BəxtiyarTuncay Kimmerlər, skiflər və saklar


Sak mədəniyyətinin kökləri Trialeti (Borçalı) mədəniyyətinə qədər uzanır



Yüklə 366,32 Kb.
səhifə3/4
tarix09.06.2023
ölçüsü366,32 Kb.
#127906
1   2   3   4
kimmerlc999r-skiflc999r-vc999-saklar

Sak mədəniyyətinin kökləri Trialeti (Borçalı) mədəniyyətinə qədər uzanır

Sakların Azərbaycanın avtoxton əhalisi deyil, gəlmə xalq olduğu barədə rus alimlərinin fikrinə şərik çıxan Mahmud İsmayıl bunun e.ə. Vll yüzillikdə baş verdiyini düşünməkdədir: «Hələ lap qədim zamanlarda Azərbaycanda yerli soylarla yanaşı, uzaq yerlərdən, xüsusən Orta Asiyadan keçib bu yerlərə gəlmiş soylar da yaşamışlar. Bu soylardan ən çox saylısı sak-massagetlər olmuşdur. Tarix ədəbiyyatında onları işquzlar da adlandırırlar. Həmin soyların hələ miladdan əvvəl Vll yüzillikdə qədim Azərbaycan torpaqlarına gəlmələri barəsində bizə ilk məlumatı miladdan qabaq V yüzillikdə yaşamış, "tarixin atası" çağırılan Herodot vermişdir. XlX yüzilliyə qədər Heodotun bu əsəri Rusiya və Avropa alimlərinin nəzərini çəkmişdi. Keçən son iki yüzillikdə isə bu əsərdə verilən külli miqdarda məlumat barəsində yüzlərlə müxtəlif, bəzən bir-birinə zidd fikirlər söylənmişdir. İşquz-saklar probleminə həsr olunmuş əsərlərin böyük əksəriyyətində, mütəxəssislərin özlərinin etiraf etdikləri kimi, hadisələrin şərhinə obyektiv yanaşılmamış, "gündəlik siyasətə" tabe edilmişdir» (İsmayıl M., 1955, s. 7-8).


Yusif Yusifov da saklardan gəlmə xalq kimi bəhs etmiş və o da bu xalqın ölkəmizin ərazisinə e.ə. Vll əsrdə köç etdiyini vurğulamış, onların şimaldan gəldiyini qeyd etmişdir: «E.ə. Vll əsrin birinci rübündə şimalda yaşayan kimmer, skif və onların tərkibində sak tayfalarının Ön Asiyaya böyük bir axını başlanır. Bu tayfaların bir qismi qədim Azərbaycanda məskunlaşır» (Azərbaycan tarixi, 1994, s. 102).
Qiyasəddin Qeybullayevin yazdığna görə, elmi ədəbiyyatda sakların mənşəyi və Albaniyaya gəlmələri barədə müxtəlif fikirlər vardır (Гейбуллаев Г., 1991, s. 84-86):
1. Saklar e.ə. Vlll-Vll əsrlərdə Ön Asiyaya, o cümlədən Midiyaya gəlmiş skiflərdir və yaxud onların bir hissəsidir. Kür və Araz çayları arsında yerləşən Sa-kasena Ön Asiya skif xaqanlığının özəyi olmuşdur. Bu fikri İ. Dyakonov, E. Krupnov, K. Trever, İ. Əliyev, V. Minorski, A. Xazanov və digər alimlər dəstəkləmişlər...
2. Ön Asiya üzərində 28 illik hakimiyyətdən sonra skiflərin böyük bir hissəsi Qafqaz dağlarının şimalına geri döndükdən (belə hesab edilir ki, skiflər Ön Asiyadan Quzey Qafqaza e.ə. 584-cü ildə dönmüşlər) sonra onların bir qismi cənubda , əsasən Sakasena ərazisində qaldılar və məskunlaşdılar. Bu fikrin sahibi B. Qafurova görə, Albaniya sakları irandilli skiflərdir, Sakasena skif xaqanlığının tərkib hissəsi olmamışdır, saklarsa «qalan skiflərdir».
3. Üçüncü fikir də mövcuddur. Həmin fikrə görə saklar Güney Qafqaza müstəqil surətdə, e.ə. Vl əsrdə Dərbənddən keçərək gəlmişlər. Bu mülahizənin müəllifi V. Struvedir. O, Strabonun Sakasena barədə söylədikləri ilə bağlı yazmışdı ki, saklar Kür-Araz ovalığına skiflərdən müstəqil surətdə Ənəmənilər dövrünün başlarında gəlmişlər. Əgər onunla razılaşsaq və sakların iskitlərdən ayrı və başqa bir vaxtda gəldikləri ehtimalını qəbul etsək, o zaman Sakasenanı skif xaqanlığının bir hissəsi kimi qəbul etmək məntiqi olmaz.
Onu da qeyd edək ki, elmi ədəbiyyatda kimmer-iskit-sak mövzusu ətrafında böyük bir qarmaqarışlıq yaranmışdır və ədalət xatirinə bildirməliyik ki, bu qarmaqarışıqlıq müəyyən dərəcədə ilkin mənbələr arasındakı ziddiyyətlərdən qaynaqlanmaqdadır. Alimlər skif və sakların Azərbaycana e.ə. Vlll-Vll əsrlərdə kənardan gəlmə olduqları barədə yekdil fikir sərgiləsələr də, bu məsələ şübhəlidir və qədim mənbələrin söylədikləri və arxeolji qazıntıların nəticələri ilə üst-üstə düşmür. Sözügedən xalqların etnik mənsubiyyəti və dili barədə söylənilənlər isə bir-birinə daban-dabana ziddir. Bir sözlə, mövzu ətrafında əməlli-başlı xaos hökm sürməkdədir. Odur ki, məsələni yenidən və diqqətlə incələməyə böyük ehtiyac duyulmaqdadır.
Qiyasəddin Qeybullayev haqlı olaraq yazır ki, iskitşünaslıqda "iskit" adına münasibətdə açıq-aşkar tam sərbəst bir yanaşma hiss edilir: «Skif və sak ilk dövrlərdə (Sak və İşquz adlarının Midiyanın ayrı-ayrı əyalətlərinin adları kimi qeyd edildiyi Aşşur mənbələrindən də göründüyü kimi) bir-biri ilə, çox güman ki, qohum olan ayrı-ayrı etnik qrupların adları olmuşlar. Fəqət antik mənbələrdə bu etnonimlər əsasən ümumiləşdirici adlar kimi çıxış etməkdədir. Əgər skif və sak etnonimlərinin hansı halda konkret etnik qrupların adları, hansı halda isə ümumiləşdirici adlar kimi çıxış etdiyini müəyyənləşdirmək çətindirsə, o zaman Albaniya saklarını Qara dəniz sahilinin skifləri ilə qarışdırmaq lazım deyildir. Skiflərin və sakların eyniləşdirilməsi antik müəlliflərin məlumatlarının şərhlərindəki qarmaqarışıqlığın əsas səbəbi olmuşdur» (Гейбуллаев Г., 1991, s. 84-85).
Alimin sözlərinin təsdiqi kimi qeyd edək ki, Mahmud İsmayıl yazılarında skif əvəzinə hər yerdə "işquz" (İsmayıl M., 1955, s. 7-19), Firidun Ağasıoğlu isə "sak" etnonimini "saqa" və "saqat" formasında yazmış (Ağasıoğlu F., 2005, s. 96-126) və onsuz da elmdə mövcud olan qarmaqarışıqlığı daha da çözülməsi çətin hala gətirmişlər. Doğrudur, sözügedən müəlliflər belə edərkən, müəyyən məntiqə əsaslanmışlar. Məsələn, Mahmud İsmayıl "işquz" formasından istifadə edərkən elmdə mövcud olan və "skif" termininin Aşşur mixi yazılarındakı "işquz" etnonimindən törədiyi məntiqini əsas götürən fikrə (Дьяконов И. М., 1972, c. 242-243) əsaslanmışdır. Bu metod ilk baxışdan doğru görünsə də, əslində uğurlu deyil. Çünki Aşşur mənbələrindəki "işquz" etnonimi konkret bir etnik qrupu ifadə edir və bu qrup saklardan fərqləndirilir. "İşquz" terminindən törədiyi söylənilən "skif" terminini isə Herodot və digər antik müəlliflər ümumiləşdirici mənada işlətmiş və bir çox qohum etnik qrupları, o cümlədən sakları, ilk növbədə isə "skolot" adlandırdıqları Qara dəniz skiflərini bu terminlə adlandırmışlar. Alim kimmerlərdən isə Aşşur mənbələrinə istinadən "qimmir" kimi söz açır: «Herodot yazır ki, qimmirlər (kimmerlər) Asiyada yaşayan işquzlar (skiflər) tərəfindən şərqə doğru sıxışdırılmışlar, işquzları isə öz növbəsində massagetlər sıxışdırdılar» (İsmayıl M., 1955, s. 8).
Firidun Ağasıoğlunun işlətdiy "saqat" termininə gəlincə, qeyd edək, bu dilçi alim "sak" etnonimini "saqa" kimi yazıb-oxumağın daha doğru olacağını düşünməkdə, "iskit" terminin də "saqa" və "at"(ut) cəm şəkilçisinin birləşməsindən yarandığını, "skif" əvəzinə "saqat" (saqlar) termininin işlədilməsinin məqsədəuyğun olduğunu hesab etməkdədir. Alim elmdə qəbul edilmiş "kimmer" termininin əvəzinə də daha doğru olan "qamər" yazmağı lazım bilmişdir: «Miladdan öncə Vlll əsrdə Qara dənizlə Azaq (Azov) dənizi yaxalarından qalxıb, Güney Qafqaza gələn və burada dövlət quran, uzun müddət ətraf ölkələrin şahlarını rahatsız edən, sonra yenidən Azaq yaxalarına qayıdaraq, orada yeni dövlət quran saqa (sak) boyundan söhbət açmışdıq. Burada isə saqa və qamər (kimmer) boylarının Azərbaycanla bağlı maraqlı tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub» (Ağasıoğlu F., 2005, s. 96).
Firidun Ağasıoğlunun işlətdiyi "qamər","saqa" və "saqat" terminləri doğru, məntiqi və cəlbedici görünsə də, artıq qəbul edilmiş formalarla birləşərək lazımsız qarmaqarışıqlıq yaradır ki, buna da, fikrimizcə, ehtiyac yoxdur.
Məlumat üçün bildirək ki, rus elmi ədəbiyyatında "skif" formasında işlənən etnonim Türkiyədə "iskit" şəklində işlnmişdir. Biz də özümüzün sakların tarixi, dili və ədəbiyyatı» kitabımızda (Tuncay B., 2009) hər yerdə «iskit» yazmışıq. Amma bu termini Azərbaycan elmi ədəbiyyatına oturtmaq mümkün olmadı. «Skif» forması rus dilindən Azərbaycan elmi ədəbiyyatına keçərək, uzun illər Azərbaycan elmi ədəbiyyatında da işlək olmuşdur. Məsələn, Q. Qeybullayevin bəzən "iskit", bəzənsə "skif" yazılmışdır (Гейбуллаев Г., 1991). Onu "skit" formasında işlədənlər də vardır. Bu baxımdan Yusif Yusifovu misal çəkə bilərik (Azərbaycan tarixi, 1994, s. 102-105).
Qeyd edək ki, ingilis dilində sözügedən etnonim "scyth" formasında yazılmaqda, "skiz" kimi oxunmaqdadır. Türkiyə ədəbiyyatında işlək olan "iskit" termini ingiliscədəki "scyth" yazılış formasının türkcə oxunuşu və tələffüzü nəticəsində ortaya çıxmışdır. Ruslar isə həmin sözü, yəni "scyth" yazılış formasını özlərinə məxsus şəkildə "skif" kimi oxumuş və bu şəkildə də qəbul etmişlər.
Fikrimizcə, kəlmənin düzgün formasına ingiliscə tələffüz forması olan "skiz" forması daha yaxındır və Herodot həmin formanı Aşşur mənbələrindəki "işquz" etnonimindən ya birbaşa, ya da sələfləri vasitəsilə əxz etmiş , fəqət ümumiləşdirici və daha geniş mənada işlətmişdir. Bu baxımdan tədqiqatçı alim Zaur Həsənovun fikirləri xüsusi diqqətə layiqdir (Гасанов З., 2000, c. 122-123). Bu barədə bir qədər sonra söhbət açacağıq. Hələlik isə qeyd edək ki, Herodotdan öncə skiflər barədə Aristey, ondan öncə isə e.ə. Vlll əsrdə yaşamış Hesiod məlumat vermişdir. T. Sulmirski bldirir ki, "skif" terminini ilk dəfə məhz Hesiod işlətmişdir (Sulmirski T., s. 282).
Herodotun əsərlərində rast gəldiyimiz "skif" etnoniminin düzgün oxunuşunun "skuthai", yəni "skuzay" olduğunu əsaslandıran İ. Dyakonov bu fikrini Assur (Aşşur) mənbələində adlarına "aşquzay" (aşquzlar), Babil mənbələrində "işquzay" (işquz-lar), qədim yəhudi mənbələrində isə "aşquz" kimi rast gəlinən etnik qrupun adı ilə əsaslandırmış və tamamilə haqlı olarq, qədim yunan mənbələrindəki "skif" (skuz) adının bu etnik qrupun adından qaynaqlandığını bildirmişdir (Дьяконов И. М., 1972, c. 242-243).
Onun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev qeyd edir ki, Vll əsrə aid Assur mənbələrində skiflər "aşquzay" (aşğuzay) və "işquzay" (işğuzay) adlandırılır. «İ. M. Dyakonov yazır ki, aşquzay və işquzay onların (iskitlərin) özlərinin-özlərinə verdikləri addır. Çünki assurlar yeni gələn tayfalara özlərindən yeni ad verə bilməzdilər... İ. M. Dyakonov haqlı olaraq hesab etmişdir ki, yunan termini olan "skif" kəlməsi assurların "aşquzay", "işquzay" kəlməsindən törəmişdir. Lakin etnonimin əvvəlindəki "a", "i" hərflərinin guya assur dilinin əlavəsi olduğunu və guya "d" səsinin "z" hərfi vasitəsi ilə ifadə edildiyini söyləyəndə səhvə yol vermişdir» (Гейбуллаев Г., 1991, s. 276).
«Çar skifləri» adlı çox sanballı əsərində bütün bu deyilənləri dərindən təhlil edən, İ. Dyakonovun oxunuşunu və mülahizələrini düzgün sayan Zaur Həsənov Herodotun sözügedən etnonimi qədim sami (Aşşur, Babil, yəhudi) mənbələrindən birbaşa deyil, sələfi Aristey vasitəsi ilə əxz etdiyini vurğulamaqdadır. Onun fikrincə, Aristey də həmin termini sözügedən sami mənbələrin yazıldığı dövrdə yaşamış Hesioddan qəbul etmişdir (Гасанов З., 2000, c. 122-124). Tədqiqatçı "skuz" oxunuşunu düzgün saymaqla bərabər, həmin etnonimin "quz" (oğuz) etnonimi ilə bağlılığını önə sürmüşdür. Şübhəsiz ki, o, tamamilə haqlıdır. Biz də o fikirdəyik ki, qədim sami mənbələrində adlarına rast gəldiyimiz işquzlarla (aşquzlar, asquzlar) oğuzlar arasında sıx bağlılıq var və bu fikri bizdən çox-çox öncələr də söyləmişlər (Süleymenov O., 1993, s. 224). Bu barədə sırası gəldikdə söhbət açılacaqdır. Lakin bu fikri istisnasız olaraq, sami mənbələrində konkret etnik qrup kimi qeyd edilən işquzlara aid edirik. Zaur Həsənov isə eyni fikirlə skiflərə, daha dəqiq desək, xaqan skiflərinə münasibətdə də çıxış etməkdədir. Şübhəsiz ki, bu mövqe məntiqi və cəlbedici görünsə də, hələlik, sadəcə, bir ehtimaldır və tam sübut edilmədiyi və əsaslandırılmadığı üçün onu sübut edilmiş həqiqət kimi qəbul etmək mümkün deyil. Çünki antik müəlliflər "skif" ("skuz" kimi oxunsa da) termini ilə konkret bir etnik qrupu deyil, bir-biri ilə qohum olan və eyni dildə danışan bir çox etnik qrupları adlandırmışlar. Lakin bu da faktdır ki, Herodot sözügedən adın məhz "çar (xaqan) skifləri"nə aid olduğunu bildirmişdir. Məsələyə sırf bu baxımdan yanaşsaq, "çar skiflərinin" oğuzlar olduğu barədə Zaur Həsənovun irəli sürdüyü fikrin tam məntiqi olduğunu etiraf etməkdən başqa çarə qalmayacaq.
Konkret olaraq saklar barədə bizə nələr məlumdur?
Yuxarıda artıq qeyd edildiyi kimi, "sak" etnoniminə ilk dəfə e.ə. Vll əsrin ortalarına aid Assur mənbələrində rast gəlinmişdir. Eyni dövrə aid Aşşur mənbələrində işquzlardan (asquz, aşquz) da ayrıca söhbət açılmaqdadır. Yəni Aşşur mənbələri sakları və işquzları ayrı-ayrı etnik qruplar kimi tanımaqda və təqdim etməkdədir. Sözügedən dövrə aid mənbələrdə kimmerlərin adı da "qimiraya" kimi çəkilmişdir.
Maraqlıdır ki, Assur mənbələrində işquzlarla saklar arasında dəqiq fərq qoyulsa da, saklarla kimmerlər arasında qoyulan fərq konkret cizgilərə sahib deyildir, eyni hadisələrin iştirakçısı olan etnik qrup bəzən "kimmer" (qimiraya), bəzən isə "sak" adlandırılır. Bu barədə E. Qrantovski belə yazmışdır: «1933-cü ildə Aşşurbanipalın (e.ə. 668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısı dərc edildi. Başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme bu yazıda (146-cı sətirdə) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R. Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor sübut etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Assur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan skiflərin (sakların) üzərində də hökm sahibi imiş, Qutium isə Mannanın başqa bir adı olmuşdur» (Грантовский Э.А.,1960, c. 84).
Əlbəttə, X. Tadmorun məntiqi ilə razılaşmamaq çətindir. Aşşurbanipalın yazısı gerçəkdən də sübut edir ki, onun yaşadığı dövrdə Tuqdamme həm kimmerlərin, həm sakların, həm kutilərin, həm də bütövlükdə Manna dövlətinin hökmdarı idi. Hərçənd ki, ola bilər ki, həmin dövrdə saklar kimmerlərdən yox, əksinə, kimmerlər saklardan asılı vəziyyətdə olmuşdur. Mətndən başqa bir ehtimal da doğur: Burada ya "sak" konkret bir etnik qrupun adıdır, "kimmer" etnonimindən ümumiləşdirici ad kimi istifadə edilmişdir, ya da əksinə. Bu, həmin dövrdə hakimiyyətdə kimin-sakların, yoxsa kimmerlərin olmasndan asılıdır. Çünki tarixi mənbələrdən anlaşıldığı kimi, çox zaman tabeçilikdə olan soy və boylar da hakim soy və ya boyun adı ilə yad edilir. Yəni bu zaman hakim soyun adı bütün digər soy və boyların ümumiləşdirici adı kimi çıxış edir.
Qeyd edək ki, əgər sakların adına e.ə. Vll əsrin ortalarından rast gəlinməyə başlayırsa (Azərbaycan tarixi, 1994, s. 102), kimmerlərin adı e.ə. Vlll əsrə (Azərbaycan tarixi, 1994, s. 103) aid mənbələrdə qeyd edilmişdir. Sakların yazılı mənbələrdə gec peyda olmasını mütəxəssislər onların Azəbaycan ərazisinə sonradan gəlmələri ilə izah edirlər ki, bu barədə artıq məlumat vermişik. Lakin bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, "sak" etnoniminə Assur-Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Assur-Babil mixi kitabələridir və həmin kitabələr saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya saklarından bəhs edən mənbələrə gəlincə, onlar, haqqında söz açdığımız kitabələrdən çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini deyil, əksinə Azəbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini təsdiqləyir. İrəlidə görəcəyimiz kimi, arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir.
Sakların adının kuti, subar, turuk, kumen və kimmerlərə nisbətən mənbələrdə daha sonra peyda olması isə onların gəlmə olduqlarından deyil, öncəki dövrlərdə qeyri-fəal olmaları və aparıcı mövqelərə sahib olmamaları ilə bağlıdır. Yəni onlar aktivləşdikdən, geosiyasi arenada daha fəal rol oynamağa başladıqdan və hakim mövqeyə yüksəldikdən sonra adlarını duyurmağa başlamışlar və bu üzdən də dövrün yazılı mənbələrində əsas personajlardan birinə çevrilmişlər. Bu, e.ə.Vll əsrin ortalarında baş vemişdir. Ən azı e.ə. Vl əsrdən etibarən isə saklar bütün qohum etnik qrupları öz hakimiyyətləri altında toplaya bilmişlər. Elə bu üzdən də Əhəmənilər dövrünə aid qədim fars mənbələri saklardan gen-bol bəhs etdiyi halda, nə kutiləri, nə də kimmerləri tanımamaqdadır. Halbuki, Bisitun kitabəsinin farsdilli mətnində "sak" yazıldığı halda, eyni mətnin akkadca olan tərcüməsində ənənəvi olaraq, "kimmer" (qimiraya) yazılmışdır. Bu onu göstərir ki, həmin dövrdə kimmerlər artıq öncəki önəmini itirmiş və saklardan asılı vəziyyətə düşmüşdülər. Əslində isə kimmerlərin kutilərlə birlikdə sakların başçılığında qurulmuş yeni tayfa ittifaqına daxil olmaları e.ə. Vll əsrin ortalarında baş vermişdir ki, bunu Aşşurbanipalın kitabəsi sübut etməkdədir. Bundan öncələr isə saklar kuti və kimmerlərin növbə ilə başçılıq etdikləri tayfa ittifaqlarına daxil idilər və bu üzdən də heç kəsə məlum deyildilər.
Cənubi Qafqazdakı Trialeti (Borçalı), eləcə də Ördəkli (Lçaşen) və Qaracəmirli kurqanları ilə Pazırıkdakı sak kurqanlarının tutşdurulması bu kurqanlar arasındakı min ilə yaxın zaman və minlərcə kilometrlə ölçülən məsafə fərqinə baxmayaraq, onların eyni mədəniyyətin daşıyıcısı olan eyni xalqa aid olduğunu söyləməyə əsas verir ki, biz bu barədə fikirlərimizi Pazırık kurqanlarından söz açarkən əsaslandırmağa çalışacağıq. Fikrimizcə, sakların Cənubi Qafqazdakı arxeoloji yadigarı kimi Trialeti, Ördəkli və Qaracəmirli kurqanlarıdır.

Yüklə 366,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin