Breksit : Səbəblər və Nəticələr



Yüklə 111,66 Kb.
tarix28.03.2017
ölçüsü111,66 Kb.
#12752
Breksit : Səbəblər və Nəticələr

Birləşmiş Krallığın Avropa İttifaqından ayrılması ilə əlaqədar keçirilmiş referendum, onun nəticəsi və mümkün təsirləri qitənin gələcəyi haqqında ortaya bir sıra suallar çıxarmışdır. İlk öncə Breksit toponiminin nə olduğunu açıqlamaqda fayda vardır. Belə ki, Brexit (Breksit) kəlməsi, “Britain” (Britaniya) və “Exit”(çıxış) sözlərinin birləşməsindən yaranmış bir ifadədir və Böyük Britaniyanın Avropa İttifaqından ayrılması mənasını verir. Avropa İttifaqı ideyası ikinci dünya müharibəsindən sonra Avropada iqtisadi əməkdaşlığı təmin edərək gələcəkdə baş verə biləcək müharibələrdən qorunmaq məqsədi ilə, 1951-ci ildə Avropa Kömür və Polad Birliyinin yaradılması ilə təşəkkül tapmışdır. Bu ideya təkcə iqtisadi maraqları təmin etmirdi, o həm də bu günədək köhnə qitədə siyasi sabitliyin qarantı rolunu oynayır. Kontinentin yaxın tarixinə baxsaq və Qrelandiya prosesini nəzərə almasaq, bu günədək hər hansı bir ölkənin İttifaqa daxil olduqdan sonra oranı tərk etməsi hadisəsi bir ilk idi. Belə ki, Qrelandiya 1973-cü ildə Danimarka ilə birgə Avropa İqtisadi Birliyinə daxil oldu. Çünki həmin dövrdə Qrelandiya Danimarkaya tabe idi və ada sakinlərinin etirazlarına baxmayaraq1, ölkə əhalisinin səs çoxluğu bu məsələdə həlledici olmuşdur. Ancaq adaya yerli özünü idarəetmə haqqının tanınmasından sonra 1982-ci ildə keçirilmiş referendumun nəticəsinə görə Qrelandiya Avropa İttifaqından ayrıldı2. Bu hadisə Avropa dövlətləri üçün presedent hal sayılmadı, lakin Britaniyalıların verdikləri qərar artıq elan olunduğu andan etibarən bütün kontinentdə narahatlıq və qorxu yaratmağa başladı.



Avropa İttifaqı və Böyük Britaniya əlqələri

Avropa Kömür və Polad Birliyi qitədə sülhü təmin etmək üçün iqtisadi və siyasi əlaqələr yaratmışdı. Şərqlə Qərb arasında soyuq müharibənin davam etməsinə baxmayaraq, 1957-ci ildə qurucu ölkələr arasında Roma müqaviləsi imzalanmışdı. Bu müqaviləyə əsasən Avropa İqtisadi Birliyinin yaradılması, üzv dövlətlər arasında gömrük rüsumlarının ləğv edilməsi, xidmətlərin, məhsulların və insanların azad hərəkətinin təmin edilməsi, və digər vahid iqtisadi və siyasi qurumların yaradılması qərara alınmışdı3. Bunun bir nəticəsi kimi, 1958-ci il yanvarın 1-dən etibarən Avropa İqtisadi Birliyi yaradıldı4. Baxmayaraq ki, vahid Avropa ideyasını Britaniyanın baş naziri Vinston Çörçill də dəstəkləmişdi və bu strukturun bir növ Birləşmiş Avropa Dövləti olaraq sülhü, təhlükəsizliyi və azadlığı qoruyacağına inanırdı5, ancaq İttifaq yaradılarkən Britaniya burada qurucu üzv kimi iştirakdan imtina etmişdi. İqtisadiyyatının sıxılması, o cümlədən Fransa və Almaniyanın güclü alyans formalaşdırması, Britaniyanın baxışlarının dəyişməsinə səbəb oldu6. Ancaq Britaniyanın AİB-ə qoşulmaq istəyi Fransa prezidenti Şarl De Qol tərəfindən iki dəfə veto edildi. Bəziləri bunun səbəbinin tarixi ingilis-fransız düşmənçiliyinə bağlı olduğunu, bəziləri isə De Qolun Britaniyanı Birləşmiş Ştatların Avropada yerləşən təbii müttəfiqi və peyki kimi düşündüyünü söyləyir. Ancaq reallıq budur ki, De Qol Britaniyanın üzvlüyünün Parisin nüfuzunu azaldacağından qorxurdu7. Hətta ingilis dilinin kontinentdə əsas ünsiyyət vasitəsinə çevrilməsi belə fransızların görmək istəmədikləri vəziyyət idi8. Yalnız De Qol hakimiyyətdən getdikdən sonra 1973-ildə Britaniyanın AİB-ə üzvlüyünə icazə verilir və 1975-ci ildə bununla bağlı olaraq adada referendum keçirilir. Marqarita Tetçerin də üzvü olduğu Mühafizəkarlar partiyasının da dəstəklədiyi bu qoşulma layihəsi əhalinin 67%-nin səs verməsi ilə legitimliyini qazanır. Bundan sonraki dövlərdə tez-tez Britaniya və Avropa İttifaqı arasında bir sıra məsələlərə fərqli baxışlar müşahidə edilmişdi. Hətta 1983-cü ildə İşçi Partiyasının lideri Mişel Fut “Britaniya üçün yeni ümid”9 adlı manifestində krallığın Avropa İqtisadi Birliyindən çıxmağı üçün danışıqlara başlayacağını söz vermişdi. Ancaq seçkilərdə məğlub olması bu fikri müvəqqəti olaraq ortadan qaldırdı. Marqarita Tetçerin baş nazir olduğu dövrlərdə Britaniya rəsmi Brüsseldən bəzi güzəştlər ala bildi. Lakin vahid valyuta məsələsində tərəflər uzlaşa bilmirdilər. Baxmayaraq ki, ölkə Avropa Valyuta Məzənnəsi Mexanizminə qoşulmuşdu, 1992-ci ildə Maastrixt Müqaviləsinin imzalanması Britaniyanın bu qurumdan çıxmasına səbəb oldu. Müqaviləyə əsasən Avropa İqtisadi Birliyinə üzv ölkələrdə vahid pul, Avro tədavülə buraxılacaqdı10. Bundan sonrakı dövr ərzində Böyük Britaniya nəinki milli valyutasını qoruyub saxladı, hətta Şengen zonası ilə bağlı Brüsseldən güzəştlər tələb edərək İttifaq daxilində varlığını davam etdirdi.

2007-ci ildə Avropa İttifaqının bütün üzv dövlətlərinin, o cümlədən Britaniyanın da iştirakı ilə Lissabon Müqaviləsi imzalandı və bu müqavilə Brüsselə daha böyük səlahiyyətlər verdi. Lakin Mühafizəkarlar Partiyasının lideri olan Devid Kamerun baş nazir seçiləcəyi halda, Lissabon müqaviləsinin referendum yolu ilə ratifikasiya ediləcəyini xalqa söz verdi. Lakin müqavilənin ratifikasiya olunması, gələcəkdə baş nazir seçiləcək olan D.Kamerunun referendum iddiasını ortadan qaldırsa da, o, əgər seçiləcək olarsa, mühüm əhəmiyyətli səlahiyyətlərin Brüsselə transfer edilməsinin xalqın təsdiqi və münasibəti olmadan gerçəkləşdirməyəcəyini bəyan etdi11.

Baş nazir olduqdan sonra da Devid Kamerun bir neçə dəfə adanın maraqlarından çıxış edərək, Avropanın yeni çağırışlarla üzləşdiyini, buna bağlı olaraq reformların qaçınılmaz olduğunu qeyd etmiş və Britaniyanın üzvlüyü ilə bağlı yeni danışıqların başlanacağını bildirmişdi. “Mən yalnız Britaniya üçün deyil, həmçinin Avropa üçün daha yaxşı razılaşmanın olmasını istəyirəm. Lakin bu gün Avropa üç əsas çağırışla üz-üzə qalmışdır. Bunlar Avrozonada olan problemlər, Avropanın rəqabət qabiliyyətinin böhranlı vəziyyətdə olması və son illərdə Avropa İttifaqı ölkələri və onun vətəndaşları arasında ciddi şəkildə artan bərabərsizlikdir”12.

Son olaraq 2015-ci ildə keçirilən seçkilərin qalibi olan D.Kamerun bütün Krallıq ərazisində 2017-ci ilin sonunadək Britaniyanın İttifaq daxilində qalması və ya tərk etməsi ilə bağlı referendumun keçiriləcəyi sözünü verir. Son bir neçə il ərzində Avropanın miqrant axınına məruz qalması və bunun Britaniyanın təhlükəsizliyinə mənfi təsir göstərməsi referendum və avroskeptik tərəfdarlarının artmasına səbəb olmuşdu. Ancaq 2015-ci ilin sonunda Avropa İttifaqı Britaniyanın İttifaqdan ayrılmasının qarşısı almaq üçün baş nazir D.Kamerunun vurğuladığı problemli məsələlərlə bağlı danışıqlara başlamışdı və 2016-cı ilin fevral ayında Brüsseldə Avropa İttifaqı zirvəsində hər iki tərəf arasında anlaşma imzalanmışdı13. Reform paketində ada üçün həyati əhəmiyyət daşıyan bir sıra önəmli məsələlər danışıqlar predmeti idi. Bunlardan ən önəmlisi Avropa İttifaqının şərq sərhədlərindən adaya gələn miqrantların ilk 4 il ərzində sosial yardımlardan kənar qalmasıdır. Yalnız bu zaman bitdikdən sonra hər hansı sosial yardım tələbi yerinə yetirilə bilər14. Bu sistemin işləməsi üçün isə, ölkə sosial müdafiə və ictimai xidmətlərin həddindən artıq yükləndiyini rəsmi Brüsselə sübut etməsi lazım olacaqdı. Digər razılaşdırılmış önəmli bir məsələ isə İttifaqa üzv dövlətlərin parlamentlərinin yüzdə 55-nin Aİ-nin qəbul etdiyi qərarları dayandırmaq və ya dəyişdirməsinə icazə verən “qırmızı kart” sisteminin tətbiqi idi15.

Təklif edilən bir digər qərar isə Avrozona bölgəsinə daxil olmayan doqquz ölkənin, avro bölgəsi ilə bağlı qəbul ediləcək qərarlara narahatlıqlarını bildirə biləcəkləri və zəmanət ala biləcəkləri sistemin yaradılması idi16.

David Kamerun əldə olunan razılaşmanın Britaniyaya xüsusi staus verdiyini və keçiriləcək referendumda əhalinin Avropa İttifaqında qalması üçün təşviqat kampaniyası aparacağını bildirmişdi17.

Breksit-in səbəbləri

Fevral ayında Brüsseldə Avropa İtifaqı liderlərinin zirvə toplantısında Böyük Britaniya ilə Avropa İttifaqı arasında razılaşmanın əldə olunması və bunun Britaniyaya xüsusi status verməsi bir sıra ekspertləri o cümlədən İttifaqın rəhbər şəxslərini referendumun gözləntiləri ilə bağlı pozitiv məcraya kökləmişdi. Ancaq son nəticə bütün dünya üçün, eləcə də son yarım əsrdən çox müddətdə cazibə mərkəzi olaraq hər zaman genişləməkdə olan Avropa İttifaqı üçün gözlənilməz oldu. Bəs Britaniyalıları narahat edən, onları Avropalı qardaşlarını yarı yolda qoymağa məcbur edən nə idi?



Üzvlük haqqı

Avropa İttifaqının əsasnaməsinə görə üzv dövlətlər hər il Ümumi Daxili Məhsulun 1%-i həcmində üzvlük haqqı ödəməlidirlər. Ancaq 1984-cü ildə Marqarita Tetçerin ölkəsi üçün qazandırdığı güzəştlərdən dolayı, Britaniya digər ölkələrə nisbətən daha az ödəniş edir18. 2015-ci ildə Britaniya hökuməti Aİ-yə 13,3 milyard funt ödəniş etmişdi və bunun qarşılığında 4,5 milyard funt Aİ-dən maliyyə dəstəyi almışdı. Ümumi olaraq Birləşmiş Krallığın 8,5 milyard funt məbləğində xərcləməsi olmuşdu19. Bu məbləğ hökumətin hər il Milli Səhiyyə xidmətinə xərclədiyin vəsaitin 7%-i qədərdir20. Aİ-nin Krallıq üçün ayırdığı maliyyə vəsaiti əsasən kənd təsərrüfatı subsidiyaları və kasıb regionların inkişafı üçün xərclənir. Tərk etmək tərəfdarlarının fikrincə, bu baha başa gələn bir üzvlükdür və əgər Krallıq İttifaqdan kənarlaşarsa ödənən vəsait ölkənin inkişafına xərclənər.



Ticarət və İqtisadiyyat

Birləşmiş Krallığın Avropa ilə ticarət əlaqələri onun üçün həyatı əhəmiyyət kəsb etməkdədir. Belə ki, statistikaya görə Britaniyanın ixrac əməliyyatlarının 51,4%-i İttifaq ölkələri ilə aparılır21. Ölkənin İttifaqın tərkibində qalması ona Avropanın vahid bazarına maneəsiz, hər hansı bir gömrük tarifi ödəmədən daxil olmasına imkan verir. Bundan başqa xarici sərmaye Birləşmiş Krallığın iqtisadiyyatı üçün çox vacib açar rolu oynayır və Britaniya dünyada xarici sərmaye qoyuluşuna görə üçüncü yeri tutur22. İttifaqın tərkibində qalması onun daha rahat ticarət və investisiya əməliyyatlarını aparmasına şərait yaradır. Britaniyanın İttifaqın tərkibində qalmasının tərəfdarı olanlara görə, Britaniyanın vahid bazara daxil ola bilmək üçün, rəsmi Brüsselin aldığı qərarlara tabe olmasını böyük problemə çevirmək lazım deyil. Çünki əks təqdirdə, Britaniyaya xarici biznesin sərmaye qoyuluşu azala bilər.

Ancaq Breksit tərəfdarlarına görə, Vahid Bazarın Britaniyaya tələb etdiyi qaydaların maliyyəti, onun xeyirindən daha çoxdur. Onların fikrincə, Birləşmiş Krallıq Gömrük Birliyindən ayrılarsa, o zaman Brüssüldən asılı olmayaraq, hər-hansı bir ölkə ilə xüsusi ticarət müqaviləsi bağlamaq üçün danışıqlar aparıla bilər23. Adanın İttifaqdan ayrılmasını istəyən insanların ən çox vurğuladıqları məsələ Britaniyanın tarixən müstəmləkələri olmuş keçmiş “Birlik” (Commonwealth) ölkələri ilə Britaniya arasında iqtisadi əlaqələrin inkişafı idi. Onların fikrincə, 54 üzv dövləti olan və dünyanın Ümumiq Daxili Məhsulunun 15%-ni qarşılayan Birlik ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi və yeni ticarət müqavilələrinin bağlanılması Krallıq üçün daha cəlbedici olacaq. Çünki yaxın on illiklərdə bu ölkələr inkişaf səviyyəsinə görə dünyada qabaqcıl yeri tutacaqlar. Kanada, Avstraliya, Yeni Zelandiya və Qana Britaniya ilə ticarət müqaviləsi bağlamaq arzusunda olduğunu artıq dilə gətiriblər. Dünyanın iqtisadi nəhəngi olan Hindistan isə Britaniya biznesi üçün sərhədsiz böyük imkanlar təklif edir24.

Suverenlik

Digər Avropa dövlətləri kimi Böyük Britaniya da Lissabon Müqaviləsinə25 uyğun olaraq bir sıra səlahiyyətlərini Brüsselə təhvil vermişdir. Baxmayaraq ki, ölkədə qanunverici hakimiyyət xalq tərəfindən seçilən parlament tərəfindən icra edilir, ancaq son sözü Brüssel söyləyir. Bu hal Breksit tərəfdarlarının əlində İttifaqı tərk etmək üçün ən böyük bəhanə idi. Ancaq təxmini hesablamaya görə Britaniyanın qanunların 14-17%-i Avropa İttifaqının üzvlü olmasından irəli gəlir. Eyni zamanda hökumətin təxminlərinə görə Britaniyanın qəbul etdiyi böyük iqtisadi təsirə malik olan qanunların 50%-nin mənşəyi Aİ-nin qanunvericiliyinə dayanır26. Bu növ qanunlar isə kənd təsərrüfatı və balıqçılıq üçün subsidiyalar, ətraf-mühit, nəqliyyat sövdələşmələri və digər bu kimi sahələri əhatə edir. Səlahiyyətlərin azalmasına baxmayaraq, Britaniya hökumətinin Aİ Nazirlər Məclisinin təkliflərinə qarşı səs vermək və hətta onları veto etmək haqqı var. Ancaq bütün üzv dövlətlər kimi Britaniya da Avropa Ədalət Məhkəməsinə tabe olmaq məcburiyyətindədir və heç kim Aİ qərarlarını poza bilməz27.

Britaniya müstəqilliyi üçün önəm kəsb edən vergilər, maliyyə, miqrasiya, valyuta, xarici siyasət, təhlükəsizlik və digər bu kimi məsələlərdə bugünədək azad fəaliyyət göstərmişdir. Ancaq Breksit tərəfdarları verilmiş bütün səlahiyyətlərin ölkəyə qaytarılmasını tələb edirdilər. Onların fikrincə yalnız belə olan təqdirdə, ada dövləti əzəmətini qoruyub saxlaya bilər. Təsadüfi deyil ki, David Kamerun cari ilin fevralında Avropa Komissiyası ilə Britaniyanın İttifaqda qalması üçün davam edən danışıqların bir nəticəsi kimi, Krallıq üçün vacib əhəmiyyət kəsb edən “qırmızı kart” sisteminin İttifaq ölkələrində tətbiq edilməsi haqda razılıq əldə etmişdi. Bu sistem hər hansı bir üzv ölkə parlamentinə yüzdə 55-nin tələbi ilə Aİ qanun layihələrini dayandırma və ya dəyişdirmə səlahiyyəti verirdi28.

Miqrasiya

Britaniyada referendumun keçirilməsinə və son nəticədə Avropa İttifaqını tərk etmək istəyənlərin qalib gəlməsinə ən böyük səbəb son illərdə ölkənin miqrant axınlarına məruz qalmasıdır. Avropa İttifaqının fundamental müddəalarından biri olan azad hərəkət, İttifaq daxilində insanların hər hansı ölkəyə sərbəst daxil olmasına və orada işçi kimi qalmasına icazə verir. Britaniya Avropanın vahid bazarına daxil olmaq üçün azad hərəkət haqqında qanuna tabe olmaq məcburiyyətindədir. Diaqramdan da göründüyü kimi 1995-2015-ci illər ərzində ada dövlətinə gəlmiş miqrantların sayında 3 dəfə artım qeydə alınmışdır və hal-hazırda Britaniyada digər Avropa İttifaqı ölkələrindən gəlmiş miqrantların sayısı 3 milyondur29.



immigration.png30

Digər ölkələrdən fərqli olaraq Krallığa gəlmiş miqrantlar yüksək təhsilli və ixtisaslı olması ilə seçilir. Bu hal isə onlara həm dövlət həm də özəl sektorda təmsil olunmağa imkan verir. Təbii ki, miqrantların həm ölkə iqtisadiyyatına həm də dövlət xərclərinə təsiri danılmaz faktdır. Bəzi Breksit tərəfdarları yaranan təsirlərin neqativ olduğunun və gəlmələrin iş yerlərini ələ keçirməsinin ölkə ərazisində əmək haqqlarının azalmasına və təhsil, səhiyyə kimi vacib ictimai xidmətlərin artan tələb qarşısında yüklənməsinə səbəb olduğu qənaətində idilər31. Ancaq nəzər almaq lazımdır ki, miqrantlar da yerli vətəndaşlar kimi vergi ödəyicisidirlər və buna görə də ictimai xidmətlərdən yararlanmalarına hüquqları vardır. Hətta onların vergi ödəyicisi olması büdcə kəsirinin azalmasına kömək edir.

Ancaq son illərdə Orta Şərqdə davam edən müharibələrdən dolayı Avropaya gəlmiş miqrantların sayının kəskin şəkildə artmasının Britaniyanın təhlükəsizliyinə yaradacağı mənfi təsirlər və müəyyən qədər də ölkənin Maliyyə naziri Corc Osbornun “əgər Britaniya Avropa İttifaqını tərk etməzsə, 2030-cu ilədək ölkəyə əlavə 3.3 milyon miqrantın gələcək”32 söyləməsi, Breksit tərəfdarlarının qələbə qazanmasına səbəb oldu desək yanılmarıq.

Təhlükəsizlik

Avropada açıq qapı siyasətinin aparılması və Şengen sisteminin fəaliyyət göstərməsi son illərdə digər ölkələrdə olduğu kimi Britaniyada da təhlükəsizliklə bağlı narahatlıqları artırmışdır. İslam Dövləti adlı terror qruplaşmasının son vaxtlarda Avropada həyata keçirdiyi silsilə terror hadisələri və minlərlə Avropa vətəndaşlığını daşıyan şəxslərin İraq və Suriyada terrorçu qruplar daxilində müharibələrdə iştirak etməsi problemin nə dərəcə ciddi olduğundan xəbər verir. Digər tərəfdən 2011-ci ildən etibarən Suriyada başlayan vətəndaş müharibəsinə görə yaşayış yerlərini tərk edən və bu günədək Avropaya üz tutan qaçqınlar Şengen zonası ölkələrinin təhlükəsizliyinə mənfi təsir göstərmiş və hətta bəzi üzv dövlətlər Avropa Komissiyasının təklifi ilə müvəqqəti sərhəd nəzarəti məntəqələri yaratmışdılar33. Əlbəttə Britaniya Şengen zonasına qoşulmadığı üçün kütləvi qaçqın axınlarına məruz qalmayıb, ancaq 2020-ci ilədək hökumət 20000 qaçqının qəbul olunacağını söyləyib34. Bunun mənəvi məsuliyyət olduğu xatırladan David Kamerun bir sıra siyasətçilər tərəfindən də tənqid edilmişdir. Krallığın keçmiş Əmək naziri olmuş Dunkan Smit Britaniyanın İttifaq daxilində qalmasını ölkə sərhədlərinin terroristlərə təhvil verilməsi anlamına gəldiyini söyləyirdi. Onu sözlərinə görə açıq sərhədlər dövlətə insanları yoxlamağa və onlara nəzarət etməyə imkan vermir35.

Bu gün Avropada hər hansı bir üzv ölkənin polis xidmətinin digər ölkənin məlumat bazasından istifadə edə biləcəyi bir sistem yaradılmışıdır. Ancaq Avropanın hal-hazırda bəzi problemlərdən dolayı vahid kəşfiyyat və polis xidməti olmadığı üçün müasir çağırışlara operativ cavab tədbiri görə bilmir. Breksit tərəfdarlarına görə, zəif kəşfiyyat paylaşımı və daxili sərhədlərdə seyrək polis xidmətinin olması terroristlərin Avropa vasitəsi ilə Birləşmiş Krallığa gəlib çatmasına səbəb olur36. Buna görə də Brüsselə təhlükəsizlik məsələlərinə müdaxilə etməsinə imkan vermək olmaz.

Referendumun nəticələri

23 iyunda Birləşmiş Krallıq ərazisində keçirilmiş referendumun nəticələrinə görə, səs vermədə iştirak etmiş əhalinin 51.9%-i ölkənin İttifaqın tərkibindən çıxmasına, 48.1%-i isə qalmasına səs verdi. Nəticələrin incələnməsi zamanı İngiltərə və Uels əhalisinin İttifaqın tərkibindən çıxmaq istəyində olduğu bilinmişdir. Aşağıdakı şəkildə bunu daha aydın görə bilərik.



37

Lakin paytaxt London başda olmaqla bir çox iri şəhərlərin, o cümlədən Birləşmiş Krallığın digər parçaları olan Şotlandiya və Şimali İrlandiyanın əhalisi İttifaq daxilində qalmaq tərəfdarı olmuşdular. Əslində bu vəziyyət Krallıq tərkibində olan bu iki ölkənin Avropa İttifaqı ilə bağlı münasibətlərinin və gələcək planlarının rəsmi Londondan fərqləndiyinin bir nəticəsi idi. Digər önəmli məsələ referenduma müxtəlif yaş qruplarından olan insanların fərqli münasibət bildirməsidir. Belə ki, səsvermə Britaniyada ölkənin inkişaf perspektivi ilə bağlı nəsillər arası uçurumun olduğunu göstərdi.



elaci.png38

Çünki gənclər, böyük şəhərlərin sakinləri və yüksək təhsillilər ciddi cəhdlə ölkənin İttifaq daxilində qalmasına çalışırdılar39. Avropa İttifaqının gənclərin təhsili və azad hərəkəti üçün yaratdığı münbit şərait onların referenduma göstərdikləri münasibətə ciddi şəkildə təsir etdiyini söyləyə bilərik. Referendumdan sonra yaşlı əhalinin nədən brexit tərəfdarı olması haqqında Britaniyada soruğu keçirildi və nəticələri olduqca maraqlı idi. Məlum olmuşdur ki, milli kimlik bu məsələdə çox önəmli rol oynayır. Çünki adada özünü Britaniyalı milli etnikinə aid edənlər ölkənin İttifaq daxilində qalmasını, İngiltərəli hesab edənlər isə ayrılıq tərəfdarlarını güclü şəkildə dəstəkləmişdilər. İngiltərə əhalisinin Krallıq daxilində olan digər xalqlara nisbətən bir neçə dəfə çox olması və 65 yaş üzəri insanların ən azı 44%-nin özünü İngiltərəli milli etnikinə aid etməsi, referendumun nəticələrinə ciddi təsir göstərmişdir40. Bundan başqa Krallığın ərazisində iqtisadi və sosial bərabərsizliyin hökm sürməsi fərqli ərazilərdə fərqli nəticələrin ortaya çıxmasına səbəb olmuşdu. Digər bir maraqlı nəticə isə iqtisadi olaraq Avropa İttifaqından asılı olan bölgələrin əhalisinin böyük bir hissəsinin tərk etməyin tərəfdarı olmasıdır. Hansı ki bu bölgələrin istehsalının böyük bir hissəsi Avropa İttifaqı ölkələrinə ixrac edilir41. Ən çox avroskeptiklərin və İttifaqı tərk etmək istəyində olan, o cümlədən dövlətdən müavinət alan yaşlı təbəqənin böyük əksəriyyətinin yaşadığı Şərq sahillərində də nəticələr Breksit tərəfdarlarının xeyrinə nəticələndi. Tərk etmək ideyasına ən böyük dəstək verən digər qruplar isə ali təhsili olmayan Britaniyalılar və yarı-ixtisaslı və ya ixtisassız işçi sinifi idi ki, hər iki qrupun üzvlərinin çoxluq təşkil etdiyi bölgələrdə üstünlük tərk etmək tərəfdarlarında idi42. Bu hal bizə Britaniyada iqtisadi cəhətdən zəif olan təbəqələrin Breksit tərəfdarları içərisində önəmli yerə malik olduğunu bir daha göstərir. Miqrantların çoxluq təşkil etdiyi bölgələrdə və Britaniyada doğulmayan əhalinin yaşadığı ərazilərdə nəticələr Krallığın İttifaq daxilində qalmasından yana idi43.

Burada diqqəti çəkən digər bir məqam , son illər ərzində adada hər zaman Britaniyanın Avropa İttifaqındən çıxmalı olduğunu söyləyən Birləşmiş Krallıq Müstəqillik Partiyasının nüfuz dairəsinin genişlənməsi və 2015-ci ildə keçirilən son seçkilərdə ən böyük üçüncü partiya adını qazanması olmuşdur. Digər tərəfdən bu partiya artıq Mühafizəkarlar və İşçi Partiyası daxilində özünə rəğbət qazandırmışdı. c:\users\user\desktop\20151024_woc203_2.png44

Birləşmiş Krallıq Müstəqillik Partiyasının 2010-2015-ci illər ərzində seçicilərinin sayında 4 dəfədən çox artım qeydə alınmışdır. Buna səbəb kimi, həmin illər ərzində Britaniyada iqtisadi və sosial çətinliklərin artmasının və bununla yanaşı Krallığın miqrant böhranı ilə üz-üzə qalmasının adada avroskeptizm meyllərini gücləndirməsi göstərilə bilər. Partiya brexit tərəfdarı olan cəbhənin aparıcı əsas partiyası idi və bu prosesdə onlara İşçi və Mühafizəkarlar Partiyası kimi Britaniyanın böyük partiyaları dəstək verməmişdi. Hakim Mühafizəkarlar Partiyasının lideri olan keçmiş baş nazir Devid Kamerun ölkənin Avropa İttifaqını tərk etməsinin əleyhinə olmasına baxmayaraq, keçmiş London meri olan və hal-hazırda da Krallığın Xarici İşlər Naziri olaraq fəliyyətini davam etdirən Boris Conson ən məşhur brexit tərəfdarı idi. Adı çəkilən hər iki böyük partiyanın daxilində brexit tərəfdarları var idi və bu vəziyyət partiya daxilində problemlərə yol açmışdı. Təsadüfi deyil ki, referendumun məlum nəticələrindən sonra baş nazir D.Kamerun istefa vermiş, İşçi partiyası daxilində isə Ceremi Korbinin liderliyinə qarşı kampaniya başlamışdı. Buna səbəb kimi, onun referendumda Krallığın Avropa İttifaqından ayrılmasının mənfi nəticələrini İşçi Partiyasının seçicilərinə inandıra bilməməsi və fədakar fəaliyyət göstərməməsi deyilirdi45.



Brexitin iqtisadi təsirləri

Avropa İttifaqının 43 illik üzvü olmasına baxmayaraq, 23 iyun tarixində keçirilmiş referendumun gözlənilməz nəticəsi bütün Avropada siyasi və iqtisadi sarsıntı yaratdı. Referendumun nəticələri ilk gündən iqtisadiyyata və maliyyə bazarlarına mənfi təsirini göstərməyə başlamışdı. Belə ki, Britaniyanın milli valyutası olan funt-sterlinq dollara nəzərən son 31 ildə ən aşağı həddədək ucuzlaşdı. Nüfuzlu “Fitch” reytinq agentliyi krallığın uzun müddətli Xarici və Yerli Maliyyə Reytinqini, habelə Xarici və Yerli Qiymətli Kağızların Reytinqini “AA+” səviyyəsinə endirdi46. Daha sonra Britaniyanın məşhur Barclays Bank, Lloyds Bank və Bradford&Bingley kimi banklarının reytinq dərəcələri də aşağı salındı47. Agentliyin hesablamalarına görə, Biznes qurumları yaxın gələcəkdə Britaniyanın Avropa İttifaqı ilə necə bir ticari və iqtisadi əlaqələr quracağından, ölkə daxilində baş verəcək gözlənilməz siyasi gedişlərdən və Şotlandiyanın gələcək statusundan asılı olaraq yeni dalğalanmalarla üz-üzə qalacaq. 2017-ci ildə Britaniyada investisyanın 5% azalacağı və Krallıq vətəndaşlarının ümumi xərcləmələrində yumşaq azalmanın olacağı gözlənilir. Digər tərəfdən sterlinqin dəyərindəki ucuzlaşma yaxın gələcəkdə ölkənin ixrac potensiyalına müsbət təsir göstərəcək. Lakin bütün bunlara rəğmən idxal məhsullarının qiymətinin qalxması müşahidə ediləcək ki, bu da yüksək inflyasiyanın yaranmasına səbəb olacaq48.

Standard & Poor’ agentliyinin hesablamalarında görə Breksit Birləşmiş Krallığın ümumi daxili məhsulunun 2017-ci ildə 1.2 faiz, 2018-ci ildə isə 1 faiz azalmasına səbəb olacaq. 49

Yuxarıda qeyd olunan mənfi tendensiyalar ölkə iqtisadiyyatı, ticarəti və xarici sərmayenin gələcəyi üçün təhlükəli sayıla biləcək bir haldır və bu son nəticədə Britaniyanın cəlb edici bazar mühitinə mənfi təsir göstərə bilər. Vətəndaşların əksəriyyətinin İttifaqı tərk etmək tərədarı olmasına baxmayaraq, demək olar ki, bütün siyasilər ölkənin Avropanın vahid bazarına giriş haqqının davam etməsində maraqlıdır. Hətta qatı Breksit tərəfdarı olan keçmiş London meri və hal-hazırda Xarici İşlər naziri olan Boris Conson da referendumdan sonra ilk çıxışında, referendumun nəticəsindən asılı olmayaraq Britaniyalıların Avropa ilə azad ticarət əməliyyatlarına davam edəcəyini və vahid bazara giriş haqqının olacağını bildirmişdi50. Buna səbəb Britaniyanın İttifaq ölkələri ilə böyük ticari münasibətlərə malik olmasıdır. Çünki son statistik nəticələrə görə, 2015-ci ildə ümumilikdə Birləşmiş Krallığın ixrac etdiyi məhsulun 44%-i (223 milyard funt-sterlinq) Avropa İttifaqına ixrac olunmuşdur51.

Ancaq Avropa İttifaqının azad hərəkət haqqında qanununa tabe olmadan, Britaniya vahid bazara çıxışı əldə edə bilməz. Bunu Avropa Şurasının rəhbəri Donald Tusk Brüsseldə 27 ölkənin hökumət başçılarının görüşündən sonra mətbuata açıqlamasında bildirmişdir. Onun sözlərinə görə Avropa liderləri açıq şəkildə bildirdilər ki, vahid bazara çıxış bütün azadlıqların, o cümlədən azad hərəkət haqqında qaydaların qəbul edilməsini tələb edir. Gələcəkdə planlaşdırılan Böyük Britaniya-Avropa İttifaqı əlaqələri isə yalnız Krallığın iki il ərzində İttifaqdan ayrılmasından sonra başlana bilər52.

Krallıq bir neçə model üzrə Avropa İttifaqı ilə ticarət münasibətlərinin davam etdirə bilər. Bunlardan biri Norveç modelidir ki, ölkə Avropa İqtisadi Ərazisinin üzvüdür və vahid bazara çıxış imkanına sahibdir. Lakin bunun müqabilində İttifaqın büdcəsinə illik üzvlük haqqı ödəmək və Avropa İttifaqının qəbul etdiyi bütün qaydalara və standartlara, o cümlədən azad hərəkət haqqında qanuna tabe olmaq məcburiyyətindədir. Yalnız kənd təsərrüfatı, balıqçılıq, ədliyyə və daxili işlər sahəsində Norveç Avropa İttifaqından asılı olmayaraq, müstəqil hərəkət edir53.

Bir digər model isə İsveçrə modelidir. Bu ölkə Avropa Azad Ticarət Assosiasiyasının üzvüdür və ikitərəfli müqavilələrlə bəzi sektorlar, əsasən də sənaye sahəsi üzrə vahid bazara çıxışı vardır. Ancaq İsveçrə də Avropa İttifaqının büdcəsinə maliyyə yardımları edir və bu yardımın miqdarı Norveçə nisbətən daha azdır. İttifaqın qəbul etdiyi bütün qaydalara tabe olmasa da, bəzi tənzimləmələri, o cümlədən azad hərəkət haqqında qanunu qəbul etmişdir. Lakin bank sektorunun vahid bazarda iştirak etməməsi bu modeli Britaniya üçün cazibədar etmir.

Sonuncu Kanada modeli Avropa ilə Kanada arasında Hərtərəfli İqtisadi və Ticarət Razılaşmasına əsasən yaranmışdır. Bu razılaşma hər iki tərəf arasında tarifləri 98% azaltmışdır. Kanada bu modelə əsasən Avropa bazarlarına bəzi məhsulları heç bir öhdəliksiz (birliyin büdcəsinə maliyyə yardımı etmədən və azad hərəkət haqqında qanunu qəbul etmədən54) çıxara bilər. Bir çox brexit tərəfdarları, hətta Boris Conson belə bu modelin Britaniya üçün ən münasib olduğunu qeyd edir55. Ancaq bu model də Britaniyanın maliyyə xidmətlərinin və banklarının vahid bazara çıxışına imkan vermir56.



Breksitin siyasi təsirləri

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması İttifaqın gələcəyini yeni və gözlənilməz çağırışlarla üz-üzə qoyur. Artıq referendumun ilkin nəticələrinin elan olunması zamanı Avropa İttifaqının bütün siyasi institutlarının rəhbərləri, o cümlədən aparıcı ölkələrin hökumət başçıları bunun təəssüf verici bir hal olduğunu və İttifaqa üzv digər dövlətlər üçün presedent daşımayacağını bildirmişdilər. Lakin avroskeptik qruplar və ultra-sağ partiyalar nəticələrdən razı görünürlər və bu hal əslində onların nüfuzunun artmasına xidmət edir. Fransanın məşhur Milli Cəbhə partiyasının rəhbər Marin Le Pen nəticələri qələbə adlandırmış və referendumun bütün İttifaqa üzv ölkələrdə keçirilməsinin vacib oldu vurğulamışdı. Bir çox analitiklərə görə, Breksit Milli Cəbhənin 2017-ci ildə keçiriləcək prezident seçkilərində uğur qazanması üçün yeni imkanlar açır. Anti-miqrant və anti-islam baxışları ilə tanınan Hollandiyanın Azadlıq Partiyasının rəhbəri Gert Vilder də həmkarından geri qalmayaraq ölkəsində tezliklə İttifaqdan ayrılmaqla bağlı referendumun keçirilməsini tələb etmişdi. Onun sözlərinə görə, ölkəsi miqrasiya və milli sərhədlərin qorunması siyasətini müstəqil olaraq həyata keçirməlidir57. Slovakiya və İsveç kimi ölkələrdə də ilk günlərdə bu tip partiyalar tərəfindən referendum tələbi eşidilməyə başlamışdı. Digər tərəfdən Avropa İttifaqına daxil olmağa cəhd göstərən və yalnız İttifaqın çətiri altında siyasi sabitliyini davam etdirə bilən Balkan regionunda da referendumun nəticəsi böyük narahatlıq yaratmışdır. Çünki Breksitin nəticələri İttifaqın genişlənmə siyasətinin dayanmasına səbəb ola bilər ki, bu da region ölkələrinin inteqrasiya ümidlərini puç edə bilər58. Beləliklə Bİrləşmiş Krallığın ayrılması ilk növbədə Avropa İttifaqının inteqrasiya və genişlənmə siyasətinə böyük ölçüdə zərbə vura bilər. Hətta referendumdan öncə Avropa Şurasının prezidenti Donald Tusk Breksitin yalnız Avropa İttifaqının deyil bütövlükdə Qərb siyasi sivilizasiyasının dağılmasının başlanğıcı olacağını söyləmişdi59. Təbii ki, Donald Tuskun bu ifadələri İttifaqı tərk etmək istəyində olan sadə Britaniyalıları fikrindən daşındırmaq məqsədi daşıyırdı. Son illərdə Avropada İttifaqın iqtisadi, siyasi və miqrasiya probleminin həlli yolları ilə razılaşmayan radikal sağ və avroskeptik partiyaların tərəfdarları artmaqda davam edir və aşağıdaki şəkil 2009 və 2014-cü illərdə Avropa parlamentinə keçirilmiş seçkilərdə bu tip partiyaların qazandığı səs faizlərində ciddi bir artımın olduğu təsdiqləyir. Ancaq nəzərə almalıyıq ki, Krallığın ayrılması kontinentdə avroskeptik qrupların və milliyətçi partiyaların artan nüfuz dairəsinin daha da genişlənməsinə səbəb olacaq.



share-of-popular-vote-won-by-right-wing-euroskeptic-parties-2009-euro-parl-most-recent-nat-l-parl-2014-euro-parl-_chartbuilder1.png60

Breksitin nəticələri əlbəttə ki, Şotlandiyanın statusu ilə bağlı məsələyə də də təsirsiz ötüşməyəcək. Çünki Şotlandiyanın Avropa İttifaqı ilə iqtisadi və siyasi münasibətləri strateji xarakter daşıyır. 2014-cü ildə ölkənin müstəqilliyi ilə bağlı keçirilmiş referendumun nəticələrinə görə, xalqın əksər hissəsi Şotlandiyanın Krallığın tərkibində qalmasından yana olmuşdu. Həmin dövrdə ölkənin hakim partiyası olan Şotlandiya Milli partiyası Şotlandiyanın krallığın daxilində qalmasının Britaniyanın Avropa İttifaqı ilə münasibətlərindən asılı olduğunu bildirmişdi və biz son referendumda Şotlandiya əhalisinin adanın Avropa İttifaqında qalmasının tərəfdarı olduğunu gördük. Hələ ilin əvvəlində Şotlandiya Milli partiyasının lideri və hal-hazırda ölkənin baş naziri olan Nikol Sturgion bildirmişdir ki, əgər Böyük Britaniya İttifaqı tərk etməyə səs verərsə, bu hal Şotlandiyanın ikinci müstəqillik referendumu keçirməsinə səbəb ola bilər61. Ancaq nəticələr elan olunduqdan sonra partiya lideri Şotlandiya parlamentinin Böyük Britaniyanın İttifaqı tərk etməsi ilə bağlı referendumun nəticələrini qəbul etməyəcəyini və Şotlandiyanın maraqlarına qarşı yönəlmiş hər hansı bir sənədə səs verməyəcəklərini bildirdi62. O həmçinin, “Mən Şotlandiyalıların Avropa İttifaqını tərk etməsini istəmirəm, çünki onlar buna səs verməyiblər və mənim prioritetim Şotlandiyanı İttifaq daxilində saxlamaqdır” deyə açıq şəkildə ölkəsinin maraqlarını qoruyacağını bildirmişdir63. Gözlənildiyi kimi, səs vermədən dərhal sonra Şotlandiya ilə Avropa İttifaqı arasında danışıqlar başlanmış və ölkənin baş naziri Brüsseldə Avropa İttifaqı rəhbərləri ilə görüşlər keçirmişdir. Danışıqlar zamanı Şotlandiyanın vahid Avropa bazarlarında mövcudluğunun davam etdirilməsi, Avropa instituları ilə əlaqələrin inkişaf etdirilməsi və gələcəkdə baş verə biləcək mümkün üzvlüklə bağlı müzakirələr aparılmışdır. Çünki referendumdan cəmi bir gün sonra baş nazir N.Sturgeon Şotlandiyanın mütəqilliyi üçün ikinci referendumun masa üzərində olduğunu bildirmişdi64. Baş nazirin fikrincə ikinci müstəqillik referendumu Şotlandiyanın Avropa İttifaqında qalması üçün ən yaxşı yol ola bilər65. Lakin bu məsələ bu gün rəsmi Brüssel üçün prioritet təşkil etmir. Bunun bir sıra səbəbləri var və ən önəmlisi İttifaq daxilində olan ölkələrin bu məsələyə mənfi yanaşmasıdır. Fransa rəhbərliyi hal-hazırki durumda Avropanın yalnız Böyük Britaniya ilə danışıqlar aparılmasının tərəfdarı olduğunu açıqlamışdı. İspaniya baş naziri Mariano Rajoy isə Şotlandiyanın Avropa İttifaqı ilə müzakirələr aparmasına heç bir səlahiyyətinin olmadığını və Krallığın aldığı tərk etmək qərarının Şotlandiya üçün də keçərli sayıldığını bildirdi66. İspaniyanın bu məsələdə israr etməsi, onun daxilində var olan Kataloniya muxtariyyətinin bir neçə ildir mərkəzi hökumətə ayrılıq tələbini irəli sürməsi ilə bağlıdır. İspaniya dövləti başa düşür ki, əgər Breksit Şotlandiyanın müstəqilliyinə səbəb olacaqsa, bu son nəticədə Kataloniyanın da İspaniyadan ayrılmasına gətirib çıxaracaq.

Krallığın yeni baş naziri Tereza Meyin ilk çıxışında Breksitin nəticəsinin tərk etmək anlamına gəldiyini söyləməsi67 və təyin etdiyi yeni Xarici İşlər Nazirinin ən məşhur Breksit tərəfdarı sayılan Boris Conson olması yaxın gələcəkdə Şotlandiya ilə ciddi fikir ayrılıqlarının yaranacağından xəbər verir. Tereza Meyin bu cür çıxışına cavab olaraq, Şotlandiya baş naziri Breksitin yalnız Ules və İngiltərə üçün keçərli olduğunu və Şotlandiya əhalisinin qalmaq tərəfdarı olaraq Krallıq hökumətinə mesaj verdiyi bildirmişdir68. Son olaraq hər iki liderin görüşündən sonra, Şotlandiya baş naziri Böyük Britaniya ilə Avropa İttifaqı arasında tərk etməklə bağlı danışıqlar prosesindən ölkəsinin kənar qalacağı təqdirdə, gələn ilin ilk yarısında müstəqilliklə bağlı referendumun keçirilə biləcəyini açıq şəkildə bildirdi69.

Bütün baş verən hadisələri nəzərə alan Amerikanın nüfuzlu “JP Morgan” bankının gözləntilərinə görə, Şotlandiya tezliklə müstəqilliyini qazanacaq və 2019-cu ildə öz valyutasını təsis edəcək70.

Krallığın bir digər parçası olan Şimali İrlandiya da çox böyük narahatlıqla bu prosesləri izləməkdədir. Çünki hal-hazırda Böyük Britaniya, Şimali İrlandiya və müstəqil İrlandiya Respublikası “ümumi səyahət zonası” sayıldığı üçün insanlar bu ölkələr arasında azad hərəkət edə bilərlər. Əgər Avropa İttifaqı ilə hər hansı bir razılaşma əldə edilməzsə, İrlandiya Respublikası ilə Krallığın sərhədində yeni gömrük və sərhəd nəzarət postları yaradıla bilər71. Hətta krallığın Avropanın vahid bazarına çıxışı aradan qaldırılarsa, ölkənin ixrac edəcəyi məhsullara tariflər tətbiq edilə bilər ki, belə olacağı təqdirdə bu hal, İrlandiya iqtisadiyyatına böyük ziyan vuracaq. Çünki Birləşmiş Krallıq İrlandiyanın ən böyük idxal partnyorudur.

Məsələnin siyasi tərəfləri isə Krallıq üçün daha vahiməli görsənə bilər. Belə ki, Şimali İrlandiya əhalisi də keçirilimiş referendumda Krallığın Avropa İttifaqı daxilində qalmasının tərəfdarı olmuşdur. Bu gün İrland xalqının əksər hissəsinin sahib olduğu müstəqil dövləti, İrlandiya Respublikası vardır və bu ölkə hal-hazırda Avropa İttifaqının üzvü olmaqla əldə etdiyi bir sıra üstünlüklərdən yararlanmaqdadır. Əgər Breksitin Britaniya iqtisadiyyatına və onun maliyyə bazarlarına güclü mənfi təsiri olacaqsa, bu halda Şimali İrlandiyada birləşmə sədaları daha da kütləvi hal alacaq72. Artıq birləşmə ilə bağlı məsələyə münasibət bildirən İrandiyanın baş naziri Enda Kenni açıq şəkildə bildirmişdir ki, insanların böyük əksəriyyəti Birləşmiş Krallıqdan ayrılaraq Avropa İttifaqına daxil olmaq yox, onun üzvü olan İrlandiya respublikasına birləşmək arzusundandırlar73. Onun sözlərinə görə, Britaniyanın İttifaqdan ayrılması 1998-ci ildə Böyük Britaniya ilə İrlandiya arasında imzalanmış razılaşmanın müddəalarına uyğun olaraq İrlandiyanın birləşməklə bağlı referendum keçirməsinə zəmin hazırlayır.

Nəticə

Avropada sülhün və hər tərəfli sabitliyin qarantı olan birlik ideyası yaradıldığı gündən bu vaxtadək genişlənərək ölkələri öz çətiri altında birləşdirməyə nail olmuşdur. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu gün İttifaq gözlənilməz çağırışlarla üz-üzə qalmış və bu hal onun inteqrasiya prosesini dayandırmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdur. Birləşmiş Krallıq əhalisinin aldığı qərarın həm Krallıq həm də İttifaq daxilində destablizasiya yaradacağı artıq şübhə doğurmur. Məhz Breksitin nəticələri qitədə milliyətçi, avroskeptik və radikal-sağ partiyaların güclənməsinə, eləcə də separatçı meyllərin baş qaldırmasına təkan verəcək. Əgər Breksit Krallıq daxilində parçalanmaya gətirib çıxaracaqsa, bunun Avropa İttifaqının üzvü olan digər ölkələrdə də təkrarlanması mümkündür. Bu həm də qitədə təhlükəsizliklə bağlı məsələlərin həllini çətinləşdirəcək. Avropolun ( Avropa Polis Təşkilatı) rəhbəri Robert Veynraytın sözlərinə görə, Avropa İttifaqının hüdudlarından və birgə əməkdaşlıqdan kənar qalaraq vətəndaşlarını terrorizmdən və cinayətkarlıqdan qorumaq Birləşmiş Krallıq üçün daha çətin olacaq. Baxmayaraq ki, Birləşmiş Krallıq BMT Təhükəsizlik Şurasının və NATO-nun üzvüdür, İttifaqdan ayrılması onun liderlik rolunun itirilməsinə gətirib çıxarır. Britaniyanın liderliyi olmadan Avropa İttifaqının ortaq təhlükəsizlik və müdafiə siyasəti gücünü itirəcək74. İttifaq daxilində bu tip ayrılmaların baş verməsi ilk növbədə kontinentin şərq sərhədləri boyu yerləşən və Avropa İttifaqının şərqə doğru genişlənməsini öz milli təhlükəsizliyinə təhdid hesab edən Rusiya üçün sevindirici bir haldır. Əgər Avropanın vahid siyasi xətti olmayacaqsa, bu vəziyyət Rusiyanın İttifaqın şərq sərhədlərində yaradacağı destablizasiya hallarına adekvat cavab verməyə, o cümlədən tətbiq edilən sanksiyaların birmənalı olaraq dəstəklənməsinə maneə törədəcək.



1 http://www.nationalia.info/new/10722/exiting-the-eu-algeria-greenland-and-saint-barthelemy-experiences

2 http://www.bbc.com/news/uk-politics-35233683

3 http://ec.europa.eu/archives/emu_history/documents/treaties/rometreaty2.pdf

4 http://europa.eu/about-eu/eu-history/index_en.htm

5 http://www.churchill-society-london.org.uk/astonish.html

6 http://www.bbc.com/news/uk-politics-26515129

7 https://www.foreignaffairs.com/articles/united-kingdom/2016-06-21/please-leave

8 http://www.telegraph.co.uk/news/2016/06/16/britains-40-year-relationship-with-the-eu

9 http://www.bbc.com/news/uk-politics-32287585

10 http://europa.eu/eu-law/decision-making/treaties/pdf/treaty_on_european_union/treaty_on_european_union_en.pdf

11 http://www.bbc.com/news/uk-politics-15390884

12 http://www.telegraph.co.uk/news/worldnews/europe/eu/9820230/David-Camerons-EU-speech-in-full.html

13 http://www.bloomberght.com/haberler/haber/1856129-ingiltere-ab-ile-anlasmaya-vardi

14 http://www.bbc.com/turkce/haberler/2016/02/160220_ab_ingiltere_anlasma

15 http://tr.euronews.com/2016/02/02/cameron-ab-nin-reform-onerilerini-memnuniyetle-karsiladi

16 http://www.dw.com/tr/abden-ingiltereye-%C3%B6zel-paket/a-19020663

17 http://www.reuters.com/article/us-britain-eu-idUSKCN0VS153

18 http://www.independent.co.uk/voices/how-much-does-membership-of-the-eu-actually-cost-the-uk-a6972976.html

19 https://fullfact.org/europe/our-eu-membership-fee-55-million

20 http://www.theweek.co.uk/brexit-0

21 http://www.economist.com/blogs/graphicdetail/2016/02/graphics-britain-s-referendum-eu-membership

22 http://www.bbc.com/news/uk-politics-eu-referendum-35757324

23 http://campaignforanindependentbritain.org.uk/economy-2

24 http://leave.eu/en/trade

25 https://en.wikipedia.org/wiki/Treaty_of_Lisbon

26 http://www.telegraph.co.uk/news/2016/05/19/how-does-the-eu-impinge-on-british-sovereignty-and-if-the-uk-vot

27 http://www.bbc.com/news/uk-politics-eu-referendum-36247456

28 http://www.dw.com/tr/abden-ingiltereye-%C3%B6zel-paket/a-19020663

29 http://www.bbc.com/news/uk-politics-eu-referendum-35763369

30 http://cep.lse.ac.uk/pubs/download/brexit05.pdf

31 https://www.cer.org.uk/sites/default/files/bulletin_105_st_article1.pdf

32 https://www.thesun.co.uk/archives/politics/1134369/let-three-million-more-into-the-uk-george-osborne-admits-to-migrant-surge-if-we-stay-in-eu

33 http://sputniknews.com/politics/20160504/1039053709/eu-border-controls-schengen.html

34 https://www.theguardian.com/world/2015/sep/07/uk-will-accept-up-to-20000-syrian-refugees-david-cameron-confirms

35 http://www.theweek.co.uk/brexit-0

36 http://www.bbc.com/news/uk-politics-eu-referendum-35747042

37 https://en.wikipedia.org/wiki/United_Kingdom_European_Union_membership_referendum,_2016

38 http://www.bbc.com/news/uk-politics-36616028

39 http://www.theguardian.com/politics/2016/jun/24/young-remain-voters-came-out-in-force-but-were-outgunned

40 http://www.independent.co.uk/news/uk/politics/brexit-why-did-old-people-vote-leave-young-voters-remain-eu-referendum-a7103996.html

41 https://next.ft.com/content/1ce1a720-ce94-3c32-a689-8d2356388a1f

42 http://www.telegraph.co.uk/news/2016/06/24/eu-referendum-how-the-results-compare-to-the-uks-educated-old-an

43 http://www.theguardian.com/politics/ng-interactive/2016/jun/23/eu-referendum-live-results-and-analysis

44 http://www.economist.com/blogs/graphicdetail/2016/02/graphics-britain-s-referendum-eu-membership

45https://next.ft.com/content/a035f3d2-39c4-11e6-a780-b48ed7b6126f

46 https://www.fitchratings.com/site/pressrelease?id=1008074

47 https://www.fitchratings.com/site/pressrelease?id=1008231

48 https://www.fitchratings.com/site/pressrelease?id=1008153

49 http://www.ibtimes.com/brexit-sp-slashes-uks-growth-forecast-says-it-will-barely-escape-full-fledged-2389221

50 http://www.telegraph.co.uk/news/2016/06/26/i-cannot-stress-too-much-that-britain-is-part-of-europe--and-alw

51 www.parliament.uk/briefing-papers/SN06091.pdf

52 http://www.aljazeera.com/news/2016/06/uk-agree-free-movement-access-eu-market-160629132017557.html

53 http://www.bbc.com/news/uk-politics-eu-referendum-36639261

54 http://www.rte.ie/news/2016/0628/798701-trade-model-britain

55 http://www.reuters.com/article/us-britain-eu-trade-idUSKCN0YZ1S1

56 http://www.independent.co.uk/news/uk/politics/donald-tusk-says-access-to-the-single-market-means-britain-must-accept-eu-four-freedoms-a7120191.html

57 http://www.aljazeera.com/news/2016/06/dutch-french-parties-call-eu-referenda-160624133658612.html

58 http://www.reuters.com/article/us-britain-eu-balkans-idUSKCN0ZE0R5

59 https://www.stratfor.com/weekly/problems-brexit-wont-solve

60 http://qz.com/214283/by-the-numbers-the-rise-of-europes-far-right-looks-like-a-trend-not-a-blip

61 http://www.bbc.com/news/uk-politics-35394774

62 http://www.theguardian.com/politics/2016/jun/26/nicola-sturgeon-new-scottish-referendum-brexit

63 http://www.bbc.com/news/uk-scotland-scotland-politics-36784529

64 http://www.ft.com/fastft/2016/06/24/sturgeon-2nd-scottish-referendum-is-on-the-table/

65 http://www.telegraph.co.uk/news/2016/07/13/sturgeon-brexit-does-not-mean-brexit-in-scotland/

66 http://www.bbc.com/news/uk-scotland-scotland-politics-36656980

67 http://www.independent.co.uk/news/uk/politics/theresa-may-brexit-means-brexit-conservative-leadership-no-attempt-remain-inside-eu-leave-europe-a7130596.html

68 http://www.bbc.com/news/uk-scotland-36785455

69 http://www.bbc.com/news/uk-scotland-scotland-politics-36819182

70 http://www.reuters.com/article/us-britain-eu-scotland-jpmorgan-idUSKCN0ZF15Z

71 http://www.bbc.com/news/uk-northern-ireland-36445164

72 http://www.huffingtonpost.com/chris-weigant/will-ireland-reunify-afte_b_10745358.html

73 http://www.belfasttelegraph.co.uk/news/republic-of-ireland/get-ready-for-united-ireland-poll-taoiseach-enda-kenny-tells-eu-leaders-34894210.html

74 https://www.foreignaffairs.com/articles/united-kingdom/2016-02-28/should-it-stay-or-should-it-go

Yüklə 111,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin