilini işə salan birisinin danışığı  gəlir və o anda da Mopassan  Mirələmovun siması gözünün qabağında canlanırdı. Teatrın drektoru məşhur Xalq şairinin misralarını deyirdi:

                                   Böyük sənətkara salamlar olsun,

                                   Bu dünya durduqca o da var olsun!

Bir həftədən artıq idi ki, direktor hər gün zəng çalıb salamlaşmağın əvəzinə bu murdar misraları təkrarlayırdı və hər dəfə də Saday Sadıqlı o murdar misraları eşidəndə az qalırdı bütün içalatını qussun.

     Nəhayət Sadayın telefonun dəstəyini qaldırmaqdan ayrı bir çarəsi qalmadı. Bu dəfə zəng eləyən Mopassan Mirələmov deyildi, Nuvariş Qarabağlı idi.

-      Qardaş, telefonu niyə götürmürsən? - o, sakit, xışıltılı səsiylə soruşdu. - Azı

əlli dəfə zəng eləmişəm. Ağlıma yüz fikir gəlir, görəsən nə olub. Bura sənin bir yerlin gəlib, həmkəndlin...Uşqalıq dostun ,Camal!

-      Hara gəlib? - Saday elə heyrətlə soruşdu ki, özü öz səsindən diksindi.

-      O, burdadı, teatrda. Tez gəl, səni gözləyir. - Nuvariş Qarabağlı azca fasilə verib əlavə elədi: - Mopassan müəllimin kabinetindədi.

Əgər Nuvariş Qarabağlı "Mopassan müəllim" deyirsə, deməli, yüz faiz drektorun kabinetindən zəng çalır. Əks halda başqa cür deməliydi: direktorun özü olmayanda hamı ona Mopoş dayı deyirdi.

-      İndi gəlirəm, - Saday Sadıqlı dedi. Di gəl ki, yerindən qalxmağa heyi yox idi. Camal yeddinci sinifdən çobanlara qoşulandan bəri Saday onu bircə dəfə də olsun görməmişdi. Amma həmişə xatırlamışdı. Hələ bu heç, son zamanlar onun başına belə bir fikir gəlmişdi ki, kəndə getsin, gedib çıxa bilmədiyi dağlara qalxsın, Camalı axtarıb tapsın, axır ondan soruşsun ki, həmən gün Haykanuş kilsənin həyətində Camalın başını sabunlayıb yuyanda həqiqətənmi  dünya hansısa məxmər kimi yumşaq sarımtıl-narıncı rəngdəydi, yoxsa yalnız Sadaya elə görünüb. Amma indi Camalla görüşmək üçün gerçək imkan yarandığı bir vaxtda ondan belə bir sözü soruşmaq əməlli-başlı ağır bir yük idi. Nəhayət, o, evdən çıxıb taksiyə minəndən sonra qəfil ağlına belə bir fikir gəldi ki, Camalın Bakıya gəlmək məsələsi, sadəcə, uydurmadır, diribaş Mopassan Mirələmovun növbəti kələyidir. Axı nə vaxtdan bəri direktor hansı yolla olur-olsun onu aldadıb teatra gətirmək, günlərlə telefonda təriflədiyi pyesi Sadaya oxutmaq istəyirdi. Ola bilər ki, Mopoş əsərdəki baş rolun məhz Saday üçün yazıldığını uydurmurdu. Başqa bir ehtimal həqiqətə daha yaxındı: bəlkə də heç zaman ruhdan düşməyən, işgüzar, uzaqgörən direktor baş rolu Saday Sadıqlı oynayacağı təqdirdə meyit kimi döşəli qalan teatrın ayağa duracağını hədəfə alırdı. Onun xasiyyəti belə idi: kəsməsə yapışdığını buraxmazdı. Əgər o, bilsəydi ki, Sadayın haçansa Camal adında uşaqlıq dostu olub, heç bir çətinlik çəkmədən bunu hətta artistin özündən öyrənər və ömürlük yadında saxlayardı. İndi isə ortada olan həqiqət belə idi: O, taksidəydi və o uzaq illərdən, o uzaq yerdən təşrif buyuran Camalla görüşmək indiki halda onun üçün elə də böyük əhəmiyyət kəsb eləmirdi.

Camal isə həqiqətən gəlmişdi. O, ucuz, amma təzə kostyum geyinmişdi, başında bahalı buxara papaq vardı, tam ciddi görkəmlə alaraq Mopassan Mirələmovun isti, rahat otağında oturub gözləyirdi. Bəlkə də öyrəşmədiyi mühitə düşdüyünə görə onun həyəcanlı, qaynayan gözləri dağlarda mis kimi yanıb qaralmış sifətində qəribə bir parıltı verirdi.

     Nuvariş Qarabağlı Sadayın gözünə dəymədi, o, kabinetdə yox idi. Belə başa düşdü, ya məşqdədir, ya da hardasa televiziya çəkilişində. (Saday hardan biləydi ki, Nuvariş haçandandı pistolet əldə etmək üçün böyük-büyük adamların qapısı ağzında N qədər vaxt itirir.)

      Mopassan Mirələmov Sadayı görən dəqiqə yaşına uyuşmayan bir qıvraqlıqla kreslodan sıçrayıb artistə sarı şığıdı, onuqapının ağzındaca qucaqlayıb bağrına basdı. Hətta bu görüşdən nə qədər mütəəssir olduğunu anlatmaq naminə ağlamsındı. Camal sinif  yoldaşını öpmək niyyəti ilə dodağını uşaq kimi dodağını büzüb irəli uzatdı. Saday dostunun başını bahalı papağıyla bir yerdə sinəsinə sıxdı. Onlar bir neçə dəqiqə dinib-danışmadan biri-birinə baxdılar. O qısa zaman kəsiyi Camalın özünü ələ almasına, nə söyləmək istədiyini kəsdirməyinə kifayət elədi. Lap əvvəl bir qədər həyəcanlandı, sonda isə doluxsunub hıçqırdı.

-      Zibilə düşmüşəm, qardaş, - sözə başladı. - Köməyin lazımdı. Oğlumu tutub

salıblar türməyə. Rayonda döymədiyim qapı qalmayıb. Sözümə baxan yoxdu. Durub gəldim, bəlkə burda kimsə kömək eləyə.

-      Nə üstündə tutublar oğlunu? - Artist əsəbi halda soruşdu. - Camalın belə

ağlamsınmağını heç istəmirdi.

Camal cavab vermədi. Cibindən dəsmal çıxarıb aramla gözündən, burnundan axıb ağzına dolan seli-suyu sildi. Yalnız bundan sonra özünü ələ alıb artıq sakit, arxayın səslə dərdini açdı.

-      Eşit, Sarı, başımın boşluğuna görə Allah cəzalandırıb məni. Adam nə qədər səfeh olar ki, gedib qəssab Məmmədağanın nəvəsin gəlin deyib gətirər ocağının başına, qanını it qanına calayar. Bu da axırı. Məni adam saymır, qayınanasını it kimi tutur. Qandığı döyməkdi, söyməkdi, lənət yağdırmaqdı. Bizi bütün kənddə biabır eliyib. Tutması tutanda bir əli olr, bir başı - özünü döyüb qana qəltan eləyir. Sonra da atası Cingöz Şabanın öyrətməsi ilə qaçır şəhərə, xəstəxanaya, ay camaat, baxın deyir, ərim məni öldürmək istəyir. Bax belə, uşağı şərləyib basdılar içəri. İyirmi gündü onun-bunun qapısında yatıram. Rayonda kimin yanına gedirəm heç üzümə də baxmır. Gümanım kəsilib. Ümidim bircə sənə qalıb, Saday. Sən kömək eləyə bilərsən mənə. Hörmətli adamsan, hamı səni tanıyır. - Camal diqqətlə Sadayın üzünə baxaraq susdu. Sadayın Camala yazığı gəldi. O, eyni zamanda özünün, Əylisin, Cingöz Şabanın kəmağıl qızının halına yandı. Saralıb solan Əylisin, bozarıb dərd çəkən dağların, üşüyən, soyuqdan nəfəsi buz bağlayan, baharın gəlişinə həsrət qalan daşların, küçələrin, evlərin halına yandı.  Daş kilsə. Onun altından çağlayıb axan çeşmə, indi buz bağlayan, o çeşmənin axıb töküldüyü çayın  rəngi bir az qaramtıldı, elə bil nədənsə qorxub və qəfil, haradansa peyda olan, bəlkə də əcəlin dartıb buralara gətirdiyi möcüzəli dərəcədə qara tülkü - Allahın yaratdığı xırda canlı...və  bir  də  o bulağın yanında qədimlərdə tikilən, üstündəki qıpqırmızı qan ləkəsi pozulmayan daş hasar... Cingöz Şaban bu hasarın dibində güllələmişdi o yazıq məxluqu. Artist Əylisin beləcə, boz və yazıq sifətini gözü önünə gətirir və Camaldan həmən o sarımtıl - narıncı işıq barədə soruşmaq xəyalına görə utanıb xəcalət çəkirdi.

-      Baxaq görək. Nəsə fikirləşərik, - Saday Sadıqlı inmasız, heç bir ümid yeri qoymadan cavab verdi və bir qədər ucadan əlavə etdi: - Hə, danış görüm Əylisdə nə var, nə yox?

-      Nə olasıdı Əylisdə? Necə görmüsən, elə - köhnə hamam, köhnə tas, - Camal

tam könülsüz dilini sürüdü.

-      Bilirsən axırıncı dəfə Əylisdən çıxdığım neçə ildir?

-      Lap olsun yüz il. Lap yüz il də olmasan, Əylisdə heç zad dəyişən deyil, - Camal cavab verdi və nədənsə təəssüflə Mopassanın üzünə gülümsündü. - Amma sonra nə düşündüsə Sadaya Əylis barədə azdan-çoxdan danışmaq qərarına gəlib, könülsüz-könülsüz dilləndi. - Bu il yaz girəndə Mirəli kişi öldü, mən bilən xəbərin var bundan. Təzəlikcə Anıx da canını Əzrailə tapşırdı. Qoca qarı nə təhər hikkəliymiş, son nəfəsi üzülənəcən erməniliyini danmadı. Bizim arvadlar vidalaşmağa gedəndə, hamıya üz tutub nə desə yaxşıdı? Deyib, eşidin, mən dinimi dəyişə, inandığım Allaha dönük çıxa bilmərəm. İndiyə qədər mən sizin, mədəni dildə desəm, başınızı təlləyirdim... Hə, ermənilər belə alçaqdılar! - Camal məzəli bir tərzdə üz-gözünü əyişdirib, bu dəfə də ani və ehtiyatla Mopassan Mirələmova baxdı. Sonra isə çaşqın halda Sadaya nəzər yetirib hansı səbəbdənsə başını aşağı saldı.

-      Hədi, hələ də Əylisdə ermənilər barədə hədyan söyləmək dəbdərir? - Saday

güclə eşidilən səslə soruşdu və özünü əylisli müsəlman arvadlar dövrələyən, ölüm yatağında can verən sonuncu Əylis ermənisi Anikonun yerində təsəvvür eləməyə çalışdı. Onun ölüm səhnəsini təsəvvürünə gətirə bilmirdi. Əvəzinə gözləri önünə Əylisdəki ən gözəl, böyük, ikimərtəbəli ev gəlirdi. Hündür artırmasınada ələ gətirmək mümkün olan hər növ güllər düzülmüşdü. Təmizlik və səliqə-sahman evə tərəf uzanan daş döşənmiş cığırla gedən adamın gözlərini dincəldirdi. Anikonun Vəng kilsəsində əkdiyi və həvəslə qulluq etdiyi güllər Sadayın ruhunu çox oxşamış, ona zövq vermişdi. Artist Camalın başındakı bahalı papağa baxır və xatırlayırdı ki, neçə müddətdən bəri çıxarmadığı kirli, qartmax bağlamış kepkanı onun başından Haykanuş ölüm-zülüm dartıb qopara bilmişdi.

-      Əgər Allahın olsaydı, sən də ona qarşı satqınçılıq eləməzdin. - Artist heç nədən ehtiyatlanmadan uca səslə dedi. Və dərhal (dediyi sözlərə görə təəssüf hissi keçirdiyinə görəmi, yaxud hansısa başqa bir səbəbdən) içində uçurum kimi boşluq duydu, elə qaranlıq, nəhayətsiz boşluq ki, nə başlanğıcı vardı, nə də sonu, həyatsız və havasız bir boşluq idi. Onun sözlərindən sonra ortaya çökmüş ani sükut arasında o, Mopassan Mirələmovun gözlərindəki şübhəli-hiyləgər və soyuq təbəssümü tuta bildi. Amma direktorun tərtəmiz təraş edilən kök sifəti bir anda ciddiləşdi. İşə bax ki, Sadayın tikanlı sözləri Camalın halına təvavüd eləmirdi.

-      Düz deyirsən, - cavab verdi, ermənilər öz Allahlarından heç vaxt üz döndərmirlər.

       Saday bu sözü elə bil əvvəllər də eşitmişdi. Artistə görə, eşitdiyi sadəcə söz deyildi,  bu sözlər həm də nə zamansa bu dünyada var olan, sonra izsiz-tozsuz yoxa çıxan, unudulan səs, yumşaq, xeyirxah işıq idi. Saday Sadıqlı bu sözləri eşidəndə sakitlik tapmış, özünü ələ almışdı. O, bu saat bütün yaddaşını geri çevirib ələk-vələk eləməyə hazır idi ki, o sözü ilk dəfə kimdən, nə zaman, harada eşitdiyini xatırlasın. O, bütün Əylisi hamıya məxsus olan tək bircə ev kimi qucaqlayıb bağrına basmaq, cavan ağac kimi silkələmək, bir ovuc su kimi başına çəkib içmək istəyirdi, təki bilsin, xatırlasın ki, Camalın indicə dediyi sadə, amma inanılmaz dərəcədə dərin mənaya malik cümlənin ilk əylisli müəllifi kim olub. Ey ucalardan uca Allah! Məgər bu sözlər deyiləndə Əylis o ulu, əlçatmaz yaradanın yanında deyildimi? Əylis də məgər böyük yaradan qədər əlçatmaz olanda deyilməyibmi bu sözlər: "Allahın nəzəri həmişə ermənilərin üstündədir."

          Ürəkdən sevinən Saday Camalın boynunu qucaqladı.

      -   Ay Cambul, elə Cambulsan ki, durmusan. Nə qədər təmiz ürəklisən, xətrinə dəysəm də incimədin.

      -   Təmiz adam təmiz sözdən inciməz. - Camal müdrik sözləri muncuq kimi ipə-sapa düzdü. - Yalanın ağası olmaqdansa, doğrunun qulu olmaq yaxşıdı.

      -   Sən Bakıya birinci dəfə gəlirsən?

      -  Yox, ikinci dəfədi, bir dəfə də qızımı ərə verəndə gəlmişəm.

      -  Səfərə çıxanda dağları kimə tapşırırsan? - Saday zarafat elədi.

      -  Dağların yiyəsinə kim yaxın düşə bilər - Camal ehtimal ki, Allahı nəzərdə tutub cavab verdi.

      -  Qoyun otarmırsan daha?

      -  Niyə otarmıram, otarıram. Əylisdə bir sürü nəvəm var. Onlar mənsiz də hər işi yoluna qoyurlar.

     Saday ayağa durub kabinetdə gəzişməyə başladı.

      -  Hə, indi biz neyləyək?

      -  Nə barədə?

      -  Türmə barədə, nətəhər yoluna qoyaq bu işi?

      Mopassan Mirələmov sanki bayaqdan söhbətin bu yerini gözləyirmiş kimi ayağa durdu.

      -  Burda çətin nə iş var ki? Sən rayon prokrorunun  adına məktub yazırsan, qardaşınız da aparıb verir ona. Prokror sənin sözünü yerə salmaz. Oğlanı açıb buraxar, bununla da iş bitər. - Direktor xəlvətcə Saday Sadıqlıya göz vurdu və əvvəlcədən hazır elədiyi qələm-kağızı ona uzatdı. - Prokurorun nə həddi var ki, sənin kimi qüdrətli xalq artistinin sözünə qulaq asmasın? ( qeyri-rəsmi görüşlərdə direktor Saday Sadıqlıya həmişə "xalq artisti" deyirdi) Üstəlik ortada ölüm yox, itim yox. Hadisədir, baş verib, söz-sözə gəliblər, dalaşıblar. İndi də barışırlar, vəssalam. - Direktor yenə xəlvətcə Sadaya göz basdı və yalnız bundan sonra artist anladı ki, Mopoşun fikri mümkün qədər tez bir zamanda Camaldan yaxa qurtarmaqdır.

      -   Yox, heylə olmaz. Prokuror pulu qoyub mənim sözümü tutmaz. Artist qətiyyətlə kağızı geri itələməklə, direktoru başa salmaq istədi ki, onun fırıldaq oyununa şərik ola bilməz. Sonra o, Camalın dərd yağan sifətinə baxdı, bu dəfə də qəlbinin dərinliklərində zülmətə bürünən, gün işığı qəhətə çıxan, üzü gülməyən, ölü, kədərli Əylisi gördü. O Əylisi ki, dağlarını itirmişdi, məbədlərini itirmişdi, o sayaq möhtəşəmliyini itirmişdi. İnsansız bomboz küçələr. Həyətlərdə son payızın ölü sükutu. Nəfəsi dayanmış ağacların üstündə bircə yarpaq da qalmayıb, yiyəsiz dağların nə sürüsü var, nə çobanı. Yalnız ala qarğalar bomboz müsəlman qəbristanlığının üstündə dövrə vurur. Bütün düşüncələri çıxılmazlığa dirənən Saday uzun düşüncələrdən sonra dedi:

        -  Bəlkə Babaşı tapaq?

Camal sevindi və sanki bu sözə bənd imiş kimi dirilib özünə gəldi.

       -  Hə! - Həyəcanla dilləndi. - Onu tapaq! Mütləq kömək edər. Vəzifəsi, adı-sanı, hörməti... - Güclü adamdı Babaş. - O, stolun arxasından qalxdı. Məni apar onun yanına. Qalanı mənlikdi.

      Saday Sadıqlı Babaşın vəzifə yüksəlişindən kifayət qədər xəbərdar idi. Az müddət komsomolun Mərkəzi Komitəsində işləyəndən sonra onu Bakının böyük rayonlarından birinə icraiyyə komitəsinin sədri qoymuşdular. Rayon partiya komitəsinin birinci katibi olmuşdu, xeyli müddət nazir kürsüsündə əyləşmişdi. Axır macallarda Mərkəzi Komitənin şöbə müdiri idi. Cəmi iki ay əvvəl "Xalqsevərlər Cəmiyyəti" yaranmışdı və Babaş Ziyadov indi orda sədr vəzifəsini tuturdu.

      Saday illər boyu Babaşla görüşməkdən qaçmışdı, amma indi Camalın xətrinə hər şeyə hazır idi. Ancaq o, Babaşın rəhbərlik elədiyi təşkilatın harada yerləşdiyini bilmirdi. Buna baxmayaraq  tərəddüd etmədən onu axtarmağa qərar verdi. Sadayın qəti qərarı direktoru təlaşa saldı, o, stoldan aralandı, onların qabağına yeriyib, kabinetdən çıxmalarına mane olmaq istədi.

      -  Hara?! - Mopoş qapının ağzını kəsdirib bağırdı. - Yerliniz Babaş Ziyadovun yanına getmək fikrindəsiniz? Hövsələnizi basın. Hələ bir qoyun zəng çalaq, soruşaq. Bəlkə heç yerində deyil.

      Direktorun masasının üstündə görünüşünə görə bir-birinin eyni olan üç telefon aparatı vardı - daxili, şəhər və hökumət telefonu. O, telefonlardan ən mötəbərinin dəstəyini qaldırdı. Həmən dəqiqə sifəti ciddiləşdi. Aparatın əhəmiyyətini nəzərə  çarpdırmaq üçün nümayişkaranə tərzdə üç dənə rəqəm yığdı. Babaş Ziyadovun səsini eşidəndə isə karıxdığını ört-basdır eləyə bilmədi.

     -  Salam, Babaş Bilaloviç! Mirələmovdu...Hə, teatrdan...Allah köməyiniz olsun...Yerdən göyə razıyam sizdən...Olacaq. Əla pyes gəlib. Özü?..Əlbəttə, bilir. Bəli, bəli, məlumat verilib. Pyeslə şəxsən tanış olub...Bəyənib. Çox xoşuna gəlib. Bəli mövzu olduqca aktualdı... Onun obrazı?..Var, var. Pyes on üç il ərzində onun burda törətdiyi biabrçılıqdan bəhs eləyir. Baş rolda kimdiii? Bəli, bəli odu. Sizin yerliniz, o, bizim fəxrimizdi. Əslinə qalanda müəllif bu rolu yazanda Saday müəllimi nəzərdə tutub, o, özü də deyib ki, bu rolda Saday Sadıqlını görmək istəyir. Bəli, bəli, özü!

      Saday Sadıqlı bilirdi ki, hakimiyyət başına gələn təzə Birinci bütün diqqəti keçmiş Rəhbərin ifşasına yönəldib və indi o, tamam gözdən salınıb. İndi direktor qəfil yerindən sıçrayıb artistə dil tökəndə o, anlayırdı ki, Babaş Ziyadov şübhəsiz, teatra nəsə vəd eləyir. Sadayın bu saat direktorun kabinetində olmağı Babaşa da gün kimi aydın idi. Direktor isə hələlik bu barədə susur, Ziyadovun artistlə danışmaq təklifini bir məmur təmkini ilə ləngidirdi. Nəhayət, bayaqdan davam edən gözlənti sona yetdi.

       -  Bəli, o buradadı, mənim yanımda, sizə minnətdarlıq eləmək istəyir. - Mopoş az qala sevincindən oynaya-oynaya dəstəyi Sadaya uzatdı.

Artist Babaşla salamlaşıb birbaşa mətləbə keçdi.

     -   Camal gəlib, - quru danışdı, - sənə işi düşüb.

     -   Yəni elə çətin işdi? - Babaş zarafat eləmək istədi.

     -   Sənin əlində heç nədi.

     -   Tanınmış artistsən, sənin üçün də çətin olmaz. İnanmıram ki, camaat səni bizdən az istəyir.

     -  Əgər gücüm çatsaydı sənə zəng eləməzdim.- Saday xoş danışmağa çalışdı. Yaxşı, onu qəbul eləməyə imkanın var, ya yox?

     Görünür, Babaş Ziyadov artistlə zarafat eləməyin səmərəsiz olduğunu anlayıb ciddiləşdi:

    -  Noolar, qoy gəlsin, qəbul eləyərəm - deyib bir müddət susdu, incikliyini birtəhər boğub əlavə elədi: - Mən də elə bilirəm təbrik üçün zəng çalmısan...

     Bu sözdən sonra Babaş o başda telefonu qapadı, bu başda telefonun dəstəyi əlində qalan artist gözlərini Mopassan Mirələmova dikdi:

     -  Eşitdin? Deyir, məni təbrik eləməmisən. Nəyə görə onu təbrik eləməliyəm?

     -   Bilmirəm. - Direktor gözünü telefon aparatından ayırmadan mızıldandı.

     -   Dünənki "Kommunist" qəzetində yekə bir məqaləsi çıxıb. Yəqin onu deyir.

     -  O da yazıçı olub? - Artist deyinə-deyinə kabinetdən çıxmaq üçün qapıya yönəldi.

     -  Hara? - Mopassan cod səslə soruşdu.

     -  Bunu aparın, özü yolu çətin yolu tapa.

     -  Otur. Sürücüm aparar.

      Camalı kabinetdən qovub çıxarmadan özünü güclə saxlayan Mirələmov Sadayın əlini qamarlayıb özünə sarı dartdı və onu  kresloya oturtdu. - Qulaq as, sənə nə olub? - açıq-aşkar artistin halına acıyan Mopassan kədərlə dedi.

      -  Bilmirəm nə olub?

      -  Nə olacaq bir aydır ki,  səni evdən çıxara bilmirəm.

      -  Şişirtmə, ay yoxdu - Saday Sadıqlı etiraz elədi.

      -  Axırıncı səfər nə vaxt burda olmusan? Əgər dəqiq desən, bir xaş qonaqlığı məndə.

      - Sözün düzü, Mopoş, yorulmuşam, hər şeyə nifrət eləyirəm. - Artist səmimiyyətlə etiraf elədi.

     -  Nədən yorulmusan axı? Kimdi səni yoran? Burda sənə güldən ağır söz deyən var? Özünə qapanıb evdən bayıra çıxmırsan. Başa düşmürəm bütün günü evin içində necə boş-bekar oturmaq olar?

       Mirələmov cibindən açar çıxarıb açılıb örtülən şkafın arxasındakı gizli, köhnə seyfi açdı - teatrda kabinetin bu həssas nöqtəsinə "Mopoşun sirri dağarcığı" deyirdilər. Oradan  ən hörmətli qonaqlar üçün saxladığı bir şüşə fransız konyakı, "moskovski" şkolad qutusu, iki bullür qədəh çıxarıb stolun üstünə qoydu.

      - Yaxşı, gəl oturaq, - qədəhlərə konyak süzərək dedi. - Bir az qırışığımız açılsın.

       Neçə ay idi Saday Sadıqlı dilinə sipirtli içki vurmurdu. Tam əmin olmuşdu ki, nəsə dilinə dəysə, mütləq bir zibil çıxardacaq. Ona görə də içməkdən qorxurdu. Amma indicə içdiyi konyak onun canındakı qorxunu bir anda silib apardı. Bədənində xoş və ətirli hərarət bədəninə yayıldı, ürəyi sakitləşdi, qanı duruldu. Bir anın içində dörd tərəf geniş azad və çox rahat oldu.

       Ey mənim Allahım, səbəb nəydi?  Birdən-birə necə oldu ki, çoxdan unudulmuş Əylisində dağlar, daşlar dirilib cana gəldi. Ay Allah, nə  təhər oldu ki, Anikonun boğulan, qəhr olan səsi durduğu yerdə, lap elə heç nədən Əylis səhərinin yaxasında gül kimi açılıb yenidən parladı, dirildi. Nə üçün, İlahi, Saday bütün varlığı ilə istədi ki, Mopossanın qarşısında Anikonu əzizləsin, Əylisin vicdanlı, zəhmətsevər erməni əhalisi haqqında danışsın, onları tərifləsin.

       O, coşğun bir istəklə Əylis ermənilərinin möcüzə yaratmağa qadir əməksevərliyi və Allaha bəslədikləri nəhayətsiz sevgi barəsində teatrın drektoruna təkrar-təkrar danışmaq istəyirdi. Ancaq, o, belə eləmədi. Başa düşdü ki, Əylis erməniləri barəsində Əylisdə doğulmayan, on iki Əylis kilsəsinin eyni anda yüksələn zəng səslərini dinləməyən, Ədif bəyin qara atından, qəssab Məmmədağanın xançalından xəbərsiz, kilsənin günbəzində sirli bir parıltıyla əks olunub hansısa bir əylisli oğlan uşağının qəlbinə axan o sarımtıl-narıncı işığı ömründə bircə yol görməyən bir adama Əylis erməniləri barədə nəsə deməyin heç bir mənası yoxdur.

-      Yox, Mapossan Mirələmova ümumiyyətlə Əylis barədə bircə kəlmə də demədi,

bunun əvəzinə konyakı təriflədi. Mopoşa xoş sözlər söylədi və ürəyində insanlardan aralı qaçdığına görə özünü qınadı. Təklik, indi belə düşünürdü, ölümün özüdür, bəlkə ölümdən dəbetərdir. Yaxşı ki, hərdənbir içmək var, yoxsa adam gəbərər, üstünə tökülən dərdin əlindən yaxa qurtara bilməz.

       Elə birinci qədəhdən sonra Mopassan Mirələmovun keyfi duruldu, üzü təravətləndi, gözlərinə işıq gəldi. Yeni pyesdən danışmaqdan üçün hövsələsi daralıb bir tikə olsa da "Mopoş dayı" əsas mətləbə keçməyə tələsmirdi.  Görünür işin əvvəlində o ( razılaşdırılmış plan üzrə) artistin əhvalını yüksəltmək istəyirdi ki, sonra onun başını bişirmək asan olsun. Ola bilər, xasiyyətinə yaxşı bələd olduğu Saday Sadıqlının rədd cavabı verə biləcəyindən ehtiyatlandığı üçün vaxtı uzadırdı. Yaxud da direktor teatra Mərkəzi Komitədən göndərilən əsərin bədii cəhətdən heç bir dəyərə malik olmadığını anlayır, amma dəfələrlə telefonda tərifləməyinin əksinə olaraq indi, dostyana şəraitdə pyesin yaxşılığına danışmağı özünə sığışdıra bilmirdi.  Mopassan Mirələmov yenə qədəhlərə konyak süzdü. Bir-iki qurtum içib xoşbəxtcəsinə gülümsündü.

       -  Fikir verirsen, ustad, necə gözəl alındı. Ən yaxın dostum Saday Sadıqlı qədər təmiz adam olmasam da, heç demə, qardaş, mənim də üstümdə Allahın nəzəri varmış. Bunun hamısı Allahın hökmüdür. Sənin o çobanını da bura Allah hərləyib gətirib. Əgər o peyda olmasaydı, hələ bundan sonra sərasər bir ay səni evdən dartıb çıxara bilməyəcəkdim.  Ziyadovla danışmağımız da əla oldu. Uşaqlıq dostun öz ayaqıyla durub bura gəlməsəydi, hansı səbəbə görə Ziyadova zəng eləyərdim. Eşitdin də, təzə Rəhbərin adını çəkməklə onu nə təhər umsuğa saldım? İndi Ziyadov teatrın üç-dörd təzə tamaşasına maya buraxmağa hazırdı. Yüz faiz əminəm ki, maliyyələşdirəcək. Bəxti gətirib, yenə köhlən belindədi. İndiki Birinci ilə komsomoldan dostluq eləyirlər.

      -  Yaxşı, bəs Babaş keçmiş Rəhbərin adamı deyildi? - Fikri-zikri Camalın yanında qalan Saday Sadıqlı laqeyd halda soruşdu.

      -  İç - direktor əlində qədəh Saday Sadıqlının qarşısında dayanıb bir növ tələb elədi. Əla çayım da var, indi dəmləyərik. - O, elektrik somavarını su ilə doldurub cərəyana qoşdu.

       -  Boşla getsin. Heç indiyə qədər keçmiş Rəhbər, yanında bircə nəfər də olsun diri adam saxlayıb ki? Onun qabağında kimin hünəri çatırdı desin, mən də adamam, atam filankəsdi, anam filankəsdi? Az-maz adamlığı olan bir paralarını isə məxsusi jandarm metodunu işə salıb dinməzcə xidmət eləyən idbar məxluqlara çevirib, istinasız olaraq hamısını maskalanmağa məcbur edib. İndi biz nə təhər deyə bilərik ki, kim onun adamı olub, kim olmayıb.

      Bax elə bu kabinetdə on il əvvəl Rəhbərin qabağında Mopoşun necə yaltaqlanıb dörd qat büküldüyünü xatırlayır və yağlı ana söyüşü söyməkdən özünü güclə saxlayırdı. O, konyakı birnəfəsə başına çəkib qədəhi stolun üstünə qoydu.

      -   Dayan, dayan , vicdanın olsun! - O, qışqırdı. - Bunu mənə sən deyirsən? -

Artist beləcə qəfil qızışanda yekə-yekə danışan Mopassan özünü yığışdırıb, quzu balasına döndü.

       -  Yaxşı, indi bəs mən neyləyim, dərdimi səndən başqa kimə deyim? - O, gileyli-gileyli dedi. - Bəlkə yalan deyirəm. Əgər bu əclafların biri olun adamı olsaydı, yanına gedib baş çəkərdi. Hanı, bir köpək oğlu qapısını açmır. Odu ey, oturub bağ evində yalquzaq kimi ulayır.

      - Əlbəttə ulayar, sən də baş çəkməmisən? - Artist yerindən durub otaqda gəzişməyə başladı. - Dünən onun üzünə tüpürdüyü adamlar üzünün tüpürcəyi qurumamış yeni Rəhbərin qapısında növbəyə durublar. İndi buna nə ad verirsən, nədəndi bu, sevgidən, yoxsa qorxudan?

       Mopassanın sarsıntısı hələ də ötüb keçməmişidi, bununla belə cavab vermək üçün özünü ələ almağa çalışırdı.

       -  Bəli, belədi. Sən tam haqlısan. Biz beləyik də, mən də, Babaş Ziyadov da. Amma, qardaş, bu onun yetirib bitirdiyidi də! Kim eləyib? O eləyib də, Rəhbər olduğu on üç il ərzində bütün ölkəni qula çevirib. Zibil eləyib həyatımızı. İndi yeni rəhbər neyləsin, iki ilin içində nəyisə dəyişə bilərmi? - Mopassan həyacandan qızarmışdı, - tələsmək lazım deyi, görəcəksən hər şey tədricən düzələcək.

        -  Yox, heç nə düzəlməyəcək. - Saday Sadıqlı təlaş içində dedi. - Siz xalqın arasında böyük nüfuzunu qoruyub saxlayan Rəhbəri bundan sonra daha bərkdən söysəniz belə, yenə ona heç nə eləyə bilməyəcəksiniz. İndi siz birləşib onun bütün günahlarını, özünün yetişdirdiyi itaətkar kölələrin çiyninə yükləmək istəyirsiniz ki, yenə də bu zibili təmizə çıxarasınız. İki daşın arasında qırğın salmaq istəyirsiniz, deyirsiniz heç bir enerji, ağıl sərf etmədən her şey sizin olsun. O isə ayağının altındakı yüsəkliyə ağıl hesabına qalxıb. Anadangəlmə hakimiyyət hərisliyindən enerji alıb. Qulların  himnini o düzüb-qoşub, siz isə onu xorla oxumusunuz. İndi adamlarda bir damcı vicdanın, həyanın qalamdığı, hamının nifrət və zalımlıqla nəfəs aldığı, yalanın ayaq tutub yeridiyi çaşqın bir vaxtda, lənətə gəlmiş bu alverxanada siz cəsarətlənmisiniz, gözdən düşmüş Xozeyini üzə çıxartmaq istəyirsiniz. - Sinəsini boşaldıb bir qədər susdu, sonra isə əvvəlki qaydada sərt və qətiyyətlə danışmağa davam etdi. - Zora arxalansa da onun aydın məqsədi var. Lap pis halda elə buna görə hörmətə laiqdir. Dərin ağılı, ayıq başı var, inanılmaz dərəcədə fərasətlidir. Bu adam ona nə lazım olduğunu dəqiq bilir. Şeytan onun əlinə su tökməyə yaramaz. - Artist ucadan danışırdı və hirsi sovuşub getmişdi, hətta kefi kökəlmişdi.

    Mopassan Mirələmov dinib-tərpənmirdi. Artisti çoxdan və dərindən tanıyan bir adam kimi çox güman, elə indidən ona aydın idi ki, Saday Sadıqlı gözdən düşmüş köhnə Rəhbərin əlehinə getməyəcək, ona düşmən kəsilən yeni rəhbərliyin xoruna da qoşulmayacaq . Artistin təbiəti beləydi. Onun söylədikləri direktoru əməlli-başlı təlaşa salırdı.

        - Deməli belə. - O çaşqın halda deyindi. - Sözün düzü, mən də bu fikirdəydim. Bilirdim ki, axına qarşı durmaq mümkün deyil. - Mopassan həlim, dostyana danışır, özünü necə lazımdı elə aparmağa çalışırdı. - Sən ondan çox pislik görmüsən, amma yamanlığa yamanlıq eləmək istəmirsən. Əslində işin qənbərqulusu sənin vicdanlı olmağındı. Əgər söhbət adi adamdan getsəydi, dilxor olmağa dəyməzdi. Biz dövlət xadimi barəsində danışırıq. Ona görə də şübhələnirəm, hislərin səni aldatmır ki? Axı sən həftədə bir dəfə teatra gəlib-gedəndə, iki-üç ay bundan qabaqkı görüşlərimizdə belə düşünmürdün.

       -  Saday Sadıqlı dərd çəkən, qızarmış gözünü qıyıb cavab verdi.

       -  Hə, iki-üç ay əvvəl görüşəndə... o iki-üç ay mənə artıqlaması ilə bəs elədi ki, bu yenidənqurma deyib hürüşənlərin, siyasi qışqırıqçıların ölkəni uçuruma sürüyürlərin məqsədindən xəbərdar olum. Əmin oldum ki, yalnız nadan adamlar olkəni belə biabırçı şəkildə dağıda bilərlər. Yəni sən görmürsən ki, bunların heç bir hərəkətində aydın fikir yoxdu? Yenidənqurma hakimiyyətə can atanların əlində bir növ yeni silahdır. Xalq təlaş içindədir. Heç kim bilmir ki, sabah başına nə gələcək. Hər şey çat verir, dağılır. Ölkə üfunət iyi verən bataqlığa dönüb. Aradan nə qədər sular axmalıdır ki, bu acgöz çərənçilər heç olmasa bir-birlərini dinləməyə həvəs göztərsinlər.

       Artist ehtirasla danışırdı. Elə bil səhnədəydi və sözünü ən axır sırada oturan tamaşaçıya çatdırmaq istəyirdi.

        - Sənin yeni Rəhbərin və onun gənclik vaxtından komsomolda dostluq elədiyi şəxslər cəmiyyətdə nələrin baş verdiyini yaxşı bilir, dərk edirlər. Amma bununla belə keçmiş Rəhbərin caynağına hər hansı bir bayağı, mənasız bəhanə vermirlər. Çünki onlar o Rəhbərin vaxtında hakimiyyətin quyruğunda əsir olublar, üstəlik dövləti onun əlindən qəbul ediblər. - Artist yenə qəzəbləndi, həyacan hirs yığıldı. - Hə, o, ətrafına yaltaqları yığmışdı və camaatın gözü qabağında həmən yaltaqları ələ salıb dolayırdı. Anlayırdı ki, hər yaltaqın içində gələcəyin bir tiranı yatır və həmin o balaca tiranlarda özünün kədərli oxşarını görürdü. Bunlar dünəndə qalıb. Guya bu gün vəziyyət yaxşıdı, hər şey bitib? Ölkə nəhəng dəlixanaya dönüb. Hətta Kreml gərəksiz kontor kimi nəzarətsizdi, əldəqayırma siyasət vunderkindləri öz xeyirləri üçün ölkəni dalana dirəyiblər. Xalqa yalançı yenidənqurma möcüzəsi vəd ediblər, amma əsl həqiqət başqadır. Hamı vəhşiləşib, yabanı olub insanlar. Aləm od tutub yanır, bu yandan da bir topa pisniyyət gədələr məhsulyyətsizcəsinə adamları daha fəal olmağa çağrışırlar. Belə siyasətbazlarla müqayisədə keçmiş Rəhbərin adını dahilərin cərgəsinə qoymağa hazıram.

       Saday Sadıqlı səhnədə sürəkli alqışlara bürünən onlarla monoloqu əzbər bilirdi, Mopassan Mirələmov isə vaxtında təcrübəli teatr adamı olaraq bu monoloqlara heyrət içində qulaq asmışdı. O, əvvələr də bilirdi ki, Saday Sadıqlı çoxdan artisliyin fövqündədir. İndi isə içini qorxu bürüdü. Sadaya etiraz eləmək fikri yox idi, amma elə bil birdən onu arı sancdı. Qəzəblə əlini ovuşdurub, aktyorun sözünü kəsdi:

       - Dayan, dayan! Sözündən belə çıxır, Sumqayıt hadisələrini də o törədib ki, Kremldən qisas alsın...

        -  Yox, mən bu fikirdə deyiləm, - Saday tərəddüd eləmədən bildirdi. - Əslində tam əminəm, başıboş adamlar sarsaq başçıların təhriki ilə Sumqayıt faciyəsini törədəndə, o, bağda televizorun qarşısında oturub acı göz yaşları tökürdü. Sovet Sosialist Respublikalarının heç birində baş verməyən bu hadisəyə görə dəhşətə gəlirdi ki, gör nadan siyasətçilər məsələni nə yerə çatdırdılar.

       - Bəsdi sən Allah! Onun necə əlçatmaz olduğu, guya, yadından çıxıb. Əslində öz yerlilərinin əlindən qəzəblənmisən, indi hamısı, dil boğaza qoymadan erməniləri söyürlər. Axı sən bilirsən ki, ermənilər onun hiyləgər və qanlı siyasəti nəticəsində bizdən üz döndəriblər. Özünü elə aparırsan, guya bu boyda həngamə baş verib, sən də bütün bunlardan xəbərsizsən. Tərifləyirsən onu, nədi-nədi vəzifə borcu və qaydalar belə tələb edirmiş. Axı onun səni görməyə gözü yox idi, bunu hamı bilir.

        Artist Mopassanın saxta və gecikmiş cəsarətindən təngə gəldi.

       -  Özün kömək ol, Allah, özün kömək ol! - Demək olar bağırdı. - Yenə də yalan deyirsən, Mopoş , o, hərdən mənə rəğbət göstərirdi. Etiraf edirəm, amma hər zaman öz maraqlarını güdüb. O da var ki, xalqın dəyər verdiyi adamları bir kənara tullamayıb. Bu mənada keçmiş Rəhbər mənə diqqət yetirib, işin belə alınmağında isə bizim təqsirimiz eyni dərəcədədir. Kiflənmiş sistemə nifrət hissi mənim canımdadır. İndi ağlıma gəlir, o hansısa bir hissiyatla donkixotluğumu duyubmuş. Çünki o, istedadlı idi, Mopoş! -  Artist çılğınlığını boğub bir qədər düşündü, sonra özünü ələ aldı: - O, dövlət təltiflərini və ucuz söhrəti mənə vermədi. O, məni öz üstünə gələn tufanın qarşısına itələdi. Bu qərəzsiz faciə və komediyada mənim rolumu öz əli ilə bölmüşdü. Həmişə o fikirdə olmuşam ki, içimdəki azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlətlə münasibətləri  korlamaq gərəkdi. Bu mənada mən onu özümə xaç atası sayıram.

       -  Əzizim, sənə elə gəlmir ki, davamlı olaraq özün-özünü təkzib edirsən?

Hirsindən od tutub yanan Saday Sadıqlı onun son atmacasını ya eşitmədi, ya da qəsdən qulaq ardına vurdu.

       -  Elə o vaxtdan güc topladım ki, istənilən zərbədən sonra ayağa dura bilim. Daha indi, gücüm yoxdu, qalmayıb.  Mopoş, anamın qəbrinə and olsun, heç nəyi başa düşə bilmirəm. Boynuma alıram, Mapoş, qorxuram. Canım biri bitməmiş o biri başlayan dəhşətli yuxuların caynağına keçib. Nə vaxtan bəri çalışıram ətrafla bütün əlaqələri üzüm. Dünya ilə təmasın hər anı məni zibilə salır, başıma bəla gəlir. Adamlar tanınmaz dərəcədə dəyişiblər. Mopoş, səncə bu dəhşətli deyilmi, ölkədə bircə nəfər Allah adamı yoxdur ki, öz dərisindən qorxmayıb xalqa həqiqəti desin. Hanı bizim mərhəmətli millətimiz? Hanı bizim nur saçan ziyalımız? Çoxdan hiss etmişəm, Mopoş, bu barədə əvvəllər də fikirləşmişəm: bizim keçmiş "millət atası"nın mənim kimi tək-tək asilərin boğazına bağladığı zəncir, o bu dünyada yaşasa da, yaşamasa da bədbəxt ziyalıları boğub öldürəcək, məhv edəcək. - Artist susub dediyi sözlərdən sonra boşalmış içinin dərinliyinə çökdü.

         Mopassan təlaş içində kreslodan sıçrayıb qışqırdı.

      -  Qardaş, sən dahisən, Allah haqqı, dahisən! Necə möhtəşəm monoloq söylədin. Bəs axı mən nə deyirəm? Mən də sən dediyini deyirəm də...

      -  Yox, sən ölkədə yeni bir, Xozeyin yaratmağımı istəyirsən. elə bir Xozeyin ki, işi-gücü qurtaranda gəlib burda bizimlə məzələnsin. Axı  keçmiş Xozeyinin yerinin boş qalmağı gözümün qabağındadır. Bu gün xalq o boş qalan yerdən gözünü çəkmir və şeytan xisləti ilə xəlvətcə o yerin yiyəsinin - keçmiş xozeyinin xiffətini eləyir. Onun qüdrəti bax bundadır. Öləndən sonra elə bir boşluq qoyub ki, həmən boşluğu özündən sonra heç kim doldura bilməz.

       - Bu dəfə özü titrəyən əlləri ilə qədəhinə konyak süzdü, dərhal  içdi. Başının hansı hissəsindəsə əmələ gələn dəyişikliyin nədən ibarət olduğunu anlamağa çalışdı.

      -  Nəsə soruşmaq istəyirəm, yadımdan çıxır. Dedin ki, Babaş Ziyadov məqalə yazıb. Nə yazıb? Yoxsa o şeytan da Köhnənin bostanına daş atır? - istehza ilə soruşdu.

       -  Yox, mən bilən orda Köhnədən söhbət getmir. Həmyerlin əsasən ermənilərdən danışır. -  Mopassan gülümsüməyə çalışdı. - İndi taparam, harasa qoymuşam. - Ayağa qalxıb qalın qovluğun arasındakı qəzeti çıxartdı.

        Məqalə "Kommunist" qəzetinin tam bir səhifəsini tuturdu. Tən ortada qara həriflərlə başlıq yazılmışdı: "Ermənilərin alçaq hərəkətləri" sonda müəllifin imzası qoyulmuşdu: "Babaxan Ziyadxanlı".

        Saday Sadıqlı mətnin içində qara şiriflərlə verilmiş "nankor", "hiyləgər", "qatı düşmən" sözlərini eynəksiz də seçirdi. Qəzeti kənara qoymaq anında gözünə "İstazn" sözü sataşdı və bundan sonra eynəyi çıxarıb yazını başdan-ayağa oxudu.

        Bəlkə də artist əvvəllər belə bayağı, yolverilməz, populist sayıqlamalara təzə-təzə cükküldüyən tarixçi alimciyəzlərin məqalələrində və xəstə təxəyüllü roman yazanlarda rast gəlmişdi.

       Babaşın məqaləsindən dərhal  bilinirdi ki, onun fikirlərinin mənbəyi həmən uydurmalardır.

       Babaş Ziyadova görə  "İstazn"  sözünün ilkin mənası "usta ozan" deməkdir və guya  ermənilər bu yerin qədim sakinlərinin izini itirmək məqsədi ilə sözü öz dillərinə çeviriblər. Guya həmən "usta ozanlar"  bizim eradan üç min il əvvəl İkiçayarasına aid (Dəclə və Fərat) Əylis dağlarında məskunlaşan Şumerə bənzər bir tayfa olub, "Şumer" dövlətini də bir başqası deyil, onlar  yaratmışlar, sonra da bu hesaba qədim   dünya mədəniyyəti "Şumer" adıyla intişar tapmışdır.

      Babaxan Ziyadxanlıya görə Əylis sözünün mənası adamların gəlib-gəlib dayandıqları yer - "Əylənmək" deməkdir. Guya Əylisdə heç vaxt erməni yaşamayıb. Oradakı kilsələr, məzarlar "OdƏrlərə" məxsusdur. "OdƏr" sözünün də mənası "Gur od" deməkdir. Alov saçan bu torpaqlar nə səbəbdənsə "Alban" adlandırılan türklərə məzsusdur. Müəllif dəridən-qabıqdan çıxıb sübut eləyir ki,  "namərd qonşular" tədricən bütün tarixi həqiqətləri təhrif edib, Azərbaycan ərazisindəki bütün toponimləri dəyişərək erməniləşdirmişlər. Məsələn, onlar "OdƏr Mən"i Girdiman, "Gur su"yu Gorus, "Qurbağ"ı Qarabağ, "Əlvənd"i Erevan eləməklə tarixi özlərinə sərf edən şəkilə salmışlar. Guya OdƏrlərin dilindəki "Qapıağzı" kəlməsi nankor qonşuların səyi nəticəsində "Qafqaz"  olub. Vaxtı ilə yenilməz türk kişilərinin adını bildirən "Ərmən" sözü Qafqaza heç bir aidiyyatı olmayan bir xalqın - ermənilərin adına çıxılıb.

         Babaşın palaz boyda məqaləsi şair Uluruh Türkmənməkanın yeni zamanın himninə çevrilən bu misraları ilə birtirdi:


Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin